Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 10.04.1394-cü ildə şairlərlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

İmam Müctəbanın – İmam Həsənin (ə) mövludu günüdür; Peyğəmbəri-Xatəmin (s) dili ilə desək, “hüsne-mücəssəm” – gözəlliyin təcəssümünün dünyaya gəldiyi gündür. Bu mövluda bu adı o həzrət verib və Peyğəmbərin bu mübarək körpəni, bu əzəmətli insanı “Həsən” adı ilə adlandırması çox böyük və əhəmiyyətli bir məsələdir. İnşallah, hamınız üçün mübarək olsun.

Sizin həssas qəlblərinizə, incə ruhlarınıza, zərif duyğularınıza ramazan ayının bərəkətlərini də xatırlatmaq istəyirəm. Bu bitib-tükənməyən bərəkət zəmisindən istifadə edəcək bir kimsə varsa, o cümlədən ən çox istifadə etməli olan və edən insanlar, doğrudan da, incə zövqlü, ruhu, qəlbi, zərif duyğuları olan insanlardır; yəni sizlər. Allaha yaxınlaşmaq, qəlbin riqqətə gəlməsi, Allah-taala ilə ünsiyyət, zikr, itaət ayı olan bu ayın dəqiqələrindən, anlarından, günlərindən, gecələrindən bəhrələnmək üçün sizdən yaxşı kim ola bilər? Bütün bunlar üçün belə pak, incə qəlbə, zərif duyğulara malik insanlardan münasib kim ola bilər?

Zikr, ünsiyyət və şövq behiştinə daxil olmaq üçün ən yaxşı vasitə bu ayda oxunması tövsiyə olunan dualardır; istər bu aya məxsus olan dualar, istərsə də “Şəbaniyyə minacatı”, “Səhifeyi-Səccadiyyə”dən olan dualar kimi bütün həssas məqamlarda oxunması mümkün olan dualar. Bunlardan istifadə etmək olduqca dəyərlidir.

(2)وَ اسمَع دُعائی اِذا دَعَوتُک، وَ اسمَع نِدائی اِذا نادَیتُک، وَ اقبِل عَلَیَّ اِذا ناجَیتُک

Sizin incə qəlbləriniz bunları daha böyük itaətkarlıqla, daha artıq diqqətlə bəyan edə bilər.

فَقَد هَرَبتُ اِلَیکَ وَ وَقَفتُ بَینَ یَدَیک

Bunlar ən incə qəlblərdən, ən bəlağətli dillərdən süzülmüş sözlər, ifadələrdir. Bunları sizdən yaxşı, bu pak, incə qəlblərdən yaxşı kim qəbul etməli, dərk etməli, onlardan sizdən yaxşı kim bəhrələnməlidir? Bu ayda dua etməyə səhlənkar yanaşmayın. “Şəbaniyyə minacatı” duasında oxuyuruq:

هَب لی قَلباً یُدنیهِ مِنکَ شَوقُهُ وَ لِساناً یُرفَعُ اِلَیکَ صِدقُهُ وَ نَظَراً یُقَرِّبُهُ مِنکَ حَقُّه

Şövqündən yüksələn, ucalan, Rəbbin zatına yaxınlaşan bir qəlb – insan Allahdan bunu istəyir. Hansı qəlb buna o həssas, incə qəlbdən daha hazır ola bilər? Əlhəmdulillah, sizlərdə bu var.

“Əbi-Həmzə Sumali” duasında:

بِکَ عَرَفتُکَ وَ اَنتَ دَلَلتَنی عَلَیکَ وَ دَعَوتَنی اِلَیکَ وَ لَولا اَنتَ لَم اَدر ما اَنت

Həzrəti-Haqla, məhəbbət və izzətin qaynağı ilə bu cür lətif şəkildə mənəvi əlaqə yaratmaq; bunlar çox dəyərlidir, çox əhəmiyyətlidir, həssas qəlbləri, həqiqətən də, isidir, qoruyur, ümid bəxş edir, onların pənah yerinə, dayağına çevrilir.

ای تکیه‌گاه و پناه زیباترین لحظه‌های پرعصمت و پرشکوهِ تنهایی و خلوت من ای شطّ شیرین پرشوکت من

“Ey xəlvətə çəkilib tənha qaldığım, saflıq, möhtəşəmlik dolu ən gözəl anların pənahı və dayağı! Ey mənim şirin sulu, şan-şövkətli çayım!”
– mərhum Əxəvan bu şeiri nə üçün, kimə həsr edib, bununla işim yoxdur, mən onu “Səhifeyi-Səccadiyyə”yə həsr edərək oxuyuram. Mən bu şeri Əbi-Həmzə Sumali duasına xitabən oxuyuram. Dua budur, bundan əl götürməyin, duadan üz çevirməyin. Dua çox dəyərlidir. Dua ümidsizlik, bədbinlik içində olan, yanlış emosiyalara qapılmış qəlblərin halını dəyişməyə, onları doğru yola istiqamətləndirməyə qadir olan bir iksirdir. Dua belə bir şeydir. Bu gecələrdən istifadə edin. Dua edə, duadan həqiqətən bəhrələnə biləcək ən layiqli şəxslər sizsiniz, bundan istifadə edin. Əlbəttə ki, duanı mənasını düzgün dərk etmədən, sadəcə üzündən oxumaq, yaxud mənanın yalnız zahirini anlayaraq oxumaq dua oxumağın ən aşağı mərhələsidir, buna baxmayaraq, dua ilə qaynayıb-qarışmaq, o mənalarla ünsiyyətdə olmaq, onlara baş vurmaq çox dəyərlidir.

Bəli, şeir çox güclü təsirə malik bir faktordur; sözün, fikrin bütün digər ifadə formaları ilə müqayisədə şeir, poeziya ikiqat artıq təsir effektinə malikdir. Yəni nə qədər gözəl, nə qədər bəlağətli, mənalı olmağından asılı olmayaraq, heç bir söz insanlara şeir qədər təsir göstərə bilmir. Şeir belə bir mexanizmdir, belə bir faktordur. İnsanları təşviq etmək, həvəsləndirmək lazım olduğu yerdə şeir stimulverici rol oynayır. Şeir dinləyiciyə və ya onu özü üçün oxuyan şəxsə istiqamət verir, bələdçi, yolgöstərən olur. Bu isə həmin şeir müəllifinin üzərinə məsuliyyət qoyur. Sizin əlinizdə böyük işlər üçün istifadə edə biləcəyiniz bir sərvət, imkan varsa və siz ondan istifadə etmirsinizsə, məsuliyyətsiz davranmış olursunuz. Şeirin təsir gücü sizin üzərinizə məsuliyyət qoyur. Allah-taala bu neməti sizə verib, amma bütün başqa nemətlər kimi, bu nemət haqda da sorğu-sual ediləcək; bu ilahi bəxşiş haqda haqq-hesab çəkiləcək. Sizdən bu nemətlə nə etdiyiniz soruşulacaq.

Şeir vasitəsilə auditoriyanı doğru yola, “sirati-müstəqim”ə də istiqamətləndirmək olar, yanlış yola istiqamət verib məhv etmək də. Şeir insanı uçuruma da itələyə bilər. Belə şeirlər var; xüsusilə bu gün. Təəssüflər olsun ki, hazırda yeni texnologiyalar – yeni media vasitələrinin köməyi ilə insanlıqdan, əxlaqdan uzaq olan azğın bir mədəniyyət baş alıb gedir və bəzən şeir insanların doğru yoldan sapması, günah və əxlaqsızlıq bataqlığında boğulması üçün bir vasitəyə çevrilir. Məsələnin o biri tərəfi də budur. Odur ki şeir bu ikisindən hər birinə yol aça bilər. İncə duyumlu şair ətrafda baş verənləri dərk edir, onda bir həvəs, şövq yaranır, bu duyğular onu sıxır, narahat edir və o, yazmağa başlayır. Şairin şeir yazmağı təşviq olunmağından, sıxıntı keçirməyindən, başqalarının görə bilmədiyi bir şeyi görüb, duyub, dərk etməyindən irəli gəlir. Amma bunun iki tərəfi ola bilər: şair insanları yaxşılıqlara doğru da istiqamətləndirə bilər, bunun əksinə də. Şeir ifrat dərəcədə cinsi instinktlərin təsiri altına düşərsə, bu, çox pis bir şeydir, artıq həyəcan təbili çalmaq lazımdır. Təəssüf ki, bu gün ölkəmizdə bəzi insanlar şeiri məhz bu səmtə yönəldirlər. Gənclərimiz saf, olduqca gözəl, qəhrəmanlıq ruhlu, mənəvi-inqilabi atmosferdə yaşadıqdan sonra hazırda bəzi əllər müxtəlif yerlərdə zorla onları bu istiqamətə çəkirlər. Ən çox da internet məkanında. Başqa vasitələr öz yerində, şeir vasitəsilə də gəncləri ifrat cinsi instinktlərə sövq edirlər. Bəzən ifrat şəhvətpərəstliyə, bəzən yalnız öz şəxsi mənafeyini güdməyə, bəzən isə zülmə pərəstişə çağırırlar. Təəssüflər olsun ki, ölkəmizin tarixində bunun, yəni zülmə, zalıma pərəstişin kökü çox uzaqlara gedib çıxır.

Əlhəmdulillah, bu gün ölkəmizdə bu tendensiyanın əleyhinə olan, buna qarşı çıxanlar da var. Elə gənc şairlər arasında da mən bunun əleyhinə çıxış edən insanları görmüşəm. Yəmənlə bağlı şeirləri – cənab Səyyarın(3)  və başqalarının şeirlərini bundan əvvəl də eşitmişdim, oxumuşdum, çox yaxşıdır. Sizin yazdığınız, elə bu axşam dostlarımızın oxuduğu şeirlər də çox yaxşıdır. Düzgün olanı budur, düzünü siz edirsiniz. Allah-taalanın haqqında sorğu-sual edəcəyi məsuliyyət hissi bax budur. “Məkarimül-əxlaq” duasının fraqmentlərindən birində oxuyuruq:

    (وَ اسْتَعْمِلْنِی بِمَا تَسْأَلُنِی غَداً عَنْه (4

Bu haqda düşünmək, bunun üçün narahat olmaq lazımdır – sabah məni sorğu-suala çəkəcək, nələrisə soruşacaqlar. Deyir, “Pərvərdigara, o şeyi ki sabah məndən soruşacaqsan, bu gün ona əməl etmək, o işlə məşğul olmaq üçün lazım olan vasitələri mənə nəsib et”. Həmin vasitə sizdə var. Ola bilsin, kimlərinsə ürəyi doludur, deyə bilmirlər, amma siz, əlhəmdulillah, deməyi bacarırsınız. Deyin, təsiri də olacaq. Sizin Bəhreyn, Yəmən, Livan, Qəzza, Fələstin və ya Suriya üçün dediyiniz şeirlər, İslam ümmətinin hədəfləri uğrunda söylədiyiniz hər bir şeir istənilən yerdə oxunur və istifadə olunur. Əgər şeir bu istiqamətlərdə işlənsə,

(انَّ مِنَ الشِّعرِ لَحِکمَه (5

– “Həqiqətən də, şeirdə hikmət var” deyimi sizin yaradıcılığınızın timsalında gerçəkləşəcək. Şeir, doğrudan da, hikmətdir.

Bir şeyi demək istəyirəm – əlbəttə, mən bunu sizinlə keçirdiyimiz görüşlərdə də, başqa görüşlərin çoxunda da dəfələrlə demişəm – ki, haqla batilin davasında bitərəf qalmağın mənası yoxdur. Biri var tərəflərin kimliyi tam aydın olmayan, şübhəli bir davadır – o, ayrı bir söhbətdir, amma əgər ortada bir haqq və bir batil varsa, o yerdə bitərəf qalmaq mənasızdır. Haqqın tərəfini tutub batilə qarşı çıxmaq lazımdır. İndi biri bunu hərbi üsulla edə bilər, biri siyasi üsulla. Batilə qarşı müxtəlif formalarda çıxış etmək olar. Kimlərsə də bunu dillə, düşüncələrini sözdə ifadə etməklə edə bilər; amma etmək lazımdır. Şair haqla batilin qarşıdurmasında bitərəf qala bilməz. Şair, sənət adamı bitərəf qalarsa, Allahın verdiyi neməti hədər etmiş olar. Əgər Allah eləməmiş, batilin tərəfini tutarsa, o zaman xəyanət edib, cinayət edib. Burada artıq səhlənkarlıqdan söhbət getmir, cinayətdir. Sizin xalqınız uzun illər boyu çox zülmlərə məruz qalıb, bu zülmləri demək, dünyaya çatdırmaq lazımdır.

1366-cı ildə – elə bu günlərdə – Sərdəşti bombaladılar. Bu, zarafatdır? Bütöv bir şəhəri kimyəvi silahlarla bombalasınlar, uşaqlı-böyüklü, qocalı-cavanlı, qadınlı-kişili minlərlə adamı məhv etsinlər, dünya isə sussun! O dünya ki, bəzən bir pişiyin çalaya düşməsi onun üçün xəbər proqramlarında, qəzet və televiziyalarda danışılacaq səviyyədə bir problemə çevrilir. Deyirlər ki, bəli, bu gün bir pişik, ya məsələn, bir tülkü çalaya düşmüşdü, filan-filan qurumlar heyvanı o çaladan sağ-salamat çıxarmaq üçün yığışıb səy göstəriblər; və ya sahilə çıxmış bir su heyvanının xilas edilməsi və sair bu kimi şeylər üçün dünyada hay-küy qaldırılır. Bütöv bir şəhərin kimyəvi silahlarla bombalanması qarşısında isə bu dünya susur! Dünya deyəndə mən xalqları nəzərdə tutmuram, xalqların əlindən nə gəlir, nələri var? Mən dünyanın təbliğat agentliklərinə ağalıq edən böyük dövlətləri nəzərdə tuturam; bizim dildə desək, Amerikanı, İngiltərəni, imperialist Qərb dövlətlərini, sionistləri. Dünyanın təbliğat atmosferinə öz hökmünü diktə edənlər bunlardır, imkan verməzlər ki, bir dodaq tərpədəsən, bir iş görəsən. Hazırda Yəməni gecə-gündüz o cür bombalayırlar, heç kimdən səs çıxmır; dünən Qəzzanı o cür bombalayırdılar, bundan bir az qabaq Livanı vururdular, heç kəs cınqırını çıxarmadı. Ancaq misal üçün, haradasa iki qaçaqmalçı mühakimə olunsa, edam olunsa, səs-küylü təbliğat başlayar. Dünya bax belədir, belə bir dünyanın qarşısında nə etmək lazımdır? Dini motivasiyanı, imandan irəli gələn vəzifələri bir kənara qoyaq, şərəfi olan bir insan belə bir cəbhələşmənin, belə bir həyasızlığın, belə bir xəbisliyin qarşısında nə edər? İnsanın şərəfi, vicdanı, insanlığı nəyə hökm edir? Bütün bunlar insanın çiyinlərinə düşən yükdür.

Mən, əlbəttə ki, inqilabdan sonrakı dövrdə ölkədə poeziyanın inkişafından çox razıyam, doğrudan da, çox yaxşılaşıb. Bu gün şeir oxuyan gənclər 10 il əvvəlki gənc şairlərdən açıq-aydın çox fərqlənirlər. Yəni doğrudan da, inkişaf var, yazılan şeirlər çox yaxşıdır. İntəhası ölkəmizdə şeirin, poeziyanın imkanları bundan daha yüksəkdir; qat-qat çoxdur. Baxın bu xanım qızımız şagirddir(6)  – eşitmişəm, bilirəm ki, “Ədəbiyyat şəhərciyi”(7)  şagird poeziya dərnəkləri təşkil edib, insanları başına toplayır – bizim şagirdlərimiz, gənclərimiz, yeniyetmələrimiz, qızlarımız, oğlanlarımız şeir yazırlar, özü də bu qədər yaxşı səviyyədə, bu qədər gözəl mövzularda, belə güclü təxəyyüllə. Bu, çox yaxşıdır, amma onu da deyim ki, bu gün ölkəmizdə poeziyanın səviyyəsi ümumilikdə hələ İran şeirinə layiqli həddə çatmayıb. O qədər də uzaq olmayan keçmişdə müəyyən mərhələlərdə ölkəmizdə yazılan şeirlər ümumilikdə, yəni o dövrdə yaşanan zirvələri nəzərə alsaq, indikindən yüksək səviyyədə olub. Məşhur poeziya ustadlarımız, görkəmli şairlərimiz olub; istər qəsidə janrında, istər qəzəldə, istərsə də digər janrlarda. Bu gün də elə şairlər olmalıdır ki, şeirin səviyyəsi yüksəlsin. Bunun üçün işləmək lazımdır, səy göstərmək lazımdır.

Bizim poeziyamızın miqyası çox genişdir. Çalışıb bu miqyası daha da genişləndirməliyik; bunu həyata keçirmək lazımdır. Əlbəttə ki, bu işdə poeziya sənətində təmsil olunan insanların da öhdəsinə məsuliyyət düşür, hökumət strukturlarının, dövlətlə bağlı orqanların – “Səda və sima” Dövlət Teleradiosunun və başqalarının da. Hamının çiyinlərinə müəyyən vəzifə düşür. Şeirə qiymət vermək lazımdır. Şeir çox böyük, çox əhəmiyyətli bir təzahürdür. Amma belə görürəm ki, dövlətimizdə, ölkəmizdə bu həqiqəti dərk etməli olan şəxslər – hamısını demirəm, ən azından bəziləri – şeirin əhəmiyyətinin dərinliyinə lazımınca varmayıblar, şeirə ümumiyyətlə dəyər verməyiblər.

ما قَدَروا الشِّعرِ حَقَّ قَدرِه

Doğrudan da, şeirin qədr-qiymətini layiqincə anlaya bilməyiblər. Şeir çox heyrətamiz bir təsirə malikdir. Bəzən bir beyt şeir və ya məsələn, bir qəzəl, bir şeir parçası hansısa elm adamının, mütəxəssisin 1-2 saatlıq nitqindən daha təsirli olur. Bu, çox əhəmiyyətli bir şeydir; belə demək mümkünsə, qiymətli bir gövhərdir, bu qədər əhəmiyyətlidir. Bunun qədrini bilməlidirlər.

Onu da deyim ki, əlhəmdulillah, ölkəmizdə müşahidə olunan müsbət hallardan biri də gənc şairlərimizin hadisələrə dərhal reaksiya verməsidir. Bugünkü görüşdə də bunun təsiri hiss olundu, bundan əvvəl də mən bunu müşahidə etmişdim və çox razıyam. Bu, çox yaxşıdır, çox dəyərlidir. Əsla heç kəs düşünməsin ki, bu, mənfi bir haldır; bu, çox müsbət bir təzahürdür. Tarix boyu və elə bu yaxın keçmişdə də biz bu sürətli reaksiya nəticəsində ən yaxşı əsərlərin ərsəyə gəldiyinin şahidi olmuşuq. O vaxt o qız İsrail təyyarəsini qaçıranda mərhum Əmiri Firuzkuhi bir qəsidə demişdi. Əmiri Firuzkuhini tanıyan dostlarımız bilir ki, onda o nə gənc idi, nə də inqilabi ideyaların daşıyıcısı idi. Amma o vaxt – qırx neçənci ildə emosiyalarının təsiri altında çox gözəl, yüksək səviyyəli, zamana və məqama uyğun bir qəsidə yazmışdı; “Orada bir Qəzalə...” – bu sözlərlə başlayırdı. İndi beytlərinin çoxunu xatırlamıram, amma o zaman bilirdim, özündən eşitmişdim.(8) Hər halda, bu, çox yaxşıdır. Hadisələrə dərhal, sürətlə reaksiya vermək, nə baş verdiyini aydınlaşdırmaq – bu, çox yaxşıdır.

Ümidvaram ki, inşallah, günü-gündən ölkəmizdə inqilabi poeziya daha da yüksək status qazanacaq. Əlbəttə ki, inqilabi poeziya dedikdə mən əks-inqilab mövzulu şeirlər də daxil olmaqla inqilab dövründə yazılmış bütün şeirləri nəzərdə tutmuram. Bəziləri elə bilir ki, müharibə şeiri dedikdə müharibə mövzusunda yazılmış bütün şeirlər nəzərdə tutulur; müharibənin əleyhinə olsa da. Amma bu müharibə şeiri deyil, müharibənin əleyhinə olan şeirdir. İnqilabi poeziya deyəndə də inqilabın hədəflərinə xidmət edən poeziya nəzərdə tutulur. İnqilabi şeir budur, daha inqilab dövründə yazılmış hər şeir yox. İnqilabi poeziya deyərkən mən də inqilab dövründə yazılmış bütün şeirləri yox, inqilabın hədəflərinə xidmət edən şeir nümunələrini nəzərdə tuturam. Ədalətə, insanlığa, dinə, birliyə, milli yüksəlişə, ölkənin hərtərəfli inkişafına, ölkədə sözün əsl mənasında insan yetişdirilməsinə xidmət edən şeirləri. İnqilabın hədəflərinə xidmət edən inqilabi şeir budur.

Ümidvaram ki, inşallah, Allah-taala sizin hamınıza uğurlar nəsib edəcək, sizi qoruyacaq, aranızdakı gənclər uzun illər boyu bu doğru yolda irəliləyəcək, ölkəmiz, gələcəyimiz və gələcək nəsillər onlardan bəhrələnəcək.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_________________________
(1) Ali Məqamlı Rəhbərin çıxışından öncə şairlərdən bir neçəsi şeirlərini oxudular;
(2) “Şəbaniyyə” minacatı;
(3) Məhəmmədmehdi Səyyar;
(4) «Səhifeyi-Səccadiyyə”, “Məkarimül-əxlaq” duası;
(5) «Mən la yəhzəruhul-fəqih” , c.4, səh. 379;
(6) Görüş zamanı şeirini oxumuş şairə xanım Məsumə Fərahani nəzərdə tutulur;
(7) «Ədəbiyyat şəhərciyi” adlı incəsənət və mədəniyyət mərkəzinin  təşkil etdiyi şeir və nəsr dərnəkləri nəzərdə tutulur;

(8
) Əmir Firuzkuhinin “Şadiyə Əbuqəzalə” haqda yazdığı qəsidə nəzərdə tutulur. Əsl adı Leyla Xalid olan və üzvü olduğu Fələstin Xalq Azadlıq Cəbhəsində ilk fələstinli şəhid qadının şərəfinə Şadiyə Əbuqəzalə kimi tanınan bu gənc qız 1969-cu ildə (hicri-şəmsi 1348) Roma-Afina reysi ilə uçan, içində İsrailin ABŞ-dakı o vaxtkı səfiri İsak Rabinin olduğunu güman etdikləri sərnişin təyyarəsini qaçırmış və Dəməşq aeroportunda yerə endirmişdir.