Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İran İslam Respublikasının Ordu komandirləri və şəxsi heyəti ilə görüşü zamanı etdiyi çıxış

İran İslam Respublikasının Ordu günü münasibətilə (1)

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Əziz qardaş və bacılara, hörmətli məclis iştirakçılarının hər birinə, xüsusilə də əziz şəhidlərimizin ailələrinə xoşgəldin deyirəm. Ümidvaram ki, inşallah, bu illər ərzində İran İslam Respublikası Ordusunun əldə etdiyi böyük və dəyərli nailiyyətlər bu mömin, dözümlü və zəhmətkeş toplumun başına iftixar tacı olmuşdur. Ordu günü münasibətilə də hörmətli məclis iştirakçılarının hamısını, İran İslam Respublikası Ordusunun hərbi qulluqçularını və onların möhtərəm ailə üzvlərini təbrik edirəm. Bu gün bura yığışdığınıza görə sizə minnətdaram və təşəkkür edirəm. Həmçinin ifa olunan bu gözəl, həm sözləri, həm də icrası fərqli və yüksək səviyyədə olan suruda görə də təşəkkür edirəm.

Heç şübhəsiz, əziz liderimiz İmam Xomeyninin ən mühüm addımlarından, ən dəyərli təşəbbüslərindən biri də bu günü Ordu günü elan etməsi olmuşdur.(2) Əgər həmin günlərdə İran və inqilab düşmənlərinin ölkənin bütün sahələri üçün cızdığı planlara nəzər salsaq, başa düşərik ki, Ordu gününün müəyyən edilməsi çox böyük, faydalı, zəruri və lazımlı bir iş olmuşdur. Siz cavanlardan bəziləriniz o günləri xatırlamazsınız, bəziləriniz isə o zaman heç dünyaya gəlməmişdiniz; o zaman hətta ordunun öz daxilində İran ordusunu məhv etmək üçün çox güclü və təhlükəli planlar mövcud idi, böyük cəhdlər göstərilirdi. Bunun üçün çalışır, məntiq və fəlsəfə irəli sürürdülər. Ordunun daxilində bəzi ünsürlər “ideoloji ordu”, “tövhid ordusu” adı ilə ordunu məhv etmək, dağıtmaq istəyirdilər; bu kimi planlar və cəhdlər var idi. İmam bütün bunlara qarşı çıxdı. O duya bildi ki, ordu qüvvətli və qüdrətli qalmalı, öz rolunu ifa etməli, tağut dövründə ordunu xalqdan ayıran maneələr aradan qaldırılmalıdır. İmam bu maneələri aradan qaldırdı. Ordu bir inqilabi toplum olaraq, özü də sözdə deyil, əməldə inqilabi bir toplum olaraq meydanlarda qaldı, proseslərdə yaxından iştirak etdi və özünəməxsus mühüm rol oynadı.

Bizə qarşı başlanan müharibədən, səkkiz il davam edən Müqəddəs Müdafiədən qabaq da müəyyən hadisələr baş vermişdi, o illərdə isə bütün həqiqətlər açıq-aşkar göründü. Müxtəlif meydanlarda ordunun nələr etdiyinin şahidi olduq; dəfələrlə bu və digər görüşlərimizdə o günlərin xatirələrini yada salmışıq, müharibə meydanlarında baş verən hadisələri yad etmişik. Mən xüsusilə müharibə yeni başladığı zaman, yəni 1359-cu ildə bu hadisələri yaxından müşahidə edirdim, sonralar isə ölkə prezidenti olduğum dövrdə döyüş bölgələrində olmadığıma görə verilən raportlardan, təşkil edilən iclaslardan baş verənlər barədə məlumatlar alırdım. Bu gün əziz tutulmalı, təntənə ilə qeyd edilməlidir. Bu xatirə qorunub saxlanmalı, iyirmi doqquz fərvərdin gününün mənası düzgün başa düşülməlidir. İyirmi doqquz fərvərdin günü ordunun İrana, inqilaba və xalqa aid olmasını, cəmiyyətin və inqilabın hədəflərinə xidmət etməsini ifadə edir. Bu gənclərin ifa etdikləri surudda da qeyd olunduğu kimi, ordu inqilabın xidmətində dayandı. İyirmi doqquz fərvərdin gününün mənası budur. Bu, böyük işlərdən biri idi, səmərələri qalıcı oldu, bundan sonra da daha çox səmərə və nəticələri olacaqdır. Siz cavanlar bu mühitdə, bu istiqamətdə inkişaf edirsiniz və inşallah, öz ölkənizə iftixarlar qazandıracaqsınız.

İran İslam Respublikası Ordusuna xas keyfiyyətlərdən biri də dini və inqilabi müdriklikdir, dinə bağlılıq, din qarşısında öhdəçilikdir. Bu, çox böyük bir sözdür. Dini bağlılıq və öhdəçilik o deməkdir ki, ordu İslam dininin silahlı qüvvələr, hərbi əməliyyatlar üçün qoyduğu qanunlara, müəyyən etdiyi ölçü və meyarlara əməl etsin. Dünyada olan ordu və qoşunlar hansısa meydanda qələbə çalacaqlarını hiss etdikdə azğıncasına döyüş meydanına daxil olur və utandırıcı işlər görürlər. Bunun nümunələrini müxtəlif yerlərdə görmüşük. Bu hələ onların qələbəyə yaxın olduqlarını hiss etdikləri zaman nümayiş etdirdikləri davranışlardır – uşağa-böyüyə rəhm etmirlər. Təhlükə hiss etdikdə də başqa işlərə əl atır, müqəddəs İslam dini baxımından günah və cinayət hesab olunan əməllər törədirlər. Bu işlər hal-hazırda beynəlxalq qanunlar baxımından da cinayət hesab olunur. Əlbəttə ki, böyük dövlətlər nə beynəlxalq qanunlara, nə də humanizmə, insani dəyərlərə əhəmiyyət verirlər. Qadağan olunmuş silahlardan istifadə edir, mülki vətəndaşları hədəfə alırlar. Amerikanın birbaşa və ya dolayısıyla iştirak etdiyi müharibələrdə saysız-hesabsız belə cinayətlərə rast gəlinmişdir. Dünya dövlətlərinin orduları belədir.

İran İslam Respublikasının Ordusu və İran İslam dövlətinin tabeçiliyində olan silahlı qüvvələr isə İslamın qanunları qarşısında məsuliyyət daşıyır. Nə qələbə çaldıqda tüğyan edərək həddini aşır, nə də təhlükə zamanı qadağan olunan işlərə əl ataraq qadağan olunan vasitələrdən istifadə edir. Bizim şəhərlərimiz – istər sərhəd bölgəsində olan şəhərlər, istərsə də Tehran, İsfahan və bir çox başqa şəhərlər – uzun müddət Səddamın raketlərinin vəhşi hücumlarına məruz qalmışdır. Səddamın atdığı raketlər elə bu Tehran şəhərinin də müxtəlif məhəllələrinə düşmüşdür. Avropa ölkələrinin istehsalı olan və Səddama satılan bu raketləri amerikalılar yönləndirirdi, hədəfləri onlara amerikalılar göstərirdi. Hərbi obyektlərin yeri kosmosdan çəkilərək düşmənə ötürülürdü. Bu raketlərlə bizim şəhərlər vurulur, müdafiəsiz, dinc əhali qətliam edilir, evlər viran qoyulurdu. Bir müddət sonra biz də müəyyən imkanlar əldə etdik, onların cavabını verə, şəhərlərini hədəfə ala bilərdik. Bizdə də raketlər var idi və raketlərimizin uçuş məsafəsində olan şəhərləri, o cümlədən Bağdad şəhərini vura bilərdik. Lakin İmam bizə göstəriş verdi ki, qeyri-hərbi obyektləri – hərbi hissə və bu kimi obyektlər olmayan əraziləri – raketlə vurmaq istəsəniz, hücumdan öncə, mütləq, radio vasitəsilə elan edin ki, biz filan yeri vurmaq istəyirik. Camaat da oradan kənarlaşsın, oranı tərk etsin. Diqqət yetirin! Belə insani davranışlara dünyada çox az rast gəlinir.

Əksər ölkələrin – mənim bildiyim qədər, demək olar ki, bütün ölkələrin – silahlı qüvvələri belə davranmır. Bu kimi qeyri-insani davranışların nümunələrini bu gün Yəməndə müşahidə edirik. Bir neçə müddət əvvəl Fələstində, Qəzzada, Livanda və başqa məntəqələrdə də müşahidə etmişdik. Onlar bu cəhətləri nəzərə almır, İslam qanunlarına bağlı olan silahlı qüvvələr isə onlara riayət edir. Biz əgər “nüvə silahından istifadə etməyəcəyik” deyiriksə – necə ki demişik də – bu məhz İslam qanunlarına bağlı olduğumuza görədir. Bu, İran İslam Respublikasının silahlı qüvvələrinin ən üstün xüsusiyyətlərindən biridir.

Bu gün düşmənlərimiz dövlətimizi onun-bunun işinə müdaxilə etməkdə ittiham edirlər. Bu, həqiqət deyil, belə bir şey yoxdur. Biz heç bir ölkənin daxili işlərinə müdaxilə etmirik. Biz müdafiəsiz insanlara, dinc əhaliyə hücum edən, uşaqları və qadınları qətliam edən, evləri viran qoyan qüvvələrə öz nifrətimizi, mənfi münasibətimizi ifadə edir, onlardan uzaq olduğumuzu elan edirik. Onlar nə İslamdan heç nə anlamırlar, nə də insanlıq vicdanından nəsiblərini almamışlar. İslamın göstərişlərinə, ilahi qanunlara bağlılıq – belə ki dinimizdə hər bir vəziyyət üçün, həm müharibə, həm də sülh şəraiti üçün ilahi qanunlar mövcuddur – bizim silahlı qüvvələrimizin spesifik cəhətidir. Bu, bizim silahlı qüvvələrimizə xas özəl xüsusiyyətlərdən biridir. Ordumuzun və silahlı qüvvələrimizin xalq tərəfindən sevilməsinin səbəbi də məhz bu xüsusiyyətdir. Çünki camaat görür ki, ordu onların özü kimi düşünür, onlar kimi rəftar edir; əqidələri eynidir, eyni bir hədəf üçün çalışırlar. Bütün bunlar xalqla silahlı qüvvələr arasındakı əlaqəni artırır, möhkəmləndirir. Ordumuza xas xüsusiyyətlərdən biri budur. 

Silahlı qüvvələrimizin diqqət yetirməsi lazım olan digər bir xüsusiyyət isə – və mən sevinc hissi ilə deyirəm ki, onlar buna diqqət yetiriblər, bu, açıq-aydın göz qabağındadır – aşağıdakı Quran ayəsinə əməl etməkdir:

(3)...وَ أَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَ مِنْ رِبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللهِ وَ عَدُوَّكُمْ وَ ءَاخَرِينَ مِنْ دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ اللهُ يَعْلَمُهُمْ

Bu ayənin mənası odur ki, çalışın düşmən sizi qəfil haqlamasın; yəni əgər düşmən sizə qəfil hücum edərsə, təchizatın azlığı, hazırsızlıq ucbatından böyük xəsarət almayasınız. Sizə – silahlı qüvvələrə zərbə dəyməsi millətə və İslama zərbə dəyməsi deməkdir. Odur ki qeyd etdiyim kimi, silahlı qüvvələrimizin bu günədək bu sahədə qazandığı nailiyyətlər hamıya nümunədir. Yəni ölkə miqyasında müxtəlif sahələrdə əldə edilmiş uğurlar arasında hərbi sahədə, hərbi texnika istehsalında qazanılmış nailiyyətlər ən irəli sıralarda durur; baxmayaraq ki, ölkəmiz elmi nailiyyətlər və texnologiya sahəsində də dünya səviyyəsində yüksək yer tutur və bu, sevindirici bir haldır. Bu illər ərzində, belə bir mərhələdə – bu qədər təzyiqlər altında, sanksiyalar, resursların çatışmazlığı şəraitində ölkəmizin hərbi təchizatını və potensialını bu qədər genişləndirməyimiz olduqca böyük bir işdir.

Xoşbəxtlikdən, silahlı qüvvələrimiz müxtəlif sahələrdə ya müstəqil şəkildə, ya da müəyyən proqramlar işləyib hazırlamaq, elm və texnologiya mərkəzlərindən dəstək almaqla böyük işlər görməyə nail olmuşlar. Bu proses davam etməlidir. Mən təkidlə vurğulayıram ki, olkənin hərbi texnika istehsalı və döyüş hazırlıqları sahəsindəki inkişafı davam etdirilməlidir. Düşmənlərimiz bunu istəmirlər. Bu gün İran İslam Respublikasına təbliğatla təzyiq vasitələrindən biri də məhz bu məsələdir: raketlər, distasion kəşfiyyat təyyarələri, hərbi texnikalar, gənclərimizin ölkənin daxilində, kimsədən kömək almadan əldə etdikləri nailiyyətlərdir. Düşmənlər bunların olmasını istəmir, bu inkişafı dayandırmaq istəyirlər. Lakin Quran ayəsinə əsasən, sağlam məntiq bizə bu inkişafı davam etdirmək lazım olduğunu deyir.

Qarşı tərəf həyasızcasına bizi hərbi hücumla hədələyir. Heç nədən utanıb-çəkinmədən daim bizi hərbi hücumla təhdid edirlər. Bir müddət idi ki, susurdular, bir neçə gün əvvəl yenə də biri ağzını açaraq ortada olan seçim variantları, hərbi hücum variantı barədə fikirlər səsləndirib. Belə sözlər danışır, böyük qələtlər edirlər, sonra da deyirlər ki, İran İslam Respublikası müdafiə qüdrətini artırmamalıdır. Sizcə, onların bu dediyi səfeh bir söz deyilmi? Hətta bizi belə açıq-aşkar hədələməsəydilər belə, “وَ أَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَ مِنْ رِبَاطِ الْخَيْلِ” ayəsinə əsasən, biz bu barədə düşünməli idik. Bizi hədələməsələr belə, biz işimizi bərk tutmalı, hazırlığımızı artırmalıyıq. Amma elə hədələyirlər də. Bir yandan hərbi hücum barədə təhdidlər səsləndirirlər, digər tərəfdən isə deyirlər ki, siz raket istehsal etməməlisiniz, onu etməməlisiniz, bunu etməməlisiniz. Təbliğatlarında və ya beynəlxalq arenada qəbul etdikləri qərarlarda durmadan əsassız, səfeh göstərişlər verirlər. Xeyr, belə deyil. İran İslam Respublikası, əvvəla, sübut edib və nümayiş etdirib ki, var gücü ilə, qüdrətli bir şəkildə özünü müdafiə etməyə qadirdir, bütün xalqı bir yumruq kimi birləşib məntiqsiz təcavüzkarın qarşısında dayanır. Müdafiə məqamında bizim xalqımız birləşir və heç nə bu vəhdətə təsir edə bilmir. Bu, birinci məsələ. İkincisi isə İran İslam Respublikası özünü hazır vəziyyətdə saxlayır, hazırlığını qoruyur. Bu da ikinci məsələ.

İran İslam Respulikasının bütün dövlət strukturları – Müdafiə Nazirliyindən tutmuş Ordu və Keşikçi Korpusun müxtəlif qurumlarına qədər – bunu bir tapşırıq kimi qəbul etsinlər və hazırlıqlarını günü-gündən artırsınlar: həm hərbi texnikanın istehsalı sahəsində, həm təşkilatçılıq, idarəçilk sahəsində, həm də orduya ən böyük təsiri olan məsələdə, yəni ruhiyyə baxımından hazırlıq məsələsində. Sevindirici haldır ki, bizim ölkəmizdə, bizim silahlı qüvvələrimizdə, gənclərimizdə, qəhrəman döyüşçülərimizdə bu cəhətdən heç bir çatışmazlıq yoxdur. Ruhiyyə baxımından, xoşbəxtlikdən, heç bir əskikliyimiz yoxdur. İnqilabın hədəfi, iyirmi doqquz fərvərdin gününün hədəfi, ordunun yaradılmasının məqsədi – əziz İmamın həyata keçirmək istədiyi bütün məsələlər gerçəkləşmişdir. Ruhiyyə yüksək, hazırlıq mükəmməldir! İndinin özündə belə, orduda xidmət edən, inqilabı və İmamı görməmiş, müharibənin şahidi olmamış, bu barədə heç bir şey xatırlamayan gənclər fədakarlığa hazır olduqlarını müxtəlif yollarla mənə çatdırırlar. İran İslam Respublikasının Hərbi Hava Qüvvələrinin pilotları bir, Dəniz Donanması və ya Quru Qoşunlarında xidmət edən hərbçilər isə başqa bir üsulla mənə mesajlar ünvanlayaraq hazır olduqlarını bildirirlər. Hansı orduda və silahlı qüvvələrdə belə yüksək ruhiyyə olarsa, onlar düşmənlə üz-üzə dayandıqda, sınaq meydanlarında, mütləq, irəliyə gedəcəklər. Siz belə bir əhval-ruhiyyə ilə irəli getməlisiniz. Deməli, ideologiyasını qorumaq, düzgün istiqamət götürmək, lazımi hazırlıqlara yiyələnmək, yüksək ruhiyyəyə sahib olmaq, hərbi təchizat və hazırlığın günü-gündən artırılması silahlı qüvvələrin həyata keçirməli olduğu əsas işlərdir.

İran İslam Respublikası heç bir ölkə üçün təhlükə mənbəyi deyil. Biz heç öz qonşularımız üçün heç bir zaman təhlükə mənbəyi olmamışıq, o ki qala uzaq regionlar üçün. Yaxın keçmişimiz buna açıq-aydın sübutdur. Hətta qonşularımız bizə qarşı qonşuluğa layiq olmayan şəkildə rəftar etdikdə belə, biz alicənablıq göstərib onlara cavab verməmişik. İran İslam Respublikası heç bir ölkəyə təcavüz etmir və etməyəcəkdir. Uydurma nüvə silahı məsələsini də amerikalılar, ardınca isə avropalılar və onlara xoş gəlməyə çalışan bəzi riyakar dövlətlər ona görə əldə bayraq ediblər ki, İran İslam Respublikasını dünya üçün bir təhlükə kimi qələmə versinlər. Onların dedikləri kimi deyil, əksinə, Amerikanın özü təhlükə mənbəyidir. Bu gün dünyada ən böyük təhlükə Amerika dövlətidir, belə ki heç bir maneə tanımadan, vicdana, dinə-imana əhəmiyyət vermədən istədiyi yerə səbəbsiz olaraq soxulur. Dünyada qeyri-sabitliyi Amerika yaradır; dünyanın təhlükəsizliyini pozan Amerikadır. Regionumuzda sabitliyi Amerikanın zəncirli iti olan İsrail pozur. Dünyanı təhlükəli bir vəziyyətə gətirən bunlardır. İran İslam Respublikası nə dünyada, nə də regionda təhlükəsizliyə heç bir xələl gətirmir. Hətta qonşuları üçün də təhlükə törətmir. Çox hallarda qonşuların pis davranışına alicənablıqla dözür. Təhlükəsizliyi, sabitliyi həddini aşmış dövlətlər pozur, onlar ölkələrə müdaxilə edir, hər yeri işğal edirlər. Bu gün Yəməndə ürəkyaxıcı hadisələrin şahidiyik. Amerika zalımları himayə edir, qərblilər zalımları himayə edirlər. Təhlükəsizliyə zərbə vuran, ölkələrdə sabitliyi pozan, insanların sakit yaşamı üçün təhlükə yaradan onlardır. Sabitliyi pozmaq onlara aiddir. İran İslam Respublikası həm özü, həm də başqaları üçün təhlükəsizliyi ən böyük ilahi nemət bilir və öz təhlükəsizliyinin keşiyində durur. Silahlı qüvvələrin rəsmiləri bunu həmişə qulaqlarında sırğa etməlidirlər: ölkənin təhlükəsizliyinin, sərhədlərin toxunulmazlığının, əhalinin ümumi asayişinin qorunması vəzifəsi onların çiyinlərinə düşür.

Allah-taalaya dualar edirik ki, silahlı qüvvələrimizin uğurlarını günü-gündən artırsın, siz gəncləri öhdənizə düşən rolu ifa etməyə müvəffəq etsin, inşallah. Sizin rolunuz təkcə müharibə aparmaq, döyüşmək deyil. Yeni-yeni imkanlar yaratmaq, inkişafa nail olmaq, özünü islah etmək, təmsil olunduğunuz qurumlarda islahatlar aparmaq və bu kimi başqa işlər böyük işlərdir. Söz yox ki, əgər günlərin bir günü müharibə başlayarsa, döyüşdə iştirak etmək də sizin üçün bir sınaq, hazırlığınızı nümayiş etdirməyiniz üçün bir meydan olacaq. Ümidvaram ki, inşallah, Uca Yaradan bütün sahələrdə uğur qazanmağınız üçün sizə mənəvi dəstək olacaq.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

___________________
(1) Ali Məqamlı Rəhbərin çıxışından qabaq Ordunun baş komandanı general-mayor Seyid Ətaullah Salehi məruzə ilə çıxış etdi.
(2) Bax: “Səhifeyi-İmam”, c.7, s.20, “İran millətinə müraciət və Ordu gününün elan olunması”, (26/1/ 1357).
(3) Ənfal surəsi, ayə 60 – “(Ey möminlər!) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa, sizin bilmədiyiniz, Allahınsa bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin”.