Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin dövlət rəsmiləri və müsəlman ölkələrinin səfirləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمدلله ربّ‌العالمین، و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی ءاله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّةالله فی‌الارضین و علی صحبه المنتجبین

Əziz qardaş və bacılar, sizin hamınızı, xüsusilə də möhtərəm rəsmiləri, həmçinin qonaqlarımızı, yəni müsəlman ölkələrinin səfirlərini mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm. Həmçinin bütün İran xalqını və dünyanın bütün müsəlmanlarını təbrik edirəm. Ümidvaram ki, Allah-taala – bayaq oxuduğumuz duada da deyildiyi kimi:

اَلَّذی جَعَلتَهُ لِلمُسلِمینَ عیداً

– bütün müsəlmanlara bu günü bayram əhval-ruhiyyəsində, bayram sevinci içində yaşamağı nəsib edəcək. Təəssüflər olsun ki, hazırda bu, belə deyil.

Bu gün İslam dünyasında sıxıntılar, problemlər həddən artıq çoxdur. İslam dini müsəlman birliyi, müsəlman qardaşlığı məsələsini həddən ziyadə vurğulayır; hətta Allahın ipindən – dinindən yapışmaqda da. Bunu tək-tək də etmək olar, amma İslam dini belə tövsiyə etmir.

وَ اعتَصِموا بِحَبلِ اللهِ جَمیعًا

“Hamılıqla Allahın ipinə (dininə, Quranına) möhkəm sarılın və firqələrə bölünüb bir-birinizdən ayrılmayın” (“Ali-İmran” surəsi, 103-cü ayədən) – deyir, bir olun deyir. Bu qədər təkidə, bu qədər tövsiyəyə baxmayaraq, bu gün, təəssüflər olsun ki, biz müsəlmanlar bu göstərişə əməl etmirik. Nəticəsini də özünüz görürsünüz. Mən üzümü bütün ölkələrdə yaşayan müsəlmanlara, özəlliklə də din alimlərinə, ziyalılara, dövlət rəsmilərinə, siyasətçilərə, üzdə olan, tanınmış insanlara tutub deyirəm ki, bu konfliktlərdə İslam ümmətinin düşmənlərinin xain əllərini görsünlər, sezsinlər. Bu konfliktlər, bu ikitirəlik təbii deyil, süni şəkildə, qəsdən ortaya atılıb. Müsəlmanların özünə qalsa, onlar dinc şəraitdə yanaşı yaşaya bilərlər. Təcrübə də göstərir ki, düşmənin vəsvəsəsi, hiyləsi, xəbis planları ortada olmadıqda müsəlmanlar rahat şəkildə birgə yaşayıblar. Bunu biz öz ölkəmizdə də, İraqda da, başqa müsəlman ölkələrində də müşahidə etmişik.

Bu konfliktləri İslam dünyasına qəsdən yeridirlər. Nə üçün? Çünki bu konfliktlər böyük dövlətlərin mənafeyini təmin edir. Onlar İslam ümmətinin bir olmasını istəmirlər. Bu möhtəşəm gücün dünyanın super-gücləri arasında baş qaldırmasını, özünü göstərməsini istəmirlər; istəmirlər. Əgər İslam ümməti bir yumruqda birləşsəydi, diqqətini müştərək cəhətlərinə yönəltsəydi, müsəlmanların bu möhtəşəm say göstəricisi, müsəlman ölkələrinin regionlardakı həssas coğrafi mövqeyi, bu yeraltı resurs və ehtiyatları, təbii sərvətləri və insan potensialı ilə, heç şübhəsiz, dünya siyasəti arenasında özünəməxsus bir qüvvə olardı. Əgər biz bir yumruqda birləşə bilsəydik, dünyanı belə bir təzahür bürüyərdi. Onlar isə bunun baş verməsini istəmirlər. Bu regiona konflikt salmaq , region ölkələrinin başını daxili problemlərinə qatmaq üçün gətirib İsrail rejimini bura salıblar.

Bir məqama diqqət yetirmək lazımdır ki, xalqlar İsrail rejiminə müqavimət göstərdi, onun qarşısında təslim olmadı. İsrail rejiminin İngiltərə, daha sonra isə Amerikanın kömək və havadarlığı ilə bu regionda öz maddi gücünü günü-gündən durmadan artırdığı bu onilliklər ərzində müsəlman dövlətləri arasında bəzi zəif dövlətlər və yaramaz insanlar sionistlərə tərəf meyillənməyə başladı. Müsəlman dövlətlərindən çoxu və İslam dünyasının bəzi siyasətçiləri, o cümlədən elə bizim öz ölkəmizdə hakimiyyətdə olmuş keçmiş üzdəniraq rejim və bəzi digərləri qəsbkar, işğalçı, təcavüzkar, adamöldürən, işğalçılıq hesabına “Nildən Fərata qədər” ideyası ilə öz ərazisini genişləndirmək niyyətində olan sionistlərlə, belə bir dövlətlə əlaqəyə girib ortada olan düşmənçiliyə tamamilə göz yumdular. Xalqlar isə yox; xalqların qəlbində işğalçı sionistlərə və İsrail dövlətinə qarşı daim bir nifrət hissi dalğalandı. Bu məsələdə xalqlar dövlətlərin yolu ilə getmədilər. Və əlbəttə ki, bu, Amerikadan asılı, İsraillə canbirqəlb olan dövlətlər üçün dözülməz bir şey idi.

Belə olan halda imperialistlər düşündülər ki, bu nifrəti, bu müqaviməti dağıtmaq, xalqların fikrini sionizmdən yayındırmaq lazımdır. Bunun üçün nə etdilər? Vətəndaş müharibələrinə rəvac verdilər. Bizi bir-birinin canına salmaq üçün, xalqları üz-üzə qoymaq üçün sünnilərlə şiələr arasına bu davaları saldılar, “Əl-qaidə”, İŞİD və s. bu kimi cinayətkar təşkilatları yaratdılar. Bu da onların xain və təcavüzkar əllərinin işidir.

Bəzi amerikalılar İŞİD-in yaradılmasında, genişləndirilməsində, kök salıb möhkəmlənməsində rolları olduğunu(1), bu gün də onları himayə etdiklərini öz xatirat kitablarında da qeyd ediblər. Hazırda İŞİD əleyhinə koalisiya yaradılıb. Mənə qalsa, bunun, doğrudan da, İŞİD əleyhinə bir koalisiya olduğuna inanmıram, amma lap tutaq ki, bu məqsədlə yaradılıbsa da, məgər təkcə İŞİD-dir? Müsəlman ölkələrinin ətrafında göydəndüşmə pullar hesabına cürbəcür adlar altında cürbəcür qruplaşmalar fəaliyyət göstərir, işləyir, terrora rəvac verir, partlayışlar törədir, insanları qətlə yetirir, küçə-bazarda, meydanlarda, məscidlərdə günahsız insanların qanını tökür. Xalqları məşğul ediblər, başlarını qarışdırıblar; sünnini şiənin əleyhinə, şiəni sünninin əleyhinə. Bu tərəfdən də aqresiv, ifratçı, sözünə sərhəd qoymayan bir qrup adam yetişdirirlər, pul gücünə bu işlərə vadar edirlər, qarşılıqlı olaraq o tərəfdən də müəyyən bir qrupu bu ruhda kökləyirlər ki, bir-birinin üstünə düşüb vuruşsunlar; hərəsinin də arxasında böyük bir kütlə var. Sionistlər üçün bundan yaxşı nə ola bilər? İsrail dövləti üçün bundan gözəl nə ola bilər? Gəlin ayılaq! Regionda nələr baş verdiyini dərk edək!

İmperialist dövlətlər bu regionda xain siyasət yürüdür; bu, açıq-aşkardır. Onlar İraqda seçki nəticəsində, əksəriyyətin rəyi ilə hakimiyyətə gəlmiş demokratik hökuməti yıxmaq siyasəti güdürlər. İstədikləri budur; zəiflətsinlər, boşluq yaratsınlar, işləməyə qoymasınlar. Və ölkədə şiələrlə sünniləri üz-üz qoysunlar. Biz İraqı hələ bu hadisələr başlamamışdan əvvəl də görmüşük. Şiələrlə sünnilər birgə yaşayırdılar, bir-birindən qız alıb, qız verirdilər, bu gün isə üz-üzə durmalıdırlar, bir-birinə silah çəkməlidirlər! Bunların sonuncu hədəfi isə İraqı parçalamaqdır. Bizim siyasətimiz bunun tam əksinədir. Biz inanırıq ki, İraqda seçki nəticəsində hakimiyyətə gəlmiş dövləti möhkəmləndirmək, daxili konfliktlərə yol açan ünsürlərə qarşı mübarizə aparmaq, müqavimət göstərmək, İraqın ərazi bütövlüyünü qorumaq lazımdır. Bu, imperialistlərin İraqda izlədiyi siyasətə tam əks olan bir siyasətdir.

İmperialistlərin Suriyada izlədiyi siyasət isə İsrailə müqavimət göstərməyi ilə tanınmış hökuməti nəyin bahasına olursa-olsun devirməkdən ibarətdir. Bizim siyasətimiz buna da ziddir. Əlbəttə ki, istər İraq, istər Suriya, istər Yəmən, istər Bəhreyn, istər Livan, istərsə də digər ölkələr olsun, biz hər bir ölkədə qərarı xalqın verməli olduğunu düşünürük. Kənardan nə bizim, nə də bir başqasının hansısa xalqın müqəddəratı ilə bağlı qərar qəbul etməyə haqqı yoxdur. Qərarı onlar özləri verməlidir. Bizim fikrimiz, mövqeyimiz budur. İmperialistlərin Suriya ilə bağlı siyasəti sionistlərə qarşı mübarizədə möhkəm, barışmaz mövqeyi ilə tanınmış hazırkı hökuməti xalqın iradəsindən kənar bir şəkildə inkar etməkdən ibarətdir. Deyirlər ki, bu hökumət olmamalıdır. Belə ki Suriyanın həm indiki(2), həm də keçmiş prezidenti(3) qondarma İsrail rejiminə qarşı açıq-açığına mübarizə aparıb. Biz isə deyirik ki, yox, şüarı, hədəfi, niyyəti sionistlərə qarşı mübarizə olan bir hökumət İslam dünyası üçün olduqca dəyərlidir. Suriya və ya İraqda biz heç bir şəxsi mənafe güdmürük; Bizi İslam dünyası, İslam ümməti düşündürür. İmperialistlərlə bizim mövqeyimiz bax bu şəkildə bir-birinə ziddir.

Livana gəlincə. İllər boyu İsrail rejimi Livanın böyük bir hissəsini işğal etdi, Amerika başda olmaqla imperialist dövlətlər isə buna susdu; razılıq əlaməti olaraq susdu. Sonralar bu ölkədə mömin və fədakar bir müqavimət qrupu meydana gəldi. Livandakı müqavimət qüvvələri – “Hizbullah” milli müqavimət qüvvələrinin ən nüfuzlusudur. Onlar dünya miqyasında ən şərəfli, ən hörmətli milli müdafiə, milli müqavimət hərəkatlarından biridir. Dünya ölkələrində bu cür imanla, fədakarcasına, uğurla, təmiz fəaliyyət göstərən çox az milli müdafiə qüvvələri olub. Bunların axırına çıxmağı qarşıya məqsəd qoyublar, hizbullahçıları terrorçuluqda ittiham edirlər. Hizbullah terrorçudur? Livan torpağından baş qaldırmış bu böyük milli müdafiə qüvvəsi terrorçudur? Terrorçu buna deyirlər? Onda belə çıxır ki, siz avropalıların, eləcə də başqalarının tarix boyu iftixar etdiyiniz, doğma vətəninin müdafiəsinə qalxmış müqavimət qüvvələri də terrorçu olub? Təcavüzkarların, imperialistlərin əleyhinə çıxıb fədakarlıq edən qüvvələr terrorçu hesab olunur? Özləri isə uşaq qatili olan, cinayətkar, qəddar İsrail rejiminin əlini qardaş kimi, əbədi dost kimi sıxırlar. Onların siyasəti budur.

Biz Livandakı müqavimət hərəkatını ona görə dəstəkləyirik ki, onlar sözün əsl mənasında bir müqavimət qrupu kimi düşmənin qarşısında durub, cəsur, fədakar bir müdafiə qüvvəsidir, imperialistlərin qarşısında mətin dayanıblar. Onlar olmasaydı, bir vaxtlar Seydaya, hələ Seydadan da o tərəfə, Beyruta qədər gəlib çıxmış İsrail rejimi bu gün Beyrutu işğal etmişdi, artıq Livan yox idi. Onların qarşısını alan məhz müqavimət qüvvələri oldu. Amerikalılar, onların düzlüyü sevən, həmişə düzünü danışan (!) siyasətçiləri isə hizbullahçıları terrorçu adlandırır, onları dəstəkləyən İranı terroru müdafiə etməkdə suçlayır. Terroru müdafiə edən sizsiniz. İŞİD-i yaradan, terrorçuları yetişdirən, murdar, terrorçu sionistləri qanadı altına alan sizsiniz! Terrorun havadarı sizsiniz! Siz terrorçulara yardım və dəstək verdiyinizə görə məhkəmə qarşısında cavab verməlisiniz! Eyni məsələ Yəmənə də, Bəhreynə də, başqa ölkələrə də aiddir.

Yəməndə; ən həssas məqamda ölkədə siyasi boşluq yaratmaq üçün istefa vermiş, sonra da qadın paltarında ölkəsindən qaçmış prezident legitimdir? Bu prezidentin başqa bir ölkəyə müraciət edərək öz ölkəsinə hücum edilməsini, insanların qətlə yetirilməsini istəməyə haqqı var? Artıq 4 aydır və ya 3 aydan bir qədər artıqdır ki, Yəməni bombalayırlar. Kimləri hədəfə alırlar? Məscidləri, xəstəxanaları, şəhərləri, evləri vurur, günahsız insanları, uşaqları qətlə yetirirlər. Onların günahı nədir?

Amerika da bunları himayə edir. Mən bayram namazında amerikalılara müraciətlə dedim ki, siz indi də səhvə yol verirsiniz. Keçmiş səhvlərini deyir, etiraf edirlər. 28 mordadı deyirlər; deyirlər ki, səhv etmişik. Bəli, çox böyük səhv etmisiniz, amma indi də səhvə yol verməkdəsiniz. Ən qəddar, ən istibdadçı rejimlərlə dost, əlbir olmusunuz, canbirqəlbsiniz, başdan-ayağa seçki nəticəsində formalaşmış İslam Respublikasını isə diktatura adlandırırsınız! Heç insafınız yoxdur?! Siz amerikalılar, amerika siyasətçiləri insafsızlığın ən son həddində danışır və mühakimə yürüdürsünüz; hətta açıq-aşkar göz önündə olan reallıqlara münasibətdə belə. Adama qəribə də gəlir. Bunarın hələ danışmağa üzü də var? Xalqına seçkinin adını belə çəkməyə imkan verməyən dövlətlərlə dost, canbirqəlb, qardaşlıqdırlar – hansı ki həmin ölkələrdən bəzilərində küçədə kimsə seçkidən danışsa, tutub aparıb həbsə atırlar, aqibəti də necə olur, məlum deyil – amma 36 il müddətində otuz neçə dəfə seçki keçirmiş İslam Respublikasına diktator deyirlər. Bunlara inanmaq olar? Ona görə biz deyirik ki, bunlara inanmaq olmaz.

Bunlara inanmaq olmaz. Bunlar elə adamlar deyil ki, ağızlarından doğru söz çıxa. Bunlarda düzlük yoxdur. Cənab prezidentin qeyd etdiyi o çətin sınaqda da(4) – bu müddət ərzində, doğrudan da, zəhmət çəkiblər, həm o, həm də digər rəsmilər –onların dönüklüyü dəfələrlə göründü. Əlbəttə, sevindirici haldır ki, rəsmilərimiz öz mövqelərinin üstündə sona qədər möhkəm durdular, lazımınca davrandılar; müəyyən situasiyalarda, doğrudan da, inqilabçıya layiq davranış sərgilədilər, işlədilər. Bu günə qədər hansısa nəticələr də əldə ediblər; görək bundan sonra nə olur.

Bu gün İslam dünyasının dərdlərinin bir əlacı var, o da vəhdətdir. Bu, ayrı-ayrı ölkələrə də aiddir; xalqlar bir olmalıdır. İran xalqı bir olmalıdır. Bu nüvə məsələsi və digər bu kimi məsələlərə görə xalq arasında ikitirəlik yaranmamalıdır. İş var, görülür, rəsmilər var, nə lazımsa edirlər, inşallah, xalqın mənafeyi nəyi tələb edirsə, onu müəyyən edəcək və təmin olunmasına səy göstərəcəklər; belə olmamalıdır ki, camaat arasına ikitirəlik düşsün, hərənin ağzından bir avaz gəlsin. Düşmənin istədiyi budur. Elə bu dəqiqə də kim xaricilərin apardığı təbliğata, onların sayını durmadan artırdıqları və daim hansısa mövzularla çıxış etdikləri televiziya və radio kanallarına, internet saytlarına nəzər salsa, görər ki, onların məqsədi əhali arasında təfriqə yaratmaqdır. Buna imkan verməyin; vəhdəti qoruyun, bir olun.

Bir də ki, güc, iqtidar daxildən baş qaldırmalıdır. Ümumi, ictimai təqva da fərdi təqva kimidir. Fərdi təqvada – hansı ki oruc da təqva üçündür; oruc ayı təqvanın əldə olunması ayıdır – siz təqvalısınızsa, sizdə daxildən günaha qarşı bir dirənc yaranır. Vurdurduğu peyvənd nəticəsində immunitet qazanmış bir insan kimi; həmin insan mikroblarla dolu bir mühitə düşəndə belə, onlar ona təsir göstərmir. Təqva da belədir. Təqva ətraf mühitin sizə təsir göstərməsinə imkan vermir. Ən azından, asanlıqla təsir altına düşməyinizə mane olur. Fərdi təqva belədir. Bütöv bir xalqın təqvası da eynilə bu cürdür. Əgər bir xalq daxildən güclənsə, elmini, sənayesini, imanını, mədəniyyətini gücləndirsə, xarici qüvvələr ona təsir göstərə bilməz. Bu gün biz hamımız bu formula əməl etməliyik; bütün İslam dünyası bu formula əməl etməlidir.

Pərvərdigara! Doğru yolu tanıyıb o yolla getməkdə Özün bizə kömək ol.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_____________________________
(1) Bu faktlar Amerikanın keçmiş Xarici İşlər Naziri Hillori Klintonun öz xatirələrini yazdığı kitabda da yer alıb.
(2) Bəşşar Əsəd.
(3) Hafiz Əsəd.
(4) Ali Məqamlı Rəhbər ölkə prezidentinin nüvə danışıqları və bu mövzuda razılaşmanın əldə olunması barədə söylədiyi fikirləri nəzərdə tutur.