Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Xomeyninin (r.ə) vəfatının 26-cı ildönümü ilə əlaqədar təşkil olunmuş mərasimdə etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

والحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا و حبیب قلوبنا ابی‌القاسم المصطفی محمّد و علی ءاله الأطیبین الأطهرین المنتجبین سیّما بقیّةالله فی الأرضین. اللّهمّ کن لولیّک الحجّة بن الحسن صلواتک علیه و علی ءابائه فی هذه السّاعة و فی کلّ ساعة ولیّاً و حافظاً و قائداً و ناصراً و دلیلاً و عیناً حتّی تسکنه ارضک طوعاً و تمتّعه فیها طویلاً. اللّهمّ اعطه فی نفسه و ذریّته و شیعته و رعیّته و خاصّته و عامّته و عدوّه و جمیع اهل الدّنیا ما تقرّ به عینه و تسرّ به نفسه

Sözümün əvvəlində İmam Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!) müqəddəs hüzuruna ona olan bağlılığımızı ifadə etməyi lazım bilirəm. Bütün təkallahlı dinlərdə dünyanın sonuna doğru yer üzünə bir xilaskarın gələcəyi ilə bağlı inanc və etiqad var. Təkallahlılıq əqidəsinə söykənən dinlər yer üzünə dünyanı zülm və haqsızlıq çirkabından xilas edəcək bir nəfərin gələcəyini hamılıqla qəbul edirlər. İslam dinində bu xilaskarın adı da dəqiqləşdirilib; bütün İslam məzhəbləri bu ilahi varlığı, bu böyük və qeyri-adi insanı Mehdi adı ilə tanıyırlar. İslam firqələri arasında, demək olar, elə birini tapmaq olmaz ki, Mehdinin (ə.f) zühur edəcəyinə və onun Peyğəmbərin nəslindən olacağına etiqad bəsləməsin. Hətta o Həzrətin adını və künyəsini də dəqiqliklə deyirlər. Şiə etiqadının özünəməxsus cəhəti isə budur ki, burada həmin şəxsiyyət haqda dəqiqliklə məlumat verilir, onun Əhli-Beyt imamlarından olan 11-ci imamın – İmam Həsən Əskərinin (ə) övladı olduğu bildirilir. Şiə əqidəli tarix və kəlam (sxolastika) alimləri bu şəxsin doğum tarixi haqda da dəqiqliklə, açıq-aydın məlumat verirlər. Digər İslam firqələri əksəriyyət etibarilə bu fikri qeyd etməmiş və ya qəbul etməmişlər, lakin şiələr qəti və danılmaz arqumentlərlə o böyük insanın dünyaya gəlişini, varlığını və bu gün yaşadığını sübuta yetirirlər. Bəziləri belə bir şeyin inanılmaz olduğunu bildirmiş, “Necə ola bilər ki, bir insan doğulsun və bu qədər uzun müddət sağ qalsın” – demişlər. Müxaliflərin Həzrət Mehdi mövzusunda irəli sürərək təkrarladıqları yeganə şübhə və irad bundan ibarətdir. Lakin Qurani-Kərim öz “nəs” – açıq-aydın ayəsi ilə bu iradı rədd etmişdir. Quranda Həzrət Nuh peyğəmbər (ə) haqda buyurulur:

فَلَبِثَ فیهِم اَلفَ سَنَةٍ اِلّا خَمسینَ عامًا

– yəni Nuh öz qövmü arasında 950 il yaşadı. Bu o demək deyil ki, onun ömrü bu qədər olub, mövzunun zahirindən belə anlaşılır ki, onun dəvəti 950 il sürüb. Odur ki bu iradın yeri yoxdur.

Bu inancın şiələr arasında buraxdığı ən böyük təsir ümid yaratmaqdır. Şiə toplumu təkcə keçmişdəki parlaq tarixinə söykənmir, gözünü gələcəyə dikib. Şiə etiqadına əsasən Həzrət Mehdinin gəlişinə inanan bir insan ən çətin anlarda belə, ümidini itirmir, qəlbində daim ümid şöləsi olur; bilir ki, bu qaranlıq, zülm dolu, haqsızlıq və batilin ağalıq etdiyi dövran, heç şübhəsiz, geridə qalacaq. Bu etiqadın ən mühüm təsir və nəticələrindən biri budur. Əlbəttə ki, şiəliyin Həzrət Mehdi ilə bağlı etiqadı təkcə bununla məhdudlaşmır.

بِیُمنِهِ رُزِقَ الوَری‌ وَ بِوُجُودِهِ ثَبَتَتِ الأرضُ و السَّماء

Mehdəviyyət məsələsi belə bir əqidədir. Əsrlərdir ki, bu parlaq şölə, bu nur saçan işıq şiə toplumu içərisindədir, bundan sonra da olacaq və inşallah, Mehdinin intizarında olanların intizarı sona çatacaq. Əziz qardaş və bacılar, dünən o böyük insanın dünyaya gəlişinin ildönümü idi, ona görə də sizin qarşınızda sözə başlayarkən Həzrət Mehdiyə qısaca olaraq sevgi və bağlılıq ifadə etməyi lazım bildim.

Bu möhtəşəm və böyük məclisdə toplaşmış əziz qardaş və bacılarım, həmçinin bütün İran xalqı üçün 4 xordad münasibətilə qeyd edəcəyim məsələlər isə həmişəki kimi dahi liderimiz İmam Xomeyni (r.ə) ilə bağlıdır. Bu barədə çox danışmışıq, amma bu böyük insan haqda hələ deyiləsi sözlər var. Bu gün sizə İmamın şəxsiyyətinin təhrif olunması barədə danışmaq istəyirəm. Şəxsiyyətləri də təhrif etmək mümkündürmü? Adətən təhrif anlayışını, təhrif sözünü hansısa mətnlər haqda işlədirik. Bəs görəsən şəxsiyyətləri də təhrif etmək olarmı? Bəli. Şəxsiyyətin təhrif olunması budur ki, böyük bir insanın şəxsiyyətinin əsas cizgiləri, onun başlıca həyat prinsipləri ya öyrənilmədən qalır, ya yanlış surətdə mənalandırılır, ya da təhrif olunmuş şəkildə, səthi formada dəyərləndirilir. Bütün bunlar sonda şəxsiyyətin təhrif olunması ilə nəticələnir. Cəmiyyət üçün örnək olan, rəhbər və lider olan, davranışı, söylədiyi fikirlər özündən sonrakı nəsl üçün bələdçi, yolgöstərən olan bir şəxsiyyət təhrif olunduğu zaman bunun zərəri böyük olur.

İmam Xomeyniyə sırf çox hörmətli bir tarixi şəxsiyyət kimi yanaşmaq lazım deyil. Bəziləri məhz belə olmasını istəyirlər. İmam bu ölkənin tarixində öz dövrü üçün fəal, faydalı və çox hörmətli bir şəxsiyyət olub, sonra isə dünyadan gedib və onun dövrü bitib; hörmətini saxlayırıq, adını hörmətlə anırıq, vəssalam – bəziləri İmamı bu şəkildə tanımaq və tanıtdırmaq, bu formada qələmə vermək istəyirlər. Amma bu, yanlışdır.

İmam Xomeyni İran xalqının başlatdığı və öz tarixində dönüş nöqtəsinə çevirdiyi möhtəşəm hərəkatın obyektiv təzahürüdür; İmam siyasi, ideoloji və ictimai bir məktəbin banisidir. İran xalqı bu məktəbi, bu yolu, bu yol xəritəsini qəbul edərək ona əsasən hərəkət etməyə başlayıb. Xalqımızın tutduğu bu yolun davam etdirilməsi bu yol xəritəsinin düzgün oxunmasından, öyrənilməsindən asılıdır. İmamı doğru-dürüst tanımadan – onun başlıca prinsiplərini bilmək mənasında deyirəm – bu yol xəritəsini öyrənmək mümkün deyil. Aydındır ki, bu gün biz İmamın əsas ideoloji prinsipləri haqda danışacağıq, konkret zaman və ya məkana, müəyyən etapa aid olan qərarları haqda danışmayacağıq. Dahi İmam Xomeyninin ideologiyasının əsas sxemindən danışacağıq; bax bunu doğru-dürüst bilmək istəyirik.

Əlbəttə ki, İmam böyük bir fəqih idi; həm böyük və görkəmli bir fəqih idi, həm filosof idi, həm nəzəri irfan sahəsinin bilicisi idi, bu elm sahələrində, bu məsələlərdə mütəxəssis hesab olunurdu, amma İmamın şəxsiyyətinin böyüklüyü bunların heç biri ilə əlaqəli deyil. İmamın əsl şəxsiyyəti bax bu ayənin məzmununun gerçəkləşməsindən ibarət idi:

وَ جهِدوا فِی اللهِ حَقَّ جِهادِه

“(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin”.

Elmin müxtəlif sahələrində görkəmli alim olan İmam Xomeyni Allah yolunda cihad meydanına qədəm qoymuşdu. O, bu cihadı ömrünün sonuna qədər davam etdirdi və əzəmətli bir hərəkatın əsasını qoydu; nəinki təkcə öz ölkəsində, bəlkə bütövlükdə regionumuzda, İslam dünyasında və müəyyən mənada elə bütün dünyada. Bu hərəkatın səmərəsi misilsiz oldu.

İmamın vasitəsi ilə ölkəmizin tarixində iki böyük və misilsiz iş reallaşdı. Bunlardan biri ölkəmizdə min illərlə keçmişi olan qeyri-rasional və müstəbid monarxiya rejiminin hakimiyyətinə son qoyulması idi. Ona qədər bir neçə minillik ərzində ölkəmizdə hakimiyyət çürük və yanlış monarxiya rejiminə məxsus olmuşdu, ölkənin idarəçiliyi hakimiyyəti atasından miras olaraq qəbul edən, yaxud qılınc və hərbi güc sayəsində ələ keçirərək sonradan yenə də nəsildən-nəslə miras kimi bir-birinə ötürən insanların əlində idi; minilliklər boyu ölkəmizdə belə bir yanlış və məntiqsiz ənənə hökm sürmüşdü. İmamın ilk işi bu yanlış qurulmuş binanı uçurmaq , ölkənin idarəçiliyini onun xalqına, əhalisinə həvalə etmək oldu.

Dahi İmam Xomeyninin həyata keçirdiyi ikinci böyük iş İslam dininə əsaslanan bir dövlət quruluşu və hökumət yaratmaq olmuşdu. Bu həm ölkəmizin tarixində, həm də ilkin İslam dövründən sonra bütövlükdə İslam tarixində görünməmiş bir hadisə idi. Dahi İmamımızın böyük cihadının belə qiymətli nəticələri olmuşdu və elə buna görə də onun haqqında danışarkən

جاهَدَ فِی اللهِ حَقَّ جِهادِه

– “O, Allah yolunda layiqincə cihad edib” – demək yerinə düşər. Necə ki Quranda buyurur:

وَ جهِدوا فِی اللهِ حَقَّ جِهادِه

“(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin”. Eynilə dinin böyük övliyaları haqda deyildiyi kimi, bu böyük insan da “جاهَدَ فِی اللهِ حَقَّ جِهادِه” – “O, Allah yolunda layiqincə cihad edib” – cümləsinin bariz nümunəsidir.

Əlbəttə, söhbətdən haşiyəyə çıxaraq demək istəyirəm ki, bu böyük insanın cihadı sırf siyasi, ictimai və ya ideoloji cihad deyildi. Bütün bu cihadlarla yanaşı, onda daxili bir cihad, nəfslə cihad, Allah-taala ilə ardıcıl və qırılmaz rabitəyə, bağlılığa sadiqlik var idi. Bunun özü də öyrədici əhəmiyyət kəsb edir. O demək deyil ki, əgər biz ideoloji, siyasi, elmi və ya hərbi cihad meydanında fəaliyyət göstəririksə, cihadın bu sferasını diqqətdən yayındırmağa haqqımız var. Dahi İmam Xomeyni Allah-taala qarşısında həddən ziyadə təslimkar, daim dua edən, Rəbbinə və Onun övliyalarına təvəssül edən, göz yaşları və yalvarışlarla Allah dərgahına üz tutan bir insan idi. Elə bu mübarək şəban ayında söhbətlərində həmişə şəbaniyyə minacatından olan bu fraqmenti təkrarlayırdı:

اِلهی هَب لی کَمالَ الِانقِطاعِ اِلیکَ وَ اَنِر اَبصارَ قُلوبِنا بِضِیاءِ نَظَرِها اِلَیکَ حَتَّی تَخرِقَ اَبصارُ القُلوبِ حُجُبَ النّورِ فَتَصِلَ اِلی‌ مَعدِنِ العَظَمَ

Sübh çağı ağlamaq, dua və minacat etmək, daim Allah-taala ilə rabitədə olmaq – bunlar onun ardıcıl olaraq, həmişə gördüyü işlər idi. Bu böyük insanın ardıcıl cihadının mənəvi dayağını ondakı bu mənəvi hallar təşkil edirdi. Dahi liderimizin Allah yolunda cihadından danışarkən bunu da unutmayaq.

İmam Xomeyninin ideoloji sistemi ictimai, siyasi və ideoloji bir məktəbə xas bütün xüsusiyyətləri tam şəkildə ehtiva edir. Əvvəla, müəyyən dünyagörüşünə söykənir və əsaslanır ki, həmin dünyagörüşü də tövhiddən ibarətdir. Onun başdan-başa bütün fəaliyyəti, məntiqi bütün islami məfkurələrin əsas bazasını təşkil edən tövhidə əsaslanır.

Bu ideoloji sistemin onu sözün əsl mənasında bir məktəb halına gətirən digər bir xüsusiyyəti günün tələblərinə cavab verməyidir. O, bəşər cəmiyyətlərinin və İran cəmiyyətinin problemli məsələlərinə toxunurdu və auditoriya da bunu hiss edirdi. İmamın ideoloji məktəbində ilk sözü anti-imeprializm və anti-despotizm söyləyirdi. Bunu İran xalqı da, digər müsəlman və hətta qeyri-müsəlman xalqları da hiss edirdi. Məhz elə buna görə də bu dəvət genişləndi.

Bu ideoloji məktəbin digər bir xüsusiyyəti onun canlılığı, dinamikliyi, uyğunlaşma qabiliyyəti və praktik olması idi; dildə gözəl və cəlbedici sözlərdən ibarət olan, əməli işə keçəndə isə heç bir effekti olmayan bəzi intellektual nəzəriyyə və fikir sistemləri kimi deyildi. İmamın məntiqi, düşüncəsi, yolu əməli xarakter daşıyırdı, praktikada reallaşmağa qabil idi. Elə buna görə də qələbə çalaraq irəli getdi və bu irəliləyiş ölkəmizin tarixi kursunu dəyişdi.

Biz İran xalqı yadlara tabeçilik edən, məqsədsizlik və ümidsizlik içində qərq olmuş bir xalq idik, asılı bir xalq idik. Bizi qəsdən geridə saxlayırdılar. Həm öz fikirlərini bizə diktə edirdilər, həm də mədəniyyətlərini. Həm iqtisadi resurslarımızı sovurub aparırdılar, həm də ardı-arası kəsilmədən ölkəmizə öz çirkin adətlərinin bataqlığını çəkib gətirirdilər. Biz belə bir xalq idik. İmam Xomeyni bizi stimul dolu, ümid dolu, dinamik, qarşısına böyük hədəflər qoymuş bir xalqa çevirdi. Bu gün İran xalqı dinamikdir, stimula malikdir, sabaha ümidlə baxır və böyük hədəflərə doğru irəliləyir. Əlbəttə ki, bizim öz hədəflərimizə çatmağımıza hələ var, amma əsas odur ki, hərəkətdəyik. Mühüm olan odur ki, xalqımız özündə inkişaf etmək, irəli getmək üçün güc və təpər tapıb. Əsas odur ki, gənclərimiz bu hədəflərə çatmağa, sosial ədaləti tam olaraq təmin etməyə, bu ölkəyə sərvət və inkişaf qazandırmağa, bizi mütərəqqi, öz tarixi kimliyinə uyğun gücə sahib olan bir ölkəyə çevirməyə qadir olduqlarına inanırlar. Bu gün ölkəmiz bu ümidlərlə dalğalanır və gənclərimiz bu istiqamətdə hərəkət edir. Biz süstlük, yuxululuq halından çıxmışıq. Bu işi dahi liderimiz İmam Xomeyninin hərəkatı və o böyük insan həyata keçirib.

Əgər İran xalqı o hədəfə çatmaq, bu yolu davam etdirmək istəyirsə, İmam Xomeyninin yolunu doğru-düzgün öyrənməli, onun prinsiplərini dürüst bilməli, İmam Xomeyni şəxsiyyətinin təhrif olunmasına imkan verməməlidir. Belə ki İmamın şəxsiyyətinin təhrif olunması onun yolunun təhrif olunması, İran xalqının öz düzgün kursundan yayındırılması deməkdir. Əgər biz İmamın qoyub getdiyi yolu itirsək, yaddan çıxarsaq və ya Allah eləməmiş, qəsdən ondan kənara çıxsaq, İran xalqına zərbə dəyəcək. Hər kəs bilməlidir ki, imperializmin doymaq bilməyən mədəsi hələ ölkəmizdən gözünü çəkməyib. Böyük, zəngin, Yer kürəsinin strateji əhəmiyyətli yolayrıcında yerləşən bir ölkə dünyanın hiyləgər və məkrli gücləri üçün olduqca əhəmiyyətlidir. Onlar öz tamahlarından əl çəkməyiblər, gözlərini yığmayıblar. Yalnız bir halda geri çəkiləcəklər: siz İran xalqı o qədər güclənəsiniz, o qədər inkişaf edəsiniz ki, ümidləri kəsilsin. İmamın təhrif olunması məhz bu məqamda əhəmiyyət kəsb etməyə başlayır. İmamın şəxsiyyəti təhrif olunsa, pis tanıtdırılsa, yanlış təqdim olunsa, İran xalqı bütün bu böyük təhlükələrlə üz-üzə qalacaq. Məhz bu baxımdan İmamın təhrif olunmasının yaratdığı təhlükə ilə bağlı ölkə rəsmilərinə, inqilabi ideologiyanın nəzəriyyəçilərinə, İmamın köhnə şagirdlərinə, bu yola mənən bağlı olan şəxslərə və ümumilikdə gənclərə, ziyalılara, dini və dünyəvi təhsil alan tələbələrə xəbərdarlıq etmək vacibdir. Bəli, sözümün müqəddiməsi bu idi.

İmamın həyatda olduğu dövrdə də onun şəxsiyyətinin təhrif olunmasına səy göstərilirdi. Bir yandan düşmən inqilabın ilk günündən İmamı quru və kobud bir inqilabçı kimi qələmə verməyə çalışırdı – necə ki dünya tarixinin Fransa İnqilabı, Sovetlərin marksist inqilabı və bəzi digər inqilablar kimi böyük və məşhur inqilablarında bu xüsusiyyətləri müşahidə edirik. İmamı quru, qaba, qaşının düyünü açılmayan, sırf düşmənlə mübarizəyə köklənmiş, heç bir emosiya və hissiyatı olmayan bir insan kimi təqdim edirdilər və bu, yanlış idi. Doğrudur, İmam qətiyyətli idi, mətin idi, verdiyi qərarlarda – az sonra qeyd edəcəyim kimi – möhkəm və sarsılmaz idi, amma bir emosionallıq, həssaslıq, incəlik, mehribanlıq, Allah-taalaya və Onun yaratdıqlarına, xüsusilə də cəmiyyətin məzlum və zəif təbəqələrinə qarşı sevgi mücəssəməsi idi. Düşmən isə ilk gündən bəri dünyada apardığı təbliğatda bizim inqilabımız və İmamımız haqda bu cür fikir formalaşdırmağa çalışırdı.

Ölkənin daxilində də bəziləri bilmədən, bəziləri isə bilə-bilə İmamın şəxsiyyətini təhrif edirdilər; hətta İmamın özü həyatda olduğu zaman belə. İmam haqda istədikləri hər sözü danışırdılar; halbuki bütün bunların ona heç bir aidiyyəti yox idi. Bu hal İmamın vəfatından sonra da davam edib; hətta iş o yerə gəlib çatıb ki, bəziləri İmamı siyasət, hətta ideologiya və mədəniyyət sferalarındakı davranışlarında heç bir qeyd-şərt bilməyən, liberal bir insan kimi təqdim edirlər. Bu da həddən artıq yanlış və reallığa zidd olan bir şeydir. Əgər biz İmamın şəxsiyyətini sözün əsl mənasında araşdırıb öyrənmək istəyiriksə, bunun yolu var. Bu yolla getsək – bu barədə danışacağam – məsələ həll olunacaq, əks təqdirdə, bu gün kimlərsə gəlib İmamı öz istədikləri, öz siyasi əqidələrinə uyğun şəkildə təqdim etdikləri kimi, ola bilsin, sabah da bir başqaları gələcək və başqa siyasi əqidələrə, dünyada gedən başqa proseslərə uyğun olaraq, İmamı başqa bir şəkildə təqdim etməyi məsləhət biləcəklər; amma belə olmaz. İmam xalq arasında sevilir və bu, qalıcı bir sevgidir. Düşmən onu yox edə bilməyib. Elə buna görə də böyük bir xalq kütləsinin qəlbində özünə yer etməyi bacarmış İmamın şəxsiyyətinin təhrif olunması məsələsi – istər ölkədə, istərsə də ölkədən kənarda – böyük bir təhlükə hesab olunur.

Bu təhrifin qarşısını almağın yolu isə İmamın prinsiplərini dönə-dönə nəzərdən keçirib araşdırmaqdır. İmamın müəyyən prinsipləri, əsas ideyaları var. Bu prinsip və ideyalar İmamın ölkədə İslam dövlətinin qurulmasından sonrakı 10 il ərzində, eləcə də ondan əvvəl – inqilabi hərəkatın getdiyi 15 il ərzində etdiyi müxtəlif çıxışlarda, bəyanatlarda öz əksini tapmışdır. İmamın əsas prinsiplərini bu bəyanatlarda görmək olar. Bu prinsipləri, bu xətləri paralel surətdə nəzərdən keçirdikdə dahi İmam Xomeyni şəxsiyyətinin portretini bütövlüyü ilə müşahidə etmək olar; İmamın şəxsiyyəti budur. Mən demirəm ki, bütün təfərrüatlara diqqət yetirmək vacibdir. Bütün başqa insanlar kimi, İmam Xomeyninin də həyatında eniş-yoxuşlar olub, cürbəcür hadisələr baş verib, hər birinin də öz tələbləri olub. Mən başlıca məqamları nəzərdə tuturam, o şeyləri ki, inkaredilməzdir, İmamın danılmaz ideyalarındandır, İmam onları uzun illər boyu – istər İslam hökuməti qurulmamışdan əvvəl, istər bu hökumətin qurulduğu dövrdə, istər 8 illik məcburi savaş zamanı, istər ondan əvvəl və ondan sonra – ardıcıl olaraq öz bəyanatlarında dönə-dönə səsləndirib. Özü də bu prinsip və ideyalar arasında seçim etmək lazım deyil. Doğrudur, bu gün mən onlar arasından 5-6-sını qeyd edəcəyəm, amma elə buradaca deyirəm ki, İmamın əsas prinsipləri təkcə bunlar olmaya bilər. Qoy mütəxəssislər, bu işin öhdəsindən gələ biləcək insanlar bununla məşğul olsunlar, İmamın bəyanatlarını nəzərdən keçirsinlər və onlardan İmamın əsas prinsip və ideyalarını əxz etsinlər – əlhəmdulillah, hamısı yazıya alınıb, var, hər kəs üçün əlçatandır. Bu gün mən İmamın onun bəyanatlarından çıxarıla biləcək bütün prinsiplərini qeyd edə bilmərəm, onlardan 5-6-sını vurğulayacağam, amma onlar arasında seçim edilməsini də istəmirəm və elə buna görə də deyirəm ki, qoy bu sahənin adamları araşdırma aparsınlar, müəyyən məqamları üzə çıxarsınlar. Mənim bu gün qeyd edəcəklərim isə İmamın məntiqinin, İmamın məktəbinin, İmamın yolunun və İmamın kursunun açıq-aydın, danılmaz cəhətləridir.

İmam Xomeyni məktəbində öz əksini tapan birinci məsələ Məhəmməd peyğəmbərin (s) yer üzünə gətirdiyi əsl İslamın təsbit, amerikasayağı İslamın isə inkar edilməsidir. İmam əsl İslamı amerikasayağı İslamla qarşı-qarşıya qoyurdu. Amerikasayağı İslam nədir? İstər bu dövrdə, istər İmamın yaşadığı dövrdə, istərsə də bütün dövrlərdə – bizim bildiyimiz qədər; ola bilsin ki, hələ gələcəkdə də belə olacaq – amerikasayağı İslamın yalnız 2 qolu olub: biri sekulyar İslam, ikincisi isə mürtəce İslam. Elə buna görə də İmam Xomeyni sekulyar təfəkkürə malik, yəni dini, cəmiyyəti, insanların sosial davranışlarını İslamdan ayrı görmək istəyən insanları dinə mürtəce yanaşmanın daşıyıcısı olan insanlara bərabər tutur, eyni sırada görürdü; dinə mürtəce yanaşma dedikdə yeni fikirli insanların dərk edə bilmədiyi, yanlış əsaslara və fanatizmə söykənən gerilikçi yanaşma nəzərdə tutulur. İmam bunların hər ikisini həmişə birgə qeyd edirdi. Bu gün diqqət yetirsəniz, görərsiniz ki, İslam dünyasında amerikasayağı İslamın bu iki nümunəsindən ikisi də var, özü də hər ikisi dünyanın soyğunçu super-dövlətləri tərəfindən, Amerika tərəfindən himayə olunur. Bu gün həm azğın İŞİD, “Əlqaidə” və onlar kimilər Amerika və İsrail tərəfindən himayə olunur, həm də İslam adı altında fəaliyyət göstərən, əslində isə İslamın bəyəndiyi davranış tərzinə, İslam şəriətinə və İslam fiqhinə yad olan bəzi cərəyanlar Amerikadan dəstək alır. Dahi İmam Xomeyninin nəzərində əsl İslam aydın düşüncəli, zamana və məkana bələd olan insanlar tərəfindən teoloji mərkəzlərdə işlənib püxtələşmiş və oturuşmuş elmi metodlarla tədqiq olunaraq əldə edilmiş, Kitaba və sünnəyə əsaslanan İslamdır. Mənbələrdən dini təlimlərin çıxarılma metodu diqqət tələb edən, mühüm bir məsələdir. Quranı açıb oradan sosial davranış normaları haqda təlimləri çıxarmaq hər kəsin işi deyil. Bunun bir metodu, üsulu var. Bu, elmi əsaslara malik, işlənmiş bir metoddur, ondan istifadə edə bilən insanlar var. İmam Xomeyninin nəzərində əsl, saf İslam bax budur. Əlbəttə ki, həmin metodu, həmin üsulu bilən hər kəs də u işi uğurla həyata keçirməyə qadir deyil; aydın düşüncəsi olmalıdır, zamana və məkana bələd olmalıdır, bəşər və İslam cəmiyyətinin faktiki ehtiyaclarının hansılar olduğunu bilməlidir, düşməni tanımalı, onun işlətdiyi düşmənçilik üsullarına bələd olmalıdır. Yalnız bu zaman o, əsl İslamı müəyyən edə, tanıya və tanıtdıra bilər. Saray axundlarının İslamı – İmam onları dəfələrlə bu ifadə ilə adlandırmışdı – İŞİD-in İslamı; digər tərəfdən sionistlərin, Amerikanın cinayətlərinə etinasız qalan İslam, gözünü Amerikaya, böyük dövlətlərə dikmiş, Amerikanın işarəsini gözləyən İslam – bunlar hamısı bir bezin qırağıdır, bir-birindən geri qalan deyil. İmamın nəzərində bunlar hamısı qəbuledilməzdir. İmamın tanıtdığı İslam bütün bunlara qarşıdır. İmamın ardıcılı olan, onun yolu ilə gedən insan sərhədlərini müəyyən etməlidir – həm mürtəce İslamla, həm də sekulyar İslamla. Əsl İslamın nə olduğunu bilməli və o yolla getməlidir. İmamın əsas prisniplərindən biri budur. Bu, İmamın bir dəfə dilə gətirib dediyi bir fikir deyil. Onun əsərlərində, bəyanatlarında bu ideyalar başdan-başa, geniş şəkildə öz əksini tapır.

İkincisi: İmamın prinsiplərindən biri də Allahın köməyinə təvəkkül etmək, ilahi vədlərin doğruluğuna inanmaq və bunun əksi – yəni dünyanın hegemon və imperialist dövlətlərinə etimadsızlıqdır. İmam Xomeyni məktəbinin elementlərindən biri budur; Allahın qüdrətinə təvəkkül etmək. Allah-taala möminlərə vəd verib və bu vədə inanmayan şəxslər Yaradanın öz kəlamında lənətlənib:

وَ لَعنَهُمُ الله

“Allah onlara lənət etmişdir”. (“Tövbə” surəsi, 68-ci ayə)

وَ غَضِبَ اللهُ عَلَیهِم

“Allah onlara qəzəblənmişdir”. (“Mücadilə” surəsi, 14-cü ayədən)

اَلظّآنّینَ بِاللهِ ظَنَّ السَّوءِ عَلَیهِم دائِرَةُ السَّوءِ وَ غَضِبَ اللهُ عَلَیهِم وَ لَعَنَهُم وَ اَعَدَّ لَهُم جَهَنَّمَ وَ سآءَت مَصیرًا

“Fəth” surəsi, 6-cı ayə
– Ona qarşı bədgüman olan kəsləri əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və onlara lənət etmişdir. Allah Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!

Allah-taala buyurmuşdur:

اِن تَنصُرُاللهَ یَنصُرکُم

“Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər”. “Muhəmməd” surəsi, 7-ci ayə.

Bu ilahi vədə, onun doğruluğuna inam dahi İmamımızın məfkurəsinin əsas dayaqlarından biridir. Bu vədə inanmaq və təvəkkül etmək lazımdır. Və bunun tam əksi olaraq, düşmənin, imperialistlərin, dünyanın super güclərinin aldadıcı vədlərinə mütləq surətdə etimad göstərməmək lazımdır. İmamın atdığı addımlarda, onun davranışında, bəyanatlarında bu da tam olaraq müşahidə olunur. Allahın qüdrətinə olan bu təvəkkül və inamı İmamın öz inqilabi mövqeyi üzərində qətiyyətlə durmasına səbəb olurdu. İmam çəkinmədən danışırdı; inandığı şeyləri açıq-aydın söyləyirdi, çünki Allaha arxalınırdı. O demək deyil ki, bu fikirlərin hansısa güclü dövlətlərə xoş gəlməyəcəyini, onları qəzəbləndirəcəyini bilmirdi, bilirdi, amma Allahın gücünə, Allahın yardımına, Allahın köməyinə inamı var idi. Müxtəlif olaylarla qarşılaşdığı zaman kimi, ya nəyisə nəzərə alıb üzgörənlik etmirdi. Ona ünvanlanmış məktublardan birinə tam qətiyyətlə, açıq-aşkar cavab vermişdi (səhv etmirəmsə, İmam imperialist dövlətlərin başçılarının və ya onlardan asılı olan şəxslərin ona ünvanladığı məktublar arasından ikisini cavablandırmışdı); o zaman həmin cavab məktubu “Səda və sima” Dövlət Teleradiosu vasitəsilə də yayımlanmışdı. Əlbəttə ki, İmam etik qaydalar çərçivəsində danışırdı, amma həmin məktublarda öz qəti və aydın mövqeyini ortaya qoymuşdu. İmam özündə olan bu təvəkkülü İran xalqının da canına yeritdi. Xalq da Allah-taalaya təvəkkül etməyə, Allahın yardımına inanmağa başlayıb bu yola qədəm qoydu. İmamın imperialistlərə qarşı heç bir etimad və inam hiss etməməsi onların vədlərinə etinasız yanaşmasına səbəb olurdu. Amerika prezidenti – Reyqan, hansı ki güclü bir prezident idi – İmama məktub yazmış, adam göndərmiş, xəbər yollamışdı, amma İmam ona heç bir əhəmiyyət vermədi, cavab vermədi, verdiyi vədi heç saydı.

Başqa bir epizodda məcburi savaşın sona çatdırılmasının qarşılığında İmama müəyyən vədlər verilmişdi; bu vədləri Amerikadan asılı olan dövlətlərdən biri vermişdi, söhbət yüz milyardalardan, trilyondan gedirdi. İmam buna heç bir əhəmiyət verməmişdi, inanmamışdı. İndi biz öz başımıza gələn hadisələrdə bunun yaxından şahidi olur, görürük ki, imperialistlərin vədlərinə, doğrudan da, inanmaq olmaz, onların təkbətək görüşlərdə verdiyi vədlərə etimad etmək olmaz; bu gün biz özümüz bunun şahidi oluruq. Allaha etimad, imperialistlərə inamsızlıq – İmam bunu öz fəaliyyəti üçün ana xətlərdən biri kimi seçmişdi. Əlbəttə ki, bu yanaşmanın mənası dünya ilə əlaqələri kəsmək deyildi, belə ki ölkə başçıları müxtəlif əlamətdar hadisələr münasibəti ilə İmama təbrik mesajları ünvanlayırdılar, İmam da onların təbrikinə cavab verirdi. Bu tərzdə, normal həddə, hörmət və etika çərçivəsində əlaqələr var idi, amma imperialistlərə, soyğunçu dövlətlərə və onlara tabeçilik edən, onlardan asılı olan dövlətlərə heç bir şəkildə inam yox idi.

Üçüncüsü: xalqın güc və iradəsinə inam, bütün proseslərdə hökumətin aparıcı rolu üzərində təmərküzləşməyə qarşı olmaq. Bu da İmamın davranışının əsas cizgilərindən biri idi. O zaman yanlış bir başlanğıc ucbatından ölkənin bütün iqtisadi məsələlərinin dövlətə həvalə olunmasına, dövlətdən asılı olmasına səy göstərilirdi. İmam dönə-dönə xatırladırdı ki, bu məsələləri xalqın öhdəsinə buraxmaq lazımdır; bu xatırlatmalar onun bəyanatlarında açıq-aydın öz əksini tapır. İmam iqtisadi məsələlərdə, hərbi məsələlərdə xalqın gücünə inanırdı. Bir məqama diqqət yetirmək lazımdır: İmam ilk gündən ölkədə güclü ordunun qurulmasını dəstəkləmişdi. Ölkədə ordunun buraxılmasına şəxsən o özü mane olmuşdu, buna baxmayaraq, Keşikçi Korpusu yaratdı, daha sonra isə Bəsic Təşkilatının əsasını qoydu. Hərbi fəaliyyətləri xalqa aid bir prosesə çevirdi. İqtisadi məsələlərdə xalqa arxalanırdı, hərbi məsələlərdə xalqa arxalanırdı, ölkənin quruculuğu ilə bağlı məsələlərdə xalqa arxalanırdı – və elə buna görə də quruculuq cihadına start vermişdi – təbliğatla bağlı məsələlərdə xalqa arxalanırdı və bütün bunlardan daha önəmlisi seçki məsələsində – xalqın səs verərək ölkənin idarəçiliyində, siyasi rejimin təşkilində son sözü deyə biləcəyinə inanırdı. İmam Xomeyninin hakimiyyətdə olduğu müddət ərzində – dahi İmamımız 10 il hakimiyyətdə oldu ki, bunun da 8 ili ərzində ölkədə müharibə oldu, şəhərlər bombalanırdı, cəbhələrdə döyüşlər gedirdi – bütün bu illər ərzində ölkədə 10-a yaxın seçki keçirildi, amma bu müxtəlif seçkilər müəyyən olunduğu tarixdən 1 gün belə təxirə salınmadı. İstənilən etapda, istənilən halda, istənilən şəraitdə İmam seçkilərin müəyyən olunmuş tarixdə baş tutmasına israr edirdi. Bəzi ölkələrdə qaydadır, fövqəladə hal elan edib seçkinin vaxtını dəyişirlər, İmam isə bircə gün də fövqəladə hal elan etmədi; seçkiyə bu dərəcədə əhəmiyyət verirdi. Seçki günü məntəqəyə ilk ayaq basan insanlar sırasında böyük liderimiz özü də olurdu. Xalqa inanırdı, xalqın seçiminə, xalqın fikrinə, xalqın rəyinə sözün əsl mənasında hörmət bəsləyirdi. Ola bilsin, xalqın seçdiyi bir şey müəyyən cəhətdən onun fikri ilə üst-üstə düşməsəydi belə, yenə də əhalinin rəyinə hörmətlə yanaşır, xalqı möhtərəm, mötəbər sayırdı. Bu da önəmli məqamlardan biridir. İmam Xomeyni xalqa münasibətdə bununla da kifayətlənməyərək deyirdi ki, xalq rəsmilərin əlindəki nemətin sahibidir. İmam dəfələrlə demişdi ki, bu xalq bizim əlimizdə olan nemətin sahibidir. Elə olurdu ki, özünü xalqın xidmətçisi adlandırırdı; deyirdi ki, “mənə xalqın rəhbəri deməkdənsə, xidmətçisi desələr, daha yaxşı olar”. Bu, böyük bir fikirdir, xalqın, onun rəyinin, seçiminin, iştirakının İmamın nəzərində nə qədər dəyərli və önəmli olduğunu göstərir. Xalq da öz rəhbərinə adekvat cavab verərək meydanlarda hazır oldu. Onun bircə işarəsi bəs idi ki, insanlar cani-dildən o yerdə hazır olsunlar. Bu, qarşılıqlı bir şey idi. İmam xalqa, xalq da İmama inanırdı. İmam xalqı, xalqa da İmamı sevirdi. Bu qarşılıqlı rabitə təbii bir işdir.

İmamın əsas prinsipləri haqda danışarkən vurğulamaq istədiyim dördüncü məqam ölkənin daxili məsələləri ilə bağlıdır. İmam xalqın yoxsul, zəif təbəqəsinin himayə edilməsinin ciddi surətdə tərəfdarı idi. O, iqtisadi bərabərsizliyi çox kəskin şəkildə və hiddətlə rədd edirdi; dəbdəbəli, aristokratik həyat tərzini çox sərt, barışmaz formada rədd edirdi. İmam sözün əsl mənasında sosial ədalətin tərəfdarı idi. Böyük ldierimizin, demək olar ki, öz bəyanatlarında ən çox təkrarladığı mövzulardan biri yoxsul, zəif təbəqənin himayə edilməsinin vacibliyidir. Bu, İmamın müəyyən etdiyi aydın xətlərdən, onun qəti, danılmaz prinsiplərindən biridir. O bildirirdi ki, hamı yoxsulluğun kökünün kəsilməsi, kasıbların məhrumiyyətdən qurtulması, ölkənin imkanları daxilində onlara yardım edilməsi üçün çalışmalıdır. Digər tərəfdənsə o, rəsmilərə də saray həyatına rəğbət bəsləmək xasiyyətindən çəkinmələri ilə bağlı xəbərdarlıqlar edir, hamını bu xüsusiyyətdən uzaq olmağa çağırırdı. Bu məsələyə Quranda da toxunulur:

وَ سَکَنتُم فی مسکِنِ الَّذینَ ظَلَموا

“Siz özlərinə zülm edənlərin yurdlarında da sakin oldunuz”. (“İbrahim” surəsi, 45)

İmam rəsmilərə xitabən dönə-dönə vurğulayırdı ki, yoxsul təbəqənin sədaqətinə inansınlar. İmam dönə-dönə deyirdi ki, məhz daxmalarda, yoxsulluq içində yaşayanlar bütün məhrumiyyətlərə baxmayaraq, bu meydanları doldurublar; heç bir etiraz da etmirlər, təhlükəli meydanlara atılan da onlardır. Maddi nemətlərdən daha çox yararlananlar isə müxtəlif situasiyalarda çətinliklə qarşılaşdıqda daha çox elə onlar etirazlarını bildirirlər. İmamın nəzərində əhalinin orta və yoxsul təbəqəsinin bu sədaqəti çox diqqətəlayiq və önəmli bir məsələ idi və o, bunu dəfələrlə vurğulayırdı. İmam beytülmalın düzgün xərclənməsini, israfdan çəkinməyin vacibliyini də vurğulayırdı. Bunlar da onun əsas prinsiplərindən idi: sosial ədalət, yoxsulların müdafiəsi, cah-calala, aristokrat həyat tərzinə pərəstiş xarakterindən uzaq olmaq və bu məcrada davranmaq.

5-ci məqam İmamın xarici siyasəti ilə bağlıdır. O, beynəlxalq arenadakı quldur dövlətlər, imperialistlər qarşısında açıq-aşkar müxalif mövqe tutur, bu məsələdə heç kimi və heç nəyi nəzərə almırdı. Məhz elə buna görə də İmam dünyanın soyğunçu, imperialist, hegemon dövlətləri ilə məzlumların qarşıdurmasında məzlumlarn cəbhəsində yer alırdı; bunu birbaşa, heç kimi və heç nəyi nəzərə almadan, çəkinmədən, açıq-aşkar deyirdi. O, bütün dünyadakı məzlumların ciddi tərəfdarı idi. İmam imperiaslitlərlə heç cür barışığa getmək niyyətində deyildi. Amerikanın ünvanına deyilmiş “böyük şeytan” ifadəsi ilk dəfə İmamın işlətdiyi heyrətamiz bir bənzətmə idi. Bu ifadənin daşıdığı məna yükü və onun əməli dəyəri çox böyükdür. İnsan hansısa şəxsi, hansısa qurumu şeytan hesab edirsə, aydındır ki, ona qarşı davranışı, hiss və emosiyaları necə olmalıdır. İmam son günə qədər Amerikaya məhz bu hisslərlə yanaşdı. O, Amerika haqda “böyük şeytan” ifadəsini həm dildə işlədir, həm də buna bütün qəlbi ilə inanırdı. Ondan fərqli olaraq, inqilabın ilk illərindən bəri elə insanlar var idi ki, İran xalqının əli ilə devrilmiş şah diktaturasının arxasında Amerikanın durduğunun, bu zalım rejimin Amerikanın əlindən yemləndiyinin fərqinə varmırdılar. İran xalqı şah diktaturasını devirmişdi, buna baxmayaraq, o dövrdə elə insanlar var idi ki, ölkə daxilində Amerikanın iştirakına, fəaliyyətinə – hətta bəzi ABŞ qurumlarının fəaliyyətinə razı idilər. Müvəqqəti dövlətin İmamla fikir ayrılığı da əsasən məhz bu mövzu ilə bağlı idi. Biz bunun yaxından şahidi olurduq. Onlar despot rejimin yemini Amerikanın verdiyinə diqqət etmirdilər. Bu gün həmin rejimin hakimiyyətinə son qoyulub, amma onu yemləyən maşın hələ durur, fəaliyyətdədir. Ona meydan verilsə, macal verilsə, yenə də öz işi ilə məşğul olacaq, zərbə vuracaq, zəif nöqtələri axtarıb tapıb, onların köməyi ilə təsirini göstərəcək; bax buna diqqət yetirmirdilər. İmam isə bunu görürdü, casus yuvası məsələsi ilə bağlı tutduğu mövqe də məhz onun bu yanaşmasından, bu baxışlarından irəli gəlirdi. Dünyada da kimlərsə bu məqama diqqət yetirmədilər və buna görə onlara zərbə dəydi; mən kiməsə rişxənd etmək, kimisə qınamaq istəmirəm, amma bu, bir reallıqdır ki, bəziləri mürtəce və diktator dövlətləri yıxdıqları halda, onların arxasında duran qüvvənin fərqinə varmadılar və buna görə də zərbə aldılar. İmam Xomeyni isə həmin qüvvəni ilk gündən sezmişdi və ona qarşı mübarizə aparırdı. Elə buna görə də o, son günə qədər Amerikanın, bu ölkənin siyasi və təhlükəsizlik aparatının əleyhinə çıxış edirdi.

Qarşılığında dahi liderimiz İmam Xomeyni bu uzun illər ərzində Fələstini dəstəklədi, müdafiə etdi. O, Fələstini, Əfqanıstanı müdafiə edirdi. Sovet İttifaqının Əfqanıstana daxil olduğu gündən, Amerikanın düşmənçiliyi bizə problem yaratdığına baxmayaraq – halbuki belə hallarda adətən dövlətlər tərəflərdən biri ilə problem yaşadıqları zaman digər tərəflə ittifaqa girirlər – İmam Sovet hökumətinə qarşı qəti mövqe tutdu. Hətta bəzi qərbmeyilli dövlətlər də Sovet İttifaqına qarşı belə qətiyyətli mövqedən çıxış etməmişdilər. Dahi liderimiz isə heç kimi və heç nəyi nəzərə almadan əfqan xalqını dəstəklədi, Livan xalqını dəstəklədi, fələstinlilərə tam səmimiyyətlə dəstək verdi. İmperializmə qarşı mübarizədə İmamın məntiqi bu idi. Bu gün dünyada gedən prosesləri də bu məntiqlə araşdırıb düzgün mövqeyin hansı olduğunu anlamaq olar. Bu gün biz İŞİD-in Suriya və İraqdakı zülmkar və vəhşi davranışlarının nə dərəcədə əleyhinəyiksə, Amerika federal polisinin öz ölkəsindəki zülmkar davranışlarının da həmin dərəcədə əleyhinəyik – bunlar ikisi də birdir; eynilə həmin dərəcədə Qəzzanın blokadasının da əleyhinəyik – hansı ki bu, Qəzza əhalisinə qarşı tətbiq olunan zülmkar bir blokadadır – heç bir pənah yeri olmayan məzlum Yəmən əhalisinin bombalanmasının da əleyhinəyik, Bəhreyn xalqına qarşı yol verilən aqresiv davranışların da əleyhinəyik, Amerikanın pilotsuz təyyarələrinin Əfqanıstan və Pakistanda əhaliyə etdiyi hücumların da əleyhinəyik. Bu, İmamın məntiqidir. Zülmün mövcud olduğu hər bir yerdə iki tərəf var: zalım və məzlum. Biz məzlumun tərəfində, zalımınsa əleyhinəyik. Bu, İmamın açıq-aşkar tutduğu mövqedir, onun rəhbər tutduğu əsas prinsiplərdən biridir. Elə buna görə də Fələstin məsələsi bu gün də bizim üçün əsas əhəmiyyət daşıyan məsələlərdən biridir; bunu hamı bilsin. Fələstin məsələsi İran İslam Respublikasının gündəliyindən çıxmayacaq. Fələstin məsələsi İslamın vacib və lazımlı cihad meydanlarından biridir, heç bir olay bizi bu məsələdən ayıra, uzaqlaşdıra bilməz. Fələstin meydanında öhdəsinə düşən vəzifəyə əməl etməyən müəyyən şəxslər ola bilər, onların haqq-hesabı başqadır, amma Fələstin əhalisini, Fələstin xalqını, Fələstinin cihadını biz təsdiqləyir və dəstəkləyirik.

İmamın məfkurəsində əsas məqamlardan və prinsiplərdən biri də ölkənin müstəqilliyi, xaricilərin ağalığının inkarıdır. Bu da mühüm müddəalardan biridir. Ötən il mən elə bu görüşdə iştirak edənlərin qarşısında demişdim ki, istiqlaliyyət bütöv bir xalq miqyasında azadlıq deməkdir; istiqlaliyyətin mənası budur. Kiminsə dildə, şüarlarda fərdi azadlıqlar istəməsi, amma ölkənin müstəqilliyinin əleyhiə çıxış etməsi ziddiyyətdir. Necə ola bilər ki, insanların fərdi azadlığına hörmətlə yanaşılsın, amma bir xalqın azadlığı, müxaliflərin, yadellilərin sanksiya və təzyiqləri qarşısında ölkə miqyasında azadlıq hörmətə layiq olmasın?! Bu əsla başa düşüləcək, məqbul sayıla biləcək bir şey deyil. Təəssüflər olsun, elə insanlar var ki, ölkənin müstəqilliyini inkar etmək üçün nəzəriyyələr hazırlayır, müstəqilliyi gah təcrid olunmaq kimi mənalandırır, gah da bu gün ölkələrin müstəqilliyinin dəyər hesab olunmadığını əsas gətirərək cürbəcür yazılar yazır, çıxışlar edirlər və bu sözlər cəmiyyət arasında yayılır. Belə hərəkətlərə yol verənlər var. Bu, böyük bir səhv, olduqca əhəmiyyətli və təhlükəli bir xətadır. İmam ölkənin müstəqilliyinə, xarici ağalığın rədd edilməsinə mütləq surətdə inanırdı. Bu illər ərzində düşmənin ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi fəaliyyətlərin önəmli bir hissəsinin məqsədi müstəqilliyimizə zərbə vurmaq olub; istər sanksiyaları, istərsə də təhdidləri ilə onlar müstəqilliyimiz hədəfə alıblar. Hamı sayıq olmalı, düşmənin hədəflərinin hansılar olduğunu bilməlidir. Bu da əsas xətlərdən biridir.

İmamın təfəkkürünün, İmamın yolunun, İmamın kursunun ana xətlərindən daha biri milli birlik məsələsidir, xalq arasında təfriqə salmağa çalışanların məkrli planlarına qarşı diqqətli olmaqdır – bu, qeyd edəcəyim sonuncu məqamdır – istər bu, sünni və şiələr arasında məzhəb zəminində təfriqələr olsun, istərsə də fars, ərəb, türk, kürd, lor, bəluc və bu kimi etnoslar arasında etnik mənsubiyyət zəminində təfriqələr. Təfriqə salmaq düşmənin qəti siyasətlərindən biri idi və dahi liderimiz İmam Xomeyni ilk gündən milli birliyin, xalqın nümayəndləri arasında vəhdətin əhəmiyyətini inanılmaz bir səylə vurğulayırdı. Bu, onun əsas prinsiplərindən biridir. Bu gün biz bu prinsipi də ciddi surətdə izləməliyik. Özünüz görürsünüz ki, bu gün dünya arenasında imperialistlərin başlıca siyasətlərindən biri İslam dünyasının içərisinə konfliktlər salmaqdır. Amerikalılar işi o yerə çatdırıblar ki, artıq şiə-sünni adı çəkirlər: şiələrin İslamı, sünnilərin İslamı. Birini müdafiə, digərinə hücum edirlər. Halbuki İran İslam Respublikasının ilk gündən bəri məzhəb ixtilafı məsələsinə yanaşması tam olaraq birmənalı olub. Biz sünni məzhbəli fələstinli qardaşlarımızla eynilə şiə məzhəbli livanlı hizbullahçı qardaşlarımızla davrandığımız kimi davranmışıq. Biz hər yerdə eyni münasibət sərgiləmişik. Dahi liderimizin ölkə daxilində məzhəblərə yanaşması bu idi. İslam Respublikasının da İslam dünyasına yanaşması vahid ümmət prinsipi üzərində qurulub; biz bütöv İslam ümməti ideyasını rəhbər tuturuq. Bu gün Amerikanın ikinci əl nökərlərinin ortaya atdığı şiə hilalı məsələsi təfriqəçi siyasətlərin göstəricisidir. Amerikalıların, apardığı geniş təbliğata baxmayaraq, elə İraq və Suriyadakı həmin təkfirçi qruplaşmaları dəstəkləmələri də onu göstərir ki, İslamın, müsəlmanların, İslam Respublikasının düşmənləri üçün İslam dünyasında konfliktlərin qızışdırılması olduqca böyük rola malikdir (yəqin ki hələ müəyyən məqamlarda özləri onlara gizli şəkildə yardımlar edirlər, əlaltıları isə açıq-açığına bu qruplaşmaları dəstəkləyir). Buna hamı diqqət yetirsin – şiələr də, sünnilər də. Düşmənin oyununa düşməsinlər. Amerikanın himayə etdiyi sünnilik də, Londonun mərkəzindən dünyaya ixrac olunan şiəlik də bir-birinin tayıdır. Hər ikisi şeytanın qardaşlarıdır, hər ikisi Amerikanın, Qərbin və imperializmin əlaltısıdır.

Mənim bu ilin əvvəlində haqqında söz açdığım, sonradan da dəfələrlə vurğuladığım söz və ürək birliyi məhz bu baxımdan əhəmiyyətlidir. Ölkənin daxilində müxtəlif məzhəblərdən, müxtəlif etnoslardan olan qardaş və bacılarımız əl-ələ verib yumruq kimi birləşməlidirlər – necə ki, əlhəmdulillah, bu günə qədər elə bu cür də olub – düşmənin İslam dünyasının ərazisinə nüfuz etməsinə imkan verməməlidirlər. Daha böyük və geniş miqyasda da sünni və şiə qardaşlar bir olmalı və bilməlidirlər ki, ortada İslamın bilavasitə varlığını təhdid edən bir düşmənçilik var. Bu da İmamın izlədiyi əsas sərhədlərdən biridir.

Mən İmamın əsas prinsiplərindən 7-sini qeyd etdim və sözsüz ki, İmamın başlıca ideya və prinsipləri bunlarla məhdudlaşmır. Qoy başqaları da bu mövzuda araşdırma aparsınlar, intəhası hərə öz xoşuna gələn fikri İmama aid etməsin. İmama aid etdiyimiz hər bir şeyə onunla bağlı mənbələrdə rast gəlinməlidir; özü də bir yox, bir neçə dəfə, dönə-dönə, ardıcıl olaraq. Mənim qeyd etdiyim bu 7 məqam kimi. İmamın illər boyu etdiyi çıxışlara müraciət etsəniz, görərsiniz ki, əvvəldən axıra qədər bütün bəyanatlarda həmin fikirlərə rast gəlinir; əsas prinsiplər bax belə olmalıdır. Qoy başqaları da bu metod əsasında araşdırma aparıb İmamın digər prinsip və ideyalarını üzə çıxarsınlar. İmamın şəxsiyyətinin eyni dərəcədə həm həddən artıq simpatiya, həm də həddən artıq antipatiya yaratmasının səbəbi bu prinsip və ideyalar idi. Biz də istəyirik ki, kimlərdəsə simpatiya, kimlərdəsə antipatiya yaratmağımızın səbəbi həmin prinsiplər olsun.

Bunu da hamı bilsin ki, düşmənin cürbəcür sifətə düşməkdə və dona girməkdə məqsədi ölkədə ağalığı ələ keçirməkdir; görürsünüz, gah qaş-qabaq tökürlər, gah üzümüzə gülürlər, gah vəd verir, gah da təhdid edirlər. Düşmən bu ölkədə qeyd-şərtsiz ağalıq etdiyi dövrana qayıtmaq istəyir. İslam dini bu qayıdışın qəti əleyhinə olduğu üçün, düşmənin bu məkrli planı qarşısında müqavimət göstərən qüvvə İslam dini olduğu üçün bu dinin əleyhinədirlər. Düşmən ona görə islama qarsi çıxırkı, islam təlimlərinin, bu dinin hökmlərinin, onun qarsısında keçilməz səd qurduğunu bilir. Bizim xalqımızın əleyhinədilər, çünki xalq onların qarşısında dağ kimi durub.Xalq arasında da düşmənə daha güclu müqavimət göstərənlərin daha çox əleyhinədirlər. Daha çox isə mömin, ruhani insanların, inqilabi qurum və təşkilatların, Allah yolunda çalışıb-vuruşan qüvvələrin əleyhinədirlər. Çünki bunların düşmənlərin qarşısında möhkəm və keçilməz sədd olduğunu bilirlər. Düşmən müstəmləkəçilik dərdindədir və onun bütün səyləri İslam Respublikasının bu xalqın inkişaf, tərəqqi və yüksəlişinin mayası olmuş dini hərəkatının qarşısını almağa yönəlib. Amerikanın keçmiş siyasət adamlarından biri belə bir fikir səsləndirmişdi ki, “təkfirçi terror qruplaşmaları biz qərblilər üçün heç bir əhəmiyyət kəsb etmir, qoy olsunlar, eybi yoxdur, bizim üçün mühüm olan İran İslam dövlətidir. Çünki İranda hakimiyyətdə olan İslam dövləti möhtəşəm bir İslam sivilizasiyası formalaşdırmaq niyyətindədir (əlbəttə ki, o, “imperatorluq” ifadəsini işlətmişdi ki, bu, yanlışdır). Odur ki biz İran İslam dövlətini özümüzə əks cəbhədə görməli və mühüm düşmənimiz bilməliyik”. Bu fikirlər bizə vahid ümmət yaratmağın əhəmiyyətini də çatdırır.

Əziz qardaşlar, bu gün siz uzaq yollar qət edib müxtəlif şəhərlərdən bura təşrif gətirmisiniz. Hamınızı salamlayır, yorulmayasınız deyirəm. Sizin üçün qeyd etmək istədiklərim bunlar idi. Allah-taala hamınızı qorusun, inşallah. Pərvərdigara! Səni and veririk Məhəmmədə (s) və onun ailəsinə, bu böyük və nəcib xalqa Öz rəhmət və bərəkətini nazil et. Pərvərdigara! Bu nurlu yolu bizim üzümüzə açmış o dahi insana, o böyük liderə Öz rəhmət və bərəkətini nazil et. Pərvərdigara! Bizi bu yolun sadiq yolçularından et və bizə bu yolda şəhid olaraq ölməyi nəsib et. Pərvərdigara! İmam Mehdi Sahibəzzamanın (Ruhumuz ona fəda olsun!) müqəddəs qəlbini bizdən razı və məmnun et. Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.