Ali Məqamlı Rəhbərin informasiya bloku

Ümumdünya Əhli-beyt (ə.s) Assosiasiyasının və islami radio-televizya şuralarının üzvləri ilə görüş

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Salam olsun ağamız və peyğəmbərimiz Əbülqasim Mühəmməd Mustafaya, onun ən pak-pakizə və nəcib Əhli-beytinə; xüsusilə, yer üzünün canişini olan Bəqiyyətullaha (İmam Mehdiyə)!

Möhtərəm iştirakçılara, əziz bacı və qardaşlara, istər Ümumdünya Əhli-beyt (ə.s) Assosiasiyasından bura təşrif gətirən, istər İslam ölkələrinin radio-televiziya şuralarına bağlı olan bacı və qardaşlara, istərsə də burada olan möhtərəm şəhid ailələrinin üzvlərinə xoşgəldin söyləyir, hər biriniz üçün Allah-təaladan onun bərəkətini diləyirəm.

Ümumdünya Əhli-beyt (ə.s) Assosiasiyası, eləcə də, radio-televiziya şuraları barədə bəzi nüanslara toxunmaq istərdim. Ümumdünya Əhli-beyt (ə.s) Assosiasiyasına gəlincə, onun əhəmiyyəti Əhli-beytə (ə.s) bağlı olmasındadır. Çünki Peyğəmbərin Əhli-beyti (ə.s) haqqında Quranda Uca Allahın elə bir qəti ifadəsi vardır ki, başqa az qrup barəsində bu cür ifadəyə rast gəlirik. O da bundan ibarətdir: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”(1) Əhli-beyti (ə.s) tanıtdıran əsas xüsusiyyət onların paklığı və Allahın onları pak etməsidir. Bu paklığın bir çox cəhətləri vardır. Əgər hər hansı qrup özünü Əhli-beytə (ə.s) bağlı bilirsə, bəzi lazımi tələblərə riayət etməlidir. Sözümüzün məğzi budur. Bəzi lazımi tələblər var ki, onlara riayət olunmalıdır.

İmamlar (ə.s) bir neçə məqsəd uğrunda çalışıb səy göstərirdilər: Birincisi, haqq olan İslam maarifini, İslamın köklərini və özüllərini diri saxlamaq, bunları qorumaq idi. Zalım hökumətlərin və ümmətin tağutlarının səyi isə buna yönəlmişdi ki, İslam maarifini ya məhv etsinlər ya da dəyişdirsinlər, tərsinə çevirsinlər, təhrif etsinlər. İmamların (ə.s) fəaliyyətinin ən mühüm xətlərindən biri buna qarşı durmaq, İslam maarifini qorumaq və dirçəltmək idi.

İmamların (ə.s) daha bir fəaliyyəti ilahi hökmləri icra etmək, ilahi hökmlərin icrasına çalışmaq idi. İstər əllərində hökumət olduğu zaman, istərsə də hakimiyyətdən və gücdən uzaqlaşdırıldıqları zaman öz səylərini cəmiyyətdə ilahi hökmləri reallaşdırmağa yönəldirdilər. İmamların (ə.s) digər fəaliyyəti Allah yolunda çalışmaqdan ibarət idi. Siz imamların ziyarətnaməsində oxuyursunuz: “Şəhadət verirəm ki, siz Allah yolunda cihadın haqqını verərək cihad etdiniz”. “Cihadın haqqını verərək”, yəni Allah yolunda mücahidədə heç nəyi əsirgəmədilər, bütün vücudları ilə, bütün gücləri ilə, bütün tutumları ilə Allah yolunda mücahidə etdilər.

Özlüyündə müstəqil bir mövzu olan bu mücahidənin mühüm bir bölümü zülmlə və zalımla mübarizə idi. İmamların (ə.s) həyatı başdan-başa zalımlarla və zülmlə mübarizədən ibarət idi. Bütün bu təzyiqlərin, zəhərlənmələrin, şəhadətə çatdırılmaların və sairənin səbəbi də o idi. Çünki zülmə və zalıma qarşı mübarizə aparırdılar. İmamların həyatı bu cürdür. Biz Əhli-beytin ardıcılı olmaq istəyiriksə, bu məsələlərə riayət etməliyik. Gərək İslam maarifini yayaq, ilahi hökmlərin icrasını özümüzə məqsəd bilək. Allah yolunda bütün vücudumuzla mücahidə etməliyik, zülmlə döyüşməliyik, zalımla döyüşməli, mübarizə aparmalıyıq. Bu, bizim vəzifəmizdir. Mücahidə yalnız döyüş deyil. Mücahidə mədəni mübarizədən tutmuş siyasi və iqtisadi mübarizəyə kimi müxtəlif mübarizə növlərindən ibarətdir. Bütün bunlar mücahidə anlayışına daxildir. Ağlımız yalnız döyüşə getməsin. Nə zamansa, haradasa döyüş olması da mümkündür, amma mücahidə bütünlükdə bu deyil.

Fikrimizcə, bu gün biz müsəlmanların, biz Əhli-beyt ardıcıllarının qarşısında vəzifə kimi duran mücahidənin mənası İslam ölkələrində imperializmin qurduğu planlarla mübarizədən ibarətdir. Bu gün ən böyük mücahidə budur. İmperializmin planları ilə mübarizə aparmaq lazımdır. Əvvəlcə bu planları tanımaq, düşmənim dəsti-xəttini oxuya bilmək, onun nə etmək istədiyini bilmək lazımdır. Sonra əyləşib proqram hazırlamalı, düşmənin məqsədləri ilə mübarizə aparmalıyıq. Bu, yalnız müdafiə və barışqanlıq deyil, mübarizə müdafiədən və hücumdan ibarətdir. İnsanın bəzən müdafiə mövqeyində, bəzən də hücum mövqeyində durması lazımdır. Hər iki halda hədəf bütün islami bölgələrdə, xüsusilə, Asiyanın qərbi olan bu bölgədə əsas və köklü düşmən olan imperializmin planları ilə mübarizədən ibarətdir. Avropalılar israrla çalışırlar ki, bu bölgənin adını Orta Şərq qoysunlar, yəni şərqi, günçıxanı Avropanın gözü ilə ölçürlər. Bir tərəf Uzaq Şərqdir, başqa tərəf Orta Şərqdir, bir başqa tərəf də Yaxın Şərqdir. Avropalıların təkəbbürünə bir baxın! Əvvəldən bura Orta Şərq oldu. “Orta Şərq” sözü səhvdir. Bura Asiyanın qərbidir. Asiya böyük bir qitədir, biz Asiyanın qərbində yerləşirik. Bu bölgə çox həssas bölgədir. Strateji və hərbi cəhətdən, yeraltı sərvətlər baxımından, üç qitə – Asiya, Avropa və Afrika arasında rabitə sarıdan mühüm bölgədir. Onların bu bölgə barədə planları var. Gərək bu planların nədən ibarət olduğunu görək, buna qarşı duraq. Bu olar mücahidə. Quran bizə buyurur: “Allah yolunda layiqincə cihad edin”.(2) Bu gün Allah yolunda cihad budur.

İslam dünyasının, xüsusilə də, bu bölgənin əleyhinə qurulan məkrli planlar yeni məsələ deyil. Ötən illərdən – yüz il əvvəldən, Birinci Dünya müharibəsindən bu yana – bu bölgə imperialist qüvvələrin basqılarına məruz qalıb. Bir zamanlar İngiltərə, indi Amerika, bir müddət Fransa... İmperialist qüvvələr yüz il və ya daha artıq müddətdir ki, bu yerlərdə iş görürlər. Amma bu basqılar, proqramlar, məkrli planlar İranda İslam İnqilabının qələbəsindən bəri şiddətlənib. Çünki İran kimi mühüm, iri və həssas bir ölkədə İslamın qələbə çalması imperializm üçün sarsıdıcı hadisə idi. Hadisənin əvvəlindən başlayaraq dünya gücləri bir müddət baş verənləri təhlil etdi. Biz hadisələri izləyərək görürdük ki, onlar əvvəlcə sarsılmışdılar. Sonra özlərinə gəldilər və basqılara başladılar. Basqının mərkəzi də İran İslam Respublikası idi. İlk növbədə çalışırdılar ki, bu təcrübə başqa ölkələrdə təkrar olmasın. Bu məqsədi izləyirdilər. Bu qərara gəldilər ki, İrana təzyiqləri artırsınlar. Biz 35 ildir ki, düşmənin basqılarına adət etmişik. İran xalqı təzyiqlərə – təhdidlərə, baykota, təhlükəsizlik basqısına, müxtəlif siyasi hiylələrə adət edib. Biz 35 ildir ki, təzyiqin fərqli növləri ilə üz-üzəyik. İranda İslam İnqilabının qələbəsindən bəri belədir. Lakin 4-5 il bundan əvvəl Şimali Afrikada, Misirdə, Tunisdə və bəzi başqa yerlərdə başlamış islami oyanış hərəkatından sonra düşmənlərin reaksiyası daha da şiddətləndi. Yəni sözün həqiqi mənasında düşmən başını itirdi, əl-ayağa düşdü, çox işlər gördülər, indi də davam etməkdədirlər. Əlbəttə, onlar elə təsəvvür edirlər ki, İslami oyanış hərəkatını yatırdılar, amma mənim fikrim budur ki, islami oyanış hərəkatı yatırılası deyil. Doğrudur, bəzi işlər gördülər, amma bu hərəkat mövcuddur. Bir az tez, ya bir az gec, hər şey öz yerini tapacaq. Hər halda, onlar son bir neçə ildə öz səylərini artırdılar, çox iş gördülər, müvazinət meydanına yeni amillər daxil etdilər.

Əvvəlcə bunu deyim: Biz düşmən deyərkən xəyali və uydurma bir varlıq nəzərdə tutmuruq. Düşmən deyərkən məqsədimiz imperializm sistemidir, imperialist qüvvələrdir, başqalarını istila etmək, başqalarının işinə qarışmaq, başqalarının maliyyə və canlı ehtiyatlarını ələ keçirmək üzərində öz varlığını quran qüvvələrdir. Bunlar imperialistlərdir, başqa sözlə desək, hegemonluq sisteminin liderləridir. Siyasi ədəbiyyatımızda belə bir termin var: hegemonluq sistemi. Yəni dünya hegemon və hegemonluğu qəbul edən tərəflərə bölünüb. Bu, hegemonluq sistemidir. Hegemonluq sisteminin liderləri düşmənlərdir. Əgər bunu başqa məna ilə konkret ifadə etmək istəsək, bu, Amerika Birləşmiş Ştatları rejimidir. Hegemonluq sisteminin bariz nümunəsi Amerika Birləşmiş Ştatları rejimidir. Başqaları da var, amma ən əyani, ən bariz və ən aydın nümunə - humanist əxlaq normalarından heç bir nəsibi olmayan ABŞ-ı rejimidir. Heç bir cinayəti törətməkdən çəkinmirlər. Bu cinayəti, bu basqını və sərtliyi də çox rahatlıqla təbəssümün, etiketli və gözəl sözlərin pərdəsi altında gizlədirlər. Düşmənin xüsusiyyəti budur. Beləliklə, dediyimiz düşmən də elə budur.

Bu bölgədə düşmənin planları iki əsas dayaq üzərində durur. Əlbəttə, başqa dayaq nöqtələri də var, amma ən əsası bu ikisidir. Bunların biri qarşıdurma yaratmaq, ikincisi isə nüfuzdur. Bölgədə düşmənin əsas planı budur: qarşıdurma yaratmaq, dövlətlər arasında, sonra da xalqlar arasında qarşıdurma yaratmaq. Dövlətlərin qarşıdurmasından daha təhlükəlisi xalqların qarşıdurmasıdır. Müxtəlif adlar altında xalqların qəlbində bir-birinə qarşı kin yaradır, aradakı gərginliyi artırırlar. Bir vaxtlar paniranizm, panərəbizm, pantürkizm söhbətini, bir vaxtlar da sünni-şiə, təkfirçilik və bu kimi başqa söhbətləri ortaya atdılar. Bacardıqları hər yolla qarşıdurma yaratdılar. Bu, onların var gücləri ilə həyata keçirdikləri fəaliyyətin bir hissəsidir.

Əlbəttə, bu sahədə ingilislər peşəkar idilər. Onlar dini qarşıdurma yaratmaqda ustadırlar. Amerikalılar da bunu onlardan öyrənmişlər və bu gün bütün varlıqları ilə həmin işi görürlər. Gördüyünüz bütün təkfirçi qruplaşmalar onların yetirməsidir. Əlbəttə, biz bunu bir neçə il əvvəl demişik. Bəziləri tərəddüd edirdilər, amma bu gün amerikalıların özləri etiraf edirlər. Etiraf edirlər ki, İŞİD-i onlar yaradıblar, Cəbhətün-nüsrəni onlar yaradıblar, təkfirçiləri onlar yaradıblar. Bir dəstə sadəlövh, həm də səmimi müsəlman onların yalanına inanıb. Mühüm olan budur. Bizim üçün çox ibrət alınası və diqqət yetiriləsi məsələ budur ki, bəzən səmimi niyyətli bir insan bəsirətsizlik üzündən düşmənin planına uyğun hərəkət edir. Bu cür hadisələr olur. Bunun aydın bir misalı Suriyadır. Tunisdə, Misirdə tağut hökumətlər islami şüarlar altında devriləndə amerikalılar və İsrailin dövlət adamları dərhal bu düsturdan müqavimətçi dövlət və ölkələri məhv etmək üçün istifadə etməyə qərar verdilər. Suriyaya üz tutdular. Bir dəstə sadəlövh və bəsirətsiz müsəlman bu plana qoşuldu. Suriyanı gördüyünüz vəziyyətə gətirdilər. Dörd-beş ilin içində ölkədə elə bir qarışıqlıq yaratdılar ki, nə vaxt sona çatacağı məlum deyil. Bu, düşmənin işi idi. Sadəlövh müsəlman da düşmənin planında qərar tutdu və düşmənin sıralarını doldurdu. Bir çox hallarda bu cür vəziyyət yarandı. Təkfirçi qruplaşmaları, müqəddəs dəyərlərə hörmətsizlik edən, qaniçən silahlı dəstələri onlar yaratdılar və İslam ümmətinin canına saldılar. Bu işi məzhəb davası adı altında təqdim edirlər. Diqqətinizə çatdırıram ki, bu gün İraqda, Suriyada və sair yerlərdə gördüyünüz, məzhəb davası adı verməyə çalışdıqları qarşıdurmalar qətiyyən məzhəb davası deyil, siyasi davadır. Yəməndəki müharibə siyasi müharibədir, məzhəb müharibəsi deyil. Yalandan deyirlər ki, bu, şiə-sünni mübahisəsidir, halbuki, belə deyil. Yəməndə Səudiyyənin bombaları altında qalan, öz uşaqlarını, qadınlarını, südəmər körpələrini, xəstəxana və məktəblərini itirənlərin bəziləri şafiidirlər, bəziləri də zeydidirlər. Bu, şiə-sünni mübahisəsi deyil, siyasi davadır, siyasətlərin müharibəsidir.

Bu gün onlar bölgədə belə bir vəziyyət əmələ gətiriblər, qarşıdurma yaradıblar. Çalışmaq lazımdır ki, bu qarşıdurmalar aradan qalxsın. Biz qəti və açıq formada hamıya demişik: Biz bölgənin bütün müsəlman dövlətlərinə sarı dostluq əlimizi uzadırıq. Bizim müsəlman dövlətləri ilə heç bir problemimiz yoxdur. Bir çox qonşularımızla, yəni əksər qonşularımızla əlaqələrimiz dostluq və qardaşlıq səviyyəsindədir. İran İslam Respublikasını şimaldan və cənubdan, qərbdən və şərqdən əhatə edən ölkələrin bizimlə yaxşı münasibətləri vardır. Əlbəttə, bəziləri də bizimlə yaxından-uzaqdan fikir ayrılığına malikdirlər, inadkarlıq edirlər, alçaqlıq edirlər. Bəli, belə hallar var. Amma biz qonşularımızla, qonşu dövlətlər və xüsusilə də, millətlərlə yaxşı əlaqələr saxlamaq fikrindəyik. Ölkəmizin xalqlarla əlaqəsi yaxşı səviyyədədir.

Bizim əqidəmizin əsasını prinsiplərə və təməllərə bağlılıq təşkil edir. Biz deyirik ki, prinsiplər qorunmalıdır. Bizim möhtərəm İmamımız məhz prinsiplərə bağlılığın bərəkətindən İnqilabı qələbəyə doğru apara və qoruya bildi, İslam Respublikasını möhkəmləndirdi. O, prinsiplərə bağlı idi. Prinsiplərdən biri budur: “(Möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər”.(3) Biz düşmənlərlə, imperializmlə yola getmirik, amma müsəlman qardaşlara qarşı düşmənçilik və ədavət yaratmırıq, məhəbbət, dostluq və qardaşlıq əlaqələri qurmağa çalışırıq. İnanırıq ki, kafirlərə qarşı sərt, biri-birinə mərhəmətli olmaq lazımdır. Bu, bizim möhtərəm İmamımızın verdiyi dərsdir, İslam Respublikasının mübahisəsiz izlədiyi xətdir. Biz məzlumu himayə edərkən qarşı tərəfin məzhəbinə baxmırıq və baxmamışıq. Möhtərəm İmamın xətti bu idi. İmam Livandakı şiə müqavimətinə bəslədiyi münasibəti heç bir fərqə yol vermədən Fələstindəki sünni müqavimətinə də bəsləyirdi. Biz Livandakı qardaşlarımıza göstərdiyimiz himayəni heç bir fərqə yol vermədən Qəzzədəki qardaşlarımıza da göstərmişik. Onlar sünni idilər, bunlar şiədirlər. Bizim üçün əsas məsələ İslamın mahiyyətini qorumaqdır, məzlumu himayə etməkdir, Fələstin problemidir. Bu gün müsəlman bölgələrindəki problemlərin başında Fələstin məsələsi durur. Bu, bizim üçün əsas məsələdir. Düşmənçiliyimizdə də fərq yoxdur. Möhtərəm İmam zahirən şiə olan Məhəmməd Rza Pəhləvi ilə mübarizə apardı. Eləcə də, zahirən sünni olan Səddam Hüseynlə mübarizə apardı. Əlbəttə, nə o, şiə idi nə də bu, sünni idi. Hər ikisi İslama yabançı idi. Amma zahirdə bu, sünni idi, o isə şiə. İmam onların hər ikisi ilə eyni cür mübarizə apardı. Bu, sünni-şiə, məzhəb məsələsi və bu kimi məsələlər deyil, İslam prinsipləri məsələsidir. “Zalımın düşməni, məzlumun köməyi olun”.(4) Bu, İslamın göstərişidir. Bu, bizim yolumuz, bizim xəttimizdir.

İslam dünyasındakı qarşıdurmaları şiddətləndirmək qadağandır. Biz bəzi şiə qrupların sərgilədiyi, qarşıdurma yaradan davranışlara qarşıyıq. Biz qəti şəkildə söyləmişik ki, əhli-sünnətin müqəddəs dəyərlərini təhqir etməyin əleyhinəyik. Həm bu tərəfdən, həm də o tərəfdən bir dəstə düşmənçilik alovunu gücləndirir. Bir çoxunun da niyyəti gözəldir, amma bəsirətləri yoxdur. Bəsirət lazımdır. Gərək baxasan ki, düşmənin planı nədir? Qarşıdurmanın yaranmasında birinci dərəcəli amil düşmənin planıdır.

Düşmənin ikinci planı nüfuzdur. İslam ölkələrində və bu bölgənin ölkələrində elə bir nüfuz yaratmaq istəyirlər ki, oniliiklər boyunca davam etsin. Bu gün bölgədə Amerikanın keçmişdəki hörməti qalmayıb. Bunu bərpa etmək istəyirlər. Ölkəmizdə məqsədləri, İranda niyyətləri də eynidir. Nüvə danışıqları prosesində onların niyyəti bu idi ki, müzakirə və razılaşmalardan ölkənin içində nüfuz qazanmaq üçün vasitə kimi istifadə etsinlər. Bir halda ki, əldə edilmiş razılğın nə buradakı, nə də Amerikadakı taleyi məlumdur; nə burada, nə də orada qəbul ya rədd olunacağı bilinir. Biz bu yolu bağladıq və qəti şəkildə bağlayacağıq. Ölkəmizdə amerikalıların nə iqtisadi, nə siyasi nüfuz əldə etməsinə, nə siyasi cəhətdən varlığına, nə də mədəni nüfuz qazanmasına imkan verməyəcəyik. Bütün gücümüzlə - Allaha həmd olsun ki, bu gün gücümüz çoxdur – buna qarşı duracağıq, buna icazə verməyəcəyik.

Eləcə də, bölgədə nüfuz qazanmaq, burada öz iştiraklarını təmin etmək, bölgədə öz məqsədlərini izləmək istəyirlər. Biz bu vəziyyətin yaranmasına Allahın yardımı və qüvvəsi ilə var gücümüzlə imkan verməyəcəyik.

Bizim bölgədəki siyasətimiz Amerikanın yürütdüyü siyasətin tam qarşısında qərar tutub. Bölgədəki ölkələrin ərazi bütövlüyü bizim üçün çox mühümdür. İraqın ərazi bütövlüyü, Suriyanın ərazi bütövlüyü bizim üçün xeyli əhəmiyyət daşıyır. Onlar isə bu ölkələrin parçalanmasını istəyirlər. Mən əvvəldən demişəm ki, amerikalılar İraqın bölünməsinin tərəfdarıdırlar. Bəziləri bu sözə təəccüblənmişdilər. Son zamanlar amerikalılar özləri təsdiq etdilər ki, İraqın bölünməsinə tərəfdardırlar. İraqı bölmək istəyirlər. Əgər bacarsalar, Suriyanı da bölmək istəyərlər. Onların əmrinə tabe olan xırda-xırda ölkələr yaratmaq istəyirlər. Allahın yardımı və qüvvəsi ilə bu iş baş tutmayacaq. Biz bölgədəki müqaviməti müdafiə edirik. Bu illər boyunca İslam ümmətinin tarixinin ən parlaq səhifələrindən olan Fələstin müqavimətini müdafiə edirik. Kim İsraillə mübarizə aparıb sionist rejimə zərbə vurursa və müqaviməti qəbul edirsə, biz onu himayə edirik. Sionist rejimə qarşı duran hər kəsi mümkün olan hər üsulla himayə edəcəyik. Biz müqaviməti himayə edirik, ölkələrin ərazi bütövlüyünü himayə edirik. Amerikanın təfriqəçi siyasətinə qarşı dayanıqlıq göstərən hər kəsi himayə edirik. Bu təfriqələri yaradan hər kəsə qarşıyıq. Biz təbliğat mərkəzi və bazası London olan şiəliyi qəbul etmirik. Bu, imamların (ə.s) yaydıqları və istədikləri şiəlik deyil. Qarşıdurma yaratmaq, intriqa qurmaq, İslam düşmənlərinin gəlişi üçün hazırlıq görmək üzərində qurulmuş şiəlik şiəlik deyil; bu, azğınlıqdır. Şiəlik saf İslamın tam təzahürüdür, Quranın təzahürüdür. Biz vəhdətə yardım göstərən şəxsləri himayə edirik, vəhdətin əleyhinə fəaliyyət göstərən şəxslərə qarşıyıq, bütün məzlumları isə müdafiə edirik. “Siz Bəhreyn və sair bu kimi hadisələrə müdaxilə etdiniz” sözləri ilə meydandan çıxmayacağıq. Biz heç ora müdaxilə də etməmişik, yalnız onları himayə edirik. Biz Bəhreynin, Yəmənin məzlum xalqından ötrü kədərlənirik, onlar üçün dua edirik, bacardığımız yardımı onlara göstəririk. Bu gün Yəmən camaatı, Yəmən xalqı, həqiqətən, məzlumdur. Öz imperialist və siyasi maraqları xatirinə, həm də axmaqcasına bir ölkəni dağıdırlar. Siyasi maraqları başqa yolla da izləyə bilərlər. Bunlar isə öz siyasi maraqlarının arxasınca ağılsızcasına düşüblər. Yəmən hadisələri, eləcə də, İslam dünyasında baş verən bir çox hadisələr bizi kədərləndirir. Pakistan, Əfqanıstan və bu kimi sair yerlərdə də kədərli olaylar baş verir. İslam dünyası bunlara ayıqlıqla və bəsirətlə çarə etməlidir.

İndi də radio-televiziya şurası haqqında fikrimi söyləyim. Bu şura çox mühümdür. Sizin başladığınız iş, yəni bu şuranın yaradılması çox mühüm işdir. Baxın, bu gün müsəlman ölkələrində əhalinin heç olmazsa, yetmiş ya səksən faizi dini köklərə və İslam inancına bağlıdır. İslam ölkələrinə baxın, insanlar öz dini inanclarına bağlıdırlar, öz dinlərini qəbul edirlər. Bəs, İslam ölkələrində xalqın istəyinin nümayəndəsi kimi çıxış etməli olan bu radio və televiziyalar dinə bağlılıqlarını nə qədər göstərirlər? Aradakı bu fasilə, bu uçurum çox təəccüblüdür. Xalqın yetmiş faizi, səksən faizi dinə meyillidir, amma eyni zamanda həmin ölkələrdəki radio və televiziyalar dini istiqamətdə fəaliyyət göstərmir, xalqın istəyini əks etdirmir. Bu, çox təəccüblü haldır. Onların əks etdirdikləri də imperializmə məxsus kütləvi informasiya vasitələri adlı təhlükəli imperiyanın istəkləridir. Bu gün imperializm kütləvi informasiya vasitələri adlı nəhəng bir imperiya yaradıb. Xəbərləri öz istəyinə uyğun olaraq təhrif edir, gizlədir, yalanlar yayır, öz siyasətlərini bu yolla təlqin edirlər. Həm də bu zaman deyirlər ki, biz bitərəfik. İngiltərə radiosu iddia edir ki, biz bitərəfik. Yalan deyirlər! Nə bitərəflik?! Bunlar düppədüz imperializm və müstəmləkə siyasətinin daxilində hərəkət edirlər. İstər Amerika siyasəti, istərsə İngiltərə siyasəti, istər audio daşıyıcıları, istərsə çap məhsulları, istər mətbuat, istərsə də bu gün yaradılmış qəribə rabitə vasitələri – hamısı onların siyasətinə xidmət edir, imperializmə, sionizmə, onların məqsədlərinə xidmət edir. Bu gün Amerika və sionist kapitalistlərinin və şirkətlərinin ixtiyarında olan bu təhlükəli imperiyaya, nəhəng KİV mafiyasına qarşı iş görmək lazımdır. Sizin gördüyünüz iş hərəkatın başlanğıcıdır. Bu hərəkatı davam etdirmək, qüvvətləndirmək, günbəgün onun gücünü artırmaq lazımdır, siz bu hərəkatla həmkarlıq və yoldaşlıq edənlərin sayını artırmalısınız.

İnşallah, bizi gözəl gələcək gözləyir. Diqqətinizə çatdırıram: İmperializmin hədə-qorxularına, onun və tərəfdarlarının, izləyicilərinin maliyyə, hərbi, siyasi və təhlükəsizlik baxımından göstərdikləri çoxlu səylərə baxmayaraq, bölgənin və bütünlükdə müsəlman dünyasının gələcəyi mütləq İslama bağlıdır. İnşallah, günbəgün İslamın izzəti artacaq, İslamın qüdrəti artacaq. Əlbəttə, çalışmaq lazımdır. Allaha həmd olsun ki, bütün İslam dünyasında mücahid insanlar, mücahid kişi və qadınlar, mücahid gənclər çoxdur. Onların qədrini bilməliyik. Şüarlarımızı, hərəkətlərimizi, sözümüzü, fəaliyyətimizi bu istiqamətə yönəltməliyik. Uca Allah mütləq bizə kömək edəcək. “Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər”.(5)

Allahın salamı, rəhməti, bərəkəti üzərinizə olsun.

_______________________

(1) “Əhzab” surəsi, 33-cü ayədən bir hissə.
(2) “Həcc” surəsi, 78-ci ayədən bir hissə.
(3) “Fəth” surəsi, 29-cu ayədən bir hissə.
(4) “Nəhcül-bəlağə”nin 47-ci məktubundakı bir cümlənin azacıq fərqli variantıdır.
(5) “Mühəmməd” surəsi, 7-ci ayədən bir hissə.