Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Simnan ostanının 3 min şəhidinin xatirəsinə həsr olunmuş konfransın idarə heyətinin üzvləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və bağışlayan Allahın adı ilə.(1)

Ostan şəhidlərinizin xatirəsinə ehtiram əlaməti olaraq həsr etdiyiniz bu tədbir və inşaallah, gələcəkdə də görəcəyiniz bu kimi işlər(2) olduqca yaxşı və layiqli işlərdir. Təhrik olunduğumuz müharibə və onun təsirləri – o cümlədən xalqımızın göstərdiyi bu fədakarlıq, verdiyi bu qədər şəhidlər – sadə və adi bir məsələ deyil, qeyri-adi bir hadisə, müstəsna bir haldır. Əgər bu illər ərzində baş vermiş bütün bu hadisələrə düzgün prizmadan baxsaq, gənclərimizin göstərdiyi fədakarlığı İnqilabın əbədiliyini təmin etmək üçün daimi bir baza olduğunun şahidi olarıq. Bu bazanın istifadəsiz qalmasına imkan verməməliyik; bunun da yolu budur ki, şəhidlərin xatirəsi yaşadılmalıdır.

Cənab Şahçeragi Simnan ostanının xalqımıza verdiyi töhfələr haqqında danışdı; onun sözləri ilə mən də həmfikirəm. Həqiqətən də, sizin ostanın bərəkəti çoxdur; bu torpağın yetişdirdiyi inanclı insanları, elmi, ictimai-siyasi xadimləri az deyildir. Bəli, həm hazırkı, həm də sabiq dövlətin başında sizin ostandan olan şəxslər də vardır. Bu məsələyə diqqətlə yanaşmanızı istəyirəm. Bəzən digər ostanların əhalisi: “Niyə bizim ostandan heç kim rəsmi dairələrə qədər yüksəlmir?” – deyə qısqanclıqla söyləyirlər. Şükürlər olsun ki, Simnan ostanı özünün görkəmli elmi, ictimai-siyasi xadimləri və şəhidləri ilə seçilən bir ostandır; buna heç bir şübhə yoxdur.

Təşkil etdiyiniz bu mərasim təqdirə layiqdir; ümumiyyətlə, günümüzdə şəhidlərin anılması və bu əzizlərin xatirəsinin yaşadılması uğrunda hər hansısa bir işin görülməsi zəruridir. Amma elələri də var ki, bu işi unutdurmaq istəyir; onlar İslam İnqilabının daşıdığı maarif, amal və məqsədləri sevməyənlər, şəhidlərin xatirəsinin yaşadılmasını istəməyənlərdir. Amma bizim millətimiz şəhidləri sevir – fədakarlıq etdikləri, öz həyat və rahatlıqlarından keçdikləri, döyüş meydanlarına atılaraq canlarını qurban verdikləri üçün. Bu kiçik bir iş deyildi, böyük bir iş idi. İnsan hər hansısa məsələ haqqında çox söz danışa bilər. Amma növbə iş görməyə, əmələ çatanda, təbii ki, hər kəs əməl sahibi ola bilmir. Əməl meydanına atılmaq üçün güclü iman, sarsılmaz və polad iradə lazımdır ki, bunu da şəhidlərimiz göstərdilər.

İndiyə kimi gördüyünüz işlərin, təqdim etdiyiniz məruzələrin hamısı yaxşıdır. Bunlar yaxşı işlərdir; yəni şəhidlər haqqındakı xatirələrin qələmə alınması, adlarının anılması, onların şəkillərinin və onlar haqda danışılan sözlərin çoxaldılaraq yayılması – bütün bunlar olduqca yaxşı işlərdir. Görülmüş işlər haqda təqdim etdiyiniz hesabat da təqdirəlayiqdir, intəhası hədəfiniz bu olmalıdır ki, şəhidlik təfəkkürünə dair maarifləndirmə və o illərin ifadə etdiyi fədakarlıq və iman ruhiyyəsi sizin bugünkü auditoriyanıza, sözün həqiqi mənasında, təsir qoysun.

Auditoriya həmişə eyni səviyyədə olmur; mənim fikrimcə, bugünkü gəncliyin əzmi bacarığı, iradəsi, imanı 60-cı illərin gəncliyindən heç də geri qalmır – bu mənim sosioloji araşdırmalar və hesabatlara əsaslanaraq gəldiyim şəxsi qənaətimdir – ancaq diqqət yetirilməli məsələ budur ki, bu gün ölkə gəncliyi ideoloji basqılara məruz qalır. 60-cı illərdə bu yox idi; belə deyil ki maraq yox idi, var idi, təxribat xarakterli ideoloji basqıların təkcə 60-cı illərə, dünən, yaxud bu günə aidiyyəti yoxdur, həmişə olub olacaqdır, ancaq aradakı fərq istifadə olunan üsul və vasitələrin çoxlugundadır. Hal-hazırda istifadə olunan vasitələr çoxdur. Müasir kommunikasiya vasitələri ilə hər hansısa yanlış bir sözü, düşüncəni geniş miqyasda yaymaq mümkündür. Bu kimi vasitələr o günlər yox idi. Hal-hazırda isə hamının ixtiyarında bu cür imkanlar var. Bunlara diqqət edin! Siz, məsələn, cib telefonu vasitəsi ilə gördüyünüz işlərə işarə etdiniz. Çox yaxşı, bunlar çox yaxşıdır; gördüyünüz bu işləri inkar etmirəm. Ancaq baxın görün bu gənclərin qəlbini iman, fədakarlıq kimi məsələlərə necə cəlb edə, həmin keyfiyyətlərin zehinlərində güclənərək baglılıqlarının möhkəmlənməsi üçün nə edə bilərsiniz. Bu məsələni araşdırın. Çünki bu, insanın asanlıqla nəticə əldə edə biləcəyi bir məsələ deyildir. Bunun üçün– istər universitet, istər məktəb, istərsə də digər elm mərkəzlərində təhsil alan – sayı on milyonlarla olan, əksəriyyəti gənclərdən ibarət auditoriyanı tanımalısınız. Onların hamısı bizim auditoriyamızdır, buna görə də onları həm tanımalı, həm potensiallarını bilməli, həm də onlarla necə ünsiyyətə girməyi öyrənməlisiniz. Bu çox vacib məsələdir. Baxın görün nəyi deməlisiniz. Sizin niyyətiniz olduqca yaxşıdır, buna şübhə yoxdur. Həm niyyətiniz, həm də çəkdiyiniz əziyyətlər diqqətə layiqdir, intəhası, bəzi işlərdə mütəxəssis və təcrübə sahibləri ilə məsəhətləşməyə ehtiyac vardır. Bu dediklərimi unutmayın və məsələni necə həll edəcəyiniz haqqında düşünün. Bunun üçün isə mən sizə hələlik öz ostanınızdan başlamağı məsləhət görərdim. Ostanınızın kiçik olduğunu qeyd etdilər – o qədər də kiçik deyildir, yəni coğrafı baxımdan sahəsi kiçik deyil, əhalisi az ola bilər – ancaq kiçik bir ostan deyildir. Bu ostanın rayonları özünün mövcud adət-ənənələri baxımından bir birindən fərqlənir. Məsələn, Simnan və Şahrud rayonları arasında adət-ənənə oxşarlığı yoxdur. Siz özünüz bu ostandan olduğunuzdan – baxmayaraq ki, mənim də ostanınız haqqında məlumatım var – bu fərqi məndən daha yaxşı bilirsiniz. Buna görə də ostanınızdan olan auditoriyanı və fərqli adət -ənənə mövcudluğunu nəzərə alaraq, baxın görün onlarla əlaqəni necə quracaqsınız, onlara təsir qoymaq üçün hansı sözü necə işlədəcəksiniz; bax, əgər konfransınız bu nəticələri əldə etmiş olarsa, həqiqətən də, misilsiz, böyük bir iş görülmüş olar. Bu iş üçün din alimlərindən, ictimaiyyətlə əlaqələr üzrə təcrübə sahiblərindən istifadə edin və bu qədər aktual məsələlərin içərisindən həll etmək üçün birini seçin. İncəsənətin bütün sahələrindən maksimum dərəcədə yararlanın. Bir az əvvəl ifa edilən suruda işarə etdilər; bu kimi işlərin görülməsi çox önəmlidir. Əgər bu zəmində – məsələn, uşaqların xiyabanda olarkən, evdən məktəbə gedib-gələrkən yol boyu dodaqaltı zümzümə edəcək qədər – gözəl, təsiredici, mənalı surudlar hazırlaya bilsəniz, çox böyük bir iş görmüş olarsınız. Yəni incəsənətin müxtəlif sahələrinin imkanlarından doğru-düzgün şəkildə istifadə etsəniz, bu sizin işinizi asanlaşdırar, yüngülləşdirər. Hər-halda işləmək, əziyyət çəkmək lazımdır.

Xoşbəxtlikdən ölkədə bu gün hərbi qarşıdurma hökm sürmür. Amma əvəzində ölkə siyasi, iqtisadi, təhlükəsizlik, daha da önəmlisi – mədəni qarşıdurmalarla üz-üzədir. Elə bunun özü də bir növ müharibədir. Əgər bu haqda kimsə bilmirsə, demək yatıb yuxuya qalıb. Bu həqiqəti bilməyən kəs, mütləq, yatıb yuxuya qalacaqdır. Düşmənin hücuma hazırlaşdığını, haradan və nə şəkildə hücuma keçəcəyini bilməsəniz, əmin olun ki, artıq məğlub olmusunuz. Ona görə də düşmənin planından xəbərdar olmalısınız. Bəli, ölkənin bugünkü sferası bu qarşıdurmalardan ibarətdir. Qeyd etdiyim “mədəni qarşıdurma”, “iqtisadi qarşıdurma” ifadəsi ölkədə hökm sürən mövcud stabillik, əmin-amanlıqla heç bir ziddiyyət təşkil etmir. Təbii ki, biz ölkədə təhlükəsizliyin tərəfdarıyıq, əmin-amanlığın hökm sürməsini istəyirik – yəni kütləvi həbslərin, repressiyaların olmamasını, hamının təhlükəsizlik şəraitində yaşamasını istəyirik. Biz, sözsüz ki, bunu istəyirik. Bunun da mənim bir az əvvəl qeyd etdiyim: “düşmən bizə qarşı xüsusi formada mümkün olduğu qədər mübarizə aparır” cümləsi ilə heç bir ziddiyyəti yoxdur. Odur ki onların bu xüsusi metodlarını bilməli və mübarizə üçün çıxış yolları axtarılıb tapılmalıdır. Mübarizə üçün də çoxsaylı və müxtəlif yollar movcuddur. Sadəcə, bəziləri anlamaq, ya da buna inanmaq istəmir; çünki əgər inanarlarsa, boyunlarına məsuliyyət götürmüş olacaqlar, bəzilərinin isə buna gücləri yetmir. Amma ölkənin bugünkü arenasında vəziyyət bu cürdür. Yəni bu gün ölkədə müxtəlif sahələrdə – qeyd etdiyim kimi iqtisadi, mədəni, siyasi sahələrdə – qarşıdurma ilə üz-üzəyik:

(3)و انّ اخا الحرب الا رق 

Mübariz insan ayıq-sayıq olmalıdır. Yenə buyurulur:

 (4)ومَن نام لَم یُنم عنه 

Əgər cəbhədəykən mürgüləsəniz, bu qarşı tərəfin də mürgüləməsi, səni unutması demək deyildir. Sən düşmənini unutmusansa, bu o demək deyil ki, düşmənin də səni unudub. Xeyr, sən mürgüləyə, yuxulaya bilərsən, ancaq o ayıqdır. Buna diqqət edin! Cünki bu olduqca mühum bir məsələdir.

Beləliklə, bu işdə səyi keçmiş, konfransın baş tutması üçün əziyyət çəkmiş hər birinizə öz təşəkkürümü bildirirəm. Bu kimi işlərin silsiləvari şəkildə görülməsi üçün on il az müddət deyildir. Cənab Şahçerağı dedi ki, artıq on ildir işləyirsiniz. Mənim tələsmədən, səbir və hövsələ ilə görülən işlərdən xoşum gəlir. Yoxsa bu gün hansısa m(2)əsələdə dərhal, tələm-tələsik qərar qəbul edək, altı ay sonra da həmin işə başlamağa hazırlaşaq, belə olmaz. Ona görə də səbir və hövsələ ilə işləmək lazımdır. Siz də işinizi təmkinlə görmüsünüz. İnşaallah, Allah-taala çəkdiyiniz zəhməti qəbul edib sizə işlərinizdə uğur qazandırsın!

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

___________________

(1) Bu konfrans 2015/05/07 tarixində Simnan ostanında keçrilmişdir.
(2) Ali Məqamlı Rəhbər Ayətullah Xameneyinin çıxışından əvvəl Vəliyyi-fəqihin Simnan ostanı üzrə nümayəndəsi və ostanın imamcüməsi Höccətül-islam vəl-müslimin Seyid Məhəmməd Şahçeraği və Simnan ostanının “Qaimi- Ali- Məhəmməd (əc)” korpusunun komandiri general Şahçeraği məruzə ilə çıxış etdilər.
(3) Nəhcul-Bəlağə, 62-ci məktub 
(4) Həmin mənbə