Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

الحمدلله ربّ العالمین والصّلاة والسّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّةالله فی الارضین. قال‌الله الحکیم فی کتابه: هُوَ الَّذی اَنزَلَ السَّکینَةَ فی قُلوبِ المُؤمِنینَ لِیَزدادوا ایمانًا مَعَ ایمانِهِم وَ للهِ‌ جُنودُ السَّمٰوٰتِ وَ الاَرضِ وَ کانَ اللهُ عَلیمًا حَکیمًا

“Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından) arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur. Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah hər şeyi biləndir, hikmət sahibidir!” (“Fəth” surəsi, 4-cü ayədən)

Əziz qardaşlar, möhtərəm cənablar, xoş gəlmisiniz. Lütf edib bizim iş yerimizə bir nur, rayihə bəxş etdiyiniz üçün sizə təşəkkür edirəm. Xubriqan Məclisi və onun üzvləri o dərəcədə əhəmiyyətlidir ki, insan sizin varlığınızın, inşallah, istənilən yerdə bərəkət mənbəyi olacağını, doğrudan da, hiss edir. Xubriqan Məclisi Allah-taaladan gələn mənəvi rahatlığın nazil olmasını tamlığı ilə təcəssüm etdirən bir müstəvi ola bilər, çünki bu mənəvi rahatlıq imanın nişanələrindəndir:

هُوَ الَّذی اَنزَلَ السَّکینَةَ فی قُلوبِ المُؤمِنینَ لِیَزدادوا ایمانًا مَعَ ایمانِهِم

Bu mənəvi rahatlıq imanın çoxalmasına, güclənməsinə səbəb olur. Onun mənası isə təlatümlər qarşısında özünü sakit aparmaqdır; cürbəcür hadisələr, düşmənçiliklər, müxtəlif situasiyalar təbii olaraq insan ruhunda təlatüm yaradır. Mənən rahat, sakit olmaq isə insanın beyninə, düşüncəsinə bir səbat, möhkəmlik bəxş edir, getdiyi yolda addımlarını möhkəmlədir. Allah-taala bu mənəvi rahatlığı, arxayınlığı imanının bərəkəti sayəsində yalnız möminlərə bəxş edir,

وَ للهِ‌ جُنودُ السَّمٰوٰتِ وَ الاَرض

– deyə onları xatircəm edir. İnsan daha nədən qorxsun? Yerin-göyün bütün gücləri, təbiətin bütün qanunauyğunluqları Allahın ordusudur, Ona aiddir. Biz mömin olsaq, Allaha bəndəlik etsək, bu ordular möminlərə xidmət edər. Bunu bilən insan mənən rahatlaşır, arxayınlaşır. Sonrakı ayələrdə də buyurulur:

وَ للهِ‌ جُنودُ السَّمٰوٰتِ وَ الاَرضِ وَ کانَ اللهُ عَزیزًا حَکیمًا

“Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (“Fəth” surəsi, 7-ci ayə)

Allahın bu qüvvət və izzəti də “göylərdəki və yerdəki orduların ixtiyar sahibi” olmasının nişanəsidir. Möminlər məhz belə bir aləmdə, belə bir atmosferdə hərəkət edir, yaşayır, nəfəs alırlar. Xubriqan Məclisi belə bir mənəvi rahatlıq və arxayınlığın mənbəyi, mənşəyi ola biləcək bir yerdir. Bu məclisdə iki mühüm seçki həyata keçirilir: birincisi, camaat özü inanıb etimad etdiyi nümayəndələrini seçib müəyyənləşdirir – hansı ki etimad göstərilən bu namizədlərin də daha sonra ən önəmli işi seçim etməkdir – ikinci seçki isə Ali Rəhbərin seçilməsidir. Burda iki seçki var; yəni Xubriqan Məclisi xalqın iştirakının, xalqın içindən olmanın, xalqın rəy və siyasi əqidəsinin təsirli olmasının təzahürüdür.

Ölkəmizdə bu formada – özündə xalqın müstəqil iradə və niyyətini nümayiş etdirən iki seçkini ehtiva edən ikinci bir hakimiyyət qurumu yoxdur. İkinci seçki Ali Rəhbərin seçilməsidir; bu seçkinin digər ümumxalq seçkilərindən fərqi odur ki, burada əsas meyar fiqhdir; yəni islami dəyərlərdir. Odur ki onların etdiyi seçim islami dəyərlərin hakimiyyəti, İslam dininin hökmlərinin icrası, İslamın həyatın reallığında gerçəkləşməsi üçün edilən seçimdir. İlahi dinlər təkcə beyinlərdə yatıb qalmaq üçün gəlməyib; həyatın reallığında da gerçəkləşməlidir. Bəli, bunun üçün müəyyən vasitələr, mexanizmlər lazımdır; bu yerdə həmin mexanizm öz seçimi vasitəsilə ilahi dəyərlərin hakimiyyətini, İslam hökmlərinin icrasını, Allahın dininin – İslamın hakimiyyətini qarant altına alan Xubriqan Məclisidir. Odur ki Xubriqan Məclisi həm də xalqın seçiminin, dinə, yaxud İslama əsaslanan xalq hakimiyyətinin də təcəssümüdür. Yəni əslində, İslama əsaslanan xalq hakimiyyətinin tam, yüz faiz təcəssümü elə Xubriqan Məclisidir; bu qurumun əhəmiyyəti bundadır. Xubriqan Məclisi təşkil olunanda, öz varlığını, müstəqil düşüncəsini, üzaqgörənliyini ortaya qoyanda bu, möminlərin qəlbində rahatlıq, arxayınlıq yaranmasına səbəb olur; əslində, bu mənəvi arxayınlıq bu məclisdən cəmiyyətə ötürülür. Odur ki hər iki seçki mərhələsində lazımi qədər diqqətli olmaq olduqca önəmlidir: həm əhali Xubriqan Məclisinin üzvlərini seçdiyi zaman, həm də məclis üzvləri Ali Rəhbəri seçdiyi zaman; lazımi dərəcədə diqqətli olmaq, tam müstəqil fikir yürütmək lazımdır. Seçki ilə bağlı mənim qeyd etmək istədiyim müəyyən məqamlar var, onları gələcəkdə qeyd edəcəyəm; burda o mövzunu açmaq istəmirəm. Xubriqan Məclisi müstəqil fikir yürütməlidir; bu müstəqil fikrin nəyə əsaslanmalı olduğunu da az sonra deyəcəyəm. Əsas budur ki, imperializmin zorla sırıdığı stereotiplərin əsirinə çevrilmək olmaz. Hazırda dünyada imperializmin genişmiqyaslı təbliğat maşını tərəfindən gecə-gündüz müəyyən anlayışlar, düşüncələr yayılmaqdadır; ən önəmli məsələlərdən biri budur ki, biz onların əsiri olmayaq. Mənim bu tapşırığım təkcə Xubriqan Məclisinə yox, bütün ölkə rəsmilərinə, hakimiyyətin dayağı olan bütün strukturlara, hətta bütün ekspertlərə – siyasi, ictimai, dini ekspertlərə ünvanlanır. Diqqətli, ehtiyatlı olsunlar:

وَ اِن تُطِع اَکثَرَ مَن فِی الاَرضِ یُضِلّوکَ عَن سَبیلِ الله

“Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar”. (“Ənam” surəsi, 116-cı ayə) 

Bunu bilsinlər. Bu gün onların nəhəng həcmli təbliğatı hansısa məsələyə yönəlibsə, daim o mövzunu vurğulayır, təkrarlayır, cürbəcür metodlarla çatdırırlarsa, bu o demək deyil ki, biz də məcburən onlarla ayaqlaşıb o barədə danışmalı, eyni şeyi təkrar etməliyik; yox, bizim öz prinsiplərimiz, öz fikrimiz var. İmperialistlər öz stereotiplərini bütün dünya ictimaiyyətinə sırımaq niyyətindədir; həm xalqlara, həm də özəlliklə ölkə rəsmilərinə, nüfuzlu insanlara; yəni dövlətlərə, parlament nümayəndələrinə, mühüm qərarları qəbul edənlərə, hazırlayanlara, özləri demişkən, beyin mərkəzlərinə – öz stereotiplərini bütün bunların şüuruna, beyninə köçürmək, qəbul etdirmək istəyirlər. İstəyirlər ki, hər kəs dünyaya onların gözü ilə baxsın; onların önə çəkdiyi məfhumları məhz elə onların yanaşması, baxış bucağı əsasında görüb bilsin. Bu, imperialistlərə xas yanaşmadır; bu yanaşma əsasında da müəyyən anlayışları ya saxtalaşdırır, ya da özləri istədiyi kimi mənalandırıb təqdim edirlər və istəyirlər ki, həmin anlayışları hamı məhz onların mənalandırdığı kimi anlasın, istifadə etsin və öz leksikonunda işlətsin. Misal üçün, terrorizm imperializmin xüsusi anlamda işlətdiyi bir anlayışdır; və ya insan haqları, demokratiya. Misal üçün, Yəmənin 6 ay müddətində bombalanması, evlərin, məktəblərin, xəstəxanaların dağıdılması və sair bu kimi işlər terrorizm deyil; Qəzzada və başqa yerlərdə fələstinlilərin yaşadığı məntəqələrə dəfələrlə edilən hücumlar, yüzlərlə, bəlkə minlərlə günahsız, müdafiəsiz uşaq, qadın və kişinin qətlə yetirilməsi terrorizm deyil; Bəhreyn camaatının ölkədə hər kəsə bir səs hüququ istəməsinin insan haqlarına aidiyyəti yoxdur, insan haqlarını tələb etmək deyil; amma Fələstin və Livanda müqavimət qüvvələrinin özünümüdafiəsi terrorizmdir; Fələstin, yaxud Livanda müqavimət göstərən qruplar işğalçılara qarşı döyüşür, öz torpağını, ev-eşiyini müdafiə edir, adını terror qoyurlar! Diktaturanın hökm sürdüyü, regionumuzda imperializm və Amerikanın yaxın çevrəsi, tərəfdaşı hesab olunan ölkələrdə baş verənlər insan haqlarına zidd deyil; amma tutalım, günahını etiraf etmiş və edən bir cinayətkarın cəzalandırılması, yaxud bir ölkədə onlarla, yüzlərlə, minlərlə insanı narkotik maddələrdən asılılığa gətirib çıxarmış bir qanun pozucusunun cəzalandırılması insan haqlarına ziddir! Bunlar bax belədir; yəni məfhumları özləri istədikləri kimi mənalandırırlar; və istəyirlər ki, başqaları da onların mənalandırdığı kimi anlasın və onlar kimi danışsın. Nüvə alimlərinin terror edilməsi terrorizm deyil, qətiyyən terror hesab olunmur, qınanmasına lüzum görülmür – halbuki sionistlər, demək olar, açıq etiraf etdilər ki, bu, onların işi olub; bəzi Avropa ölkələri, demək olar, açıq-açığına boyunlarına aldılar ki, bu işin arxasında onlar durublar – amma tutalım, Livanda və ya başqa bir yerdə baş vermiş, bundan çox-çox kiçik bir hadisəyə görə Təhlükəsizik Şurasının iclası çağırılır! Yəni onların dünyada baş verən proseslərə yanaşması budur; özlərindən bir anlayış düzəldirlər, bir anlayış yaradırlar, zorla ona bir məna verirlər və istəyirlər ki, bütün dünya, o cümlədən biz – İslam Respublikası həmin anlayışı onlar kimi dərk edək, onların baxış bucağından görək, onların leksikonundakı sözlərlə danışaq. Bizdən bunu gözləyirlər; bu, imperializmin, hegemonluğun ən aydın göstəricilərindən, təzahürlərindən biridir; halbuki İslam İnqilabının özünəməxsus ideoloji sistemi var. Bu inqilabın əhəmiyyəti, onun bütün dünyanı silkələməsinin səbəbi bir hökuməti devirməyində deyildi. Yox, səbəb bu idi ki, bu inqilab dünyaya yeni bir ideoloji sistem təqdim etmişdi və həmin sistem bu gün də Yer kürəsinin müxtəlif yerlərində genişlənməkdədir. Onu gizlətmək, ört-basdır etmək üçün göstərilən səylərə baxmayaraq, bu düşüncə sistemi əldən-ələ gəzir, bütün dünyada – istər İslam dünyasında, istərsə daha az olsa belə, müsəlman dünyasından kənarda bir çox insanları özünə cəzb edir. İnsanlar hələ də bu ideoloji sistemə diqqət yönəldir, bu məfkurə sistemi hələ də öz aktuallığını qoruyub saxlamaqdadır. Bu məfkurə sisteminin kifayət qədər diqqət çəkən mühüm elementlərindən biri də zülmü, imperializmi, istibdadı inkar etməsidir (istibdad dedikdə həm hökumət rejimlərinin, hakimlərin öz ölkələrində öz xalqlarına etdiyi zülm və istibdad, həm də imperializmin dünya miqyasında törətdiyi istibdad və diktatura nəzərdə tutulur), bu ideoloji sistemin tərkib hissələrindən biri də budur. 

Xalqların qürur və heysiyyəti, müsəlman ölkələrində milli qürur və dini özünüdərkin oyanışı, xalqlarda daim başqalarına arxalanmaq, böyük dövlətlərdən asılı qalmaq psixologiyasına son qoyulması – bütün bunlar İslam dininin irəli sürdüyü ideoloji sistemin tərkib hissələridir. Hər cəhətdən müstəqillik – müstəqillik çox önəmli bir məsələdir – ideoloji müstəqillik (ən önəmlisi, bütün digər sferalarda müstəqilliyə yol açan, şərait yaradan da elə ideoloji müstəqillikdir), siyasi müstəqillik, iqtisadi müstəqillik – bütün bunlar İslam dininin ideoloji sistemində, İslam İnqilabının məfkurə sistemində əksini tapan prinsiplərdir; xalqları cəlb edən, onlarda maraq oyadan da məhz bunlardır. Özü də bunlar daim aktual olan, köhnəlməyən məsələlərdir, heç vaxt bitməyəcək mövzulardır. O məşhur “Müstəqillik, azadlıq, İslam Respublikası” şüarı, belə demək mümkünsə, məna baxımından xüsusidən ümumiyə keçidi əks etdirir, yəni burada əvvəlcə xüsusi, daha sonra isə ümumi bir məsələ qeyd olunur. Əvvəlcə “müstəqillik” deyirik, daha sonra “azadlıq”. Müstəqillik azadlığın bir hissəsidir, yəni əgər fərdi azadlığı nəzərdə tutmuş olsaq, bu, sikkənin yalnız bir üzü olar, digər üzü isə böyük dövlətlərin, super-güclərin ağalığından azad olmaqdır; bu da azadlıqdır; buna əsasən də müstəqillik azadlığın bir hissəsidir və azadlıq istəyən şəxslər müstəqilliyi inkar edirlərsə, əslində, azadlığı inkar etmiş olurlar; təəssüf ki, zaman-zaman bəzi psevdo-ziyalıların müstəqilliyi, müstəqilliyin meyarlarını ilk baxışdan məntiqli görünən, amma əslində, məntiqə tamamilə zidd olan boş-boş iddialarla inkar etdiklərini görürük. Müstəqillik azadlığın ayrılmaz bir hissəsidir, yəni azadlığın bir parçasıdır. Azadlıq anlayışının tərkib hissələrindən biri də bir ölkənin müstəqilliyidir; bütöv bir xalq miqyasında azadlıqdır; müstəqillik budur. Demək, bütün bunlar İslam Respublikasının da tərkib hissələridir; yəni İslam Respublikası da nə təkcə azadlıq, nə də təkcə müstəqillik deməkdir, bəlkə bütün bunları və eləcə də bir çox digər təlim və prinsipləri əhatə edir. Biz təmasda olduğumuz insanlara bütün bunları izah edəndə bu mövzuların onlarda maraq doğurduğunu, insanları cəlb etdiyini görürük. Bunlar qəlbləri çox güclü şəkildə özünə tərəf çəkir. Belə bir ideoloji yanaşma nəticəsində xalq özünəinam qazanır; hansı ki bu gün bizim xalqımızda da bu özünəinam var, yaranıb. Şükürlər olsun ki, ölkəmizdə bu özünəinam, bu özünəgüvən günü-gündən daha da artmaqdadır. Baxmayaraq ki, buna qarşı daim əngəllər yaradıblar, təzyiqlər göstərməyə, başından basmağa çalışıblar, daim müxtəlif yollarla bunun qarşısı alınıb, amma sevindirici haldır ki, ölkəmizdə milli özünəgüvən günü-gündən daha da inkişaf etməkdə, genişlənməkdədir. Özünəinam var, ideoloji azadlıq var, praktik, əməli surətdə azadlıq var – yəni Qərb və Amerikanın fərdi azadlıq məntiqindən fərqli, sözün əsl mənasında bir fərdi azadlıq; onlardakı azadlıq deyil – İslama uyğun həyat tərzi var, novatorluq var, həmrəylik var, milli birlik var. Bunlar həmin məfkurə və yanaşma sayəsində cəmiyyətin şüurunda, davranışında, reallıqlarında ortaya çıxan şeylərdir və bütün bunlar İslam dininin dəyərləridir; və bir xalqa tərəqqi və yüksəliş qazandıran da bütün bunlardır. Bir xalqda müstəqil fikir və yanaşma, özünəinam, təşəbbüskarlıq, novatorluq, əməyə, zəhmətə sevgi və həvəs varsa, hakimiyyətin bütün qolları arasında söz birliyi varsa, ardıcıl surətdə iş görülürsə, bu xüsusiyyətlər o xalqın inkişafına, tərəqqisinə səbəb olur. Xoşbəxtlikdən, bizim xalqımız da inkişaf edib. Əlbəttə ki, əngəllər də çox olub, onlardan da danışacağam. Ölkəmizin maddi inkişaf baxımından bugünün inkişaf etmiş dövlətləri səviyyəsində olacağı günü bir təsəvvürünüzə gətirin; elmi baxımdan, texnoloji baxımdan, maddi sərvətlərin istehsalı baxımından. Bu kimi xüsusiyyətlərə malik bir ölkə: elmi inkişafa nail olmuş, sənayesi inkişaf etmiş, 150-200 milyon əhalisi olan, mənəviyyatlı – yəni imperialist məqsədlər izləməyən, başqalarına qarşı zorakılıq etmək, öz sözünü kiməsə zorla diktə etmək niyyətində olmayan, məzlumlara kömək edən, dünyanın hegemon dövlətlərinin başından yekə tələblərinə müqavimət göstərən bir ölkə; belə bir ölkəni təsəvvürünüzə gətirin! Görün bu, dünya imperializmi üçün nə qədər dözülməzdir?! 

Bu gün İslam Respublikası əleyhinə aparılan bütün işlər məhz belə bir günün gəlişinin qarşısını almaq məqsədi daşıyır; İslam Respublikasının belə bir gələcəyi olmasın deyə edilir: maddi inkişafın bütün kriterilərinə cavab verən, eyni zamanda da mənəviyyatlı, mənəvi cəhətdən təmiz, İslama uyğun həyat tərzi ilə yaşayan, milli birlik və qardaşlığı özündə əks etdirən, xalqı həmrəy, başqalarına qarşı zorakılıq və işğalçılıq etməyən inkişaf etmiş bir ölkə; onların istədiyi budur ki, İran İslam dövləti belə bir xoş günə çıxmasın; bütün fəaliyyətləri, bütün səyləri, bütün planları bunun üçündür, bunun davasıdır; dava bunun üstündədir ki, əgər bu cür xüsusiyyətlərə malik bir müsəlman ölkəsi ortaya çıxsa, imperializmin, küfrün büsatına son qoyulacaq. Bu cür inkişaf edə, zahiri maddi şərtləri özündə bu səviyyədə təmin edə biləcək, eyni zamanda Allah-taalaya arxalanan, Allahı zikr edən, Allaha şükür edən, Allaha ibadət edən, Allaha səcdə edən, ilahi hökmlər qarşısında itaətkar və təslimkar olan bir ölkə, bilirsiniz, güclü bir maqnit kimi dünyada özünə qarşı necə cazibə qüvvəsi yaradar, xalqların qəlbini özünə necə cəzb edər?! Bunun baş verməyini istəmirlər; bütün davalar da bunun üstündədir. Bizim elmi inkişafımıza qarşı mübarizə aparmaları, müxtəlif ölkələrdə bizim siyasi iştirakımızın əleyhinə çıxmaları – açıq-aşkar deyirlər ki, İran regionda nüfuza malikdir, ölkələrdə nüfuzu var, xalqlara təsir göstərir – göstərdikləri iqtisadi təzyiqlər məhz belə bir vəziyyətin yaranmaması üçündür, belə bir günün gəlişinə əngəl olmaq üçündür.

Bu istəyin tam əks tərəfində isə biz dururuq; biz İran xalqı, biz gənclər, təşəbbüs göstərməyə hazır olan insanlar, din alimləri, universitetlərdəki ziyalılar. Məhz biz onların bu hərəkatı qarşısında az öncə qeyd etdiyim fəlsəfi-ideoloji sistem əsasında öz prinsipial hərəkatımızı yürütməliyik. Hamı çalışmalı, səy göstərməli, işləməli və düşmənin nə etmək istədiyini bilməlidir; hər kəs diqqətli və ehtiyatlı olmalıdır. Mən istərdim ki, ölkəmizin bütün rəsmilərində bu həssaslıq yaransın, düşmənin nə işlə məşğul olduğunu, hədəfinin nə olduğunu bilsinlər; düşmənin təbəssümünə, hansısa işdə, hansısa məsələdə, ola bilsin, qısamüddətli kompromisə getməyinə, tutalım, haradasa etdiyi bir güzəştə, hansı məqamdasa bizimlə razılaşmağına, ola bilsin, İslam Respublikasının xeyrinə dilinə bir kəlmə söz alıb deməyinə – hansı ki çox zəif ehtimaldır – bu cür sözlərə aldanmayaq; düşmənin nə etmək istədiyini bilək.

Əlbəttə ki, bu gün düşmən dünya imperializmidir. Dünya imperializmi xəyali bir şey deyil, reallıqdır, ortada açıq-aydın əlamətləri, göstəriciləri var; ən böyük göstəricisi Amerikadır, Amerika administrasiyasının arxasında isə bütün dünyaya yayılmış, əksəriyyət etibarilə sionistlərə aid olan nəhəng şirkətlər, trestlər, kartellər, bəşəriyyətin qanını sovuran istismarçı kapitalistlər durur; təkcə Amerikada da deyil; bunlar Avropada və bəzi digər yerlərdə də həddən artıq güclü nüfuz əldə ediblər; imperializm bax budur. Bu imperializm divinin canı içində olan şüşə məhz belə bir islami hərəkatla sındırılacaq; bu hərəkat İslam İnqilabının qələbəsi ilə start götürüb, İslam Respublikası, bu dövlətin inqilabi kursa sadiqliyi ilə davam edir və gələcəkdə də bu minvalla inkişaf edib irəliləyəcək. Bəzən elə şeylərin şahidi olursan ki, insanda, doğrudan da, ümid yaranır. Hərdən müxtəlif sferalarda cürbəcür texnoloji nailiyyətləri əks etdirən sərgiləri bizə gətirirlər – onlardan bəziləri haqda geniş ictimaiyyətə açıqlama verilir, bəziləri haqda isə məqsədəuyğun bilinmədiyinə görə məlumat verilmir, amma biz yaxından görüb tanış oluruq – doğrudan da, bizim gənclərimizin əlləri möcüzələr yaradır. Yaşı az olan, qəlbi stimul dolu, imanlı, bacarıqlı, istedadlı, yüksək əhval-ruhiyyəli, həm də Allaha təvəkkül edən, ağzı salavatlı, namazqılan, dininə qarşı diqqətli, Quran oxuyan gənclər çox böyük, çox gözəl işlər həyata keçirir; və inşallah, İslam Respublikasını o inkişaf və yüksəliş gözləyir. 

Qeyd etdim ki, biz geniş imkan və potensiala malik olan bir ölkəyik. O gün hökumət kabinetindən olan qardaşlarımızla(2) görüşdə mən dedim ki, aldığım məlumata görə, biz ölkəmizin mədən resurslarından 40 faizini istifadə edirik – hansı ki ölkəmizin ən önəmli sərvət resurslarından biri yeraltı sərvətlərimizdir – çox hörmətli Sənaye və Mədən Nazirimiz mənim sözümü təsdiqləyib dedi ki, doğrudur, statistik hesabatlarda da belədir. Bax biz belə bir ölkəyik; indiyə qədər biz ölkəmizin yeraltı resurslarından 40 faizini istifadə etmişik. Coğrafi mövqeyimiz, cürbəcür mədəni imkanlarımız, İslam mədəniyyətinin və Əhli-Beyt (ə) maarifinin dünyada qazandığı dərin nüfuz; bunlar balaca şeylər deyil; bunlar bizim ixtiyarımızda olan çox nəhəng sərvətlərdir. Bax elə buna görə də mənim demək istədiyim odur ki, biz – Xubriqan Məclisi, ölkə rəsmiləri, ictimaiyyət arasında nüfuza malik olan, geniş auditoriyaya səslənmək imkanı olan insanlar – istər mətbuatdan, istərsə də digər auditoriyalardan – danışmağı bacaran, təsir göstərə bilən şəxslər o gələcəyi insanlara mümkün qədər çox açıqlamalı, təsvir etməli, qəlbləri o gələcəyə sövq etməli, insanları həvəsləndirməli, onlarda ümid oyatmalı, möminlərin qəlbində lazımi rahatlıq və sakitliyi yaratmalıdırlar ki, irəli gedək; Allaha həmd olsun ki, biz inkişaf etməkdə, irəliləməkdəyik. 

Günümüzdə aktual olan bir-iki mühüm və diqqətəlayiq məsələ də var ki, onları qısaca da olsa qeyd etməliyəm: bunladan biri Birgə Kompleks Tədbirlər Planı məsələsidir, o biri isə BKTP-dən sonrakı proseslərdir – zənnimcə, BKTP-dən sonrakı proseslər BKTP-nin özündən daha önəmlidir. BKTP ilə bağlı mən nəzərdə tutduğum və lazım bildiyim məqamları bu günlər ərzində – istər bu razılaşma əldə olunmazdan öncə, istərsə də ondan sonra – qeyd etmişəm. Bu gün ortada olan məsələ BKTP-nin parlamentdə ratifikasiyası məsələsidir; ekspertlər, mütəxəssislər bu sənədin hüquq, qanun baxımından nə vəziyyətdə olduğunu araşdırmalı, məsələnin hüquqi tərəflərini gözdən keçirərək müvafiq surətdə hərəkət etməlidirlər; mən o mövzulara girmirəm. Lakin mən ümumilikdə fikir bildirib demək istəyirəm – və bunu cənab prezidentə də söyləmişəm – ki, parlamenti bu məsələdən kənar tutmağı məqsədəuyğun hesab etmirəm. Çünki nəticə etibarilə bu, artıq 2 ildir ki, ölkənin gündəmini tutan, ictimaiyyətin diqqət mərkəzində duran və hal-hazırda müəyyən nəticələrin əldə olunduğu bir məsələdir; odur ki parlament də bu məsələ ilə yaxından məşğul olmalıdır. O ki qaldı parlament nə etsin, bu məsələdə necə davransın, mənim bu mövzuda İslami Şura Məclisinə heç bir tövsiyəm yoxdur. Birincisi, hansı formada qərar verilməlidir? Qəbul edilmə və ya geri qaytarılma formasında olmalıdır, yoxsa başqa bir şəkildə? Qəbul etsinlər, yoxsa geri qaytarsınlar? Bu mövzularda mənim heç bir tövsiyəm yoxdur. Həlledici qərar xalqın parlamentdəki nümayəndələrinə aiddir, parlamentin nəyi etməli, nəyi etməməli olduğuna mən göstəriş vermirəm. Mənim fikrim budur ki, parlamentin bu mövzudan uzaq tutulmamağı müsbət bir haldır və xalqın parlamentdə oturan nümayəndələri də bu məsələyə münasibət bildirməlidir. 

BKTP-dən sonrakı məsələlərə gəlincə. Zənnimcə, bəzi məsələlər var ki, ölkə rəsmiləri onları diqqətdə saxlamalıdır; əlbəttə ki, mən bunları hökumətdə təmsil olunan əziz və səmimi qardaşlarımızla da müzakirə edirəm, etmişəm də, amma məlumat üçün sizə də deyirəm. Birincisi, zahirən bizim qarşımızda 6 dövlət var, amma əslində, aktiv olan, fəal iş aparan yalnız bir dövlət – yəni Amerikadır. Amerika bu məsələdə tam aktiv bir şəkildə meydandadır, tər töküb çalışır, səy göstərir. Amerika rəsmiləri çox pis danışırlar; bu çıxışların, bu bəyanatların nə üçün, nə məqsədlə edildiyi aydınlaşdırılmalıdır; belə ki məsələnin bir tərəfində Amerika, digər tərəfində isə biz dururuq. Gah deyirlər ki, sanksiyaların strukturu saxlanacaq; bəs onda bu qədər vaxtı biz nə üçün oturub danışıqlar aparmışıq. Biz danışıqlara getmişik ki, sanksiyaların gətirdiyi məhdudiyyətlər ortadan qalxsın, bu sanksiyalar ləğv olunsun. Sanksiyaların strukturunu saxlamaq qərarına gəliblər! İndi mən bilmirəm “sanksiyaların strukturu saxlansın” nə deməkdir; ola bilsin, bunu da bir cür izah edib mənalandıracaqlar, amma bu sözlərdən çıxan nəticə bizim danışıqlara getməklə izlədiyimiz hədəflərə tamamilə ziddir; yoxsa biz danışıqlara nə üçün gedirdik ki? Öz işimizi görərdik; 19 min sentrifuqa qurmuşduq, qısa bir müddət ərzində bu rəqəmi 50-60 minə çatdıra bilərdik. Bunu etmək üçün heç bir problemimiz də yox idi; 20 faizlik yanacağı istehsal edirdik, ardını da gedə bilərdik. Nüvə tədqiqatlarını davam etdirib eyni sürət tempi ilə və eyni şəkildə bu sahədə inkişaf edərdik; qalan şeylər də eynilə. Oturub danışıqlar aparmağımız, müəyyən məqamlarda güzəştə getməyimiz, sizə müəyyən imtiyazlar verməyimiz əsasən onun üçün idi ki, sanksiyalar qaldırılsın. Əgər sanksiyalar qaldırılmayacaqsa, deməli, artıq ortada heç bir anlaşma da yoxdur və bunun daha heç bir mənası da yoxdur. Rəsmilərimiz bunu özləri üçün dəqiq surətdə müəyyən etməli və daha deməməlidirlər ki, məsələn, “o, bu sözləri daxildəki rəqiblərini razı salmaq üçün deyir”. Düzdür, Amerikada bir rəqabətin, çəkişmənin getdiyi tamamilə realdır; mən düşünmürəm ki, bu çəkişmə formal, gözdən pərdə asmaq xarakteri daşıyır, aralarında, doğrudan da, fikir ayrılığı var, səbəbi də bizə aydındır; amma hər halda, rəsmi surətdə səsləndirilən fikirlər cavablandırılmalıdır; cavabı verilməsə, təsdiqlənmiş olacaq. Bir məqam budur. 

İkinci məqam budur ki, onlar sanksiyaların aradan qaldıracaqlarını dedikləri hissəsi haqda da belə danışırlar ki, “dondurulacaq” və ya “müvəqqəti olaraq dayandırılacaq”; amma biz məsələni bu şəkildə qoymamışıq. Aydındır ki, iqtisadi sanksiyalar aradan qaldırılmalıdır; özü də demişik ki, dərhal! Bu “dərhal” sözünü də mənalandırdılar, heç nə demədik; burdakı dostlarımız bu “dərhal” şərtini müəyyən şəkildə mənalandırdılar, bunun müəyyən ardıcıllıqla reallaşacağını dedilər, biz də etiraz etmədik. Amma hər halda, gec-tez sanksiyalar götürülməlidir, dondurmaq, müvəqqəti dayandırmaq söhbəti yoxdur. Əgər onlar donduracaqlarsa, olsun, biz də burda işləri dondurarıq; əgər elədirsə, onda biz nə üçün nəticəsi göz önündə olan əsaslı addımlar atmalıyıq? Bir sözlə, məqsəd sanksiyaların ləğvidir. Düzdür, müəyyən məqamlarda dedilər ki, sanksiyaların ləğvi bizimlə danışıqlar aparmış Amerika dövlətinin əlində deyil; “Onları dayandırıb öz qanuni hüquqlarımızdan istifadə edəcəyik” və sair dedilər; amma Amerikanın və ya Avropa dövlətlərinin əlində olan məsələlər tamamilə həll olunmalı, sanksiyalar qaldırılmalıdır.

Digər bir məqam budur ki, onlar öz çıxışlarında nüvə razılaşmasının və sair bu kimi danışıqların prinsiplərindən tamamilə kənar olan fikirlər səsləndirirlər; bu müzakirələrin mövzusundan tamamilə uzaq şeylər danışırlar. Amerika administrasiyasındakı cənablar və xanımlar 19-cu əsrin ingilisləri kimi danışırlar; yəni həqiqətən də, dünyadan, müasir tarixdən 2 əsr geridirlər! Bir vaxtlar Lord Kerzonun(3) Fars körfəzində İran və ya bu region haqda danışdığı kimi danışırlar; danışıqları buna bənzəyir; amma dünya dəyişib. Bu gün super-dövlətlərin artıq o gücü, o imkanları yoxdur, belə bir iş görməyə qadir deyillər; qarşılarındakı da İslam Respublikasıdır; hansısa adada yerləşən geridəqalmış bir ölkə deyil ki, ürəyiniz istəyəni deyəsiniz; xeyr, qarşınızdakı İslam Respublikasıdır; gücünün, imkanlarının müəyyən hissəsinə bələd olduğunuz, müəyyən hissəsinə də lazım gələrsə əməldə bələd olacağınız İslam Respublikası; o demək deyil ki, elə oturub bizi hədələyə bilərsiniz; bu tonda danışırlar.

Həmişə dedikləri sözlərdən biri də budur ki, “biz İslam Respublikasının rəsmilərinin və ya İran administrasiyasının fərqli davranmasını gözləyirik!” Fərqli nə deməkdir? Nədən fərqli? İslam Respublikasının keçmişindən fərqli? Xeyr, bu olmayacaq; “fərqli” deyəndə onlar İslam dəyərlərindən vaz keçməyi, İslam dininin hökmlərinə riayət etməkdən əl çəkməyi nəzərdə tuturlar; onlar üçün “fərqli” budur; belə bir şey baş verməyəcək. Nə hökumətimiz, nə parlamentimiz, nə digər rəsmilər qəti surətdə belə bir iş görməyəcəklər və əgər kimsə belə bir şey etmək istəsə, xalq, İslam Respublikası onun bu kimi davranışlarını qəbul etməyəcək, belə bir şeyin mənası da yoxdur. “Fərqli davranmaq” deməklə onlar bunu nəzərdə tuturlar ki, İran Amerikanın regionda yürütdüyü siyasətin çərçivəsinə daxil olsun. Amerikanın bu regionda yürütdüyü bir siyasət var, regionla bağlı öz fikirləri var. O fikirlərdən biri budur ki, bu regionun müqavimət qüvvələri tamamilə məhv olmalı, yox edilməlidir; başqa bir fikirləri budur ki, Amerika dövləti İraq, Suriya və sair dövlətlərdə ağalığını tamamilə təmin etməlidir. Onların fikri budur, gördükləri işlərin hamısının son hədəfi bunlardır. Onlar istəyirlər ki, bizim rəsmilərimiz, bizim dövlətimiz, bizim siyasətçilərimiz də bu siyasətlərin reallaşması istiqamətində hərəkət etsinlər; amma belə bir şey olmayacaq. 

Bəyanatlarında səsləndirdikləri və bizdə həsasslıq yaradan fikirlərindən biri də budur ki, deyirlər, BKTP Amerika üçün həm İranın daxilində, həm də İrandan kənarda – regionda fürsətlər yaradıb; bunu amerikalılar deyir, tez-tez səsləndirdikləri fikirlərdən biri də budur. Mən isə hökumətdə və digər rəsmi strukturlarda təmsil olunan dostlarımıza bunu demək istəyirəm ki, ölkə daxilində Amerikanın hansısa formada münasib fürsət ələ keçirməsinə qətiyyən imkan verməyin; həmçinin çalışın ki, ölkədən kənarda da Amerikanın əlinə belə bir fürsət düşməsin. Onlar bu fürsətlərə nə qədər yaxınlaşsalar, heç şübhəsiz, o yerdən xalqların zilləti, ölkələrin gerilik və əzab-əziyyəti başlayacaq. Bunların ölkə daxilində hansısa fürsətləri ələ keçirməyinə qətiyyən imkan vermək olmaz. Mən demişəm, elan etmişəm ki, biz nüvə məsələsindən başqa heç bir digər mövzu ətrafında Amerika ilə danışıqlara getməyəcəyik; bunu həm xarici siyasət rəsmilərimizə, həm də digər rəsmilərə söyləmişəm; o mövzuya girmək istəmirəm. Səbəbi də budur ki, onların izlədiyi siyasət kursu bizimkinin tam əksidir, bir-birindən 180 dərəcə fərqlənirik. Biri bu məsələdir. 

Digər bir məsələ isə iqtisadiyyatdır; bizim siyasi problemlərimiz məsələnin bir tərəfidir, amma iqtisadi problemlər də çox əhəmiyyətlidir. Mən hökumət kabinetindəki qardaşlarımızdan xahiş etmişəm ki, müqavimət iqtisadiyyatının siyasətinin reallaşdırılması üçün bir kompleks xarakterli və strateji əməli tədbirlər planı hazırlasınlar; bunu mən nazirlərlə keçirdiyim görüşdə onlara, həm də ayrıca möhtərəm ölkə prezidentinə söyləmişəm; və gözləyirəm ki, inşallah, bu, həyata keçiriləcək. Müqavimət iqtisadiyyatını hissələrə ayırıb “bu hissəni reallaşdırırıq” demək mümkün deyil; bu, bütöv,məcmu şəklində olan və ayrı-ayrı elemenetləri bir-birini tamamlayan bir siyasətdir. Onun bütün hissələrini reallaşdıra biləcək vahid bir icra proqramı olmalıdır. Əlbəttə ki, hökumət kabinetindəki qardaşlarımızın əzmi, niyyəti də elə budur, inşallah, çalışıb lazımi səyləri də göstərəcək, bu işi reallaşdıracaqlar. Əgər bu, baş versə, daha bizim üçün heç bir əhəmiyyəti olmayacaq ki, məsələn, İrana xaricdən geri qayıdan pul 100 milyard dollardır, ya beş milyard; yəni doğrudan da, bunun əhəmiyyəti arxa plana keçəcək. Əlbəttə, biz dünyadan başqalarında qalan pulumuzu istəyirik – hansı ki indiyə qədər o pulların geri qaytarılmasının qarşısı zülmlə alınıb – o pul bizim istifadəmizə verilməlidir, buna söz yox, amma müqavimət iqtisadiyyatının reallaşmasının əhəmiyyəti ümumilikdə xaricdəki o pullarla, onların bu şəkildə və birdən-birə belə böyük həcmdə geri qaytarılması ilə bitmir, bu kimi şeylərdən daha yüksəkdir. Məncə, əgər biz bu müqavimət iqtisadiyyatını yaxşı bir icra proqramı ilə əməldə – təkcə dildə yox – reallaşdıra, işə sala bilsək, işimiz necə lazımsa gedəcək, camaat da bizə kömək edəcək. Demişik ki, hökumətdə də operativ bir icra komitəsi təşkil olunmalı, onlar işlərin gedişini izləməli, hər bir strukturun vəzifəsini, işin hansı hissəsini hansı iqtisadi və ya qeyri-xidmət strukturunun yerinə yetirəcəyini müəyyən etməlidir; və vaxt bölgüsü aparılmalıdır; bu və ya digər strukturun öz öhdəsinə düşən vəzifəni hansı vaxt ərzində yerinə yetirəcəyi əvvəlcədən dəqiqləşdirilməli və inşallah, sona qədər işin gedişinə nəzarət olunmalıdır ki, bu möhtəşəm dinamika, bu hərtərəfli milli hərəkat gerçəkləşsin. 

Son olaraq bunları demək istəyirəm: ölkəmizin mömin insan qüvvəsi bilsin ki, biz İslam dininin hədəf və amallarına doğru gedirik; buna heç bir şübhə yoxdur. Və hamısı hazır vəziyyətdə olsunlar, hazırlıqlarını əldən verməsinlər; ölkənin dörd bir yanında olan mömin, nəcib, inamlı insanlar hərəkətə keçməyə hazır olsunlar; əlhəmdulillah, əhalimizin böyük əksəriyyətini də məhz onlar təşkil edir. Hərəkətə keçməyə hazır olmaq müharibəyə hazırlaşmaq mənasında deyil; yəni həm iqtisadiyyat, həm mədəniyyət, həm siyasət sferalarında, həm də digər müxtəlif arena və meydanlarda hərəkətə keçməyə hazırlıqlı olsunlar; hazır olsunlar, biz hamımız hazır olmalıyıq. Düşmənlərimizin bu gərgin səyləri qarşısında – hansı ki düşmənlərimiz gecə-gündüz bilmirlər – biz də gecə-gündüz bilməməli və hamımız hazırlıqlı olmalıyıq. Allahın verdiyi vədlər də mütləq surətdə doğrudur. Allah-taalanın verdiyi vədlər doğrudur, biz onlara şübhə və sui-zənlə yanaşmamalıyıq. Bir dəfə mən burda demişdim ki,(4) biz Allaha sığınmalı, ilahi vədlərə bədgüman olmamalıyıq; Allah-taala lənət edib: 

الظّآنّینَ بِاللهِ ظَنَّ السَّوءِ عَلَیهِم دآئِرَةُ السَّوءِ وَ غَضِبَ اللهُ عَلَیهِم وَ لَعَنَهُم وَ اَعَدَّ لَهُم جَهَنَّمَ وَ سآءَت مَصیرًا

“Allahın Onun barəsində bədgüman olanlara qəzəbi tutmuş və onlara lənət etmişdir. Cəhhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!” (“Fəth” surəsi, 6-cı ayədən) 

Yəni Allah-taala Ona bədgümanlıqla yanaşan şəxslərə lənət edib. Allaha xoş gümanla yanaşmaq odur ki, 

اِن تَنصُرُوا اللهَ یَنصُرکُم

“Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər”. (“Məhəmməd” surəsi, 7-ci ayə”
– deyiləndə buna inanasan; Yaradana xoş gümanla yanaşmaq bax budur; 

لَیَنصُرَنَّ اللهُ مَن یَنصُرُه

“Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cı ayə)

– deyə buyurulursa, buna inanmalıyıq. Əgər niyyətimiz, doğrudan da, Allahın dininə yardım etməkdirsə – Allaha yardım etmək də elə budur – zərrə qədər belə olsun şübhəyə yol vermədən bilməliyik ki, Allah-taala da hökmən bizə yardım edəcək. İnsan bu ruhiyyə ilə iş görərsə, inşallah, dediyimiz o mənəvi rahatlıq da qəlblərimizə nazil ediləcək.

Pərvərdigara! Deyib-eşitdiklərimizin, gördüyümüz işlərin Sənə xatir və Sənin yolunda olmasına hökm ver, Öz böyüklük və kərəminlə bunları bizdən qəbul et və İmam Mehdi Sahibəz-zamanın (ə.f) müqəddəs qəlbini bizdən razı və məmnun et.

Allahın salamı, rəhməti və mərhəməti nəsibiniz olsun.

__________________________

(1) Bu görüş Xubriqan Məclisinin 4-cü çağırışının 18-ci iclası münasibətilə, cari ilin 9-11 şəhrivər tarixində keçirilmişdir. Görüşün əvvəlində XM-in sədri Ayətullah Məhəmməd Yəzdi və XM-in sədr əvəzi Ayətullah Seyid Mahmud Haşimi Şahrudi məruzə ilə çıxış etmişlər. 
(2) 04.06.1394
(3) Lord Corc Kerzon – 1919-1924-cü illərdə (miladi) Britaniyanın Xarici İşlər Naziri olmuşdur.
(4) XM-in sədri və üzvləri ilə 25.06.1394-cü ildə keçirilən görüş nəzərdə tutulur.