Ali Məqamlı Rəhbərin informasiya bloku

Həcc xidmətinin məsul şəxsləri və əməkdaşları ilə görüş zamanı etdiyi çıxış

Mərhəmətli və bağışlayan Allahın adı ilə.(1)

Xoş gəlmisiniz, əziz qardaş və bacılar, həcc xidmətinin əməkdaşları! Siz qardaş və bacılar ən gözəl və ən əzəmətli məsuliyyətlərdən birini öhdənizə almısınız. Bu məsuliyyət İslamın bənzərsiz vacib əmri olan həcc işlərini müsəlman və mömin xalqımız üçün təşkil etməkdən ibarətdir. Eləcə də, cənab Qazi Əsgərin, Həcc və Ziyarət Komitəsinin möhtərəm sədrinin dedikləri kimi, möminlərin həccə getmələrini asanlaşdırmaq üçün tədbir tökən məsul vəzifəli qardaş və bacılara da çəkdikləri zəhmətə görə təşəkkür edirəm. Həqiqətən, belə lazımdır. Həccin uca hədəflərinin həyata keçirilməsi istiqamətində görülən işləri günbəgün daha da gözəlləşdirmək və asanlaşdırmaq, bu yöndə işləmək lazımdır. Bu işdə məsuliyyəti və rolu olan siz qardaş və bacılardan hər biriniz öz rolunuzu ən gözəl formada, kifayətedəcək səviyyədə motivasiya ilə, vaxtınızı əsirgəmədən, can yandıraraq ifa etməyə çalışın. Bu səy və zəhmətlər öz şirin nəticəsini verəcək; bu nəticə xalqdan ötrü məqbul həcc ziyarətinin reallaşmasından ibarətdir.

Mənim tövsiyəm budur ki, həcc yalnız biz iranlılara aid deyil. Həcc İslama aiddir, İslam ümmətinə aiddir, İslamın yaşamasının zaminidir. Allah-təala həcc aylarına öz ehtiramını bildirib, həccin zamanı da, məkanı da ehtirama malikdir. Həcc əməllərinin ehtiramı bu prosesin nə qədər əzəmətli və təsirli olduğunu göstərir. Onu göstərir ki, bu vacib ibadət İslam ümməti üçün elə bir xüsusiyyətə malikdir ki, heç bir başqa vacib ibadət bu xüsusiyyətə malik deyil. Buna diqqət yetirmək lazımdır.

Maraqlı olan budur ki, həccin fərqli və bir-birini tamamlayan iki cəhəti vardır. Bunların biri fərdi cəhət, digəri sosial cəhətdir. Bunların hər ikisinə riayət etmək və diqqət yetirmək lazımdır. Həccin fərdi cəhəti ayrı-ayrılıqda hacıların hər birinə aiddir. Hacıların hər biri bu zaman kəsimində – həcc və ümrə müddəti boyunca – Uca Allahla rabitə qurmalı, istiğfar etməli, özü üçün (mənəvi) sursat və azuqə hazırlamalıdır. Həccə aid olan şərafətli ayədə buyurulur: “Tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır”.(2)  Burada təqva tövsiyə edilir. Bu böyük nemətə nail olan hacıların hər biri öz “qabını” (yəni mənəvi aləmini), öz xurcununu doldurmaq fikrində olmalıdır. “Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz”.(3)  Günahlarının bağışlanmasını diləsinlər, tövbə etsinlər, dua etsinlər, Uca Allahdan istəsinlər, öz gələcəkləri, yaşayışları, fəaliyyətləri barədə Uca Allahın qarşısında əhd bağlasınlar. Bu, fərdi işdir.

Həccin fərdi mərhələsində hər bir hacı bu hərəkət və səfərlə özünü Allaha yaxınlaşdırmalı, öz batinini təmizləməli, qalan ömrü üçün azuqə toplamalıdır. Fərdin bərəkət və mənəviyyatının mənbəyi bu səfərdə, bu əməllərdə, bu günlərdədir. Hacılar bunun qədrini bilməlidirlər. Elə şeylər var ki, yalnız bu səfər gedişində fərd üçün reallaşmaq imkanına malikdir. Kəbəni müşahidə etmək ibadətdir, Kəbənin ətrafında təvaf etmək ibadətdir, Məscidül-həramda namaz qılmaq ibadətdir, möhtərəm Peyğəmbərin məzarını ziyarət etmək ibadətdir. Ərəfat Allahla minacat meydanıdır, Məşərül-həram Allaha sarı yönəlmək meydanıdır, Mina da beləcə. Hacı bu əməllərin hər birindən öz batinini təmizləmək, öz məqamını yüksəltmək, bütün ömrü boyunca özünə azuqə toplamaq üçün istifadə etməlidir. Bu, həccin fərdi cəhətidir.

Digər cəhət isə sosial cəhətdir. Həcc İslam vəhdətinin əks olunduğu ayindir. Fərqli rənglər, fərqli dərilər, müxtəlif millətlər, fərqli pasportlar, fərqli məzhəblər, fərqli zövqlər – hamı bir-birinin yanındadır və bir-birinə bənzəyir. Hamı birlikdə təvaf edir, birlikdə səy edir, birlikdə Ərəfatda və Məşərül-həramda qalır. Bu vəhdət xeyli əhəmiyyətlidir. İslam həmrəyliyinin, qəlb və söz birliyinin həqiqi nümayiş məkanı həccdir. Bu, yalnız İran xalqı üçün deyil, bütün dünya müsəlmanları üçün, İslam ümməti üçün belədir. İslam ümmətinin həqiqətini, İslam ümmətinin əhəmiyyətini zehnlərdən uzaqlaşdırmağa, müsəlmanları növbənöv təbəqələrə, növbənöv motivasiya daşıyıcılarına bölməyə, İslam ümmətinin əzəməti qarşısında millətçiliyi şişirtməyə, xalqı parçalamağa çalışan kəslərə Allahın lənəti olsun! Mühüm olan İslam ümmətidir, əzəmət İslam ümmətinə məxsusdur. Allah-Təala İslam ümmətinə öz mərhəmətini endirir. Həcc İslam ümmətinin formalaşmasını əks etdirir. “Bir ovuc bir xalvarın nümunəsidir”. “...Hər uzaq yoldan...”(4)  müsəlmanlar bir yerə toplaşırlar. Bir-biri ilə söhbət etmək, həmdil olmaq, bir-birinin dərdini dinləmək, kədərinə şərik olduğunu dilə gətirmək üçün necə böyük fürsətdir! Həccdən başqa harada bu fürsət ələ düşər? Həccin sosial cəhətlərindən biri də birlik cəhətidir.

Digər sosial cəhət İslam ümmətinin əzəmətini göstərməkdir. Bir neçə milyon insanın müəyyən mərasimə toplaşması İslam ümmətini göstərmək deməkdir. Təsəvvür edin ki, yetmiş-səksən milyonluq bir ölkədən əlli min, altmış min ya yetmiş min nəfər burada iştirak edir. Bu, İslam ümmətinin əzəmətini göstərir.

Digər cəhət bir-biri ilə təcrübə mübadiləsi aparmaqdır. İslam ölkələrinin bir çoxu praktiki nailiyyətlərə malikdir. Fərz edin ki, İran xalqının düşmənlə mübarizə, düşməni tanımaq, düşmənə etimad göstərməmək, dostla düşməni səhvsiz ayrıd etmək sahəsində təcrübəsi var. Biz dostu düşməndən ayırmaqda səhvə düçar olmamışıq. İnqilabın əvvəlindən indiyə kimi anladıq və bildik ki, həqiqi düşmən, qatı, inadkar, öz yolundan dönməyən düşmən dünya imperializmi və sionizmdir. Biz bunu anladıq. Bəzən bu əsas və real düşmən öz sözlərini başqalarının dili ilə deyirdi. Biz (həmin ikinci dərəcəli qüvvəni) düşmən saymaqla səhv etmədik, təkidlə söylədik ki, düşmən imperializmdir.

Siz İran xalqının 22 Bəhməndə, Qüds Günündə, nəhənfg mitinqlərdə söylədiyi şüarlara fikir verin; onların şüarı imperializmin əleyhinədir, Amerikanın əleyhinədir, sioinistlərin və işğalçı sionist rejiminin əleyhinədir. Şüarlar bunların əleyhinə yönəlib. Halbuki, bunlar bəzən öz sözlərini filan ölkənin dili ilə deyir, öz əməllərini filan İslam ölkəsinin vasitəsi ilə həyata keçirirlər. Amma biz həmin İslam ölkəsinin əleyhinə şüar söyləmədik, xalqımız həmin İslam ölkəsinin əleyhinə şüar səsləndirmədi. Niyə? Çünki bilirlər ki, o, həqiqi düşmən deyil; o, aldanıb; o, bir alətdir. Bu, düşməni tanımaqdır, bizim qazandığımız təcrübədir. Bəzi ölkələrdəki bəzi qruplar – onlar həm də İslami qruplaşmalar idi – müəyyən fürsətlər qazandılar, amma bu sahədə təcrübələri olmadığından səhvə yol verdilər. Həqiqi düşmənlə aranı düzəldib, dost sayılan tərəfə qarşı çıxdılar və bunun zərbəsini də aldılar. Uca Allah onlara nemət vermişdi, amma nemətin qədrini bilmədilər.

İran xalqının qazandığı təcrübələrdən biri də vəhdət yaratmaqdır. Məgər ölkəmizdə üslub fərqləri azdırmı? Siyasi, ideoloji, əqidəvi məsələlərdə xeyli fərqliliklər var. Amma bu fərqliliklərə baxmayaraq, xalq öz vəhdətini qorudu. Ölkəmizin bəzi yerlərində konkret etnoslar yaşayır. Bu etnoslar 22 Bəhmən, Qüds Günü mərasimlərində, İnqilabı əks etdirən müxtəlif mərasimlərdə ölkənin digər fərdləri ilə eyni səviyyədə iştirak edirlər. Kürddilii bölgəmiz var, bəluçdilli bölgəmiz var, ərəbdilli bölgəmiz var, türkdilli bölgəmiz var. Bəzən İnqilabın xeyrinə, İslam Respublika quruluşunun xeyrinə onların fəaliyyəti digər yerlərin fəaliyyətindən daha qabarıq olur. Biz bunu da görmüşük. Bu, həmin İslam birliyidir və İran xalqı bunu təcrübədən keçirmişdir.

Biz 35-36 ildir bu təcrübəyə malikik ki, xalqın fərdləri arasında vəhdət və birlik olmalıdır. Bu vəhdət və birliyin bərəkətindən böyük uğurlar qazanmışıq. Bəzi başqa ölkələr bunu bilmədilər, başa düşmədilər, indi də başa düşmürlər. Kiçik bir ixtilaf – dini, milli, hətta partiya ixtilafları – üzündən ölkə daxilində bir-birinin canına düşüb düşmən kimi bir-birini vururlar. Uca Allah öz nemətini onlardan geri alır. “Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi? Onlar Cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!” (“İbrahim” surəsi, 28-29-cu ayələr.)

Nə zaman Allahın bu lütfünü, nemətini tanımasaq, şükür etməsək, bu nemətə nankor olsaq, Uca Allah da bu xalqa qarşı münasibətini dəyişər: “Bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir”. (“Ənfal” surəsi, 53-cü ayədən bir hissə.) Nə qədər ki mən və siz doğru yolda hərəkət edirik, düzgün istiqamətə yönəlirik, özümüzü imkan daxilində ilahi iradəyə uyğunlaşdırırıq, – ümumilikdə götürəndə hələ ki, deyiləndən xeyli aşağı səviyyədəyik, – Uca Allah bizə olan nemətini davamlı edəcək. Amma özümüz özümüzü korlasaq, qarşıdurma yaratsaq, bir-birimizin əleyhinə fitnə qursaq, bir-birimizin yaxasından yapışsaq, Uca Allah öz nemətini aradan götürər. Allahın heç kimlə milli bağlılığı və qohumluğu yoxdur. “Bu, ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir”. Allah sizə verdiyi neməti, siz özünüz vəziyyəti korlamayınca sizdən almaz. Vəziyyəti korladığınız zaman nemət yox olar. İran xalqının təcrübəsi bundadır ki, ilahi neməti özü üçün qoruya bilmişdir. Bu təcrübələr kənara da ötürülməlidir.

Bu gün İslam ölkələri fitnə ilə üzləşib. Görəsən, bunu anlayırlar ya yox? Bu gün nə şiəlik, nə İran, nə hər hansı bir məzhəb əleyhinə deyil, İslam əleyhinə fitnə var. Çünki Quran bütün müsəlmanlarındır. “Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!” deyə haray çəkən mərkəz və özək şiəlik deyil, Qurandır, İslamdır. Elə buna görə ona qarşı çıxırlar. Camaatı, xalqı oyadan hər bir mərkəzin, haqqı deyən hər bir boğazın əleyhinə gedirlər. İmperializmlə döyüşən hər bir əlin əleyhinə çıxırlar. Bu əl İslamın əlidir, bu boğaz İslamın boğazıdır; ona görə İslama qarşıdırlar.

İslama qarşı durmağın, İslamla düşmənçiliyin də müxtəlif növləri və qismləri var. Oturub düşünürlər, nüfuz qazanmaq üçün, zərbə endirmək üçün yol tapırlar. İslam İnqilabının qələbəsinin ilk illərində xəbər tutduq ki, sionist rejim bir qrup hazırlayıb, ona pul verib tapşırıb ki, İslamla, şiəliklə bağlı düşünsünlər, mütaliə etsinlər, araşdırma aparsınlar. Yaxşı, bu mütaliə nə üçün idi? Mütaliə onun üçün idi ki, baxıb görsünlər, bu nəhəng faktoru, bu islami oyanışı necə zərərsizləşdirmək olar? Oyanmış, öz gücünü anlamış, iş görmək üçün qüdrəti olduğunu başa düşmüş müsəlman xalqlara necə zərbə vurmaq olar? Oturub (düşündülər), pullar xərclədilər. Bu dediyim onlardan biri idi. Avropada, Amerikada, sionist rejimdə, onlara bağlı və onların hökmü altında olan bəzi ölkələrdə onlarla mərkəz yaradıldı ki, çıxış yolları tapsınlar; bunların bəzilərindən xəbərdarıq, bəzilərinin də mövcudluğunu ehtimal edirik. Görürsünüz ki, onlar qarşıdurma yaratmağı, vəhşilik törətməyi, İslamın adını batırmağı, İslam ölkələrini parçalamağı, müsəlman xalqları, eyni xalqın fərdlərini bir-birinin əleyhinə qızışdırmağı özlərinə zəruri iş hesab edirlər. Bir gün bu iş üçün vasitə, tutaq ki, Amerikanın “Blək-vater”(5)  təşkilatı olur, o biri gün isə vasitə İraqdakı ya Suriyadakı İŞİD və yaxud bunların tayları olur. Qarşıdurma yaratmağa vasitə axtarmaq üçün gəzib-dolaşırlar.

Bunlar bizim əldə etdiyimiz təcrübələrdir, bunlar İran xalqının yaxından bilib anladığı işlərdir. Biz İslam məzhəbləri, şiə və sünnilər, müsəlman xalqları arasında birlik məsələsi üzərində bu qədər dururuq; bu, boş söz deyil. Biz dərdi də tanıyırıq, dərmanı da. İslam ümməti üçün ürəyimiz yanır, ona görə bu işin ardınca düşmüşük. (Vəziyyətə bu cür reaksiya vermək) İran xalqı üçün yerinə düşür, xalqların çoxu üçün yerinə düşməz. Bu təcrübələrin ötürülməsi, əks olunması, deyilməsi üçün həcc bir fürsətdir. Əlbəttə, buna qarşı çıxanlar da var. Qarşıdurmaların olmasını istəyən kəslər bu əlaqələrin, dostluqların, təcrübə mübadilələrinin baş tutmasını istəmirlər. Bir çıxış yolu tapmaq lazımdır.

Həcdə ən mühüm olanlardan biri həmin şəxsi və fərdi cəhətlərdir. Həccin sosial cəhətləri üzərində durmağımız bizi həccin fərdi cəhətlərindən qafil etməsin: Allaha yalvarmaq, Allah qarşısında təvazökar olmaq, Allahdan qorxmaq, dua. Bunlar üçün yaxşı fürsətdir. Heç yer Məscidül-həram kimi ola bilməz, heç yer Peyğəmbər məscidi kimi ola bilməz. Bu fürsət sizin ixtiyarınızdadır, hacının ixtiyarındadır.İnsan gərək səadətdən nə qədər məhrum olsun ki, bunları buraxıb bazara getsin, o dükan-bu dükan gəzsin. Dedilər ki, bazarları gəzməyin qarşısını alıblar. Amma mənə çatan xəbərlərə görə, xeyir, təəssüf ki, bəzi hacılarımız bu əlacsız xasiyyətdən qurtulmayıblar, bu satıcının, o işçinin yanını kəsdirib dururlar. Qadın bir cür, kişi bir cür... Dükanda satılmamış qalan bir malı ikiqat baha qiymətə alıb təyyarəyə min, Tehrana ya başqa şəhərə gətir... Bu, səhv hərəkətdir, çox səhv hərəkətdir. Camaatımız bu işin səhv olduğuna diqqət yetirməlidir. Hər yerdə alver etmək olar, hər yerdə bazara getmək olar, hər yerdə mal almaq olar, pulu hər yerdə bu şəkildə çölə atmaq olar. Bu, pulu çölə atmaqdır. İnsan hər yerdə pulu çölə ata bilər. Sən başqa yerdə edilə bilməyən, yalnız bu yerdə edilə bilən işlərin ardınca düş. Bu, Kəbəyə baxmaq, Məscidül-həramda namaz qılmaq, Peyğəmbərin ayaq basdığı yerləri öpməkdir. Peyğəmbər bu şəhərdə gəzib, danışıb. Buranın havası möhtərəm İslam Peyğəmbərinin səsinin dalğaları ilə doludur. Adamın bu hava ilə nəfəs almaması heyifdir! Bunları dünyanın hansı yerində tapmaq olar? Hacılarımız bunların qədrini bilsinlər. Yoxsa dünyanın hər yerində görülməsi mümkün olan işləri görürlər, bazara gedirlər, gəzirlər... Bunu Tehranda da, İsfahanda da, Təbrizdə də, Məşhəddə də etmək olar, dünyanın hər yerində bu işləri görmək olar. Sən yalnız edilməsi mümkün olan, yalnız həccə məxsus olan işləri gör. Bunlar bizim tövsiyələrimizdir. Ümid edirəm ki, inşallah, Uca Allah sizin hamınıza məqbul həcc qismət edər. Biz də sizdən (bizim üçün) dua etməyinizi xahiş edirik.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

_______________________

(1) Görüşün əvvəlində Höccətül-İslam vəl-müslimin Seyid Əli Qazi Əsgər (Həcc və Ziyarət İşləri İdarəsində vəliyyi-fəqihin nümayəndəsi) və cənab Səid Əvhədi (Həcc və Ziyarət Komitəsinin sədri) hesabatla çıxış etilər.
(2) “Bəqərə” surəsi, 197-ci ayədən bir hissə.
(3) “Hud” surəsi, 3-cü ayədən bir hissə.
(4) “Həcc” surəsi, 27-ci ayədən bir hissə.
(5) Pentaqon və MKİ-nin bir çox həssas tapşırığını yerinə yetirmiş ən böyük hərbi şirkətlərdən biridir.