Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin hicri-qəməri 1436-cı ilin mübarək ramazan ayının 17-ci günü ölkə universitetlərinin müəllimləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

Əziz qardaş və bacılar, xoş gəlmisiniz. Bundan əvvəl də mən demişəm ki,(2) əziz və hörmətli universitet müəllimlərimizlə bu görüşləri keçirməkdə məqsədimiz ilk növbədə onların yüksək məqamına hörmət ifadə etməkdir. Biz ölkədə müəllimə, ustada sonsuz hörmət mədəniyyətinin oturuşmasını istəyirik. Bu, İslam dinində təlim-tərbiyənin ən böyük prinsiplərindən biridir. Keçmiş alimlərimiz bu barədə kitablar yazıblar, hədislər rəvayət ediblər, Quran ayələri qeyd ediblər. Məqsədimiz ilk növbədə budur. Bu, ustada sonsuz hörmət ifadə etmək üçün atılan simvolik bir addımdır. 2-ci və 3-cü hədəfimiz isə  – əlbəttə ki, bunlar da mühümdür – ali məktəblərdə dərs deyən qardaş və bacılarımızdan şifahi şəkildə müəyyən məsələləri eşitmək, ola bilsin diqqətimizi çəkəcək məsələləri onlara çatdırmaqdır.

Bugünkü görüşümüz çox yaxşı keçdi; təəssüf ki, vaxtımız dar idi, çıxış etməsi nəzərdə tutulan digər müəllimlərimizi eşidə bilmədik. Lakin çıxış edən dostlarımızın toxunduğu mövzular çox diqqətəlayiq idi. Onlardan bəziləri tərəfimizdən hökmən nəzərə alınmalı, bu istiqamətdə iş görülməlidir. Mən bu barədə müvafiq tapşırıqlar verəcəyəm və işlərin gedişini müntəzəm olaraq izləyəcəyəm.

2-3 məqamı qeyd etmək istəyirəm: birincisi, ustad təkcə müəllim mənasında deyil, bəlkə, bu sözdə tərbiyəçi, mürəbbi mənası da var. Bu, hər kəsə məlum olan, hər kəsin fərqinə vardığı təbii bir sirdir: nə isə öyrəndiyimiz, üzümüzə elmin hansısa qapısını açan bir şəxs təbii olaraq bizim qəlbimizə, ruhumuza təsir gücü qazanır. Demək olar ki, təlimin bərəkəti sayəsində şagirddə, tələbədə müəllimin təsiri altına düşmək kimi bir hal yaranır.  Bu, çox böyük və müstəsna bir fürsətdir. Atasından, babasından, anasından, digər ailə üzvlərindən heç bir nəsihət eşitmək istəməyən, amma müəllimin, ustadın bir sözü, bir işarəsinin dərin təsir göstərdiyi gənclər az deyil. Müəllim belə bir mövqeyə malikdir. Təlim prosesi təbii olaraq tərbiyə ilə paralel gedir, tərbiyələndirmək üçün imkan yaradır. Bu fürsətdən istifadə etmək lazımdır. Əgər bizim müəllimlərimiz dindar olsa, milli qürura, inqilabi stimula malik olsa, zəhmətkeş olsa, təbii olaraq bu keyfiyyətlər onların dərs dediyi tələbələrə də ötürülər. Bunun əksi də eynilə müvafiq nəticələr verir. Müəlimlər insaflı, əxlaqlı insanlar olsa, insaflı və əxlaqlı tələbələrin yetişdirilməsi şansı daha da yüksəlir; bunun da əksi eynilə.

Bu gün ölkəmizin onun inkişafı üçün güclü biləklər ola biləcək, imandan doğan stimula, dini bilgilərdən irəli gələn uzaqgörənliyə, böyük əzmə malik, iş görməkdə ürəkli, özünəinamlı, “Biz bacaracağıq!” prinsipinə inanan, gələcəyə optimist yanaşan, ölkənin gələcək üfüqlərini aydın və parlaq görən,  özünü yadellilərə ehtiyacsız hesab edən – xaricilərdən nəyi isə öyrənməkdən imtina etmək mənasında yox, bunu biz heç vaxt tövsiyə etməmişik və etmirik, bizdən çox bilənlərin şagirdi olmağa həmişə hazırıq; söhbət özünü elmi biliklərin ötürülməsi zamanı təsir altına düşməyə, məcburən nəyi isə qəbul etməyə,  sui-istifadə hallarına boyun əyməyə ehtiyacsız hesab etməkdən gedir; bu gün imperialist dövlətlərin əlində olan elm aləmində bu kimi hallar çox geniş yayılıb; gənclərimizdə bu özünütəminetmə, ehtiyacsızlıq psixologiyası olmalıdır – ölkəmizin mövqeyini, bizim harada olduğumuzu, hara çatmaq istədiyimizi, bu yolu necə qət etməli olduğumuzu düzgün dərk edən – müəllimlərimizin bugünkü çıxışlarında, doğrudan da, bu mövzu ilə bağlı aydın məqamlar var idi – milli istiqlalımıza uzanan əllərə, edilən təcavüzlərə, zərbə vurmaq cəhdlərinə qarşı qətiyyətli olan gənclərə ehtiyacı var. Bizə belə ruhiyyəyə malik gənclər lazımdır. Müəllimlərimiz ölkəmizdə təhsillə, elm öyrənməklə məşğul olan gənc nəslə  bu ruhiyyəni aşılaya, yeridə, onlarda bu yüksək keyfiyyətləri  yarada bilərlər. Ustad, müəllim budur. Əlbəttə ki, əxlaq dərsi keçməklə yox, öz davranışları, xarakterləri ilə. Mən demirəm ki, bu və ya digər elm sahəsini tədris edən müəllimlər tələbələrə ayrıca əxlaq dərsi də keçsin; bu, ayrı bir işdir. Müəllimlərimiz öz davranışları, danışıqları, xarakterləri, müxtəlif mövzularla bağlı düşüncələri ilə öz tələbələrinə, bugünün gənclərinə bu təsiri göstərə, onlara bu xüsusiyyətləri aşılaya, bu keyfiyyətləri onlarda yarada bilərlər. Mən həmişə deyirəm ki, universitet müəllimləri soyuq müharibənin komandirləridir. Mənim bu fikrim məhz onların tələbələr üzərindəki bu təsir gücünə əsaslanır. Tələbələr – bundan əvvəl də dəfələrlə qeyd etdiyim kimi – soyuq müharibənin gənc əsgərləridirsə, müəllimlər onların komandirləridir və bu komandanlıq dediyim formada həyata keçirilir.

Odlu-alovlu müharibələrdə də həmişə belə olurdu: komandir özü – batalyon komandiri, bölük komandiri, briqada komandiri döyüş meydanında, qaynar nöqtədə iştirak edəndə, yəni şəxsən özü döyüşəndə bu, əsgərlərə inanılmaz təsir göstərirdi. Özü də bu təkcə bizə aid deyil, başqaları da belədir. Napaleon öz əsgərlərinin yanında əynindəki geyimlə quru yerdə yatırmış. Onun öz dövründə qazandığı fövqəladə hərbi uğurların sirri də məhz bundadır: əsgərləri ondan təkcə şifahi tapşırıqlar almırdı, Napaleon döyüşçülərinə nümunə olmaqla əməli cəhətdən də təlimat verirdi. 8 illik Müqəddəs Müdafiə savaşında bizim gənclərimiz də belə davranırdı. Bəzən döyüş meydanında qərargah komandiri adi döyüşçülərdən də öndə vuruşurdu. Ön sıralarda döyüşür, bəzən hətta kəşfiyyata da gedirdi. Qərargah komandiri özü kəşfiyyata gedirdi! Dünya ordularında bu, məntiqsiz və qəbuledilməz bir şey hesab olunur, amma bizdə bu baş verirdi və Müqəddəs Müdafiədə möhtəşəm və heyrətamiz uğurların əldə edilməsinə də məhz belə faktlar səbəb oldu. Soyuq müharibədə də eynilə belədir. Müəllimlər özləri bu ciddi, həyat əhəmiyyətli,  müqəddəs meydanda iştirak etməlidirlər; belə ki elə “soyuq müharibə” dedikləri də bir müqəddəs müdafiədir.

Bu gün ölkəmizdə 70 minə yaxın elmi şura üzvü var ki, bu da bizim üçün böyük bir qürur mənbəyidir. Yadımdadır, inqilabın əvvəllərində – 60-cı illərin birinci yarısında, bəlkə, ikinci yarısına qədər – elmi şura üzvlərinin ümumilikdə sayı 5-6 min arası idi. Bu gün bu rəqəm 70 minə çatıb. Bu, bizim ölkəmiz, inqilabımız, universitetlərimiz üçün iftixar mənbəyidir.

Sevindirici haldır ki, bu böyük və genişmiqyaslı qüvvənin böyük bir hissəsi mömin, dindar, inqilabi ideyaların daşıyıcısı olan, dinin və inqilabın əsas prinsiplərinə inanan insanlardır. Bu da çox mühüm bir faktdır, diqqətəlayiq bir təzahürdür. Elmi şuralardakı mömin, inqilabçı insanların qədrini bilmək lazımdır. Mən bunu dəyərli rəhbər işçilərimizə, Ali Təhsil Nazirliyinin, Səhiyyə və Tibbi Təhsil Nazirliyinin rəsmilərinə xitabən deyirəm. Həmin insanların qədrini bilin! Möhtərəm nazirlər, nazirliklərin rəhbər vəzifəli işçiləri dini dəyərlərə sadiq olan, cürbəcür təbliğat hücumlarından, altdan-altdan aparılan riyakarlıqlardan – bunların çoxundan bizim də xəbərimiz var – bütün bunlardan qorxmadan, geri çəkilmədən öz haqq sözü üzərində möhkəm duran mömin müəllimlərin qədrini  bilməlidirlər. Hörmətli rektorlar! Universitetlərdə mömin işçilərə, mömin müəllimlərə dəyər verin.

Müəllimlərin əhəmiyyəti ilə bağlı qeyd etmək istədiyim birinci məqam bu idi. Əgər mənim ölkəmizin universitetlərində çalışan o 70 min nəfər əziz müəllimimizlə  görüşmək imkanım olsaydı, bunu mütləq edərdim. Əgər onları bircə-bircə dinləməyim mümkün olsaydı, hökmən dinləyərdim. Amma məlumdur ki, bizim qolumuz qısa, o şirin və dəyərli xurma isə hündür bir ağacdadır.(3)

Qeyd etmək istədiyim ikinci məsələ isə elmlə bağlıdır. Sevindirici haldır ki, ölkə elmində müşahidə olunan canlanma, irəliləyiş bu gün davamlı bir hərəkata, cərəyana çevrilib. Artıq bu, ölkədə özünü təsdiq etmiş, təsbit olunmuş, heç bir şübhə yeri olmayan bir cərəyandır. Son 10-15 ildə müəllimlərimiz, elm adamlarımız, gənclərimiz bu sahədə gərgin işləyiblər. Bunun təsirini də ölkənin dünya üzrə elmi inkişafına görə ilbəil daha yüksək yer tutmasında müşahidə edirik.  Biz elmi inkişafımıza görə dünya üzrə 16-cı yerə çatmışıq; bu, çox mühümdür. Vaxt var idi ki, bu göstərici bundan çox-çox aşağı idi. Ölkəni 16-cı yerə çatdırıblar və bu, çox dəyərli bir faktdır.

Burada bir neçə mühüm məqam var: birincisi, bizim elmdə yüksək mərtəbəyə çatmağımız işlərin qeyri-adi sürət tempi ilə aparılmasının nəticəsidir. Dünya statistikasına əsasən, ölkəmizdə elmi inkişafın sürət tempi dünya üzrə orta göstəricidən 13 dəfə çox olub. Bunu qlobal elmi statistika mərkəzləri də, onlardan qabaq biz də dəfələrlə elan etmişik. Bu gün isə bu sürət tempi yavaşıyıb. Bu gün bəziləri elmi inkişaf baxımından geri qaldığımızı deyir, bəziləri isə bu fikri təkzib edirlər və hər iki tərəf öz dediyini əsaslandırmaq üçün statistika təqdim edir. Bu təzadın səbəbi də elə bundadır: belə baxanda, doğrudur, 16-cı yerdən aşağı enməmişik, amma daha da irəli getməli idik. Yəni o sürət tempi bu gün davam etdirilməli idi, amma əksinə, azalıb. Nazirliklərdə rəhbər vəzifələrdə çalışan yoldaşlar bu məqama diqqət yetirsinlər; həmin sürət tempi bu gün yoxdur. Elə edin ki, elmi inkişafın sürət tempi aşağı enməsin. Silahlı müharibələrin hərbçilərinin dili ilə desək, imkan verməyin ki, əməliyyatlara ara verilsin. Əlbəttə, bilirik ki, irəli getdikcə təbii olaraq bu temp yavaşıyacaq. Yəni nə qədər ki biz geridə idik, istifadə olunmamış imkan və potensialımız daha çox idi, irəli getdikcə, təbii ki, bu potensial azalır, çünki istifadə olunur – bunu bilirik – amma elmi inkişafda zəruri olan müvafiq sürət tempi azalmamalıdır.

İkinci məqam budur ki, ölkənin elmi mühitini siyasi söz-söhbətlərdən uzaq tutun. Yanlış anlaşılmasın, mən demirəm ki, universitetlərdə siyasət olmasın –  çoxlarının yadında olar, bir neçə il əvvəl mən elə ali məktəb müəllimlərimizlə keçirdiyimiz bu ramazan görüşündə universitetlər, tələbələr arasında siyasətin əl-ayağını yığmaq istəyən, bununla da çoxlarının narazılığına səbəb olan şəxslərin ünvanına sərt bir ifadə işlətmişdim – yox, mən bu fikirdəyəm ki, elmi dairələrdə, universitetlərdə siyasi dərk, siyasi təhlil, siyasi bilgilər, siyasi məlumatlılıq olmalıdır. Mən bunun əleyhinə deyiləm, yox. Dediyim budur ki, siyasətbazlıq olmasın, siyasətlə baş qatmaq olmasın, insanların siyasi görüşləri ilə bağlı söz-söhbətlərə rəvac verilməsin. Bu cür söz-söhbətlər əsas işə, yəni elmi inkişafa, elmi işlərə və bu mövzu ilə əlaqəli digər məsələlərə xələl gətirir.

Son bir-iki ildə yol verilən ən yanlış işlərdən biri də bu burs məsələsi idi. Bütün o söz-söhbətlər doğru olsaydı belə – əlbəttə, sonradan araşdırdılar, məlum oldu ki, heç o şəkildə olduğu doğru da deyilmiş; bu məsələ ətrafında oyun qurmuş qəzetlərdə yazıldığı formada deyilmiş; mənə araşdırmalara əsasən dəqiq hesabat verdilər –  yenə də yolu bu deyildi ki, biz məsələni qəzet manşetlərinə çıxaraq. Bir qrup insan qanuna zidd olaraq müəyyən imtiyaz əldə etmişdi. Olsun, bunun qanunla həlli yolu var: o imtiyazı ləğv etsinlər. Səs-küy salmaq lazım deyil. Yaradılan ajiotaj kimlərinsə ətrafında xoşagəlməz söz-söhbətlərin yayılmasına yol açır, bu isə ölkənin elmi mühiti üçün öz işini yavaş-yavaş görəcək zəhərə bənzəyir. Təəssüflər olsun ki, müəyyən şəxslər həmin o siyasətbazlıq düşüncəsi əsasında bu zəhəri ölkə universitetlərinin canına yeritdilər. Nə üçün? İnsanlara zülm edilməsindən əlavə – o məsələdə çoxlarına zülm edilmişdi – bu iş həm qanuna zidd idi, həm məsləhətli deyildi, həm də etikadan kənar idi; sonra da durmadan etikadan, əxlaqdan dəm vururlar. Şair demişkən:

توبه‌فرمایان چرا خود توبه کمتر میکنند!

– “Tövbəni tövsiyə edənlər özləri nə üçün az tövbə edirlər?!”(4)  O, etikaya uyğun idi? İnsanların ətrafında söz-söhbət yaymaq, mənfi fikir formalaşdırmaq lazım deyil. Ali təhsil mühitində bu kimi halların baş alıb getməsinə imkan verməyin. Digər bir mühüm məsələ humanitar elmlər məsələsidir. Humanitar elmlər sahəsində biz geriyik. Humanitar elmlər barədə danışan yoldaşlar çox düzgün olaraq vurğuladılar ki, bu məsələ hətta sənaye sahəsində də əhəmiyyətlidir. Bu, doğrudur. Əziz qardaşımızın təqdim etdiyi statistika məndə böyük maraq doğurdu. O bildirdi ki, sənayenin inkişafında işin 40 və ya misal üçün, 50 faizi mühəndislərin, texniki məsələlərin,  50-60 faizi isə humanitar elmlərin, məsələn, menecment, əməkdaşlıq, gərgin əmək mədəniyyəti və s. bu kimi məsələlərin payına düşür. Doğru deyirlər, bu, çox əhəmiyyətlidir. Sevindirici haldır ki, bu gün qardaşlarımızdan bir neçəsi humanitar elmlərlə bağlı çox yaxşı məsələləri qeyd etdilər, ürəyimdən xəbər verdilər. Əlbəttə ki, bunları mən dildə də deyirəm. Bu məsələləri mən də zaman-zaman qeyd etmişəm. Himanitar elmlər çox əhəmiyyətlidir. Humanitar elmlər sahəsində dəyişikliklərin edilməsi bir sıra dəlillərə əsasən, vacib və lazımlı bir məsələdir və bunun üçün daxildən bir canlanmaya və kənardan dəstəyə ehtiyac var. Xoşbəxtlikdən, bu gün daxildən canlanma var. Mən aparılan işlər haqda hesabatları görürəm; həm Ali Mədəni İnqilab Şurasında – yəni bu qurumun nəzdində fəaliyyət göstərən Humanitar Elmlər Sahəsində Dəyişikliklər Şurasında; orada çalışan yoldaşlar gərgin işləyirlər – həm universitetlərimizin özündə – gördüyünüz kimi, bu gün bəzi yoldaşlarımız humanitar elmlər haqda danışdılar. Bütün bunlar onu göstərir ki, universitetlərimizdə, özü də ziyalılarımız, elm adamlarımız tərəfindən bu canlanma müşahidə olunur. Kənardan dəstək də olmalıdır; müxtəlif formada. Bu dəstəyin göstəricilərindən biri də universitetlərin və nazirliyin Dəyişikliklər Şurasının qərarlarına tabe olmasıdır. Sözügedən şuranın müəyyən qərarları var. Elə bu gün də yoldaşlardan biri burada qeyd etdi: nəzəri işlər görüldükcə mərhələ-mərhələ həyata keçirilməli, reallaşdırılmalıdır.  Dəftərlərdə, kitablarda, qovluqlarda – və onlar demişkən, nazirliyin, yaxud Ali Mədəni İnqilab Şurasının döngə-dalanında qalmamalıdır, əməli işə çevrilməlidir. Bu, tamamilə doğrudur. Nazirlik bu məqama diqqət yetirsin. Cənab Dr. Fərhadi(5)  də burada oturub, mən xüsisilə onun diqqətinə çatdırıram ki, bu işlərin gedişini nəzarətdə saxlasın. Bu, böyük bir işdir. Bu gün ölkəmizdə elmin, universitetlərin kələfinin ucu bu dəyərli qardaşlarımızın əlindədir. Bunlar işlərin  gedişini sözün əsl mənasında və canıyananlıqla nəzarətdə saxlamalıdırlar.

Qeyd olunası digər bir məqam büdcədən elmi tədqiqatlara ayrılan vəsaitdir. Əlbəttə ki, mənim toxunduğum bu məsələlər müəyyən izahat da tələb edir, intəhası azan yaxınlaşır və mən mövzunu  geniş şəkildə aça bilməyəcəyəm. Büdcədən elmi tədqiqatlara ayrılan vəsaitin həcmi çox əhəmiyyətli bir məsələdir. Neçə ildir mən elə bu görüşlərdə də, digər görüşlərimizdə də, ölkənin icraedici rəsmiləri ilə keçirdiyimiz xüsusi iclaslarda da bu məsələnin üzərində dururam, amma aldığımız məlumatlar, bizə çatdırılan hesabatlar göstərir ki, dediyimiz bütün sözlər elə nəsihət kimi qalıb – elə bil bir nəfər minbərə çıxıb moizə oxudu, nəsihət etdi; bu cür baxılıb. Amma belə deyil, çalışmaq lazımdır. Gələcəkdə ümumi büdcə vəsaitinin 4 faizinin elmi tədqiqatlar üçün ayrılması nəzərdə tutulub. Düzdür, biz bunu qısa müddət ərzində həyata keçirməyi planlaşdırmırıq, amma mümkün olan və müzakirə olunan o 1.5, 2 faiz reallaşdırılmalıdır. Hələ ki elmi tədqiqatlara ayrılan vəsait haqda danışılarkən “sıfr tam yüzdə neçə” ilə ifadə olunan rəqəmlər söylənilir. Önəmli məqamlardan biri budur. Digər bir məsələ isə elmi tədqiqatlar üçün ayrılan maliyyə mənbələrinin düzgün, planlı şəkildə xərclənməsidir. Bu vəsait düzgün və yerində xərclənməlidir.

Növbəti bir məsələ isə ölkənin kompleks elmi planı məsələsidir. Doğrudur, kompleks elmi plan yoldaşlarımızın zəhmət və səyləri nəticəsində ölkə üçün gözəl və mükəmməl bir sənəd şəklində işlənib hazırlanıb və bu, çox dəyərlidir. Aldığım məlumata görə, bu sənəd mütəxəssislər, ekspertlər tərəfindən də yüksək qiymətləndirilib. Yəni Ali Mədəni İnqilab Şurasının hazırladığı bu sənədə ciddi, böyük bir irad tutulmayıb; təsdiqlənib, məqbul hesab olunub. Amma bu kompleks elmi planı əməldə reallaşdırmaq, həyata keçirmək lazımdır. Bu işdə ilk addım isə müvafiq diskurs formalaşdırmaqdır. Əyalətlərə səfər edən, ölkə universitetlərində olan dostlarımızdan eşidirəm ki, müəllimlərin çoxunun – o ki qala tələbələrin – hətta rəhbər kadrların ölkənin kompleks elmi planı haqda doğru-dürüst məlumatı yoxdur. Hətta yoldaşlardan biri burada dedi ki, “çoxlarının sizin dediyiniz müqavimət iqtisadiyyatından da xəbəri yoxdur”. Bax bizim işimizin zəif cəhətlərindən biri budur. Əgər biz nəyinsə reallaşmasını istəyiriksə, ilk addım olaraq, həmin istəyimizi cəmiyyətdə qəbul olunan bir diskurs formasına salmalıyıq. Elmi inkişaf da belə oldu: konkret diskurs formalaşdı, təbii şəkildə əməli iş prosesinə keçdi, reallaşdı və bir hərəkat şəklinə düşdü. Bu məsələ də eynilə elədir. Ölkənin kompleks elmi planı ilə əlaqəli məsələlər  bir diskursa çevrilməli və ciddi surətdə icra olunmalıdır; kompleks elmi planla bağlı önəmli məqamlardan biri budur.

Mövzu ilə bağlı digər mühüm bir məsələ ali təhsil haqda sənədin hazrılanması məsələsidir. Yoldaşlardan biri qeyd etdi ki, “əgər nəzərdə tutduğumuz hər şey bizim üçün prioritet olsa, bu o deməkdir ki, bizim ümumiyyətlə prioritetimiz yoxdur”. Bu, doğrudur, əsaslı sözdür. Belə bir fikir səsləndi ki, biz konkret sənaye sahələrində inkişafa nail olmağı qarşıya məqsəd qoymalı, sərmayəni, insan və maliyyə resurslarını, əzm və imkanlarımızı həmin istiqamətə yönəltməliyik. Bu, tamamilə doğru fikirdir. Bir vaxtlar mən bunu idman haqda demişdim; demişdim ki, biz idmanın 2-3 sahəsi üzrə dünyada birinci, yaxud ikinci ola biləriksə, lap yaxşı, gəlin həmin sahələrə güc verək. Bəzi sahələrdə, onsuz da, birinci və ya ikinci olmağa ümidimiz yoxdur; dünya çempionatlarını, beynəlxalq yarışları nəzərdə tuturam. Necə oldusa, elə belə də etdilər; yəni bu sahədə müəyyən işlər gördülər, faydalı və effektiv də oldu. Bu sahədə də eynilə. Baxaq görək ölkənin hansı regionunda, hansı universitetdə hansı elm sahəsi prioritet təşkil edir. Ölkə üzrə elmi planlama bu deməkdir. Biz baxmalıyıq ki, arzulanan nəticəni əldə etmək üçün hansı universitetlərdə hansı sahələrə daha çox diqqət ayırmaq, sərmayə qoymaq lazımdır. Odur ki sözügedən sənədin işlənib hazırlanması, icrasına start verilməsi, bu istiqamətdə işlərə başlanması da mühüm məsələlərdən biridir.

Sonda mən bunu demək istəyirəm ki, əziz qardaş və bacılar, gördüyünüz işin qədrini bilin. Bu gün insanlarımızın məşğul olduğu işlər arasında bundan dəyərli, bundan hörmətli bir iş tapmaq mümkün deyil. Siz öhdənizə çox böyük işlər götürmüsünüz və onları həyata keçirməkdəsiniz. Əgər bütün bunların reallaşmasını istəyiriksə, Elmlər Nazirliyində çalışan yoldaşlarımızın iş əzmi günü-gündən artmalıdır.

Mən burada bir məsələni də özüm üçün qeyd etmişəm. Bu, ali təhsilin yuxarı pillələrində, magistratura və doktoranturada təhsil alan tələbələrin sayının artımı məsələsidir. Sevindirici haldır ki, son bir neçə ildə bu sahədə diqqətəlayiq artım müşahidə olunur və bu, bizim üçün heyrətamiz bir üstünlükdür. Lakin bu mühüm təzahürün nəticələrinə yanaşmada düzgün planlama olmalıdır. Magistratura və doktoranturada tələbələr müəyyən elmi araşdırmalar aparmaq, elmi iş yazmaq, kitab çap etdirmək istəyirlər. Ölkənin ərsəyə gələn bu elmi işlərdən, kitablardan yararlana bilməsi üçün bu sahədə işlərin sistemləşdirilməsinə, ümumi bir yanaşmaya, istiqamətləndirməyə ehtiyac var. Belə olmasa, resurslar hədər yerə xərclənmiş olar: həm müəllimlərin, tələbələrin, rəhbər işçilərin əməyini, həm də maliyyə vəsaitini və digər növbənöv imkanları havayı sərf etmiş olarıq. Bu kompleks yanaşma, planlama, Elmlər Nazirliyinə aid məsələlərin ümumi şəkildə sistemləşdirilərək nizama salınması olduqca önəmli  işlərdir və mütləq, həyata keçirilməlidir.  Düyün düşmüş məsələlər də, inşallah, bu yolla açılacaq.

Siz müəllimlərin gördüyünüz iş olduqca əhəmiyyətlidir. Ölkədə elm sahəsini idarə edən qurumların – əsasən nazirliklərin, həmçinin prezidentin elmi məsələlər üzrə müavinliyinin həyata keçirdiyi iş çox əhəmiyyətlidir. Bu işlərə önəm vermək lazımdır, onlar  həqiqi qiymətini, dəyərini almalıdır. Biz həyata keçirilən bu işlərin nə qədər əhəmiyyətli olduğunu bilməliyik.

Yoldaşlardan bəzilərinin də öz çıxışlarında qeyd etdikləri kimi, İran xalqının düşmənlərinin məqsədi bu ölkənin, bu xalqın öz layiqli mövqeyinə, layiq olduğu sivilizasiyaya yetişməsinə əngəl olmaqdır. Çünki onlar ölkədə bu hərəkatın artıq start götürdüyünü hiss ediblər. Sanksiyaların da məqsədi budur. Bəli, mən də bu fikirdəyəm ki, sanksiyaların məqsədi təkcə nüvə məsələsi deyil; insan haqları və ya terrorizm də deyil. Belə bir məsəl var: soruşurlar, rövzəxan Əliəsğərdən oxudu, filankəs niyə ağlamadı? Deyir, o özü yüzlərlə Əliəsğərin başını kəsib, Əliəsğər rövzəsinə ağlayacaq?! İndi bunlar da; özləri terrorçu yetişdirirlər, özləri insan haqlarına qarşıdırlar, bunlar insan haqları naminə hansısa ölkəyə təzyiq göstərəndirlər? Məsələ bunda deyil. Burada söhbət bu kimi şeylərdən daha yüksək hesablamalardan gedir. Yəni ideologiyası, izlədiyi əsas prinsiplər imperializm, zülm və istibdadın prinsiplərinə tam zidd olan bütöv bir xalq, bir hərəkat, bir mahiyyət yaranıb, onun irəliləyib uğur əldə etməsini istəmirlər. Biz belə bir mövqeyə, belə bir statusa malikik. Çalışmalı, hərəkət etməliyik. Sanksiyalar da, əlbəttə ki, müəyyən çətinliklər törədir, amma inkişafa mane olmamalıdır. İmkan və potensialımızdan istifadə etməliyik. Və siz müəllimlərin bu işdə öhdəsinə mühüm rol düşür. Elmlər Nazirliyinin də, elmlə əlaqəli digər qurumların da öhdəsinə mühüm və əsaslı vəzifələr düşür. Bu vəzifələrin qədrini bilin, onları layiqincə yerinə yetirin. İnşallah, Uca Yaradandan da kömək istəyin. Az öncə yoldaşlar Qurandan bir ayə oxudular:

اِن تَنصُرُوا اللهَ یَنصُرکُم وَ یُثَبِّت اَقدامَکُم

“Əgər siz Allaha (Onun dininə və Peyğəmbərinə) kömək etsəniz, Allah da sizə kömək edər”. (“Muhəmməd” surəsi, 7-ci ayədən)

Bu, Allah-taalanın danılmaz vədidir.

Pərvərdigara! Bu gündüzlərin və gecələrin bərəkəti xatirinə, Əmirülmömininin (ə) pak qanının və bu illər ərzində haqq uğrunda tökülmüş pak qanların bərəkəti xatirinə – ölkəmiz çoxlu şəhidlər verib – bu qanların, bu mücahidələrin bərəkəti xatirinə, bu müqəddəsliklərin xatirinə xalqımızı həqiqi səadət və başucalığına günü-gündən daha da yaxınlaşdır. Pərvərdigara! Bu yolun mücahidlərinə, bu yolun fəallarına, o cümlədən çox hörmətli müəllimlərimizə, tələbələrimizə – elm yolunda çalışan hər kəsə öz mənəvi dəstəyini nəsib et. Dahi liderimiz İmam Xomeyninin (r.ə) və şəhidlərimizin pak ruhlarını məhşərə ilkin İslam dövrünün şəhidləri ilə birgə gətir.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_____________________________
(1) Ali Məqamlı Rəhbərin çıxışından öncə müəllimlərdən 7 nəfəri çıxış edərək rəy və görüşlərini bildirdilər.
(2) Ali Məqamlı Rəhbərin 15.05.1392-ci ildə ölkə universitetlərinin müəllimləri ilə görüşü zamanı etdiyi çıxışda da bu məsələ qeyd olunmuşdur.
(3) Hafizin misralarından birinə işarə olunur.
(4) Hafizin divanından
(5) Görüşdə Elmi Araşdırmalar və Texnologiyalar Naziri Dr. Məhəmməd Fərhadi də iştirak edir.