Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
و الحمدللَّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابیالقاسم المصطفی محمّد و علی آله الأطیبین الأطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین
Zəhmət çəkib, uzaq yolun əziyyətinə qatlaşıb müxtəllif şəhərlərdən gəlmiş hörmətli bacı və qardaşlarım, hamınıza xoş gəlmisiniz deyirəm. Gəlişinizlə, iştirakınızla, xoş hisslərinizlə bu hüseyniyənin ab-havasını bərəkətləndirdiniz. Uzaq şəhərlədən gəlmiş bacı və qardaşlarımızı xüsusilə salamlayıram. Ümidvaram ki, Allah-taalanın rəhmət və bərəkəti siz bacı və qardaşlarımın hər birinə nəsib olacaqdır.
Bugünkü görüşümüz mübarək zilqədə və xatirələrlə dolu şəhrivər ayına təsadüf edir. Zilqədə ayı bərəkət dolu bir aydır; eyni zamanda şəhrivər ayı da məna yüklü xatirələrlə doludur. Zilqədə ayı haram ayların birincisidir; bu ayın 11-i səkkizinci höccət İmam Rzanın (ə) mübarək döğum gününə və kəramət ongünlüyünə təsadüf edir. Bu ayın 23-ü Həzrət İmam Rzanın (ə) ziyarəti günü, 25-i isə bərəkət dolu “Dəhvul-ərz” günüdür. Zilqədə ayının 14-dən 15-nə keçən gecə ilin mübarək gecələrindən olub özünəməxsus əməlləri vardır; bu ayın hər bazar günü isə tövbə və istiğfar günüdür, onun da özünəməxsus əməlləri mövcuddur. Mərhum böyük alim və arif Hacı Mirzə Cavad Mələki “Əl-müraqibat” kitabında yazır ki, bir gün İslam peyğəmbəri (s) üzünü səhabələrinə tutaraq buyurub: “Sizlərdən kim tövbə etmək istəyir?” Hamı: “Mən tövbə etmək istəyirəm” – deyə cavab verib (ehtimal ki, bu hadisə zilqədə ayında baş verib). Bu rəvayətə əsasən, Həzrət Peyğəmbər (s) buyurub ki, bu ayın hər bazar günü bu namazı qılın – kitabda xüsusi bir namaz qeyd olunur. Qısası, üç ardıcıl haram aylardan birincisi olan bu mübarək ayın gündüz və gecələri xeyir-bərəkətlə doludur; bu aydan faydalanmaq lazımdır.
Şəhrivər ayı da xatirələrlə dolu bir aydır. 1357-ci ilin 17 şəhrivər günü – yəni İslam İnqilabına bir neçə ay qalmış Tehranın “Şühəda” meydanında diktator Pəhləvi rejimi günahsız, arxa-dayaqsız insanları silah atəşinə tutub çoxlu sayda insan qırğını törətmişdi; ölənlərin dəqiq sayı hələ də bizə məlum deyil, amma sayları olduqca çox olmuşdur. Elə bu şəhrivər ayında o dövrdə ölkə başçısı olan mərhum şəhid Rəcai və baş nazir mərhum şəhid Bahünər qətlə yetirilmişlər. O vaxt ölkənin baş prokroru olan şəhid Ayətullah Quddusi də bu ayda terror edilərək öldürülmüşdür. Şəhrivər ayında Təbriz şəhərinin imam-cüməsi(1) münafiqlərin əli ilə şəhid edilmişdir. Bu ayda – şəhrivərin son günlərində Səddam rejimi ölkəmizə hücüm etmişdir. Bütün bunlar maraqlı, məna dolu, düşündürücü xatirələrdir. Bu hadisələrin hamısının arxasında Amerika rejimi dururdu; məhz Amerikaya bağlı ünsürlər ya onlara müstəqim sürətdə kömək göstərib təşviq etdilər, yaxud da ən azından, baş verən cinayətlərə göz yumdular.
Gənclərimiz bu xatirələri unutmamalıdırlar; mənim narahatçılıq keçirdiyim məsələlərdən biri də budur ki, ölkəmizin bu gün yetişən gənc nəsli – hansı ki, şükürlər olsun, həm ayıq-sayıqdır, həm uzaqgörəndir, həm stimulludur, həm dinamikdir, mübarizə meydanındadır, həm də inqilabi əhval-ruhiyyədədir – bu önəmli hadisələri, müasir dövrümüzün bu ibrətverici hadisələrini yavaş-yavaş unudub yaddan çıxaracaq. Bu, bizim – rəsmi strukturların fəaliyyətinin zəifliyindən irəli gəlir; bu kimi hadisələr köhnəlməməli, yaddaşlardan silinməməlidir; xalqın tarixi yaddaşı zəifləməməlidir. Ölkəmizin müxtəlif bölgələrində gənclər bu hadisələri bilməsələr, analiz etməsələr, köklərini araşdırmasalar, ölkənin hazırkı və gələcək kursunu müəyyən etməkdə səhvə yol verəcəklər. Odur ki gənclər bu önəmli hadisələri düzgün şəkildə öyrənməli, nələrin baş verdiyindən, bunları kimin törətdiyindən xəbərdar olmalıdırlar; gənclər bütün bunları anlamalı, dərk etməlidirlər.
17 şəhrivər qətliamına bənzər başqa bir qətliam da “İnqilab” meydanında baş vermiş 8 bəhmən qırğınıdır. Nədənsə bu hadisə adətən diqqətdən kənarda qalır; həmin gün hakim rejimin əlaltıları xalqa qənim kəsildilər. Şah diktaturasının son günlərində onun hakimiyyətini qorumaq məqsədi ilə Tehrana gəlmiş Amerika generalı(2) öz xatirələrində deyir: “Mən şahın generallarını toplayaraq onlara dedim ki, tüfənglərinin lüləsini aşağı salsınlar”; yəni camaatla qarşıdurmada şah rejiminin silahlıları çox vaxt havaya atəş açaraq insanları qorxutmağa çalışırdılar, bu cənab isə şahın generallarına məsləhət verərək deyib ki, tüfənglərinin lüləsini aşağı salıb camaatı nişan alsınlar. Onlar da onun göstərişinə əməl edərək camaata atəş açmış, çoxlu sayda insanı şəhid etmişdilər. Amma rejimin bu addımı nəticəsiz qalmışdı, camaat geri çəkilməmişdi, xalq etirazlara davam etmişdi. Daha sonra şahın komandirlərindən biri – ordu generalı Qarabaği – Hayzerin yanına gələrək ona deyib ki, sənin məsləhətinin faydası olmadı, xalq təslim olmadı. Hayzer öz xatirələrində yazır: “Bunlar (şahın adamları) necə də sadəlövhcəsinə düşünürlər?!” Bu nə deməkdir? Hayzer demək istəyir ki, Qarabaği camaatı bir dəfə güllə atəşinə tutmaqla işin bitməyini gözləyirdi? Xeyr, gərək qətliamı davam etdirəydilər, camaatı harda görsələr, gülləbaran edəydilər! Amerika budur! Amerika bu ölkədə düz 25 il mütləq hakimiyyətə sahib olub; şah rejiminin generallarına bu cür əmrlər veriblər; İranda iqtisadiyyat, siyasət, təhlükəsizlik sahələrində, xarici siyasətdə amerikalıların sözü keçib; şah dövründə Amerika mütləq hakimiyyətə malik olub. Ölkəmizdə ordusunun zabiti, Maliyyə Naziri, Müdafiə Naziri, baş naziri, elə şahının özü də Amerikaya qeyd-şərtsiz tabe olan bir rejim hakimiyyətdə olub.
Amerika ölkəmizdə Firon kimi ağalıq edirdi:
یَستَضعِفُ طآئِفَةً مِنهُم یُذَبِّحُ اَبنآءَهُم وَ یَستَحی نِسآءَهُم
“... (Firon) onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı...”(“Qəsəs” surəsi, 4-cü ayə)
Xalqımızla bu cür amansızcasına davranırdılar. Belə bir vaxtda zəmanənin Musası yetişərək firon və ona tabe olanların taxt-tacını devirdi, yox etdi; inqilab budur. Həmin bu şəhrivər hadisəsindən 1 il 2 ay sonra – yəni 1358-ci ilin aban ayında dahi İmam Xomeyninin (r.ə) tərəfdarı olan, onun yolu ilə gedən gənclər gedib Amerikanın casus yuvasını ələ keçirdirlər; onları əl-qolu, gözləri bağlı şəkildə əsir götürdülər; bəli, bu dəfə Musa Fironu bu cür məğlub etdi. Bəziləri deyir ki, amerikalıların İranla niyə arası yoxdur? Səbəbi elə budur; vaxt vardı İran tamamilə Amerikanın ovcunun içində idi; hökumət rəsmilərinin hamısı Amerikanın istəyi ilə oturub-dururdular; belə bir zamanda gələn İmam (r.ə) xalqın əli ilə Amerikanı bu ölkədən çölə atdı. Düşmən olmalıdırlar, düşmənçilik etməlidirlər də! Və edirlər də; bax hal-hazırda da düşmənçilik edirlər.
Dahi imam (r.ə) Amerikanı “Böyük şeytan”(3) adlandırmışdı; bu, olduqca düşündürücü bir ifadədir. Şeytanlarının hamısının başçısı İblisdir, lakin Qurani-Kərimə əsasən, İblisin görə bildiyi yeganə iş insanları azdırmaqdır; onun əlindən bundan başqa bir iş gəlmir – insanları aldadır, vəsvəsə edir. İblisdən fərqli olaraq Amerika isə həm azdırır, həm qətliamlar törədir, həm sanksiya tətbiq edir, həm aldadır, həm də riyakarlıq edir. İnsan haqlarının müdafiəsini əlində bayraq edib, insan haqlarının tərəfdarı olduğunu iddia edir, halbuki Amerikanın müxtəlif şəhərlərində hər bir neçə gündən bir günahsız, silahsız vətəndaşlar polis tərəfindən qanına qəltan edilir; hələ etdikləri başqa cinayətləri, törətdikləri başqa faciələri demirəm. Şah diktaturası zamanı İranda etdikləri, müharibə alovunu körükləmələri, bu gün Suriya, İraq və sair ölkələrdə dağıdıcı fəaliyyətlə məşğul olan cərəyanlara bənzər cərəyanlar yaratmaları – bütün bunlar amerikalıların işləridir. Bəziləri hələ də İblisdən daha betər olan bu mənfur xislətli “Böyük Şeytanı” bəzəyib-düzəyərək mələk simasında qələmə verməyə çalışırlar. Axı niyə? Yaxşı, dini, inqilabi ideyalar bir kənara qalsın, bəs ölkənin mənafeyinə sədaqət necə olsun? Sağlam məntiq necə olsun? Hansı sağlam məntiq, hansı vicdan icazə verir ki, insan Amerika kimi bir hegemon cinayətkarı dost olaraq, etimada layiq biri olaraq, xilaskar mələk kimi seçib təqdim edə? Həqiqət budur ki, onlar bu cürdür. Bəli, bəzənib-düzənməklə, səliqə-sahmanlı geyimləri ilə, qalstuk taxıb ətirlənməklə zahirən cəlbedici görünür və bununla sadəlövh insanlara özlərini başqa cür tanıdırlar; amma Amerika rejiminin əsl siması budur. Bu sadaladıqlarım bizə aid idi, başqa ölkələrdə də vəziyyət elə belədir. Böyük İran xalqı bu böyük şeytanı ölkəsindən çölə atıb; onun yenidən bura qayıtmasına imkan verməməliyik; qapıdan qovub çıxardığımız düşmənin pəncərədən geri qayıtmasına imkan verməməliyik; yol tapıb ölkəyə nüfuz etməsinə yol verməməliyik; çünki onların düşmənçiliyinin sonu yoxdur.
Birgə Kompleks Tədbirlər Planından, müqəddəratının necə olacağı hələ nə İranda, nə də Amerikada dəqiq müəyyən olunmamış bu razılaşma əldə olunduqdan dərhal sonra artıq Amerika konqresi İran əleyhinə məkrli planlar çızmağa başlayıb; bizə çatan xəbərlər onu göstərir ki, hazırda Amerika konqresində bir qrup senator İran İslam Respublikası əleyhinə problemlər, maneələr yaratmaq, müxtəlif məsələlərlə bağlı irad tutmaq üçün qanun layihəsi hazırlamağa başlayıb; onların düşmənçiliyi bax belədir, sonu yoxdur. Bu düşmənçilik davam edəcək. Nə vaxta qədər davam edəcək? Siz güclənənə qədər. İran xalqı o qədər güclənməlidir ki, düşmən siyasət, təhlükəsizlik, hərbi və iqtisadiyyat sferasında tətbiq etdiyi təzyiq və sanksiyaların nəticə verəcəyindən ümidini kəssin. Biz, mütləq, güclənməliyik; özümüzü daxildən gücləndirməliyik. Mən ölkəyə lazım olan bu gücü necə təmin etmək haqqında dəfələrlə danışmışam; əvvəla, güclü iqtisadiyyat yaradılmalıdır. Müqavimət iqtisadiyyatının siyasətləri ictimaiyyətə açıqlanıb; həmin siyasətlərin icrası tam gücü ilə və vaxt itirilmədən həyata keçirilməli, faktiki nəticələr göz önündə, əməli işlər formasında müşahidə olunmalıdır; bəli, şükürlər olsun ki, hökumət kabinetindəki qardaşlarımız bu sahədə bir sıra işlər görürlər. Bir yolu budur: iqtisadiyyatı gücləndirmək, gənclər işsiz qalmasın, onların göstərdiyi təşəbbüslər reallaşmamış qalmasın; ölkəni gücləndirməyin yollarından biri budur.
Ölkənin güclənməsi üçün digər yollardan biri də elmi inkişafdır; ölkəmizin elm karvanı öz inkişaf tempini qorumalıdır; biz elmin müxtəlif sahələrində irəliləməliyik, çünki hər bir şey elmə bağlıdır; güclənməyin yollarından biri də budur.
Daxilidən güclənməyimizin ən mühüm yollarından biri insanlarda, xüsusilə də gənclərdə inqilabi ruhiyyənin qorunmasıdır. Düşmən gənclərimizin etinasız, inqilabi ideyalara qarşı laqeyd bir nəsil kimi yetişməsi üçün çalışıb çabalayır. Onların məqsədi gənclərdəki qəhrəmanlıq, inqilabçılıq ruhiyyəsini öldürüb yox etməkdir; düşmənin bu məqsədinin qarşısını almaq lazımdır. Gənclərimiz inqilabi əhval-ruhiyyəni özlərində qoruyub saxlamalıdır. Vəzifəli şəxslər də gərək gənclərə hörmətlə yanaşsınlar; bəzi yazarlar islamçı qüvvələri, inqilabçı gəncləri “radikal” adı ilə bu qədər damğalayıb vurmasınlar. İnqilabçı gənclərə hörmətlə yanaşmaq, onları bu ruhiyyəyə həvəsləndirmək lazımdır; ölkəni qoruyan, müdafiə edən, təhlükə zamanı dadına çatan məhz bu ruhiyyə olur. Milli iqtidarın üç əsas amili bunlardır: müqavimət iqtisadiyyatı, inkişaf etmiş, irəliləməkdə olan elm və insanlarda, xüsusilə də gənclərdə inqilabi ruhiyyənin qorunması; bu üç amil ölkəni xilas edəcək. Məhz bunlar təmin olunduqdan sonra düşmən ümidini itirəcək.
Amerika bizə qarşı olan düşmənçiliyini heç vaxt gizlətmir. Bəli, vəzifə bölgüsü də aparıblar: biri üzümüzə gülümsəyir, o biri İslam Respublikası əleyhinə qanun layihəsi hazırlayaraq həyata keçirir; bu, bir növ vəzifə bölgüsüdür. İranla danışıqlara getməyə can atırlar, ancaq danışıqlar bəhanədir. Əsl məqsədləri ölkəyə nüfuz etmək, öz istəklərini bizə məcburi şəkildə qəbul etdirmək üçün bir vasitə axtarıb tapmaqdır. Mən rəsmilərimizin yalnız nüvə mövzusunda onlarla müzakirələrə qoşulmasına razılaşdım; bunun da müəyyən səbəbləri var, dəfələrlə qeyd etmişəm; müzakirələr baş tutdu. Allaha şükürlər olsun ki, bizim nümayəndələrimiz də bu danışıqlarda çox gözəl çıxış etdilər, özlərini layiqincə göstərdilər; amma bu mövzu istisna olmaqla digər sahələrdə Amerika ilə danışıqlar aparılmasına yol verməyəcəyik. Biz bütün dünya ölkələri ilə danışıqlara gedirik, ancaq Amerika ilə getməyəcəyik. Biz qarşılıqlı anlaşmanın, danışıqların tərəfdarıyıq: həm dövlətlər səviyyəsində, həm müxtəlif xalqlar və etnoslar səviyyəsində, həm də dinlərarası dialoq səviyyəsində. Biz Amerikadan başqa istənilən dövlətlə danışıqlar aparmağın tərəfdarıyıq; təbii ki, sionist rejimi də – qanunsuz və saxta bir dövlət olduğu üçün – öz növbəsində.
İsrail rejimi haqqında da bir neçə cümlə deyim; Fələstin ərazisini işğal etmiş sionistlər nüvə anlaşmasından sonra belə bir söz işlədiblər ki, bundan sonra 25 il müddətinə artıq İran sarıdan rahatıq, 25 il sonra onun haqda düşünərik. Mənim onlara cavabım budur ki, əvvəla, siz qarşıdakı 25 ili görməyəcəksiniz. İnşallah, Allah-taalanın rəhməti və lütfü sayəsində 25 ildən sonra bu regiondan İsrail rejiminin kökü kəsilmiş olacaq; ikincisi, elə bu müddət ərzində də müsəlmanların qəhrəmanlıq, müqavimət və cihad ruhiyyəsi onlara bir anlıq belə olsun rahatlıq verməyəcək; buna əmin olsunlar! Dünya xalqları artıq ayılıblar və düşmənin kim olduğunu ayırd edirlər. Düzdür dövlətlər, təbliğat maşınları dost və düşməni yanlış tanıtmağa çalışır, amma bu heç bir nəticə verməyəcək. Dünya xalqları – müsəlman xalqlar, xüsusilə də region xalqları artıq diqqətini cəmləyib, sayıqdırlar və düşmənin kim olduğunu bilirlər. Bəli, Amerika və İsrail barədə bu qədər.
Qarşıdakı seçkilər barədə də bir neçə cümlə demək istəyirəm(4). Seçki məsələsi hazırda aktual olan məsələlərdən biridir. Təəssüflər olsun ki, bəziləri seçkiyə hələ bir il yarım, iki il qalmış bu barədə danışmağa başlayırlar; fikrimcə, bu, lazımsız bir işdir; ölkədə vaxtından əvvəl seçki atmosferi yaradılmamalıdır; seçkilərə hələ il yarım vaxt qaldığı halda – seçkilər bu ilin sonunda keçiriləcəyi üçün o vaxt, demək olar, hələ iki il var idi – bəzi insanlar mətbuatda, müxtəlif çıxışlarda bu haqda danışmağa başlamışdılar. Ölkədə vaxtından qabaq seçki atmosferi yaratmaqla bəziləri əslində ictimaiyyətin bir çox önəmli məsələlərini gündəmdən kənar saxlayır, unutdururlar. Seçki ərəfəsində cəmiyyətdə bir rəqabət, qarşıdurma atmosferi olur, elə isə ölkəyə bu ab-havanı bir-iki il öncə gətirmək nəyə lazımdır? Məncə, bu vaxtsız söhbətlər tamamilə yersizdir. Amma indi tam vaxtıdır; məsələn, seçkilərə 3-4 ay qalmış bu barədə danışmaq, fikir bildirmək tamamilə yerinə düşər. Mən də bu gün bu haqda bəzi məqamlara toxunacağam, gələcəkdə də – əgər Allah ömür versə – seçkilərlə bağlı bir sıra məsələləri qeyd edəcəyəm.
Seçki məsələsi ölkəmizin həyatında olduqca böyük əhəmiyyət daşıyan bir məsələdir. Seçkilər İran xalqının iştirakının və seçiminin bariz nümunəsidir. Xalq seçki arenasında iştirak etməklə – istər bu, prezident, istər parlament, istərsə də Xubriqan Məclisinə seçkilər olsun – bu ölkədə həqiqi xalq hakimiyyətini formalaşdırır; bu, olduqca önəmli bir məqamdır. İnqilabın ilk günlərindən bəri 36-37 il ərzində biz bir dəfə də olsun seçkinin ləğv edilməsinə, yaxud təxirə salınmasına yol verməmişik. Bir sıra ölkələrdə müharibələr, yaxud bu kimi digər hadisələr baş verdikdə seçkilər təxirə salınır, ancaq İranda seçkilər heç bir zaman təyin olunduğu vaxtdan bir gün belə olsun təxirə düşməyib; heç bir mərhələdə. Müharibə dövründə Tehran bombardman edilirdi, Xuzestan, İlam və Kirmanşahın bir çox şəhərlərinə bombalar atılırdı, amma buna baxmayaraq, seçkilər təyin oldunduğu vaxtda baş tuturdu. Ölkənin ən ucqar bölgələrində də belə idi; kəndlərdə, hətta gediş-gəlişi çətin olan yerlərdə belə. Bu ölkədə seçkilər heç vaxt təxirə salınmayıb. Seçkilərin baş tutmasına əngəl olmağa çalışanlar olub – müəyyən dövrlərdə müəyyən siyasətbaz və intriqaçı qüvvələr tərəfindən seçkilərin ləğv edilməsinə, yaxud təxirə salınmasına cəhdlər edilib – amma Allah-taalanın yardımı ilə onların bu mənfur əməllərinin qarşısı alınıb və seçkilər təyin olunduğu vaxtda baş tutub. Bu, ölkəmizdə seçkilərə nə qədər əhəmiyyət verildiyini göstərir. Elə buna görə də bizim ölkədə keçirilən seçkilər, şükürlər olsun ki, xalq hakimiyyətinin bariz nümunəsidir.
İran İslam Respublikası sözün həqiqi mənasında xalq hakimiyyətinin təzahürü olan bir hakimiyyət quruluşudur. Təbii ki, düşmən ölkəmizdə keçirilən seçkilərin əleyhinə danışacaq. Amerika və onun təbliğatını yürüdən əlaltıları daim müxtəlif metodlarla bizim seçkilərin əleyhinə danışır, təbliğat aparır, amma onlar şah diktaturasının 25 illik hakimiyyəti zamanında İranda sifarişlə həyata keçirilən, gülünc parlament seçkilərini bir dəfə də olsun tənqid etməmiş, etirazlarını bildirməmişlər. Tarixi mənbələrə müraciət edib Məhəmmədrza dövründə keçirilən seçkilər haqqında oxusanız – ondan əvvəlki Rza şahın zamanı daha betər idi – görərsiniz ki, öncə İngiltərə, daha sonra isə Amerikanın hökmranlıq etdiyi dövrlərdə ölkədə gözdən pərdə asmaq məqsədilə keçirilən sifarişli, gülünc seçkilərə onlar tərəfindən bir dəfə də olsun etiraz olunmayıb. Elə indi də regionumuzda monarxiya üsulu ilə idarə olunan zalım və diktator rejimlərə heç bir irad tutmur, etiraz etmirlər. Bu cür ardıcıllıqla seçki keçirən, hakimiyyətin bütün dayaqlarının – prezidentdən tutmuş parlament, Xubriqan Məclisi və şəhər şuralarına qədər – xalq tərəfindən seçildiyi İrana qarşı isə daim etiraz edir, nöqsan tutur, ölkəmizi əsassız iradlarla ittiham edirlər. Bütün bu illər ərzində ölkəmizdə keçirilən seçkilər, şükürlər olsun ki, sağlam atmosferdə baş tutub. Mən xüsusilə bir məqamı qeyd etmək istəyirəm ki, bizdə baş tutan seçkilər, qəbul edilmiş beynəlxalq standartlara əsasən, seçicilərin yüksək iştirak göstəricisi ilə keçən, ən yaxşı və ən sağlam seçkilər olub. Təəssüflər olsun ki, daxildəki bəzi qüvvələrin adət etdiyi işlərdən biri də hər dəfə seçkinin sağlam şəraitdə baş tutmasını sual altına salmağa çalışmalarıdır. Seçkidən xeyli qabaq durmadan saxtalaşdırma haqqında danışmağa başlayır, “Belə olacaq, elə olacaq” – deyə cürbəcür narahatçılıqlar yaratmağa çalışırlar; bu, səhv bir işdir. Bu 37 il ərzində xalq müxtəlif etaplarda bu rejimin müxtəlif administrasiyalarına bəslədiyi inam və etimad sayəsində, ölkədə keçirilən seçkilərdə izdihamlı iştirak edib. Bəs nəyə görə bəziləri öz əlləri ilə bu inama, etimada zərbə vurmaq istəyirlər? Axı xalq bu quruluşa etimad bəsləyir, seçki varsa, gəlib iştirak edərək səs verir. Axı nəyə görə kimsə: “Birdən saxtalaşdırma olar” – deyə yersiz, əsassız narahatçılıqlarla xalqın bu iştirakına zərbə vurmalıdır? Aydın məsələdir ki, belə mənfi hallara icazə verilmir; çox güclü nəzarət var. Keşikçi Şuranın mövcudluğunun ən böyük bərəkətlərindən biri də seçkiləri ciddi surətdə nəzarətdə saxlamasıdır. Bu struktur qarşıya çıxa biləcək hər cür səhv və yanlışlığa nəzarət edir və saxtalaşdırma hallarının baş verməsinə də qəti surətdə imkan verməyəcək; digər strukturlar da eynilə. Bu illər ərzində mənə bəzi seçkilərdə nöqsanlara yol verildiyi haqda məlumatlar da gəlib; göstəriş vermişəm ki, gedib araşdırsınlar, nəticədə aydın olub ki, xeyir, məsələ heç də elə deyilmiş. Düzdür, hərdən seçkilərin nəticəsinə ciddi təsir göstərməyəcək xırda-para nöqsanlar baş verə bilər, bu hallar mühüm deyil, amma seçkilər hər zaman sağlam şəraitdə keçirilib.
Vətəndaşların verdiyi səs sözün həqiqi mənasında qul haqqıdır. İranlı bacı və qardaşlarımız seçki məntəqələrinə gələrək öz səsvermə blanklarını seçki qutularına salırlarsa, onların bu haqqını şəri baxımdan, İslam dini baxımından qorumaq vacibdir; vətəndaşın əmanətinə xəyanət edilməməlidir, çünki əks halda, həqiqətən də, insanların haqqı tapdanmış olur. Digər tərəfdən səsvermənin nəticəsi də nə olursa olsun, ona tabe olmaq, razılaşmaq lazımdır, yoxsa başqalarının haqqı pozulmuş olacaq. 1388-ci ildə keçirilmiş seçkilərdə israrla nəticələrin ləğv edilməsini istəyənlərə qarşı çıxmağımızın da məqsədi vətəndaşların haqqını müdafiə etmək idi. Həmin seçkidə 40 milyon vətəndaş iştirak etmişdi və bu, ən yüksək göstərici idi. Ortada bu iştirakın bir nəticəsi var idi. Biz hər dəfə seçkidə qalib gələn insanları müdafiə etmişik, onların haqqını qorumuşuq, o zaman da mən qul haqqını – xalqın haqqını müdafiə etdim. Bundan sonra da hər zaman vətəndaşlarımız səs verib kimisə seçəndə – kimliyindən asılı olmayaraq xalq kimi bəyənib qəbul edərsə – xalqın rəyini müdafiə edəcəyəm, onların arxasında duracağam. Çünki xalqın səsi haqdır. Gəlin xalqın bu hökumətə olan inam və etimadına əsassız sözlərlə zərbə vurmayaq. Gah Daxili İşlər Nazirliyinə, gah da Keşikçi Şuraya müxtəlif iradlar bildirirlər.
Keşikçi Şura seçkilərdə hökumətin görən gözüdür; bütün dünyada da bu struktura bənzər strukturlar mövcuddur – adları fərqli ola bilər, amma analoji qurumlardır; bizdə adı Keşikçi Şuradır – seçkilərə qoşulan, namizədliyini irəli sürən şəxslərin buna layiq olub olmadığına baxır, araşdırır, nəzarət edir və həmin insanların namizədliyini təsdiqləyir. Hansısa səhlənkarlığa yol verildiyini, yaxud kriterilərə cavab verməyən birinin öz namizədliyini irəli sürdüyünü müəyyən etdikdə bunun qarşısını alır, namizədlikdən kənarlaşdırırlar. Bu, onların qanuni vəzifəsi, məntiqi haqqıdır. Bəziləri isə onlara yersiz iradlar tutur. Qul haqqının müəyyən hissəsi də Keşikçi Şuranın rəy vermə haqqıdır; bu strukturun vətəndaşların namizədliyini təsdiq və ya ləğv etmək səlahiyyətinə malik olan, təsirli nəzarət hüqqudur; qul haqqı məsələsinin bir hissəsi də budur, odur ki ona riayət etmək, qorumaq, Keşikçi Şuranın araşdırmalarının nəticəsinə tabe olmaq lazımdır. Seçki əhəmiyyətli bir hadisədir. Hələlik mənim seçkilər haqqında danışmaq istədiklərim bu qədər.
Əlbəttə ki, mən xalqın ictimai-siyasi proseslərdə hamılıqla və emosional iştirakının gücünə inanıram və ölkəni məhz bu iştirakın qoruduğuna əminəm. Əgər ömür vəfa etsə, gələcəkdə də bu haqda daha ətraflı danışacağam.
Əziz bacı və qardaşlar, bir daha təkidlə bildirmək istəyirəm ki, belə bir xalqla, belə bir məntiqlə, belə bir konstitusiya ilə İran İslam Respublikası bütün düşmənlərinə qalib gələcək. Şərti isə budur ki, Allah-taalaya təvəkkül edək, ümid bəsləyək, bir-birimizə qardaşlıq və birlik əlini uzadıb daha sıx birləşək, ölkədə ikitirəlik salmayaq, bir-birimizi gücdən salıb zəiflətməyək. Biz öz vəzifəmizə bu cür riayət etsək, Allah-taala da vədinə riayət edər. İslam dininə kömək edənə Allah-taala da yardım edər.
Pərvərdigara! Dahi İmam Xomeyninin (r.ə) pak ruhunu məhşər meydanına övliyalarınla birgə gətir; əziz şəhidlərimizin pak ruhlarını məhşərə övliyalarınla gətir. Pərvərdigara! Bu mömin və əməlisaleh millətə günbəgün öz rəhmət və bərəkətini daha çox əta et.
Allahın salamı və bərəkəti nəsibiniz olsun.
_______________________
(1) Ayətullah şəhid Seyyid Əsədulla Mədəni
(2) General Robert Hayzer
(3) “Səhifeyi-İmam” kitabı, cild 10, səh 489
(4) Parlamentin 10-cu və Xubriqan Məclisinin 5-ci çağırışına seçkilər cari ilin isfənd ayında keciriləcəkdir.