Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
İlk öncə, əziz qardaş və bacılarımın hamısına, xalqın ən önəmli, ən əhəmiyyətli ehtiyacını təmin edən, bu böyük vəzifəni öhdəsinə götürmüş təhlükəsizlik qüvvələrinin əməkdaşlarına və rəsmilərinə, eləcə də bugünkü görüşdə iştirak edən hörmətli Daxili İşlər Nazirinə(2) xoşgəldin deyirəm. Allah hamınıza uğurlar nəsib etsin və kömək olsun, inşallah.
Allah-taala rəcəb ayını bir daha yaşamaq səadətini bizə nəsib etmişdir və biz hamımız bu ilahi uğura görə bir-birimizi təbrik etməliyik. Rəcəb ayı ilahi dəyərlərə, Rəbbin müqəddəs zatına yaxınlaşmaq, özünü islah etmək üçün bir fürsətdir. Hədislərdə fəzilətli günlər kimi tanıtdırılan bu günlər əlimizə düşən fürsətdir, hər bir fürsət isə nemətdir və ona görə şükür etmək gərəkdir. Nemətə şükür etmək o deməkdir ki, insan o neməti tanısın, onun tələbinə uyğun rəftar etsin, ondan bəhrələnsin, bu nemətin ona Allah tərəfindən verildiyini bilsin və onu Allah yolunda sərf etsin. Rəcəb ayı da bu nemətlərdən biridir. Sonra şəban ayı gəlir ki, o da başqa bir nemətdir. Bu iki ay kamil insanların, tövhid və məna əhlinin nəzərində ramazan ayının müqəddiməsidir. Ramazan ayı isə merac ayıdır, mənəvi saflaşma, özünütərbiyə ayıdır. Bizim hamımızın buna ehtiyacı var. Rəcəb ayını dəyərləndirin, bu ayda aləmlərin Rəbbinin dərgahına bacardıqca çox raz-niyaz edin. Allahı yad edin və hər işi Allaha xatir yerinə yetirin. Çəkdiyiniz bu zəhmətləri Allah yoluna həsr edin.
Sizin işiniz o işlərdəndir ki, ilahi niyyət və qəsdi-qürbəti onda çox asanlıqla təmin etmək olar. Bütün işləri Allaha xatir yerinə yetirmək olar. Hətta gündəlik dolanışıq üçün çalışmaq, işləmək də Allaha xatir ola bilər. Amma bəzi işlərdə ilahi niyyət etmək daha asandır. Onlardan biri də sizin işinizdir. Çünki sizin işiniz cəmiyyətə xidmətdir, insanlara xidmətdir, İslam ölkəsinə, İslama xidmətdir, İslama köməkdir. Bir qədər öncə əziz gəncimiz bir Quran ayəsi oxudu:
يٰأَيُّهَا الَّذِينَ ءَامَنُوا كُونُوا أَنْصَارَ اللهِ...
“Ey iman gətirənlər, Allahın köməkçilərindən olun!” (“Səf” surəsi, ayə 14)
Allaha yardım edənlərdən, Allahın köməkçilərindən olmaq – bunun nümunələrindən biri də sizin gördüyünüz işdir. Sizin işiniz, həqiqətən də, İslama, dinə, camaata kömək ola bilər. Odur ki sizin Allaha yaxınlaşmağı niyyət etməyiniz, “İlahi, mənim göstərdiyim bu xidmət, idarədə və vəzifə başında keçirdiyim saatlar, işlərin yaxşı getməsi üçün çəkdiyim zəhmətlər, işdən sonra idarədə beş dəqiqə əlavə qalıb gördüyüm iş Sənə xatirdir” – deməyiniz işinizi Allaha xatir yerinə yetirməyiniz üçün bir fürsətdir. Bu ayın bərəkətlərindən istifadə edin; qeyd etdiklərim də bunun bir nümunəsidir.
İlk öncə, təhlükəsizlik qüvvələrinə təşəkkür etməyi özümə borc bilirəm. Çox yaxşı işlər həyata keçirilir. Doğrudur, bəzi məqamlarla bağlı bəzi iradlar ola bilər, lakin bu strukturun ölkə səviyyəsində yerinə yetirdiyi işlər və çəkdiyi zəhmətlər, həqiqətən də, təqdirəlayiqdir. Buna misal olaraq, bayram günlərində həyata keçirilən təhlükəsizlik tədbirlərini qeyd etmək olar. Bayram günlərində camaatın çoxu evlərində, doğmalarının, övladlarının yanında olur, amma sizin uşaqlar, gənc polis əməkdaşları yollarda, şəhərlərdə başqalarının asayiş və təhlükəsizliyi, rahatlığı üçün çalışırlar; küçələrdə, yollarda, şəhər daxilində bir, polis idarələrində başqa bir şəkildə xidmətdədirlər. Bu, olduqca dəyərlidir və onlara təşəkkür etmək bizim borcumuzdur. Mən də öz növbəmdə onlara təşəkkür edirəm.
Təhlükəsizlik qüvvələrinin əhəmiyyəti – belə ki biz bu strukturun əhəmiyyətini dəfələrlə vurğulamışıq – onların daşıdığı vəzifənin əhəmiyyətindən qaynaqlanır. Hər bir insanın əhəmiyyəti onun öz öhdəsinə götürdüyü vəzifə və məsuliyyətlə ölçülür. Bir insan, bir təşkilat məhz bununla əhəmiyyət kəsb edir. Sizin öz öhdənizə götürdüyünüz vəzifə ölkədə asayiş və təhlükəsizliyin qorunmasıdır. Asayiş, təhlükəsizlik, sabitlik son dərəcə mühümdür. Asayiş və təhlükəsizliyin olmadığı yerlərdə insanlar bunun dəyərini daha yaxşı anlayırlar. Kişi və qadınlar, uşaq və gənclər evdən çıxanda yenidən evə dönə biləcəklərinə əmin olmadıqda, küçə və yollarda asayiş hökm sürmədikdə, vətəndaşları faciəli hadisələr təhdid etdikdə, öz evində oturan insanlar asayiş içində olduqlarını hiss etmədikdə təhlükəsizliyin nə qədər əhəmiyyətli olduğunu dərk edirlər. Ölkə səviyyəsində asayiş və təhlükəsizliyi bərqərar etmək və qorumaq sizin işinizdir. Təhlükəsizlik və asayişin keşiyində duran ən önəmli struktur Polis Qüvvələridir. Bu təşkilat olduqca mühüm bir vəzifəni yerinə yetirir və onun əhəmiyyəti də elə yerinə yetirdiyi bu vəzifəyə görədir.
Heç şübhəsiz, təhlükəsizlik reklamla, dildə deməklə başa gələn bir məsələ deyil. “Biz asayişi təmin etmişik, şəhər daxilində və yollarda təhlükəsizliyi bərqərar etmişik” – deyə yüzlərcə elanlar verilsə, çıxışlar edilsə də, əgər insanlar gecə vaxtı yollarda təhlükə ilə qarşılaşsalar, bu sözlərin heç bir mənası olmayacaq. Yüz söz yarımçıq görülmüş bir işin yerini vermir. Camaat, əhali özünü asayiş və təhlükəsizlik içində hiss etməlidir. Bu isə asayiş və sabitliyin həqiqətən mövcud olmasına bağlıdır. Asayiş, təhlükəsizlik bir gerçəklik olmalıdır. Əlbəttə ki, yaxşı işlər həyata keçirilmişdir. Hörmətli komandirin öz məruzəsində açıqladığı statistika, eləcə də mənim bir çox məruzələrdə rast gəldiyim statistik rəqəmlər təqdirəlayiqdir. Lakin bununla kifayətlənməməliyik. Ölkədə asayiş və təhlükəsizliyin səviyyəsini bacardıqca yüksəltməyi qarşıya məqsəd qoymaq, bu istiqamətdə çalışmaq lazımdır. Məsələn, küçələrdə baş verən xuliqanlıq hallarının faizini filan qədər azaltmaq kifayət etmir. Məqsədiniz bu olmalıdır ki, küçələrdə heç bir xoşagəlməz hadisə baş verməsin. Şəhər daxilində oğruluq halları və asayişi pozan bu kimi hadisələr baş verməsin. Bu məqsədlər üçün çalışmalısınız. Əgər səylərinizi bu istiqamətə yönəltsəniz, təbii ki, işlər dayanmadan irəliləyəcək, yəni görülən işlərin sürət tempi aşağı düşməyəcək.
Başqa bir mühüm məsələ bundan ibarətdir ki, ictimai və fərdi təhlükəsizlik dedikdə təkcə, məsələn, evdən çıxıb işə və ya məktəbə gedərkən, yolda kiminsə sizin üstünüzə bıçaq çəkməməyi nəzərdə tutulmur. Bəli, insanların fiziki təcavüzə məruz qalmamaları da təhlükəsizliyin bir qoludur, buna söz yox, amma üzdə görünməyən, lakin insanlar üçün dəfələrlə artıq təhlükə yaradan digər məsələlər vardır. Məsələn, narkotik maddələrin yayılmasının yaratdığı təhlükə. Əgər bizim istirahət məkanlarımızda, küçələrimizdə, məktəblərimizdə və başqa məkanlarda gənclərin, xüsusilə gənclərin narkotik maddələrin istifadəsinə sövq edilməməsi sarıdan arxayınlıq olmazsa, bu, çox təhlükəli bir haldır. Gənclərimizin əxlaqsızlığa sövq edilməyəcəyi sarıdan arxayınlığımız olmazsa, bu, çox təhlükəlidir. Siz də bilirsiniz, bizim də xəbərimiz var ki, hansısa kənar qüvvələr tərəfindən həvəsləndirilən müəyyən şəxslər böyük pullar xərcləyərək bizim gənclərimizi müxtəlif məkanlarda təşkil edilən gecə yığıncaqlarında əxlaqsızlığa sövq etməyə çalışırlar. Özü də bu, məsələn, bir gəncin şəriətə zidd bir hərəkət etməsindən tam fərqli bir məsələdir. Gənclərin əxlaqsızlığa sövq edilməsi təhlükəsizliyi hədəfə alan çirkin bir əməldir. Siz buna mane olmalı, bu kimi halların qarşısını almalısınız. Gənclərimiz küçələrdə fiziki təcavüzə məruz qalmasalar da, mənfi təsir nəticəsində məktəblərdən, universitetlərdən, parklardan, ticarət mərkəzlərindən, küçədəki dostları arasından gecə yığıncaqlarına, əxlaqsızlığa sürüklənirlərsə, bu, təhlükəsizliyə zərbədir. Bunlar asayiş və təhlükəsizliklə bağlı mühüm məsələlərdir. Yəni əgər bu məsələlər nəzərə alınmazsa, əslində, təhlükəsizlikdən danışmaq mənasızdır. Bir sözlə, narkotik maddələr, cəmiyyətin əxlaqsızlığa, namussuzluğa sövq etdirilməsi və s. bu kimi işlərlə mübarizə təhlükəsizlik baxımından mühüm məsələlərdir.
Digər bir məsələ isə budur ki, eşitdiyimə görə, var-dövlətdən, lovğalıqdan başı gicəllənən bəzi gənclər bahalı avtomobillərlə şəhərin yollarında sürət həddini gözləmədən at oynadır, yollarda asayiş və təhlükəsizliyi pozurlar. Bu da təhlükəsizliyə, bir növ, təhdiddir. Asayiş və təhlükəsizliyin istənilən formada pozulması hallarına qarşı lazımi fəaliyyət planları hazırlanmalı, ölçü götürülməlidir. Bunlar təhlükəsizliyin müxtəlif cəhətləridir.
Başqa bir mühüm məsələ – mən bunu dəfələrlə təkrar etmişəm – polisin iqtidarı məsələsidir. Ölkədə təhlükəsizliyi təmin etmək vəzifəsini daşıyan bu qurum İslam Respublikası hökumətinin simasıdır. Yəni İslam Respublikası hökumətinin vəzifələrindən biri də ölkədə asayiş və təhlükəsizliyi təmin etməkdir. Əxlaqi, ictimai və digər sferalarda təhlükəsizliyi təmin etmək bizim üzərimizə düşən vəzifələrdən biridir; İslam Respublikasının vəzifələrindəndir. Biz buna biganə qala bilmərik. Bu təhlükəsizliyin təzahürü, onu cəmiyyətdə qoruyan və təmin edən əsas qüvvə isə polisdir. Məhz buna görə də bu təşkilat güc və iqtidara malik olmalıdır. Siz qüdrətli, qətiyyətli olmağı bacarmalısınız. Lakin burada incə bir məqama diqqət yetirmək lazımdır və o da bundan ibarətdir ki, iqtidarı zülm ilə səhv salmaq olmaz. İqtidarı sərhəd tanımamaq, azğıncasına hərəkət etməklə qarışdırmaq olmaz. Bəzi ölkələrdə – məsələn, Amerikada – polis çox qüdrətlidir. Videogörüntülərdə ictimai məkanlarda, yollarda qanun-qaydanın qorunmasına cavabdeh olan, amma günahsız bir insanı vurub öldürən hündürboy, enlikürək polisləri görürük. Bu polislər kimisə, məsələn, onların üstünə silah çəkmək istəməsi adı ilə on beş-on altı güllə ilə vurub öldürür, atasını yandırırlar. Bu iqtidar bəyənilən bir iqtidar deyil. Bu, zülm ilə yanaşı olan iqtidardır. Bu iqtidar təhlükəsizliyi təmin etmir, əksinə, onu təhdid edir. Bunun özü qeyri-sabitliyə, asayiş pozuntusuna yol açan bir amildir. Sonra da bu polislərin işi məhkəməyə verilir, məhkəmə də onlara bəraət qazandırır. Təəssüflər olsun ki, mənəvi dəyərlərə etina etməyən bugünkü dünyada belə hadisələrə çox rast gəlinir. Maraqlısı isə budur ki, prezidenti qaradərili bir insan olan Amerikada qaradərililərə qarşı belə rəftar edilir. Kiminsə, hansısa prezidentin quldarlığı ləğv etməsi münasibətilə təqvimdəki günlərdən birini bayram edirlər – hələ bunun özü də əsaslı şəkildə sual altındadır; yəni onlar ki deyirlər Amerika prezidenti Abraham Linkoln quldarlığı aradan qaldırıb, bəzi tarixçilərin dəqiq araşdırmalarına görə, həqiqət heç də belə deyil. Orada əsas məsələ quldarlığın ləğvi olmayıb. Əsas məsələ Amerikanın şimalı ilə cənubu, şimal və cənub arasında ardı-arası kəsilmədən sürən uzunillik, köklü müharibələr, bir tərəfdən fermerlik və əkinçilik, digər tərəfdən isə inkişaf edən sənaye arasındakı qarşıdurma olub. Dava bu dava olub; ortada həqiqi humanizm, insanlığa hörmət məsələsi olmayıb – eyni halda qaradərililər zülmə, haqsızlığa, təhqirlərə məruz qalır, hətta canları da təhlükədədir.
Polisin belə iqtidarı İslamın və bizim istədiyimiz iqtidar deyil. Biz polisimizin Hollivud filmlərindəki polislərə bənzəməsini istəmirik. Biz istəyirik ki, bu təşkilat üzərinə düşən vəzifəni sözün həqiqi mənasında yerinə yetirsin. Yəni qüdrətli və qətiyyətli, eyni zamanda ədalətli və mərhəmətli olsun. Bəzi məqamlarda mərhəmət göstərmək lazımdır. Bu, İslamın simasıdır. Allah-taala bir tərəfdən rəhman və rəhimdir, digər tərəfdən isə ağrılı əzab verəndir. Bu iki cəhət yanaşı olmalıdır. Bu iki cəhət cəmiyyətin bütün təbəqələrinin həyatında, o cümlədən, polislərin davranışında öz əksini tapmalıdır.
Zənnimcə, mühüm məsələlərdən biri də qanunun aliliyidir. Qanunun aliliyi iki sahədə gözlənilməlidir: biri cəmiyyətlə münasibətdə, yəni cəmiyyətdə qanunlar pozulduqda siz bunun qarşısını almalısınız, digəri isə qurumun daxilində, yəni hər bir polis əməkdaşı sözün həqiqi mənasında qanuna tabe olmalı, qanunçuluğa riayət etməlidir. Qurumun daxilində qanuna hər yerdən daha çox riayət olunmalıdır. Polis əməkdaşlarının sağlam kadrlar olması mühüm bir məsələdir. Sağlam kadrlar! Mən bu illər ərzində əvvəlki komandirlərə daim tövsiyə etmişəm, indi də Polis Qüvvələrinin möhtərəm komandirinə və digər məsul işçilərinə təkidlə tövsiyə edirəm ki, əməkdaşlarının sağlam kadrlar olması məsələsini əhəmiyyətsiz saymasınlar. Kadrlar sağlam olmalıdır! Siz digər güc strukturlarından fərqlənirsiniz. Siz cəmiyyət arasındasınız, camaat sizinlə təmasdadır. Digər strukturların əməkdaşları ilə müqayisədə sizin, Allah eləməmiş, yol verdiyiniz hər bir qanun pozuntusunu, iradlı cəhəti, yanlış rəftarı və ya bəyənilməyən əməli camaat daha çox görür. O zaman təkcə xidmət etdiyiniz qurumun nüfuzu aradan getmir. Qeyd etdiyim kimi, bu struktur dini hökumətin, İslam Respublikası quruluşunun xalqın içindəki nümayəndəsidir. O cür hallar hamının nüfuzuna zərbədir. Elə bu səbəbdən də əməkdaşlarınızın sağlam kadrlar olmasına böyük əhəmiyyət verin. Bu məsələyə polis idarələrində, küçələrdə – hər yerdə, mütləq, diqqət yetirilməlidir. Polis Qüvvələri İslam hökumətini camaatın gözündə, doğrudan da, ucalda bilər. Yəni fərz edək, beş-on başqa qurum öz vəzifələrini layiqincə yerinə yetirməsə də, sizin qurumunuz düzgün işləsə, güclü, qətiyyətli və lazımi cəhətlərə malik olsa, İslam hökumətini camaatın nəzərində ucalda bilər. Allah eləməmiş, bunun əksi də ola bilər. Odur ki qurum daxilində qanunu uca tutan, sağlam fərdlərin təmsil olunmasının ümdə bir məsələ olduğu nəzərə alınmalıdır və bu, təbii ki, kənarda, polisin fəaliyyətində də öz əksini tapacaq.
Hörmətli komandirin verdiyi raportda qeyd edildi ki, mənəvi-əxlaqi, dini-ideoloji məsələlərə diqqət yetirilir, işlər görülür. Bu, çox yaxşıdır. Müasir dünyada günü-gündən inkişaf edib yenilənən texnika və texnologiyalardan istifadə etmək də olduqca vacibdir və təşkilatın işlərinin inkişaf amilidir.
Mütəal Allaha təvəkkül edin, işləri Allaha xatir və düzgün şəkildə yerinə yetirin. İnşallah, Allah-taala da həm sizin işinizə bərəkət verəcək, həm də sizi İslam hökuməti üçün bərəkət səbəbi edəcəkdir. Sizin üçün dua edirəm. Allah sizin hamınıza uğurlar nəsib etsin, inşallah. Allah sizə kömək olsun ki, lazımi işləri həyata keçirə biləsiniz. Müxtəlif sahələrdə bir çox elə işlər var ki, müştərək səylər nəticəsində ərsəyə gəlməlidir, rəsmilər də həmkarlıq etməlidirlər. Arzu edirəm ki, inşallah, həmkarlıq sayəsində böyük işlər görə biləsiniz.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
____________________
(1) Bu görüş cari ilin ordibehişt ayının 5-6-da polis qüvvələrinin zabit-komandir heyətinin Tehranda təşkil olunan 20-ci qurultayı ərəfəsində keçirilmişdir. Ali Məqamlı Rəhbərin çıxışından qabaq Polis Qüvvələrinin komandanı general Hüseyn Əştəri məruzə ilə çıxış etmişdir.
(2) Daxili İşlər Naziri, Ali Baş Komandanın Polis Qüvvələrindəki hərbi müşaviri cənab Əbdürrza Rəhmani Fəzli.