Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Hüseyn (ə) adına Hərbi Akademiyadakı çıxışı

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

Allahın salamı olsun Məhəmmədə və onun pak ailəsinə.

Siz əziz cavanları – İran xalqının gözünün nuru olan əziz övladlarını təbrik edirəm. Həm bu gün İnqilab Keşikçiliyinin müqəddəs sıralarına daxil olan gəncləri, həm də paqonlarını alaraq bu qürurverici mərhələyə daxil olan zabitləri təbrik edirəm. Bu meydanda icra edilən yeni, gözəl və dolğun məzmunlu proqramlara görə də təşəkkürümü bildirirəm. Meydanın düzülüşü və icra olunan proqramlar həm gözəl, həm dolğun məzmunlu, həm də yeni idi, təşəbbüskarlıq hiss olunurdu. Həyatın bütün sferalarında – elmdə, idarəçilikdə, həyat tərzində, inqilabi dəyərlərin qorunmasında və bütün digər mühüm məsələlərdə bu bir neçə məqama diqqət yetirmək həm lazımlı və həm də mümkündür. Bütün işlərdə həm novatorluq və təşəbbüskarlıq, həm göz oxşayan gözəllik, həm də dolğun məzmunun olması məsələsinə ciddi yanaşılmalıdır. Həyatın və ölkənin bütün mühüm məsələlərində səthi işlərdən çəkinmək, dərin, dolğun məzmunlu, qalıcı işlər görmək lazımdır.

Allaha şükür edirik ki, bu pak ağac – yəni İslam İnqilabı Keşikçiləri Korpusu bu gün imkan və bacarıqları, uğurları, əməli və ideoloji səviyyəsi baxımından məqbul bir inkişaf mərhələsinə çatmışdır. Əlhəmdulillah, siz günü-gündən inkişaf etmisiniz, zahirən və daxilən mükəmməlləşmisiniz. Bu hərbi akademiya İslam İnqilabı Keşikçiləri Korpusunun irəliyə doğru hərəkətinin və inkişafının göstəricilərindən biridir. Əziz gənclər, mənim əziz övladlarım! Nəzərə alın ki, sizin akademiyanın arxasında Xürrəmşəhrin azad edilməsi əməliyyatı, “Fəthul-mubin”, “Fav” və “Beşinci Kərbəla” əməliyyatları durur. Bu uğurlara və inkişafa zəmin yaradan məhz həmin mücahidə və fədakarlıqlardır, döyüş meydanlarında sizin qocaman döyüşçüləriniz vasitəsilə işıq saçan parlaq nurlardır. Hansı ki bu nurlar gözləri qamaşdırdı, ölkəni hərəkətə gətirdi, İran İslam Respublikasının və bu ölkənin əziz xalqının yaşayışını ali hədəf və amallara uyğunlaşdırdı.

Bu gün böyük İslam İnqilabı hərəkatını sizin əlinizdəki bayraq davam etdirir. Hansı bayraq? Bəşəriyyətin səadətinə köməkçi və bələdçi olan “yeni İslam diskursu” bayrağı. Bunu hamı bilsin ki, İslam diskursu bütün insanların və insanlığın çətinliklərini həll etməyə qadirdir. Bu diskurs bugünkü gənclərin əlindədir. Bu yeni və cəlbedici diskursu dahi liderimizin rəhbərliyi altında İslam İnqilabı yaradaraq bu millətə həvalə edib. Bu müdrik, uzaqgörən və qədirbilən xalq da onu qəbul edib,  fürsəti dəyərləndirib və bu günədək onun keşiyində durub. İran xalqının fədakarlığı bu gün bu bayrağı ucalda bilib. Belə ki Müqəddəs Müdafiə bu fədakarlığın ən bariz nümunəsidir.

Bu bayrağın və bu diskursun əks tərəfində  bu gün dünyada mövcud olan cahiliyyət diskursu dayanır. İslam diskursu ədalətin və insan azadlığının tərəfdarıdır, hegemonluq və müstəmləkəçilik üçün zəmin yaradan amillərin aradan getməsinin, imperializm sisteminin bütün dünyada məhv olmasının tərəfdarıdır. Yəni bu diskurs dünyada iki tərəfin – işğalçı və işğal olunan tərəflərin mövcud olmasını istəmir. Bu, İslam hökumətinin diskursudur. Bu, sizin əlinizdə olan bayraqdır. Bunun müqabilində isə dünyanın böyük maaliyyə kompaniyalarına arxalanan inhisarçı və işğalçı dövlətlərin zalım, zorakı və xudbin diskursu dayanır. Bunlar hər zaman olmuşdur, bu gün də vardır. Keçmişdə kim olduqlarını, mahiyyətlərini açıq-aşkar və həyasızcasına dilə gətirib deyirdilər, bu gün isə insan haqları, zorakılığın əleyhinə çıxmaq  və bu kimi gəlişigözəl adlar altında münafiqlik və riyakarlıqla öz işlərini görməkdədirlər. Lakin xalqların iti görən gözləri bu iki diskursu bir-birindən ayırd edə, bu ikisinin bir-birinə zidd olduğunu görə bilir.
 
Bu iki diskurs arasında əsla barış ola bilməz, onlar bir-birinə əsla yaxınlaşa bilməzlər. Çünki onlardan biri zülm, məzlum xalqlara qarşı düşmənçilik, digəri isə məzlumlara himayədarlıq və zalımlarla düşmənçilik dikursudur. Bunlar necə əl-ələ verib bir araya gələ bilər? Bunlar necə bir-birinə yaxınlaşa bilər? Bu gün dünya bunu bilir və başa düşür.

Düşmənlərimiz öz təbliğatlarında İran İslam Republikasının təcrid olunmuş bir ölkə olduğunu göstərməyə çalışırlar. İran İslam Pespublikası təcrid olunmuş bir ölkə deyil. İran İslam Respublikası yarandığı gündən bu günədək dünya xalqlarının qəlbində özünə yer etmişdir. Əlbəttə, əks təbliğat, qarayaxma və vicdansızlıq olduğu yerdə hansısa həqiqətlər gizli qala bilər, amma bu, uzun çəkmir, müvəqqəti olur. Baxın görün inqilabın əvvəlindən bu günədək İran İslam Respublikasının xarici ölkələrə səfər edən başçıları, rəsmiləri müxtəlif xalqlarla görüşdükdə bu xalqlar əməldə və sözdə onlara, ölkəmizə qarşı necə heyranlıq nümayiş etdirmişlər?! Bu təkcə konkret bir dönəmə aid deyil, inqilabın əvvəlindən indiyədək belə olmuşdur. İran İslam Respublikasının başçıları, rəsmiləri hansı ölkəyə səfər ediblərsə – istər bu, Şimali və ya Mərkəzi Afrika ölkələri olsun, istər Qərbi Asiya regionunun ölkələri (hansı ki qərblilər bu regionu Yaxın Şərq adlandırmaqda israrlıdırlar), Şərqi Asiya regionundakı yarımadada yerləşən ölkələr və hətta Avropa ölkələri ilə qonşu olan ölkələr – və görülən səylər nəticəsində onlara həmin ölkənin əhalisi ilə görüşmək icazəsi verilibsə, oranın əhalisi onlara qarşı öz sevgi və heyranlığını ifadə edib. Bu gün dünyanın hər yerində belədir. Bu gün sizin  – İran xalqının adı dünya xalqları, bütün azadlıqsevər insanlar arasında uca və iftixarlı bir addır. Bəs görəsən dövlətlər arasında bu necədir? Dövlətlər arasında da belədir.  Dövlət rəsmiləri də həmin xalqların nümayəndələridir. Qəlbi tam olaraq zülmətə qərq olmamış, günü və üzüqara, şəhvətlərə qərq olmamış, hegemonların nökərçiliyini cani-dildən qəbul etməmiş rəsmilər İran xalqının və bu xalqı irəli aparan hökumət quruluşunun əzəmətini etiraf edir, dilə gətirib deyirlər. Ölkəmizdə təşkil olunan toplantılarda – İslam Konfransının(2) iclası olsun və ya Qoşulmayanlar Hərəkatının(3)  sammiti – dünyanın tanınmış siyasi simaları iştirak etmiş və xoş münasibətlərini bildirmişlər. Deyirlər ki, İran təcrid olunmuş bir ölkədir. Dünyada o dövlətlər təcrid olunmuşlar ki, yalnız zorakılıqla, pul və dollar gücünə bəzilərini özlərinə tərəf çəkə bilmişlər; nə mesajları, nə də əməlləri dünyada heç bir cazibə yaratmır. Əziz gənclər, İran xalqının əziz övladları! Bu qürurverici bayraq sizin əlinizdədir. Bu akademiyada və ölkə səviyyəsində gənclərimiz müxtəlif sahələrdə bu yolla imanla irəliləyir.

Biz İslam dini və İslam hökuməti, inqilabi hərəkat və inqilabi yanaşma, inqilabi dəyərlər sayəsində əldə etdiyimiz nüfuz və hörməti əldən verməyəcəyik. Bu gün düşmənlərimiz bizim üçün problem və çətinliklər törətməklə məşğuldur. İran İslam Respublikasını hər gün bir cür çətinliklə üz-üzə qoyurlar. Bizim qorxu-hürkümüz yoxdur. Əgər biz cansız və hərəkətsiz bir bədən olsaydıq, bizim üçün çətinliklər törədilməzdi. Biz hərəkətdəyik, biz həyatdayıq, biz inkişafda və fəaliyyətdəyik. Buna görə də bədxahlarımızın çirkin planları ilə üz-üzə qalmağı göz önünə almalıyıq. Biz qüdrət və özünəinamla, Allah-taalaya təvəkkül və ilahi vədlərə etimad etməklə bu çətinlikləri geridə qoyacağıq. Bizim düşmənlərimiz vəziyyəti səhv başa düşmüşlər, İran xalqını yaxşı tanımamışlar, İran İslam Respublikasının rəsmilərini doğru-dürüst tanımamışlar və elə bu səbədən də zorakılıq etmək istəyirlər. Nüvə danışıqları məsələsində zorakılıq edirlər, haqsız tələblər irəli sürürlər. Bu onu göstərir ki, onlar bizim xalqı, bizim dövləti hələ də tanımayıblar. Bizim dövlətimiz də xalqımız kimi onların zorakılığı qarşısında təslim olmayacaq. Bizim dövlət rəsmilərimiz bu xalqın içindən çıxıb, bu millətin nümayəndələridir. Onlar da eyni amallarla hərəkət edərək çalışıb-vuruşmuş, işləri irəli aparmışlar. Bir dövlət, bir xalq, bir dövlətin rəsmiləri bu düşmənin qarşısında nə qədər geri çəkilsə, onlar bir o qədər irəli gələcəklər. Onlar hegemondurlar; işğalçılıqdan, müstəmləkəçilikdən, xalqlar üzərində ağalıq etməkdən başqa heç nə ilə qane olan deyillər. Bacardıqları qədər irəli gələcəklər. Onların qarşısında əzm, təvəkkül və milli iqtidardan möhkəm bir sədd çəkmək gərəkdir.

İndi də açıq gedən nüvə danışıqlarında təzə sözlər danışırlar; misal üçün haralarasa baxış keçirmək istəyirlər. Biz xaricilərin hər hansı bir hərbi obyektə hər hansı bir ad altında baxış keçirməsinə icazə verməyəcəyimizi demişik. Onlar deyirlər ki, “sizin alimlərinizlə söhbət aparmalıyıq”; yəni əslində onları istintaqa çəkmək, dindirmək niyyətindədirlər. Biz nüvə enerjisi sahəsində və istənilən mühüm, həssas sahədə fəaliyyət göstərən alimlərimizə qarşı azacıq belə hörmətsizlik edilməsinə əsla yol verməyəcəyik. Mən xaricilərin gəlib bizim alimlərimizlə, İran xalqının bu genişmiqyaslı elmi bu səviyyəyə çatdırmış ləyaqətli, əziz övladları ilə söhbət aparmasına əsla icazə vermərəm. Dünyada heç bir ağıllı insan, heç bir ağıllı dövlət buna icazə verməz. Üzlü və həyasız düşmən öz alimlərini gizli saxlayır, adlarını belə açıqlamır, amma istəyir ki,  gəlib bizim alimlərimiz, professorlarımız və tədqiqatçılarımızla söhbətlər aparsın. Nə barədə söhbət aparmaq istəyirlər? Bu xalqın öz ölkəsində kimsədən kömək almadan nail olduğu bir elmi inkişaf barəsində. Buna qəti surətdə icazə verilməyəcək. Qoy bunu həm düşmənlər bilsin, həm də İran İslam Respublikasının hansı qərara gələcəyini izləyənlər.

Bu meydanda şücaətlə davranan möhtərəm rəsmilərimiz də bilsinlər ki, bu həyasız düşmənin qarşısına çıxmağın yeganə yolu əzmkarlıq, qətiyyət və geri çəkilməməkdir. Onlar bu danışıqlarda İran xalqının mesajlarını dünyaya çatdırmalı, İran xalqının əzəmətini göstərməlidirlər, buna müvəffəq olmalıdırlar. Bizim hər birimiz – hansı postu tutmağımızdan asılı olmayaraq – İslam İnqilabı sayəsində bir vəzifə məsuliyyəti daşımaq şərəfi qazanmışıq. Sizdən əvvəlkilər və siz – təhsil alan, qəlbi böyük arzularla döyünən tələbə gənclər – müxtəlif sahələrdə İslam hökumətinə, ali hədəf və amallara xidmət etmək şərəfinə nail olmusunuz. Biz hamımız xidmət etməkdəyik, mən sizin hamınızın xidmətindəyəm. Düşmənin zorakılığı, həyasızlığı, yersiz tələbləri və fitnələri qarşısında bütün qüvvəmizlə dayanmaq hər birimizin vəzifəsidir.

Mənə xəbər çatıb ki, düşmənlərimiz Fars körfəzinin bəzi ağılsız rəsmiləri ilə – hamısı ilə yox, bəziləri ilə – birləşib vasitəli müharibələri İran sərhədlərinə çəkib gətirməyə səy göstərirlər. İnqilab Keşikçiləri Korpusu, milli təhlükəsizliyin keşiyində dayanan bütün qurumlar ayıq və sayıqdır. Bunu bilsinlər ki, əgər bir şeytanlıq və hiyləgərlik baş verərsə, İran İslam Respublikasının reaksiyası çox sərt olacaq.

Bu, aydın bir yoldur. Bu, açıq və geniş bir yoldur. Həmd olsun Allaha ki, İran xalqı qarşısında olan bu aydın üfüqə doğru tam ümidlə hərəkət etməkdədir. Əlbəttə, böyük hədəflərə aparan yolu qət etməyin yorğunluğu, çətinlikləri, qurbanları var. Tarixdə ləyaqəti ilə tanınan insanlar, ləyaqət medalı alan xalqlar çətinliklərdən yorulmayan, çətinliklər qarşısında diz çökməyən, zorakı düşmənin qarşısından geri çəkilməyənlərdir; hər cür təcavüzün – dildə və əməldə olan təcavüzkarlığın, odlu-alovlu və soyuq müharibələrin qarşısında əzm və iradədən möhkəm sədd çəkənlərdir. İran xalqı da bu xalqlardandır. Otuz beş ildir ki, İran xalqı bu yolda addımlayır. Bu gün siz gənclər bu meydanın təzə yetişən meyvələrisiniz. İnşallah, bu ağır yükü sizlər və ölkənin hər yerində iş görən, çalışan, təhsil alan gənclər çiyninizə alacaqsınız. İnşallah, bu əmanəti bizdən, əvvəlki nəsildən də yaxşı irəliyə aparacaq və ilahi dərgahda əziz şəhidlərimizi şad edəcəksiniz.

İlahi, Məhəmmədə və Ali-Məhəmmədə, əziz şəhidlərimizin pak ruhlarına və dahi liderimizin pak ruhuna Öz rəhmət və bərəkətini nazil et. İlahi, Öz rəhmət və bərəkətini bu gənc qəlblərə, bu pakizə insanlara nazil et. İlahi, bu şəban ayında və qarşıdan gələn ramazan ayında bu gənclərə günü-gündən Allaha daha da yaxınlaşıb layiqli bəndələrdən olmağı nəsib et.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_______________________________________
(1) Ali Məqamlı Rəhbərin çıxışından qabaq general Məhəmmədəli Cəfəri (İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandiri) və kontr-admiral Mürtəza Səffari (İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın komandiri) raport verdilər.
(2) Hicri-şəmsi 1376-cı ildə (1997-ci ildə) Tehranda təşkil olunan və azər ayının on səkkizindən iyirmisinə qədər davam edən İslam Konfransı Təşkilatına üzv ölkələrin başçılarının səkkizinci iclasında 55 ölkənin rəsmisi iştirak etmişdir. 
(3) Hicri-şəmsi 1391-ci ildə (2012-ci ildə) Tehranda təşkil olunan və şəhrivər ayının beşindən onuna qədər davam edən Qoşulmama Hərəkatının on altıncı iclasında yüzdən çox ölkənin rəsmiləri iştirak etmişdir.