Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin müəllimlərlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Əzizlərim, xoş gəlmisiniz! Pak nəfəsinizlə bu havaya, bu hüseyniyəyə bir rayihə bəxş etmisiniz. Müəllimlərin nəfəsi, doğrudan da, pakdır və onların olduğu hər bir yerdə insan, inşallah ki, ilahi rəhmətin, ilahi bərəkətin olduğuna əmin  olur. Ümidvaram ki, Allah-taala bu böyük işi, bu böyük məsuliyyəti ən gözəl şəkildə yerinə yetirməkdə həm siz müəllimlərə, həm də təhsil sahəsində çalışan rəsmilərə mənəvi dəstək olacaq.

Rəcəb ayını yaşayırıq; sizin ifa etdiyiniz o gözəl və mənalı surudda da Allaha təvəssül, diqqət və dua ayı olan rəcəb ayına işarə olunurdu. Bu şərif ayda möminlər əl açıb Allaha bu şəkildə dua edirlər:

اَللهُمَّ فَاهدِنی هُدَی المُهتَدینَ وَ ارزُقنی اجتِهادَ المُجتَهِدینَ وَ لا تَجعَلنی مِنَ الغافِلینَ المُبعَدین

Hər üçü nə qədər əhəmiyyətlidir?! Sonda isə bağışlanma istənilir ki, bu da bütün işlərin əsasını təşkil edir:

وَ اغفِر لی یَومَ الدّین

Bu duada Allahdan hidayət olunmuşların hidayətini, səy göstərənlərin səyini istəyirsiniz. Diqqət edin, əgər bu iki amil bizdə olsa, bütün problem və çətinliklər həllini tapar – əgər həm hidayət olunmuşların hidayəti nəsibimiz olsa, həm də bəşər tarixində irəli düşüb iş görmüş, çalışıb-vuruşmuş insanların əzmi, səyləri  bizim rəftarımızda, danışığımızda, xasiyyətimizdə özünü göstərsə. Duada qeyd olunan 3-cü məqamda bizi təhdid edən bir təhlükədən danışılır:

وَ لا تَجعَلنی مِنَ الغافِلینَ المُبعَدین

Qəflət, məlumatsızlıq ən böyük təhlükədir. Tutduğun yolu bilməmək, hədəfinin nə olduğunu bilməmək, güc və imkanlarına bələd olmamaq, əlindəki fürsətlərdən xəbərsiz olmaq, düşmənini tanımamaq, bu gün çiyninə düşən vəzifənin nədən ibarət olduğunu bilməmək; qəflət, məlumatsızlıq. Bizim ən böyük düşmənimiz qəflətdir, məlumatsızlıqdır. Bizi başqa düşmənlərimizin qarşısında çökdürən birinci düşmənimiz qəflətdir.

وَ لا تَجعَلنی مِنَ الغافِلینَ المُبعَدین

Bu qəflətin nəticəsi isə uzaqlaşmaqdır – Allahdan uzaqlaşmaq, hədəfdən uzaqlaşmaq, arzularımıza çatmaqdan uzaqlaşmaq. Duaların məzmununda tövhid var, Uca Allahın məqamını tanıma var, həyat dərsi var; gəlin duaları oxuyarkən bunlara diqqət edək və bu ayın ab-havasından bəhrələnək.

Müəllimlər həftəsinin qeyd olunması əziz şəhidimiz, dahi insan mərhum Ayətullah Mütəhhərinin adı və mübarək xatirəsi ilə bağlıdır. Şəhid Mütəhhərinin üstün cəhətləri çox idi, amma məncə, onun şəxsiyyətinin ən bariz göstəricisi müəllimlik fəaliyyəti idi. O, bir müəllim idi; teoloji mərkəzdə dərs deyirdi, universitetdə dərs deyirdi, adi həyatda da müəllim idi. Onun nitqləri, çıxışları da bir dərs idi, insana nə isə öyrədirdi. Çünki ixlasla, ciddi səy və cəhdlə olurdu. Mən bu böyük insanın elm sahəsindəki gərgin çalışmalarının yaxından şahidi olmuşdum. Hər mövzu üçün qeydləri var idi. Harada bir şey müşahidə etsə, tez onu özü üçün qeyd edərək müəyyən bir yerə qoyurdu. O, mənə müxtəlif mövzularla bağlı qeydlərini topladığı bağlamaları göstərmişdi. O vaxt mən ondakı hövsələyə, həvəsə, çalışqanlığa, marağa təəccüb edirdim. Bütün bunların nəticəsi isə odur ki, bu gün o insanın ölümündən 35 il keçir, amma onun kitabları, söylədiyi nitqlər yaşayır, qalmaqdadır. Bu gün o kitablar, o çıxışlar, o dərslər gənc nəslimizin, tədqiqatçılarımızın işinə yarayır. Əlbəttə, mən onu demək istəmirəm ki, təkcə bunlar kifayətdir. Yeni sözlər var, yeni fikirlər var, yeni irad və şübhələr irəli sürülür və kimlərsə Mütəhhəri əzmi ilə çalışmalıdır. Onun adı isə daim yaşayacaq.

Bu gün mən, əsasən, təhsillə bağlı bir neçə məsələyə toxunmaq istəyirəm. Digər məsələlər də var ki, ola bilsin, onlara da toxunduq, amma əsas söhbətimiz təhsil problemləri ətrafında olacaq; mənim üçün mühüm olan bir mövzu ətrafında. Bu məsələnin mənim üçün bu qədər önəmli olmasının səbəbi isə budur ki, təhsil, yeni nəslin tərbiyəsi, əslində, gələcək dünyanın quruculuğunda başlıca mehvərdir. 20, 25 ildən sonra bizim bir sabahımız olacaq və bu gün hələ yetişməkdə olan gənc nəsil iş başına gələcək. Həmin gənc nəsli yetişdirənlər isə müəllimlərdir, təlim-tərbiyə müəssisələridir. Siz yeni bir nəsil ərsəyə gətirməkdəsiniz. Onu necə yetişdirəcəksiniz? Bu, çox əhəmiyyətlidir. Ölkəmizin gələcəyi, dünyamızın gələcəyi təlim-tərbiyə ocaqlarının bugünkü fəaliyyətindən asılıdır. Bu, balaca bir şey deyil. Bu qədər əhəmiyyətli olan ikinci başqa bir strukturumuz yoxdur. Düzdür, universitetlərdə də dərs oxuyurlar, teoloji mərkəzlərdə də elm öyrənirlər, ictimai mühitdə də tərbiyə olunurlar, amma müəllimlərin təsiredici rolu əvəzsizdir. Müəllimlərin bu günün körpəsi,  sabahımızın isə kişi və qadınları olan uşaqlara bu mərhələdə, yəni uşaqlıq dövründən başlayaraq bu 12 illik müddət bitənə qədər mənəvi-psixoloji cəhətdən göstərə biləcəyi təsir misilsizdir. Bu rolu nə ata, nə ana, nə ətraf mühit – heç biri oynaya bilməz. Müəllim belə bir şəxsiyyətdir, təhsil belə bir strukturdur. Orta təhsil müəssisələri, müəllimlər cəmiyyətlə, insanların gündəlik yaşamı ilə təmasda olmaq baxımından da ən yüksək paya malikdir. Sizin 13 milyona yaxın şagirdiniz var, onların valideynlərini də – hansı ki 26 milyon insan edir – bunun üstünə gəlsək, 39 milyon nəfər olur; 1 milyon nəfər də müəllimlər və təhsil işçiləri. Təxminən 40 milyon insan bu qurumla bilavasitə əlaqədədir. Başqa hansı qurum cəmiyyətlə bu qədər effektiv və əhəmiyyətli surətdə təmasdadır? Təhsil sisteminin üzərində bu qədər durmağımızın səbəbi budur.

Mən təhsil sistemi haqqında bir kəlmə onu demək istəyirəm – və bunu dəfələrlə demişəm, indi də təkrar edirəm – ki, belə bir qurum üçün biz nə qədər də pul xərcləsək, bu, xərc deyil, sərmayə qoyuluşudur. Təhsilin iqtisadiyyatına bu nöqteyi-nəzərdən baxmaq lazımdır. Təhsil sisteminin iqtisadiyyatı heç bir başqa quruma bənzəmir. Burada siz nə qədər pul xərcləsəniz də, əslində, sərmayə qoymuş olursunuz. İstərdim ki, ölkə və hökumət rəsmilərimiz, camaatımız bax bu əsas fikrə, başlıca məqama diqqət yetirsinlər. Təhsil sisteminin əhəmiyyəti haqqında bu qədər.

Bu böyük strukturda başlıca mehvər olan, meydanın bayraqdarı olan və əslində, onu idarə edən, ehtiyac duyduğu hər bir şeylə təmin olunmalı olan şəxs  kimdir? Müəllim. Meydanın əsl sahibi müəllimdir. Cürbəcür qurumlar, cürbəcür təşkilatlar, müxtəlif sənədlər, dərsliklər və sair və sair –  bunların hamısı meydanın o əsl sahibinin işinə dəstək olmaq üçündür.  Yaxşı müəllim odur ki – qeyd etdiyim kimi – şagirdlərinə əvəzsiz təsir göstərsin. Yaxşı müəllimlərimiz olsa, hətta keçmişdəki məktəbxana sistemi kimi bir sistemlə də dahi şəxsiyyətlər yetişdirmək olar; necə ki belə şəxsiyyətlərin yetişdirildiyini görürük də. Yaxşı müəllim hətta əlverişsiz bir təhsil sistemi ilə, uyğun olmayan bir şəraitdə də böyük insanlar, böyük şəxsiyyətlər, görkəmli simalar yetişdirib ərsəyə gətirə bilər. Demək ki, əsas müəllimdir.

Yaxşı, bəs müəllimin işi nədən ibarətdir? Mən burada qeydlər etmişəm; müəllim aşağıdakı xüsusiyyətlərə malik bir yeni nəsil yetişdirməlidir: bilikli olsun, imanlı olsun, özünəinamlı olsun, optimist olsun, yüksək əhval-ruhiyyədə olsun, fiziki və mənəvi cəhətdən sağlam olsun, gözüaçıq olsun, iradəli olsun, xərci az, faydası çox olsun. Müəllim belə bir nəsil yetişdirməlidir.  Bunlar balaca şeylər deyil. Belə bir söz var, deyirlər ki, müəllimlər peyğəmbərlərin işini görür. İndi bu, bir sözdür, deyirik, amma dərinliyinə varsaq, bu nə deməkdir?

یُزَکّیهِم وَ یُعَلِّمُهُمُ الکِتبَ وَ الحِکمَة

– “Onları pis əməllərdən təmizləyən, onlara Kitab və hikməti öyrədən bir peyğəmbər göndərdi.” Peyğəmbərlərin missiyası budur; Peyğəmbərlərin işi bəşəriyyəti xilas etmək, daha ali və yüksək bir insan cəmiyyəti yaratmaqdır. Peyğəmbərlərin işi bundan ibarətdir. Deyirik ki, “müəllimlik peşəsi peyğəmbərlərlik kimidir”, “müəllimlik peyğəmbərlərin peşəsidir”. Bu sözün mənasının dərinliyi, mahiyyəti budur. Müəllim budur.

Əlbəttə ki, bunun özünəməxsus tələbləri, vacib olan şərtləri var. Həmin tələblərdən biri qeyd etdiyim iqtisadiyyat məsələsidir. Təhsilin iqtisadiyyatı, müəllimlərin məişət rifahı mühüm şərtlərdən biridir. Dövlət strukturlarının əlindəki imkanların məhdud olduğunu bilirik; mövcud problem və çatışmazlıqlara biganə yanaşmırıq, amma dövlət rəsmiləri bu sferaya xüsusi diqqət ayırmağa əzm göstərməlidirlər. Qeyd etdiyim kimi, bu, bir sərmayə qoyuluşudur, gələcəkdə verimliliyi olacaq, əlavə dəyər istehsal ediləcək. Bu, sırf  pul xərcləmək deyil. Dövlətin idarə olunmasında, dövlət səviyyəsində qəbul edilən qərarlarda bu, bizim üçün birinci dərəcəli məsələ olmalıdır. Belə etməsək, düşmən bundan sui-istifadə edəcək; özünüz görürsünüz ki edir də. Düşmən öz mediası ilə, radioları ilə, əlaltıları vasitəsilə, dövlətə və İslama qarşı qəlbiqara olan insanların əli ilə – bu kimi üsul və vasitələrlə vəziyyətdən sui-istifadə edəcək. Əlbəttə ki, müəllimlərimiz həm sayıq, həm nəcib, həm də imanlıdırlar. Mən buna, həqiqətən də, inanıram. Bütün bu illər boyu bunu sınaqdan çıxarmışıq, bu gün də ölkə miqyasında müşahidə edirik. Bizim müəllimlərimiz düşmənin planlarından məlumatsız deyil. Müəyyən adamlar sosial problemlər adı altında şüarlar irəli sürür, arxasından da fitnəkar siyasi şüarlar yeridirlər. Onların sağlam stimulla çıxış etmədiyini, müəllimlərə ürəkləri yandığına görə hərəkətə keçmədiklərini, başqa hədəflər izlədiklərini hamı anlayır. Hansısa xarici media orqanı bu məsələ üzərində fəaliyyətə keçsə də – görürsünüz ki, elə indi də bunu edirlər, bir müddət əvvəl lap çox edirdilər – bu, canıyananlıqdan deyil. Bu, dövlətə problem yaratmaq üçündür, dövlətə başağrısı yaratmaq üçündür. İslama, ölkəmizin suverenliyinə, İslam Respublikası quruluşna qarşı kin və bədxahlıqdan qaynaqlanır. Ona görə də bunların əlinə bəhanə vermək lazım deyil. Hökumət strukturları, maliyyə və iqtisadiyyat məsələlərinə cavabdeh olan rəsmilər bu məqama diqqət yetirsinlər, bunu özlərinin başlıca fəaliyyət proqramlarına salsınlar. Bu, mühüm bir məsələdir. Əlbəttə, qeyd etdiyim kimi, müəllimlər diqqətli olmalıdırlar və elə diqqətlidirlər də. Sevindirici haldır ki, bizim müəllimlərimiz ehtiyatlıdırlar. Bəzilərinin əllərindən gəldiyi formada dövlətə, inqilaba əziyyət vermələri, sancıb zəhərlərini buraxmaları, dövlətlə yola getməmələri müəllimləri sevdiklərinə görə yox, dövlətə qarşı bəslədikləri kin-küdurət üzündəndir.  Başqa hər nə şüar tapsalar, ondan bu şəkildə istifadə edəcəklər.


Digər bir mühüm məsələ Ziyalılar Universiteti məsələsidir ki, mən bundan əvvəl də həm möhtərəm nazirlə olan özəl söhbətlərimizdə, həm də müəllimlər qarşısında etdiyim kütləvi çıxışlarda buna toxunmuşam. Ziyalılar Universiteti çox önəmlidir. Müəllimlərin işə götürülməsi, tədris və təlim-tərbiyə ilə əlaqəli bütün proseslər sağlam olmalı, İslam və inqilab meyarları əsasında ölçülməlidir. Bunu həyata keçirə bilsək, sizin istədiyiniz nəticəni ala bilərik. Həm Allahın razılığı qazanılmış olar, həm də ölkənin gələcəyi üçün – az öncə qeyd etdiyim kimi –  möhtəşəm və ümidverici bir gənc nəsil yetişdirilər. Bunlara riayət olunmasa, yox, bütün bunların heç biri olmaz. Ziyalılar Universitetində həm dərs vəsaitləri və keçilən dərslərin məzmunu, həm dərs deyən müəllimlər, elmi heyətin tərkibi çox əhəmiyyətlidir. Biz camaatın uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmaq, cəmiyyətə böyük şəxsiyyətlər təqdim etmək üçün kimlər, necə insanlar yetişdirmək istəyirik? Bu, çox əhəmiyyətlidir. Odur ki Ziyalılar Universitetinə cəlb olunan insanların layiqli şəxslər olması, orada dərs deyən müəllimlərin şəxsiyyəti, dərs vəsaitləri məsələsi, keçilən dərslərin məzmun və mahiyyəti çox önəmlidir.

Daha bir önəmli məsələ təhsil sistemində əsaslı dəyişikliklər məsələsidir. Sevindirici haldır ki, bu gün möhtərəm nazir bu məsələyə toxundu, həyata keçirilmiş işləri qısaca qeyd etdi. Mən bundan əvvəl də onun məruzəsini görmüşdüm. Bu məsələdə əsas əhəmiyyətli olan odur ki, təhsil sistemimizin əsaslı bir dəyişikliyə ehtiyac duyduğunu bir fakt kimi hər kəs qəbul edib. Ölkənin köhnə təhsil sisteminin heç bir başqa nöqsanı olmasaydı belə, zaman keçdikcə onda heç bir yeniliyin həyata keçirilməməyinin özü onun bu gün üçün məqbul sayılmaması və əsaslı dəyişikliyə ehtiyac olduğunu qəbul etmək üçün kifayətdir.  Nə yaxşı ki, “Təhsil sistemində əsaslı dəyişikliklər haqqında dövlət sənədi” 2-3 il bundan əvvəl işlənib-hazırlanaraq ictimaiyyətə təqdim olundu və aparıcı mütəxəssislər, təhsil ekspertləri onu yüksək səviyyəli, dəyərli bir sənəd kimi qiymətləndirdilər. Bu işin biliciləri, bu sahənin mütəxəssisləri bu sənədi dəstəkləyirlər. Təhsil sahəsi üzrə ekspertlər uzun zaman ərzində, saatlarla çəkilən gərgin əmək nəticəsində, hamının yardımı sayəsində hazırlanaraq ərsəyə gəlmiş bu sənədi müsbət qarşılayır, çox fundamental və əhəmiyyətli bir dövlət sənədi olduğunu deyirlər.  Odur ki bu sənəd icra olunmalıdır. Əlbəttə ki, belə şeylərin qısa zaman ərzində nəticə verməsini gözləmək düzgün deyil. Bunlar elə şeylər deyil ki, nəticəsi 1, 2, 5 il ərzində görünsün.  Bunlar elə şeylərdir ki, səbir və hövsələ, iş – ardıcıl iş tələb edir.

Bu sənədin tamlığının qorunması da mühüm bir məqamdır. Qeyd etdilər ki, bu sənədin maddələrindən bir qismi icra olunub. Çox yaxşı, amma onun bütün maddələri icra olunmalıdır. Bu, bütöv bir məcmudur. Onun bəzi maddələrini, məsələn 40, ya buna yaxın maddəsini həyata keçirib, qalanlarını diqqətdən kənarda qoymaqla heç bir nəticə əldə etməyəcəyik. Bu məcmunun tamlığı qorunmalıdır. Onun bütün maddələrinə əməl olunarsa, işlər irəli gedər, sürət tempi olar və bu sənəd düzgün icra olunar.

Təhsil sahəsində çalışanların bu sənədlə yaxından tanış olması da çox böyük əhəmiyyət kəsb edir; təhsil işçiləri bu sənədin qarşıya hansı tələblər qoyduğunu bilməlidirlər. Orta məktəbin bu və ya digər pilləsində dərs deyən müəllim bu əsaslı dəyişikliyin şəxsən ondan nələri istədiyini bilməlidir. Məktəblərdə çalışan rəhbər işçilər bu sənədə əsasən şagird qarşısında hansı vəzifələri daşıdıqlarını bilməlidirlər. Bu sənədin tələbləri konkret şəkildə müəyyən olunmalıdır. Onun tələblərini təhsil sisteminin geniş müstəvisində dərk  və müzakirə etmək üçün müvafiq proqramlar hazırlanmalıdır.

Milli media və təbliğat orqanları da bu işdə köməyə gəlməlidirlər. Hətta bəzən belə bir təklif irəli sürülür ki, “Səda və sima” Dövlət Teleradiosu bu mövzunu açıqlamaq, ictimaiyyətə başa salmaq üçün ayrıca bir kanal ayırsın. Bunun üçün, əlbəttə ki, təhsil rəsmiləri teleradionun rəsmiləri ilə oturub danışmalı, onların razılığını almalıdırlar.

“Təhsil sistemində əsaslı dəyişikliklər haqqında dövlət sənədi”nin həyata keçirilməsi baxımından mühüm olan digər bir məqam – möhtərəm nazirin də bu gün qeyd etdiyi kimi – 6-cı inkişaf proqramının imkan və potensialıdır. Hazırda 6-cı inkişaf proqramının siyasətləri işlənib hazırlanır, ardınca proqramın özü də işlənəcək, qəbul olunacaq və icrasına başlanacaq. Bu proqramda təhsil və təhsildə əsaslı dəyişikliklər məsələsi hökmən nəzərə alınmalıdır ki, biz 1404-cü ildə təhsil sahəsində əlimizdə nələrin olacağını bilək.

Rəsmilərin diqqətinə çatdırmaq istədiyim daha bir mühüm məsələ var; diqqətli olun ki, təhsil sahəsində əsaslı dəyişikliklərin yerini səthi, gündəlik işlər səviyyəsində olan dəyişikliklər tutmasın. Bu kimi işlərlə qane olub sevinməyək ki, dəyişiklik edirik. Səthi dəyişikliklər əhəmiyyətli deyil. Əsas olan “Təhsildə dəyişikliklər haqda sənəd”in maddələridir ki, onların icrası ilə bu bina yenidən qurulacaq. Mühüm olan budur.

Sevindirici haldır ki, lazımi şərait də hazırlanıb, var. Bu gün mən ölkə miqyasında təhsil sahəsinə nəzər salanda görürəm ki, təlim-tərbiyə prosesinin keyfiyyətini yüksəltmək,  bu mühüm və həssas strukturda fundamental dəyişikliklər həyata keçirmək üçün siz təhsil işçilərinin və təhsil rəsmilərinin daha münasib şəraiti var. Vaxt var idi ki, ölkəmizdə 17 milyon orta məktəb şagirdi var idi, indi bu rəqəm 13 milyondan aşağıdır. Bu, bir fürsətdir. Vaxt var idi ki, biz məktəblərin sayı baxımından ciddi sıxıntı yaşayırdıq,  ölkədə 2, 3 növbəli məktəblər az deyildi; bu gün isə, xoşbəxtlikdən, vəziyyət dəyişib. Ölkənin əksər yerlərində yaxşı vəziyyətdə olan məktəblər var.  Bu işə maraq göstərən, qatılan xeyriyyəçi insanlar da var və bu tendensiya qorunmalıdır. Odur ki bu gün bu dəyişikliyi həyata keçirə bilməyimiz üçün şərait hazırdır. Ən azından, sevindirici haldır ki, ölkədə sabitlik var, təhlükəsizlik hökm sürür, dövlət rəsmiləri həvəs və maraqla işə can atır. Bu gün təhsilimizi keyfiyyət baxımından, mahiyyət baxımından, əsaslı yenidənqurma baxımından, inşallah ki, önəmli bir nöqtəyə gətirə biləcəyimiz bir gündür. Və qeyd etdiyim kimi, bu dəyişikliyin mehvəri müəllimlərdir. Meydanın ortasında ən ağır yükü çiyinlərinə alan siz əziz müəllimlərimizsiniz. Mən bu məqamda fürsətdən istifadə edərək ölkəmizin müxtəlif bölgələrində çalışan müəllimləri salamlayıram, ümidvaram ki, Allah-taala bütün müəllimlərimizi Öz himayəsinin kölgəsi altına alacaq.

Mən təhsil mövzusundan kənara çıxaraq bu gün ölkə üçün əsas əhəmiyyətli məsələlər sırasına daxil olan bir məsələyə də toxunmaq istəyirəm. Bu, düşmənlərin İslam Respublikasına münasibət formasıdır. Geridə qoyduğumuz 35 il ərzində bu möhtəşəm xalq hərəkatının heybəti İslam Respublikasının düşmənlərinə həmişə göz dağı olub. Bizi qaralamaq üçüb əllərindən gələni ediblər, amma İran xalqının və İslam Respublikasının heybəti bunları həmişə çəkindirib. Biz bu möhtəşəmliyi, bu nüfuzu həmişə qoruyub saxlamalıyıq; bu heybət olduğu kimi qorunmalıdır. Özü də bu, bir uydurma deyil, reallıqdır. Biz böyük bir ölkəyik, dünyanın bir çox yerlərindən daha qədim və zəngin tarixi-mədəni keçmişi olan, yetmiş neçə milyonluq, şücaətli, əzmkar, öz kimliyini, milli qürur və heysiyyətini qoruyan bir xalqıq. Müqəddəs Müdafiə illərində bunun nümunəsini hər kəs gördü. Bu 8 ildə İran xalqını diz çökdürmək üçün Şərqdən və Qərbdən dünyanın bütün böyük dövlətləri, onlardan asılı olanlar, irticaçılar – hamı əl-ələ verdi, amma buna müvəffəq ola bilmədilər. Belə bir xalq dünya ictimaiyyətinin gözündə nüfuz və ehtişam qazanmalı deyildimi? Bu əzəməti qoruyub saxlamaq lazımdır. Onların bizə qarşı tətbiq etdiyi bu sanksiyalar, İslam Respublikasına göstərdikləri təzyiqlər başqa hansı ölkəyə olsaydı, onu çökdürərdi, dağıdardı, amma biz elə bir dövlətik ki, bütün bunlar bizi heç sarsıtmadı da. Bunu bir çox ölkələrin rəsmiləri, vəziyyətdən xəbəri olanlar özləri bizə deyiblər, bəziləri birbaşa özümüzə deməyə ürək eləməyiblər, öz aralarında danışıblar, xəbəri gəlib bizə çatıb. Bu, balaca bir şey deyil, çox böyük bir hadisədir. Əlbəttə ki, dünyada aparılan təbliğat insanların qarşısında daim bir toz-duman  qatı, bir örtük, pərdə yaradaraq çoxlarının reallıqları görməsinə imkan vermir. Amma buna baxmayaraq, dünya əhalisinin böyük bir qismi, xalqların əksəriyyəti, özəlliklə də bizə yaxın olanlar gerçəklikləri görürlər. Dünyanın bütün siyasi rəsmiləri də reallqıları görürlər, dildə başqa cür danışdıqlarına baxmayın. Qərbin, Avropa və Amerikanın dövlət başçıları, siyasətçiləri, müxtəlif qurumlarının sözçüləri və zaman-zaman yersiz sözlər danışan başqa şəxslər hamısı ürəklərində İran xalqının bu ehtişamını, heybətini, iqtidarını, ləyaqətini  təsdiqləyir və görürlər, intəhası dildə başqa şey deyirlər.

Mən nüvə danışıqları və bu mövzu ilə əlaqəli məsələlər haqda dəfələrlə danışmışam. Çox danışmışıq və lazım olan nə varsa demişik, amma bir məsələyə hər kəs – həm xarici siyasət rəsmilərimiz, həm digər müxtəlif qurumların rəsmiləri, həm cəmiyyətin üzdə olan simaları diqqət yetirməlidir: əgər bir millət yadelillər qarşısında öz kimliyini, əzəmətini olduğu kimi qoruyub saxlaya bilmirsə, sözsüz ki, qapazaltı olacaq; başqa yolu yoxdur. Öz mənliyinin, şəxsiyyətinin qiymətini bilmək lazımdır. Düşmən təhdid edir; bu bir neçə gün ərzində Amerika rəsmilərindən iki nəfəri hərbi hücum təhdidləri səsləndiriblər; olsun, bizim o qədər də həssas, mühüm vəzifə postları tutmayan adamlarla işimiz yoxdur. Ancaq başa düşmürəm, təhdid hədəfi altında müzakirələr aparmağın nə mənası var? Onların dediyi budur ki, gəlin müzakirə edək, amma təhdid altında – qılıncla başımızın üstündə dururmuş kimi. İran xalqı belə deyil; İran xalqı təhdid kölgəsi altında danışıqlar aparmağa dözməyəcək. Nəyə görə təhdid edirlər? Nəyə görə bacardıqlarından artıq qələtlər edirlər? Deyirlər ki, “əgər elə olmasa, belə olmasa, ola bilsin, biz İrana hərbi müdaxilə etdik”. Əvvəla, qələt edərsiniz, ikincisi, mən hələ Amerikanın keçmiş prezidentinin zamanında – o vaxt da təhdidlər edirdilər – demişdim ki,  özbaşınalıq dövrü  artıq geridə qalıb. Siz daha istədiyinizi edib, çəkilib bir kənarda dura bilməyəcəksiniz. Xeyr, biz sizin yaxanızdan yapışıb təqib edəcəyik. İran xalqı ona təcavüz etmək istəyən birini rahat buraxmayacaq; biz bu işin axırına çıxacağıq. Bunu hamı diqqətə alsın; biz tərəfdən danışıqlarda təmsil olunan rəsmilər də diqqətli olsunlar, deyilən qırmızı xətləri, başlıca sərhədləri daim diqqətdə saxlasınlar. Əlbəttə ki, onlar, mütləq, buna diqqət yetirirlər, həmin qırmızı xətlər daim onların nəzarətindədir və inşallah, bu xətlərdən keçməyəcəklər; amma bu da qəbuledilən deyil ki, qarşı tərəf oturub elə daim bizi təhdid etsin. Nə təhdid? Sizin özünüzün bu müzakirələrə bizdən heç də az ehtiyacınız yoxdur. Bəli, biz sanksiyaların qaldırılmasını istəyirik, amma sanksiyalar ortadan qaldırılmasa belə, biz başqa yolla özümüzü idarə edə bilərik; bu artıq sübut olunub. Bir vaxtlar bu məsələni mən irəli sürmüşdüm, bu gün görürük ki, iqtisadçı ekspertlər, müxtəlif rəsmilər, ölkənin iqtisadi problemlərinə bələd olan şəxslər hamısı daim bunu təkrarlayırlar, deyirlər ki, ölkənin iqtisadi problemlərinin həlli bu sanksiyaların ləğv olunub-olunmamağından  asılı deyil. Xeyr, iqtisadi problemləri biz yalnız öz iradəmizlə, ciddi niyyətimizlə, öz əlimizlə, gördüyümüz tədbirlərlə aradan qaldırmalıyıq; istər sanksiyalar olsun, istərsə də olmasın. Əlbəttə ki, sanksiyalar olmasa, bu daha asan olar. Sanksiyalar qaldığı halda isə bir qədər çətindir, amma mümkündür. Bizim danışıqlara münasibətimiz, tutduğumuz mövqe bundan ibarətdir.  Amerikanın hazırkı administrasiyasının isə bu müzakirələrə, doğrudan da, ehtiyacı var. Onların öz fəaliyyət tarixçələrinə yaza biləcəkləri əsas parlaq məqam bu olar bilər ki, “Biz İran İslam Respublikasını danışıqlar masasına oturdub, filan məsələni ona qəbul etdirə bilmişik” – desinlər. Onların buna ehtiyacı var. Qarşı tərəfin bu danışıqlara ehtiyacı bizdən çox olmasa da – halbuki bu, mütləq surətdə elə belədir –  ən azından, heç bizdən az da deyil. Bəs onda nəyə görə bizi təhdid edirlər? Mən təhdid atmosferində gedən danışıqlara razı deyiləm. Gedib danışsınlar, müzakirə etsinlər, qoy lap hansısa razılığa da gəlsinlər, eybi yoxdur – əlbəttə ki, dediyim qırmızı xətlərə riayət etmək şərti ilə – amma heç bir vəchlə hegemonluğu qəbul etməsinlər, zorakılığa boyun əyməsinlər, təhqiri, təhdidi qəbul etməsinlər.

Bu gün onlar dünyada da nüfuzlarını itiriblər. Baxın, Səudiyyə hökumətinin Yəmənlə bağlı yol verdiyi hərəkətləri heç bir məntiqlə, heç bir ifadə üsulu ilə izah etmək mümkün deyil. Sən başqa bir ölkəyə təyyarə göndər ki, nəyə görə filankəsin hakimiyyətini qəbul edirsiniz, filankəsinkini isə qəbul etmirsiniz?! Və bu bəhanə ilə də əhalini qır, infrastrukturu məhv et, cinayətlər törət, qadın və uşaqları öldür, hər yerə od vur?!  Bunu heç cür izah etmək mümkün deyil. Amerikalılar isə heç bir əsaslandırması, izahı olmayan bu hərəkətlərə, bu böyük cinayətlərə havadarlıq edirlər. Bundan da böyük həyasızlıq olar? Bu gün region xalqlarının gözündə Amerikanın heç bir çəkisi, nüfuzu yoxdur; bu vəziyyəti hamı görür. Yəməndə törədilən olaylara havadarlıq etdiklərini açıq-aşkar deyirlər də; xəcalət də çəkmirlər. Sonra da bizə deyirlər ki, “nəyə görə kömək edirsiniz?” Biz tibbi ləvazimatla yardım etmək, xəstələrə dava-dərman göndərmək istəyirdik; biz ki silah göndərmək istəmirdik! Onların bizim silahımıza ehtiyacı yoxdur. Yəmənin bütün hərbi obyektləri və Yəmən ordusu bu ölkənin mübariz və inqilabçı xalqının, “Ənsarullah” hərəkatının üzvlərinin  ixtiyarındadır.  Onların bizim silah göndərməyimizə ehtiyacı yoxdur. Biz onlara dava-dərman göndərmək istəyirdik. Siz gəlib bir xalqı blokadaya almısınız, insanlara tibbi ləvazimatların, ərzağın, enerjinin çatdırılmasına imkan vermirsiniz, sonra da deyirsiniz ki, heç kəs bunlara kömək etməsin! Siz hətta Qızıl Ayparanın da onlara xidmət göstərməsinə icazə vermədiniz.

O tərəfdən də özləri Səudiyyə hökumətinə hərbi məlumatlar ötürür, silah verir, hər cür imkan yaradır, siyasi cəhətdən təhrik edirlər. Bunlarda abır yoxdur. İran xalqının seçdiyi yol möhkəm, sarsılmaz və gözəl aqibətli bir yoldur. Allahın köməyi ilə, düşmənlərə göz dağı olaraq, İran xalqı bu yolun sonuna çatıb uğur qazanacaq. Düşmənlər də bu xalqa qarşı izlədikləri məşum hədəflərə nail ola bilmədiklərini görəcəklər.


Canından keçmiş əziz şəhidlərimizə Allah rəhmət etsin. Bu yolu bizim üzümüzə açmış dahi İmam Xomeyniyə (r.ə) Allah rəhmət etsin. Meydanda həmişə bu cür hazır olan siz mömin və canıyanan qardaş və bacılarımdan da Allah-taala Öz mərhəmətini əsirgəməsin.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.