Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Mübarək ramazan ayının dualarında dönə-dönə təkrarlanan mövzulardan biri də insanların dünyəvi həyatdan sonrakı aləmlərə diqqət yetirməsidir; ölüm aləminə, qəbir aləminə, Qiyamətə, insanların hesab-kitab, ilahi sorğu-sual qarşısında durduqları zaman üzləşdikləri çətinliklərə. Mübarək ramazan ayının dualarında toxunulan məsələlərdən biri də budur. Vəzifə məsuliyyəti daşıyan bizlər üçün bu mənalara diqqət yetirmək olduqca əhəmiyyətlidir. İnsanın özünü kontrolda saxlaması, ehtiyatını gözləməsi üçün zəmin yaradan amillərdən biri də o aləmlərə diqqət yetirməkdir. Bilməliyik ki,
– kiçicik bir hərəkət də, kiçicik bir fəaliyyətsizlik də, kiçik bir addım, söz də ölümdən sonrakı aləmin haqq-hesabını aparanların gözündən yayınmır, bizdən soruşulacaq. Bu, bizim davranışımıza, danışığımıza, hərəkətlərimizə xeyli təsir göstərəcək.
Şərafətli dualardan biri olan “Əbi Həmzə” duasında oxuyuruq:
Bu halla hamı üzləşir; demək olar ki, çoxları ölüm ayağında, ölümə yaxın anlarda yaşanan bu halların başqalarında şahidi olublar. Həmin anlarda bizim əlimizdən heç nə gəlmir, orada Allah-taaladan yaxın bizə heç kəs olmur.
O halda qarşısında durduğumuz gedər-gəlməz biyabanından heç kəs bizi xilas edə bilməz; yalnız saleh əməl və Allahın lütfündən başqa. Bu duada deyirik:
– orada bizə rəhm et.
Ölümdən sonra bizə qüsl verilən zaman Allah-taala o halda bizə Öz lütf və mərhəmətini şamil etsin, bizə rəhm etsin. Özümüzdən asılı olmayaraq bizə qüsl verən əllərdə olacağıq. Hər birimiz bu vəziyyətə düşəcəyik; bu haldan heç birimizə qaçış yolu yoxdur. Bu, hamımızın başına gələcək. O anı yaddan çıxarmayın.
Bizi qaldırıb çiyinlərinə alacaqlar, əbədi, həmişəlik məkanımıza aparacaqlar.
Bizi qəbrə endirəcəklər. Bu, bir xatırlatmadır. Bu halı heç vaxt yaddan çıxarmaq olmaz; həmişə gözümüzün önünə gətirməliyik. Dinimizdə bizə qəbirstanlığa, ölülərin ziyarətinə getmək tapşırılır. Bunun bir səbəbi də elə dediklərimdir. Bəzi insanlar kiminsə onlara ölümü xatırlatmasından xoşlanmır, amma bu, bir müalicə üsuludur, dərmandır. Bizim eqoizmimizin, qəflətimizin, nəfsimizı düşkünlüyümüzün əlacıdır. “Əbi Həmzə” duasının başqa bir yerində oxuyuruq:
İlahi sorğu-sual qarşısında söz tapa bilməyib çıxılmaz vəziyyətə düşəndə artıq heç bir dəlil-bəhanə gətirmirik. Burdakı kimi deyil ki, qarşı tərəfin cahilliyindən, məlumatsızlığından, emosiyalarından istifadə edib onu həqiqətdən uzaqlaşdıraq. Orada bizi sorğu-sual edənə hər şey məlumdur, aydındır. O anı həmişə yadda saxlamaq, xatırlamaq lazımdır. Digər bir fraqmentdə:
– bu duanı ramazan ayının səhərlərində diqqətlə oxuyun –
Orada hərə öz dərdindədir, heç kəs əlimdən tutub mənə yardımçı olmayacaq.
Möminlər, təqva sahibləri, ehtiyatını gözləmiş, haqq-ədalət və vicdan yolundan ayağını kənara qoymamış, dini vəzifələrinə əməl etmiş şəxslər bu cümlənin əyani nümunəsidir:
Alnıaçıq, gülərüz, parlaq sima ilə – bəziləri belə olacaq.
Quran ayəsi bura qədərdir; duada bu kəlmə də əlavə olunub: وَ ذِلَّة. Əlbəttə ki, təkcə bu mənalar deyil. Ramazan ayının duaları da, bütün digər dualar kimi, bizi ilahi rəhmətin lətif, ürəyəyatan, saf çeşməsinə doğru çəkir.
Bu ay Allah qarşısında acizlik, təslimkarlıq ayıdır; istiğfar, təqva, Allaha qayıdış, özünütərbiyə və əxlaq ayıdır. Rəsuli-Əkrəmin (s) şəban ayının sonunda oxuduğu cümə xütbəsində elə fraqmentlər var ki, onlar bizə bu ayın təkcə ibadət ayı yox, həm də əxlaq ayı olduğunu göstərir. Peyğəmbərin gözəl əxlaqi cəhətlərini öyrənmək, onları özündə əks etdirmək. Bu ayda biz bu şeylərə diqqət yetirməliyik.
Bugünkü həssas və mühüm iclasımızda mən 3 mövzuya toxunmağı nəzərdə tutumuşam. Onlardan biri iqtisdiyyat məsələsidir ki, möhtərəm prezidentimiz də çıxışında buna toxundu. Çox yaxşı çıxış etdi, hərtərəfli statistika təqdim etdi. Mənim də bu sahədə müəyyən fikirlərim var ki, onları qeyd etmək istəyirəm. İkincisi nüvə məsələsidir. Bu gün bizim istər xaricdə, istərsə də hətta daxildə fəaliyyətimizin, səylərimizin əksəriyyətinin mehvərini bu məsələ təşkil edir. Bu barədə də qeyd etməli olduğum şeylər var. Və əgər vaxtımız çatsa, regionda gedən proseslərə də toxunacağam.
İqtisadiyyat məsələsindən danışarkən mən mövzuya belə bir giriş etmk istəyirəm: deyirik ki, ramazan ayı təqva ayıdır, bəs təqva nədir? Təqva insanı yanlış yollara meyillənməkdən qoruyan, tikan-qanqalın onun ətəyinə yapışmasına imkan verməyən daimi ehtiyat, diqqətlilik halıdır. Təqva, əslində, təqvalı insanın öz əyninə geydiyi, onu şeytanın zəhərli oxlarının təhlükəsindən, öldürücü mənəvi zərbələrdən qoruyan bir zirehdir, qalxandır. Əlbəttə ki, təkcə mənəvi məsələlər də deyil.
Dünyəvi məsələlərdə də təqvanın çox önəmli təsiri var. Bu, şəxsi miqyasda təqvadır. Eyni vəziyyət bütöv bir cəmiyyətə, ölkəyə də aiddir. Ölkənin təqvası nə deməkdir? Cəmiyyətin təqvası nədir? Hər bir cəmiyyət – xüsusilə də əgər İslam Respublikası quruluşu kimi, uca amallara yetişməyi qarşıya məqsəd qoyubsa – hücumlara məruz qalır; zəhərli oxların hədəfindədir. Ona da təqva lazımdır. Cəmiyyətin təqvası nədir? İctimai təqvanın müxtəlif sferalarından danışmaq olar. İqtisadiyyat sferasında cəmiyyətin təqvası müqavimət iqtisadiyyatından ibarətdir. Əgər biz iqtisadiyyat sferasında dünyada gedən proseslərdən irəli gələn böhranlar, yaxud dünya dövlətlərinin işğalçı siyasətinin zəhərli oxları qarşısında ziyan çəkməmək istəyiriksə, müqavimət iqtisadiyyatına üz tutmaqdan başqa əlacımız yoxdur. Müqavimət iqtisadiyyatı bizi bu xalqa, bu ölkəyə, bu dövlətə zərbə vurmaq üçün bütün iqtisadi, siyasi, təbliğat və təhlükəsizlik imkanlarından istifadə edən dövlətlər və şəxslər qarşısında möhkəmləndirən amildir. Hazırda onların tapdığı yollardan biri ölkəyə iqtisadiyyat sarıdan zərbə vurmaqdır. Biz illərdir ki, bu barədə xəbərdarlıq edirik, deyirik. Rəsmilər də hər biri öz güc və imkanları çərçivəsində səy göstəriblər, müsbət işlər görüblər. Lakin biz bütün gücümüzlə, bütün potensialımızla ölkə daxilində müqavimət iqtisadiyyatının reallaşmasına çalışmalıyıq; iqtisadiyyat sahəsində cəmiyyətimizin təqvası budur.
Doğrudur, bu model yalnız bizə məxsus deyil. Bəzi digər ölkələr də müqavimət iqtisadiyyatı modelini özləri üçün nəzərdə tutmuş, seçmiş və təsirini də görmüşlər. Müqavimət iqtisadiyyatının əsasını xaricdə gedən prosesləri diqqət mərkəzində saxlayıb onlara köklənməklə daxildən inkişaf etmək təşkil edir. Daxildən inkişaf təcrid olunma kimi başa düşülməməlidir. Bu, cəmiyyətdən kənara baxaraq, xaricdə gedən proseslərə köklənərək daxildən inkişaf etmək, amma daxildəki imkanlara, daxili potensiala söykənmək deməkdir. Bu barədə bundan əvvəl çox şey demişik, indi də bir qədər danışacağam.
Müqavimət iqtisadiyyatnın siyasətləri işlənib hazırlanıb, ictimaiyyətə elan olunub. Bunlar yalnız müəyyən etap üçün yararlı, kiminsə özündən qondardığı, kiminsə şəxsi fikirnə əsaslanan siyasətlər deyil. Bunlar uzun sürən məsləhətləşmələrin, birgə düşünülərək verilmiş qərarların məhsuludur. Müqavimət iqtisadiyyatı konkret xüsusiyyətləri ilə ictimaiyyətə elan olunduqdan, mediada yayımlandıqdan, hökumət kabinetindəki möhtərəm yoldaşlar, həmkarlarımız bu sahədə fəaliyyətə keçərək müəyyən işlər görməyə başladıqdan sonra bu layihə bir çox iqtisadi ekspertlər tərəfindən təsdiqləndi, dəstəyini aldı, önə çəkildi və “müqavimət iqtisadiyyatı” ifadəsi ölkədə geniş yayılmış mədəni anlayışların sırasına daxil oldu, ölkənin iqtisadi leksikonunda özünə yer etdi. Bu onu göstərir ki, bu yol düzgün, əsaslı və möhkəm bir yoldur.
Müqavimət iqtisadiyyatı böyük dövlətlərin “inkişaf etməkdə olan”, yaxud “üçüncü dünya ölkələri” adlandırdılan ölkələrə diktə etdiyi köhnə iqtisadi inkişaf modelinin tam əksidir. Onlar üçüncü dünya ölkələrinə bir inkişaf modeli diktə etmişdilər – indi mən onun şərhini vermək istəmirəm – və deyirdilər ki, əgər həmin ölkələr iqtisadi cəhətdən inkişaf etmək, iqtisadiyyatlarını rövnəqləndirmək, dünya iqtisadiyyatı ilə ayaqlaşmaq istəyirlərsə, bu modeli reallaşdırmalıdırlar. Həmin model isə əsasən xaricə göz dikmək üzərində qurulmuşdu; müəyyən təfsilatları da nəzərdə tutulurdu. Bu müqavimət iqtisadiyyatı onun tam əksidir; həmin köhnə modeldə qeyd olunan, vurğulanan prinsiplərin tam tərsini əks etdirir. Kənar-bucaqda kimlərsə hələ də o modeli xatırlayırlar, ondan danışırlar. Müqavimət iqtisadiyyatında əsas dayaq nöqtəsi daxili imkan və potensialdır. Kimlərsə bu modeli çox yaxşı, bəyənilən bir model kimi qiymətləndirə, amma reallaşmasının mümkün olmadığını düşünə bilərlər. Mən qətiyyətlə deyirəm ki, bu modelin ölkəmizdə reallaşması tamamilə mümkündür. Ölkəmizin hazırkı şəraitində müqavimət iqtisadiyyatı modelinin icrası tam olaraq realdır.
Bu iş üçün bizdə istifadə olunmamış böyük həcmli potensial var; bunlardan biri də insan kapitalıdır. Yəni ölkəmizdə gözəl təhsil almış, ixtisasa yiyələnmiş, özünəinamlı gənclər çoxdur və bu, İslam İnqilabının bərəkətlərindəndir; əlbəttə ki, yanlış siyasətlər cəmiyyətimizin ahıllaşmağa doğru getməsinə səbəb olmasa. Hər halda, hazırda belədir. Hazırda ölkədə 20-40 yaş arası işçi qüvvəsinin say göstəricisi çox yüksək və diqqətəlayiq rəqəmlərlə ifadə olunur. Bunlar yaxşı təhsl almış, intellektual cəhətdən gözəl hazırlığa malik, yüksək ruhiyyəli, özünəinamlı insanlardır. Bu gün bizim 10 milyon universitet məzunumuz var, 4 milyondan çox tələbə ali məktəblərdə təhsil almaqdadır. Bu, inqilabın əvvəlləri ilə müqayisədə 25 dəfə çoxdur. İnqilabın əvvəlindən indiyə qədər ölkə əhalisinin sayı 2 dəfə, tələbələrin sayı isə 25 dəfə çoxalıb. Bu, İslam İnqilabı üçün qürurverici faktlardan biridir. Bu, insan kapitalıdır, böyük bir fürsətdir.
Digər bir potensialımız isə ölkəmizin iqtisadi mövqeyidir. Dünyada aparılan rəsmi statistikaya görə, dünya iqtisdiyyatında 20-ci yer İran İslam Respublikasına aiddir. Biz 20-ci yerdə qərarlaşmışıq və 12-ci yerə qalxmaq üçün lazım olan bütün imkan və potensia bizdə var. Çünki ölkədə hələ istifadə olunmamış potensial çoxdur: təbii resurslarımız var, neftimiz var, neft və qaza görə dünyada birinciyik – ümumi neft ehtiyatlarımız dünyanın bütün ölkələrindən çoxdur – digər faydalı qazıntılarımız da boldur.
Digər bir potensialımız isə ölkəmizin son dərəcə əlverişli coğrafi mövqeyidir. Dünya və regionun coğrafiyasında biz şimalla cənubun, şərqlə qərbin qovuşuunda yerləşirik ki, bu da tranzit məsələsi, enerji və məhsul daşınması və s. üçün fövqəladə əhəmiyyət kəsb edir.
Daha bir potensialımız ümumilikdə 370 milyon əhalisi olan 15 ölkə ilə qonşuluğumuzdur. Bu, uzun-uzun yollar qət etmək üçün ehtiyac olmayan, əlimizin altında olan bir xarici bazar deməkdir.
Digər bir potensialımız 70 milyonluq daxili bazarımızdır. Əgər biz bu daxili bazarı milli istehsala, daxili məhsula istiqamətləndirə bilsək, istehsalat sahəsində vəziyyət dəyişər.
Daha bir potenisalımız enerji, dəmir yolu, avtomobil və hava nəqliyyatı, kommunikasiya, ticarət mərkəzləri, atom elektrik stansiyaları və bəndlər sahəsində mövcud olan əsaslı infrastrukturlardır; bu illər ərzində hökumətin və xalqın səyləri, əhalinin yardımı ilə bu infrastrukturlar qurulub və bu gün bizim ixtiyarımızdadır.
Bundan əlavə, ölkəmizdə zəngin idarəçilik təcrübəsi var ki, bu təcrübənin özü də bizim son illərdə qeyri-neft məhsullarının ixracını artırmağımıza kömək edib. Möhtərəm prezidentin 1393-cü ilin statistikasında qeyd etdiyi kimi, eləcə də ondan əvvəlki illərdə də ölkədə qeyri-neft məhsullarının ixracında hiss olunan səviyyədə artım müşahidə olunub. Bu, bir örnəkdir.
Bütün bu sadaladıqlarım ölkəmizdə var. Əlbəttə ki, bunlar bizim potensialımızın yalnız bir hissəsidir. Bizimlə söhbət edən, zaman-zaman mənim üçün hesabatlar yazan mütəxəssislər ölkə iqtisadiyyatı üçün faydalı ola biləcək potensial imkanların uzun bir siyahısını təqdim edirlər. Bütün bu siyahılar həqiqəti əks etdirir; bu imkanlardan istifadə olunmalıdır.
Hazırda ölkəmizin problemi bu deyil ki, bizim ortaya qoymağa bir layihəmiz, düzgün sözümüz yoxdur. Bizim problemimiz budur ki, düzgün fikirləri, gözəl layihələri layiqincə yerinə yetirmirik. Problemin kökündə bu durur. Ziyalı dairələrdə də bu mövzu tez-tez təkrar olunur ki, İslam Respublikasının problemi düzgün sözü, yanaşması olmamaqda deyil. Düzgün sözlər çox danışılır. Problem bundadır ki, biz o düzgün sözü əməldə elə reallaşdırmalıyıq ki, nəticəsini görək. Nəticəsini öz gözlərimizlə görüb müşahidə edək.
Doğrudur, problemlər var; bu problemlər sürtünmələrə, fikir ayrılıqlarına səbəb olur, bu isə aşınmalara yol açır, çətinliklər yaranır. Bu problemləri aradan qaldırmaq lazımdır. Onlardan biri elə bizim öz içimizdədir: problemlərə səthi, bəsit yanaşmaq. Bəzi işlər görməklə sevinir, kifayətlənir, problemin mahiyyətinə varmırıq.
Təkcə ziyalı dairələrdə müzakirələr aparmaqla, danışmaqla işləri qabağa aparmaq olmaz. Hərəkət etmək, iş görmək lazımdır. Əməldə səhlənkarlıq bizim böyük bir problemimizdir. Bəzən görülən işlərdən tez bir zamanda nəticə əldə etmək olmur, bunun üçün uzun müddət tələb olunur, bu isə bəzi insanları məyus edir. Problemlərdən biri də budur. Böyük işlərin nəticə verməsi üçün bəzən bütöv bir nəslin dəyişməsi tələb oluna bilər. Buna baxmayaraq, səyləri davam etdirmək, hərəkət etmək lazımdır. Bir çox işlər var ki, əgər biz onlara 10 il, 15 il əvvəl start versəydik, bu gün nəticəsinə çatmış olardıq. 10 il, 15 il əvvəl başladığımız bir çox işlər var ki, bu gün nəticələrini görürük. Bir vaxtlar cürbəcür universitetlərdə elmi hərəkat haqda danışılanda, müxtəlif kollektivlərlə bu barədə söhbətlər aparılanda, heç kəs təsəvvür etmirdi ki, son 10-15 il ərzində ölkədə yaranmış elmi irəliləyiş mümkün ola bilər, amma bu reallaşdı. Bizim professorlarımız, elm adamlarımız, universitetlərimiz, istedadlı gənclərimiz işə girişdilər. 12-13 il əvvəlki ilə müqayisədə bu gün biz elmi cəhətdən mühüm irəliləyişə nail olmuşuq, diqqətəlayiq, bəzi sferalarda isə parlaq uğurlara imza atmışıq. Bu gün işə başlamalıyıq ki, 15, 20 il sonra nəticələrini görək.
Bizim problemlərimizdən biri də alternativ, asan, lakin məhvedici yollardır. Bu, bizim problemlərimizdən biridir. Heç yadımdan çıxmaz ki, prezident olduğum dövrdə – 15 il bundan əvvəlin söhbətidir – biz min cür zəhmətlə Avropadan ölkəyə əhalinin ehtiyac duyduğu bir məhsulu idxal edirdik. Həmin məhsuldan afrikalılarda da var idi, özü də lap yaxşısı, amma rəhbər vəzifələrdə çalışan yoldaşlarımız o məhsulu Afrikadan idxal etməyə hazır deyildilər. Tövsiyə olunmuşdu, vurğulanmışdı, iclaslarda təsdiqləmişdilər, bu işin əhəmiyyətini qəbul etmişdilər də, intəhası çətin idi; Avropa ilə işləmək daha asan idi. Asan, amma eyni zamanda zərərli alternativ yol. Belə yollar insanı dalana sıxışdırır, dostlarını zəiflədir, düşmənlərini gücləndirir, ölkənin içində hansısa işin ixtiyarını ürəyində bizə düşmən olanların əlinə verir.
Çətinlik yarada biləcək daha bir məsələ odur ki, kimsə bizim öz ideoloji prinsiplərimizdən, İslam Respublikasının ideoloji prinsiplərindən əl çəkəcəyimiz təqdirdə yolumuz üstündəki maneələrin aradan qalxacağını, bağlı qapıların üzümüzə taybatay açılacağını güman edə. Bu, çox böyük və əsaslı bir səhvdir. Əlbəttə ki, hökumətin tərkibində təmsil olunan qardaşlarımız inamla hərəkət edirlər, xalqın xidmətində durublar. Onlar inqilaba, inqilabın əsaslarına, ideoloji prinsiplərinə, doğrudan da, böyük inam bəsləyirlər. Bizim onlardan bir giley-güzarımız yoxdur, amma ümumilikdə vəzifəli şəxslər arasında elə insanlar var ki, prinsiplərimizdən geri çəkiləcəyimiz halda bir çox bağlı qapıların üzümüzə açılacağını güman edirlər. Halbuki belə deyil. Bu, böyük bir səhvdir və biz onun nəticələrini bu son bir neçə ildə bəzi digər ölkələrdə – hansıların ki, mən adını çəkmək istəmirəm – müşahidə etmişik. İnkişafın, irəli getməyin yeganə yolu mətinlikdir, müqavimətdir, prinsiplər üzərində möhkəm durmaqdır.
Problemli məsələlərdən biri də kimlərinsə xalqın çətinliklərə dözmədiyini güman etməsidir. Xeyr, xalqa çətinliklərə dözür. Əgər xalqımıza hər şey, doğrudan da, aydınlaşdırılsa, işlərin əslində necə getdiyi doğru-dürüts izah olunsa, camaatımız sədaqətlidir; möhkəm duracaq, müqavimət göstərəcək.
Mənfi hallardan biri də daxili imkanlara şübhə ilə yanaşmaqdır. Bizim öz gənc elm adamlarımıza etimad etməməyimiz, iqtisadi fəaliyyətlərdə qeyri-dövlət müəssisələrinin güc və bacarığına inanmamağımız mənfi haldır. İnanmaq lazımdır, xalqı ölkənin böyük iqtisadi axınına qoşmaq lazımdır.
Müqavimət iqtisadiyyatı ilə bağlı məsələlərdə bizim öhdəmizə düşən birinci iş böyük əzm nümayiş etdirməkdir. Biz öıkə daxilində müqavimət iqtisadiyyatını sözün əsl mənasında reallaşdırmaq məqsədilə ciddi əzm nümayiş etdirməliyik. Həmçinin səhlənkarlıqdan, rahatlığa can atmaqdan çəkinmək, cihad ruhlu idarəetməni əsas götürmək lazımdır. Cihad ruhlu idarəetmə məsələsini mən ötən il irəli sürmüşdüm və vurğulamışdım da ki, bu təkcə cari ilə aid deyil, həmişə aktualdır. Bizim cihad ruhlu idarəetməyə ehtiyacımız var. İnqilabın ilk illərində, müharibə illərində və bu otuz neçə ildə harada cihad ruhlu idarəetməyə ağırlıq vermişiksə, uğur qazanmışıq. Cihad ruhlu idarəetmədə müəyyən mərhələlərdə yayınmalar ola bilər, amma yenə də inkişafa yol açacaq, işləri irəli aparacaq. Allahın gücünə arxalanmaq, Uca Allaha təvəkkül etmək, işləri tədbirlə, ağılla, amma böyük əzmlə, heç bir şübhə və tərəddüdə yol vermədən, o yan bu yanından qorxmadan irəli aparmaq – cihad ruhlu idarəetmə budur. Əlbəttə, müqavimət iqtisadiyyatına uyğun mədəniyyətin daim genişləndirilməsi də çox zəruridir; hamı – həm “Səda və sima” Dövlət Teleradiosu, həm media və mətbuat rəsmiləri, həm dövlət rəsmiləri, həm parlamentarilər, ölkənin müxtəlif bölgələrində çalışan imam-cümələr, auditoriyaya müraciət etmək, insanlara söz demək imkanı olan hər kəs müqavimət iqtisadiyyatına müvafiq mədəniyyəti, o cümlədən qənaətcilliyi, daxili məhsuldan istifadəni təbliğ etməlidir. Əlbəttə ki, qənaət və daxili məhsuldan istifadə mövzusunda bizim əsas müraciətimiz elə ölkə rəsmilərinədir. Çünki ölkənin ən önəmli istehlakçılarından biri elə dövlətin özüdür. Dövlət daxili məhsuldan istifadəyə böyük önəm verməli, bunu öz vəzifəsi hesab etməli, diqqətdən yayındırmamalıdır. Qoy lap növqsanlara azacıq güzəştlə olsun, eybi yoxdur. Bəzən deyirlər ki, filan malda xarici keyfiyyət yoxdur; heç nə olmaz. Əgər keyfiyyətli olmağını istəyiriksə, gərək buna yardımçı olaq. Biz kömək etsək, keyfiyyəti də yüksələcək, yoxsa günü-gündən daha da aşağı enəcək. Lüzumsuz, məntiqsiz idxalla ciddi mübarizə də mühüm işlərdən biridir; qaçaqmalçılıqla mübarizə olduqca əhəmiyyətlidir. Kiçik və orta istehsalat müəssisələrinin fəaliyyətinə dəstək vermək çox zəruri məsələlərdəndir; bu ilin əvvəlində də mən bu məsələni vurğuladım. Pul siyasətlərinə, ölkənin bank sisteminin fəaliyyətinə yenidən baxılmasına ehtiyac var. Bu barədə də mən ilin əvvəlində danışmışdım; bu sahəyə can yandıran mütəxəssislərin çox mühüm fikirləri var. Onları eşitmək, bu fikirlərə diqqət yetirmək lazımdır. Bunlar bizim görməli olduğumuz vacib işlərdir.
Əlbəttə ki, bütün bunların reallaşmasının vacib şərti möhtərəm ölkə başçısının da qeyd etdiyi həmin o söz birliyidir, könül birliyidir, vəhdətdir. Hökumətə, rəsmilərə kömək etmək lazımdır. Çünki meydanın ortasında olan onlardır. Artıq hücumlardan, lazımsız şərhlərdən çəkinmək lazımdır. Kim tərəfindən olursa-olsun, lüzumsuz şərhlər vermək qəbuledilməz və bəyənilməz bir şeydir. Hamı kömək etsin ki, bu möhtəşəm hərəkat, inşallah, nəticəsini versin. İqtisadiyyat haqda deyəcəklərim bu qədər. Mən inanıram ki, biz iqtisadiyyat sahəsində böyük işlər görə, bu çətinliklər mərhələsini, inşallah, uğurla geridə qoymağa ümid bəsləyə bilərik.
Nüvə məsələsi ilə bağlı əvvəlcə giriş olaraq 3 məqama toxunacağam, sonra isə bu barədə deyəcəyim başqa şeylər də olacaq.
Birincisi, mən qapalı iclaslarda möhtərəm ölkə prezidentinə, rəsmilərə və digərlərinə eynilə burada, bu iclasda və ya digər ümumi iclaslarda dediklərimi deyirəm. Ölkədə bundan əvvəl də, hazırda da belə bir istiqamətdə təbliğat olub ki, guya nüvə məsələsində rəsmən elan olunmuş qırmızı xətlərə özəl iclaslarda göz yumulur. Bu, həqiqətə uyğun olmayan, yalan bir sözdür. Biz burada sizə və ya ümumi iclaslarda camaata nələri deyiriksə, eynilə danışıqlarda iştirak edən komandadakı dostlarımıza, rəsmilərə də onu deyirik. Sözümüz birdir.
İkincisi, mən danışıqlarda iştirak edən komandanı – bu müddət ərzində bu zəhməti çiyninə götürmüş yoldaşlarımızı – həm etibarlı, həm qeyrətli, həm şücaətli, həm də dindar insanlar kimi tanıyıram. Qoy bunu hamı bilsin. Burada iştirak edənlərin əksəriyyətinin danışıqların mahiyyəti haqda məlumatı yoxdur. Əgər sizin də danışıqların mahiyyətindən, təfərrüatlarından, iclaslarda gedən söhbətlərdən xəbəriniz olsaydı, mənim dediklərimin müəyyən qismini hökmən qəbul edər, təsdiqləyərdiniz. Əlbəttə ki, bunlardan əlavə, mən həmin yoldaşlardan bəzilərini yaxından, bəzilərini isə uzaqdan – keçmiş fəaliyyətlərindən tanıyıram. Bunlar dindar, etibarlı insanlardır, inanılmış adamlardır. Məqsədləri ölkənin işlərini irəli aparmaq, problemi çözməkdir və bunun üçün çalışır, əllərindən gələni edirlər. İnsafla demək lazımdır ki, onlar həm xalqın qeyrətini, təəssübünü çəkirlər, həm də cəsarətlidirlər. Çoxlu sayda elə insanlarla üz-üzədirlər ki ... mən yerinə düşəcək ifadəni işlətmək istəmirəm; bəzən yerinə görə, doğrudan da, çox münasib olan ifadələr olur, amma mənim onları dilə gətirib deməyim uyğun olmaz. İnsafən, onların qarışısında tam cəsarətlə, tam diqqətlə öz mövqeyini bəyan edir, arxasında durur və müdafiə edirlər.
Qeyd edəcəyim üçüncü məqam tənqidi fikirlər səsləndirən insanlarımızla bağlıdır. Mən tənqidin əleyhinə deyiləm, tənqidin eybi yoxdur; əksinə, lazımlıdır, kömək edir. İntəhası hamı bir şeyə diqqət yetirməlidir ki, tənqid etmək iş görməkdən daha asandır. Biz qarşı tərəfin olduğu sahədə onun nöqsanlarını çox rahatlıqla görürük, halbuki onun üzləşdiyi risklərdən, çətinliklərdən, narahatlıqlardan, problemlərdən xəbərimiz olmur. Elə bil ki, siz bir hovuzunun kənarında durub tamaşa edirsiniz. Bir nəfər də 10 metr hündürlükdəki tramplinə çıxıb oradan suya atılmaq istəyir. Həmin adam tullanıb suya baş vurur, hovuzun kənarında duran siz isə deyirsiz: “Eh, bu ayağın əyri durdu, o qolun əyildi!” Bu kimi nöqsanlar tutursunuz. Bəli, o nöqsanlar ola bilər, amma siz zəhmət çəkib bir o hovuzun kənarından yuxarı çıxın, 10 metr hündürlükdə olan o tramplindən aşağı – suya bir baxın, ondan sonra mühakimə edin! Tənqid etmək asandır. Əlbəttə ki, mənim bu dediklərim tənqidlərə mane olmasın. Tənqid edin, amma bir şeyi nəzərdə tutmağa çalışın ki, ola bilsin, qarşı tərəf bizim öz tənqidlərimizdə qeyd etdiyimiz nöqsanlardan bəzilərinin onda olduğunu bilir, intəhası nə üçünsə bu nəticəyə gəlib, yaxud zərurət onu bu yerə gətirib çıxarıb və ya hansısa başqa səbəb və amillərin rolu olub. Mən demək istəmirəm ki, onların heç bir günahı yoxdur, məsumdurlar. Yox, məsum deyillər. İnsan verdiyi qərarda, atdığı addımda səhvə də yol verə bilər, amma əsas odur ki, biz rəsmilərimizin etibarlı, dəyanətli, qeyrətli, şücaətli olduğuna inanırıq. Söhbətimizin girişində vurğulamaq istədiyim 3 məqam bunlar idi.
Mən bu nüvə danışıqlarının tarixçəsinə bir nəzər salmaq istəyirəm. Bu, əslində “5+1” qrupu ilə gedən danışıqlar deyil, bundan o yana – amerikalılarla aparılan danışıqlardır. Bu danışıqların aparılmasını amerikalılar istəmişdi; hələ 10-cu hökumətin dövründə. Bu müzakirələrə hələ hazırkı hökumət iş başına gəlməzdən əvvəl start verilmişdi. Onlar bunu istəmiş, araya vasitəçi salmışdılar. Regionun hörmətli simalarından biri gəlib mənimlə görüşmüş və bildirmişdi ki, Amerika prezidenti onunla əlaqə saxlayıb, ondan xahiş edib, deyib ki, biz İranla nüvə məsələsini həll etmək, sanksiyaları da ortadan qaldırmaq istəyirik. Onun dediklərində iki əsas məqam gözə dəyirdi: birincisi bu idi ki, “biz İranı bir nüvə dövləti kimi tanımaq istəyirik”, ikincisi isə “biz sanksiyaları 6 ay ərzində tədricən qaldıracağıq”. “Gəlin oturaq, müzakirə edək, bu iş baş tutsun”. Mən vasitəçilik üçün gəlmiş o çox hörmətli şəxsə dedim ki, biz amerikalılara etimad etmirik, onların sözünə inanmaq olmaz. Dedi ki, bir sınayın, dedik, olsun, bu dəfə də sınayaq. Danışıqlara bu cür start verildi.
Mən rəsmilərin diqqətinə bir şeyi çatdırım, hamı da diqqət etsin: beynəlxalq münasibətlər qurularkən bu münasibətlərin məntiqi tələb edir ki, biz özümüz üçün iki fəaliyyət meydanı nəzərdə tutaq. Bunlardan biri reallıq, əməl meydanıdır. Əsas meydan budur. Reallıq meydanında, əməl meydanında fəaliyyət göstərən bir rəsmi şəxs müəyyən mülkiyyət yaradır, istehsal edir, imkanlar qurur. Bu, birinci meydan. İkinci meydan isə siyasət, diplomatiya meydanıdır. Bu diplomatiya, siyasət, beynəlxalq danışıqlar meydanında rəsmilər həmin mülkiyyəti, imkanları ölkə üçün imtiyaza, milli mənfəətə çevirir. Əgər insan həmin birinci meydanda əliboşdursa, ikinci meydanda heç bir iş görə bilməyəcək. Birinci meydanda, yəni reallıq, əməl meydanında ortada bir nailiyyəti, əldə bir şeyi olmalıdır.
Bu danışıqlara girdiyimiz gün bizim əlimizdə çox mühüm və məqbul bir nailiyyət var idi. Hiss edirdik ki, qolumuz güclüdür. O zaman əlimizdə olan nailiyyətlərdən biri də bu idi ki, dünyanın bütün nüvə dövlətləri Tehran Nüvə Araşdırmaları Mərkəzi üçün bizə 20 faizlik yanacaq verməkdən imtina etdiklərinə baxmayaraq – halbuki radiodərman preparatlarına ehtiyacımız var idi – biz özümüz sanksiyalar şəraitində bu yanacağı istehsal edə, daha sonra isə bu yanacağı yanacaq lövhələrinə çevirərək ondan istifadə edə bildik. Qarşı tərəf mat qaldı! Uzun hekayədir; yəqin ki, çoxunuzun xəbəri var. Uzun-uzadı danışıqlarda onlar bizə 20 faizlik yanacağı verməyə – yəni satmağa və ya başqa birisinin satmasına imkan verməyə – razı olmadılar. Biz də dedik ki, onu öz ölkəmizdə istehsal edəcəyik. Gənclərimiz, elm adamlarımız, özünəinamlı, gələcəyə ümidlə baxan zəhmətkeş elmi ictimaiyyətimiz qarşı tərəfi heyrət içində qoya bildi. 20 faizlik yanacağı istehsal etdilər. Özü də nəzərə alın ki – deyəsən, mən bunu bir dəfə də qeyd etmişdim – uranın zənginləşdirilməsində ən mühüm və çətin mərhələ 3-4 faizdən 20 faizə qalxmaqdır. 20 faizdən 90 faizə qədər irəliləmək çox asandır. 20 faizə çatdınsa, sonrakı etaplar çox asan olur. Ən əsas və çətin mərhələ bu 3-5 faizdən 20 faizə qədər olandır. Bizim gənclərimiz bu çətin yola çıxdılar, 20 faizlik yanacağı istehsal etdilər, yanacaq lövhələrini istehsal etdilər. Bu, bizim nailiyyətlərimizdən biri idi. Biz danışıqlara belə bir əhval-ruhiyyə ilə girdik. Təzyiqlər qarşısında müqavimət, dözümlülük strategiyası nəticəsini verdi. Amerikalılar etiraf etdilər ki, sanksiyaların heç bir təsiri yoxdur. Bir qədər əvvəl də bunu qeyd etdilər və bu, tamamilə düzgün bir təhlildir. Amerikalılar bu nəticəyə gəldilər ki, sanksiyalar artıq onların istədiyi təsiri göstərmir. Onlar başqa yol tutmuşdular – vaxtımız artıq sona çatır; mən qeyd etmək istədiklərimi tez-tez deyim – anladılar ki, biz heç kimdən asılı olmadan ən son texnologiyanı əldə edə bilərik. Biz də bu məntiqlə, Allaha təvəkkül edərək müzakirələrə girdik.
Əlbəttə ki, ehtiyatımızı da əldən vermirik. Danışıqlarda iştirak edən tərəflərə və Amerika tərəfinə əvvəldən şübhə ilə yanaşmışır. Keçmiş təcrübələrimizə əsasən, bunlara inanmırdıq, buna görə də elə ilk gündən danışıqlara önfərziyyələrlə başlamışdıq. Fikrimiz də belə idi ki, əgər bunlar öz sözlərinin üstündə dursalar, olsun, eybi yoxdur; biz müəyyən güzəştlər etməyə, bu işin bahası nə isə ona qatlaşmağa da hazır idik. Yəni biz düşünmürük ki, bu və ya digər danışıqlarda nədəsə güzəştə getmək, müəyyən mövzularda qətiyyən geri durmaq olmaz. Xeyr, biz düzgün, məntiqli, rasional bir formada müəyyən güzəştlər etməyə də hazır idik, amma biz yaxşı, müsbət bir razılaşmanın əldə olunmasını istəyirdik. Elə bu məqamdaca bir şeyi deyim: biz də, amerikalılar da yaxşı bir razılaşmaya gəlmək lazım olduğunu deyirik, intəhası biz “yaxşı bir razılaşma” deyəndə vicdanlı, ədalətli bir razılaşmanı nəzərdə tuturuq, amerikalılar isə “yaxşı bir razılaşma” deyəndə totalitar mahiyyətli bir razılaşmanı nəzərdə tuturlar. Danışıqlarda azacıq irəli getmişdik ki, cənabların haqsız tələbləri başladı; hər gün bir söz, bir bəhanə. 6 ay 1 il oldu, bir az da uzandı, danışıqlar cürbəcür formalara düşdü, haqsız tələblər ətrafında gedən mübahisələr vaxtı daha da uzatdı, təhdidlər etdilər, bizi daha da çox sanksiyalar tətbiq edəcəkləri, hətta hərbi əməliyyatlara başlayacaqları ilə hədələdilər. Bu təhdidləri etdilər – birbaşa, dolayısı ilə, danışıqlar masasında, onun altında(1); cürbəcür sözlər danışdılar; siz də bu barədə eşitmisiniz, bilirsiniz. Bu günə qədər o cənabların davranışı belə olub.
Amerikanın bu müddət ərzində irəli sürdüyü tələblərin ardıcıllığını, səsləndirdiyi fikirləri təhlil edən hər kəs bu nəticəyə gələr ki, buradakı 2 əsas məqamdan biri ölkədə nüvə sənayesinin kökünü kəsmək, bu texnologiyanı tamamilə aradan götürməkdir; hədəfləri budur, bunu istəyirlər. Ölkənin nüvə kimliyini yox etmək məqsədi güdürlər. Quruca ad, məzmunsuz bir tablo, karikatura kimi bir şey qalırsa-qalsın, amma bunların məqsədi ölkədəki bu nüvə hərəkatının, İslam Respublikasının hədəflərini izləyən bir nüvə sənayesinin gerçəkləşməsinə imkan verməməkdir. Biz konkret müddət ərzində 20 min meqavat nevə enerjisi istehsal etmək istədiyimizi elan etmişik; ölkəmizin buna ehtiyacı var. 20 min meqavat nüvə enerjisi ölkəmizin zəruri ehtiyacıdır. Bu, ölkənin hesablama strukturlarının ortaya qoyduğu bir rəqəmdir. Əlbəttə ki, nüvə sənayesi elektrik enerjisi ilə yanaşı, ölkəyə başqa mənfəət də gətirir, bir çox digər ehtiyacları da ödəyir. Onlar isə bunun reallaşmasını istəmirlər. Əlbəttə, bu sənayeni yox etməklə yanaşı, təzyiqlərini də saxlamaq istəyirlər, gördüyünüz kimi, sanksiyaları tamamilə qaldırmaq fikirləri yoxdur, üstəlik daha çox sanksiya tətbiq edəcəkləri ilə təhdid də edirlər. Önəmli məqamlardan biri budur.
İkinci mühüm məqam odur ki, bizim qarşımızda olan tərəfin, yəni hazırkı Amerika dövləti və Amerika administrasiyasının bu razılaşmaya ehtiyacı var; məsələnin digər bir tərəfi də budur. Onların buna ehtiyacı var. Əgər burada öz məqsədlərinə çata bilsələr, bu, onlar üçün böyük bir qələbə hesab olunacaq. Bu, əslində, İslam İnqilabı üzərində qələbədir, müstəqillik iddiasında olan bir xalqın üzərində qələbədir, başqa ölkələrə örnək ola biləcək bir ölkə üzərində qələbədir. Amerika administrasiyasının bu razılaşmaya ehtiyacı var. Bu cənabların bütün mübahisələri, çək-çevirləri, riyakarlıqları, saxtakarlıqları bu iki əsas mövzuya görədir.
Biz ilk gündən danışıqlara məntiqlə qatılmışıq, məntiqlə danışmışıq, artıq tələblər irəli sürməmişik. Biz demişik ki, qarşı tərəf üstümüzə zülmkar bir sanksiya qoyub və biz bu sanksiyanın ortadan qaldırılmasını istəyirik. Bilirik, bu, bir alış-verişdir, söz yox ki, sanksiyaların qaldırılması üçün nədənsə keçməliyik ki, nə isə əldə edək, lakin ölkəmizin nüvə sənayesi dayandırılmamalı, nüvə fəaliyyətlərinə xələl gəlməməlidir. Bizim birinci sözümüz budur. Əvvəldən biz bu sözü demişik və bu günə qədər də üstündə durmuşuq.
Müəyyən olunmuş qırmızı xətlərin də ən önəmlilərini qeyd etmək istəyirəm. Biz müəyyən şeyləri başlıca prinsiplərimiz olaraq elan etmişik. Mən burada onların içərisindən ən mühümlərini qeyd etmişəm. Əlbəttə, bunlardan başqa da müəyyən məsələlər var. Biri budur ki, onlar uzunmüddətli məhdudlaşdırma üzərində israr edirlər. Biz 10, 12 il müddətinə məhdudlaşdırmanı qəbul etmədiyimizi demişik. 10 il bir ömürdür. Bizim bu vaxta qədər qazandığımız nailiyyətlər elə 10 il ərzində əldə olunub. Doğrudur, ölkədə nüvə texnologiyaları ilə əlaqəli araşdırmaların tarixi bundan bir qədər də irəli gedib çıxır – bəzən çıxışlarda da bu qeyd olunur – lakin ilk illərdə əslində ciddi bir iş görülməyib. Əsas və əhəmiyyətli işlər bu son 10-15 ilin məhsuludur. Biz 10 illik məhdudiyyəti qəbul etmirik. Biz bizim üçün məqbul ola biləcək məhdudiyyət müddəti ilə bağlı danışıqlarda iştirak edən komandaya müəyyən bir rəqəm demişik, onu da demişik ki, o cənabların dediyi 10 il, 12 ili qəbul etmirik.
Bizim qəbul edəcəyimiz məhdudiyyət müddətində də tədqiqatlar, inkişaf davam etdirilməli, işlər getməlidir. Rəsmilərimizin vurğuladığı qırmızı xətlərdən biri də budur. Onlar deyiblər ki, biz elmi tədqiqatlardan, inkişafdan əl götürmək niyyətində deyilik; haqlıdırlar da. Məhdudiyyət illəri ərzində də elmi araşdırmalar, irəliləyiş davam etməlidir. Onlar isə başqa şey deyirlər. Onlar deyirlər ki, siz 10, 12 il və ya bundan da çox müddətdə heç bir iş görməyin, ondan sonra isə istehsala, qurub-düzəltməyə başlayın. Bu isə ikiqat artıq zorakılıqdır, ikiqat səhv danışıqdır.
Mühüm məsələlərdən biri də budur ki – mən açıq-aşkar deyirəm – iqtisadi, maliyyə və bank sanksiyalarının hamısı – istər Təhlükəsizlik Şurası, istər Amerika Konqresi, istərsə də Amerika dövləti ilə bağlı olanlar – razılaşmanın imzalandığı anda dərhal ləğv edilməlidir. Qalan sanksiyalar da məntiqəuyğun bir ara müddətindən sonra ortadan qaldırlmalıdır. Amerikalılar sanksiyalarla bağlı bir neçə mərhələdən ibarət elə bir dolaşıq, əcaib-qəraib formul təqdim edirlər ki, dərinlikləri ümumiyyətlə aydın deyil; dibindən nə çıxacağı qətiyyən məlum deyil. Dedim ki, mən açıq danışan adamam, diplomatik ifadələrə o qədər də bələd deyiləm. Biz sözümüzü açıq-açığına deyirik və üstündə dururuq; bizim nəzərdə tutduqlarımız bunlardır.
Daha bir başlıca məqam odur ki, sanksiyaların ləğvi İranın öz öhdəliklərinə əməl etməsindən asılı olmamalıdır. Belə olmasın ki, onlar desinlər “siz Ərak ağır su reaktorunu sökün, sentrifuqaların sayını filan qədər azaldın, onu edin, bunu edin, bu dediklərimizi etsəniz, ondan sonra agentlik gələr, təsdiq edər ki, siz düzünü deyirsiniz, bu işləri, doğrudan da, görmüsünüz, ondan sonra biz sanksiyaları qaldırarıq!” Xeyr, bunu biz qəti surətdə qəbul etmirik! Sanksiyaların ləğvi İranın öz üzərinə götürdüyü öhdəçiliklərin icrasından asılı olmamalıdır. Əlbəttə ki, sanksiyaların ləğvi müəyyən mərhələlərlə icra olunasıdır, bunu biz qəbul edirik. Sanksiyaların ləğvinin mərhələləri İranın götürdüyü öhdəliklərin icrasının mərhələləri ilə qarşılıqlı olmalıdır: bunun bir hissəsinin qaşrılığında onun bir hissəsi, bunun digər bir hissəsinin qarşılığında onun digər bir hissəsi.
Daha bir mühüm məsələ budur ki, biz görülən işlər haqda Beynəlxalq Nüvə Agentliyinin hesabatlarına əsasən məlumat əldə edilməsinin əleyhinəyik. Biz bu agentliyə inam və etibarla yanaşmırıq. Agentlik nə müstəqil, nə də ədalətli olmadığını nümayiş etdirib. Müstəqil deyil, çünki supergüclərin təsiri altındadır, ədalətli deyil, çünki dəfələrlə ədalətin əksinə rəy verib, qərar çıxarıb. Bundan əlavə, onlar deyirlər ki, “agentlik gəlib araşdırma aparmalı və ölkədə nüvə fəaliyyətlərinin aparılmadığına əminlik əldə etməlidir”. Bu, məntiqsiz bir sözdür. Yaxşı, bu əminlik necə əldə olunacaq? Ümumiyyətlə, əminlik əldə etmək nə deməkdir? Məgər bunlar bir-bir bütün evləri və ya qarış-qarış bütün ölkəni gəzəcəklər? Əminliyi necə əldə etmək olar? İşləri buna bağlamaq nə məntiqli, nə də ədalətlidir.
Mən beynəlxalq aləmdə qəbul olunmamış, qeyri-ənənəvi yoxlama metodları ilə də razı deyiləm; ayrı-ayrı şəxslərin sorğu-suala çəkilməsini də heç bir vəchlə qəbul etmirəm və bunun əleyhinəyəm. Bundan əvvəl də dediyim kimi, hərbi obyektlərdə yoxlamaların aparılmasına da razı deyiləm. 15 il, 25 il zaman müddətini də – belə ki onlar davamlı olaraq deyirlər: “filan şey üçün 15 il”, “filan şey üçün 25 il” – bu kimi müddətlərin qoyulmasını da biz qəbul etmirik; müəyyən olunub, əvvəli-sonu var, tamamlanacaq.
Bunlar bizim üzərində xüsusilə durduğumuz ən mühüm və başlıca məqamlardır. Sözsüz ki, qırmızı xətlər təkcə bunlar deyil. Danışıqlarda təmsil olunan yoldaşlar bizim fikirlərimizlə tanışdırlar, xırdalılqarı onlarla müzakirə etmişik. Əlbəttə ki, mənim üçün önəmli olan, nəzərdə tutduğum xırdalıqları; xırdalıqların çoxuna mən heç müdaxilə etmirəm.
Biz razılaşma əldə edilməsini istəyirik. Əgər kimsə İslam Respublikasının rəsmiləri arasında razılaşma əldə edilməsini istəməyən bircə nəfər belə olduğunu desə, yalan söyləmiş olar. Bunu hamı bilsin. İslam Respublikasının rəsmiləri – mən, hökumət, parlament, məhkəmə hakimiyyəti, cürbəcür hərbi, təhlükəsizlik və s. strukturları – bu məsələdə hamımız həmrəy və həmfikirik ki, razılaşma əldə olunmalıdır. Bunda da hamımız həmrəyik ki, bu, qürurlu bir razılaşma olmalı, İslam Respublikasının mənafeyi dəqiqlik və tələbkarlıqla gözlənilməlidir. Bu məsələdə də heç bir fikir ayrılığı yoxdur. Hökumət, parlament, mən, bütün digər rəsmilər hamımız bu mövzuda həmrəyik, eyni fikirdəyik. Əldə ediləcək razılaşma insaflı, ədalətli bir razılaşma olmalı, İslam Respublikasının mənafeyini təmin etməlidir.
Bunu da qeyd edək ki, biz sanksiyaların ləğvini, aradan qaldırılmasını istəyirik. Bu danışqılara getməkdə bizim əsas məqsədimiz sanksiyaların ləğvinə nail olmaqdır. Bu sanksiyaların ləğv edilməsini, doğrudan da, istəyirik, amma eyni zamanda bu sanksiyaların özünü də bir fürsət hesab edirik. Bəziləri təəccüblənməsin ki, sanksiyalar necə fürsət ola bilər? Necə ola bilər ki, sanksiyalar – bu qədər pis bir şey fürsət olsun? Bu sanksiyalar bizim özümüzə qayıtmağımıza səbəb oldu. Onlar səbəb oldu ki, biz öz daxili güc və imakanlarımız haqqında fikirləşək, onları axtarıb üzə çıxaraq. Bizim ölkəmiz kimi bir ölkə üçün hər şeyi neftin pulu ilə xaricdən idxal etmək ən pis bəla, ən böyük problemdir. Təəssüflər olsun ki, bu bəla hələ inqilabdan qabaq ölkəmizin yaxasına yapışıb və bu gün də geniş bir miqyasda davam edir. Buna son qoymaq lazımdır. Biz elmdə, texnologiyada, cürbəcür sahələrdə daxili imkan və potensiala üz tutmuşuq və inşallah, iqtisadiyyat sahəsində də belə olmalıdır. Nüvə məsələsi ilə bağlı deyəcəklərim bunlar idi. Burada qeydlər aparmışdım, regionda gedən proseslər haqda da danışmaq istəyridim, amma saata baxıram, deyəsən, azan verilib. Daha bundan artıq sizə zəhmət vermək istəmirəm.
Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, dediklərimizin, eştidiklərimizin Sənin üçün, Sənin yolunda və bəndələrinə xidmət yolunda olmasını bizə nəsib et. Niyyətlərimizi saflaşdır. Pərvərdigara! Hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, silahlı qüvvələrdə təmsil olunan, işləyən, çalışan rəsmilərimizə, fəallarımıza Öz mənəvi dəstəyini nazil et. Əllərindən tutub onları hidayət et.
الحمدلله ربّ العالمین و الصّلاة و السّلام على سیّدنا و نبیّنا ابىالقاسم المصطفى محمّد و على ءاله الأطیبین الأطهرین المنتجبین سیّما بقیّة الله فى الأرضین
اللّهمّ سدّد السنتنا بالصّواب و الحکمة
Mübarək ramazan ayının dualarında dönə-dönə təkrarlanan mövzulardan biri də insanların dünyəvi həyatdan sonrakı aləmlərə diqqət yetirməsidir; ölüm aləminə, qəbir aləminə, Qiyamətə, insanların hesab-kitab, ilahi sorğu-sual qarşısında durduqları zaman üzləşdikləri çətinliklərə. Mübarək ramazan ayının dualarında toxunulan məsələlərdən biri də budur. Vəzifə məsuliyyəti daşıyan bizlər üçün bu mənalara diqqət yetirmək olduqca əhəmiyyətlidir. İnsanın özünü kontrolda saxlaması, ehtiyatını gözləməsi üçün zəmin yaradan amillərdən biri də o aləmlərə diqqət yetirməkdir. Bilməliyik ki,
لایَعزُبُ عَنهُ مِثقالُ ذَرَّة
– kiçicik bir hərəkət də, kiçicik bir fəaliyyətsizlik də, kiçik bir addım, söz də ölümdən sonrakı aləmin haqq-hesabını aparanların gözündən yayınmır, bizdən soruşulacaq. Bu, bizim davranışımıza, danışığımıza, hərəkətlərimizə xeyli təsir göstərəcək.
Şərafətli dualardan biri olan “Əbi Həmzə” duasında oxuyuruq:
اِرحَمنى صَریعاً عَلَى الفِراشِ تُقَلِّبُنى اَیدى اَحِبَّتى
Bu halla hamı üzləşir; demək olar ki, çoxları ölüm ayağında, ölümə yaxın anlarda yaşanan bu halların başqalarında şahidi olublar. Həmin anlarda bizim əlimizdən heç nə gəlmir, orada Allah-taaladan yaxın bizə heç kəs olmur.
وَ نَحنُ اَقرَبُ اِلیهِ مِنکُم وَ لکِن لا تُبصرِون
O halda qarşısında durduğumuz gedər-gəlməz biyabanından heç kəs bizi xilas edə bilməz; yalnız saleh əməl və Allahın lütfündən başqa. Bu duada deyirik:
اللّهُمَّ ارحَمنى
– orada bizə rəhm et.
وَ تَفَضَّل عَلَىَّ مَمدوداً عَلَى المُغتَسَلِ یُقَلِّبُنى صالحُ جیرَتى
Ölümdən sonra bizə qüsl verilən zaman Allah-taala o halda bizə Öz lütf və mərhəmətini şamil etsin, bizə rəhm etsin. Özümüzdən asılı olmayaraq bizə qüsl verən əllərdə olacağıq. Hər birimiz bu vəziyyətə düşəcəyik; bu haldan heç birimizə qaçış yolu yoxdur. Bu, hamımızın başına gələcək. O anı yaddan çıxarmayın.
وَ تَحَنَّن عَلَىَّ مَحمولاً قَد تَناوَلَ الاَقرِباءُ اَطرافَ جِنازَتى
Bizi qaldırıb çiyinlərinə alacaqlar, əbədi, həmişəlik məkanımıza aparacaqlar.
وَ جُد عَلَىَّ مَنقولاً قَد نَزَلتُ بِکَ وَحیداً فى حُفرَتى
Bizi qəbrə endirəcəklər. Bu, bir xatırlatmadır. Bu halı heç vaxt yaddan çıxarmaq olmaz; həmişə gözümüzün önünə gətirməliyik. Dinimizdə bizə qəbirstanlığa, ölülərin ziyarətinə getmək tapşırılır. Bunun bir səbəbi də elə dediklərimdir. Bəzi insanlar kiminsə onlara ölümü xatırlatmasından xoşlanmır, amma bu, bir müalicə üsuludur, dərmandır. Bizim eqoizmimizin, qəflətimizin, nəfsimizı düşkünlüyümüzün əlacıdır. “Əbi Həmzə” duasının başqa bir yerində oxuyuruq:
اِلهى اِرحَمنى اِذَا انقَطَعَت حُجَّتى وَ کَلَّ عَن جَوابِکَ لِسانى وَ طاشَ عِندَ سُؤالِکَ اِیّاىَ لُبّى
İlahi sorğu-sual qarşısında söz tapa bilməyib çıxılmaz vəziyyətə düşəndə artıq heç bir dəlil-bəhanə gətirmirik. Burdakı kimi deyil ki, qarşı tərəfin cahilliyindən, məlumatsızlığından, emosiyalarından istifadə edib onu həqiqətdən uzaqlaşdıraq. Orada bizi sorğu-sual edənə hər şey məlumdur, aydındır. O anı həmişə yadda saxlamaq, xatırlamaq lazımdır. Digər bir fraqmentdə:
اَبکى لِخُروجى مِن قَبرى عُریانا
– bu duanı ramazan ayının səhərlərində diqqətlə oxuyun –
ذَلیلاً حامِلاً ثِقلى عَلَى ظَهرى اَنظُرُ مَرَّةً عَن یَمینى وَ اُخرى عَن شِمالى اِذِ الخَلائِقُ فى شَأنٍ غیرِ شَأن
Orada hərə öz dərdindədir, heç kəs əlimdən tutub mənə yardımçı olmayacaq.
لِکُلِّ امرِئٍ مِنهُم یَومَئِذٍ شَأنٌ یُغنیهِ، وُجوهٌ یَومَئِذ مُسفِرَةٌ، ضاحِکَةٌ مُستَبشِرَة
Möminlər, təqva sahibləri, ehtiyatını gözləmiş, haqq-ədalət və vicdan yolundan ayağını kənara qoymamış, dini vəzifələrinə əməl etmiş şəxslər bu cümlənin əyani nümunəsidir:
وُجوهٌ یَومَئِذٍ مُسفِرَةٌ، ضاحِکَةٌ مُستَبشِرَة
Alnıaçıq, gülərüz, parlaq sima ilə – bəziləri belə olacaq.
وَ وُجوهٌ یَومَئِذٍ عَلَیها غَبَرَةٌ، تَرهَقُها قَتَرَة
Quran ayəsi bura qədərdir; duada bu kəlmə də əlavə olunub: وَ ذِلَّة. Əlbəttə ki, təkcə bu mənalar deyil. Ramazan ayının duaları da, bütün digər dualar kimi, bizi ilahi rəhmətin lətif, ürəyəyatan, saf çeşməsinə doğru çəkir.
Bu ay Allah qarşısında acizlik, təslimkarlıq ayıdır; istiğfar, təqva, Allaha qayıdış, özünütərbiyə və əxlaq ayıdır. Rəsuli-Əkrəmin (s) şəban ayının sonunda oxuduğu cümə xütbəsində elə fraqmentlər var ki, onlar bizə bu ayın təkcə ibadət ayı yox, həm də əxlaq ayı olduğunu göstərir. Peyğəmbərin gözəl əxlaqi cəhətlərini öyrənmək, onları özündə əks etdirmək. Bu ayda biz bu şeylərə diqqət yetirməliyik.
Bugünkü həssas və mühüm iclasımızda mən 3 mövzuya toxunmağı nəzərdə tutumuşam. Onlardan biri iqtisdiyyat məsələsidir ki, möhtərəm prezidentimiz də çıxışında buna toxundu. Çox yaxşı çıxış etdi, hərtərəfli statistika təqdim etdi. Mənim də bu sahədə müəyyən fikirlərim var ki, onları qeyd etmək istəyirəm. İkincisi nüvə məsələsidir. Bu gün bizim istər xaricdə, istərsə də hətta daxildə fəaliyyətimizin, səylərimizin əksəriyyətinin mehvərini bu məsələ təşkil edir. Bu barədə də qeyd etməli olduğum şeylər var. Və əgər vaxtımız çatsa, regionda gedən proseslərə də toxunacağam.
İqtisadiyyat məsələsindən danışarkən mən mövzuya belə bir giriş etmk istəyirəm: deyirik ki, ramazan ayı təqva ayıdır, bəs təqva nədir? Təqva insanı yanlış yollara meyillənməkdən qoruyan, tikan-qanqalın onun ətəyinə yapışmasına imkan verməyən daimi ehtiyat, diqqətlilik halıdır. Təqva, əslində, təqvalı insanın öz əyninə geydiyi, onu şeytanın zəhərli oxlarının təhlükəsindən, öldürücü mənəvi zərbələrdən qoruyan bir zirehdir, qalxandır. Əlbəttə ki, təkcə mənəvi məsələlər də deyil.
وَ مَن یَتَّقِ اللهَ یَجعَل لَه مَخرَجاً * وَ یَرزُقهُ مِن حَیثُ لا یَحتَسِب
Dünyəvi məsələlərdə də təqvanın çox önəmli təsiri var. Bu, şəxsi miqyasda təqvadır. Eyni vəziyyət bütöv bir cəmiyyətə, ölkəyə də aiddir. Ölkənin təqvası nə deməkdir? Cəmiyyətin təqvası nədir? Hər bir cəmiyyət – xüsusilə də əgər İslam Respublikası quruluşu kimi, uca amallara yetişməyi qarşıya məqsəd qoyubsa – hücumlara məruz qalır; zəhərli oxların hədəfindədir. Ona da təqva lazımdır. Cəmiyyətin təqvası nədir? İctimai təqvanın müxtəlif sferalarından danışmaq olar. İqtisadiyyat sferasında cəmiyyətin təqvası müqavimət iqtisadiyyatından ibarətdir. Əgər biz iqtisadiyyat sferasında dünyada gedən proseslərdən irəli gələn böhranlar, yaxud dünya dövlətlərinin işğalçı siyasətinin zəhərli oxları qarşısında ziyan çəkməmək istəyiriksə, müqavimət iqtisadiyyatına üz tutmaqdan başqa əlacımız yoxdur. Müqavimət iqtisadiyyatı bizi bu xalqa, bu ölkəyə, bu dövlətə zərbə vurmaq üçün bütün iqtisadi, siyasi, təbliğat və təhlükəsizlik imkanlarından istifadə edən dövlətlər və şəxslər qarşısında möhkəmləndirən amildir. Hazırda onların tapdığı yollardan biri ölkəyə iqtisadiyyat sarıdan zərbə vurmaqdır. Biz illərdir ki, bu barədə xəbərdarlıq edirik, deyirik. Rəsmilər də hər biri öz güc və imkanları çərçivəsində səy göstəriblər, müsbət işlər görüblər. Lakin biz bütün gücümüzlə, bütün potensialımızla ölkə daxilində müqavimət iqtisadiyyatının reallaşmasına çalışmalıyıq; iqtisadiyyat sahəsində cəmiyyətimizin təqvası budur.
Doğrudur, bu model yalnız bizə məxsus deyil. Bəzi digər ölkələr də müqavimət iqtisadiyyatı modelini özləri üçün nəzərdə tutmuş, seçmiş və təsirini də görmüşlər. Müqavimət iqtisadiyyatının əsasını xaricdə gedən prosesləri diqqət mərkəzində saxlayıb onlara köklənməklə daxildən inkişaf etmək təşkil edir. Daxildən inkişaf təcrid olunma kimi başa düşülməməlidir. Bu, cəmiyyətdən kənara baxaraq, xaricdə gedən proseslərə köklənərək daxildən inkişaf etmək, amma daxildəki imkanlara, daxili potensiala söykənmək deməkdir. Bu barədə bundan əvvəl çox şey demişik, indi də bir qədər danışacağam.
Müqavimət iqtisadiyyatnın siyasətləri işlənib hazırlanıb, ictimaiyyətə elan olunub. Bunlar yalnız müəyyən etap üçün yararlı, kiminsə özündən qondardığı, kiminsə şəxsi fikirnə əsaslanan siyasətlər deyil. Bunlar uzun sürən məsləhətləşmələrin, birgə düşünülərək verilmiş qərarların məhsuludur. Müqavimət iqtisadiyyatı konkret xüsusiyyətləri ilə ictimaiyyətə elan olunduqdan, mediada yayımlandıqdan, hökumət kabinetindəki möhtərəm yoldaşlar, həmkarlarımız bu sahədə fəaliyyətə keçərək müəyyən işlər görməyə başladıqdan sonra bu layihə bir çox iqtisadi ekspertlər tərəfindən təsdiqləndi, dəstəyini aldı, önə çəkildi və “müqavimət iqtisadiyyatı” ifadəsi ölkədə geniş yayılmış mədəni anlayışların sırasına daxil oldu, ölkənin iqtisadi leksikonunda özünə yer etdi. Bu onu göstərir ki, bu yol düzgün, əsaslı və möhkəm bir yoldur.
Müqavimət iqtisadiyyatı böyük dövlətlərin “inkişaf etməkdə olan”, yaxud “üçüncü dünya ölkələri” adlandırdılan ölkələrə diktə etdiyi köhnə iqtisadi inkişaf modelinin tam əksidir. Onlar üçüncü dünya ölkələrinə bir inkişaf modeli diktə etmişdilər – indi mən onun şərhini vermək istəmirəm – və deyirdilər ki, əgər həmin ölkələr iqtisadi cəhətdən inkişaf etmək, iqtisadiyyatlarını rövnəqləndirmək, dünya iqtisadiyyatı ilə ayaqlaşmaq istəyirlərsə, bu modeli reallaşdırmalıdırlar. Həmin model isə əsasən xaricə göz dikmək üzərində qurulmuşdu; müəyyən təfsilatları da nəzərdə tutulurdu. Bu müqavimət iqtisadiyyatı onun tam əksidir; həmin köhnə modeldə qeyd olunan, vurğulanan prinsiplərin tam tərsini əks etdirir. Kənar-bucaqda kimlərsə hələ də o modeli xatırlayırlar, ondan danışırlar. Müqavimət iqtisadiyyatında əsas dayaq nöqtəsi daxili imkan və potensialdır. Kimlərsə bu modeli çox yaxşı, bəyənilən bir model kimi qiymətləndirə, amma reallaşmasının mümkün olmadığını düşünə bilərlər. Mən qətiyyətlə deyirəm ki, bu modelin ölkəmizdə reallaşması tamamilə mümkündür. Ölkəmizin hazırkı şəraitində müqavimət iqtisadiyyatı modelinin icrası tam olaraq realdır.
Bu iş üçün bizdə istifadə olunmamış böyük həcmli potensial var; bunlardan biri də insan kapitalıdır. Yəni ölkəmizdə gözəl təhsil almış, ixtisasa yiyələnmiş, özünəinamlı gənclər çoxdur və bu, İslam İnqilabının bərəkətlərindəndir; əlbəttə ki, yanlış siyasətlər cəmiyyətimizin ahıllaşmağa doğru getməsinə səbəb olmasa. Hər halda, hazırda belədir. Hazırda ölkədə 20-40 yaş arası işçi qüvvəsinin say göstəricisi çox yüksək və diqqətəlayiq rəqəmlərlə ifadə olunur. Bunlar yaxşı təhsl almış, intellektual cəhətdən gözəl hazırlığa malik, yüksək ruhiyyəli, özünəinamlı insanlardır. Bu gün bizim 10 milyon universitet məzunumuz var, 4 milyondan çox tələbə ali məktəblərdə təhsil almaqdadır. Bu, inqilabın əvvəlləri ilə müqayisədə 25 dəfə çoxdur. İnqilabın əvvəlindən indiyə qədər ölkə əhalisinin sayı 2 dəfə, tələbələrin sayı isə 25 dəfə çoxalıb. Bu, İslam İnqilabı üçün qürurverici faktlardan biridir. Bu, insan kapitalıdır, böyük bir fürsətdir.
Digər bir potensialımız isə ölkəmizin iqtisadi mövqeyidir. Dünyada aparılan rəsmi statistikaya görə, dünya iqtisdiyyatında 20-ci yer İran İslam Respublikasına aiddir. Biz 20-ci yerdə qərarlaşmışıq və 12-ci yerə qalxmaq üçün lazım olan bütün imkan və potensia bizdə var. Çünki ölkədə hələ istifadə olunmamış potensial çoxdur: təbii resurslarımız var, neftimiz var, neft və qaza görə dünyada birinciyik – ümumi neft ehtiyatlarımız dünyanın bütün ölkələrindən çoxdur – digər faydalı qazıntılarımız da boldur.
Digər bir potensialımız isə ölkəmizin son dərəcə əlverişli coğrafi mövqeyidir. Dünya və regionun coğrafiyasında biz şimalla cənubun, şərqlə qərbin qovuşuunda yerləşirik ki, bu da tranzit məsələsi, enerji və məhsul daşınması və s. üçün fövqəladə əhəmiyyət kəsb edir.
Daha bir potensialımız ümumilikdə 370 milyon əhalisi olan 15 ölkə ilə qonşuluğumuzdur. Bu, uzun-uzun yollar qət etmək üçün ehtiyac olmayan, əlimizin altında olan bir xarici bazar deməkdir.
Digər bir potensialımız 70 milyonluq daxili bazarımızdır. Əgər biz bu daxili bazarı milli istehsala, daxili məhsula istiqamətləndirə bilsək, istehsalat sahəsində vəziyyət dəyişər.
Daha bir potenisalımız enerji, dəmir yolu, avtomobil və hava nəqliyyatı, kommunikasiya, ticarət mərkəzləri, atom elektrik stansiyaları və bəndlər sahəsində mövcud olan əsaslı infrastrukturlardır; bu illər ərzində hökumətin və xalqın səyləri, əhalinin yardımı ilə bu infrastrukturlar qurulub və bu gün bizim ixtiyarımızdadır.
Bundan əlavə, ölkəmizdə zəngin idarəçilik təcrübəsi var ki, bu təcrübənin özü də bizim son illərdə qeyri-neft məhsullarının ixracını artırmağımıza kömək edib. Möhtərəm prezidentin 1393-cü ilin statistikasında qeyd etdiyi kimi, eləcə də ondan əvvəlki illərdə də ölkədə qeyri-neft məhsullarının ixracında hiss olunan səviyyədə artım müşahidə olunub. Bu, bir örnəkdir.
Bütün bu sadaladıqlarım ölkəmizdə var. Əlbəttə ki, bunlar bizim potensialımızın yalnız bir hissəsidir. Bizimlə söhbət edən, zaman-zaman mənim üçün hesabatlar yazan mütəxəssislər ölkə iqtisadiyyatı üçün faydalı ola biləcək potensial imkanların uzun bir siyahısını təqdim edirlər. Bütün bu siyahılar həqiqəti əks etdirir; bu imkanlardan istifadə olunmalıdır.
Hazırda ölkəmizin problemi bu deyil ki, bizim ortaya qoymağa bir layihəmiz, düzgün sözümüz yoxdur. Bizim problemimiz budur ki, düzgün fikirləri, gözəl layihələri layiqincə yerinə yetirmirik. Problemin kökündə bu durur. Ziyalı dairələrdə də bu mövzu tez-tez təkrar olunur ki, İslam Respublikasının problemi düzgün sözü, yanaşması olmamaqda deyil. Düzgün sözlər çox danışılır. Problem bundadır ki, biz o düzgün sözü əməldə elə reallaşdırmalıyıq ki, nəticəsini görək. Nəticəsini öz gözlərimizlə görüb müşahidə edək.
Doğrudur, problemlər var; bu problemlər sürtünmələrə, fikir ayrılıqlarına səbəb olur, bu isə aşınmalara yol açır, çətinliklər yaranır. Bu problemləri aradan qaldırmaq lazımdır. Onlardan biri elə bizim öz içimizdədir: problemlərə səthi, bəsit yanaşmaq. Bəzi işlər görməklə sevinir, kifayətlənir, problemin mahiyyətinə varmırıq.
Təkcə ziyalı dairələrdə müzakirələr aparmaqla, danışmaqla işləri qabağa aparmaq olmaz. Hərəkət etmək, iş görmək lazımdır. Əməldə səhlənkarlıq bizim böyük bir problemimizdir. Bəzən görülən işlərdən tez bir zamanda nəticə əldə etmək olmur, bunun üçün uzun müddət tələb olunur, bu isə bəzi insanları məyus edir. Problemlərdən biri də budur. Böyük işlərin nəticə verməsi üçün bəzən bütöv bir nəslin dəyişməsi tələb oluna bilər. Buna baxmayaraq, səyləri davam etdirmək, hərəkət etmək lazımdır. Bir çox işlər var ki, əgər biz onlara 10 il, 15 il əvvəl start versəydik, bu gün nəticəsinə çatmış olardıq. 10 il, 15 il əvvəl başladığımız bir çox işlər var ki, bu gün nəticələrini görürük. Bir vaxtlar cürbəcür universitetlərdə elmi hərəkat haqda danışılanda, müxtəlif kollektivlərlə bu barədə söhbətlər aparılanda, heç kəs təsəvvür etmirdi ki, son 10-15 il ərzində ölkədə yaranmış elmi irəliləyiş mümkün ola bilər, amma bu reallaşdı. Bizim professorlarımız, elm adamlarımız, universitetlərimiz, istedadlı gənclərimiz işə girişdilər. 12-13 il əvvəlki ilə müqayisədə bu gün biz elmi cəhətdən mühüm irəliləyişə nail olmuşuq, diqqətəlayiq, bəzi sferalarda isə parlaq uğurlara imza atmışıq. Bu gün işə başlamalıyıq ki, 15, 20 il sonra nəticələrini görək.
Bizim problemlərimizdən biri də alternativ, asan, lakin məhvedici yollardır. Bu, bizim problemlərimizdən biridir. Heç yadımdan çıxmaz ki, prezident olduğum dövrdə – 15 il bundan əvvəlin söhbətidir – biz min cür zəhmətlə Avropadan ölkəyə əhalinin ehtiyac duyduğu bir məhsulu idxal edirdik. Həmin məhsuldan afrikalılarda da var idi, özü də lap yaxşısı, amma rəhbər vəzifələrdə çalışan yoldaşlarımız o məhsulu Afrikadan idxal etməyə hazır deyildilər. Tövsiyə olunmuşdu, vurğulanmışdı, iclaslarda təsdiqləmişdilər, bu işin əhəmiyyətini qəbul etmişdilər də, intəhası çətin idi; Avropa ilə işləmək daha asan idi. Asan, amma eyni zamanda zərərli alternativ yol. Belə yollar insanı dalana sıxışdırır, dostlarını zəiflədir, düşmənlərini gücləndirir, ölkənin içində hansısa işin ixtiyarını ürəyində bizə düşmən olanların əlinə verir.
Çətinlik yarada biləcək daha bir məsələ odur ki, kimsə bizim öz ideoloji prinsiplərimizdən, İslam Respublikasının ideoloji prinsiplərindən əl çəkəcəyimiz təqdirdə yolumuz üstündəki maneələrin aradan qalxacağını, bağlı qapıların üzümüzə taybatay açılacağını güman edə. Bu, çox böyük və əsaslı bir səhvdir. Əlbəttə ki, hökumətin tərkibində təmsil olunan qardaşlarımız inamla hərəkət edirlər, xalqın xidmətində durublar. Onlar inqilaba, inqilabın əsaslarına, ideoloji prinsiplərinə, doğrudan da, böyük inam bəsləyirlər. Bizim onlardan bir giley-güzarımız yoxdur, amma ümumilikdə vəzifəli şəxslər arasında elə insanlar var ki, prinsiplərimizdən geri çəkiləcəyimiz halda bir çox bağlı qapıların üzümüzə açılacağını güman edirlər. Halbuki belə deyil. Bu, böyük bir səhvdir və biz onun nəticələrini bu son bir neçə ildə bəzi digər ölkələrdə – hansıların ki, mən adını çəkmək istəmirəm – müşahidə etmişik. İnkişafın, irəli getməyin yeganə yolu mətinlikdir, müqavimətdir, prinsiplər üzərində möhkəm durmaqdır.
Problemli məsələlərdən biri də kimlərinsə xalqın çətinliklərə dözmədiyini güman etməsidir. Xeyr, xalqa çətinliklərə dözür. Əgər xalqımıza hər şey, doğrudan da, aydınlaşdırılsa, işlərin əslində necə getdiyi doğru-dürüts izah olunsa, camaatımız sədaqətlidir; möhkəm duracaq, müqavimət göstərəcək.
Mənfi hallardan biri də daxili imkanlara şübhə ilə yanaşmaqdır. Bizim öz gənc elm adamlarımıza etimad etməməyimiz, iqtisadi fəaliyyətlərdə qeyri-dövlət müəssisələrinin güc və bacarığına inanmamağımız mənfi haldır. İnanmaq lazımdır, xalqı ölkənin böyük iqtisadi axınına qoşmaq lazımdır.
Müqavimət iqtisadiyyatı ilə bağlı məsələlərdə bizim öhdəmizə düşən birinci iş böyük əzm nümayiş etdirməkdir. Biz öıkə daxilində müqavimət iqtisadiyyatını sözün əsl mənasında reallaşdırmaq məqsədilə ciddi əzm nümayiş etdirməliyik. Həmçinin səhlənkarlıqdan, rahatlığa can atmaqdan çəkinmək, cihad ruhlu idarəetməni əsas götürmək lazımdır. Cihad ruhlu idarəetmə məsələsini mən ötən il irəli sürmüşdüm və vurğulamışdım da ki, bu təkcə cari ilə aid deyil, həmişə aktualdır. Bizim cihad ruhlu idarəetməyə ehtiyacımız var. İnqilabın ilk illərində, müharibə illərində və bu otuz neçə ildə harada cihad ruhlu idarəetməyə ağırlıq vermişiksə, uğur qazanmışıq. Cihad ruhlu idarəetmədə müəyyən mərhələlərdə yayınmalar ola bilər, amma yenə də inkişafa yol açacaq, işləri irəli aparacaq. Allahın gücünə arxalanmaq, Uca Allaha təvəkkül etmək, işləri tədbirlə, ağılla, amma böyük əzmlə, heç bir şübhə və tərəddüdə yol vermədən, o yan bu yanından qorxmadan irəli aparmaq – cihad ruhlu idarəetmə budur. Əlbəttə, müqavimət iqtisadiyyatına uyğun mədəniyyətin daim genişləndirilməsi də çox zəruridir; hamı – həm “Səda və sima” Dövlət Teleradiosu, həm media və mətbuat rəsmiləri, həm dövlət rəsmiləri, həm parlamentarilər, ölkənin müxtəlif bölgələrində çalışan imam-cümələr, auditoriyaya müraciət etmək, insanlara söz demək imkanı olan hər kəs müqavimət iqtisadiyyatına müvafiq mədəniyyəti, o cümlədən qənaətcilliyi, daxili məhsuldan istifadəni təbliğ etməlidir. Əlbəttə ki, qənaət və daxili məhsuldan istifadə mövzusunda bizim əsas müraciətimiz elə ölkə rəsmilərinədir. Çünki ölkənin ən önəmli istehlakçılarından biri elə dövlətin özüdür. Dövlət daxili məhsuldan istifadəyə böyük önəm verməli, bunu öz vəzifəsi hesab etməli, diqqətdən yayındırmamalıdır. Qoy lap növqsanlara azacıq güzəştlə olsun, eybi yoxdur. Bəzən deyirlər ki, filan malda xarici keyfiyyət yoxdur; heç nə olmaz. Əgər keyfiyyətli olmağını istəyiriksə, gərək buna yardımçı olaq. Biz kömək etsək, keyfiyyəti də yüksələcək, yoxsa günü-gündən daha da aşağı enəcək. Lüzumsuz, məntiqsiz idxalla ciddi mübarizə də mühüm işlərdən biridir; qaçaqmalçılıqla mübarizə olduqca əhəmiyyətlidir. Kiçik və orta istehsalat müəssisələrinin fəaliyyətinə dəstək vermək çox zəruri məsələlərdəndir; bu ilin əvvəlində də mən bu məsələni vurğuladım. Pul siyasətlərinə, ölkənin bank sisteminin fəaliyyətinə yenidən baxılmasına ehtiyac var. Bu barədə də mən ilin əvvəlində danışmışdım; bu sahəyə can yandıran mütəxəssislərin çox mühüm fikirləri var. Onları eşitmək, bu fikirlərə diqqət yetirmək lazımdır. Bunlar bizim görməli olduğumuz vacib işlərdir.
Əlbəttə ki, bütün bunların reallaşmasının vacib şərti möhtərəm ölkə başçısının da qeyd etdiyi həmin o söz birliyidir, könül birliyidir, vəhdətdir. Hökumətə, rəsmilərə kömək etmək lazımdır. Çünki meydanın ortasında olan onlardır. Artıq hücumlardan, lazımsız şərhlərdən çəkinmək lazımdır. Kim tərəfindən olursa-olsun, lüzumsuz şərhlər vermək qəbuledilməz və bəyənilməz bir şeydir. Hamı kömək etsin ki, bu möhtəşəm hərəkat, inşallah, nəticəsini versin. İqtisadiyyat haqda deyəcəklərim bu qədər. Mən inanıram ki, biz iqtisadiyyat sahəsində böyük işlər görə, bu çətinliklər mərhələsini, inşallah, uğurla geridə qoymağa ümid bəsləyə bilərik.
Nüvə məsələsi ilə bağlı əvvəlcə giriş olaraq 3 məqama toxunacağam, sonra isə bu barədə deyəcəyim başqa şeylər də olacaq.
Birincisi, mən qapalı iclaslarda möhtərəm ölkə prezidentinə, rəsmilərə və digərlərinə eynilə burada, bu iclasda və ya digər ümumi iclaslarda dediklərimi deyirəm. Ölkədə bundan əvvəl də, hazırda da belə bir istiqamətdə təbliğat olub ki, guya nüvə məsələsində rəsmən elan olunmuş qırmızı xətlərə özəl iclaslarda göz yumulur. Bu, həqiqətə uyğun olmayan, yalan bir sözdür. Biz burada sizə və ya ümumi iclaslarda camaata nələri deyiriksə, eynilə danışıqlarda iştirak edən komandadakı dostlarımıza, rəsmilərə də onu deyirik. Sözümüz birdir.
İkincisi, mən danışıqlarda iştirak edən komandanı – bu müddət ərzində bu zəhməti çiyninə götürmüş yoldaşlarımızı – həm etibarlı, həm qeyrətli, həm şücaətli, həm də dindar insanlar kimi tanıyıram. Qoy bunu hamı bilsin. Burada iştirak edənlərin əksəriyyətinin danışıqların mahiyyəti haqda məlumatı yoxdur. Əgər sizin də danışıqların mahiyyətindən, təfərrüatlarından, iclaslarda gedən söhbətlərdən xəbəriniz olsaydı, mənim dediklərimin müəyyən qismini hökmən qəbul edər, təsdiqləyərdiniz. Əlbəttə ki, bunlardan əlavə, mən həmin yoldaşlardan bəzilərini yaxından, bəzilərini isə uzaqdan – keçmiş fəaliyyətlərindən tanıyıram. Bunlar dindar, etibarlı insanlardır, inanılmış adamlardır. Məqsədləri ölkənin işlərini irəli aparmaq, problemi çözməkdir və bunun üçün çalışır, əllərindən gələni edirlər. İnsafla demək lazımdır ki, onlar həm xalqın qeyrətini, təəssübünü çəkirlər, həm də cəsarətlidirlər. Çoxlu sayda elə insanlarla üz-üzədirlər ki ... mən yerinə düşəcək ifadəni işlətmək istəmirəm; bəzən yerinə görə, doğrudan da, çox münasib olan ifadələr olur, amma mənim onları dilə gətirib deməyim uyğun olmaz. İnsafən, onların qarışısında tam cəsarətlə, tam diqqətlə öz mövqeyini bəyan edir, arxasında durur və müdafiə edirlər.
Qeyd edəcəyim üçüncü məqam tənqidi fikirlər səsləndirən insanlarımızla bağlıdır. Mən tənqidin əleyhinə deyiləm, tənqidin eybi yoxdur; əksinə, lazımlıdır, kömək edir. İntəhası hamı bir şeyə diqqət yetirməlidir ki, tənqid etmək iş görməkdən daha asandır. Biz qarşı tərəfin olduğu sahədə onun nöqsanlarını çox rahatlıqla görürük, halbuki onun üzləşdiyi risklərdən, çətinliklərdən, narahatlıqlardan, problemlərdən xəbərimiz olmur. Elə bil ki, siz bir hovuzunun kənarında durub tamaşa edirsiniz. Bir nəfər də 10 metr hündürlükdəki tramplinə çıxıb oradan suya atılmaq istəyir. Həmin adam tullanıb suya baş vurur, hovuzun kənarında duran siz isə deyirsiz: “Eh, bu ayağın əyri durdu, o qolun əyildi!” Bu kimi nöqsanlar tutursunuz. Bəli, o nöqsanlar ola bilər, amma siz zəhmət çəkib bir o hovuzun kənarından yuxarı çıxın, 10 metr hündürlükdə olan o tramplindən aşağı – suya bir baxın, ondan sonra mühakimə edin! Tənqid etmək asandır. Əlbəttə ki, mənim bu dediklərim tənqidlərə mane olmasın. Tənqid edin, amma bir şeyi nəzərdə tutmağa çalışın ki, ola bilsin, qarşı tərəf bizim öz tənqidlərimizdə qeyd etdiyimiz nöqsanlardan bəzilərinin onda olduğunu bilir, intəhası nə üçünsə bu nəticəyə gəlib, yaxud zərurət onu bu yerə gətirib çıxarıb və ya hansısa başqa səbəb və amillərin rolu olub. Mən demək istəmirəm ki, onların heç bir günahı yoxdur, məsumdurlar. Yox, məsum deyillər. İnsan verdiyi qərarda, atdığı addımda səhvə də yol verə bilər, amma əsas odur ki, biz rəsmilərimizin etibarlı, dəyanətli, qeyrətli, şücaətli olduğuna inanırıq. Söhbətimizin girişində vurğulamaq istədiyim 3 məqam bunlar idi.
Mən bu nüvə danışıqlarının tarixçəsinə bir nəzər salmaq istəyirəm. Bu, əslində “5+1” qrupu ilə gedən danışıqlar deyil, bundan o yana – amerikalılarla aparılan danışıqlardır. Bu danışıqların aparılmasını amerikalılar istəmişdi; hələ 10-cu hökumətin dövründə. Bu müzakirələrə hələ hazırkı hökumət iş başına gəlməzdən əvvəl start verilmişdi. Onlar bunu istəmiş, araya vasitəçi salmışdılar. Regionun hörmətli simalarından biri gəlib mənimlə görüşmüş və bildirmişdi ki, Amerika prezidenti onunla əlaqə saxlayıb, ondan xahiş edib, deyib ki, biz İranla nüvə məsələsini həll etmək, sanksiyaları da ortadan qaldırmaq istəyirik. Onun dediklərində iki əsas məqam gözə dəyirdi: birincisi bu idi ki, “biz İranı bir nüvə dövləti kimi tanımaq istəyirik”, ikincisi isə “biz sanksiyaları 6 ay ərzində tədricən qaldıracağıq”. “Gəlin oturaq, müzakirə edək, bu iş baş tutsun”. Mən vasitəçilik üçün gəlmiş o çox hörmətli şəxsə dedim ki, biz amerikalılara etimad etmirik, onların sözünə inanmaq olmaz. Dedi ki, bir sınayın, dedik, olsun, bu dəfə də sınayaq. Danışıqlara bu cür start verildi.
Mən rəsmilərin diqqətinə bir şeyi çatdırım, hamı da diqqət etsin: beynəlxalq münasibətlər qurularkən bu münasibətlərin məntiqi tələb edir ki, biz özümüz üçün iki fəaliyyət meydanı nəzərdə tutaq. Bunlardan biri reallıq, əməl meydanıdır. Əsas meydan budur. Reallıq meydanında, əməl meydanında fəaliyyət göstərən bir rəsmi şəxs müəyyən mülkiyyət yaradır, istehsal edir, imkanlar qurur. Bu, birinci meydan. İkinci meydan isə siyasət, diplomatiya meydanıdır. Bu diplomatiya, siyasət, beynəlxalq danışıqlar meydanında rəsmilər həmin mülkiyyəti, imkanları ölkə üçün imtiyaza, milli mənfəətə çevirir. Əgər insan həmin birinci meydanda əliboşdursa, ikinci meydanda heç bir iş görə bilməyəcək. Birinci meydanda, yəni reallıq, əməl meydanında ortada bir nailiyyəti, əldə bir şeyi olmalıdır.
Bu danışıqlara girdiyimiz gün bizim əlimizdə çox mühüm və məqbul bir nailiyyət var idi. Hiss edirdik ki, qolumuz güclüdür. O zaman əlimizdə olan nailiyyətlərdən biri də bu idi ki, dünyanın bütün nüvə dövlətləri Tehran Nüvə Araşdırmaları Mərkəzi üçün bizə 20 faizlik yanacaq verməkdən imtina etdiklərinə baxmayaraq – halbuki radiodərman preparatlarına ehtiyacımız var idi – biz özümüz sanksiyalar şəraitində bu yanacağı istehsal edə, daha sonra isə bu yanacağı yanacaq lövhələrinə çevirərək ondan istifadə edə bildik. Qarşı tərəf mat qaldı! Uzun hekayədir; yəqin ki, çoxunuzun xəbəri var. Uzun-uzadı danışıqlarda onlar bizə 20 faizlik yanacağı verməyə – yəni satmağa və ya başqa birisinin satmasına imkan verməyə – razı olmadılar. Biz də dedik ki, onu öz ölkəmizdə istehsal edəcəyik. Gənclərimiz, elm adamlarımız, özünəinamlı, gələcəyə ümidlə baxan zəhmətkeş elmi ictimaiyyətimiz qarşı tərəfi heyrət içində qoya bildi. 20 faizlik yanacağı istehsal etdilər. Özü də nəzərə alın ki – deyəsən, mən bunu bir dəfə də qeyd etmişdim – uranın zənginləşdirilməsində ən mühüm və çətin mərhələ 3-4 faizdən 20 faizə qalxmaqdır. 20 faizdən 90 faizə qədər irəliləmək çox asandır. 20 faizə çatdınsa, sonrakı etaplar çox asan olur. Ən əsas və çətin mərhələ bu 3-5 faizdən 20 faizə qədər olandır. Bizim gənclərimiz bu çətin yola çıxdılar, 20 faizlik yanacağı istehsal etdilər, yanacaq lövhələrini istehsal etdilər. Bu, bizim nailiyyətlərimizdən biri idi. Biz danışıqlara belə bir əhval-ruhiyyə ilə girdik. Təzyiqlər qarşısında müqavimət, dözümlülük strategiyası nəticəsini verdi. Amerikalılar etiraf etdilər ki, sanksiyaların heç bir təsiri yoxdur. Bir qədər əvvəl də bunu qeyd etdilər və bu, tamamilə düzgün bir təhlildir. Amerikalılar bu nəticəyə gəldilər ki, sanksiyalar artıq onların istədiyi təsiri göstərmir. Onlar başqa yol tutmuşdular – vaxtımız artıq sona çatır; mən qeyd etmək istədiklərimi tez-tez deyim – anladılar ki, biz heç kimdən asılı olmadan ən son texnologiyanı əldə edə bilərik. Biz də bu məntiqlə, Allaha təvəkkül edərək müzakirələrə girdik.
Əlbəttə ki, ehtiyatımızı da əldən vermirik. Danışıqlarda iştirak edən tərəflərə və Amerika tərəfinə əvvəldən şübhə ilə yanaşmışır. Keçmiş təcrübələrimizə əsasən, bunlara inanmırdıq, buna görə də elə ilk gündən danışıqlara önfərziyyələrlə başlamışdıq. Fikrimiz də belə idi ki, əgər bunlar öz sözlərinin üstündə dursalar, olsun, eybi yoxdur; biz müəyyən güzəştlər etməyə, bu işin bahası nə isə ona qatlaşmağa da hazır idik. Yəni biz düşünmürük ki, bu və ya digər danışıqlarda nədəsə güzəştə getmək, müəyyən mövzularda qətiyyən geri durmaq olmaz. Xeyr, biz düzgün, məntiqli, rasional bir formada müəyyən güzəştlər etməyə də hazır idik, amma biz yaxşı, müsbət bir razılaşmanın əldə olunmasını istəyirdik. Elə bu məqamdaca bir şeyi deyim: biz də, amerikalılar da yaxşı bir razılaşmaya gəlmək lazım olduğunu deyirik, intəhası biz “yaxşı bir razılaşma” deyəndə vicdanlı, ədalətli bir razılaşmanı nəzərdə tuturuq, amerikalılar isə “yaxşı bir razılaşma” deyəndə totalitar mahiyyətli bir razılaşmanı nəzərdə tuturlar. Danışıqlarda azacıq irəli getmişdik ki, cənabların haqsız tələbləri başladı; hər gün bir söz, bir bəhanə. 6 ay 1 il oldu, bir az da uzandı, danışıqlar cürbəcür formalara düşdü, haqsız tələblər ətrafında gedən mübahisələr vaxtı daha da uzatdı, təhdidlər etdilər, bizi daha da çox sanksiyalar tətbiq edəcəkləri, hətta hərbi əməliyyatlara başlayacaqları ilə hədələdilər. Bu təhdidləri etdilər – birbaşa, dolayısı ilə, danışıqlar masasında, onun altında(1); cürbəcür sözlər danışdılar; siz də bu barədə eşitmisiniz, bilirsiniz. Bu günə qədər o cənabların davranışı belə olub.
Amerikanın bu müddət ərzində irəli sürdüyü tələblərin ardıcıllığını, səsləndirdiyi fikirləri təhlil edən hər kəs bu nəticəyə gələr ki, buradakı 2 əsas məqamdan biri ölkədə nüvə sənayesinin kökünü kəsmək, bu texnologiyanı tamamilə aradan götürməkdir; hədəfləri budur, bunu istəyirlər. Ölkənin nüvə kimliyini yox etmək məqsədi güdürlər. Quruca ad, məzmunsuz bir tablo, karikatura kimi bir şey qalırsa-qalsın, amma bunların məqsədi ölkədəki bu nüvə hərəkatının, İslam Respublikasının hədəflərini izləyən bir nüvə sənayesinin gerçəkləşməsinə imkan verməməkdir. Biz konkret müddət ərzində 20 min meqavat nevə enerjisi istehsal etmək istədiyimizi elan etmişik; ölkəmizin buna ehtiyacı var. 20 min meqavat nüvə enerjisi ölkəmizin zəruri ehtiyacıdır. Bu, ölkənin hesablama strukturlarının ortaya qoyduğu bir rəqəmdir. Əlbəttə ki, nüvə sənayesi elektrik enerjisi ilə yanaşı, ölkəyə başqa mənfəət də gətirir, bir çox digər ehtiyacları da ödəyir. Onlar isə bunun reallaşmasını istəmirlər. Əlbəttə, bu sənayeni yox etməklə yanaşı, təzyiqlərini də saxlamaq istəyirlər, gördüyünüz kimi, sanksiyaları tamamilə qaldırmaq fikirləri yoxdur, üstəlik daha çox sanksiya tətbiq edəcəkləri ilə təhdid də edirlər. Önəmli məqamlardan biri budur.
İkinci mühüm məqam odur ki, bizim qarşımızda olan tərəfin, yəni hazırkı Amerika dövləti və Amerika administrasiyasının bu razılaşmaya ehtiyacı var; məsələnin digər bir tərəfi də budur. Onların buna ehtiyacı var. Əgər burada öz məqsədlərinə çata bilsələr, bu, onlar üçün böyük bir qələbə hesab olunacaq. Bu, əslində, İslam İnqilabı üzərində qələbədir, müstəqillik iddiasında olan bir xalqın üzərində qələbədir, başqa ölkələrə örnək ola biləcək bir ölkə üzərində qələbədir. Amerika administrasiyasının bu razılaşmaya ehtiyacı var. Bu cənabların bütün mübahisələri, çək-çevirləri, riyakarlıqları, saxtakarlıqları bu iki əsas mövzuya görədir.
Biz ilk gündən danışıqlara məntiqlə qatılmışıq, məntiqlə danışmışıq, artıq tələblər irəli sürməmişik. Biz demişik ki, qarşı tərəf üstümüzə zülmkar bir sanksiya qoyub və biz bu sanksiyanın ortadan qaldırılmasını istəyirik. Bilirik, bu, bir alış-verişdir, söz yox ki, sanksiyaların qaldırılması üçün nədənsə keçməliyik ki, nə isə əldə edək, lakin ölkəmizin nüvə sənayesi dayandırılmamalı, nüvə fəaliyyətlərinə xələl gəlməməlidir. Bizim birinci sözümüz budur. Əvvəldən biz bu sözü demişik və bu günə qədər də üstündə durmuşuq.
Müəyyən olunmuş qırmızı xətlərin də ən önəmlilərini qeyd etmək istəyirəm. Biz müəyyən şeyləri başlıca prinsiplərimiz olaraq elan etmişik. Mən burada onların içərisindən ən mühümlərini qeyd etmişəm. Əlbəttə, bunlardan başqa da müəyyən məsələlər var. Biri budur ki, onlar uzunmüddətli məhdudlaşdırma üzərində israr edirlər. Biz 10, 12 il müddətinə məhdudlaşdırmanı qəbul etmədiyimizi demişik. 10 il bir ömürdür. Bizim bu vaxta qədər qazandığımız nailiyyətlər elə 10 il ərzində əldə olunub. Doğrudur, ölkədə nüvə texnologiyaları ilə əlaqəli araşdırmaların tarixi bundan bir qədər də irəli gedib çıxır – bəzən çıxışlarda da bu qeyd olunur – lakin ilk illərdə əslində ciddi bir iş görülməyib. Əsas və əhəmiyyətli işlər bu son 10-15 ilin məhsuludur. Biz 10 illik məhdudiyyəti qəbul etmirik. Biz bizim üçün məqbul ola biləcək məhdudiyyət müddəti ilə bağlı danışıqlarda iştirak edən komandaya müəyyən bir rəqəm demişik, onu da demişik ki, o cənabların dediyi 10 il, 12 ili qəbul etmirik.
Bizim qəbul edəcəyimiz məhdudiyyət müddətində də tədqiqatlar, inkişaf davam etdirilməli, işlər getməlidir. Rəsmilərimizin vurğuladığı qırmızı xətlərdən biri də budur. Onlar deyiblər ki, biz elmi tədqiqatlardan, inkişafdan əl götürmək niyyətində deyilik; haqlıdırlar da. Məhdudiyyət illəri ərzində də elmi araşdırmalar, irəliləyiş davam etməlidir. Onlar isə başqa şey deyirlər. Onlar deyirlər ki, siz 10, 12 il və ya bundan da çox müddətdə heç bir iş görməyin, ondan sonra isə istehsala, qurub-düzəltməyə başlayın. Bu isə ikiqat artıq zorakılıqdır, ikiqat səhv danışıqdır.
Mühüm məsələlərdən biri də budur ki – mən açıq-aşkar deyirəm – iqtisadi, maliyyə və bank sanksiyalarının hamısı – istər Təhlükəsizlik Şurası, istər Amerika Konqresi, istərsə də Amerika dövləti ilə bağlı olanlar – razılaşmanın imzalandığı anda dərhal ləğv edilməlidir. Qalan sanksiyalar da məntiqəuyğun bir ara müddətindən sonra ortadan qaldırlmalıdır. Amerikalılar sanksiyalarla bağlı bir neçə mərhələdən ibarət elə bir dolaşıq, əcaib-qəraib formul təqdim edirlər ki, dərinlikləri ümumiyyətlə aydın deyil; dibindən nə çıxacağı qətiyyən məlum deyil. Dedim ki, mən açıq danışan adamam, diplomatik ifadələrə o qədər də bələd deyiləm. Biz sözümüzü açıq-açığına deyirik və üstündə dururuq; bizim nəzərdə tutduqlarımız bunlardır.
Daha bir başlıca məqam odur ki, sanksiyaların ləğvi İranın öz öhdəliklərinə əməl etməsindən asılı olmamalıdır. Belə olmasın ki, onlar desinlər “siz Ərak ağır su reaktorunu sökün, sentrifuqaların sayını filan qədər azaldın, onu edin, bunu edin, bu dediklərimizi etsəniz, ondan sonra agentlik gələr, təsdiq edər ki, siz düzünü deyirsiniz, bu işləri, doğrudan da, görmüsünüz, ondan sonra biz sanksiyaları qaldırarıq!” Xeyr, bunu biz qəti surətdə qəbul etmirik! Sanksiyaların ləğvi İranın öz üzərinə götürdüyü öhdəçiliklərin icrasından asılı olmamalıdır. Əlbəttə ki, sanksiyaların ləğvi müəyyən mərhələlərlə icra olunasıdır, bunu biz qəbul edirik. Sanksiyaların ləğvinin mərhələləri İranın götürdüyü öhdəliklərin icrasının mərhələləri ilə qarşılıqlı olmalıdır: bunun bir hissəsinin qaşrılığında onun bir hissəsi, bunun digər bir hissəsinin qarşılığında onun digər bir hissəsi.
Daha bir mühüm məsələ budur ki, biz görülən işlər haqda Beynəlxalq Nüvə Agentliyinin hesabatlarına əsasən məlumat əldə edilməsinin əleyhinəyik. Biz bu agentliyə inam və etibarla yanaşmırıq. Agentlik nə müstəqil, nə də ədalətli olmadığını nümayiş etdirib. Müstəqil deyil, çünki supergüclərin təsiri altındadır, ədalətli deyil, çünki dəfələrlə ədalətin əksinə rəy verib, qərar çıxarıb. Bundan əlavə, onlar deyirlər ki, “agentlik gəlib araşdırma aparmalı və ölkədə nüvə fəaliyyətlərinin aparılmadığına əminlik əldə etməlidir”. Bu, məntiqsiz bir sözdür. Yaxşı, bu əminlik necə əldə olunacaq? Ümumiyyətlə, əminlik əldə etmək nə deməkdir? Məgər bunlar bir-bir bütün evləri və ya qarış-qarış bütün ölkəni gəzəcəklər? Əminliyi necə əldə etmək olar? İşləri buna bağlamaq nə məntiqli, nə də ədalətlidir.
Mən beynəlxalq aləmdə qəbul olunmamış, qeyri-ənənəvi yoxlama metodları ilə də razı deyiləm; ayrı-ayrı şəxslərin sorğu-suala çəkilməsini də heç bir vəchlə qəbul etmirəm və bunun əleyhinəyəm. Bundan əvvəl də dediyim kimi, hərbi obyektlərdə yoxlamaların aparılmasına da razı deyiləm. 15 il, 25 il zaman müddətini də – belə ki onlar davamlı olaraq deyirlər: “filan şey üçün 15 il”, “filan şey üçün 25 il” – bu kimi müddətlərin qoyulmasını da biz qəbul etmirik; müəyyən olunub, əvvəli-sonu var, tamamlanacaq.
Bunlar bizim üzərində xüsusilə durduğumuz ən mühüm və başlıca məqamlardır. Sözsüz ki, qırmızı xətlər təkcə bunlar deyil. Danışıqlarda təmsil olunan yoldaşlar bizim fikirlərimizlə tanışdırlar, xırdalılqarı onlarla müzakirə etmişik. Əlbəttə ki, mənim üçün önəmli olan, nəzərdə tutduğum xırdalıqları; xırdalıqların çoxuna mən heç müdaxilə etmirəm.
Biz razılaşma əldə edilməsini istəyirik. Əgər kimsə İslam Respublikasının rəsmiləri arasında razılaşma əldə edilməsini istəməyən bircə nəfər belə olduğunu desə, yalan söyləmiş olar. Bunu hamı bilsin. İslam Respublikasının rəsmiləri – mən, hökumət, parlament, məhkəmə hakimiyyəti, cürbəcür hərbi, təhlükəsizlik və s. strukturları – bu məsələdə hamımız həmrəy və həmfikirik ki, razılaşma əldə olunmalıdır. Bunda da hamımız həmrəyik ki, bu, qürurlu bir razılaşma olmalı, İslam Respublikasının mənafeyi dəqiqlik və tələbkarlıqla gözlənilməlidir. Bu məsələdə də heç bir fikir ayrılığı yoxdur. Hökumət, parlament, mən, bütün digər rəsmilər hamımız bu mövzuda həmrəyik, eyni fikirdəyik. Əldə ediləcək razılaşma insaflı, ədalətli bir razılaşma olmalı, İslam Respublikasının mənafeyini təmin etməlidir.
Bunu da qeyd edək ki, biz sanksiyaların ləğvini, aradan qaldırılmasını istəyirik. Bu danışqılara getməkdə bizim əsas məqsədimiz sanksiyaların ləğvinə nail olmaqdır. Bu sanksiyaların ləğv edilməsini, doğrudan da, istəyirik, amma eyni zamanda bu sanksiyaların özünü də bir fürsət hesab edirik. Bəziləri təəccüblənməsin ki, sanksiyalar necə fürsət ola bilər? Necə ola bilər ki, sanksiyalar – bu qədər pis bir şey fürsət olsun? Bu sanksiyalar bizim özümüzə qayıtmağımıza səbəb oldu. Onlar səbəb oldu ki, biz öz daxili güc və imakanlarımız haqqında fikirləşək, onları axtarıb üzə çıxaraq. Bizim ölkəmiz kimi bir ölkə üçün hər şeyi neftin pulu ilə xaricdən idxal etmək ən pis bəla, ən böyük problemdir. Təəssüflər olsun ki, bu bəla hələ inqilabdan qabaq ölkəmizin yaxasına yapışıb və bu gün də geniş bir miqyasda davam edir. Buna son qoymaq lazımdır. Biz elmdə, texnologiyada, cürbəcür sahələrdə daxili imkan və potensiala üz tutmuşuq və inşallah, iqtisadiyyat sahəsində də belə olmalıdır. Nüvə məsələsi ilə bağlı deyəcəklərim bunlar idi. Burada qeydlər aparmışdım, regionda gedən proseslər haqda da danışmaq istəyridim, amma saata baxıram, deyəsən, azan verilib. Daha bundan artıq sizə zəhmət vermək istəmirəm.
Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, dediklərimizin, eştidiklərimizin Sənin üçün, Sənin yolunda və bəndələrinə xidmət yolunda olmasını bizə nəsib et. Niyyətlərimizi saflaşdır. Pərvərdigara! Hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, silahlı qüvvələrdə təmsil olunan, işləyən, çalışan rəsmilərimizə, fəallarımıza Öz mənəvi dəstəyini nazil et. Əllərindən tutub onları hidayət et.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_________________________
(1) Yerdən gülüş səsləri eşidilir
_________________________
(1) Yerdən gülüş səsləri eşidilir