Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 7 tir şəhidlərinin ailə üzvləri və Tehran ostanının şəhid ailələri ilə görüşü zamanı etdiyi çıxış (1)

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

و الحمدللَّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابی القاسم المصطفی محمّد و علی ءاله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة اللَّه فی الأرضین

Əziz bacı və qardaşlar, çox xoş gəlmisiniz. Bu gün siz şəhidlərin xatirəsi ilə bu hüseyniyəyə, bizim iş yerimizə bir rayihə bəxş etdiniz.

İslam İnqilabının bərəkətlərindən biri də İslamın başlıca təlimlərinin, əsas islami bilgilərin müasir dövrdə yenidən tədqiq olunaraq cəmiyyətə təqdim olunmasıdır. Bu böyük təlimlərin çoxu kitablarda və ya bizim zehnimizdə var idi, İslam İnqilabı isə onları təcəssüm etdirdi, obyektiv surətdə reallaşdırdı. Bu təlimlərin mühüm bir hissəsi şəhidliklə bağlı kompleks biliklərdir. Bir qədər əvvəl qiraət olunan şərif ayədə də bu məsələyə açıq-aydın toxunulur:

وَ لا تَحَسَبَنَّ الَّذینَ قُتِلوا فی سَبیلِ اللَّهِ اَمواتًا بَل اَحیآءٌ عِندَ رَبِّهِم یُرزَقون * فَرِحینَ بِمآ ءاتهُمُ اللَّهُ مِن فَضلِه‌ وَ یَستَبشِرونَ بِالَّذینَ لَم یَلحَقوا بِهِم مِن خَلفِهِم اَلّا خَوفٌ عَلَیهِم وَ لا هُم یَحزَنون

“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (Cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”. (“Ali-İmran” surəsi, 169-170-ci ayələr)

Bu, bir bilgidir, İslamın böyük təlimlərindən biridir; şəhidliyin müsəlman toplumundakı canlandırıcı, stimulverici rolundan söz açır. Şəhidlər hələ onlara qoşulmamış şəxslərə – yəni mənə və sizə – müjdə verirlər ki,  bu yolda heç bir qorxu və kədər yoxdur. Burada yalnız şadlıq, sevinc, ruhlanma və ümid var. Bu, bir ibrət dərsidir və bu dərs İslam Respublikasının tarixində başdan bəri təkrar olunub. Bizim şəhidlərimiz stimul və ruh yüksəkliyi ilə bu meydana atılıblar, çalışıb-vuruşublar və bu səyləri sidqi-ürəkdən olduğuna görə əvəzində onlara ilahi mükafat verilib, şəhid olublar. Bu şəhadət, heç şübhəsiz, Allahın öz ixlaslı, pərhizkar, imanlı bəndələrini dəyərləndirərək onlara verdiyi böyük bir nemət, böyük bir mükafatdır. Şəhidlər sevinclə bu meydana atılıblar, Allah-taala onlardan razı bir halda Onunla görüşüblər, ölümdən sonrakı aləmdə onlara nə bir kədər üz verib, nə də qəlblərində bir qorxu olub. Şəhidlər bunu cəmiyyətdə də əks etdirir, hələ onlara qoşulmamış insanlara ötürürlər. Artıq neçə illərdir ki, biz bunu nüşahidə edirik: harada şəhid düşübsə, ardınca ailəsinə başucalığı gəlib, qohum-əqrəbası qürur və iftixar yaşayıb, camaatda ikiqat artıq həyəcan, mənəvi yüksəliş və sevinc hiss olunub, bu, cəmiyyətə də böyük təsir göstərib. O cümlədən və bunun ən bariz nümunəsi olaraq, 7 tir hadisəsini qeyd etmək olar.

7 tir balaca bir hadisə deyildi. Bu hadisənin zahirinə nəzər salsaq, dövlətin 72 nəfər ən nüfuzlu və görkəmli siması birlikdə məhv edilmişdi. Hansı ki onların arasında şəhid Beheşti kimi bir şəxsiyyət var idi. Şəhid Beheşti dövrünün nadir şəxsiyyətlərindən biri idi. Onun kimi insanlara ardıcıl olaraq bir neçə nəslin dəyişimində çox az-az rast gəlmək olur. Belə bir insanın, habelə işini uğurla həyata keçirən önəmli sayda nazirin, deputatın, siyasi və inqilabi fəalların bir gündə xalqın əlindən alınması təbii olaraq nə ilə nəticələnə bilərdi? Xalqın məğlubiyyəti ilə, inqilabın məğlubiyyəti ilə; bir qayda olaraq nəticə bu olmalı idi. Amma bunun tam tərsi oldu. Bunun tam tərsi, düşmənin bu hadisədən gözlədiyi nəticənin 180 dərəcə əksi baş verdi. Xalq birləşdi, inqilab özünün əsl kursuna düşdü, düzgün məcraya yönəldi, xalqın düşmənləri ifşa olundu, rüsvay oldu.

Bu böyük cinayətin icraçısı olmuş bəzi şəxslər var idi ki, onlar illərlə əhali arasında, gənclər arasında təbliğat aparmaqla özlərini başqa cür – azadlıq tərəfdarı, dəyərlərin tərəfdarı kimi təqdim etmişdilər. Həmin insanlar ifşa olundu. Məlum oldu ki, onlar heç bir fəlsəfi, dini və ya inqilabi ideologiyanın daşıyıcısı olmayan bir ovuc terrorçudur. Bu hadisədən az sonra Səddam Hüseyn kimi birisinə sığınan da onlar oldu. İraq xalqının əleyhinə də fəaliyyət göstərdilər, İran xalqına qarşı da işlər gördülər, müharibə meydanında da öz xalqına qarşı döyüşdülər. Bundan da açıq ifşa? Onlar bu cinayəti törədənlər idi. Bu olayın pərdəarxasında da bəzi əllər var idi; onlar da ifşa olundu. Bu hərəkəti, bu cinayəti dəstəkləyənlər var idi, onlar da ifşa olundu; istər ölkədə, istərsə də xaricdə. Bu ölkədə nəyin baş verdiyini, kimlərin İran xalqına qarşı çıxdığını, bu xalqa qarşı mübarizə apardığını hər kəs anladı. Bəziləri isə bu hadisə qarşısında susdular; razılıq əlaməti olaraq susdular,

(2)سَمِعَت بِذلِکَ فَرَضِیَت بِه

– onlar da ifşa olundu.

Dahi liderimiz İmam Xomeyni bu hadisədən yerində və münasib surətdə bəhrələnərək inqilabın əsl kursunu müəyyənləşdirdi, bu yolu İran xalqına göstərdi, inqilabın yolunu təyin etdi, onu ilk vaxtlar olduğu kimi düzgün kursundan sapmağa, şərqə-qərbə yayınmağa qoymadı, inqilaba nicat verdi. Bu, həmin hadisənin bərəkəti idi. Doğrudur, böyük itki verdik,  görkəmli şəxsiyyətlərimizi itirdik, buna söz yox, amma baxmaq lazımdır ki, bunun təsiri, nəticəsi nə oldu. 1400 illik tarix boyu müsəlmanlar hələ də Kərbəla şəhidlərinin qanına borcludur. Hüseyn ibn Əlini əldən verməkdən böyük hansı itki ola bilər? Hüseynin silahdaşlarından əziz kim ola bilər? Müsəlmanlar bunları əldən verdilər, belə bir itki üz verdi, amma İslam qaldı, Quran qaldı, cəmiyyətdə imanın əsil, düzgün məcrası bilindi. Eyni mahiyyət 7 tir hadisəsində də, bizim digər şəhidlərimizin şəhadətində də var.

Bu hadisənin təsirlərindən biri də xalqda ruh yüksəkliyinin, mənəvi yüksəlişin yaranması idi. Daha bir təsiri isə inqilabın cəmiyyətin dərinliklərində özünə nə qədər güclü, geniş şəkildə yer etdiyini nümayiş etdirməsi idi. Düşmənlər öz hesabını apardı, gördülər ki, hər hansı bir başqa ölkədə hökumətin süqutuna yol açacaq bir hadisə İran xalqının daha da möhkəmlənməsi ilə sonuclandı. Anladılar ki, bu inqilaba qarşı aqresiv davranmaq lazım deyil, effekt vermir. Bunu hiss etdilər.

7 tir hadisəsinin bu günə qədər davam edən təsirlərindən biri də ifşaçılıqdır, insan haqları iddiası ilə çıxış edən imperialist dövlətlərin ifşasıdır. Ölkəmizdə bu və digər cinayətləri törədənlər bu gün Amerikada və Avropa ölkələrində azad şəkildə fəaliyyət göstərirlər. Həmin ölkələrin başçıları, rəsmiləri ilə görüşlər keçirirlər, onlar  üçün insan haqları mövzusunda çıxışlar təşkil olunur! Bundan da açıq ifşaçılıq?! Bu hadisə insan haqları, anti-terror iddiaları ilə çıxış edənlərin nə qədər ikiüzlü, riyakar və yalançı olduğunu göstərdi. Bu gün bunu hamı öz gözləri ilə görür.

Ölkəmiz terrora 17 min şəhid verib.  Terror nəticəsində həlak olmuş 17 min şəhid! Bu, kiçik bir rəqəmdirmi? Bu, zarafatdırmı? Həmin terror aktlarını törədənlər bu gün Qərb ölkələrində azad bir şəkildə gəzirlər. Bu terror aktlarının hədəfi kimlər olub? Bazarda alver edən insanlar, təsərrüfatla məşğul olan kəndlilər, alimlər, universitet müəllimləri, mömin müctəhidlər, uşaqlar, qadınlar. İslam İnqilabının tarixində 17 min terror şəhidi qeydiyyata alınıb. Bunun iki tərəfi var: birincisi, bu gün terrorun əleyhinə olduğunu iddia edənlərin ifşası. Bu fakt onların yalan iddialarına ayna tutur, nə qədər yalançı, riyakar, xəbis, alçaq olduqlarını göstərir. Belə ki qəddar terrorçuları himayə edir, eyni zamanda terrorun əleyhinə olduqlarını, terrora qarşı mübarizə apardıqlarını iddia edirlər. Bu, məsələnin bir tərəfi. Məsələnin o biri tərəfi isə budur ki, terrora 17 min şəhid vermiş bir xalq – Müqəddəs Müdafiə şəhidlərindən əlavə – yenə də inqilabın yolunda, inqilabın xidmətində, inqilabın düşmənləri ilə qarşıdurmada möhkəm durub. Bu inqilabın, bu xalqın əzəməti bu şəhadətlərdə özünü göstərib.

وَ یَستَبشِرونَ بِالَّذینَ لَم یَلحَقوا بِهِم مِن خَلفِهِم اَلّا خَوفٌ عَلَیهِم وَ لا هُم یَحزَنون

– bu, bir müjdədir. İran xalqına verilən müjdədir, müsəlmanlara verilən müjdədir. Bu bilgilər bizim kitablarımızda, zehinlərimizdə var idi, sizin övladlarınız, ərləriniz, atalarınız olan əziz şəhidlərimiz isə bunları  real həyatda təcəssüm etdirdilər, bizə, gələcək nəsillərə nümayiş etdirdilər.

Bu gün də şəhidlər İran xalqının mübarizə və müqavimət ruhunu gücləndirməkdədir. Elə bir neçə gün bundan əvvəl Tehrana 270 şəhid gəldi və nələr olduğunu özünüz gördünüz. Necə həyəcan, necə coşqu!  Soyuqluğun, etinasızlığın, ümidsizliyin, ətalət və durğunluğun tam tərsi.  Dinamiklik, hazırlıq, şövq, sevgi, ideallara can atma; şəhidlərin həyata keçirdiyi iş budur.

İnsafla demək lazımdır ki, biz şəhidlərimizin tanıtımı istiqamətində az iş görmüşük. Elə bu 7 tir hadisəsi dünya ictimaiyyətinə təqdim olunması üçün qeyri-adi potensiala malikdir; həm bu cinayətin hədəfi olmuş şəxsiyyətlərin, həm belə bir sarsıdıcı hadisədən sonra özünü qorumağı bacarmış, nəinki meydanı tərk etməmiş, hətta ikiqat artıq ruhlanmış İran xalqının, həm də bu hadisənin arxasında duran düşmənlərin – çirkin siyasətlər yürüdən o alçaq varlıqların, cinayətkar əllərin tanıtdırılması baxımından. 7 tir hadisəsində və digər hadisələrdə – əlbəttə ki, əsasən 7 tir hadisəsində – bu potensial var. Biz isə bu istiqamətdə az iş görmüşük, bunları tanıtdırmamışıq. Bir çox işlər görmək olardı və görülməlidir. Rəsmi qurumlar da, biz də bu sahədə az işləyirik. Və belə  görünür ki, bu işi də xalqın içindən çıxan mömin, inqilabçı maarifçilərə həvalə etmək lazımdır. Bu işi də ölkənin müxtəlif yerlərində könüllü surətdə müəyyən işlər həyata keçirməyə çalışan o gənclər görməlidir. Görürsünüz, mədəniyyət sahəsində çalışırlar, incəsənət sahəsində işlər görürlər, həqiqətləri yenidən canlandırırlar, istedadları tapıb üzə çıxarırlar, potensial istedadlardan istifadə edirlər.  Sənətin, təsviri incəsənətin dili ilə, yeni vasitələrdən istifadə edərək bu hadisəni, bu şəxsiyyətləri tanıtdırmaq lazımdır. Şəhid Beheşti, şəhid Rəcayi, şəhid Bahonər kimi insanları dünyaya tanıtmaq lazımdır. 7 tir hadisəsində və ya digər olaylarda şəhid olmuş bu şəxsiyyətlərdən hər birinin portretini çox əzəmətli bir şəkildə yaratmaq olar və onlar buna layiqdirlər.

Bəzən mən şəhidlərin həyat yoluna həsr olunmuş kitabları oxuyuram. Onlar, doğrudan da, ibrətvericidir. Həmin kitabları oxuyarkən mən özüm üçün dərs götürür, ruhlanıram. Bu kitablar həmin insanların nə qədər əzəmətli şəxsiyyətlər olduğunu, hansı ruhiyyənin daşıyıcıları olduğunu, bu fədakarlıqları ilə necə bir xidmət etdiklərini göstərir. Onlar ölümü gözə alıb, canlarından keçərək meydana atılmışlar.  7 tir şəhidləri başlarına belə bir hadisənin gələ biləcəyini bilmirdilərmi? Məlum idi; o zaman həmin sferada olan hər kəs sanki minalanmış sahədə gəzən bir insan kimi idi. Hər tərəfdən cürbəcür olaylar baş verə bilərdi, amma buna baxmayaraq, onlar cəsarətlə bu meydana daxil olub iş görürdülər. Şəhidlərin bərəkəti həddən artıq çoxdur. Yəni bütün bu sözlərlə, ifadələrlə şəhidlərin haqqını vermək, doğrudan da, mümkün deyil. Onların gördüyü işin, onların etdiyi xidmətin əvəzini vermək, həqiqətən də, mümkün olası bir şey deyil.

Şəhid ailələri də eynilə belədir. Bugünkü görüşümüzdə 3 və ya daha artıq şəhid vermiş ailələr iştirak edir. Ciyərparasının, əzizinin itkisinə dözmək – bunu dildə demək asandır. Elə ailələr var ki, ikicə oğulları olub, hər ikisini Allah yolunda, Müqəddəs Müdafiədə qurban veriblər. Bu gün burada elə qadınlar iştirak edir ki, Allah yolunda həm ərini, həm də oğlunu itirib. Bunu dildə demək asandır! Biz ilkin İslam dövrünün tarixini oxuyarkən görürdük ki, Uhud döyüşündə bir qadın 3 şəhidinin nəşini miniyin üzərinə qoyub döyüş meydanından Mədinəyə aparır. Təəccüblənirdik ki, belə bir şey necə ola bilər? İnsana, doğrudan da, əfsanə kimi gəlirdi. İndi isə bu inanılmaz, əfsanəvi reallıqlar bizim öz gözlərimiz önündə baş verir. Şəhid ailələri ruh düşkünlüyü yaşayan insanları belə ruhlandıracaq, onların əzmini gücləndirəcək çox müsbət, yüksək əhval-ruhiyyədədir. Bu gün ölkəmizdə bu güclü əzmə ehtiyac var.

Bunu da hamı bilsin ki, bu gün ölkəmizdə düşməni tanımağa da ehtiyac var; biz düşmənimizi tanımalıyıq. Dünyadakı media təbliğatında müxtəlif vasitə və metodlarla min cür don geyib cilddən-cildə düşən düşmənlərimizi tanımalıyıq. Amerikanı tanımalıyıq. Bu günlərə baxın: sabah partiyanın qərargahında partlayışın baş verdiyi 7 tir günüdür, 1366-cı ilin bu günündə isə Sərdəşt kimyəvi silahlarla bombalanıb. Doğrudur, bunu edən Səddam olub, amma onun arxasında kimlər dururdu? Amerikalılar, qərblilər, ona bu silahı verib yaşıl işıq yandıranlar və onun bu böyük cinayətinin, görünməmiş qətliamının qarşısında susanlar. Bir neçə gün sonra – 12 tir günü “Airbus” təyyarəsinin vurulub Fars Körfəzi üzərinə salındığı gündür. Bir neçə gün sonra – 11 tir günü – Şəhid Səduqiyə qarşı terror günüdür. Bu da həmin cinayətkarların işi idi. Baxın, 7 tirdən 12 tirə qədər nə qədər terror, qətliam və qırğın baş verib? Nə qədər uşaq, qadın, alim və siyasətçi Amerikanın göstərişi ilə hərəkət edən ünsürlərin törətdiyi bu cinayətlərin hədəfinə çevrilib? Bütün bu olayların planını Amerika və Qərbin təhlükəsizlik xidmətləri çəkməyibsə belə, ən azından törədilməsinə yardımçı olublar; ən azından təşviq ediblər. Bu düşmənləri tanımalıyıq. Dostlarımızdan bəziləri təklif edirlər ki, 7 tirdən 12 tirə qədər “amerikasayağı insan haqları həftəsi” elan olunsun. Həqiqətən də, ölkəmizdə yaşanmış bu bir neçə gün Amerikanın anlayışında insan haqlarının nə demək olduğunu çox açıq və bariz şəkildə nümayiş etdirir. Və bu kimi nümunələrdən istənilən qədərdir. Odur ki biz öz düşmənimizi tanımalıyıq. Bu gün bu canavarı gözəl, bəzəkli bir simada təqdim etməyə çalışanlar – hansı ki bu da Amerikanın və onun əlaltılarının siyasətidir – xəyanət edirlər, cinayət edirlər. Bu aydın həqiqəti ört-basdır etməyə, bu çirkin düşmənçiliyə gözəl donlar geydirməyə çalışanlar bu xalqa xəyanət edirlər. Ölkəmiz və xalqımız öz düşmənini tanımalı, bu düşmənçiliyin nə qədər dərin olduğunu anlamalıdır.

Və qarşıdurmaya hazırlaşmalıdır. Bu qarşıdurma həmişə sərt olmur, döyüş meydanında olmur. Soyuq müharibə meydanında olan qarşıdurma bundan daha çətindir; mədəniyyət sahəsində, siyasətdə, ictimai həyatda. Əziz xalqımıza bu gün şəhidlərin mesajları lazımdır; bu mesajlara ehtiyacı var. Xalqımızın şəhidlərin bizə verdiyi bu ümidverici, ifşaedici, sevinc, mənəvi yüksəliş, ruhiyyə dolu mesajlara ehtiyacı var. Və xalqımız şəhidlərə borcludur, siz şəhid ailələrinə borcludur; biz hamımız sizə borcluyuq. Bunu ört-basdır etməyə, unutdurmağa çalışanlar, şəhidlərin adının əzəmətlə anılmasını istəməyənlər, bir şəhidin və ya şəhidlərin adı çəkiləndə, şəhidlər uca tutulanda, elə bil ki, ürəyinə güllə dəyən insanlar bu xalqın mənafeyinə ögey, yad-biganə münasibət bəsləyənlərdir. Bunlar əcnəbidir; ciblərində iranlı kimliyi daşısalar da, əslində əcnəbidirlər.  Bunlar İran xalqı ilə əlbir-dilbir deyil.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
______________________
(1) Ali Məqamlı Rəhbərin çıxışından öncə Şəhid və Veteranlar Fondunun sədri Höccətül-İslam Seyid Məhəmmədəli  Şəhidi Məhəllati. 
(2) İqbalül-əmal, c. 1, səh. 333.