Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Hökumət həftəsi münasibətilə ölkə başçısı və hökumət kabinetinin üzvləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

Bugünkü görüşümüzün 8-ci imam Həzrət Rzanın (ə) mövludu ərəfəsinə düşməsi çox gözəl və inşallah, mübarək təsadüflərdəndir. Ümidvaram, o pak və müqəddəs ruhun bərəkətlərindən biz hamımız faydalanarıq. O müqəddəs məqbərənin ölkəmizdə olması ən böyük iftixarlarımızdan olan, faydalana bildiyimiz məqamlardan biridir. O aliməqam şəxsiyyətin ehtiramını bacardığımız qədər uca tutmağımız, qəlbləri ona doğru yönəltməyimiz, sözsüz ki, mənəviyyatımızın və ölkəmizin xeyrinədir. Tutalım, cənab Axundi (2), misal üçün, İmam Rza məqbərəsinə gedən yol, ora sürət qatarının işə salınması və sair bu kimi şeylər üzərində düşünüb işləsə, əhalinin qısa vaxt ərzində ora gediş-gəlişi təmin olunsa, bunlar, inşallah, dövlətimiz üçün bərəkətli ola bilər.

Əziz şəhidlərimiz olan şəhid Rəcayi və şəhid Bahonərin də xatirəsini ehtiramla yad edirik. Hökumət həftəsi ölkəmizdə artıq neçə illərdir ki, qeyd olunur və artıq bir ənənə olaraq biz bu həftə hökumət kabinetində təmsil olunan zəhmətkeş rəsmilərimiz üçün fürsət yaradırıq ki, həyata keçirdikləri işlər barədə hesabatlar təqdim etsinlər, uğurlarından danışsınlar, gələn il və ya qarşıdakı illərdə hansı işlərə əzm göstərmək niyyətində olduqlarını ortaya qoysunlar; və onlar, gördükləri işlər təqdir olunur, rəsmilər, xalq onlara təşəkkürünü bildirir, yüksək qiymətləndirir, ola bilsin, hansısa məqamlarla bağlı xəbərdarlıqlar edilir və ya məsələn, hansısa çatışmazlığın aradan qaldırılması istənilir; Hökumət həftəsi bunun üçündür, intəhası bir məqama diqqət yetirmək lazımdır ki, Hökumət həftəsi  dövlət üçün bir bayramdır, yəni hansısa əlamətdar günün hər il təkrarən qeyd olunması deməkdir – hansı ki dilimizdəki “eyd” – bayram sözü də elə bu anlamdadır – nələrisə deməyin, danışmağın və sair bu qəbildən olan işlərin vaxtıdır.

Bu həftəni əlamətdar etmiş hadisə ölkənin ən acı olaylarından biri ilə bağlıdır; yəni şəhid Bahonər və şəhid Rəcayi kimi iki əziz insanımızın şəhadəti ilə əlaqədardır. Düzdür, bu il imamın (ə) mövludu ilə üs-üstə düşür, amma adətən bu həftə bizə o iki böyük şəxsiyyətin müsibətini xatırladır. Mənim fikrimcə, nə vaxtsa rəsmilərin qəlbinə və dilinə məhz bu cür gəlməsində, hadisələrin bu cür cərəyan etməsində, Hökumət həftəsinin məhz bu vaxta salınmasında Allahın hikməti budur ki, şəhid Rəcayi və şəhid Bahonər yaddan çıxmasın, iki örnək, iki etalon kimi daim bizim gözlərimizin önündə olsun. Deyə bilmərik ki, bu iki nəfərin örnək, etalon olması onların güclü idarəetmə bacarığı və ya məsələn, səriştə və təşəbbüskarlığına görədir; çünki o iki əzizimizin vəzifədə olduğu müddət o qədər də uzun çəkməyib. Mərhum Bahonər vəzifədə lap az olub, mərhum Rəcayi də bir neçə ay – təxminən 1 il idi ki, vəzifə postunda idi. Onların örnək hesab olunması nümunəvi davranışlarına, şəxsi, əxlaqi keyfiyyətlərinə görədir; bunu daim yadda saxlamalıyıq.

Zaman dəyişir; cürbəcür mədəniyyətlər, dəyərlər və sair gəlib-gedir – bu, zaman üçün xarakterik olan bir cəhətdir – düşüncələrdə, fikirlərdə dəyişikliklər yaranır, lakin sabit, dəyişməz bir prinsip qalır ki, onu daim nəzərdə tutmaq lazımdır. Müqəddəs İslam Respublikası quruluşunun rəsmiləri olan bizlər bu dəyişməz prinsipi o iki əziz və dahi insanın şəxsində axtarıb tapa bilərik. Mən o insanlarla, xüsusilə də mərhum Bahonərlə illərlə ünsiyyətdə olmuşam, eynilə mərhum Rəcayi ilə də; hələ inqilabdan öncədən tutmuş vəzifə postuna gəldikləri vaxta qədər, parlamentdə və ondan kənarda; bu insanlarda, həqiqətən də, elə keyfiyyətlər var idi ki, biz onları yaddan çıxarmamalıyıq. Məncə, onların bu yola, bu hədəflərə, İmam Xomeyninin (r.ə) müəyyən etdiyi, İslam Respublikasında təcəssüm olunan ideallara daşıdığı inam çox əhəmiyyətli bir meyardır; onların ixlası, xalqa xidmət ruhu; doğrudan da, gecə-gündüz bilmədən xalqa xidmət naminə işləyirdilər.

Özünü xalqın içindən olan biri kimi hiss etmək, xalqla ünsiyyət qurmaq, təmasda olmaq, camaatla yaxından söhbət etmək, bilavasitə xalqın özü, gündəlik yaşamı ilə təmas qurmaq üçün yollar axtarıb tapmaq; axı tutduğumuz postun tələbi ilə biz bir qədər çərçivə içərisindəyik, qarşımızda müəyyən məhdudiyyətlər olur. Mən cənab prezidentə də dəfələrlə demişəm ki, regionlara edilən o səfərlər çox yaxşıdır, gözəl tədbirlərdəndir, əvvəlki hökumətlərə də mən bunu həmişə tövsiyə etmişəm; bir yolu da budur; insanların evinə getmək, şəhidlərin yaşadığı mənzillərə baş çəkmək – Allaha şükürlər olsun ki, hazırda bu iş müəyyən qədər  adət halını alıb, yaxşı da bir işdir – xalqla cürbəcür formada təmasda olmaq üçün yollar axtarmaq; bunlar çox əhəmiyyətlidir. Bu kimi işlər insanda xalqa yaxınlıq, özünü xalqın içindən olan biri kimi hiss etmək, xalqı tanımaq ruhunu qoruyub saxlayır. Bu olmayanda insan cəmiyyətin vəziyyətindən xəbərsiz olur, yalnız ümumi problemləri görür; eynilə təyyarə ilə hansısa şəhərin üzərindən keçən bir insan kimi; doğrudur, o, şəhərin ümumi görüntüsünü aşağıda duran bir insandan daha yaxşı müşahidə edir, amma o küçə və dalanlarda, evlərdə nələr olduğunu, dükan-bazara kimlərin girib-çıxdığını bilmir. Bunları yalnız o küçələri gəzib-dolaşan adamlar bilir; düzdür, mümkün olan məhdud çərçivədə olsa belə. Xalqın arasında olmaq çox önəmlidir.

O insanlar tutduqları vəzifə sayəsində özlərinə gün ağlamamışdılar; bu da önəmli məsələlərdəndir. Biz bu gün tutduğumuz vəzifə postundan gələcəyimizi təmin etmək üçün istifadə etmək barədə düşünməməliyik. Dünyanın əksər ölkələrinin vəzifəli şəxslərində bu var, tutduqları vəzifədən gələcəkdə hansısa şirkətin idarə heyətinin üzvü, hansısa strateji maliyyə mərkəzinin səhmdarı olmaq üçün bir vasitə kimi istifadə edirlər. İnqilabın əsas prinsiplərinə və sairə sadiqlik; o iki şəxiyyətdə bu keyfiyyətlər var idi; biz də bu xüsusiyyətləri diqqətdə saxlamalı və onlara uyğunlaşmağa çalışmalıyıq.

Rəsmilərin rəftarı, davranış tərzi cəmiyyətdə bir mədəniyyət formalaşdırır; yəni bizim yerişimiz, danışığımız, həyat tərzimiz, kiminlə ünsiyyətdə olmağımız, kiminlə əlaqəni kəsməyimiz – bütün bunlar cəmiyyətdə bir mədəniyyət formalaşdırır. Odur ki sizin gördüyünüz işlər, etdiyiniz xidmət – hansı sferada olmasından asılı olmayaraq – gözlənildiyi kimi olsa (Allaha şükürlər olsun ki, indiyə qədər əksər sferalarda bu təmin olunub da) ixlasla olsa, çox işləsəniz, can yandırsanız, sizin bu əməyinizin xarici aləmdəki reallıqda göstərdiyi təsirlərdən əlavə, uzunmüddətli bir təsiri də olacaq ki, bu da mədəniyyətin formalaşmasıdır. Xalq bizə baxır, sizə baxır; bizim davranışımız, xarakterimiz əhalinin ümumi mədəniyyətini formalaşdırır. Odur ki o iki gözəl, əziz, xoşbəxt qardaşımızın xatirəsini də ehtiramla yad edirik və ümidvarıq ki, inşallah, biz də hamımız onların yolu ilə getməyə müvəffəq olacağıq.

Hökumət kabinetinin üzvlərinə, xüsusilə də möhtərəm ölkə başçısına çəkdikləri zəhmətə görə təşəkkür və qədirdanlıq etməyi də lazım bilirəm. Bu gün çox gözəl hesabatlar səsləndirildi, yaxşı olar ki, onlar ictimaiyyətə də çatdırılsın, xalq bütün bunları sizdən eşitsin. Cənab Sərəfrazdan (3) xahiş edirik ki, bu çıxışlar, bu hesabatlar nazirlərin öz səsi ilə yayımlansın, yəni qoy camaatımız həyata keçirilmiş işlər barədə cənab Nemətzadədən, cənab Zəngənedən, cənab Çitçiyandan, digər qardaşlarımızdan eşitsin. Bu, çox yaxşıdır; yəni camaat arxayın olsun ki, qardaşlar işləyir, zəhmət çəkir, hamısının başı gərgin işə qarışıb.

Düzdür, bir çox müsbət işlər görülüb, amma bir şeyi həmişə yadda saxlamalıyıq: elə şeyləri dilə gətirib demək lazımdır ki, insanlar öz yaşamındakı reallıqlara baxanda onları təsdiqləsin, yəni vəziyyətin həqiqətən də belə olduğunu görsünlər. Cənab Dr. Haşemi o səhiyyə layihəsini bir müddət idi ki, reallaşdırmağa başlamışdı, mən qəsdən bəzi insanlara suallar verir, soruşdururdum; gediş-gəlişimiz olan insanlardan, xalqın içindən olan şəxslərdən – qohumlardan, dostlardan, bəzən Məşhədə səfərlərimdə və ya başqa yerlərdə – gördüm ki, insanlar bunu hiss edib; yəni deyirdilər ki, bəli, məsələn, xəstəxanaya getdik, bu cür idi; bax bu, çox yaxşıdır. Elə işlər var ki, əhali üçün əlçatan deyil, camaat onları görmür, xalq onların yalnız ikincili təsirini hiss edəcək, amma elə işlər də var ki, bilavasitə xalqa aiddir; bu şeylərdən danışmaq lazımdır. Misal üçün, mən deyirəm ki, iqtisadiyyatda nisbətən stabillik hiss olunur; bu barədə hamı məlumatlar verir, müxtəlif yerlərdən bizə çatan məlumatlarda da deyilir ki, bu, doğrudan da, var, müşahidə olunur. Valyutanın dəyərində kəskin dəyişmələrin idarə olunması, artıq müşahidə olunmaması çox müsbət bir haldır, üstünlükdür, amma diqqət yetirmək lazımdır ki, bu vəziyyət qorunub saxlansın. 

İnflyasiyanın azalması da çox yaxşıdır. Əlbəttə ki, biz inflyasiyanın hazırkı səviyyəsi, yəni ikirəqəmli ədədlə olan o göstərici ilə də razı deyilik. Bayaq cənab prezident qeyd etdi ki, inflyasiya, məsələn, 13 tam onda neçə faizə çatıb – əlbəttə ki, başlıca meyar illik inflyasiyadır; detallar əhəmiyyətli deyil, onlara önəm verilmir; əsas o illik inflyasiyadır – dünyada inflyasiya səviyyəsi ikirəqəmli ədədlə ifadə olunan ölkələr çox az saydadır və biz də onların sırasındayıq. Biz inflyasiyanın səviyyəsini 10-dan da aşağıya salmalıyıq, yəni bu hədəfə köklənməliyik; bu səviyyəyə çatmaq üçün çalışmalıyıq. Düzdür, bəzən bizdən asılı olan və olmayan müəyyən proseslərlə bağlı inflyasiya artır, amma aydındır ki, bu cür hallar qalıcı olmur, o yüksək səviyyəli inflyasiyalar heç vaxt uzun müddət davam etmir; bunları bu və ya digər şəkildə enmə xəttinə istiqamətləndirirlər və Allaha şükür, indiyə qədər istiqamətləndirmisiniz də; bunu edə bilmisiniz, amma bu səviyyə ilə kifayətlənməyin; inflyasiyanı aşağı salın. Amma indiki vəziyyət də yaxşıdır. Hazırda 13-14 faizə çatdırılmağının özü də böyük bir addımdır.

İqtisadiyyatda durğunluqdan çıxış üçün göstərilən səylər də çox yaxşıdır. Əlbəttə ki, durğunluqla bağlı mən indi müəyyən məqamları qeyd edəcəyəm, təkbətək söhbətlərimizdə cənab prezidentə də müəyyən şeyləri demişəm; hər halda, ölkəni durğunluqdan çıxarmağa çalışırsınız, bu, çox əhəmiyyətlidir, çünki durğunluq həm inflyasiyaya, həm də işsizliyə təsir göstərə biləcək bir məsələdir; durğunluq ölkədə çox önəmli bir problemdir. Bu istiqamətdə çox müsbət səylər göstərilir.

Səhiyyə məsələsi müsbət cəhətlərdəndir. Prezidentin elmi məsələlər üzrə müavinliyi tərəfindən dəyərli işlər həyata keçirilib. Suvarma məsələsi də; hansı ki ölkə başçısının birinci müavini də bu məsələ ilə fəal surətdə məşğul olub; səhv etmirəmsə, Xuzistan, Eylam, Zabel və digər yerlərdə özünüz şəxsən olmusunuz. Zabelə getməmisiniz? Hə, onda Zabilə də, mütləq, gedin; yaxşı oldu ki, dedik. Bütün bunlar, heç şübhəsiz, həyata keçirilmiş çox müsbət işlərdir. Eynilə nüvə məsələsi də. Düzdür, indiyə qədər bu barədə çox danışmışıq, bir çox məqamlara toxunmuşuq, demişik, eşitmişik, amma əsas odur ki, yoldaşlar bu danışıqları başa çatdıra bildilər, çünki danışıqların uzanmasının özü bir problem idi, bu məsələni bağlaya bildilər; bunun özü çox əhəmiyyətli bir işdir. Kənar-bucağında hansısa problem olsa belə, sizlərin, digər rəsmilərimizin görəcəyi tədbirlər sayəsində, inşallah, aradan qaldırılacaq. İstənilən halda, mən bu məsələ üzərində işləyən, çalışan qardaş və bacılarımıza təşəkkürümü bildirirəm, amma bu nüvə məsələsi, danışıqların yekunlaşması ilə bağlı məni narahat edən bir məsələ var: biz İslam Respublikasının açıq düşmənlərinin izlədiyi hədəflərə, həyata keçirmək istədiyi işlərə diqqət yetirməliyik. Aydındır ki, inqilabın əvvəlindən indiyə qədər İslam Respublikasının düşmənlərinin ədavəti azalmayıb; düzdür, müəyyən yerlərdə düşmənçiliklər, ədavət planları cilovlanır, idarə olunur – buna əsla şübhə yoxdur –  amma bu o demək deyil ki, düşmənçiliklər azalıb. Mən bu fikirdəyəm ki, qondarma və işğalçı sionist rejiminin, yaxud ABŞ-ın əvvəldən indiyə qədər bizimlə olan düşmənçiliyi qətiyyən azalmayıb; əlbəttə ki, hərəsininki bir səbəbə görə; sionist rejiminin bir səbəbdən bizimlə düşmənçiliyi var, amerikalıların isə başqa bir səbəbdən, amma ikisi də eyni dərəcədə bizə düşməndir, bizdən acıqları gəlir və bu düşmənçilik azalmayıb; inqilabın ilk günündən gördükləri işləri bu gün də görürlər; intəhası işlətdikləri metodları dəyişiblər, inkişaf etdiriblər; bir vaxtlar bir cür düşmənçilik edir, zərbə vururdular, indi isə bunu başqa vasitələrlə, başqa üsullarla edirlər; bunu diqqətdən qaçırmaq olmaz. Müxtəlif sahələrin rəsmiləri hamısı – təkcə Xarici İşlər Nazirliyinə, cənab Dr. Zərifə aid deyil; müxtəlif strukturlar, iqtisadi qurumlar, mədəni qurumlar – diqqət yetirməlidirlər ki, düşmənin cızdığı planın tərkib hissəsinə çevrilib onun dəyirmanına su tökməyək; belə ki qəbul etdiyimiz hansısa qərar – istər siyasət sferasında olsun, istər iqtisadiyyatda, istər ticarətdə, istərsə də mədəniyyət sahəsində – düşmənin özü üçün, öz xeyrinə nəzərdə tutduğu plana yardımçı olmasın. Onların danışığından, yazdıqlarından, səsləndirdikləri cürbəcür bəyanatlardan məqsədlərinin nə olduğunu anlamaq olar; yəni mənim düşmənçiliklərdən danışmağım fantaziya, təxəyyül, qeybdən xəbər vermək, yatıb yuxu görmək deyil; yox, bunlar gözümüzün önündə olan reallıqlardır. Ola bilsin ki, onlar başqa cür danışsın, amma xarici aləmdəki reallıqlar – bizim görüb hiss etdiklərimiz – o düşmənçilikdən xəbər verir, düşmənçiliyin göstəricisidir; intəhası özünəməxsus metodları var. İndi biz bu düşmənçilik qarşısında nə etməliyik – bu, ayrı söhbətin mövzusudur, amma düşmənçiliyin olduğunu unutmamalıyıq; mənim demək istədiyim budur. Qarşınızda səngər arxasında, silahları hazır vəziyyətdə bir düşmən cəbhəsi olduğunu biləndə siz buna uyğun davranacaqsınız; baxacaqsınız ki, atəş açmaq lazımdır, ya sakit durmaq, səngərdə gizlənmək lazımdır, yoxsa səngərdən çıxmaq; bunlar sonrakı söhbətdir; əsas odur ki, qarşımızda bizə qarşı düşmən niyyətdə olan bir cəbhə olduğunu yaddan çıxarmayaq. Əlbəttə ki, mənim bu sözlərim təkcə rəsmilərə ünvanlanmır, xalqımızın bütün nümayəndələri, xüsusilə də inqilaba can yandıran, inqilaba xidmət etməyə hazır olan insanlar diqqətli olmalıdırlar; intəhası, təbii ki, inqilaba sadiq olan digər insanlarla müqayisədə dövlət adamlarının bu məsələdə öhdəsinə daha böyük məsuliyyət düşür. Məncə, ilk olaraq dərhal atmalı olduğumuz addım açıq və qətiyyətli inqilabi mövqe tutmaqdır; yəni heç kimdən və heç nədən çəkinmək lazım deyil. Öz inqilabi mövqeyimizi, İmam Xomeyninin (r.ə) əsas prinsip və ideallarını açıq-aşkar bəyan etməli, bundan utanmamalı, üzgördülük etməməli, qorxmamalı, bilməliyik ki,

وَ للهِ‌ جُنودُ السَّمواتِ وَ الاَرضِ وَ کانَ اللهُ عَزیزًا حَکیمًا

“Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır”. (“Fəth” surəsi, ayə 7)

Yer üzündəki bütün imkanlar, dünyada hökm sürən bütün qanunauyğunluqlar Allah-taalanın ordusudur, Allaha təvəkkül etməklə, Allahın qoyduğu yolla getməklə bu ordunu özünə köməyə cəlb etmək, onun önündə durmaq olar.

Və sayıq olmalıyıq; bir neçə gün əvvəl mən söhbət edərkən dedim ki, bunlar bir yol, boşluq tapıb ölkəyə nüfuz etmək niyyətindədir; bu boşluq müxtəlif yerlərdə ola bilər; diqqətli olun. Bir də xəbər tutursan ki, misal üçün, filan təşkilat gəlib ölkəmizdə mədəni həyatın hansısa sferasını – tutalım, uşaq bağçalarını – xüsusi bir formada istiqamətləndirir; ilk baxışdan anladığın bu olur, yaxınlaşanda görürsən ki, təhlükəli və böyük bir işdir, amma diqqət yetirən olmayıb; bax boşluq bunlardır; cürbəcür sferalarda; iqtisadiyyatın müxtəlif sferalarında, gediş-gəlişlərdə, bütün strukturlarda. Biri bu açıq-aydın, qətiyyətli mövqe bildirmək məsələsidir. Biri də, xoşbəxtlikdən, xalqımız arasında mövcud olan bu birlik və həmrəyliyin qorunmasıdır. Həmrəylik deyəndə dərhal bunu düşünmək lazım deyil ki, məsələn, cəmiyyətin bütün üzvləri bir-biri ilə qardaş kimi səmimidir; yox, sadəcə, camaatımız birgə hərəkət edir. Misal üçün, 22 bəhmən yürüşlərinə baxanda görürsən ki, hamı eyni tərəfə gedir; o adamlar hamısı eynidirmi? Eyni siyasi cinahdandırmı? Eyni partiyadandırmı? Yox, amma istiqamət birdir;  bu vahid istiqamətlənmənin qədrini bilmək, buna görə şükür etmək, bu məqama əhəmiyyət vermək lazımdır. Bu mövzu ətrafında lüzumsuz söhbətlər, şərhlər edilməməlidir; bəzi şərhlər destruktiv xarakterlidir; yəni o vahid istiqamətlənməni pozur; buna diqqət yetirməliyik.

Mən hazırda yaşadığımız etapın prioritetləri olaraq bir neçə məqamı burada qeyd etmişəm, onları sizə çatdırmaq istəyirəm; əlbəttə, sevindirici haldır ki, cənab nazirlərin bugünkü məruzələrində mənim qeyd etdiyim məsələlərdən bəziləri əksini tapırdı, amma mən yenə də vurğulamaq istərdim; toxunacağım mövzulardan bəziləri təkrar olacaq, ancaq təkrar etməyin heç bir eybi yoxdur; elə məqamlar var ki, onları nə qədər təkrar-təkrar vurğulasan, problemi yoxdur. Görürsünüz, Quranda Musanın hekayəsi neçə dəfə təkrarlanır. Bu mövzuları da təkrarlamağın heç bir problemi yoxdur; vəzifə məsuliyyətimizi bizə xatırladır, stimulumuzu gücləndirir.

Biri ölkənin elmi inkişaf tempini qoruyub saxlamaqdır. Düzdür, elmi inkişafa görə tutduğumuz yeri qoruyub saxlamışıq; yəni aşağı enməmişik. Elə həmin 15-16-cı yerdəyik – hansı ki çox yüksək bir yerdir, yaxşıdır – amma elmi inkişafımızın sürət tempi azalıb. Mən bunu universitetlərimizin rəsmilərinə də demişəm və elə indi də deyirəm ki, perspektiv inkişaf planının ikinci onilliyində – hazırda bu planın ikinci onilliyinə qədəm qoymuşuq –  elmi tərəqqinin sürət tempinin azalmasına imkan verməyin. Biz eyni sürətlə irəli getsək, elmi inkişafımıza görə tutduğumuz yer də, hökmən, daha böyük dəyər və əhəmiyyət qazanar; yəni ola bilsin, ilk onluqda yer alarıq; məncə bu, çox əhəmiyyətli bir məsələdir. Axı elm ölkənin başlıca infrastrukturudur. Əgər biz hökumət nümayəndələrinin bu gün haqqında məruzə etdiyi bütün sferalarada: sənayedə, kənd təsərrüfatında, neftdə, orduda, səhiyyədə və digər sahələrdəki balanslaşmada elmin, elmi təşəbbüslərin, elmi inkişafın, alimlərin iştirakını təmin etsək, vəziyyət tamamilə dəyişər; sıçrama müşahidə olunar; biz buna etinasız yanaşmamalıyıq; mən belə düşünürəm. Mən inanıram ki, elm, elmi tədqiqatlar sahəsinə nə qədər pul xərcləsək də, bu, bir sərmayə qoyuluşudur; yəni bu sahəyə pul xərcləməkdən əsla qorxmamalıyıq. Elə yerlər var ki, ora xərclənən pullar, doğrudan da, hədər getmir; onladan biri də elmdir. Nə qədər çox pul xərcləsək də, gələcək üçün sərmayə qoymuş oluruq və bu, bizim öz varlığımız, pulumuz, resurslarımızla edə biləcəyimiz ən yaxşı işdir.

Perspektiv inkişaf proqramının birinci onilliyində müşahidə olunan önəmli məqamlardan biri də budur ki, elmi hərəkat cəmiyyətimizdə diskursa çevrilib; sevindirici haldır ki, beynəlxalq statistik mərkəzlərin hesabatlarına görə, biz elmi inkişafa başlamışıq və bu yerə gəlib çatmışıq; yəni görülən işlər yalnız bir neçə dövlət strukturu ilə məhdudlaşmayıb, elmi inkişaf məsələsi universitetlər, tələbələr arasında ümumi bir diskursa çevrilib. Son bir neçə ildə universitetlərimizin ictimaiyyəti ilə keçirdiyimiz görüşlərdə mən görürdüm ki, gəlib söhbət edirlər – ya müəllimlər, ya tələbələr – məndən, misal üçün, bir neçə il əvvəl bizim universitetlər qarşısında qaldırdığımız məsələlərin reallaşmasını istəyirlər; bu, məni çox sevindirir. Məlum olur ki, bu mövzular artıq diskursa çevrilib, ümumi bir atmosferə, ümumi bir arzuya çevirlib; bu, çox dəyərlidir. Gəlin bu diskursu qoruyub saxlayaq; yəni mən təkid edirəm ki, aidiyyətli qurumlar – universitetlər, Təhsil Nazirliyi, xüsusilə də prezidentin elmi məsələlər üzrə müavinliyi (deyəsən, bu gün burda yoxdurlar) – hökmən bu sahəyə, yəni elmi inkişaf diskursunun qorunmasına ciddi diqqət ayırsın. 

Elmi əsaslı şirkətlərin üzərində möhkəm durmaq lazımdır; bu gün bu barədə məruzə edildi, çox yaxşıdır. Elmi-texnoloji nailiyyətlərin bazara çıxarılması, elm və texnologiya parkları və sair çox lazımlı və müsbət işlərdir. Baxın, bizim iqtisadi problemlərimizdən biri də məşğulluq məsələsidir; məşğulluğu təmin etməyin ən yaxşı yollarından biri də elə o elm və texnologiya parkları, tələbələrin sərvətə çevrilə biləcək texnologiyaların istehsalına cəlb edilməsidir. Bir az onlara kömək edilsə, bir az istiqamət verilsə, qarşılarına  praktik, təcrübi – real iş qoyulsa, işləyəcəklər. Məncə, universitetdən məzun olan hər kəsin gedib bir dövlət qurumunda işləməli olduğunu düşünmək, “ali təhsilli məzunlar çoxdur, yerimiz yoxdur, bu qədər adama iş vermək imkanımız yoxdur” – deyə yas tutmaq yanlış yanaşmadır. Düzgün yanaşma odur ki, biz yolu açaq; bu barədə düşünmək lazımdır; yəni konkret proqramlar hazırlamaq lazımdır ki, tələbələrimiz hələ təhsil aldıqları dövrdə – misal üçün, tələbəlik illərində, yaxud magistratura və doktorantura dövründə, daha yüksək elmi biliklərə yiyələnməyə başladıqları zaman – onların üzünə yollar açılsın, gedib bir yerdə elmi işlə məşğul ola bilsinlər. Doğrudan da, saysız-hesabsız ixtisaslar var. Mənim fikrimcə, elmdən qaynaqlanan ixtisasları saymaqla bitirmək olmaz. Nə qədər adamımız olsa da, onları elm sahəsində işlə təmin edə bilərik, bir şərtlə ki, oturub işləyək. Bir məsələ elm məsələsidir.

Digər bir məsələ mədəniyyət məsələsidir. Burda iştirak edən dostlarımız, xüsusilə də ölkənin mədəniyyət rəsmiləri və cənab prezident özü mənim mədəniyyət mövzusuna nə qədər həssaslıqla yanaşdığımı bilirlər. Bəzən elə olub ki, mədəniyyətlə əlaqəli məsələlərə görə səhərə qədər mənim gözümə yuxu getməyib; mədəniyyətlə bağlı problemlər ucbatından; yəni mədəniyyətlə bağlı mövzular bu qədər əhəmiyyətlidir.

Bu sahədə yerinə yetirilməli olan iki əsas və önəmli iş var; birincisi, müxtəlif sferalarda sağlam mədəni məhsullar ortaya qoymaq, ikincisi, zərərli məhsulların, belə deyək, ziyanverici mədəniyyət məhsullarının qarşısını almaq; mənim fikrimcə, bunlar əsas işlərdəndir. Mədəni məhsullara, nəşr olunan kitablara və sairə ehtiyatlı yanaşma bütün dünyada var. Dünyanın hansı yerində yoxdur? Mənə birini göstərin? Baxın xanım İbtikar bu gün burda iştirak edir; o özü mənə deyib ki, qələmə aldığı kitabın çapına Amerikanın heç yerində imkan verilməyib. Heç bir naşir o kitabı çap etmək istəməyib – həddən artıq təəssübkeşlik ucbatından yox; çox satılan bir kitab olsa, istənilən naşir onu nəşr etməyə razılıq verir; qorxduqlarına, ehtiyat etdiklərinə görə bu işə getməyiblər – axırda, deyəsən, Kanadada bir naşir tapıb, həmin adam da, məncə, qorxa-qorxa çap edib (ya heç etməyib); bir neçə il əvvəlin söhbəti olduğuna görə detalları, ola bilsin ki, yadımda qalmayıb. Bunları danışın, qoy o cənablar bilsinlər ki, əgər bizdə hansısa kitabın qarşısı alınırsa, dünyada bunu edən təkcə cənab Cənnəti (4) deyil. Yox, bu, Amerikada da, Avropada da var. Holokost haqda danışmağa heç kəs cürət etmir; yaxşı, Holokost ki ideoloji bir məsələ deyil; amma iş gəlib İslamın müqəddəs şəxsiyyətlərinin təhqiredici karikaturalarına çatanda orda bu cənablar azadlıqsevər, söz və ifadə azadlığının tərəfdarı olurlar! Holokasta çatanda isə yox, söz azadlığı yoxdur. Hicab məsələsi də, başqa məsələlər də eynilə belədir; bəli, hər bir ölkənin öz prinsipləri var ki, onlar qorunmalı, hakim qurumlar həmin prinsiplərə riayət etməlidir; burda heç bir üzgörənlik ola bilməz. Hansısa teatr tamaşasının, filmin, kitab, yaxud nəşrin İslamın və inqilabın prinsiplərinə zidd olduğunu görürsünüzsə, qarşısını alın, ona qarşı mübarizə aparın, tədbir görün. Necə mübarizə aparmaq lazımdır – bu, başqa söhbətin mövzusudur, hökumət qurumlarından asılıdır, baxın görün qəbul etdiyiniz qanunlar, qərarlar bu haqda nə deyir, amma üzgörənlik etməyin və bunu açıq-aydın, birbaşa deyin. Deməli, əsas iş sağlam mədəni qidanın hazrılanması və qeyri-sağlam, ziyanlı mədəni qidanın qarşısının alınmasıdır.

Mədəniyyət sferasını qətiyyən özbaşına buraxmaq olmaz; mədəni işlərin idarə olunması olduqca lazımlı bir işdir; idarəetmə də inqilabi şüarlara, İslam İnqilabının prinsiplərinə əsaslanmalıdır; yəni bir şeyə diqqət yetirmək lazımdır ki, əsas məsələ inqilabın, İmam Xomeyninin, ölkənin suverenliyinin başlıca prinsiplərinin qorunmasıdır. Zənnimcə, hazırkı etapda prioritetlərin sırasında olan məsələlərdən ikincisi də budur.

Hamısından daha aktual və təcili olan üçüncü prioritet isə iqtisadiyyatdır; doğrudur, sevindirici haldır ki, cənab Cahangiri bilərəkdən bugünkü iclasın reqlamentini iqtisadi problemlərin önə çəkiləcəyi bir formada qurmuşdu. Bu gün iqtisadiyyat  ölkə üçün həm onun müqəddəratı və həqiqi inkişafı, həm xarici nüfuzu, həm də xalqın yaşamının reallıqları baxımından önəmlidir. Odur ki iqtisadiyyat məsələsi, əslində, ölkənin başlıca prioritetidir və bu məsələ üzərində nə qədər düşünülsə, nə qədər iş görülsə, səy göstərilsə, bu mövzu nə qədər çox vurğulansa, yerinə düşər.

Əvvəla, bizim iqtisadiyyatla bağlı fikrimiz bundan ibarətdir ki, ölkənin iqtisadi inkişafı ədalətlə yanaşı olmalıdır; biz ədalətsiz iqtisadiyyatı qəbul etmirik; yəni inqilab qəbul etmir; İslam Respublikası quruluşu qəbul etmir. Diqqətli olmaq lazımdır ki, təbəqələşmə yaranmasın; yoxsulların haqqı tapdanmasın; bunlar bizim makroiqtisadi proqramlarımızda, bir qədər sonra haqqında danışacağım müqavimət iqtisadiyyatında yer alan məsələlərdir. Ədalət, yaşayış minimumlarının təmin edilməsi kimi məsələlərə müqavimət iqtisadiyyatının siyasətlərində də rast gəlinir.

Mənim fikrimcə, iqtisadiyyat sahəsində görüləcək başlıca işlərdən biri əməyin cəmiyyətdə ümumi diskursa çevrilməsidir; gündəlik işlər arasında dəyərli işlər daha çox yer tutmalıdır və onların azlığı böyük bir nöqsandır. Biz çalışmalıyıq ki, tənbəlliyi, işsiz-gücsüz gəzməyi, əməyə etinasız yanaşmanı xalqımızın gözündə düzgün bir şəkildə dəyərdən salaq; yəni bikarlıq utancverici bir şey olmalıdır; iş, əmək cəmiyyət üçün dəyər olmalıdır. Rəvayətlərdə oxuyuruq ki, bir gün Peyğəmbərimiz (s) bir gənclə rastlaşıb, ondan xoşu gəlib, həmin gənci yanına çağırıb, məsələn, adını soruşub, peşəsinin nə olduğunu xəbər alıb. Gəncin bikar olduğunu, heç bir işi, məşğuliyyəti olmadığını eşidəndə o Həzrət buyurub:

سَقَطَ مِن عَینی

– “Gözümdən düşdü” (5). Yəni əmək belədir. Peyğəmbərin (s) ki heç kimin qarşısında çəkinəcəyi yoxdur. Belə olmalıdır. Əlbəttə ki, bu məsələdə iki tərəfin bir-birindən tələbi var; işsiz olan iş tələb edir, “mənə iş verin” deyir, iş tələb edən, əhalinin işləməyini istəyən də “iş tap” deyir; burda bir orta yol var ki, ola bilsin, söhbət əsnasında mən bu məsələyə toxundum. Amma yenə də biz ölkədə insanlarımızı əməyə, dəyər yaratmağa, sərvət yaratmağa təşviq etməliyik; bunu həm dövlət işçiləri deməli, həm də qəzet və jurnallarda yazıları, fikirləri ilə çıxış etmək imkanı olan adamlar bu tribunlardan, bu statusdan istifadə edərək məsələləri çatdırmalıdırlar. Əmək, məşğulluq məsələsində əsas məqamlardan biri budur.

Digər bir məsələ isə düzgün məşğulluq mənbələrinin yaradılmasıdır; bu, sözdə deyilən bir fikir olsa da, çox böyük və əhəmiyyətli bir işdir. Məşğulluq mənbələrini biz yaratmalıyıq. İşləmək, məşğulluq haqda danışıb təbliğat aparanda qarşı tərəf deyir, yaxşı, mən işsizəm, nə edim? İş axtarmağın yollarını camaata biz göstərməliyik. Bir neçə gün əvvəl televiziyada yaxşı bir veriliş gördüm; maarifləndirici formada hazırlanmışdı. Qonaqlardan biri danışırdı ki, 10 milyon tümənlə özünə iş yeri yaradıb və müəyyən gəlir əldə edə bilib. Gül becərməklə bağlı idi, gül becərdiyini deyirdi. Onu da deyirdi ki, bu sahə ilə məşğul olmaq istəyənlər üçün dövlətə məxsus torpaq sahələrindən filan-filan yerlərdə pay ayrılır; məsələn, istəyən gedib gül əkib-becərməklə məşğul olsun. Yadımdadır, sizdən əvvəlki hökumətlərdən birinin dövründə iqtisadçı dostlarımız gəlmişdi, yeni iş yeri açmaq üçün nə qədər vəsait lazım olduğu barədə danışdırdılar. 100, bəzi sahələrdə isə 500 milyon tüməndən və bu kimi məbləğlərdən danışılırdı! Amma belə çıxır ki, 10 milyon tümənlə də yeni iş yeri yaratmaq mümkündür. Bu hələ bir nümunədir; deyəsən, elə həmin kanalda başqa bir nümunə də görmüşdüm; başqa bir verilişdə idi; qonaq olan xanım nəyinsə istehsalı ilə məşğul idi və deyirdi ki, bu məşğulluq sferasını 20 milyon tümən maya ilə yarada bilib. Deməli, məlum olur ki, imkanlar, potensial həddən artıq böyükdür. Yoldaşlarla burda keçirdiyimiz görüşlərdən birində söhbət düşdü, dedilər ki, biz iqtisadi inkişafımızı daha da artırmalıyıq; mən dedim ki, Avropanın bəzi inkişaf etmiş dövlətlərinin illik iqtisadi inkişafı bir qayda olaraq 1,2, 2.5 faizdir; səbəbi isə odur ki, onların imkan və potensialı artıq tam istifadə olunub; necə ki, məsələn, vaxtı ikən illik 10, 11,12 faiz iqtisadi artımı olan Çinin hazırda bu göstəricisi xeyli aşağı düşüb; çünki potensialı artıq istifadə olunub. Bir çox imkanları artıq istifadə olunub və getdikcə daha da azalacaq; bizim isə potensialımız hələ çoxdur. Elə buna görə də 6-cı inkişaf proqramında 8 faizlik iqtisadi artımdan danışıldığı zaman buna şübhə ilə yanaşan dostlarımıza cavab olaraq ekspertlər söylədilər ki, biz bunu bacaracağıq, ölkənin reallıqlarına tamamilə uyğundur; eynilə bu gün cənab prezidentin də qeyd etdiyi kimi. Odur ki önəmli məsələlərdən biri də yeni məşğulluq sahələrinin yaradılmasıdır; baxmalıyıq ki, yeni iş yerlərinin yaradılmasına necə nail olmaq olar. Bəs bu iş dövlət qurumlarından hansının öhdəsinə düşür? Cənab Rəbii (6) ki, həmişə yaxasını kənara çəkib məşğulluq, yeni iş yerlərinin açılması və sair bu kimi məsələlərin ümumiyyətlə onun vəzifələri sırasına daxil olmadığını deyir; amma necə olursa-olsun hansısa qurum – ya siz, ya Dövlət Proqramları Komitəsi bu məsələyə görə məsuliyyət daşıyır. Əlbəttə ki, müəyyən mənada İqtisadiyyat Nazirliyinin də bəzi məqamlarda öhdəsinə müəyyən vəzifələr düşür; hansısa məsələlərə görə məsuliyyəti İqtisadiyyat Nazirliyinin öhdəsinə buraxmağımız o demək deyil ki, sizlərə səmimi yanaşmırıq. İqtisadiyyat Nazirliyinin, yaxud bankların da öhdəsinə düşən müəyyən vəzifələr var; cənab Seyfə də gəlib çatacağıq (7).

İqtisadiyyatla bağlı mənim dönə-dönə vurğuladığım mühüm məsələlərdən biri də xarici ticarətin ciddi şəkildə idarə olunmasıdır; xarici ticarət olduqca önəmli bir sahədir. Xaricilər uzun illər boyu ticarət məsələsində bizim ölkəmiz də daxil olmaqla başqa ölkələrə bu cür yanaşıblar ki, burda xammal var, gəlib onu aparsınlar və özləri üçün əlavə dəyər istehsal etsinlər; bundan başqa, bizə öz istehsal etdikləri məhsula geniş tələb mövcud olan yaxşı bir satış bazarı kimi də baxıblar. İnqilabdan əvvəl ölkəmizdə hakim olan rejim də bu yanaşmanı qəbul etmişdi; bir vaxtlar təsadüfən bir yerdə mənim o vaxtkı parlamentin deputatlarından biri ilə bu barədə bir polemikam da olmuşdu; açıq-açığına mənim üzümə deyirdi ki, bu, çox yaxşı bir haldır! Ümumiyyətlə bu, çox yaxşı bir şeydir ki, biz pulunu veririk, avropalılar da nökər kimi işləyib bizim üçün məhsul istehsal edib gətirirlər. Yəni doğrudan da, məntiqi bu idi; ölkəni bu səmtə çəkən səfeh və ağılsız bir məntiq. Bu gün – yəni inqilabdan sonra isə bizim yanaşmamız fərqlidir; biz düşünürük ki, məsələ heç də belə deyil; olsun, qoy bizim bazarlarımızdan bir hissəsi xarici istehsalçıya aid olsun, amma həmin xarici istehsalçının bazarlarından bir qismi də bizə aid olmalıdır; yəni ədalətli bir mübadilə və qarşılıqlı idxal olmalıdır; bu, çox önəmli bir məsələdir.

Cənab Nemətzadə idxal məsələsi ilə bağlı qeyd etdi; əlbəttə ki, utancvericidir; 4 nazirliyi cənab Nemətzadəyə həvalə ediblər! 4 nazirlik idi də: Sənaye, Ağır Sənaye, Mədən və Ticarət Nazirlikləri. Mənim özümə də sona qədər qaranlıq qalan qəribə işlərdən biri də elə bu oldu: nəyə görə Ticarət Nazirliyi Sənaye və Mədən Nazirliyinə birləşdirildi; yəni doğrudan da, bu günə qədər bu sualın cavabını tapa bilməmişəm. O vaxt bu işi həyata keçirəndə də bunu nə məqsədlə etdikləri mənə aydın olmamışdı. Nə isə, parlament və hökumət rəsmiləri ölçüb-biçib bu qərara gəlmişdilər, etdilər. Doğrudan da, çətin bir işdir, mən ona haqq verirəm, işi ağır ola bilər, amma hər halda, bu iş yerinə yetirilməlidir; yəni olduqca mühüm işlərdən biri də xarici ticarətin idarə edilməsidir. O baxımdan ki, bura sırf xarici məhsulların bazarı olmasın; avtomobil, yaxud başqa bir məhsulun bazarı birbaşa onlara verilməsin. Bundan daha betəri bankların məsələsidir.

Mühüm məsələlərdən biri də müqavimət iqtisadiyyatıdır. Bu il müqavimət iqtisadiyyatının ikinci ilidir. Ötən il – 1393-cü il – müqavimət iqtisadiyyatı siyasətlərinin başlanğıcı idi. Hökumət kabinetindəki dostlarımız mənə müəyyən hesabatlar təqdim ediblər. Cənab Cahangiri konkret işlər və vəzifələrlə bağlı 15 dövlət qurumuna tapşırıqlar verdiyi zaman mən ona şəxsən öz təşəkkürümü bildirmişdim. Sonradan bu yaxınlarda mənə daha ətraflı bir hesabat da göndərmişdilər – əlbəttə ki, mənim üçün bir qədər yığcam formaya salınmışdı – o hesabatı mən axıra qədər oxudum, baxdım. Müqavimət iqtisadiyyatı sahəsində görülmüş işlərdən bəziləri müqəddimə xarakteri daşıyır; indi mən misal çəkməyə başlasam, uzun çəkər, vaxt keçər; hesabatlarda göstərilən işlərdən bəzilərinin isə müqavimət iqtisadiyyatının siyasətlərində yer alan bəndlərlə heç əlaqəsi yoxdur; hərçənd əlaqələndirilib, amma həmin qurumların cari işləridir; dövlət qurumlarının müəyyən cari vəzifələri, işləri var, götürüb onlar haqda sizə hesabat veriblər ki, “biz bu işləri görmüşük”; o işlər dövlət qurumlarının müqavimət iqtisadiyyatı sahəsində həyata keçirdiyi tədbirlər sırasına qatılıb; halbuki belə deyil. Bəzi işlərin də ümumiyyətlə müqavimət iqtisadiyyatı ilə əlaqəsi yoxdur; bu qədəri kifayət deyil. Müqavimət iqtisadiyyatının siyasətləri tam və kompleks bir məcmudur; özü də bu məcmu bir şəxsin beyin məhsulu deyil; heyət şəklində, birgə düşünülmüş bir şeydir; burda iştirak edən iqtisadçı dostlarımızdan bəziləri də bilir, məlumatları var. Bu məsələ üzərində ətraflı surətdə işlənilib, daha sonra bura gəlib, çək-çevir edilib, müzakirələr aparılıb, düşünülüb, araşdırılıb; ardınca Dövlətin Mənafeyini Müəyyən edən Şuraya göndərilib və orda da araşdırmalar aparılıb; sonda yenə gəlib və nəticədə bu siyasətlər alınıb. Yəni bu, rasional bir prosesin məhsuludur; elə buna görə də müqavimət iqtisadiyyatını hamı təsdiqlədi, alqışladı; yəni mən eşitməmişəm ki, iqtisadçılardan, bizimlə arası yaxşı və ya pis olan şəxslərdən kimsə müqavimət iqtisadiyyatına, bu siyasətlərə şübhə və tənqidlə yanaşsın; yox, hamı qəbul etdi. Dediyim kimi, bu, tam bir məcmudur və kompleks şəkildə həyata keçirilməlidir; bəs bunu necə etmək olar? Bunun üçün tam kompleks şəklində olan bir icra, reallaşdırma planı təqdim olunmalıdır; bir müddət əvvəl mən bu barədə cənab Ruhaniyə demişdim, qərara gəlmişdik ki, o, bu barədə dostlarımıza göstəriş versin, inşallah, hazırlayıb versinlər. Bu, lazımlı bir məsələdir; yəni bizim bir icra planına ehtiyacımız var; bu planda ayrı-ayrı dövlət qurumlarının öhdəsinə düşən vəzifələr, hansı bəndi hansı strukturun həyata keçirəcəyi müəyyən olunmalı, vaxt qoyulmalıdır. Zaman çox önəmlidir, vaxt bölgüsü aparılmalı, bu işin hansı müddət ərzində görüləcəyi dəqiqləşdirilməlidir. Əgər vaxt bölgüsü aparılmasa, bunun hətta sizin kabinetin hakimiyyətdə olduğu dövrdə həyata keçiriləcəyinə belə zənanət yoxdur. Bunun həyata keçməyini, icrasına start verilməsini, xalqın bu siyasətlərin xeyrini görməyini istəyirsinizsə, vaxt qoyun. Əvvəla, hər bir bəndlə bağlı zəruri əməli tədbirlər müəyyənləşdirilməlidir, icraçılar – məsul rəsmi strukturlar məlum olmalıdır, hər bir sahə üçün vaxt qoyulmalıdır, tələb olunan imkanlar və bu imkanların haradan təmin ediləcəyi aydınlaşmalıdır; axı bu siyasətlər praktik, əməli surətdə hərəkətə keçməyi tələb edir. Hər hansı bir strategiya hazırlayırsınızsa, meydanda həqiqətən bir hərəkətlilik, dinamika yaratmaq istəyirsinizsə, bunun öz zəruri tələbləri yaranır. Həmin tələblər hansılardır? Onları necə təmin etmək olar? O tələblərin necə təmin olunacağı dəqiqləşdirilməlidir. Bu işlər görüləndən sonra artıq siz monitorinq aparıb baxa bilərsiniz ki, alınıb, ya alınmayıb, filan qurum öz işini görüb, ya görməyib. Beləcə işlər irəli gedəcək.

Müqavimət iqtisadiyyatı ilə bağlı ikinci mühüm məqam budur ki, dövlətin bütün iqtisadi proqramları bu müqavimət iqtisadiyyatı məcmusunun, bu siyasətlərin çərçivəsinə daxil olmalıdır; hətta 6-cı inkişaf proqramı, illik proqam və büdcələr hamısı müqavimət iqtisadiyyatı əsasında formalaşdırılmalıdır; yəni bunların heç biri, heç bir sferada bu siyasətlərlə uyğunsuzluq təşkil etməməlidir; nəinki təkcə ziddiyyət təşkil etməməlidir, hətta bu siyasətlərə tamamilə uyğun olmalıdır.

Digər bir məqam odur ki, qeyri-hökumət sektorları fəallaşdırılmalıdır; indi ola bilsin ki, siz dövlət qurumlarına, nazirliklərə tövsiyə və göstərişlərinizi vermisiniz, amma qeyri-dövlət sektoru da var. Onlar müqavimət iqtisadiyyatında önəmli rol oynaya bilər; o cümlədən bəsic. Mən bir hesabat da görmüşdüm. Məncə, bu, çox lazımlı bir şeydir – vaxtınız olsa, cənab prezident, yaxud ən azından cənab Cahangiri – çağırın, baxın görün bəsicilər müqvimət iqtisadiyyatı ilə bağlı hansı işləri həyata keçirə bilər, hansı potensiala malikdirlər; çox yaxşı bir potensialdır. Bəsic xırda, önəmsiz bir şey deyil; bəsic işləməyə hazır olan nəhəng bir kollektivdir. Onları çağırın, baxın görün nə iş görə bilərlər. Gəlib əllərində olan imkanları təqdim edəcəklər, hansı işləri artıq həyata keçirdikləri haqda da məlumat verəcəklər. Məncə, bəsicin əlində çox yaxşı imkanlar var. Mən misal olaraq bəsici qeyd etdim; digər müxtəlif sferalar, iqtisadiyyatı yaxşı bilən insanlar var. Elələri var ki, şirkətləri var, iş qurublar, onların potensialından istifadə etmək olar. Və bütün bunlar o əsas planda əksini tapmalıdır; yəni həmin sənəd təkcə dövlət sektorunu nəzərdə tutmamalıdır. Deməli, birinci addım belə bir planın işlənib hazırlanmasıdır. 

Növbəti addım isə güclü, uzaqgörən və nüfuzlu bir qərargahın təşkil edilməsidir. Əlbəttə, mənim xəbərim var, cənab prezident bir şura yaradıb, özü də orda iştirak edir, çox yaxşı da bir işdir; amma bu, lazım olan o komandanlıq qərargahı deyil.  Axı cənab prezidentin bir çox başqa işləri də var, onlarla da məşğul olmalıdır, bütün vaxtını və gücünü bu işə sərf edə bilməz. Bir qərargah lazımdır – eynilə müharibə dövründəki qərargahlarımız kimi; bəzi digər işlərdə də komandanlıq qərargahları təşkil olunub; Cənab Ruhani, sizin özünüzün bu məsələlərdə təcrübəniz böyükdür; işlərin gedişini daim nəzarətdə saxlayacaq, hansı qurumun işin öhdəsindən gəldiyini, irəli getdiyini, harada problemlərin olduğunu izləyəcək bir komandanlıq qərargahı olmalıdır. Çünki danışmaq asandır, plan qurmaq, proqram hazırlamaq da bir o qədər çətin deyil, işləri reallaşdırmaq isə bunlardan fərqlidir. Meydana atılıb irəli getmək istəyəndə adamın qarşısına bəzən əvvəlcədən proqnozlaşdırmadığı maneələr çıxır; bəzi maneələr isə əvvəlcədən proqnozlaşdırılır, amma yenə də maneədir, aradan qaldırılmalıdır. Həmin qərargah o maneəni bir zərbə ilə aradan qaldırmalı, yolu təmizləyib açmalı, irəli getməlidir; və nüfuzlu olmalıdır, sözünün çəkisi olmalıdır; yəni sözünü dinləməlidirlər. Belə olmasın ki, bu gün olduğu kimi, cənab Cahangiri dəfələrlə dedi “5 dəqiqə danışın”, yoldaşlar o 5 dəqiqəni 7, 10 dəqiqəyə qədər uzatdılar. O qəragah nə dedisə, hamı o sözü, doğrudan da,  qəbul etməlidir.

Sonra da işlərin gedişi, əldə olunmuş nailiyyətlər haqda əhalini məlumatlandırın; görün, doğrudan da, nələr baş verəcək! Tutalım, 6 ay mənim dediyim formada işlədiniz, yəni o proqram hazırlandı, o qərargah təşkil olundu və 6 ay fəaliyyət göstərdi; işlər diqqətəlayiq dərəcədə irəli gedəcək; ondan sonra gedin bu barədə xalqa məlumat verin; deyin ki, filan-filan işləri görmüşük; xalq onsuz da bunu öz yaşayışında hiss edəcək; sizin əhalidə görmək istədiyiniz gələcəyə ümid və optimizm tamamilə təmin olunacaq; yəni camaata məlumat verilməlidir. Və əlbəttə ki, dəyərləndirmə meyarları da müəyyən olunmalıdır.

Kompleks bir hərəkat olan müqavimət iqtisadiyyatının müəyyən hüquqi, qanuni, ədliyyə sistemi ilə bağlı tələbləri də var; hakimiyyətin 2 digər qolu sizinlə əməkdaşlığa hazırdır; qanunverici hakimiyyət – parlament də bu sahədə əməkdaşlığa hazırdır; misal üçün, hansısa qanunu dəyişmək, düzəliş etmək və ya yeni bir qanun qəbul etmək lazımdır; belə şeylərə ehtiyacınız yarana bilər; yaxud haradasa bir ədliyyə proseduru lazım ola bilər; hakimiyyətin digər 2 qolu müqavimət iqtisadiyyatının reallaşdırılması üçün bütün bu situasiyalarda əməkdaşlığa hazırdır.

Durğunluq məsələsinə toxunuldu; düzdür, müşahidə olunan o 3 faizlik artım iqtisadi durğunluqda müəyyən tərpəniş olduğunu göstərir; yəni müəyyən hərəkətlilik olub; indi baxmaq lazımdır ki, o artım hansı sferalardadır, hansı sferalarda mənfidir; bu müsbət və mənfilərin birlikdə nəticəsi o 3 faizlik artım olub. Əgər iqtisadi durğunluqla ciddi surətdə mübarizə aparılmasa, o 3 faizlik artım da risk altına düşəcək, inflyasiya da yüksələcək, işsizlik problemi də yaranacaq. Qoy mən burda deyim, cənab Nemətzadə əgər istəsə, maraqlanıb araşdırar: hal-hazırda işləməyən zavodların sayı haqda – yəni hər şeyi hazır olan zavodlardır, amma hazırda işləmirlər –  gəlib bizə hesabat veriblər; dəqiq rəqəmlərdir; 50 faizdən aşağı həcmdə işləyən zavodların sayını dəqiqləşdiriblər; 70 faizdən aşağı həcmdə işləyən zavodların sayını da dəqiqləşdiriblər. Yaxşı, hələ 70 faizdən aşağı, nə isə, amma 50 faizdən də aşağı?! Onlardan bəzilərinin nağd vəsaitlə bağlı problemi var; yəni dövriyyələrində sərmayə yoxdur – hansı ki bu da bankların işidir, bu sahədə banklar cavab verməlidir;  müqavimət iqtisadiyyatında o əsas mərkəz, komandanlıq qərargahı işə düşsə, bütün bu problemlərlə məşğul olar – amma bəzilərinin problemi nağd pul deyil, subsidiyaları da alıblar, zavod hal-hazırda işləməyə hazırdır, heç bir problemi yoxdur, aqreqatları da var – hesabatlarda qeyd olunduğuna görə, bunlardan bəziləri yeni, müasir aqreqatlarla da təchiz olunub – amma işləmir. Niyə? Ona görə ki, aparıb subsidiyanı başqa yerə xərcləyiblər. Bunun üçün məhkəmə araşdırmasına ehtiyac var, bunları araşdırmaq, çağırıb soruşmaq lazımdır. Elə ona görə də mən “komandanlıq qərargahı” deyirəm. Belə şeylər, belə məqamlar nəzarətdə saxlanacaq. Durğunluq məsələsi ilə məşğul olmasanız, bu, bütün iqtisadi göstəricilərə təsir edəcək. Əlbəttə ki, o sonuncu qanun – az əvvəl qeyd etdikləri qanun – yaxşı bir qanundur, intəhası qanunların olmağı kifayət deyil. İstehsal müəssisələrinə dəstək verilməsi, onların nağd pulla təmin edilməsi, dövriyyədəki sərmayənin təmin edilməsi, hazır istehsalat müəssisələrini durğunluq vəziyyətində saxlayan şəxslərə qarşı ciddi ölçü götürülməsi – bütün bunlar lazımlı işlərdir. Mən dostlarımızla keçirdiyimiz əvvəlki iclasda da dedim, yenə də vurğulayıram: burda bank sistemi rol oynamalıdır; yəni bank sistemi bütün gücü ilə işə cəlb olunmalıdır.

Bizə təklif olunan, reallaşdırılması üçün lazımi zəminin mövcud olduğu deyilən işlərdən biri də bəzi layihələrin özəl sektora həvalə edilməsidir. Əlbəttə ki, özəl sektor üçün həvəsləndirici tədbirlər tətbiq olunmalıdır; çünki hazırda əllərdə istifadəsiz qalan pullar var; şübhəsiz, belə vəsaitlər var. Mənə verilən məlumata görə, bizdə 400 milyard tümən həcmində yarımçıq qalmış layihələr var; hamısı da dövlət layihəsidir. Biz bunların 10 faizini özəl sektora verə bilsək, görün nə olar; birdən-birə 40 milyard tümən işə qoşular, bu, çox önəmlidir. Yəni bu gün kağız üzərində qalmış layihələrdən – o 400 milyard tüməndən – 10 faizi özəl sektora verilsə, ölkədə çox mühüm bir hadisə baş verər. Bu, üzərində planlama aparılması və reallaşdırılması, doğrudan da, vacib olan işlərdən biridir.

Kənd təsərrüfatı sektoru da olduqca önəmlidir. Əlbəttə, mən bu fikirdəyəm ki, cənab Höccəti, doğrudan da, ortaya iş qoya bilər. Məncə, o, bu günə qədər yaxşı fəaliyyət göstərmiş nazirlərdən biridir və həqiqətən də, bu işi həyata keçirə bilər. İntəhası bizim ondan və rəhbərlik etdiyi qurumdan istədiyimiz budur ki, həyat əhəmiyyətli məhsulların istehsalında ölkədə özünü təminetmə yaradılsın. Yəni bu məsələdə onun-bunun, “xaricdə buğda daha ucuzdur” və sair deyənlərin  sözünə baxmayın. Biz özünü təminetmə səviyyəsinə çatmalıyıq; həyat əhəmiyyətli ərzaqlarla özümüz özümüzü təmin etməliyik.

Aqronomlardan istifadə etmək lazımdır. Bir vaxt mən bunu cənab Ruhaniyə də demişdim; ostanlardan birinə getmişdik – səhv etmirəmsə, Həmədan səfəri idi – yoxlamalar aparan dostlarımız bizə məlumat verdilər ki, o ostanın müxtəlif bölgələrində kənd təsərrüfatında çox yaxşı rövnəqlənmə müşahidə olunur. Soruşanda məlum oldu ki, onlar gənc aqronomları işə cəlb ediblər; xoşbəxtlikdən, orda belə gənclərin sayı da çox idi. Aqronomlar gedib onlara kömək ediblər; camaat da sözlərinə qulaq asıb, nə deyiblərsə, ediblər. Bax bu, bu işə kömək edir. Bunun üçün planlama işləri aparmaq lazımdır; çox çətin bir iş də deyil. Bir çağırış etmək, savadlı aqronomları tapıb üzə çıxarmaq, fəaliyyət planı qurmaq, iş bölgüsü aparmaq lazımdır. Bu işi həyata keçirib onlardan istifadə etmək olar.

Müasir texnologiyalardan istifadə; bayaq qeyd olunan su məsələsi – suların paylaşdırılması, necə deyərlər, sudan daha səmərəli istifadə – olduqca əhəmiyyətlidir. İdxalın qarşısının alınması; baxın, mən yenə də vurğulayıram. Siz deyirsiniz ki, idxalın qarşısını almısınız, amma bazarlarda hələ də xaricdən idxal olunmuş meyvələr var. Axı İran gedib özününkündən daha yaxşı meyvəni haradan gətirəcək? Bir vaxtlar mənim prezident olduğum dövrdə ərəb ölkələrindən birindən – ad çəkmirəm – bir nəfər gəlmişdi, mənə çox gözəl bir bağlamada xurma sovqat gətirmişdi. Dedim, hə, Kirmana cirə aparmaq bax buna deyərlər (8). Bizdə bu qədər xurma var – o müzafəti xurması, ölkənin cənubunda olan çeşidbəçeşid xurmalar; istər Fars ostanında, istər Xuzistanda, istər Bəlucestanda – bunlar durub bizə xurma gətiriblər; intəhası gözəl qablaşdırılmışdı. O vaxt mən həmin hədiyyəni parlamentə apardım, dedim, bu xurmanı bizim xurmalarla müqayisə edin! Bizim xurmalarımız bundan daha yaxşıdır, amma görün bunun nə gözəl qablaşdırması var. O vaxt bizdə xurmanı sadə həsir kisələrə tıxayıb ağzını bağlayır və elə o şəkildə də satışa çıxarırdılar! Əlbəttə ki, indi bir az yaxşıdır. Hər halda, meyvə idxalı lüzumsuz idxaldır. 

Daha çox Kənd Təsərrüfatı Nazirliyinə aid olan – amma təkcə o nazirliyin işi deyil – əsas məsələlərdən biri də kəndlərə diqqət yönəltməkdir. Yəni dövlət proqramlarında başlıca yerlərdən biri, doğrudan da, buna ayrılmalıdır; biz diqqətimizi kəndlərə yönəltməliyik. Müxtəlif illərdə bu barədə çox danışmışıq, amma bu iş əməli surətdə reallaşmayıb. Biz emal sənayesini kəndlərə, bəzi şəhərlərə aparmalıyıq. Mən Urmiyada gördüm, alma yerdə tökülüb qalmışdı! Dedilər, heç yığdırmağına dəymir, fəhlənin pulu bu almanın satışından əldə edəcəyimiz gəlirdən çoxdur; və ya şaftalı, ərik, əncir; emal sənayesi olmalıdır. Ölkəmizin bir çox müxtəlif bölgələrində belə meyvələrdən var və bəzi vaxtlar bağ sahiblərinə bu məhsulu yığdırmaq sərf etmir. Əgər bizdə emal sənayesi olsa, quruducular olsa, yerlərdə bunlardan istifadə edə bilərik. Bu işi reallaşdırmaq lazımdır. Potensialımız da fövqəladə dərəcədə çoxdur; doğrudan da, fövqəladədir. İranşəhrdə mən pomidor gördüm, yemiş boyda! Xüsusi bir sort da deyildi; elə pomidorun boyu o boyda idi. Bəmpurla İranşəhr arasında bir bağ var idi – orda sürgündə olduğumuz zaman bizi dəvət etmişdilər – pomidor gətirdilər, yemiş boyda! Soğan gətirdilər, mənim yumruğum boyda! Yadımdadır, soğanı əlimə alıb dedim, mən bunu əlimlə ölçmək istəyirəm ki, başqa yerdə deyə bilim; bax mənim yumruğum boyda idi; əlimdə tutanda barmaqlarım qatlanmırdı. O böyüklükdə! Bizdə bunlar var. Ölkəmizin dörd bir yanında, bir çox yerlərdə bu imkanlar var. Kəndlərdə sənayenin inkişafına əhəmiyyət versək, kəndlərə əhəmiyyət versək, o bağ sahiblərinə əhəmiyyət versək, bütün bunlar kəndlərə, kəndlərdə və digər yerlərdəki yoxsul insanlarımıza ən gözəl xidmət olar.    

Mən burda mədən sektorunu da qeyd etmişəm, amma daha vaxt qalmayıb (cənab Nemətzadənin də üstünə çox getməyək!) Mənə verilən məlumata görə, biz ölkənin dağ-mədən ehtiyatının maksimum 15 faizini hasil edirik. 15 faiz! Dağ-mədən sənayesini neft üçün analoqa çevirmək lazımdır; yəni doğrudan da, buna nail olmalıyıq. İllər öncə – səhv etmirəmsə, 20 il bundan qabaq idi – o vaxtkı hökumətdə mən demişdim; biz elə etməliyik ki, nə vaxt istəsək, neft quyularımızın ağzını bağlaya bilək. Nə müştərinin azlığından qorxaq, nə bazarların olmamağından qorxumuz olsun, nə də neftdən gəlir gəlməməyindən; buna nail olmalıyıq. Bu haqda, doğrudan da, ciddi fikirləşmək lazımdır; neft üçün əvəzedici tapmaq lazımdır. Görürsünüz neft sahəsində vəziyyət nə yerdədir?! Böyük dövlətlərin və regiondakı murdar ünsürlərin bir-birinə bir işarə etməsi ilə neftin qiyməti qəflətən 100 dollardan 40 dollara düşür! 100 dollardan başlayıb indiki qiymətinə qədər düşməyi heç bir neçə aydan çox çəkməyib! Elə buna görə də neftə etibar etmək olmaz; ölkə iqtisadiyyatının müqəddəratını, bir ölkənin güzəranını belə bir şeydən asılı etmək olmaz. Neft bizimdir, amma ixtiyarı özgələrin əlindədir, gəliri də daha çox başqalarına çatır. Bizim neftin ixracından əldə etdiyimizdən çox Avropa və ya başqa bir yerdə o nefti idxal edən ölkə qazanır; hansı ki vergi tutur, başqa şeylər alır. Biz neftimizi verib pul alırıq, onlarsa nefti bizdən alıb öz əhalisindən də pul qazanır. Həmin dövlətlərin neftin satışından əldə etdiyi gəlir bizdən çoxdur. Baxın, nə qədər ziyanlı bir alış-verişdir. Əlbəttə, müəyyən məqamlarda biz neft hasil etməyə məcburuq, başqa çarəmiz yoxdur, amma mən ixracatın, istehsalın həcmindəki artımla bağlı statistikanı eşidəndə, doğrudan da, qanım qaralır. Həmişə düşünürəm ki, biz neftə bir əvəzləyici tapmalıyıq. Odur ki əgər neftə analoq tapmaq istəyiriksə, dağ-mədən sənayesi ən yaxşı variantlardan biri ola bilər.

Mədən sahəsində də xammal satışından kəskin surətdə çəkinmək lazımdır. Bizdə dəyərli faydalı qazıntılar var. Kirman ostanında, yaxud Xorasanın cənubunda həddən artıq bahalı daşlar var. Biz o daşları çıxarıb İtaliyaya göndərək, onlar da məhsula çevirib əlavə dəyərini bir neçə qat qaldırsınlar, çox güman, elə bizim özümüzə də göndərsinlər, ölkəyə ixrac etsinlər – bu, adama çox ağır gəlir. Odur ki mühüm məsələlərdən biri də budur. Mənim fikrimcə, dağ-mədən sferasında da özəl sektorun rolu mühüm ola bilər. Ostanlar, ostan başçıları, bu qəbildən olan insanlar da bildirir ki – mənim aldığım məlumata görə – özəl sektoru mədən sənayesinə və bəzi digər sahələrə cəlb edə bilərlər.

Su məsələsi də – mən burda qeyd etmişəm – çox önəmlidir. Cənab Çitçiyan tamamilə doğru olaraq vurğuladı. Yeraltı sular mövzusunda konfrans, doğrudan da, çox mühümdür. Deyirsiniz ki, proqram hazırlamısınız, amma bu, kifayət deyil – proqram hazırlanması işin 50, bəlkə ondan da az faizidir – o proqramın ardınca hərəkətə keçmək, iş görmək lazımdır. Əlbəttə ki, əlhəmdulillah, siz belə işlərə yaxşı bələdsiniz. Suya qənaət eməkdən əlavə, suvarmanın optimallaşdırılması, hər bölgə üçün səmərəli əkin modelinin seçilməsi və sair də əhəmiyyət daşıyır.

Son olaraq mən 6-cı inkişaf proqramı məsələsinə toxunmaq istəyirəm; hansı ki artıq gecikir. 6-cı inkişaf proqramını, inşallah, mümkün qədər tez və qeyd etdiyimiz kimi, müqavimət iqtisadiyyatına tamamilə uyğun bir şəkildə işləyib hazırlamalı və parlamentə təqdim etməlisiniz. Çünki düşünürəm, bu il bu sənəd təsdiq edilməli və mümkün qədər tez bir zamanda bu iş reallaşdırılmalıdır. Parlamenti də işə qoşun, cəlb edin, qoy parlamentdəki dostlarımız da ciddi surətdə bu işlə məşğul olsunlar. İnşallah ki, bacaracaqsınız.

İnşallah, Allah-taala yardımçınız olsun.

هُوَ الَّذی اَنزَلَ السَّکینَةَ فی قُلوبِ المُؤمِنینَ لِیَزدادوا ایمانًا مَعَ ایمانِهِم

“Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən odur”. (“Fəth” surəsi, 4-cü ayədən)

Allah-taala hamımızın qəlbinə bir sakitlik, arxayınlıq bəxş etsin. Bu sakitlik zehnin, düşüncənin necə deyərlər tufanlar, təlatümlər içində olmasının tam əksidir və bu, insanda imanın da artmasına səbəb olur.

لِیَزدادوا ایمانًا مَعَ ایمانِهِم

Yəni o sakitlik imanın artmasına yol açır. Rahatlıq, arxayınlıq da Allahın qüdrətinə etimaddan doğur. Elə buna görə də ardınca buyurur:

وَ للهِ‌ جُنودُ السَّمواتِ وَ الاَرضِ وَ کانَ اللهُ عَلیمًا حَکیمًا

“Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır”.

İnşallah, Allah-taala yardımçınız olar. O ki qaldı bizə, həmişə sizin üçün dua edirik. Və xalq üçün çalışmaq, Allah yolunda çalışmaq, ixlasla işləmək də hamımızın fikrində olsun, Allah-taala da, inşallah, bərəkət versin, qəbul etsin.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_______________________

(1) Ali Məqamlı Rəhbərin çıxışından öncə ölkə başçısı Höccətül-İslam vəl-muslimin Həsən Ruhani, prezidentin birinci müavini Dr. İshaq Cahangiri, Sənaye, Mədən və Ticarət Naziri cənab Məhəmmədrza Nemətzadə, Enerji Naziri cənab Həmid Çitçiyan, Neft Naziri cənab Bijən Namdar Zəngənə, Kənd Təsərrüfatında Cihad Naziri cənab Mahmud Hüccəti, Səhiyyə və Tibbi Təhsil Naziri cənab Seyid Həsən Qazizadə Haşimi məruzə ilə çıxış etdilər. 
(2) İnşaat və Şəhərsalma Naziri.  
(3) “Səda və sima” Dövlət Teleradio Şirkətinin direktoru; 
(4) Mədəniyyət və İslam İrşadı Naziri. 
(5) “Biharül-ənvar”, c.100, səh. 9 
(6) Kooperasiya, Əmək və İctimai Rifah naziri. 
(7) Ali Məqamlı Rəhbər gülümsəyir, görüş iştirakçıları da gülür. 
(8) Zərbi-məsəldir; Kirmana orada onsuz da bol olan cirə aparmaq mənasız bir işlə məşğul olmaq anlamındadır.