Ali Məqamlı Rəhbərin informasiya bloku

Müsəlman Kürd Pişmərgə şəhidlərinin xatirəsinə həsr edilmiş konfransın idarə heyətinin üzvləri ilə görüşün çıxışı

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

Əziz qardaşlarımıza “Müsəlman Kürd Pişmərgə” şəhidlərinin əziz xatirəsini yaşatmaq, və onların göstərdikləri fədakarlığın unudulmaması üçün göstərdiyiniz səylərə, çəkdiyiniz zəhmətlərə görə öz təşəkkürümü bildirirəm. Eyni zamanda cənab Hüseyniyə, cənab komandir Rəcəbiyə və köhnə dostum cənab Mollaqadirə etdikləri çıxışlarına görə də “çox sağ ol” deyirəm. Allah sizin hamınıza müvəffəqiyyət nəsib etsin, köməyiniz olsun!

Bəli, qeyd etdiyiniz kimi, kürdmənşəli bölgələrdə ixlaslı və igid qardaşlar az deyildir və həqiqətən də, kürdlər yaşayan yerlərdə inqilabın əsas mayası olmuş mömin və ixlaslı qardaşlar vardırlar. Onların ən seçmələri, “Müsəlman Kürd Pişmərgələr” qruplarında birləşmiş cavanlar idilər. Həmin cavanlar əllərinə silah alıb döyüş meydanlarına getdilər; bunu edərkən də, onlar həm öz həyatlarını, həm də yaxınlarının həyatlarını təhlükəyə atırdılar. Bu önəmli bir məqamdır. Əgər İsfahan, Tehran, Yəzd, Məşhəd və Təbrizdə hanısa bir ailənin övladı döyüş meydanına atılaraq şəhid olsaydı, həmin ailəyə qarşı insanlar öz sədaqətlərini göstərərdilər. Həmin ailələri təhdid etməyə nə kimsənin cürəti çatardı, nə də ki, ümumiyyətlə, kimsə təhdid fikrinə düşərdi.  Amma Kürdüstanda durum belə deyildi; orada övladları şəhid olan, yaxud müharibədə iştirak edən bəzi ailələr əksinqilabçı qrupların təhdidinə məruz qalırdılar. “Müsəlman Kürd Pişmərgələr” birliyinin üzvü olan, döyüş meydanına igidcəsinə atılan bir gənc – mənim yaxşı yadımdadır və bu qrupla yaxından tanış idim, özüm dəfələrlə oralara gedib şahid olmuşam, gənclər gəlir-gedirdilər – həm öz həyatını, həm də ailəsinin həyatını təhlükəyə atırdı. Onlar belə olacağını bilmələrinə rəğmən döyüş meydanlarına gəlirdilər. Bu qeyd etdiklərim çox əhəmiyyətlidir. Onlar sınaqdan yaxşı çıxdılar; həqiqəti desək, sınaqdan üzüağ çıxdıar.

İlk gündən etibarən düşmən kürdmənşəli məntəqələri hədəfə aldı; iki səbəbə görə: biri etnik mənsubiyyət, digəri isə məzhəb. Bu iki cəhətə görə məsələyə təsir edə biləcəklərinə umid edirdilər; Bəlucestanda bir yolla, Türkmən səhrasında başqa yolla, Kürdüstanda da bir başqa yolla. Avtoritar rejimin təhlükəsizlik arxivində Kürdüstan məntəqəsinə aid gizli saxlanılan sənədlərin hamısı bizim əlimizə keçdi; beləcə, biz onların kürdlərlə əlaqəli siyasətlərinin nədən ibarət olduğunu və orada hansı işləri gördüklərini anladıq. Onlar İslam inqilabının qələbəsindən sonra bu siyasətdən istifadə etmək, Kürdüstan bölgəsini İslam inqilabı üçün riskli, zərbə gözlənilən bir bölgəyə çevirmək niyyətində idilər. Məqsəd bu idi. Bunun üçün də fərqli şüarlar – bəziləri solçu, bəziləri isə hətta islami şüarlar səsləndirirdilər. Elə həmin bu Kürdüstan bölgəsində – İslamın əleyhinə olan əksinqilabçılar Quran ayəsi oxuyurdular – hamısı yadımdadır, bu hadisədə iştirak edənlərin də hamısı bunu xatırlayır – amma, əslində, İnqilab əleyhinə, Amerikanın, sionist rejimin maraqları üçün çalışırdılar və həmin bölgənin sabitliyini pozmaq üçün bütün imkanlardan istifadə edirdilər; lakin bu bölgənin sabitliyi pozulmadı. Bəli, ölkənin müxtəlif yerlərindən olan gənclərimiz döyüşmək üçün Kürdüstana gedirdilər, amma kürd xalqının ürəyində inqilaba sevgi olmasaydı, bu cavanlarımız yenə də orada bir iş görə bilərdilərmi? Aydın məsələdir ki, yox; kürd xalqı onlarla olmasaydı, oraya göndərdiyimiz canlı qüvvədən on qat artığını göndərmiş olsaydıq belə, cavanlarımız heç bir iş görə bilməzdilər; kürd xalqı və bir çox din alimləri onların tərəfində idilər. Bəzi kürd din alimləri elə əksinqilabçılar tərəfindən şəhid edilmişdi, buna misal olaraq bir neçə il bundan əvvəl şəhid edilmiş mərhum Şeyxülislamın adını çəkmək olar; bu ixlaslı və saf insanı Sənəndəcdə şəhid etdilər. Buna görə də həmin məntəqədə görülən işlər məhz bu qardaşlarımızın zəhməti nəticəsində baş verdi.

Bu məntəqə ilə bağlı mənim çoxlu xatirələrim var; Pavə haqqında bir qismini cənab Mollaqadir danışdı. Yadımdadır, “Pavə” hadisələrindən sonra birinci dəfə biz ora getmışdik, hava da soyuq idi, şəhərin yuxarı hissəsinə qalxdıq, oraya toplanmış gənclərlə görüşdük və onlarla birlikdə məscidlərinə getdik.(2) Həqiqətən də, bu bölgədə insanlar öz evlərində keçirdikləri qəribçilik hissinə rəğmən İslam Respublikası üçün çalışır, xidmət göstərir və zəhmət çəkirdilər. Bu doğrudan da, belə idi. Şükürlər olsun ki, çəkilən zəhmətlər nəticəsiz qalmadı. Elə bu gün də bu ərazidə insanların İnqilaba olan münasibəti əvvəlki kimidir. Önəmli olan bizim, düşmənin əlini əlinin üzərinə qoyub oturmadığını bilməyimizdir. Əgər biz təsəvvür etsək ki, düşmən sakit oturacaq, bu düzgün olmaz – düşmən bacardığı qədər düşmənçilik edəcək, plan çəkəcək, işini davam etdirəcəkdir, ixtiyarında maliyyə imkanları, geniş kəşfiyyat və təbliğat vəsaitləri vardır, durmadan çalışırlar; Biz ayıq-sayıq olmalıyıq. Qeyd etdiyim kimi, şiəlik və sünnilik məsələsi olduqca mühüm məsələdir. Ona görə də bu məsələnin üzərində israrla dayanıblar. Məzhəb təəssübkeşliyini hər iki tərəfdə – həm şiə, həm də sünni tərəfdə alovlandırmağa çalışırlar. Bəli, bu kimi məsələlərdə bir qrup insanlar da məlumatsızlıq ucbatından onların oyuncağına çevrilir. Ölkənin mənafeyini düşünən vətəndaşlar onların əsirinə çevrilməmək üçün diqqətli olmalıdırlar. Reallıq budur ki, sünni tərəfkeşliyi adı altında şiələrə hüçum edib və öz düşmənçiliyində həddini aşan bir sünni məzhəbin, əslində, İslam və sünniliklə heç bir əlaqəsi yoxdur. Eyni sözlər şiələr haqqında da keçərlidir; şiələr arasında da əhli-sünnəyə qarşı təəssübkeşlik alovunu körükləyən qüvvələr vardır, halbuki onların heç biri dini ideyanın daşıyıcısı deyillər. Bəs bu kimi qarşıdurma yaradanlar məqsədlərinə çatmaq üçün kimlərdən istifadə edirlər? Ətrafdakı hadisələri düzgün və obyektiv şəkildə analiz edə bilməyən orta düşüncəli, dini marağı olan, düşmənin məqsədini anlamaq üçün yetərincə ağlı, diqqəti və müdrikliyi olmayan qüvvələrdən faydalanırlar. Düşmən hər iki tərəfdən təxribata sövq edir, buna görə də hamımız ehtiyatlı davranmalı, bu fitnənin reallaşmasına yol verməməliyik.

Şiə və sünnilik arasında konflikt yaratmaqda ingilislərin amerikalılara nisbətən daha təcrübəli olduqlarını mən hələ çox əvvəllər demişdim. Bəli, onlar tərəfləri bir birinə qarşı qoymaq üçün nəyi necə edəcəklərini bilirlər. Bir də görürsən elə danışırlar ki, sanki sünniliyin tərəfdarıdırlar – siz özünüz də gördünüz, Amerika konqresi Ərəb-İraq sünnilərini müdafiə etmək üçün necə plan hazırlayır! Yaxşı, indi doğrudanmı onlar əhli-sünnənin mənafeyini düşünürlər? Onlar İslamı xatırladan hər bir şeyin əleyhinədirlər, ona görə də onlar üçün şiəlik və sünnilik arasında fərq yoxdur, bu məqama xüsusi diqqət edilməlidir. Buna görə də məzhəb faktoru önəmli bir məsələdir. O ki qaldı etnik mənsubiyyət məsələsinə – xoşbəxtlikdən kürdlərlə əlaqəli etnik mənsubiyyət problemi gündəmdə yoxdur və düşmən konflikt yaratmaq üçün kürd faktorundan istifadə edə bilməz. Halbuki bir sıra ölkələrdə kürd amilindən yaxşıca yararlanırlar, amma İranda bu amildən istifadə edə billməyəcəklər, bununla belə, yenə də öz işlərini görür, təxribat üçün məzhəb faktorundan faydalanırlar. Etnik mənsubiyyət məsələsi də ciddi problemdir. Ona görə də düşmənin əlinə hər hansısa bəhanə verilməməlidir.

Cənab Mollaqadir mədəni tədbirlərlə əlaqəli yürütdüyü fikirlərində tamamilə haqlıdır. Mədəni tədbirlərin keçirilməsi çox yaxşıdır. “Müsəlman Kürd Pişmərgə” şəhidləri ilə bağlı keçirdiyiniz bu tədbirin özü də, əslində, mahiyyət etibarilə mədəni bir tədbirdir; əgər bu işi gələcəkdə də, inşaallah, yaxşı və hərtərəfli şəkildə həyata keçirtsəniz, bunun özu də dəyərli mədəni bir tədbir olacaqdır, bu işi davam etdirin! Eyni zamanda iqtisadiyyat və xidməti sektorda da bir sıra işlər görülməlidir; həqiqətən də, bizim gənclər bekar qalmamalıdırlar. Bekarçılıq fəsad mənbəyidir, bu səbəbdən də gənclərə aid olan məsələlər birinci dərəcəli məsələlərdir. Başladığınız bu işləri ən yaxşı şəkildə sona çatdırmaq üçün, ümid edirəm ki, Allah-taala sizin hamınıza uğur nəsib edəcək, inşaallah.

Allahın salamı və rəhməti üzərinizə olsun.

_________________
(1) Bu konfrans 28.02.1394 tarixində Sənəndəcdə təşkil olunmuşdur. Ali Məqamlı Rəhbərin çıxışından öncə Höccətül-islam Seyid Məhəmmədhüseyni Şahrudi (Kürdüstan ostanı üzrə Vəliyyi-fəqihin nümayəndəsi), Kürdüstan keşikçilər korpusunun komandiri və konfrans rəhbəri Məhəmmədhüseyin Rəcəbi və Pavə şəhərinin imamcüməsi Mamusta Mollaqadiri çıxış etmişdilər. 
(2)  Meydan məəscidi