Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 32-ci Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Həmd olsun Allaha – aləmlərin rəbbinə! Peyğəmbərimiz və mövlamız Əbülqasim Mustafa Muhəmmədə və onun pak ailəsinə salam və salavat göndəririk.

Əziz qardaş və bacılar, hamınız xoş gəlmisiniz. Qarilər, hafizlər, Quran biliciləri, Quranla sıx ünsiyyətdə olan insanlar bu müqəddəs kitabın ayələrini oxuduqda, doğrudan da, ətrafı Quranın rayihəsi bürüyür. Mən bu gözəl mərasimi araya-ərsəyə gətirmiş təşkilatçılara, əməyi olan hər kəsə təşəkkürmü bildirirəm. Möhtərəm qarilərə, bugünkü proqramda çıxış edən insanlara da təşəkkür edirəm.

Ümidvarıq ki, Allah-taala bizi Quran əhli edəcək. Quran əhli olmaq lazımdır. Quranı oxumaq hələ ilk addımdır, müqəddimədir, əsas hədəf deyil; əsas hədəf Quran əxlaqına uyğunlaşmaq, bu əxlaqı özündə əks etdirməkdir. Peyğəmbərin (s) xanımları o həzrətin əxlaqı haqda belə nəql etmişlər:

کانَ خُلقُهُ القُرآن

– “Onun əxlaqı Qurana çevrilmişdi”. Peyğəmbərin (s) əxlaqı başdan-başa Quranı əks etdirirdi. Başqa sözlə, Peyğəmbər (s) Quranın təcəssümü idi. Bizim də davranışımız, əxlaqımız, şəxsi əxlaqi keyfiyyətlərimiz Qurana uyğunlaşmalıdır; belə olmalıdır. Tilavət bunun müqəddiməsidir. Təkcə bu da deyil; şəxsi əxlaqımızdan əlavə, cəmiyyətimizi, yaşadığımız mühiti də Qurana uyğunlaşdırmalıyıq.

Cahiliyyətin özünü zorla cəmiyyətimizə, həyatımıza sırımasına imkan verməməliyik; amma təəssüf ki, edib. Bu gün İslam dünyası cahil dövlətlərin hərtərəfli təzyiqləri içində əzab-əziyyət çəkir. Bu gün İslam dünyası zəifliyə, yoxsulluğa, konfliktlərə, vətəndaş müharibələrinə, öz təbii resurslarını və möhtəşəm daxili potensialını öz əleyhinə istifadə etməyə məhkumdur. İslam dünyasını buna zorla məcbur ediblər. Quran bizi bu təzyiq, sıxıntı və məcburiyyətlərdən xilas etmək istəyir; biz də buna yardımçı olmalıyıq. Quranı öyrənməli, Quranla ünsiyyətdə olmalı, Qurana təslim olmalı, Quranın hədəflərinə doğru irəliləməkdə əzm və iradə nümayiş etdirməliyik. Bax onda bacararıq. Bircə addım irəli atsaq, Allah-taala bizə ikiqat artıq güc verəcək. Bu gün müsəlman xalqları bunu anlamalı, dərk etməlidirlər. Bir addım atın, nəticəsinə baxın. Biz bunu təcrübədən keçirmişik; biz İran xalqı bunu sınaqdan çıxarmışıq. İslamın və Quranın düşmənləri qarşışında təslim olmamışıq, müqavimət göstərmişik, Allah da bizə güc-qüvvət verib.
Nə qədər çox müqavimət göstərmişiksə, bir o qədər güclənmişik, bacarıqlarımız artıb, gələcəyə daha da ümidlə baxmışıq. İslam dünyasının dərdinin əlacı budur. İslam düşmənlərinin bu ümmət içərisində həmişə və elə bu gün də kəskin şəkildə izlədikləri əsas planlardan biri konflikt yaratmaqdan ibarətdir; bunun qarşısını almaq lazımdır. Konfliktə yol açacaq fikirlər səsləndirən hər kəs düşmənin ruporudur – özü bunun fərqində olsa da, olmasa da. Ehtiyatlı olaq ki, İslamın və Quranın düşmənlərinin ruporuna çevrilməyək. İnsanları konfliktə, ikitirəliyə çağırmaq lazım deyil. Düşmən müsəlmanlar arasında sünni-şiə, ərəb və qeyri-ərəb, ölkələrarası, etnik və milli mənsubiyyət, milli təəssübkeşlik zəminində konfliktlər qızışdırır. Bütün bunlara qarşı mübarizə aparmaq lazımdır.

Əlbəttə ki, bunları sözdə demək asan, əməli işdə həyata keçirmək isə çətindir. Amma mümkündür, iş görmək üçün yol açıqdır. Əsas amil bizim əzm və iradəmizdir; qətiyyətli olub qərar qəbul etməliyik. Əzmkarlıq və gözüaçıqlıq iki başlıca amildir. Əvvəla, gözüaçıq olmalı, dost-düşməni tanımalıyıq. Bu gün müsəlman ölkələri arasında elələri var ki, onların rəsmiləri bu cəhətdən səhvə yol verir, dostu düşməndən ayırd edə bilmirlər. Düşməni dost, dostu düşmən zənn edirlər. Bu isə adama zərbə vurur. Belə bir yanaşma əsasında hərəkət edən ölkə zərbə alır; gözüaçıq olmaq lazımdır.

قُل هذِه‌ سَبیلی اَدعوا اِلَی اللهِ عَلی‌ بَصیرَةٍ اَنَا وَ مَنِ اتَّبَعَنی

“De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar açıq-aşkar bir dəlillə insanları Allaha çağırırıq”. İnsan gözüaçıq olub doğru yolu tanısa, bundan sonra da əzm və iradə nümayiş etdirsə, tutduğu yolu daha asanlıqla qət edər. Allaha kömək etmək də elə budur;

اِن تَنصُرُوا اللهَ یَنصُرکُم

“Siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər”. Bundan da açıq-aydın necə deyilə bilər?

اِن تَنصُروا اللهَ یَنصُرکُم وَ یُثَبِّت اَقدامَکُم

“Siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər”. Allaha edilən yardım budur: Onun yolunu tanımaq və tapmaq, bu yolla getmək, düşmənin hiyləgər planlarına, aldadıcı vədlərinə uymamaq, zorakı tələblərinə boyun əyməmək. Bunu isə bizim üçün Quran təmin edir.

Bizim hər il keçirdiyimiz bu Quran müsabiqəsi, əlhəmdulillah, çox uğurlu olur. Quran tədricən cəmiyyətimizdə ikinci bir nəfəs qazanıb. Allaha şükürlər olsun ki, cəmiyyətimizdə Quranla maraqlanan, Quranla sıx bağlı olan, özünü Qurana yaxın, munis bilən insanların sayı günü-gündən artmaqdadır. Görürsünüz, bu gün biz Quranın əzbərlənməsi, tilavəti üzərində çox dururuq; qoy kimlərsə: “Bunlar əsas deyil”, – deyə irad bildirməsinlər. Biz də bilirik ki, bunlar əsas məsələ deyil, amma bunlar vasitədir. Bunlar olmadan Qurana yaxınlaşmaq mümkün deyil. Quran təlimləri ilə tanış olmayan, Qurandakı mənalar haqda dərindən düşünməyən, Quranla ünsiyyətdə olmayan bir insan Quranın qoyduğu yolla getmək istəyən bir cəmiyyətdə insanlara necə bələdçilik edə bilər? Bizim ziyalılarımız, gənclərimiz Quranla tanış olmalı, Quranla ünsiyyəti artırmalıdırlar. İnsanın düşüncəsi Qurandakı təlimlərlə, Quranın təbliğ etdiyi mənalarla dolduqdan sonra, “kuzə içindəkindən sızdıracaq”. Düşüncə Quran bilgiləri ilə zənginləşdikdən sonra bu öz təsirini dildə, əməllərdə, qərarlarda – mühüm və irimiqyaslı qərarlarda, davranışlarda da göstərəcək. Bizim izlədiyimiz hədəf bu olmalıdır. Ölkə rəsmiləri Quranın təbliği ilə bağlı məsələlərə əvvəlki kimi yenə də ciddi yanaşmalı, bunu xırda bir məsələ hesab etməməlidirlər. Quranın öyrənilməsi, tilavəti yolunu tutmuş, Quranla ünsiyyətdə olmağı sevən siz əziz gənclər də bu yola ciddi surətdə davam etməlisiniz. Quran bizim gələcəyimizə işıq tutur; Quran bizə doğru yolu, orta yolu göstərir, bizi səadətə qovuşdurur.

Bəli, dedik ki, bu gün İslam dünyasının bir sıra zəif cəhətləri və çatışmazlıqları var, amma sevindirici haldır ki, müsəlman toplumları içərisində Quranın və İslamın hədəflərinə doğru irəliləyiş başlayıb. Region ölkələrində özünü göstərən bu islami oyanış yox olub aradan gedəcək bir şey deyil. Bu oyanış olacaq, qalacaq və inşallah, öz təsirini göstərəcək. İslami oyanış bir gerçəklikdir; inşallah, bu gerçəklik özünü günü-gündən daha da artıq büruzə verəcək. Əlbəttə ki, din alimlərinin, ziyalıların, yazarların, tələbələrin, elm adamlarının, o cümlədən camaatın diqqət mərkəzində olan siz qarilərin öhdəsinə daha böyük vəzifələr düşür. Siz insanlarda Quranın sizi müjdələdiyi o yola qarşı ümid, nikbin ruh yaratmalısınız.

İnşallah, Allah-taala sizə uğurlar nəsib edər və tutduğunuz yolda sizi dəstəkləyər. İnşallah, müsəlman ölkələri, müsəlman xalqları Qurandan bəhrələnər. İnşallah, müsəlman dövlətləri, müsəlman ölkələrinə başçılıq edən hakimlər Qurana təkcə sözdə yox, əməldə də bir az daha artıq yaxınlaşar və inşallah, İslam dünyası Quran sayəsində xoşbəxt bir gələcək yaşayar.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.