Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin mübarək ramazan ayının 24-cü günü tələbələrlə keçirdiyi görüş zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و ءاله الطّاهرین سیّما بقیّة الله فی الارضین

Əzizlərim, gözəl gənclər, çox xoş gəlmisiniz. Mən bu görüşə, doğrudan da, ürəkdən, həddən artıq şadam. Gənclərin ölkənin müxtəlif məsələləri ilə bağlı sferalarda fəal, dinamik, həvəslə iştirak etməsi çox mühüm bir məsələdir, çox əhəmiyyətli bir hadisədir. Mən burada özüm üçün müəyyən qeydlər etmişəm, onların ətrafında danışacağam. Əvvəla, elə sözə başlayarkən deyim ki, xoşbəxtlikdən, İran gəncləri yüksək əhval-ruhiyyəli, stimullu gənclərdir; qərəzli, bir qayda olaraq xaricdən qaynaqlanan və ya əsasən elə xarici statistika mərkəzlərinin car çəkib dünyaya elan etdiyindən tam fərqli olaraq. Onlar İran gənclərinin pessimist olduğunu deyirlər. Hələ bir təsnifat da aparıb deyirlər ki, iranlı gənclər pessimizmin filan dərəcəsindədir; çox yüksək bir göstərici qeyd edirlər. Hazırda bax belə çirkin, ağ yalanlar danışılır və bu, silsilə şəkildə bir çox başqa yanlış məsələlərə də yol açır – İran gənci pessimizmə, ruh düşkünlüyünə qapılıb, odur ki onun üçün ortalığı şənləndirməli, əhval-ruhiyyəsini yüsəltməliyik. Necə? Konsertlər təşkil etməklə, oğlanlı-qızlı, qarışıq cinsli tədbirlər, müxtəlif ekskursiya və düşərgələr təşkil etməklə və bu qəbildən olan başqa “azadlıqlar”la. Bütün bunlar həmin fikrin davamıdır. Amma xeyr, əksinə, bu gün İran gəncliyi dünyanın ən fəal, dinamik, canlı gəncliyidir. Qərb dünyasına nəzər salın, Avropada gənclər ruh düşkünlüyü içindədir. Orada intihar hallarının statistikası həddən artıq yüksəkdir. Ruh düşkünlüyü Avropadadır ki, orada bir gənc psixoloji gərginlik altında əlinə tüfəng alıb tamamilə təhlükəsiz görünən bir sahilə gedir və ardıcıl şəkildə atəş açaraq 80-ə yaxın uşağı güllələyib öldürür. Avropa ölkələrindən birində bir neçə il əvvəl baş vermiş bu hadisə bütün dünyada əks-səda doğurmuşdu, hamı bundan xəbər tutmuşdu. Ruh düşkünlüyü, pessimizm budur. Ruh düşkünlüyü odur ki, avropalı gənclər intihar etmək üçün gedib İŞİD-in sıralarına qoşulur. Bizdə olan məlumatlara görə, İŞİD-in kamikadzelərindən çoxu avropalı gənclərdən ibarətdir. Özlərini öldürmək istəyirlər, “bu şəkildə intihar etmək daha həyəcanvericidir və başqa üsullardan, misal üçün, filan Avropa ölkəsində özünü çaya atıb boğulmaqdan daha yaxşıdır” deyə düşünür, buna görə də gedib İŞİD-ə qoşulurlar. Tamamilə ruh düşkünlüyü içində olduqlarına görə həyəcan axtarırlar; pessimist onlardır. İran gəncləri isə ramazan ayının 23-cü günü orucağız, həmin gecə oyaq qalıb Qədr gecəsini qeyd etdiklərinə baxmayaraq, yayın qızmar istisində küçələrə çıxıb yürüş edir, ardınca da günün altında oturub cümə namazını keçirir. Belə bir gənclik pessimizmdən, ruh düşkünlüyündən kilometrlərcə uzaqdır, canlıdır, dinamikdir, yüksək əhval-ruhiyyədədir. 

Bugünkü görüşümüz, əziz balalarımın, gənclərimizin etdiyi çıxışlar, bir sıra məsələləri ehtiva edən söhbətlər – bütün bunlar canlılıqdan, fəallıqdan xəbər verir. Bu, mənə və mənim kimi insanlara da təsir göstərir. Yəni bu fəallıq, bu canlılıq sizi dinləyənlərə də təsirsiz ötüşmür. Hər halda, mən sizinlə olan bugünkü görüşümüzdən çox məmnun qaldım və çıxış edənlərdən hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. 

Gənclər çıxş etdikcə mən burada özüm üçün bəzi qeydlər də götürmüşəm ki, sonradan bəzi məqamlarla bağlı müəyyən şeylər əlavə edim. Amma bilmirəm vaxtımız çatacaq, ya yox.

Əziz tələbələrimizdən biri belə bir cümlə işlətdi ki, şüarla iş görülmür. Bəli, bu fikir o mənada doğrudur ki, biz elə daim şüarlar irəli sürək və ardınca heç bir iş görməyək. Bu baxımdan tamamilə doğrudur, sırf şüarlarla çıxış etməklə heç bir iş başa gəlmir. Lakin şüarları əhəmiyyətsiz bir şey hesab etmək də doğru deyil; şüarlar çox mühümdür. Heç yadımdan çıxmaz, inqilabdan illər öncə Məşhəddə tələbələr arasında bir tədbir keçirirdik, təfsir mövzusunda söhbətlərimiz olurdu. Bir qrup tələbə – sayları da o vaxtkı toplantılarda iştirak edən insanların sayına görə az sayılmazdı, bir neçə yüz nəfər və ya bundan bir qədər az olardı – bir yerə yığılırdı, mən də təfsirdən danışırdım. Nə isə, bu barədə çox şey danışmaq olar, bir gün həmin toplantıda bir nəfər bir şüar səsləndirdi. Mən o tədbirləri müəyyən tərtibatla, öncədən nəzərdə tutduğum proqramla aparırdım, yəni ayələrin təfsiri əsnasında inqilabın əsas, prinsipial ideyalarını da auditoriyaya ötürürdüm. İstəmirdim ki, üzdə hansısa işlər görülsün və hökumət bundan həssaslaşıb işimizin qarşısını alsın. Söhbət zamanı mən dedim ki, xahiş edirəm, şüarlar səsləndirməyin; şüar nə danışmaqdır, nə iş görmək. Danışmaq deyil, çünki bir neçə kəlmədən ibarətdir, əməl deyil, çünki adamın boğazından çıxan səsdir. Həmin toplantıda mən belə bir fikir səsləndirmişdim. Növbəti həftə tələbələrdən biri qalxıb dedi ki, mən ötən həftə bir nəfərin dediyi bir fikrə etirazımı bildirmək istəyirəm. Dedik, buyur, bildir. Dedi: “O adam dedi ki, şüar nə danışmaqdır, nə iş görmək, halbuki şüar elə həm danışmaqdır, həm də iş görmək. Danışmaqdır, çünki müəyyən sözlərdən ibarətdir və mühüm məzmun daşıyır; düzdür, bir cümlədir, amma bitkin bir mənanı, məzmunu ehtiva edir; odur ki ixtiyarında tribuna olan sizlər, – bizim ixtiyarımızda tribuna var idi, danışırdıq, nələrisə bəyan edirdik , – bu sözün qədrini bilməlisiniz. Və şüar işdir, əməldir, ona görə ki ətrafdakılara stimul verir, şüarlar insanları meydanlara çəkib gətirir, səfərbər edir, istiqamətləndirir; buna görə də əməldir. Bəli, şüarın nə danışıq, nə də əməl olduğunu bildirən ustadın , – məni nəzərdə tuturdu, – dediyinin tam əksinə, şüar həm sözdür, həm də əməl”. O vaxt bu sözü deyən gənc tələbə bu gün sizin hamınızın yaxşı tanıdığı ölkə rəsmilərimizdən biridir. Həmin gün mən orada idim və müzakirəyə hazır idim. Qulaq asdım, gördüm ki, o insan doğru deyir, haqlıdır. Şüar həm sözdür, həm də əməl. İndi həmin sözü sizə deyirəm. Yaxşı, dolğun məzmunlu, genişləndirilməyə layiq bir ideoloji həqiqətin carçısı olan şüarlar seçilərsə, bu həm sözdür, həm də əməl. Bu cür şüarı irəli sürmək kütləyə istiqamət verir, stimul verir. Odur ki kimsə elə gəlib bir kəlmə, misal üçün, bizim dediyimz müqavimət iqtisadiyyatı məsələsini daim təkrar etsin, ardınca heç bir iş görülməsin, bəli, sırf bu sözü dildə deməklə heç bir iş reallaşmayacaq. Amma əgər bu “müqavimət iqtisadiyyatı” şüarının özü ölkənin fəallarının, o cümlədən bu sırada ən önəmli simalar olan siz tələbələrin qəlbində və dilində özünə möhkəm yer etsə, təkrarlansa, bunun mühüm nəticələri olar; inşallah, azana qədər vaxtımız olsa, bu barədə bir neçə söz deyəcəyəm. 

Belə bir məqam da qeyd olundu ki, inqilabi yönümlü tələbə təşkilatlarına sərt yanaşılır. Bu gün burada gənclərdən bir neçəsi bu məsələyə toxundu, bu barədə mənə də məlumat veriblər. Mən elə buradaca bugünkü görüşümüzdə iştirak edən rəsmilərə – möhtərəm nazirlərimizə deyirəm ki, rəhbər kadrların inqilabi yönümlü, dini yönümlü təşkilatlara qarşı sərt mövqe sərgiləməsinə heç bir vəchlə imkan verməyin. Belə bir şeyə qətiyyən icazə verilməsin, qeyd etdiyim təşkilatlar üçün sıxıntı yaratmasınlar. İmkan versinlər, inqilabi, dini təşkilatlar işləsin. Burada danışılan sözlər hamısı elə bizim demək istədiklərimizdir; bizim deməli olduğumuz fikirlərdir, bizim görməli olduğumuz işlərdir. Bu gənclər də elə o fikirləri, o sözləri vurğulayırlar. Bu sözlərin tələbələrin dilindən deyilməsinin və dönə-dönə vurğulanmasının nə qədər effektiv təsirə malik olduğunu az sonra mən qeyd edəcəyəm. Qoy onlar bütün bunları dilə gətirib desinlər, qoy işləsinlər. İmkan verin, tələbə təşkilatları, inqilabi, dini yönümlü təşkilatlar – mən inqilabi yönümlü təşkilatların üzərində özəlliklə dururam – qol-qanad açsınlar, imkanları geniş olsun; onları çərçivəyə salmasınlar. 

Əziz tələbələrimizdən biri digər bir məsələni – universitetlərdə konsertlərin təşkil olunmasını qeyd etdi və dedi ki, universitet konsert yeri deyil. Düzdür, bu məsələni mən də özüm üçün qeyd etmişdim, mənim qeydlərimin arasında da bu var. Öz ağlımızca, tələbə ictimaiyyəti içərisinə canlanma, ruh yüksəkliyi gətirmək üçün universitetlərdə konsertlər təşkil etmək, yaxud tələbələri məhrəm-naməhrəmin bir-birinə qarışdığı düşərgələrə aparmaq ən yanlış işlərdəndir. Tələbələri canlandırmaq, onlara yüksək ruh bəxş etmək üçün başqa yollar da var. Bunun üçün onları günaha tərəf çəkmək, təqva pərdələrini yırtmağa sövq etmək lazım deyil; xoşbəxtlikdən, bu günün dindar gəncləri təqvasını qorumaqda israrlıdır. Onları Cəhənnəmə yox, Cənnətə tərəf çəkmək lazımdır. Bəli, universitetlərdə bu kimi işlərə qətiyyən lüzum yoxdur. Mən, əlbəttə ki, bu məsələnin, bu problemin əlamətlərini illər öncə sezmişdim. O vaxt tələbə təşkilatlarından biri universitetlərdən birində bir tədbir təşkil etmişdi. Hələ o zaman mən bu barədə xəbərdarlıq etdim, amma təəssüflər olsun ki, məsələnin üstünə düşən olmadı, ziyanını da çəkdik. Bir neçə il ziyanını çəkdik. Bu gün belə işlərə icazə verilməməlidir və bu, azadlıq istəyinə qarşı çıxmaq deyil. Belə işlər azadlıq istəyinin, azadlığa meylin əlaməti deyil. Bunlar İran cəmiyyətinin, müsəlman cəmiyyətinin, İslam sivilizasiyasının, özəlliklə də iranlı tələbələrin düşmənlərinin planlarıdır. Onların məqsədi budur ki, bu gənclərin arasından Şəhriyarilər çıxmasın, Dr. Çəmranlar çıxmasın. Bu insanlar pak, təqvalı bir ömür yaşamışdılar. Təkcə nüvə sahəsi də deyil. Statistik məlumatlarda cürbəcür sahələrdə qazandığımız irəliləyişlər haqda eşidirsiniz, dünya üzrə 8, 9, 10 ölkədən biri olduğumuz deyilir. Bu işlərdə ön sıralarda gedən insanların əksəriyyəti inqilabi ideyaların daşıyıcı olan dindar insanlardır. Nüvə sahəsində də belədir, nano-texnologiyalar sahəsində də belədir, bu gün fəal elmi tədqiqatların aparıldığı digər sahələrin çoxunda da belədir. Bütün bunlar mömin, dindar, inqilabi ruhlu balalarımızın əlinin məhsuludur. Bu böyük işləri həyata keçirən onlardır. İndi biz durub belə yanlış işlərlə uşaqlarımızı inqilaba, İslama, dinə, mənəviyyata meyildən uzaqlaşdıraq? Bu, ən səhv addımlardandır. Əlbəttə ki, hər iki möhtərəm nazirimiz mənim inandığım insanlardır, intəhası rəhbərlikləri altında çalışanlara diqqət etsinlər. Belə işləri təşkil edən insanlara qarşı çox diqqətli olsunlar, nələrin baş verdiyini bilsinlər. Üstündə durulması vacib olan məqamlardan biri də bu idi. 

Əziz tələbələrimizdən biri də sözün həqiqi mənasında azad fikir klublarının təşkil olunması məsələsinə toxundu. Tamamilə doğrudur, mən bununla tam razıyam. Elə əvvəldən biz azad fikir klubları deyəndə bunu nəzərdə tuturduq: insanlar gəlib öz fərqli, müxalif düşüncələrini ifadə etsinlər. İntəhası sizlər – gənc, inqilabi ideyaların daşıyıcısı olan, müsəlman, dini hökuməti dəstəkləyən tələbələr o qədər güclü məntiqə və arqument gətirmə bacarığına malik olmalısınız ki, gedib necə lazımsa, soyuqqanlılıqla onların qarşısında durasınız və arqumentlərini bir-bir inkar edəsiniz. Bu, yaxşıdır, düzgündür. Və bu gün bu mümkündür. Ola bilsin, 10 il, 12 il, 15 il əvvəl mümkün deyildi, amma bu gün mümkündür. Bu gün din sahəsində fəaliyyət göstərən və gözəl intellektual bacarıqlara malik gənclər çoxdur. Azad fikir klublarının təşkil olunmasında heç bir problem yoxdur. Əlbəttə ki, burada da etik normalar, ədəb-ərkan gözlənilməlidir. Yəni azad fikir klublarında müəyyən etik normalar, ədəb qaydaları olmalıdır. Əlaqədar qurumların rəsmiləri, ağıllı insanlar oturub düşünməli və azad fikir klublarını düzgün istiqamətdə fəaliyyətə yönəldəcək bu qayda və normaları müəyyənləşdirməlidirlər. Qeyd olunası önəmli bir məqam da bu idi. 

Digər bir məqam: dedilər ki, kimlərsə Ali Məqamlı Rəhbərin nümayəndəsi qismində onun adından danışır. Əlhəmdulillah, mənim özümün hələ ki dilim söz tutur; mənim öz dediklərim onların sözündən irəlidir. Mənim sözüm mənim dilə gətirib dediklərimdir. Danışanlar isə – Rəhbərliyin nümayəndələri, Rəhbərliyə bu və ya digər şəkildə aidiyyəti olanlar – Rəhbərliyin adından danışmırlar. Buna diqqət yetirin. Xüsusilə də o məsələdə – ad da çəkildi – adını çəkdiyiniz insan öz adından danışıb, Rəhbərliyin adından heç nə deməyib. Mən də öz sözümü demişəm: həm ondan əvvəl, həm də sonra. Siz mənim sözümü mənim özümdən eşidin. Bəli, ola bilər ki, Rəhbərliyə bu və ya digər şəkildə aidiyyəti olan bir nəfər hansısa məsələdə mənimlə həmfikir olmasın, bunun heç bir eybi yoxdur; belə də olur. Rəhbərliyin işçisi sayılan möhtərəm cənablardan bir çoxu konkret olaraq hansısa siyasi, ictimai və ya ideoloji məsələdə Rəhbərlikdən fərqli fikirdə ola bilər; biz heç vaxt bunda problem görməmişik. Bizim üçün ən əhəmiyyətlisi ümumi tendensiyalardır, inqilabi kursdur. Yoxsa biz elə hər məsələ üçün oturub koordinasiya aparmırıq ki, görək işçilərimiz bizimlə həmfikirdir, ya yox. Həmin adam öz fikrini deyib. Axı belə də olmaz ki, haradasa bizim nümayəndələrimizdən biri ağzını açıb bir söz deyən kimi, mən: “Ağa, siz bunu səhv demisiniz, bunu düz demisiniz” – deyim, Rəhbərliyin İctimaiyyətlə əlaqələr şöbəsi də bunu hamıya elan eləsin; belə də olmaz. Bəli, əgər kiminsə mənim adımdan yanlış bir söz dediyi qulağıma çatsa, mən dərhal həmin adamın özünə bu barədə xəbərdarlıq edirəm. Dəfələrlə belə olub. Xəbərdarlıq etmişik, demişik ki, özünüz düzəliş edin, həmin adam da çıxıb düzəlişini edib. Amma mən heç də düzgün hesab etmirəm ki, biri bir şey deyən kimi, biz də burada götürüb elan verək ki, filankəs qələt edib filan sözü deyib.(1) Belə olmaz axı. Harada mənim fikrimin əksinə bir söz deyilsə – əlbəttə ki, mənim adımdan; öz adlarından olsa, yox – xəbərdarlıq edirik, deyirik, ağa, eşitmişik ki, siz bizim adımızdan filan sözü demisiniz, özünüz buna düzəliş etməlisiniz. Bu da belə. 

Burda belə bir sual da verdilər ki, nüvə danışıqları başa çatandan sonra imperializmə qarşı mübarizə məsələsi necə olacaq? Məgər imperializmə qarşı mübarizə ara verilməsi mümkün olan bir məsələdir? İmperializmə, müstəmləkə sisteminə qarşı mübarizə fasilə verilməyəcək bir işdir. Təsadüfən mən elə özüm üçün də qeyd etmişdim ki, bu gün bu məsələni sizə deyim. Bu, bizim görməli olduğumuz əsas işlərdən biridir, İslan İnqilabının başlıca prinsiplərindəndir. Yəni əgər imperializmə qarşı mübarizə olmasa, bu o deməkdir ki, biz ümumiyyətlə Qurana tabe olmamışıq. Bizim imperializmə qarşı mübarizəmiz heç vaxt bitməyəcək. İmperializmin təcəssümünə gəlincə, bu gün Amerika onun bariz nümunəsidir, imperializmi tam olaraq, hərtərəfli təcəssüm etdirir. Biz nüvə danışıqlarında iştirak edən möhtərəm rəsmilərə də demişik – onlara icazə verilib ki, xarici ölkə rəsmiləri ilə üz-üzə danışıqlar aparsınlar; əlbəttə, bundan əvvəl də belə görüşləri olub, amma bu səviyyədə yox, daha aşağı ranqlı rəsmilərlə olub; bu səviyyədə ilk dəfə idi – onlara da demişik ki, sizin yalnız nüvə məsələsi ətrafında danışıqlar aparmaq hüququnuz var, heç bir başqa mövzu ətrafında müzakirələr apara bilməzsiniz; onlar da elə belə də edirlər. Qarşı tərəf bəzən regional problemləri, Suriya, Yəmən və bu kimi məsələləri önə çəkir, rəsmilərimiz isə həmin məsələlər ətrafında danışıqlar aparmağa gəlmədiklərini bildirir, bu söhbətə qoşulmurlar. Müzakirələr yalnız nüvə məsələsi ətrafında gedir; o da mənim dəfələrlə qeyd etdiyim dəlillər əsasında. Nüvə məsələsində bizim nəyə görə bu kursu, bu strategiyanı seçdiyimizi mən bir neçə dəfə qeyd etmişəm, bu barədə ətraflı danışmışam. İmperializmə qarşı mübarizəyə isə əsla ara vermək olmaz, bu məsələdə üzərimizə hansı dini vəzifə düşdüyü tamamilə aydındır. İmperializmə qarşı mübarizəni davam etdirməyə hazır olun. 

Axıra yaxın bir məsələyə də toxundular: gənclərin evlilik məsələsi. Heç şübhəsiz, bu məsələ hamını – qızları da, oğlanları da maraqlandırır. Məndən bu məsələni ata-anaların diqqətinə çatdırmağımı istəmiş həmin əziz gəncimizin tövsiyəsi ilə mən bunu elə buradaca etmək istəyirəm. Üzümü valideynlərə tutub xahiş edirəm ki, evlilik məsələsini bir az asanlaşdırsınlar, nikaha daxil olmaq üçün tələb olunan şətləri bir az yüngülləşdirsinlər. Ata-analar işi çətinləşdirir, çox şey tələb edirlər. Buna əsla lüzum yoxdur. Sözsüz ki, təbii olan müəyyən problemlər var: ev məsələsi, iş məsələsi və sair, amma 

اِن یَکونوا فُقَرآءَ یُغنِهِمُ اللهُ مِن فَضلِه

“Əgər yoxsuldurlarsa, Allah-taala Öz lütfü ilə onları dövlətli edər”. (“Nur” surəsi, ayə 32) 

– baxın, bunu Quran deyir. Ola bilsin ki, hansısa gəncin bu an üçün maddi imkanı uyğun səviyyədə deyil, amma ailə qurandan sonra, inşallah, Allah-taala işlərini düzəldəcək. Buna görə gənclərin evlənmək işini gecikdirməsinlər. Xahiş edirəm, ata-analar bu məsələyə diqqət yetirsinlər. 

Bu mövzu ilə əlaqəli daha bir mühüm məsələ var: təəssüf ki, son vaxtlar qızların ərə verilməsində vasitəçilik etmək, vasitəçinin məsləhəti ilə qız istəməyə getmək ənənəsi azalıb, arxa plana keçib; amma bu, lazımlı bir şeydir. Əvvəllər belə bir adət var idi, bu gün də cəmiyyətimizdə gənc nəslin çoxluğunu nəzərə alaraq demək olar ki, bu ənənənin indi də daha geniş şəkildə yayılmasına ehtiyac var. Kiminsə tanışları arasında münasib bir oğlan olur, onu qız evinə təqdim edir, yaxud münasib bildiyi bir qız var, onu oğlan evinə məsləhət görür. Düzüb-qoşur, bu gənclərin evlənmək işini asanlaşdırır. Qoy bunlar olsun. Biz ətrafımızdakı gənclərin cinsi problemlərini nə qədər uğurla həll edə bilsək, bu, cəmiyyətimizin dünya və axirəti üçün bir o qədər faydalıdır; ölkəmizin dünya və axirəti üçün faydalıdır. Bundan əlavə, mənim dönə-dönə üzərində durduğum nəsil artımı məsələsi baxımından da əhəmiyyətlidir. Mən elə buradaca hörmətli Səhiyyə Nazirinə müraciət edirəm. Mənə çatdırılan hesabatlardan görünür ki, sizin də, mənim də nail olmağa çalışdığımız məsələ, yəni nəsil artımının əngəllənməsinə qarşı mübarizə düzgün formada həyata keçirilmir; nəsil artımının əngəllənməsi nə vaxtsa bir siyasət idi, hazırda qərara gəlinib ki, bu siyasətin qarşısı alınsın. Amma bəzi yerlərdə elə əvvəlki kimi köhnə hamam, köhnə tasdır. 

Əzizlərim, ramazan ayı – mənəviyyat fəsli, mənəviyyat baharı, saflıq baharı başa çatmaq üzrədir; ramazan ayının son günlərini yaşayırıq. Bu ayda sizin qəlbinizin, pak ruhlarınızın məhsuldar torpağı, inşallah, ilahi lütf və mərhəmətin narın yağışı ilə sulanarsa, bu, gələcəkdə öz bəhrəsini verəcək. Əlbəttə ki, gənclər üçün mənəvi kamilləşmə fəsli heç vaxt başa çatmır. Doğrudur, ramazan ayının özünəməxsus cəhətləri var, özəllikləri var, lakin gənclərin mənən kamilləşməsi, inkişaf etməsi hər zaman mümkündür. Gənclər bu barədə mənə dönə-dönə suallar verirlər – məktubla və ya hazırda mövcud olan əlaqə vasitələri ilə – mənəviyyat, ruhi yüksəliş və bu kimi şeylər barədə nəsihət istəyirlər. Bu gün bu mövzuda müxtəlif cür təbliğatlar aparan, “mənəvi kamilliyin büsatı” və sair bu kimi adlar altında cürbəcür fikirlər yayan insanlar çoxdur. Onların hamısına etimad etmək olmaz; bəziləri bu gəlişigözəl sözlərlə yalnız şəxsi mənfəətini güdür, riyakardır, onlara inanmaq olmaz. Mən isə bu mövzuda böyüklərimizdən bir kəlmə söz eşitmişəm və onu sizə demək istəyirəm: ruhi-mənəvi yüksəliş üçün ən vacib məsələ günahdan çəkinməkdir. Ən mühüm iş budur. Çalışın günahdan çəkinəsiniz. Günahlar da müxtəlifdir: dil ilə edilən günahlar var, gözə aid olan günahlar var, əllə edilən günahlar var – cürbəcür günahlar var. Günahları tanıyın və özünüzü onlardan gözləyin. Təqva! Təqva da elə odur: günahdan özünü gözləmək. Təhlükəli bir küçə ilə gedəndə dörd gözlə ətrafınıza diqqət yetirirsiniz; bax təqva da belədir. Ehtiyatlı olun, özünüzü gözləyin ki, günahdan çəkinəsiniz. Mənəvi yüksəlişin ən başlıca yolu budur. Əlbəttə, bundan dərhal sonra vacib əməlləri həyata keçirmək gəlir; vacib əməllər arasında da hamısından əhəmiyyətlisi namazdır; vaxtın əvvəlində, hüzuri-qəlblə qılınan namaz. Hüzuri-qəlb odur ki, namaz qıldığın vaxt kiminlə həmsöhbət olduğunu, kimə üz tutduğunu biləsən, buna diqqət yetirəsən. Bəzən namazda insanın diqqəti yayınır, eybi yoxdur. Yenidən diqqətini toplayan kimi özündə həmin haləti, yəni kimə üz tutduğunu bilmək hissini bərpa etsin və sona qədər qorumağa çalışsın; hüzuri-qəlb budur. Namazı hüzuri-qəlblə, vaxtın əvvəlində, əlindən gəldiyi qədər camaatla qılmaq – əgər bu şeylərə riayət etsəniz, mənəvi yüksəlişə nail olacaqsınız, bir mələyə çevriləcəksiniz, mələkdən də uca olacaqsınız. Bunu bilin. Siz gəncsiniz, qəlbiniz təmizdir, ruhunuz safdır, çirkinliklərə bulaşmamısınız və ya çox az bulaşmısınız. Bizim yaşımıza çatanda bu baxımdan insan bir çox çətinliklərlə qarşılaşır. Odur ki əgər bunlara riyaət etəniz, başqa heç bir nəsihətə ehtiyacınız olmaz. Hansısa xüsusi zikrlərə və bu kimi şeylərə heç bir lüzum yoxdur. Əlbəttə, çox yaxşı olar ki, Quranla ünsiyyətdə olasınız, hər gün bir neçə ayə də olsa, hökmən oxuyasınız; bunlar çox yaxşıdır. Amma vacib əməllərə qarşı çox diqqətli olun. 

Tələbələrin də öhdəsinə düşən özünəməxsus vacib əməllər var. Tələbələr özəl, seçilən bir təbəqədir; bunu nəyə əsasən söylədiyimi mən illər boyu ramazan ayında tələbələrlə keçirdiyim bu görüşlərdə dəfələrlə qeyd etmişəm, artıq təkrara yol vermək istəmirəm. Tələbələrin də öhdəsində onlara vacib olan müəyyən işlər var. Bunlardan biri ideallara can atmaqdır. Bəziləri elə təbliğat aparır, belə bir fikir yaratmağa çalışırlar ki, ideallara can atmaq realistlliyin əksidir. Xeyr, ideallara can atmaq realistliyin yox, mühafizəkarlığın əksidir. Mühafizəkarlıq odur ki, nə qədər acı, nə qədər pis də olsa, istənilən reallığa təslim olasan və heç bir hərəkət, heç bir tərpəniş göstərməyəsən; bu, mühafizəkarlıqdır. İdeallara can atmaq isə reallıqlara nəzər salıb onları düzgün qavramaqdır. Müsbət reallıqlardan istifadə etmək, mənfi, qəbuledilməz reallıqlara qarşı isə mübarizə aparmaqdır. İdeallara can atmağın mənası budur. İdealları qarşıya məqsəd qoyun. Tələbələrin öhdəsinə düşən birinci vacib məsələ budur. 

Bəs ideallar nədən ibarətdir? Mən bu barədə bəzi qeydlər etmişəm: birincisi, İslam cəmiyyəti, İslam sivilizasiyası yaratmaq; yəni siyasi İslam məfkurəsini yenidən dirçəltmək. Əsrlər öncə müəyyən qruplar İslamı insanların həyatından, siyasətdən, cəmiyyətin idarə olunması işindən bacardıqları qədər uzaqlaşdırmağa, şəxsi məsələlərlə məhdudlaşdırmağa, şəxsi məsələləri də yavaş-yavaş qəbiristanlıq, qəbir, kəbin oxutma və s. bu kimi işlərin çərçivəsinə salmağa çalışıblar. Amma yox, İslam dini gəlib ki, 

الّا لِیُطاعَ بِاِذنِ الله

“Allahın izni ilə ona itaət olunsun”. (“Nisa” surəsi, ayə 64) 

Təkcə İslam da deyil; bütün peyğəmbərlərin gətirdiyi dinlər belədir. İlahi dinlər cəmiyyətdə işləklik qazanmaq, həqiqətən reallaşmaq üçün gəlib. Bunu həyata keçirmək lazımdır. Ən mühüm ideallardan biri budur. 

Digər bir ideal isə özünəinamdır; yəni elə sizin çıxışlarınızda da hiss olunan “Biz bacaracağıq!” ideyasıdır. Bu, bir idealdır. Milli özünəinam, xalqın güc və bacarığına güvənc təfəkkürünü rəhbər tutmaq, bir ideal kimi hökmən buna can atmaq lazımdır. Əlbəttə ki, idealların arxasınca getməyin müəyyən tələbləri də var ki, onlara riayət olunmalıdır. 

Mənim burda qeyd etdiyim ideallardan biri də imperializmə, müstəmləkə sisteminə qarşı mübarizədir. İmperializm sistemi 2 tərəf: imperia və imperianın ağalığını qəbul edən tərəf arasındakı münasibətə əsaslanan bir sistemdir. Yəni dünya ölkələri, yaxud dünyadakı bəşər cəmiyyətləri imperialistlərə və onların ağalığını qəbul edənlərə bölünür. Bu gün dünyada mövcud olan vəziyyət budur: bir qrup imperialistlərdir, digər bir qrup isə onların ağalığına tabe olanlar. İrana qarşı aparılan dava da elə bunun ucbatındandır; bunu biləsiniz. İran İslam Respublikasına qarşı aparılan düşmənçiliyin səbəbi odur ki, bu ölkə həmin o “imperialistlər və onların ağalığına tabe olanlar sistemi”ni qəbul etməyib. İmperialist deyil, imperianın ağalığına tabe olanların sırasından da kənara çəkilərək öz sözünün üstündə möhkəm durub. Əgər İran uğur qazana bilib, inkişaf edibsə, elmdə, sənayedə, iqtisadiyyatda, sosial sferada, dünya və regionda nüfuzunu genişləndirməkdə diqqətəlayiq nailiyyətlər əldə edibsə, bu, başqa xalqlara onu nümayiş etdirir ki, imperianın ağalığını qəbul etmədən, öz sözünün üstündə duraraq da inkişaf və yüksəlişə nail olmaq mümkündür. İmperialistlər isə bunun baş verməsini istəmirlər. Dava bunun üstündədir, qalan sözlər bəhanədir. 

İdeallardan biri də ədalətpərvərlikdir; qardaşlarımızdan bəziləri bu barədə müəyyən fikirlər söylədi. Ədalətpərvərlik məsələsi son dərəcə əhəmiyyətlidir və onun müxtəlif qolları var; özü də bu məsələdə təkcə danışmaqla, dildə nə isə deməklə kifayətlənmək olmaz, ədalətin reallaşması üçün, doğrudan da, çalışmaq lazımdır. İdealların sırasına islami həyat tərzi məsələsi də, azadlıqsevərlik məsələsi də daxildir. Azadlıq deyəndə mən Qərbdə bu sözlə başa düşülən yanlış, azdırıcı anlayışları nəzərdə tutmuram. Onlar üçün azadlığın mənası yalnız budur ki, qızlar belə yaşamalıdır, oğlanlar elə yaşamalıdır. İslam dininin ənənələrinə, bəşər cəmiyyətindəki evlilik ənənəsinə zidd olaraq nikahın, evliliyin açıq-açığına əleyhinə çıxış edən insanlara Allah lənət etsin! Təəssüflər olsun ki, bizim bəzi mədəniyyət qurumları, ölkəmizdə yayılan bəzi nəşrlər də bunu təbliğ edir. Bunlara qarşı mübarizə aparmaq lazımdır. Azadlıqsevərlik insanın düşüncəsində, fərdi, siyasi, sosial davranışlarında və bütövlükdə cəmiyyətdə olmalıdır. Cəmiyyətin azadlıqsevərliyi də elə müstəqilliyə can atmasıdır. 

İdealların sırasına daxil olan mövzulardan biri də elmi inkişafdır; əməksevərlik, zəhmətə alışmaq, tənbəllikdən, yarım-yarımçıq iş görməkdən çəkinmək də ideallardandır. İslam dininin kriterilərinə uyğun universitetlərin olması da bizim ideallarımızdandır; bütün bunlar cəmiyyətimizin can atmalı olduğu ideallardır. 

Aranızdan kimsə deyə bilər ki, biz bu idealların gerçəkləşməsində nə kimi rol oynaya bilərik? Axı bizim ölkəyə elə bir təsirimiz yoxdur; rəhbər vəzifələrdə çalışan bir qrup insan var, öz işlərini görürlər, bizim də əlimizdən gələn odur ki, burda şüarlar səsləndirək, danışaq. Bu, məsələni kökündən yanlış anlamaq deməkdir; əsla belə deyil. Tələbələr mühüm qərarların qəbul edilməsində önəmli rola malik ola bilərlər; tələbələr bu və ya digər diskursun formalaşdırılmasında aparıcı rol oynaya bilərlər. Siz hər hansı bir ideyanı rəhbər tutduğunuz, bu barədə danışdığınız, dönə-dönə onu təkrarladığınız və üzərində ciddi şəkildə durduğunuz zaman bu, cəmiyyətdə müvafiq diskursun yaranması ilə nəticələnir, həlledici qərarların qəbul edilməsinə səbəb olur. Hər hansı bir ideya cəmiyyətdə diskursa çevrildikdə ölkənin administrativ qurumlarında çalışan rəhbər işçilər həmin istiqamətdə tədbirlər görməyə məcbur olur. Buna canlı nümunə olaraq, bir müddət əvvəl ölkədə aktuallıq qazanmış elmi inkişaf hərəkatını göstərmək olar. O zaman ölkədə elmi inkişaf hərəkatının dirçəlişi məsələsi qaldırıldı, dönə-dönə təkararlandı və çox sevindirici haldır ki, müsbət qarşılandı, alqışlandı, bir diskurs halına gəldi. Cəmiyyət bu diskurs əsasında, onu rəhbər tutaraq fəaliyyətə keçdi. Artıq 10-15 ildir ki, biz elmi baxımdan irəliləməkdəyik, inkişaf edirik. Bütün sferalarda da belədir, tələbələr effektiv rol oynaya bilər. Dostlarımızdan biri danışırdı ki, mərhum şəhid Beheşti nə vaxtsa belə bir fikir işlədib: “Tələbələr cəmiyyətin azançılarıdır, onlar yatıb qalanda camaat da yatıb qalır”. Gözəl deyimdir. Siz cəmiyyəti ayılda, diskurs yarada bilərsiniz. Əsla elə düşünməyin ki, siz tələbələrin gördüyü bu işlər təsirsizdir. 

Vaxtınızı boşuna keçirməyin. Övladlarımızın çoxu – istər tələbə olanlar, istərsə də başqaları – sosial şəbəkələrdə və bu kimi başqa yerlərdə vaxtlarını hədər edirlər, yaxud elə o şəbəkələrdə olduğu kimi, hardasa oturub faydasız mübahisələrlə məşğul olurlar. Vaxtınızı hədər yerə sərf etməyin, vaxtınızdan düzgün istifadə edin, həm dərsinizə, həm də təşkilatdakı işlərinizə vaxt ayırın. Bunların hər ikisinə vaxt çatdırmaq lazımdır. 

Azan da verildi; mən demək istədiklərimin çox az hissəsini dedim, böyük bir qismi qaldı. İndi nə fikirləşirsiniz, necə edək?.. İstəyirsiniz, iftardan sonra siz hazır olun, əgər mənim də halım olsa, davam edərik. Əlbəttə ki, söhbət eləsəm də, qısa danışacağam.(2)  
*** 

Namaz və iftardan sonra 

Mərhəmətli və bağışlayan Allahın adı ilə.

Dedik ki, tələbə ictimaiyyəti hansısa mövzuya ürəkdən inandıqda və onu özünün müxtəlif istiqamətli fəaliyyətlərində işıqlandırdıqda, əks etdirdikdə bu, ölkənin gələcəyinə təsir göstərir. Tələbələr qətiyyən belə düşünməməlidirlər ki, onların gördüyü işlərin, səylərinin heç bir faydası yoxdur, bütün bunlar ölkədəki reallıqlara heç bir təsir göstərmir; bu, yanlış bir təsəvvürdür. Bütün bunların təsiri var, özü də böyükdür. Təsir mexanizmi nədən ibarətdir, onu da qeyd etdim: tələbələrin önə çəkdiyi həmin mövzu əvvəlcə tələbə ictimaiyyəti içərisində, sonra isə tədricən bütün ölkədə bir diskursa çevrilir, bu isə mühüm bir faktora çevrilərək həlledici qərarların qəbuluna təsir göstərir. Bəli, siz bu və ya digər qurumda söz sahibi olmaya bilərsiniz, amma həmin qurum tərəfindən mühüm qərarların qəbul edilməsinə təsir göstərə bilərsiniz. Odur ki idealları rəhbər tutaraq onlara çatmağa can atın. Mən ideallara bir neçə nümunə qeyd etdim, amma təkcə bu dediklərim deyil. İmam Xomeyninin bəyanatlarına bir nəzər salın, İslam İnqilabının təlimlərini bir gözdən keçirin, Quranı və “Nəhcül-bəlağə”ni diqqətlə oxuyun, əsas ideyaların siyahısını tutun, təsnifatını aparın, bunların üzərində işləyin və ideallardan möhkəm yapışın. Reallıqlar bizi ideallarımızdan uzaqlaşdırmamalıdır. Reallıqlar nərdivan kimi bizi amallarımıza pillə-pillə daha da yaxınlaşdırmalıdır. Qarşımıza bizə çətinlik törədən bir reallıq çıxsa belə, ona qarşı mübarizə aparmalı, çalışıb-vuruşmalı, onu yolumuzun üzərindən qaldırmalıyıq. İdeallara can atmaq budur. Əlbəttə, bunun əksi isə, qeyd etdiyim kimi, mühafizəkarlıqdır; hər cür reallığa uyğunlaşmaq, pisini də, yaxşısını da qəbul etmək, “neyləmək olar, çarəmiz yoxdur” adı ilə hər şeyi ötüşdürməkdir. Belə bir xalqın aqibətinin hara gedib çıxacağı isə məlumdur.

Əgər tələbə təşkilatları, tələbə cərəyanları belə bir təsir gücü əldə etmək istəyirlərsə, bunun öz tələbləri var; həmin tələblərə riayət etmək lazımdır. Bunlardan biri İslam təlimləri üzərində işləmək, yəni hər bir mövzu üzərində dərin iş aparmaqdır; səthi yanaşmalar zərərlidir. Bu gün mən çıxış edən dostlarımızın fikirlərində – əlbəttə, demirəm hamısında, bəzilərində – bu dərin yanaşmanın əlamətlərini müşahidə etdim. Tələbə gənclərimizin məsələlərə dərindən yanaşdığını gördüm və buna sevindim. Birinci şərt budur.

Bəzən üzdə İslam dininə uyğun görünən, amma mahiyyəti İslamla uyğun gəlməyən şüarlar səsləndirilir; o cümlədən axır vaxtlar geniş yayılmış, cürbəcür yazılarda və çıxışlarda tez-tez rastlaşdığımız “mərhəmətli İslam” məsələsi. Gözəl bir ifadədir; həm “İslam” hissəsi gözəldir, həm də “mərhəmətli” hissəsi. Amma bu nə deməkdir? “Mərhəmətli İslam” deyərkən nə başa düşülür? Bu “mərhəmətli İslam”ın tərifi necədir? Axı Allah-taala Özü belə, həm rəhman və rəhimdir, həm də “əşəddül-məaqibin”; həm Behişti var, həm də Cəhənnəmi. Allah-taala möminlərlə qeyri-möminləri bir tutmayıb:

اَفَمَن کانَ مُؤمِنًا کَمَن کانَ فاسِقًا لا یَستَوون

“Məgər mömin kimsə ilə fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər!” (“Səcdə” surəsi, ayə 18)

Bəs bu dedikləri “mərhəmətli İslam”ın möminə və qeyri-möminə, kafirə, düşmənə düşmən olmayan kafirə münasibəti necədir? Dərinliyinə varmadan ortaya bir söz atmaq yanlış və təbii ki, azdırıcı bir işdir. Yazılarında, çıxışlarında bu “mərhəmətli İslam” ifadəsini işlədən bəzi insanların danışığına diqqət yetirəndə görürsən, əməlli-başlı hiss edirsən ki, bu “mərhəmətli İslam” liberalizmdən – yəni Qərb dünyasında liberalizm adlanan o tendensiyadan qaynaqlanan bir nəzəriyyənin açar sözüdür. Əlbəttə ki, “liberalizm” ifadəsi, “liberalizm” adı Qərb sivilizasiyası, Qərb mədəniyyəti, Qərb ideologiyası üçün də yanlış bir ifadədir. Çünki onlar əslində nə liberaldırlar, nə də liberalizmə sözün həqiq mənasında inanırlar; eləcə “liberalizm” kəlməsini ortada bir termin kimi işlədirlər. Əgər “mərhəmətli İslam” deyəndə bunu nəzərdə tuturlarsa, bu nə İslamdır, nə də mərhəmətlilik. Bu, mütləq surətdə belədir. Liberalizm təfəkkürü 18-19-cu əsr Avropa təfəkküründən – yəni humanizm ideyasının bazası olmuş, Allah, mənəviyyat və bu kimi şeyləri inkar edən təfəkkürdən qaynaqlanır. Allah olmayan yerdə də insanın şəxsi istək və düşüncələri ön plana keçir. İnsan övladının işi belədir. Baxın, hətta elmi tədqiqatlarda da şəxsi rəy və düşüncələr nə qədər müxtəlifdir! Bu gün kimlərsə hansısa maddə barədə fikir bildirir, misal üçün deyirlər ki, filan xəstəliyə, yaxud filan problemə xeyirlidir, iki gün sonra başqa alimlər ortaya çıxıb deyirlər ki, yox, əksinə, bu maddə həmin xəstəliyə ziyandır! Yəni ilahi vəhyə əsaslanmayan işlərdə hər an xəta, yanlışlıq, rəy müxtəlifliyi ola bilər. Odur ki əgər hər hansı bir ideya Allahdan qaynaqlanmırsa, şəxsi maraq və zövqlərdən qaynaqlanır. Şəxsi maraqlar önə keçdikdə isə dəyərlər daha güclü olan qrupların mənafeyinə uyğunlaşdırılır. 

Bu gün Amerika dəyərləri adında bir şey var; amerikalıların danışığında eşidirsiniz, deyirlər: “Amerika dəyərləri”, “bizim dəyərlərimiz”. 17-ci əsrdə Amerika İngiltərənin müstəmləkəsindən çıxıb dünyanın o başında özünü ayrıca dövlət elan etdikdə müstəqil Amerikanın əsasını qoyanlar – yəni o vaxtkı dövlət xadimləri: Corc Vaşinqton, onun ətrafındakılar və ondan sonra hakimiyyətə keçənlər – müəyyən dəyərlər irəli sürüblər; bunların adı “Amerika dəyərləridir”. Həmin dəyərlərin özünü dəyərləndirdikdə görürsən ki, çoxu iradlıdır; yəni dünyanı bugünkü vəziyyətinə gətirib çıxarmış, imperializm sisteminin dünyanı çapıb-talamasına şərait yaratmış fikirlərdir. Lakin elə həmin dəyərlər içərisindən yaxşı, müsbət olanlar bu gün Amerika cəmiyyətində, bugünkü Amerika administrasiyası tərəfindən unudulub. Bir vaxtlar, illər öncə mən iki yüz, iki yüz neçə il əvvəl, belə desək, Amerika dövlətinin banisi olmuş insanların fikirlərini – çıxışlarını, “Amerika xartiyası”, “Amerika dəyərləri” olaraq tərtib etdikləri sənədi mütaliə edir, araşdırır və hazırkı dövlət adamlarının davranışları ilə müqayisə edirdim və şahidi oldum ki, həmin dəyərlərin çoxuna riayət olunmur. O zaman ağlıma gəldi ki, bunu Amerika xalqının üzünə vurub: “Sizin dediyiniz dəyərlər budur, amma bu gün Amerika dövlətinin, ABŞ hakimiyyətinin davranışlarında bunlardan əsər-əlamət yoxdur” – deməyin yeri var; bu, faktdır. Əgər bu “mərhəmətli İslam” ifadəsi ilə belə bir şeyi nəzərdə tuturlarsa, bu, yüz faiz səhv, yanlış bir ideyadır. Əgər bunu deyərkən dünyadakı bütün varlıqlara rəhm, mərhəmət gözü ilə baxmağı nəzərdə tuturlarsa, bu da doğru deyil, bu da Qurana ziddir. Quran açıq-aşkar bunun əksini deyir. Doğrudur, məhəbbət, mərhəmət və ədaləti təkcə müsəlmanlara layiq bilmir, deyir ki, əgər əlinizdədirsə, güc-qüdrət sahibisinizsə, qeyri-müsəlmanlara qarşı da mərhəmət və ədalətlə davranmalısınız, bir şərtlə ki, sizinlə düşmənçilik etmiş olmayalar, yaxud nə vaxtsa sizə qarşı düşmənçilik edəcəklərindən ehtiyatlanmayasınız. Əmirəlmöminin (ə) öz məşhur xütbəsində buyurur:(3)

بَلَغَنی اَنَّ الرَّجُلَ مِنهُم کانَ یَدخُلُ عَلَی المَرأَةِ المُسلِمَةِ وَ الاُخری‌ المُعاهِدَة

Daha sonra xütbənin axırında Həzrət buyurur ki, bu kədərdən insan ölsə belə, yeri var. İnsan nəyə görə ölməlidir? Çünki Müaviyə ordusunun əsgərləri qeyri-müsəlman qadınlara, yəni “məahəd” – müqavilə əsasında İslam hökumətinin ərazisində yaşayan yəhudi və xristianların qadınlarına əl uzatmış, onlara qarşı təhqirə yol vermişdilər; məsələn, qolbaqlarını, bəzək əşyalarını dartıb qopararaq almışdılar. Həzrət buyurur ki, “bu kədərdən insan ölməlidir”. Bəli, düşmənçilik etməyən qeyri-müsəlmanlara qarşı münasibət belədir. Quran deyir:

لا یَنهکُمُ اللهُ عَنِ الذَّینَ لَم یُقاتِلوکُم فِی الدّینِ وَ لَم یُخرِجوکُم مِن دِیارِکُم اَن تَبَرّوهُم وَ تُقسِطوا اِلَیهِم

“Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz”. (“Mumtəhinə” surəsi, ayə 8) 

– Kafir olan, amma sizinlə düşmənçilik etməmiş və etməyən kəslərə yaxşılıq edin, onlarla ədalət əsasında davranın. Amma bir yandan da buyurur ki:

اَلا تُقاتِلونَ قَومًا نَکَثوا اَیمنَهُم وَ هَمّوا بِاِخراجِ الرَّسولِ وَ هُم بَدَءوکُم اَوَّلَ مَرَّة

“Məgər siz andlarını pozan, Peyğəmbəri (öz yurdundan) çıxardıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınızmı?” (“Tövbə” surəsi, ayə 13)

– Andını pozan, sizin və Peyğəmbərinizin həyatını alt-üst etmək istəyən və düşmənçiliyə də ilk olaraq addım atan kəslərə qarşı mübarizə aparmayacaqsınız? Bu, Quran ayəsidir. Qınaq, giley, məzəmmət dolu bir tonla müraciət edərək deyir:

اَتَخشَونَهُم

“Bunlardan qorxursunuz?”

Daha sonra buyurur:

فَاللهُ اَحَقُّ اَن تَخشَوه

– Əgər doğru deyirsinizsə, əgər möminsinizsə, bu insanlardan yox, Allahdan qorxmalısınız. Bunu da Quran deyir. Əgər “mərhəmətli İslam” o deməkdirsə ki, biz İslam əleyhinə, İran əleyhinə, İran xalqı əleyhinə, İranın inkişaf və yüksəlişi əleyhinə çalışıb əlindən gələni edənlərə sevgi dolu, saf və səmimi qəlblə yanaşmalıyıq, yox, bu heç İslam deyil. Mən sizə kimlərinsə özündən düzəltdiyi belə qondarma dini təlimlərin yox, əsl İslam təlimlərinin arxasınca getməyi tövsiyə edirəm. Qoy tələbə təşkilatları İslam təlimlərinin üzərində işləsinlər. Əlimizdə kitablar, mənbələr də az deyil, xeyli kitabımız var. Vaxt var idi biz yalnız şəhid Mütəhhərinin kitablarına müraciət etməyə məcbur idik – əlbəttə ki, o kitablar hələ də zirvədədir, çox dəyərlidir – amma bu gün onlardan başqa da bir çox kitablar var. Tələbələr özlərinə uyğun olan araşdırma metodunu seçib işləyə, tədqiqatlar apara, məruzələr, belə deyək, konfranslar, dəyirmi masalar keçirə bilərlər. Yəni səviyyəni qaldıra bilərlər. Tələblərdən biri budur.

Tələbə təşkilatlarının təsirini artırmağın digər bir zəruri şərti isə tələbələri, tələbə kollektivlərini cəlb edə bilməkdir. Tələbə təşkilatları tələbələr arasından kiçik bir azlığı özündə birləşdirir. Siz təşkilatların hamınızı bir yerə toplasan, görərsən ki, böyük tələbə ordusu içərisindən əksəriyyəti təmsil etmirsiniz. Siz özünüzdə elə bir cazibə yaratmalısınız ki, tələbələri cəlb edə biləsiniz. Cazibəni necə yaratmaq olar? Düşünürəm ki, bunun yolları çoxdur. Sizlər gəncsiniz, bizdən daha təşəbbüskarsınız – əlbəttə ki, gənc ikən bizim də hər məsələ üçün ağlımıza 10 cür üsul, çıxış yolu gəlirdi, amma indi sizin ağlınız bizdən daha itidir – tələbə təşkilatlarına daha çox insan cəlb etmək üçün yollar tapın, təşəbbüslər irəli sürün. Əlbəttə ki, oğlanlı-qızlı qarışıq düşərgələrdə ekskursiyalar təşkil etməklə gəncləri cəlb etmək yüzdə-yüz yanlış bir üsuldur, səhvdir. Bəziləri bu yolla tələbə təşkilatlarına maraq yaratmaq istəyirlər. Hansısa tələbə təşkilatı hansısa elm sahəsi, ixtisas və ya peşə ilə bağlı təmtəraqlı bir ad altında, yaxud elə dini bir ad qoyaraq oğlan və qızları götürüb dağa, səfərə və ya Avropaya aparır; xaricə ekskursiya! Belə şeylər, sözsüz ki, tələbə ictimaiyyətinə, ölkənin gələcək nəslinə xəyanətdir; heç şübhəsiz. Tələbələri cəlb etməyin yolu bu deyil. Burada qeyd etdilər, mən də vurğuladım ki, tələbələri sizin təşkilatlarınıza cəlb etməyin yolu konsertlər təşkil etmək deyil. Qeyd etdim ki, nə vaxtsa – əlbəttə ki, illər öncə – tələbə təşkiatları belə bir addım atmışdı. O vaxt onların bunu nə üçün etdiyi məndə sual doğurmuşdu. Mənim üçün çox təəccüblü idi. Bu sualı onlara verəndə dedilər ki, tələbələri sıralarımıza cəlb etmək istəyirik. Amma sonralar bu işin ziyanını çəkdik. 

Bu yerdə yadıma Seyid Qütbün öz kitablarından birində nəql etdiyi bir hadisə düşdü; illər öncə – inqilabdan əvvəl – mən də yazılarımdan birində bu hadisəni onun dilindən nəql etmişdim. O danışır ki, Amerikanın şəhərlərindən birində gedirdim, gəlib bir kilsəyə çatdım, gördüm ki, həmin kilsənin yaxınlığında bir toplantı salonu var. Qapıya “Gecə proqramı” adı altında bir elan yazıb vurublar. Oxudum, gördüm ki, yazılıb, misal üçün, “filan cür musiqi, ardınca filan cür musiqi, ardınca filan ifa, ardınca yüngül şam yeməyi”, misal üçün, “sonra filan tədbir” və sair. Maraqlandım ki, gedim görüm nə məsələdir? Deyir, gecə getdim, gördüm ki, hə, kabareyə oxşar bir salondur! Qızlar, oğlanlar, gənclər gəlib oturur, bir-biri ilə ünsiyyət qurur. Səhnə üzərində proqramlar da var: musiqi və sair. İçəridəki vəziyyətə tamaşa edirdim. Sonra yüngülvari şam yeməyi gətirdilər, yedik, ardınca, məsələn, şirə payladılar, filan-filan;(4)  maraqlı yeri burasıdır: deyir, axşamdan bir neçə saat keçəndən sonra, gecənin sonuna doğru gördük ki, keşiş – həmin salonun aid olduğu kilsənin keşişi – səhnənin bir tərəfindən içəri daxil oldu, vüqarla irəli getdi, keçib işıqlardan bir qədərini söndürdü və sonra çıxıb getdi. Deyir, bundan sonra mən də çıxıb getdim, daha qalmadım,(5) səhəri günü həmin keşişin yanına getdim, soruşdum ki, yaxşı, bu nə məsələdir? Axı siz ruhanisiniz, axundsunuz, dini təbliğ edirsiniz, dünən gecə o nə məclis idi qurmuşdunuz, o gənclər, o proqramlar nə idi? Dedi ki, cənab, siz diqqət yetirməmisiniz, mən gəncləri kilsəyə cəlb etmək üçün bu işləri görməyə məcburam. Deyir, ona dedim ki – mən öz sözlərimlə deyəcəyəm – mürdəşir aparsın belə kilsəni!(6) Daha onda qoy elə kabareyə getsinlər də! Əgər kabaredə görəcəkləri işləri elə burda da görürlərsə, qoy elə gedib kabaredə etsinlər də! Daha kilsəyə niyə gəlsinlər ki?!

Əgər gəncləri eyş-işrət, haram musiqi və əxlaqsızlığa çəkəcəyiksə, daha adımızı niyə islamçı qoyaq? Bu ki daha islamçılıq deyil, İslama uyğun deyil? Bu, İslamdan kənardır, İslama ziddir. Odur ki mən müsəlman tələbə təşkilatlarının gəncləri özünə cəlb etməsi haqda danışarkən belə cazibəni nəzərdə tutmuram; bu şeylər məsləhətli deyil, düzgün deyil. Bunlar tələbə ictimaiyyətinə xəyanətdir. Gəncləri düzgün yollarla özünə cəlb etmək lazımdır. 

Gəncləri özünə cəzb etməyin yollarından biri yeni söz, yeni fikir tapıb irəli sürməkdir. Şair demişkən: 

سخن نو آر که نو را حلاوتیست دگر

– “Təzə söz de, çünki təzədə həmişə bir şirinlik olur”.(7)  Təzə söz demək lazımdır. Təzə söz demək özündən nə isə düzəltmək demək deyil. Quranı, “Nəhcül-bəlağə”ni və rəvayətləri dərindən mütaliə etdikdə insan bir çox həqiqətlərə rast gəlir. Məsələn, mən özüm 60-70 il bu sahədə olmuşam, işləmişəm, amma yenə də bəzən televizoru açıb baxıram, kimsə söhbət edir, bəzən elə bir məqama toxunur ki, o məsələnin mənim üçün yeni olduğunu görürəm. Görürəm ki, bu vaxta qədər mən həmin məqamı anlamamışam, ondan istifadə etməmişəm; orada eşitdikdən sonra istifadə etməyə başlayıram. Yəni hətta 60 il və ya bundan da artıq din elmi sahəsində olmuş – mən artıq 60 ildir ki, əmmaməliyəm – bu mövzuda çox söhbətlər eşitmiş bir şəxs üçün də yeni olan sözlər, fikirlər var. Bu qədər Quran oxuyuruq, mən özüm rəvayətlərlə bu qədər əlaqədə olmuşam, illərlə Qurandan, “Nəhcül-bəlağə”dən dərs demişəm, amma yenə də, məsələn, gənc bir tələbənin televiziya ilə etdiyi çıxışda mənim üçün yeni olan bir məqam olur, mən ondan istifadə edirəm. Yeni fikirlər çoxdur; qoy axtarıb-araşdırıb təzə fikirlər tapsınlar, təzə sözlər desinlər; intəhası, elə insanlar olmalıdır ki, bu işə bələd olsunlar, yolunu, üsulunu bilsinlər, bacarsınlar. Təzə söz, yeni fikir deyəndə də bu təkcə din sahəsinə aid deyil ki! Siyasət, sosial həyat, beynəlxalq proseslər haqda da təzə söz demək olar. Siz öz təşkilatınızda yeni fikirlər irəli sürsəniz, ortaya təzə sözlər çıxarsanız, gənclər cəlb olunacaq. Axı cazibəsi var; təzə söz həmişə maraqlı, cəlbedici olur. 

Gəncləri cəlb etməyin digər bir üsulu incəsənətin daha az diqqət yetirilən sahələrindən istifadə etməkdir. Məsələn teatr; tələbə teatrı. Təəssüflər olsun ki, bizim incəsənət mühitimizdə teatr əvvəldən uğurla inkişaf etməyib. Yəni bizim teatrımız ya boş, mənasız sözlərə, tamaşalara səhnə olub, ya da tamaşalarda düzgün istiqamətlənməmiş, ölçülüb-biçilməmiş bir etiraz, protest ifadə edilib. Bir də bizim teatrda gizli, üstüörtülü şəkildə nə isə deməyə bir meyil var; elə bilirlər ki, teatrda hökmən bir simvolika, sirlilik olmalıdır, halbuki belə bir şey yoxdur. Teatr səhnədə, tamaşaçının gözü önündə rol ifa etmək deməkdir. Hər şeyin yalnız kino lenti üzərində göründüyü kinodan, filmlərdən fərqli olaraq, teatrda insan aktyorları canlı olaraq hiss edir, dedikləri sözləri onların öz ağzından eşidir. Teatrda, tələbə teatrında bir çox konstruktiv məqamlar ola bilər. Qoy yaradıcı qruplar bu istiqamətdə işləyib həqiqətə İslama aid olan anlayışları tamaşaçıya təqdim etsinlər. İllər öncə – deyəsən, 20 il əvvəl – elə bu hüseyniyədə bizə Əyyub peyğəmbər haqda bir tamaşa göstərmişdilər; qısa da deyildi, 1-2 saat çəkmişdi. Tamaşa qurtarandan sonra mən həmin rejissora dedim ki, indiyə qədər mən Əyyub peyğəmbərin əhvalatını Qurandan bəlkə 100 dəfə, yüzlərlə dəfə oxumuşam, amma bu gün həmin əhvalatla bağlı sənin bu teatrından başa düşdüyümü bu müddət ərzində Qurandan oxuduqlarımdan başa düşməmişdim. Bu, balaca şey deyil. 

Karikatura – karikatura incəsənətin çox effektiv janrlarından biridir. Satira – sevindirici haldır ki, satira sahəsində gənclərimiz indiyə qədər bir çox yaxşı işlər görüblər və elə indi də görürlər. Bunlar çox müsbət işlərdir. Tələbələrin fəallığı, tələbə təşkilatlarının fəaliyyəti o demək deyil ki, sırf bəyanat yaymaqla hansısa məsələlərə mövqe bildirsinlər; belə işlərdə təkrarçılıq olduğuna görə gənclər üçün maraqlı cəlbedici olmaya bilər. Və ya o demək deyil ki, elə bir kitab yazıb verək, yaxud tələbələr arasında iclaslar keçirək; təkcə bunlar deyil. Əlbəttə, bunlar da yaxşıdır, amma yeni-yeni işlər də görmək mümkündür. Məsələn, ilahi nəğmələrin və ya başqa audiomaterialların yazıldığı disklər buraxmaq olar. İlahi nəğmələr, şeir bir sənətdir, bununla ciddi şəkildə məşğul olun. Elə məsələlər var ki, şeirlə, şeirin, sənətin dili ilə qat-qat artıq təsir gücü əldə edir. Bu janrlardan istifadə edin. Əlbəttə, mən əvvəldən də dedim ki, əgər yeni təşəbbüsləri saymaq istəsəm, ola bilsin, ancaq 7-8-nin adını çəkə bilərəm. Siz gəncsiniz, oturun, fikirləşin, ola bilsin, sizin ağlınıza 20-30 cür yeni fikir, yeni təşəbbüs gələ. Bütün bunlardan istifadə edin ki, tələbə təşkilatları tələbələr üçün daha cəlbedici, daha maraqlı olsun.

Tələbə təşkilatlarının təsirini və cəlbediciliyini artırmağın yollarından biri də gəncləri düşündürən suallara cavab vermək, onları ideoloji cəhətdən qane etməkdir; fikirlərini, düşüncələrini razı salmaqdır. Çalışın ki, qarşı tərəfi ideoloji cəhətdən qane edəsiniz. Bu isə sizin özünüzün düzgün işləməyindən asılıdır. Özünüz düzgün işləyin. Hər hansı bir fikir, ideya sizin düşüncənizin, məfkurənizin bir hissəsinə çevriləndə qarşınızdakını da ideoloji cəhətdən qane edə, onu düşündürən sualları cavablandıra biləcəksiniz. Təhdidlə, sıxışdırmaqla, zorla bir fikri qarşımızdakına yeritmək istəsək də, ola bilsin, məsələn, hiss-həyəcanın təsiri altında bir anlıq onu qəbul edə, amma bu, qalıcı bir şey olmayacaq. Bir vaxtlar kommunistlər zor gücünə öz ideyalarını yaydılar. Sevindirici haldır ki, kommunizmin süqutu dünyada marksist təfəkkürün süqutu kimi qəbul olunub və bu, elə belədir də. Əlbəttə, mən eşitmişəm ki, bizim universitetlərimizdə müəyyən cərəyanlar təzədən geri qayıdıb marksizmdən danışır, bu ideyaları dirçəltməyə çalışırlar, amma bu, sönmüş bir ocağın külünü üfürmək kimidir, hədər işdir; bunun artıq heç bir xeyri yoxdur. O boyda iddiaya, o boyda səs-küyə, o qədər qurbanlara və sairə baxmayaraq, dünyadakı kommunist rejimlər 60-70 ildən sonra rüsvay və bədnam olmaqdan başqa heç bir nəticə vermədi. Yəni şüarlarının yalan olduğu, bacarıqsız və yarıtmaz olduqları sübut olundu. Odur ki kommunizm daha geri qayıtmayacaq. Lakin mən eşitmişəm ki, bəziləri bunun xəyalı ilə yaşayır. Əgər deyilənlər doğrudursa və hazırda bizim universitetlərimizdə marksizm cərəyanı bir ideya kimi fəaldırsa, heç şübhəsiz, bunun arxasında Amerikanın pulları durur; ona görə ki, buna stimul verəcək başqa heç bir motiv yoxdur. Bu işə pul xərcləyirlər; çünki elə tələbələrin bu cür parçalanması da onlar üçün böyük bir nemətdir. İkitirəliyə, parçalanmaya yol açacaq amillərdən biri də elə marksistləri yenidən geri qaytarmaqdır. 

“Tudə” partiyasının üzvü olan, 20 il həbsxanada yatmış adamlar özləri sonradan heç bir təzyiq və zorakılığa məruz qalmadan, əlində yazılı surətdə çıxışları, gəlib İslam Respublikasının televiziyasında “qələteləmişəm” oxuyurdular. Sizlər xatırlamazsınız. 60-cı illərin əvvəllərində olan söhbətdir. “Tudə” partiyasının 10-12 üzvü İslam Respublikasının Dövlət Televiziyasına gəlmişdilər – o vaxt mən prezident idim; mən də, ölkənin bir nömrəli rəsmiləri olan dostlarımız da onların bu işinə, bu addımı necə ata bildiklərinə təəccüblənmişdik; bəzilərini yaxından tanıyırdıq, bəziləri ilə həbsxanada bir kamerada yatmışdıq; bəzilərini həbsxanadan sonra görüb tanımışdıq, iddiaları göyə çıxırdı – indi bunlar gəlib cərgə ilə oturmuşdular, aralarından bir nəfər də aparıcı qismində bunlara “Tudə” partiyasının ölkəyə xəyanətlərini sübut edən faktlar haqda suallar verirdi. Sonra özləri bir qədər çəkinib danışmadıqlarına görə həmin diktor öz aralarından biri olduğu üçün bir-bir hərəsinə üzünü tutub soruşurdu: “Cənab, filan vaxt siz filan işi gördünüz, filan sözü dediniz”. Məcbur olub deyirdilər, bəli, demişəm. Yəni onlara bunu dedizdirmək istəyən biz deyildik, özləri özlərini danışdırır, etiraf etdirirdilər. Bunlar Dövlət Teleradiosunun arxivində olan dəyərli sənədlərdir, onların itib-batmasına imkan verilməməlidir; olduqca dəyərli şeylərdir. Bütün bunlardan sonra da elə o insanlar götürüb marksizmin müdafiəsinə kitablar yazır, broşürlər hazırlayırlar. Gülməlidir. 

Marksistlər inqilab edib hakimiyyəti ələ keçirdikləri yerlərdə işlərini zor gücünə irəli aparırdılar; hətta tələbə ictimaiyyəti arasında da. Özünüz bilirsiniz, elə qonşuluğumuzdakı Əfqanıstanda Zahirşah və onun ardınca Davuddan sonra bir marksist rejim hakimiyyətə gəldi. İlk illəri bizim inqilabımızın qələbəsindən əvvələ təsadüf etdi, sonralar inqilab illəri ilə üst-üstə düşdü və davam etdi – kommunist rejiminin hakimiyyəti elan olunduğu zaman mən İranşəhrdə sürgündə idim; orada eşitdik ki, Əfqanıstanda kommunistlər hakimiyyətə gəlib, amma ölkə daxilində nə baş verdiyindən xəbərimiz yox idi; indi yavaş-yavaş xəbərlər yayılır. Hakimiyyəti çevrilişlə ələ keçirmiş həmin Xalq Partiyasının üzvləri Kabil Universitetinə gedib, hökumətə müxalif olduğunu güman etdikləri tələbələri dərs otaqlarından çəkib çıxarır, ölüncə və ya ölümcül vəziyyətə düşənə qədər döyürmüşlər. Həmin partiyanın üzvləri gəlib universitetdən tələbələri aparır və həbs olunması üçün hökumətə təhvil verirmişlər. Yəni hətta universitetləri də bu cür təzyiqlərə, aqressiv davranışlara bulaşdırmışdılar. Bizdə isə belə deyildi. Tehran Universiteti zorakılığa meydan olmuşdu, amma marksist qruplar tərəfindən; marksistlər, üstünə “xalq mücahidləri” adı götürmüş münafiqlər tərəfindən. Oranı silah anbarına çevirən də onlar olmuşdu; müsəlman balaları olmamışdı. 

Mən İslam İnqilabının qələbə çaldığı ilk aylardan etibarən hər həftə Tehran Universitetinin məscidinə gedir, həm tələbələr üçün çıxış edir, həm də suallarını cavablandırırdım; hər həftə. Tələbələr, müsəlman balaları, inqilabı dəstəkləyən gənclər gəlib rahat oturur, qulaq asır, çıxıb gedirdilər; sayları da az deyildi, çox idi. Nə kiməsə qarşı savaş planları cızırdıq, nə top-tüfəngimiz var idi, nə də yöndəmsiz şüarlar səsləndirirdik. İnqilabın əvvəllərində, həm də tələbə ictimaiyyəti arasında, Tehranda, özü də mən, hansı ki, hələ heç ölkə başçısı da deyildim, İnqilabi Şuranın üzvü idim – yəni inqilabi ideyaların daşıyıcısı olaraq gedib universitetdə tələbələr üçün çıxış edirdim; sakit, rasional bir atmosferdə. Ola bilsin, sizin aranızda da o zamanlar tələbə olmuş, o illəri xatırlayan qardaş və bacılarımız var. Kommunistlərin Tehran universitetini zəbt etdiyi, qan tökülməsi təhlükəsi yarandığı gün təsadüfən mənim tələbələr qarşısında çıxış etmək üçün ora getdiyim günlərin birinə təsadüf etmişdi – bilmirəm, ya bazar günü idi, ya da bazar ertəsi. Mən adətim üzrə gəldim. Keşikçi uşaqlardan bir neçəsi mənimlə idi, dedilər, ağa, getməyin, təhlükəlidir. Dedim, nə təhlükə? Nə isə, getdik. Məscidin içinə daxil olduq. Orada heş kəs olmadığı üçün, təbii ki, geri döndük. Universitetdə asayiş və təhlükəsizliyi pozan, iğtişaş yaradan, zor gücünə, mümkün olmasa, lap silah gücünə qarşısındakına öz fikrini yeritmək istəyənlər islamçılar deyildi; ya marksistlər idi, ya da onların alternativi olan “xalq mücahidləri” adlı qruplar. Adları İslamdan götürülmüşdü, batinləri, təfəkkürləri, ideologiyaları, bütün yazı-pozuları isə sırf marksist mahiyyətli idi. İslamda belə şey yoxdur, İslamda qarşı tərəfi qane etmək, şübhə və suallarını cavablandırmaq var. Qurandakı 

لآ اِکراهَ فِی الدّین

– “Dində məcburiyyət yoxdur” ifadəsinin mənası da elə budur. Yəni dini təfəkkürü yalnız insanı ideoloji cəhətdən qane etməklə, razı salmaqla ötürmək, əks etdirmək mümkündür. Bacarın, qarşınızdakı insanı ideoloji cəhətdən qane edin; bu, gəncləri cəlb edəcək. Odur ki tələbə təşkilatlarına marağı artıracaq amillərdən biri də budur.

Digər bir mühüm amil dini, inqilabi dəyərləri uca tutan müəllimlərin, professorların iştirakıdır. Dəyərlərə hörmətlə yanaşan müəllimlərdən istifadə edin. O gün mən bura təşrif gətirmiş universitet müəllimləri ilə görüşümüzdə də bunu qeyd etdim. Bir vaxtlar – inqilabın əvvəllərində ölkəmizdə elmi ictimaiyyətin nümayəndəsi olan insanların sayı ümumilikdə təxminən 4-5 min nəfər olardı. Sevindirici haldır ki, bu gün akademik ictimaiyyətimizdə 80 min nəfərə yaxın, bəlkə, bundan da artıq elm adamı təmsil olunur. Və bu 80 min nəfərin əksəriyyəti inqilabi ideyaların daşıyıcısı olan, həvəsli, gözəl müsəlman balalarıdır. Əlbəttə, bəzi etinasız, laqeyd adamlar da var – məlumatımız var, elə öz universitetlərimizdə belələri də var. Bir vaxtlar elə adamlar da var idi ki – ümidvaram, artıq belələri yoxdur – yaxşı oxuyan, istedadlı tələbələri seçib qaralayır və onları ölkədən mühacirət etməyə təşviq edir, ölkədən çıxıb getmələrinə nail olmaq istəyirdilər. Deyirdilər, “burada qalıb nə edəcəksən? Burada heç nəyin xeyri yoxdur, çıx get”. Yəni müəllim tələbəni ölkədə qalıb işləmək əvəzinə, ölkədən mühacirət etməyə, çıxıb getməyə təşviq edirdi. Belələri də varımızdır, amma azlığı təşkil edirlər. Əksəriyyət dəyərlərə önəm verən, mömin müəllim və professorlardır. Elmlər Nazirliyində də, Tibbi Təhsil Nairzliyində də bu belədir, çox yaxşı kadrlar var. Tələbə təşkilatlarında onlardan istifadə edin. Xahiş edin ki, gəlib gənclərlə vaxt keçirsinlər; hətta universitetdən kənarda da olsa. Burada bizim dəyərli dostlarımızdan birinin adı çəkildi; o gedib cümə namazlarının xütbəsində söhbətlər edirdi. Bu, çox yaxşıdır. Ondan, onun kimilərdən istifadə edin, bu cür insanlardan tələbə təşkilatlarında iştirak etmələrini istəyin. 

Əlbəttə ki, bu, məsələnin alqışlanası, müsbət tərəfidir. Mövzunun inkar ediləcək bir tərəfi də var: etimada layiq olmadığını sübut etmiş ünsürləri qətiyyən yaxın buraxmayın, onlardan istifadə etməyin; əsla istifadə etməyin. Elə insanlar var ki, etimada layiq olmadıqlarını, təhlükəli olduqlarını artıq sübuta yetiriblər. Kimə qarşı etibarsızdırlar? Mənə? Xeyr – mən cürbəcür insanlarla münasibtədə olmaq sarıdan çox rahatam; hər cür adamla münasibət qura bilirəm; ünsiyyətciləm; mənimlə münasibətdə olmaq üçün istənilən insanın əqidəsindən başqa heç bir problemi ola bilməz – dövlətə, ölkəyə, İslam Respublikasına qarşı etibarsızlıqlarını sübut ediblər; həm islami, həm də respublika mahiyyətinə qarşı. 1388-ci ildə o oyunu çıxaranlar da heç bir məntiqə, qəbul ediləsi, ağlabatan bir fikrə əsaslanmadan, vicdanlı insanların əleyhinə çıxış edərək İslam Respublikasının dövlətçiliyinə müxalif oldular. Belələri etibarsızdır, etimada layiq deyil. Mən sizə onlardan istifadə etməyi əsla tövsiyə etmirəm; heç bir vəchlə. Nə sizə, nə heç bir tələbəyə, nə də heç bir universitetə. Yaxşı müəllim və professorlar var, onlardan bəhrələnin.

Mənim fikrimcə, tələbə təşkilatları üçün çox yaxşı və faydalı ola biləcək məsələlərdən biri də ölkənin hazırkı vəziyyətini dərk etməkdir. Ölkənin hazırkı vəziyyəti dedikdə mən təkcə daxili vəziyyəti, mövcud problemləri, burada qeyd olunan məqamları – ucqar kəndlərin problemlərini, ədalətçiliyi, müqavimət iqtisadiyyatını, hal-hazırda ölkədə rast gəlinən digər problemləri, idarəetmə ilə bağlı çətinlikləri, cihad ruhlu idarəetməni və s. bu kimi şeyləri nəzərdə tutmuram. Əlbəttə ki, bunlar da reallıqların bir hissəsidir. Lakin bir neçə başqa mühüm reallıq da var: qardaşlar, bacılar, əzizlərim, diqqət yetirin!

Reallıqlardan biri budur ki, İmam Xomeyninin vəfatından sonra bu ölkədə qərarında qəti olan bir qrup insan inqilabi ideyaları bütünlüklə yığışdırıb bir kənara qoymaq fikrinə düşdü. Onlardan bəziləri səhvə yol verib bunu əvvəldən elan etdi. Danışdı, qəzetlərdə məqalələrlə çıxış etdi. O vaxt onlar inqilabi ideyalardan tamamilə uzaqlaşmaq məqsədlərini qabaqcadan açıqlamaqla bu yerdə strateji və ya taktiki bir səhvə yol verdilər. Əlbəttə ki, indi daha da püxtələşiblər, indi açıq demirlər. İndilabi ideyaların bir kənara buraxılmasını istəyənlər indi də var, amma bunu açıq-aşkar demirlər, danışmaq əvəzinə iş görürlər. O zaman ağılsızlar iş görmək yerinə danışmağa güc verdilər; amma onu da deyim ki, belə bir şeyin ola biləcəyini heç ağlına gətirməyənləri də yuxudan oyatdılar. O gündən başlayıblar, dayanmadan da işləyirlər. Özü də təkcə ölkə daxilində iş aparmayıblar, həm ölkədə, həm də ölkədən xaricdə işlərini görüblər. Ölkədə inqilabi ideyaları tamamilə itirib məhv etmək, yəni yeni gələn nəslin bu ideyaları unutması üçün düşüncə adamlarından da, alimlərdən də, siyasətçilərdən də, incəsənət adamlarından da istifadə ediblər. Amma baxın görün onların bütün səylərinə rəğmən, ölkədə inqilabi ideyalar nə qədər canlıdır, nə qədər aktualdır! İftardan əvvəlki söhbətimizdə dedim, diqqətəlayiq elmi nailiyyətlərimizin çoxunu dini və inqilabi dəyərlərin daşıyıcısı olan gənclərimiz əldə edib. Ən yaxşı dini-mənəvi məclislər gənclər tərəfindən təşkil olunur. İslam Respublikası və inqilabla bağlı tədbirlərdə iştirak edənlərin əksəriyyəti cavanlardır; o cavanlar ki, nə inqilabı və İmam Xomeynini (r.ə) görüblər, nə də bu haqda onlara doğru-dürüst, ətraflı məlumat verilib. Əzizlərim – sizdən bəziləriniz mənim övladım, bəziləriniz isə nəvəm yerindəsiniz – sizə deyim ki, bu qədər danışılanlara baxmayaraq, o dövrdə baş vermiş hadisələrin çoxundan sizin heç xəbəriniz də yoxdur. Yəni inqilabın əvvəllərində, inqilabın gedişində baş vermiş hadisələr, inqilabın, Müqəddəs Müdafiənin təfərrüatları hətta düzgün şərh olunmayıb belə. Əlbəttə, kitablar çap olunur, amma 2 min, 3 min, 5 min, 10 min tirajla. Mən Müqəddəs Müdafiənin gedişində baş vermiş proseslərlə bağlı kitabları oxuyuram. Fürsət tapıb bir göz atıram, oxuyuram. Lakin bunlar reallıqların çox kiçik bir hissəsidir; siz bunları bilmirsiniz. Amma baxın, o parlaq, cəlbedici, insanı maqnit kimi özünə tərəf çəkən, həyəcanverici reallıqlar haqda doğru-dürüst məlumatı olmayan gənclər inqilabi ideyalara bu qədər meyil göstərir. Yəni ölkədə bu dəyər və ideyaların məhv olub aradan getməsini istəyənlərin bütün səylərinə rəğmən və onlara göz dağı olaraq, İmamın vəfatından bu günə qədər həmin ideya və amallar daha da zirvələrə ucalıb. Bu, ölkənin reallıqlarından biridir. 

Ölkənin digər bir reallığı isə İslam Respublikasının regiondakı heyrətamiz iştirakıdır; maddi, fiziki, cismani iştirak yox, mənəvi iştirak. Bu bir faktdır ki, amerikalıların regionun bəzi siyasi fiqurları, bəzi ərəb dövlətlərinin o mürtəce hökumət adamları ilə danışıqları zamanı – gizli, pərdəarxası danışıqları zamanı, oturub bir-birinin uydurmalarına qulaq asdıqları, əslində isə, dərdləşdikləri vaxt – onlar İrandan şikayət edir, Amerikadan ölkəmizə təzyiq göstərməsini xahiş edirlər, o da deyir: “Neyləyim, bacarmıram, əlimdən heç nə gəlmir!” Bütün söhbətlərinin, danışıqlarının xülasəsi bundan ibarətdir. Bütün bu giley-güzar, narahatlıq ona görədir ki, İranın nüfuzu genişlənib. Hazırda 100 gündən çoxdur ki, Səudiyyə hökuməti Yəməni bombalayır. Hərbi obyektlərini yox, onlara əlləri bir o qədər də çatmır; məscidləri, xəstəxanaları, evləri, bazarları, ictimai yerləri. Qadınlı-kişili, uşaqlı-böyüklü insanları dəstə-dəstə öldürürlər. 100 gündür. 100 gün zarafat deyil! Livanda hərbi əməliyyatlar 33 gün davam etmişdi. Son illər ərzində İsrail rejiminin regionda apardığı ən uzun müddətli müharibə ötən il Qəzzaya qarşı həyata keçirilən hərbi əməliyyatlar idi ki, əlli neçə gün çəkmişdi. Bunlar 100 gündür ki, bombalayırlar.

Burada bir haşiyəyə çıxmaq istəyirəm: liberal Qərb, yəni “azadlıqsevər”, “azadlıq tələb edən” Qərb ağzını belə açmadı! BMT Təhlükəsizlik Şurası elə bir qətnamə yaydı ki, həmin qurumun ən rüsvayçı qətnamələrindən biridir və heç vaxt unudulmayacaq. Bombalayanı qınamaq əvəzinə, bombalananı qınayır! Bunlar liberaldır; liberalizm budur! Elə bizim öz içimizdən də bir qrup sadəlövh insan yalana, insanların aldadılmasına, xəyanətə, zülmə qarşı etinasızlığa və bəlkə də zülmə şərikliyə əsaslanan bu hökumət quruluşunu, bu idarəetmə üsulunu, cəmiyyətin bu metodla idarə edilməsini müdafiə etmək üçün sinələrini cırır, məqalələr yazır, şəkillərini dərc etdirirlər.

Bəli, bu, bir reallıqdır; reallıqlardan biri də budur: İslam Respublikasının genişmiqyaslı nüfuzu. Mən möhtərəm ölkə başçılarımıza – həm indikinə, həm də ondan əvvəlkilərə; hamısına hörmətlə yanaşıram, hamısına da kömək etmişəm, hamısını, o cümlədən bundan sonra xalqın seçimi ilə iş başına gələcək bütün prezidentləri də dəstəkləyirəm – hamısına demişəm, demişəm ki, bu gün siz hansı müsəlman ölkəsinə getsəniz, əgər həmin regionun insanları azad olsa, onlara icazə verilsə və əgər siz də camaatla görüşmək istəsəniz, sizi elə bir səviyyədə qarşılayarlar ki, heç öz ölkələrinin başçılarını o cür qarşılamırlar. Nüfuz da elə budur da; nufuz bu deməkdir.

Bu nüfuzun inadına 100 gündür ki, Yəməni bombalayırlar; səbəbi isə odur ki, deyirlər, siz niyə Yəməndə nüfuza maliksiniz? Yaxşı, axı biz Yəməndə nə iş görmüşük? Yəmənə silah-sursat aparmışıq? Ordu yeritmişik? Onlar neftdən gələn dollarlar hesabına başqa ölkələrdən muzdlu döyüşçülər gətirib əyinlərinə Səudiyyə ordusunun formasını geydirir, gətirib ənsarullahın silləsinin qabağına verirlər.(8) Yəmənə müdaxilə edən onlardır, biz nə müdaxilə edirik?

Özü də bu nüfuz Allahın verdiyi bir nemətdir. Məgər nə isə etməklə buna nail olmaq olarmı? Dahi liderimiz İmam Xomeyni burada oturub danışırdı, dedikləri ağızdan-ağıza yayılıb, məsələn, Afrikanın, yaxud Asiyanın uzaq bölgələrinə gedib çatırdı. Qəlblərə elə nüfuz edirdi ki, Afrika və ya Asiyanın uzaq ölkələrindən birində yaşayan bir insan övladının adını “Ruhullah” qoyurdu; nufuz budur. Bu işə bir vərəq kağız qədər də maya qoyulmurdu. Deyilən söz nüfuz qazanırsa, fikirlər doğru fikirlərdirsə, sözlər ürəkdən gəlib, ürəklərə yol tapırsa, daha buna heç bir şey etmək olmaz;

قُل موتوا بِغَیظِکُم

“De: “Acığınızdan ölün!” (“Ali-İmran” surəsi, ayə 119)

Sən bunu edə bilmirsənsə – Şəhid Beheşti demişkən; deyirlər onun belə bir sözü var imiş – əsəbindən çatla öl! İndi biz nə edək? Bu, bir reallıqdır. İslam Respublikasının reallıqlarından biridir. Bunlara diqqət yetirin; yəni hər şeyə mənfi yanaşma ilə yanaşmayın.

Bəli, insanların bizdən gözləntiləri daha çoxdur. Mənim özümün özümdən və başqalarından bir çox gözləntilərim var. Daha çox işləməli, daha artıq inkişafa nail olmalı, “İnkişaf və ədalət” onilliyini, doğrudan da, inkişaf və ədalətlə başa vurmalıyıq. Bütün bunları mən qəbul edirəm, amma mövcud nailiyyətlər, inkişaf və reallıqlar da məsələnin digər bir tərəfidir. Bu gün ölkədə mövcud olan reallıqlar şəraitində tələbə təşkilatları uğurla işləyə bilər. Oturun beynəlxalq məsələlər üzərində işləyin; Yəməndə, Suriyada, İraqda baş verən olaylar üzərində işləyin; maraqlı təhlillər, gələcəyə baxış ortaya qoyun. Deməli, əgər tələbə ictimaiyyətinin ölkədəki ümumi atmosferə qeyd etdiyimiz şəkildə təsir göstərməsini istəyirsinizsə, yolu budur: siz tələbə ictimaiyyətinə təsir göstərin ki, tələbə ictimaiyyəti də ölkəyə öz təsirini göstərsin.

Əlbəttə, elə təşkilatlar da var ki, birdəfəlik istifadə üçün nəzərdə tutulan qablar kimi, yalnız seçki üçün yaranır; yalnız seçkidə istifadə olunur. Bəzi təşkilatlar məhz bu cürdür. Bəziləri təşkilat yaradır, xəcalət də çəkmədən deyirlər ki, “bu təşkilatı filan yerdə seçkidə işimizə yaraması üçün düzəltmişik”. Yaxşı, axı bu, tələbə ictimaiyyətini təhqir etməkdir! Tələbəyə, özü də adətən təşkilatlara üzv olan yaxşı oxuyan, istedadlı tələbələrə alət kimi baxmaqdır, onları alçaltmaqdır! Seçki nə qədər dəyərlidir ki, insan ona görə tələbəni alçalda? Özü də nümunəvi, qabaqcıl tələbəni. Mən bu kimi təşkilatların ölkənin mənafeyinə xidmət etdiyinə və ya ölkəmiz üçün faydalı ola biləcəklərinə inanmıram, belə düşünmürəm, onları yaratmağı da tövsiyə etmirəm. Amma doğrudan da İslama uyğun olan, stimullu, inqilaba, dinə, ölkənin gələcəyinə xidmət edən təşkilatlar çox faydalı ola bilər.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
____________________________
(1) İştirakçılar gülür.
(2) Məğrib və işa namazları camaatla qılındıqdan və iftar edildikdən sonra görüş davam edir. 
(3) «Nəhcül-bəlağə», 28-ci xütbə.
(4) İştirakçılar gülür. 
(5) İştirakçılar gülür.
(6) İştirakçılar gülür. 
(7) «İskəndər haqda söhbətlər artıq köhnələrək əfsanəyə şevrilib.
      Təzə söz de, çünki təzədə həmişə bir şirinlik olur». (Fərruxi Sistani) 
(8) İştirakçılar gülür.