Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Zəhmətkeşlər günü münasibətilə ölkənin fəhlə və zəhmətkeşləri ilə görüşü zamanı etdiyi çıxışı(1)

Rəhman və Rəhim Allahın adı ilə.

İlk öncə, bu gün bura təşrif gətirmiş qardaş və bacılara xoşgəldin deyirəm. Ədalət nümunəsi, bəşər tarixinin parlaq siması olan Əmirəl-möminin Əlinin (ə) mübarək mövludu münasibətilə qabacadan hamınızı təbrik edirəm. Həmçinin sizi İmam Cavadın (ə) bu günə təsadüf edən mövludu münasibətilə də təbrik edirəm. Rəcəb ayının bərəkətləri bu mövludlarla xülasələnmir. Özümə və sizlərə tövsiyə edirəm ki, Mütəal Allahla mənəvi rabitəni gücləndirərək rəcəb ayının bərəkətlərindən bəhrələnək. Əgər bizlər Allahla olan rabitəmizi gücləndirsək, çətinlik və narahatlıqların çoxu özü-özünə aradan qalxacaq. Əmək və İctimai Rifah Nazirinə də etdiyi məruzəyə görə təşəkkür edirəm, onun toxunduğu bir sıra mühüm məsələləri mən də təsdiqləyirəm. Mən xahiş edirəm ki, bütün rəsmilər, həm Əmək və İctimai Rifah Nazirliyinin, həm də digər dövlət qurumlarının rəsmiləri – çünki bəzi məsələlər sizin nazirliyə yox, başqa qurumlara aiddir – bu aydın xətt üzrə hərəkət etsinlər.

İş görmək lazımdır. Yaxşı sözləri çox danışmışıq, təkrar etmişik, yaxşı qərarlar qəbul etmişik. Lakin camaatın yaşayışına, gerçəkliyə təsir göstərən başlıca amil bizim fəaliyyətimizdir, işimizdir, deyilən sözləri, qəbul edilən qərarları həyata keçirməkdir. İnşallah, Mütəal Allah bizi bütün qüvvəmizlə çalışmağa, mükəmməl şəkildə hərəkət etməyə müvəffəq edər.

Bu gün bizim sizinlə – ölkənin fəhlə və zəhmətkeşləri ilə görüşümüz, əslində, fəhlə təbəqəsinə olan ehtiram və sevgimizin ifadəsidir. Biz çox sözlər danışmışıq və danışırıq, bu gün də bəzi məsələlərə toxunacağıq, lakin bu görüşlər vasitəsilə ən başlıcası fəhlə və zəhmətkeşlərə, əməyə və zəhmətə olan dərin hörmətimizi ifadə etmək istəyirik. Bu görüşlər vasitəsilə özümüzün və İran xalqının düşüncəsində əməyin, zəhmətin əhəmiyyətini qabatrmaq istəyirik. İstəyirik bunu nəzərə alasınız ki, böyük nailiyyətlər sözün həqiqi mənasında əmək və zəhmət sayəsində əldə edilə bilər. İşləmək, zəhmət çəkmək olduqca dəyərlidir. Əməyin dəyəri sayəsində fəhlə və zəhmətkeşlər də cəmiyyətdə böyük dəyərə malikdir. Məşhur bir rəvayətdə oxuyuruq ki, əziz İslam Peyğəmbəri (s.ə.v.s) fəhlənin əlini öpmüşdür(2). Bu, bir jest deyil, əksinə, bir təlimdir. Ona görə də biz istəyirik ki, əmək və zəhmətə, fəhlə və zəhmətkeşlərə hörmətlə yanaşılsın, rəsmilərin diqqəti fəhlələrin problem və çətinliklərinin həllinə yönəlsin. Bir sıra çətinliklər var; o cümlədən işsizlik, işdən çıxarılma, məişət problemləri və s. bu kimi başqa çətinliklər. Bunlar ölkədə fəhlə ictimaiyyətinin qarşılaşdığı çətinliklərdir. Rəsmilər bu çətinliklərin həlli üçün daha artıq çalışmalıdırlar. Bu kimi görüşlərin əsas hədəfi bunlardır.

Mənim fikrimcə, inqilabın əvvəlindən indiyədək fəhlə ictimaiyyəti ölkə üçün, həqiqətən, çox dəyərli işlər görmüşdür. Birincisi, əmək və zəhmətin, fəhlə və zəhmətkeşlərin özünəməxsus dəyəri vardır. İkincisi, onlar bu illər ərzində ölkənin ağır meydanlarında iştirak etmişlər. Üçüncüsü, inqilabın əvvəlində fəhlə ictimaiyyətini İslam hökuməti ilə üz-üzə qoymaq istəyənlərin məkrli planlarına uymamışlar. Bu böyük fədakarlıqları edən fəhlələr olub, halbuki onların müxtəlif dövrlərdə də çətinlikləri, məişət problemləri olub. Buna baxmayaraq, fəhlə ictimaiyyəti imtahandan üzüağ çıxıb.

Qeyd etdiyim kimi, mövcud çətinliklər, birincisi, danışmaqla, iclaslar keçirməklə həllini tapmayacaq. Həll yolları axtarmaq, iş görmək lazımdır. İkincisi, ölkənin iqtisadi çətinliklərinin həllini ölkə daxilində axtarmaq gərəkdir. Çətinliklərin həllinin onurğa sütunu isə istehsaldır. Bizim irəli sürdüyümüz “müqavimət iqtisadiyyatı” siyasətinin onurğa sütunu daxili istehsalı gücləndirməkdən ibarətdir. Əgər bu məsələ reallaşarsa və bunun üçün səy göstərilərsə, işsizlik və məşğulluq məsələsi tədricən öz həllini tapacaq. Əmək və zəhmətkeşlər öz layiqli qiymətini alacaq, iş yerləri açılacaq, sosial problem olan işsizlik tədricən azalacaq və tamamilə aradan qalxacaq. Problemin kökündə istehsal məsələsi dayanır.

Bəziləri deyə bilər ki, sizin təkrar-təkrar vurğuladığınız istehsal məsələsinin – belə ki  biz həm ümumi çıxışlarımızda, həm də rəsmilərlə keçirdiyimiz özəl iclaslarda istehsal məsələsi üzərində təkidlə dayanırıq – müəyyən tələb və zərurətləri var. Hal-hazırda – sanksiyalar və beynəlxalq təzyiqlər şəraitində isə istehsalın rövnəqlənməsi, güclənməsi reallaşa bilməz. Mən İran xalqının və İslam İnqilabının düşmənlərinin bizə qarşı zalımcasına tətbiq etdikləri sanksiyaların heç bir təsiri olmadığını demirəm. Heç şübhəsiz, bunun təsiri vardır. Lakin mən bu sanksiyaların istehsalın rövnəqlənməsi istiqamətində mütəşəkkil, planlı və kollektiv səylərin qarşısını ala biləcəyini inkar edirəm. Mən bunu qəbul etmirəm. Mən ölkənin müxtəlif istehsalat sahələrinə baxıram. Bəzi sahələrdə düşmənlərin təzyiqləri, sanksiyaları və bu kimi məhdudiyyətlər daha ağır və güclü olduğuna baxmayaraq, rəsmilərin, rəhbər işçilərin və zəhmətkeş gənclərin böyük səyləri nəticəsində istehsalat inkişaf etmişdir. Mən bunu görürəm, müşahidə edirəm. Bu, hamının gözü qabağındadır. Müdafiə sənayesinə baxın;  bugünkü durumu on il, on beş il, hətta iyirmi il əvvəllə müqayisə edin. Görəcəksiniz ki, biz heyrətamiz bir inkişaf yolu keçmişik. Hərbi texnikanın istehsalı sahəsində biz inanılmaz nailiyyətlər əldə etmişik. Halbuki hərbi sahədə düşmənlərin sanksiyaları daha ağır olmuşdur. Özü də bu sanksiya və təzyiqlər bu ilə və ya keçən ilə aid deyil. Bu ağır sanksiyalar illər öncədən var idi, buna baxmayaraq biz inkişaf etdik. Həmçinin bio-texnologiya sahəsində biz böyük inkişaf yolu keçmişik. Halbuki bu sahədə də həmin məhdudiyyət və sanksiyalar mövcud idi. Hətta dünyanın məşhur universitetlərində iranlı tələbələrin bu ixtisaslar üzrə təhsil almasına, tədqiqatlar aparmasına və özlərini inkişaf etdirmələrinə icazə verilmirdi. Buna baxmayaraq, sözügedən elm sahələrində ölkəmiz nəzərəçarpacaq dərəcədə inkişaf etmişdir və bunu hamı görür. Maraqlananlar bu barədə kifayət qədər məlumat əldə edə bilərlər, bunlar məxfi məlumatlar deyil. Və ya elmin yeni sahələrində, məsələn, nano-texnologiya sahəsində – belə ki bu, dünyada yeni texnologiyalardan biridir – dünyada heç kim bizə kömək etmir, etməmişdir, bundan sonra da etməyəcəkdir. Biz qabaqdayıq, bizim gənclərimiz, tədqiqatçılarımız, alimlərimiz bu sahələrdə işləyir, səy göstərirlər. Onlar diqqətəlayiq  nailiyyətlər əldə etmiş və inkişaf yolu qət etmişlər. Məsələn, nano-texnologiya sənayesinə baxın. Elə bu hüseyniyyədə sərgi təşkil edilmişdi(3) və mən bu işə böyük marağı olan gənclərlə, eləcə də bu sahədə fəaliyyət göstərən müxtəlif şirkətlərlə yaxından tanış oldum. Əlbəttə, bu barədə mənə məlumatlar verilmişdi, məlumatım var idi, lakin həmin gün yaxından tanış oldum. Onlar iş görürlər, səy göstərirlər, irəli gedirlər. Bu gün biz nano-texnologiya şirkətləri baxımından on il, on beş il əvvəllkinə nisbətən xeyli inkişaf etmişik. Bunların hamısı sanksiyalar dövründə reallaşıb. Bəli, əgər düşmənlərin zülmkar sanksiyaları olmasaydı, biz bu sahələrdə daha çox qabağa gedə və inkişaf edə bilərdik. Mən bunu inkar etmirəm. Əlbəttə, ola da bilsin ki, biz bu sahələrə əhəmiyyət verməz, ölkənin ehtiyaclarını nəzərə almaz, neftin pulunu xərcləməklə, idxalatla və s. ölkə üçün istehsalın inkişafını yaratmayan işlərlə məşğul olardıq. Belə də ola bilərdi. Bunu da nəzərə almaq lazımdır ki, kənardan bizə qoyulan qadağa və məhdudiyyətlərin bizim inkişafımıza müəyyən qədər təsiri olmuşdur. Bunu qiymətləndirmək lazımdır. Bizə vermədilər, biz də məcbur olub özümüz işə başladıq. Lüzumsuz idxalın yolu açıq olanda, istədiyin hər şeyi alıb gətirə biləndə, rahatlığa düşkünlük insanı tənbəlliyə, işsizliyə sürükləyir. Bu da məsələnin bir tərəfidir. Odur ki mən istehsalın üzərində təkidlə dayandıqda heç kəs deməsin ki, bu ağır sanksiyalar şəraitində istehsalın güclənməsi mümkün deyil. Xeyr, mümkündür. Əgər siz bir işi görməyi qərara alsanız, bunun üçün çalışsanız, kadrlarınızı bu işə cəlb etsəniz, eləcə də Allah-taaladan kömək və hidayət istəsəniz, bu iş həyata keçəcəkdir. Biz bunu sınaqdan keçirmişik.

Hal-hazırda biz bəzi sənaye sahələrində dünyada öndə gedirik; məsələn, bəndsalma sahəsində. Bu sahədə bu nöqtəyə gəlib çatmağımız üçün dünyada bizə kim kömək etmişdir? Bu gün İran bəndsalma sahəsində dünyanın öndə gedən ölkələrindən biridir. Bəzi ölkələrdə Qərb ölkələrinin və ya başqa ölkələrin şirkətləri çox baha başa gələn bəndlər salırlar. Həmin işlər ölkəmizin gənc mütəxəssislərinə həvalə edilsəydi, bəlkə də, daha keyfiyyətli və daha ucuz qiymətə ərsəyə gələrdi. Biz bu sahədə inkişaf etmişik. Bu illər boyunca bizə kim kömək edib? Nüvə enerjisi sahəsində də, başqa sahələrdə də məsələ eyni şəkildədir.

Mənim fikrimcə, əgər istehsal məsələsinə əhəmiyyət verilərsə, ölkənin iqtisadi problemləri, o cümlədən mühüm problemlərdən olan fəhlə ictimaiyyətinin çətinlikləri, məişət problemləri, işsizlik məsələsi – bu barədə bizə məlumatlar çatır, biz bunları bilirik – bütün bu problemlər həllini tapar. İstehsal məsələsinin reallaşması məşğulluğun səviyyəsini yüksəldəcək, yeni iş yerlərinin açılmasına yol açacaq, əhalimizdə özünəinam, başqalarından ehtiyacsızlıq hissi yaradacaqdır. Bir ölkə özünün daxili gücünə arxalanarsa, onda ehtiyacsızlıq hissi yaranar. İnsan dünya ilə on cür məsələni həll etmək istəyə bilər, amma danışıqlar masasına qüdrət və ehtiyacsızlıq, yoxsa acizlik və möhtaclıq hissi ilə əyləşməyin fərqi çoxdur. İnsan özünü qüdrətli hiss etdikdə  müzakirələri də analoji şəkildə aparır,  özünü aciz və möhtac hiss etdikdə isə başqa bir cür danışır. Əgər bütün sahələrdə, xüsusilə də iqtisadiyyatda daxili struktur möhkəm olarsa, istənilən tərəf müqabili ilə istənilən məsələni müzakirə etmək olar. Belə olduğu vaxt insan aciz və  möhtac bir mövqedən yox, qüdrətli bir mövqedən çıxış edərək danışıqlar aparır. Aciz və ehtiyaclı mövqedə olmaq düşmənin dilini uzun edir, düşmən daim qarşıya şərtlər qoyur, əsassız və boş sözlər danışır. Mən problemin həlli yolunu bunda görürəm. Mən deyirəm və ilin ilk günü də dedim ki, hamı bütün qüvvəsini müxtəlif sahələrdə istehsalın rövnəqlənməsinə istiqamətləndirməlidir.

Sözsüz ki, bu işin tələb və zərurətləri vardır. Həm investorların, həm fəhlə və işçilərin, həm istehlakçıların, həm  də dövlətin icraedici qurumlarının öhdəsinə  müəyyən vəzifə və məsuliyyət düşür. Bu iş birtərəfli deyil; hamı həmkarlıq etməlidir. Dövlət və xalqın birlik və həmrəyliyi dedikdə biz bunu nəzərdə tuturuq. Yəni ölkənin tərəqqi və inkişafı yolundakı bu böyük maneəni qaldırmaq üçün hamı əməkdaşlıq etməlidir.

Sərmayədarlar fəal şəkildə istehsalata investisiya qoymalıdırlar. Mən elə insanlar tanıyıram ki, əllərindəki sərmayəni daha gəlirli qeyri-istehsal sahələrinə qoya bilərdilər, amma bunu etməyiblər, ölkəyə xidmət göstərmək istədiklərini bildiriblər. Onlar gəlirin aşağı olmasına baxmayıb istehsalata sərmayə qoyublar. Çünki onlar başa düşürlər ki, bu gün ölkənin buna ehtiyacı var. Bu, ibadətdir. Ölkənin ehtiyacını düşünən bir investor pulunu gəliri çox, lakin ölkə üçün zərərli olan işlərə, vasitəçiliyə sərf etməyib, ölkədə istehsala sərmayə qoyursa, bu, yaxşı bir əməldir. Odur ki milli istehsalın rövnəqlənməsi məsələsində investorların rolu böyükdür.

Bu məsələdə düzgün işləyən fəhlənin də rolu vardır. İşin çətinliklərinə sinə gərən – axı işləmək çətindir, fiziki iş həyatdakı çətin işlərdəndir – təmiz iş görməkdən ötrü ömrünü, vaxtını və gücünü sərf edən fəhlə, həqiqətdə, ibadət edir. Bu, bir yaxşı əməldir. Sizinlə keçirdiyimiz görüşlərdə əziz Peyğəmbərdən (s.ə.v.s) olan bu hədisi dəfələrlə nəql etmişəm:

رَحِمَ اللهُ اِمْرَأً عَمِلَ عَمَلًا فَأَتْقَنَهُ.

“Allah rəhmət etsin işini möhkəm görən insana.”(4)

İstər sənayedə, istər kənd təsərrüfatında, istər digər sahələrdə əsaslı işlər görülərsə, keyfiyyətli məhsul əldə edilər. Bu da fəhlənin roludur. Bu da ibadətdir.

İnsaflı və vicdanlı istehlakçılar da ölkədə istehsalın inkişafına yardım edə bilər. İstehlakçılar brend, marka arxasınca qaçmamalıdırlar. Ağızlarına bir söz düşüb: brend, brend. İstehlakçılar nəyin məsləhətli, ölkənin mənafeyinə uyğun olduğuna baxmalıdırlar.  Ölkənin mənafeyi daxildə istehsal olunan məhsullardan istifadə etməyi, iranlı fəhləyə, işçiyə kömək etməyi tələb edir. Bəziləri canfəşanlıqla  fəhlələrin xeyrinə şüarlarla çıxış edir, qışqırmaqdan boyunlarının damarları çıxır, amma əməldə iranlı fəhləyə təpik vururlar. İranlı fəhləyə təpik vurmaq budur ki, həmvətənləri onun istehsal etdiyi məhsuldan istifadə etmir, eyni malı xaricdən idxal edir; bəzən hətta daha baha qiymətə. Biz bəzi sənaye sahələrində dünyada öndə gedən ölkələrdənik, amma bəziləri analoji məhsulları ölkəyə xaricdən idxal edirlər. Daxili məhsullardan istifadə etmək hamının, o cümlədən dövlətin vəzifəsidir. Bu məclisdə Əmək və İctimai Rifah Naziri iştirak edir. Sizdən xahiş edirəm, rəsmi iclaslarda dövlət qurumlarında istifadə olunan məhsulların qəti şəkildə xaricdən idxal edilməməsi məsələsini qaldırın və üzərində təkidlə dayanın. Bu, əsas və böyük bir məsələdir. Çünki dövlət qurumlarının çoxluğu etibarilə dövlətin özü birinci dərəcəli istehlakçıdır. Özü də deməsinlər ki, filan şey bizə lazımdır və daxildə istehsal olunmadığına görə xaricdən idxal etməyə məcburuq. Məgər siz planlı şəkildə hərəkət etmirsiniz? Əgər hansısa məhsula ehtiyacınız varsa, bunu nə üçün bu gün deyirsiniz? İki il öncə deyərdiniz, daxili istehsalçılar da həmin məhsulun istehsalını planlaşdırardılar, istehsal edərdilər, sınaqdan keçirərdilər və siz də bu gün onu əldə edərdiniz. Bunlar mühüm məsələlərdir, xırda məsələlər deyil. Dövlət istifadə etdiyi hər bir şeyi – masa üzərindəki qələm-kağızdan tutmuş inşaat materiallarına qədər –  daxildə istehsal oluna biləcəyi təqdirdə xaricdən idxal etməyi özünə qadağan və haram etməlidir. Dövlət rəsmiləri komforta can atmanın  – hələ bu, məsələnin yaxşı tərəfidir –  və Allah eləməmiş, sui-istifadə hallarının qarşısını almalıdırlar.

Biz bunu da sınaqdan keçirib görmüşük. İllər öncə bir iş görülürdü – bir obyekt tikmək istəyirdilər. Mən həmin layihənin məsul şəxsləri ilə görüşdüm və onlara dedim ki, görmək istədikləri bu işdə heç bir xarici məhsuldan istifadə etməməyə çalışsınlar. Onlar da xarici məhsuldan istifadə etməyəcəklərinə söz verdilər və kişi kimi sözlərinin üstündə dayandılar. Sonda bizə məlumat verildi, özümüz də araşdırıb  gördük ki, istifadə olunmuş məhsulun 98 faizi ölkə daxilində istehsal edilmişdir. Məhsulun yalnız bir-iki faizi ölkə daxilində olmadığına görə xaricdən gətirilmişdi. Deməli, bunu etmək mümkündür. İstehlakçılar da daxili istehsalın güclənməsinin, rövnəqlənməsinin dayaqlarından biridir.


Milli istehsalın inkişafının digər bir vacib sütunu qaçaqmalçılıqla mübarizədir. Qaçaqmalçılıqla mübarizə məsələsini biz çox vurğulamışıq. Bu illər ərzində hökumət kabinetləri bir neçə dəfə dəyişib. Bu iş hökmən reallaşmalıdır və reallaşması da mümkündür. Qoy deməsinlər ki, bu mümkün deyildir. Birmənalı olaraq mümkündür. Qaçaqmalçılığın qarşısı qətiyyətlə alınmalıdır. Bir vaxtlar mən belə bir fikir söyləmişdim, demişdim ki, qaçaq mallar təkcə sərhəd rayonlarında təqib edilməsin. Hal-hazırda ölkə daxilində qaçaq yolla gətirilmiş mallara milyardlarla dollar sərf olunur – statistikalar müxtəlif olduğuna görə mən dəqiq bir rəqəm deyə bilmirəm, amma çox böyük bir məbləğdən söhbət gedir. Qaçaq mal ölkə sərhədlərindən və hətta sərhəddən də irəlidən tutmuş mağazalara, piştaxtalara qədər təqib edilməlidir. Bu, olduqca mühüm bir məsələdir. Qaçaqmalçılıqla mübarizə aparanlar da cihad edirlər, ibadət edirlər. Bu da yaxşı bir əməldir.

Digər bir aparıcı sütun isə idxalatı idarə edən dövlət qurumlarıdır. Bu qurumlar da bir sıra məsələlərə diqqət yetirməlidirlər. Dövlətin balansında olmayan sektorlar var. Özəl şirkətlər fəaliyyət göstərir və buna icazə verilibdir. Amma dövlət qurumları onların işinə nəzarət etməklə idxalatın daxili istehsala zərbə vurmasının qarşısını ala bilərlər.

Başqa bir mühüm məsələ isə reklam məsələsidir, kütləvi informasiya vasitələrində aparılan təbliğatdır. Kütləvi informasiya vasitələri, media və yayım şirkətləri və digər orqanlar  daxili məhsuldan istifadə, daxili istehsalın gücləndirilməsi istiqamətində sözün həqiqi mənasında iş görməlidirlər. Reklamın, təbliğatın təsiri böyükdür.

Qanunun sabitliyi də digər bir mühüm məqamdır və burada iş İslam Şurası Məclisinin öhdəsinə düşür. İqtisadi məsələlər, o cümlədən məşğulluqla bağlı qanunlar vaxtaşırı dəyişməməlidir. Qoy işlərini planlaşdırmaq istəyənlər bunu rahat şəkildə edə bilsinlər.

Mədəniyyət sahəsinə nəzarət edən, bu sahəni idarə edən dövlət qurumları da bikarçılığın, məsuliyyətsizliyin, çətin işlərdən qaçmağın qınanması istiqamətində müəyyən tədbirlər görməlidirlər. İşin çətinliyini qəbul etmək lazımdır. Əgər biz çətin işləri özümüzə qəbul etdirməsək, bir yerə gedib çata bilmərik. Axı təkcə asan işləri görmək kifayət etmir. Hansı sahədə olursa-olsun, insan çətin işləri də qəbul etməlidir. Sənayedə, texnologiyada, elmin müxtəlif sahələrində yüksək dərəcələrə gəlib çatan insanlar bu nailiyyətləri çətin işləri özlərinə qəbul etdirdiklərinə görə əldə edə bilmişlər. Bunun üçün insanlarda bir yanaşma, baxış formalaşmalıdır. Təkcə asan işləri qəbul etməklə inkişaf etmək mümkün deyil.

Korrupsiyaya qarşı mübarizə aparan qurumların da bu sahədə özünəməxsus rolu vardır. Korrupsiyadan çox danışılır, amma təkcə danışmağın heç bir faydası yoxdur. “Oğru, oğru” deməklə oğru oğruluğundan əl çəkməyəcək. Hərəkətə keçmək, iş görmək lazımdır. Ölkə rəsmiləri qəzet və mətbuat deyil ki, korrupsiya barəsində elə ancaq danışıb dursunlar. Bəli, mətbuatda korrupsiya haqda danışıla bilər, biz isə ölkə rəsmiləri, məsul şəxslər olduğumuz üçün iş görməliyik. Təkcə danışmağın nə faydası var? Hərəkətə keçin, iş görün. Bacarırsınızsa, korrupsiyanın qarşısını tamamilə alın.

Bunlar bizim üzərimizə düşən vəzifələrdir. Ölkənin iqtisadi çətinliklərinin əlacı budur. Ölkədəki iqtisadi problemləri həll etməkdən ötrü daxili istehsalın üzərində möhkəm dayanmaq lazımdır. Bu işdə hamı məsuliyyət daşıyır; mən hər kəsin öhdəsinə düşən məsuliyyətə toxundum. Əlbəttə, bəzilərinin məsuliyyəti daha ağır, bəzilərininki isə nisbətən yüngüldür. Lakin qeyd etdiyim kimi, hamı məsuliyyət daşıyır. İqtisadi problemlərin həllinin açarı Lozannada, Cenevrədə, Nyu Yorkda deyil, ölkənin daxilindədir. Hər kəs əlindən gələni etsin, inşallah, çətinliklər həll olacaq. İran xalqı və ölkə rəsmiləri bu illər ərzində bundan da böyük işlər görmüşlər, görə bilmişlər. İstehsalat məsələsindəki çətinlikləri də həll edə biləcəklər. Hazırkı dövlət də, Allaha həmd olsun ki, ürəklə işləyir və dövləti peşəkar kadrlar idarə edir. Qoy çalışsınlar, iş görsünlər, araşdırsınlar və inşallah, çətinlikləri həll etsinlər.

Ölkəmizin fəhlə ictimaiyyəti arasında sözün həqiqi mənasında nəcib insanlar təmsil olunur. Mən inqilabın ilk günündən bəri, hətta inqilab qəti qələbəyə nail olmamışdan qabaq – 57-ci ildə, ölkədə baş qaldırmış kütləvi nümayişlər dövründə – fəhlə sinfini İslam İnqilabı ilə üz-üzə qoymaq istəyənlərin nələr etdiklərini görmüşəm. Həmin fəalların bəzilərini yaxından tanıyırdım, fəaliyyətlərinin şahidi olurdum. İnqilabdan sonrakı illər ərzində də belə cəhdlər olmuşdur. Mən özüm prezident olduğum dövrdə və sonrakı illərdə hər zaman fəhlə ictimaiyyətini İslam hökuməti ilə üz-üzə qoymaq istəyənlər olmuşdur. Amma ölkənin fəhlə ictimaiyyəti dönməzlik və nəcabətlə çətinliklərə dözdü, dayandı. Bu, olduqca dəyərlidir. Ölkə rəsmiləri çətinliklərə dözüb işləyən bu böyük fəhlə ictimaiyyətini layiqincə dəyərləndirməlidirlər. Bu nəcibliyin mükafatı budur ki, hamı, inşallah, çətinliklərin aradan qaldırılması üçün çalışsın. Allah-taala da gözəl niyyətli, yaxşı işlər görmək istəyən, yaxşı hədəflərə doğru can atan insanlara, mütləq,
kömək edəcəkdir.

Ümidvaram ki, Allah-taala Öz lütf və mərhəmətini sizin hamınıza, siz əziz fəhlə və zəhmətkeşlərə, bu sahənin başında duran müxtəlif dövlət qurumlarının rəsmilərinə şamil edəcəkdir. Allahdan arzum budur ki, fəhlə ictimaiyyətinin şəhidlərini məhşərə Peyğəmbərlə (s.ə.v.s) birlikdə gətirsin. Bu yolu bizim üzümüzə açan əziz liderimiz İmam Xomeynini (r.ə) məhşərə Peyğəmbərlə (s.ə.v.s) birlikdə gətirsin.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

______________________________________
(1) Ali Məqamlı Rəhbərin çıxışından qabaq Əmək və İctimai Rifah Naziri cənab Əli Rəbii məruzə etdi.
(2) Usdul-ğabə, c.2, s.185.
(3) İmam Xomeyni (r.ə) adına hüseyniyyədə 11/11/1393 tarixində təşkil olunan “Nano-texnologiya sahəsindəki nailiyyətlər sərgisi”nə işarə edilir.
(4) Əli ibn Cəfərin məsələləri və Mustədrəkatha, s.94 (cüzi fərqlə).