Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibəti ilə Əhli-Beyt (ə) məddahlarından bir qrupu ilə görüşü zamanı etdiyi çıxış

بسم‌الله‌الرّحمن‌الرّحیم
والحمد لله ربّ العالمین والصّلاة والسّلام علی سیّدنا محمّد و آله الطّاهرین و لعنة الله علی اعدائهم اجمعین. اللّهمّ صلّ علی فاطمة و ابیها و بعلها و بنیها عدد ما احاط به علمک

Bu sevindirici mövlud münasibətilə ilahi rəhbərliyin, Həzrət Peyğəmbərin, onun xanədanının aşiqi, həqiqi fəzilətin vurğunu olan hər kəsi təbrik edirəm. Əzizlərim, xoş gəlmiziniz. Sizlərdən hər biri ayrı-ayrılıqda yüksək dəyər və məqama malikdir; bu barədə bir qədər sonra danışacağam. Söhbətə başlamazdan əvvəl məsuliyyətli, sədaqətli, xeyirxah və çalışqan bir Əhli-Beyt (ə) məddahı olan mərhum cənab Ahinin xatirəsini yad etmək istərdim.

Mən mərhum cənab Ahini 40-cı illərin əvvəllərindən tanımışam. Məşhədə bir qrup Əhli-Beyt (ə) mədahı gəlmişdi və aralarında o, xüsusi fəallıq göstərirdi. Düzdür, onunla yoldaşlığımız yox idi, amma mən onu tanıyırdım, görmüşdüm. Bir neçə il onu uzaqdan tanıdım; sonralar isə yaxından görüşüb tanış olduq. İnşallah, Allah-taala ona dərgahında ali dərəcələr nəsib etsin; sözün əsl mənasında məsuliyyətli, sədaqətli, canıyanan, özəlliklə də məddah ictimaiyyətinə qarşı məsuliyyətli bir insan idi. Hər il biz burada onun görüşünə gəlirdik. Allah ona rəhmət etsin, Allah onu bağışlasın. Allah bizi də bağışlasın.

Mən 3 məsələ ətrafında danışacağam: birincisi, sizin haqqınızda, məddahlıq, bu şərəfli peşə haqqında; ikincisi, bu gün ölkəmizdə aktual bir məsələ olan nüvə məsələsi haqqında; üçüncüsü isə Yəmən məsələsi barədə. Bu gün mən siz əzizlərimlə və əslində, bütün İran xalqı ilə bu üç mövzu ətrafında söhbət edəcəyəm.

Birinci məsələyə gəldikdə, Əhli-Beyt (ə) məddahlığı çox şərəfli bir peşədir. Nəyə görə? Çünki tarix boyu elə insanlar olub ki, zalımları, diktatorları mədh ediblər; belələri bu gün də var. Bu gün də dünyada elə adamlar var ki, yer üzündəki ən murdar insanlara mədhiyyələr söyləyir, qələmlərini bu yolda muzd qarşılığında – çox murdar, çirkin bir muzd qarşılığında işlədirlər. Siz isə dilinizlə, nəfəsinizlə, boğazınızla, sənət qabiliyyətinizlə fəziləti mədh edirsiniz. Peyğəmbər xanədanı fəzilət və gözəlliklər ocağıdır; başdan-ayağa fəzilətdir. Günəşi mədh edən kəs özünü tanıdır. Peyğəmbər xanədanını mədh etməklə siz, əslində, özünüzü də mədh edir, bu sənətin şərafətini nümayiş etdirirsiniz. Bir neçə il əvvəl mən elə Həzrət Fatiməyə (s.ə) həsr olunmuş toplantıda mərhum Səğir İsfahanidən aşağıdakı şeiri oxumuşdum:

Hədisdə var ki, İsra gecəsi Peyğəmbər

Dəvələr görüb; mən də o karvanın bir dəvəsiyəm.

Əgər inanmır və sübut istəyirsənsə,

Əlimdəki, onu mədh edən kitaba bax, yüküm budur.

Səğir İsfahaniyə Allah rəhmət etsin. Odur ki siz əlinizdə fəziləti mədh edən bir kitab tutmusunuz. Bu, böyük bir şərəfdir. Xoş halınıza! Bu peşənin qədrini bilin, bu özəlliyinizi, payınza düşmüş bu fürsəti qənimət bilin. Məddahlıq barədə qeyd etmək istədiyim birinci məqam budur.

İkinci məqam: bu gün ölkəmizin məddahlar ictimaiyyətinin əlində çox böyük bir fürsət var. Məclislər təşkil edirsiniz, ətrafınıza böyük kütlə, əksəriyyəti gənclərdən ibarət olan minlərlə insan yığışır, oxuduğunuz mədhiyyələri dinləyir. Bundan yaxşı fürsət ola bilərmi? İxtiyarınızda bu qədər auditoriya, söz eşitməyə, öyüd-nəsihət qəbul etməyə hazır olan bu qədər qəlb, islah və tərbiyə olunmağa hazır olan bu qədər can var; bu, bir fürsətdir.

اِغتَنِمُوا الفُرَص فَاِنَّها تَمُرُّ مَرَّ السَّحاب

Bu fürsətin qədrini bilin, ondan ən gözəl surətdə istifadə edin.

Üçüncü məqam; bu fürsətdən ən gözəl tərzdə necə istifadə etmək lazımdır? Dini bilgiləri, din maarifini təbliğ etməklə. O şeyi ki, əzəmət və fəzilət simvolu olan o böyük şəxsiyyətlər onun naminə canlarından keçmiş, bu qədər əzab-əziyyətə qatlaşmış, müsibətlərlə üzləşmişlər. O şeyi ki, onun naminə Aşura hadisəsi, ilkin İslam dövrünün acınacaqlı hadisələri baş verib. Bütün bunlar nəyin naminə olub? Dini maarifi yaymaq naminə. Əlinizdəki fürsətdən dini maarifi yaymaq, gənc nəsli dinə, şəriətə riayət etməyə, dövrümüzdə öhdələrinə düşən böyük məsuliyyətləri yerinə yetirməyə sövq etmək üçün istifadə edin. Bu gün ölkəmizin, xalqımızın və İslam dünyasının prosesləri düzgün dərk etməyə, düzgün hərəkət etməyə və mübarizə aparmağa ehtiyacı var. İran xalqı örnəkdir, onun hərəkətverici qüvvəsi isə gənclərdir. Bu gənclər sizin ixtiyarınızdadır. Diqqət yetirsəniz, görərsiniz ki, müəyyən mənada bütün İslam dünyasının “başlat” düyməsi sizin əlinizin altındadır. Din maarifini təbliğ edin.

Bu xalqın, bu gənclərin təmiz olmaq, təmiz yaşamaq, bəyənilən islami həyat tərzi ilə yaşamaq, sözün əsl mənasında müsəlman olmaq, xeyirli aqibətə qovuşmaq üçün ehtiyac duyduqlarını onlara öyrədin. Bu, sizin əlinizdədir. Bu qədər gəncin bir araya gəlib qəlbini sizin ixtiyarınıza verdiyi məclislər başqa nə vaxt olub? Bizim dövrümüzdə, bizim gənclik illərimizdə Məşhəddəki bütün məddahları saysaydın, 5-6 nəfərdən o yana keçməzdi; Tehranda da bundan bir az çox olardı. Bu qədər məclislər, bu qədər natiqlər, bu qədər mədhiyyə oxuyanlar, bu qədər sənət, bu qədər gözəl səs; hələ şairlər də işə qoşulublar, onlar da şeir deyirlər. Bu fürsətdən istifadə edin. Bu da növbəti məqam.

Və sonuncu məqam: təhrifdən, mövhumatdan, gənclərin əqidəsində problem yaratmaqdan çəkinmək lazımdır. Bəzən biz elə bir söz işlədirik ki, bizi dinləyən gəncin zehnində bir düyün yaranır. O düyünü kim açacaq? Bizim öz nöqsanlı və ya yanlış fikirlərimizlə, yaxud məsuliyyətisizliyimiz, diqqətsizliyimizlə gənclərin düşüncəsində yaratdığımız düyün necə açılacaq? Bütün bunlar məsuliyyətdir. Seyyidüş-şühədanın (ə) mədhinə həsr olunmuş bir məclisi, əzadarlıq məclisini – hansı ki Seyyidüş-şühədanın əzəməti onun şəhadətinə görədir, Allah yolunda etdiyi fədakarlığa görədir, bu yolda hər şeyindən, bütün istədiklərindən, arzularından vaz keçdiyinə görədir – belə bir məclisi əynini soyunmuş bir qrup gəncin göyə qalxıb yerə düşdüyü, nə dediklərini özləri də bilmədiyi yüngül bir yerə çevirməyimiz düzgündürmü? Allahın sizə verdiyi bu nemətin şükrü belə olmalıdırmı? Sizdəki bu ürəyəyatan səs nemətdir, məclisi idarə etmək bacarığı nemətdir. Bunlar elə şeylərdir ki, Allah-taala onları hər kəsə yox, sizə verib. Bu nemətlərin şükrünü yerinə yetirmək lazımdır. Odur ki mən məddahlarımızı ürəkdən sevirəm, sizin üçün dua edirəm; Uca Allah sizə mənəvi dəstək olsun, yardımçınız olsun, inşallah. Amma bunu da deyirəm ki, bu gün İran cəmiyyətində və ümumilikdə regionumuzda məddahlara olan ümid və gözləntilər yüksəkdir.

Mən Həzrət Siddiqeyi-Tahireyi-Raziyeyi-Mərziyə haqqında (Allahın, bütün peyğəmbərlərin və mələklərin, əməlisaleh bəndələrin salamı olsun ona!) bir şey deyə bilməyəcəyəm. Siz öz çıxışlarınızda müəyyən məqamlara toxundunuz, mənimsə dilim o xanım barədə nəsə demək üçün acizdir; odur ki bu mövzudan yan keçirəm.

Bu gün toxunmaq istədiyim ikinci məsələ nüvə məsələsidir. Bəziləri belə bir sual verdilər və elə indi də verirlər ki, filankəs nüvə məsələsinə nəyə görə mövqe bildirməyib? Cavabı budur ki, mövqe bildirməyin məqamı olmayıb. Rəsmilərimiz, nüvə müzakirələrində iştirak edən insanlar, işin içində olan şəxslər bizə deyirlər ki, hələ bir iş görülməyib, iki tərəf arasında hansısa öhdəçiliklər yaradacaq bir şey yoxdur. Nə mövqe? Əgər məndən lehinə və ya əleyhinə olduğumu soruşsalar, deyərəm ki, nə lehinəyəm, nə də əleyhinə. Çünki hələ heç nə baş verməyib; hələ heç bir iş görülməyib. Bütün problem oturub bircə-bircə incələnməli olan o təfərrüatlarla bağlıdır. Bunu rəsmilər özləri də deyiblər; həm bizə deyiblər, həm də müsahibələrində xalqa bu barədə məlumat veriblər. Problem bundan sonra başlayır. İnadkar, əhdinə sadiq olmayan, bu gün dediyindən sabah geri duran, çək-çevir etməyi xoşlayan, arxadan zərbə vuran, bu kimi bəd əməllərə adət etmiş qarşı tərəf ölkəmizi, xalqımızı, danışıqlarda təmsil olunan rəsmilərimizi məhz bu təfərrüatlarla bağlı müzakirələr mərhələsində blokadaya sala bilər. Hələ ki əlimizdə bir şey yoxdur, heç bir öhdəçilik yaranmayıb. Bəzi adamlar artıq təbriklər səsləndirməyə başlayıblar; məni təbrik edirlər, başqalarını təbrik edirlər. Bunun heç bir mənası yoxdur. Nə təbrik? Bu günə qədər baş verənlər nə razılaşmanın özünə, danışıqların hər hansı bir razılaşma ilə sonuclanacağına, nə də razılaşmanın mahiyyətinə zəmanət verir. Heç birinə zəmanət vermir. Hətta buna belə zəmanət vermir ki, bu danışıqlar sona çatdırılacaq və bir razılaşmanın əldə olunması ilə bitəcək. Bu günə qədər olanlar bundan ibarətdir. Hər şey bundan sonra baş verəcək proseslərdən asılıdır.

Nüvə məsələsi ilə bağlı bir neçə məqamı da qeyd edim. Əlbəttə ki, mən Amerika ilə müzakirələrə heç vaxt optimist yanaşmamışam; hansısa rəy və düşüncələrimə görə yox, keçmiş təcrübələrə əsasən. Bu işdə təcrübəmiz var. Əgər bir gün – yəqin ki, o zaman mən artıq olmayacağam – inşallah, sizlər hazırkı proseslərlə bağlı qeydlərlə, yazıya alınmış təfərrüatlarla tanış olsanız, görəcəksiniz ki, mənim bu təcrübəm haradan qaynaqlanır. Bizim bu məsələdə başımız çəkib, təcrübəmiz var. Lakin mən Amerika ilə müzakirələrə nikbin yanaşmasam da, konkret mövzu ətrafında olacaq bu danışıqların əleyhinə də çıxmadım, razılaşdım. Danışıqlarda iştirak edən komandanı da var gücümlə dəstəklədim, indi də dəstəkləyirəm. Mən İran xalqının mənafeyini təmin edəcək, İran xalqının qürur və heysiyyətini qoruyacaq bir razılaşmanın əldə olunmasını yüzdə yüz dəstəkləyir, alqışlayıram. Bunu hər kəs bilsin. Əgər kimsə mənim razılaşma əldə edilməsinin, yaxud hansısa ortaq məxrəcə gəlinməsinin əleyhinə olduğumu desə, bilin ki, bu, belə deyil, həmin şəxs haqqı deməmişdir. Əgər xalqın, ölkənin mənafeyini təmin edəcək bir razılaşma əldə olunsa, mən bununla tam razıyam. Əlbəttə, biz onu da demişik ki, pis bir razılaşma əldə etməkdənsə heç etməmək yaxşıdır – bu sözü amerikalılar da deyirlər. Bu çox düzgün bir formuldur. Xalqın mənafeyini ayaqlar altına atacaq, heysiyyətini yox edəcək, bu qədər əzəmətli İran xalqını alçaldacaq bir razılaşmadansa heç dil tapıb razılaşmamaq yaxşıdır. Belə bir razılaşma əldə etməkdənsə heç razılaşmaya nail olmamaq daha şərəflidir. Bu, belə; bu, birinci məqam.

Növbəti məqam budur ki, indiyə qədər mən danışıqların təfərrüatına müdaxilə etməmişəm, yenə də etmirəm. Mən ölkə rəsmilərinə daim ümumi prinsipləri, əsas cizgiləri, mühüm çərçivələri və qırmızı xətləri xatırladıram; əsas etibarilə ölkə başçısına – belə ki onunla nmüntəzəm olaraq iclaslarımız olur – və müəyyən məqamlarda da Xarici İşlər Nazirinə. Mən əsas və ümumi sərhədləri deyirəm. İşin təfərrüatları, bu ümumi sərhədlərin təmin olunmasına təsir göstərməyən xırda şeylər diqqət mərkəzində deyil. Bunlar onların ixtiyarındadır, məsləhət bildikləri kimi edə bilərlər. Bu işin təfərrüatlarının Ali Rəhbərlik Məqamının diqqətində olduğunu demək o qədər dəqiq söylənmiş bir fikir deyil. Əlbəttə ki, mən məsuliyyət hiss edirəm, bu məsələyə heç bir vəchlə etinasız yanaşmıram, lakin əsas əhəmiyyət daşıyan bəzi ümumi prinsiplər var. Bir qədər sonra onlardan bəzilərini qeyd edəcəyəm; bundan əvvəl də xalq qarşısında çıxışlarımda onlar haqqında danışmışam. Rəsmilərlə isə bu barədə daha ətraflı söhbətlərimiz olub.

Üçüncü məqam: qeyd etdiyim kimi, mən bu işi həyata keçirən insanlara inanıram. Bunu bilin. Bu işlə məşğul olan insanlar mənim etimad etdiyim simalardır və məndə onlara qarşı heç bir şübhə və tərəddüd yoxdur; indiyə qədər bu belə olub, inşallah, bundan sonra da belə olacaq. Mənim onlara heç bir şübhəm yoxdur. Lakin eyni zamanda mən ciddi narahatlıq keçirirəm. Bu narahatlığım ondan irəli gəlir ki, qarşı tərəf çox yalançı, sözünün üstündə durmayan, düzgün davranmayan biridir. Qarşı tərəf belədir. Yaxınlarda baş vermiş hadisədə bunun bir daha şahidi olduq. Biz tərəfdən təmsil olunan rəsmilər danışıqları başa vurandan bir neçə saat sonra Ağ Ev bu barədə bəyanat yaydı. Onların yaydığı bu bəyanat – hansının ki adını da “Fəkt şit” qoyurlar – əksər məqamlarda reallığı əks etdirmirdi. Yəni onların danışıqlarla bağlı, danışıqların gedişində əldə edilmiş razılaşmalarla bağlı verdiyi açıqlamalar yalan qarışıq, reallığa zidd idi. Həmin bəyanatı gətirmişdilər, mən gördüm, 4-5 səhifədir. O 4-5 səhifə bir neçə saatın içində hazırlanmayıb ki; onlar hələ danışıqlar getdiyi zaman oturub bu bəyanatı hazırlayıblar. Baxın, qarşı tərəf belədir. Oturub sizinlə danışırlar, müəyyən məsələlərlə bağlı razılaşma əldə olunur və elə sizinlə danışıqlar masasında oturduqları vaxt da aranızdakı söhbətin əksinə olan bir bəyanat hazırlayır və danışıqlar bitən kimi yayırlar! Qarşımızdakılar bu cür insanlardır; sözünün üstündə duran deyillər, saxtakardırlar. Bunların əvvəl bir, sonra başqa söz demələri isə nüfuzlarını qorumaq üçündür. Məsələn, ölkələrindəki müxaliflərinin qarşısında xal itirməmək üçün müəyyən şeylər yazırlar. Bütün bunların bizimlə əlaqəsi yoxdur. Əgər danışıqlar nəticəsində əldə edilmiş müəyyən razılaşmaların meyar seçilməsi qərara alınsa da, onların o bəyanatlarda yazdıqları əsla meyar olmayacaq. Əlbəttə ki, onlar da bizim haqqımızda bu sözləri deyirlər. Onlar da deyiblər ki, ola bilsin, bu danışıqlar yekunlaşandan sonra Ali Rəhbərlik Məqamı nüfuzunu qorumaq xatirinə üzdə əleyhdarlığını ifadə etsin. Kafir elə bilər hamı onun əqidəsindədir. Bizim öz xalqımızla sözümüz qarşılıqlı etimada söykənir. Xalq bu həqir bəndəyə etimad göstərib, mən də ayrı-ayrılıqda bu xalqın hər bir nümayəndəsinə inanıram, bu ümummilli hərəkata inanıram. İnanıram ki,

یَدُ اللهِ مَعَ الجَماعَة

– Allahın əli camaatladır; inanıram ki, bütün bu işləri həyata keçirən Allahın əlidir. 22 bəhmənə baxın – o soyuqda, o çətinliklərin içində; Qüds gününə baxın – o istidə, orucağız; camaatı o küçələrə çəkib gətirən kimdir? O küçələrə çıxmaqla nə qazanırlar? Burada Allahın əli var. Bütün bunlarda biz Allahı görürük, xalqın bu hərəkatına, emosiyalarına inanırıq, səmimi hislərinə, uzaqgörənliyinə inanırıq. Biz xalqla söhbət edir, bir-birimizi başa düşürük. Onlar – qarşı tərəf isə belə eləmir, bizi də özləri ilə müqayisə edirlər. Bütün bunlara görə də məndə müəyyən narahatlıq var. Elə bu an da mən narahatlıq keçirirəm ki, görəsən, onlar nə edəcəklər, hansı addımları atacaqlar.

Növbəti məqam: nüvə danışıqlarını bəziləri dəstəklədilər, bəziləri isə buna qarşı çıxdılar. Mətbuatımızda, ölkəmizdə çap olunan, saytlarda, internetdə gedən yazılarda və sairədə bəziləri bu danışıqları yüksək qiymətləndirir, bəziləri isə əleyhinə çıxışlar edir. Mənim fikrimcə, heç nəyi şişirtmək lazım deyil, tələsmək də lazım deyil. Baxaq görək nə olur. Əlbəttə ki, mən son bir neçə gündə rəsmilərin özlərinə də bunu demişəm. Rəsmilər gəlib xalqı, xüsusilə də mütəxəssisləri təfərrüatlar, reallıqlar barədə məlumatlandırmalıdırlar. Bizim gizli, xəlvəti bir işimiz yoxdur. Xalqla həmrəylik, qarşılıqlı anlaşma deyirik, qarşılıqlı anlaşma məcburən, göstərişlə alınan bir şey deyil ki, kimsə tapşırıq versin ki, “camaat, anlaşın!”, camaat da desin “baş üstə”. Qarşılıqlı anlaşma belə olmur. Bir-birini başa düşmək, özünü qarşısındakının yerinə qoymaq hisləri bir çiçək kimidir, bir fidan, qönçə gül kimidir. Gərək əvvəl onu əkəsən, sonra qoruyasan, qulluğunda durasan, suyunu verəsən, zədədən-filandan qoruyasan ki, böyüyüb inkişaf etsin. Belə olmasa, qarşılıqlı anlaşma olmaz. Qarşılıqlı anlaşma həmrəylikdən də yaxşıdır; həmrəylik də yaxşıdır.

O qədər hindli və türk var ki, anlaşıb-qaynaşıblar.

O qədər də 2 türk var ki, yad kimidirlər.

Demək ki, doğmalığın dili başqadır.

Eyni dildə danışmaqdansa, ürəklərin bir vurması yaxşıdır.

Qarşılıqlı anlaşma lazımdır; qarşılıqlı anlaşma yaratmaq, bunu inkişaf etdirmək lazımdır. Mən bu tövsiyəni hamıya ünvanlayıram. Bu gün qarşılıqlı anlaşma üçün yaxşı bir fürsətdir. Bir qrup insan müxalifdir, etiraz edir. Olsun. Sədaqətli, milli mənafeyin qorunmasında maraqlı insanlar olan rəsmilərimiz həmin müxaliflərdən bir qrupunu – aparıcı simaları – dəvət etsinlər, fikirlərini dinləsinlər. Tamamilə mümkündür ki, bu fikirlərdə onların işinin daha da uğurla irəliləməsi üçün faydalı ola biləcək məqamlar olsun. Bu olmasa da, ən azından, onları qane etmiş olarlar. Qarşılıqlı anlaşma bax budur. Qəlbləri, hisləri və ardınca təbii olaraq, əməlləri yaxınlaşdırmaq, uyğunlaşdırmaq budur. Məncə otursunlar, bir-birini dinləsinlər, söbət etsinlər. Deyə bilərlər ki, axı bizim 3 aydan artıq vxtımız yoxdur! Eybi yoxdur, olmasın 3 ay, olsun 4 ay, yer-göy dağılmayacaq ki! Nə olacaq? Müəyyən etapda onlar məsələni 7 ay gecikdirmişdilər. Bizim dostlarımız da bu qarşılıqlı anlaşmaya, dil tapıb fikir mübadiləsi etməyə bir qədər zaman sərf etsələr, heç nə olmaz. Qoy bir az vaxt itirilsin, son qərarın vaxtı bir qədər geciksin, eybi yoxdur. Bu da növbəti bir məqam.

Növbəti, digər bir məqam budur ki, hazırda gedən danışıqlar – hansıların ki bir hissəsi Amerika tərəfi ilə aparılır – yalnız nüvə məsələsi ətrafındadır. Yalnız və yalnız! Bu an üçün biz Amerika ilə başqa heç bir mövzu ətrafında danışıqlar aparmırıq. Əsla. Bunu hamı bilsin; nə regional məsələlər, nə ölkədaxili məsələlər, nə də beynəlxalq məsələlər olsun. Bu gün danışılan, müzakirə mövzusu olan yeganə məsələ nüvə məsələsidir. Bu həm də bir təcrübə olacaq. Əgər qarşı tərəf özünün həmişəki dolaşıq davranışlarından əl çəksə, bu bizim üçün bir təcrübə olacaq. Lap yaxşı, o zaman bilərik ki, başqa bir mövzu ətrafında da bunlarla danışıqlar aparmaq olar. Yox əgər görsək ki, bunlardan həmişə gördüyümüz dolaşıq işlər yenə də var, əyri-üyrü, dolanbac yollarla gedirlər, olsun, əvvəlki təcrübəmiz daha da möhkəmlənəcək. Özü də bizim qarşımızdakılar bütün dünya deyil – bunu da nəzərə alaq. Bəzən eşidirsən ki – mən buna iradımı da bildirmişəm – bəzi yoldaşlar “beynəlxalq ictimaiyyət” ifadəsini işlədirlər. “Beynəlxalq ictimaiyyət” onların işlətdiyi ifadədir, əslində, bizim qarşımızda beynəlxalq ictimaiyyət yoxdur. Bir Amerikadır, 3 dənə də Avropa dövləti – vəssalam. Bu məsələdə İran xalqı ilə öcəşən, cürbəcür dolaşıq planlara əl atan, dediyindən geri durub xəbislik edənlər bir Amerikadır, bir də 3 Avropa dövləti. Bizim qarşımızda başqa heç kəs yoxdur. Bundan 2 il, 2 il yarım əvvəl elə bu Tehran şəhərində 150-dən çox ölkənin yüksək çinli rəsmiləri, 50-yə yaxın ölkə başçısı Qoşulmayanlar Hərəkatının sammitində iştirak etdi. Bu, 2-3 il bundan qabaq olub, 100 il əvvəl olmayıb ki! Təzəlikcə olan məsələdir. Beynəlxalq ictimaiyyət onlardır. Biz elə həmişə: “Beynəlxalq ictimaiyyət etimad göstərməlidir” – deyəcəyiksə, o beynəlxalq ictimaiyyət haradadır? Beynəlxalq ictimaiyyət bizə tamamilə etimad edir; o ölkələrdə də əhalinin müəyyən hissəsi hökumətini qəbul etmir. Bu da növbəti bir məqam.

Qeyd etmək istədiyim sonuncu məqam mənim istəklərim, gözləntilərimdir. Mənim rəsmilərimizdən müəyyən gösləntilərim var, bunu onlara bildirmişəm, demişəm, bu məsələlərin mənim üçün önəmli olduğunu vurğulamışam. Birincisi, bunu demişəm ki, bizim hazırkı mərhələdə nüvə sahəsində əldə etdiyimiz nailiyyətlər olduqca dəyərlidir; bunu bilsinlər, buna az əhəmiyyətli, yüngül bir iş kimi baxmasınlar. Bu, dəyərli bir şeydir. Hər bir ölkə üçün nüvə sənayesi bir zərurətdir. Bu gün bəzi psevdo-ziyalılar əllərinə qələm alıb “nüvə sənayesi bizim nəyimizə lazımdır?” kimi fikirlər yazırlar. Bu, yalandır. Bu eynilə ona bənzəyir ki, Qacarlar dövründə neft kəşf olunduğu zaman ingilislər gəlib onu aparmaq istəyəndə Qacar sarayının adamlarından biri deyirdi ki, “Bu pis qoxulu maddə bizim nəyimizə lazımdır? Qoy götürüb aparsınlar!” Bu, ona oxşayır. Nüvə sənayesi bir ölkə üçün zəruri bir məsələdir: həm enerji baxımından, həm olduqca mühüm olan radiodərman preparatları baxımından, həm dəniz suyunun içməli suya çevrilməsi baxımından, həm də kənd təsərrüfatı və digər sektorların bir çox başqa ehtiyaclarını təmin etmək baxımından. Bu gün nüvə sənayesi dünyada olduqca əhəmiyyətli, mütərəqqi bir sənaye sahəsidir. Özü də bizim uşaqlarımız buna özləri nail olublar. Bu, bizim övladlarımızın daxili istedad və potensialının partlayışı idi. İndi hansısa geridə qalmış ölkə deyir ki, əgər İran uranı zənginləşdirə bilibsə, mən də bunu etmək istəyirəm. Lap yaxşı, get sən də elə; bilirsənsə, get elə. Biz uranı zənginləşdirməyi heç kimdən öyrənməmişik, öz daxili potensialımızın məhsuludur. Əgər sizin xalqınzın da daxildə imkan və potensialı varsa, gedin zənginləşdirin. Bəzi ölkələr belə uşaqcasına bəhanələr gətirirlər. Uranın zənginləşdirilməsi və nüvə sahəsində bu günə qədər əldə edilmiş nailiyyətlər çox mühüm nailiyyətlərdir. Bu, balaca bir iş deyil. Hələ bunlar bizim bu sənaye sahəsində atdığımız ilkin addımlardır. Bu sahədə hələ bir çox işlər görmək, irəli getmək, inkişaf etmək lazımdır. Bir neçə cinayətkar ölkə var ki, bizi nüvə silahı əldə etmək niyyəti güdməkdə ittiham edir. Halbuki özləri ya xalqlara qarşı nüvə silahından istifadə ediblər – Amerika kimi, ya da bu silahın sınağını keçiriblər – Fransa kimi. 10-12 il bundan əvvəl Fransa okeanda bir-birinin ardınca 3 nüvə silahı sınaqdan keçirib; dağıdıcı, okeanın ekologiyasını pozan sınaqlar. 3 çox təhlükəli sınaq! Dünyada da bu, kiçik bir ajiotaja səbəb olmuşdu, sonra ağızları bağladılar, qurtardı getdi. Bunlar bizə deyir! Biz nüvə silahı partlatmaq və ya sınaqdan keçirmək niyyətində deyilik, bu silahı əldə etmək fikrimiz yoxdur. Ona görə yox ki, onlar deyirlər; özümüzə görə, dinimizə görə, ağlımıza görə. Bizim şəriətimizin də, ağlımızın da hökmü budur. Bizim ağlımız da bunu hökm edir ki, nə bu gün, nə sabah, nə də heç bir zaman nüvə silahına ehtiyacımız olmayacaq. Nüvə silahı bizim ölkəmiz kimi bir ölkə üçün başağrısıdır; nəyə görə? – burada bunun təfərrüatlarına girməyək. Odur ki nüvə sahəsindəki nailiyyətlər olduqca əhəmiyyətlidir, bu sənayeni izləmək və ölkəni bu istiqamətdə sənayeləşdirmək çox lazımlı bir şeydir. Bu məqama diqqət yetirmək lazımdır.

Rəsmilərdən növbəti təmənnamız bu olub ki, qarşı tərəfə inanmasınlar, etimad etməsinlər. Sevindirici haldır ki, bu yaxınlarda çox hörmətli rəsmilərimizdən biri qarşı tərəfə heç bir etimad hiss etmədiklərini açıq-aşkar dilə gətirib dedi. Bu, çox yaxşı bir şeydir. Onlara demişik ki, qarşı tərəfə inanmasınlar, təbəssümünə aldanmasınlar, mütləq vədlərinə – mütləq əməllərinə yox, mütləq vədlərinə – inanmasınlar. Çünki onlarınkı – məsəldə deyildiyi kimi – körpüdən keçənə qədərdir; körpünü keçdilər, dönüb saqqalınıza güləcəklər. Bu qədər riyakardırlar! Bu gün əldə edilmiş müəyyən ilkin anlaşmalar qeyd şəklində, elannamə şəklində yayımlanıb, hələ heç bir iş görülməyib, tərəflər özləri deyirlər ki, ortada heç bir öhdəçilik-filan yoxdur, amma elə bu qədərinə nail olan kimi, gördünüz Amerikanın prezidenti çıxıb ekran qarşısında hansı duruşla, görkəmlə hansı jesti etdi?!

Bizim rəsmilərin diqqətinə çatdırdığımız və elə xalqımızın qarşısında da həmişə qeyd etdiyimiz növbəti məqam danışıqların təfərrüatları ilə bağlıdır; üzümüzə gələn bir neçə ay bu baxımdan çox əhəmiyyətlidir. Təfərrüatlar məsələsi belədir ki, sanksiyalar birdəfəyə və tamamilə ləğv olunmalıdır. Onlardan biri deyir ki, sanksiyalar 6 ay sonra ləğv olunacaq, o biri deyir, yox, hələ 1 il də çəkə bilər, üçüncüsü deyir, hələ 1 ildən də o yana keçə bilər – bunlar hamısı onların adət etdiyi, həmişəki oyunlardır. Bütün bunları nə qəbul etmək, nə də önəm vermək olmaz. Əgər Allah-taala qədərə yazsa və hansısa razılaşmanın əldə edilməsinə nail ola bilsələr, sanksiyalar elə razılaşmanın imzalandığı gün tamamailə ləğv olunmalıdır; məsələ belə olmalıdır. Sanksiyaların ləğvi hansısa başqa proseslərlə təxirə salınacaqsa, onda biz, ümumiyyətlə, nəyə görə danışıqlara getmişik? Danışıqlar aparmaq, müzakirə masasına oturmaq, söhbət etmək, mübahisə etmək nə üçün idi? Bunun üçün idi ki, sanksiyalar qaldırılsın. Bunun indi də başqa bir şeylə təxirə salınması əsla qəbuledilən deyil.

Rəsmilər üçün qeyd etdiyim və sizə də xatırlatmaq istədiyim növbəti məqam odur ki, bunların nəzarət bəhanəsi ilə ölkənin müdafiə və təhlükəsizlik hüdudlarına nüfuz etməsinə heç bir vəchlə imkan vermək olmaz. Əsla! Ölkənin hərbi rəsmilərinə heç bir vəchlə icazə verilmir ki, monitorinq, təftiş və bu kimi bəhanələrlə yadelliləri ölkənin müdafiə və təhlükəsizlik hüdudlarından içəri buraxsınlar və ya ölkənin müdafiə sahəsindəki inkişafını durdursunlar. Ölkənin müdafiə sahəsindəki inkişafı, ölkənin müdafiə qabiliyyəti xalqın hərbi sferadakı möhkəm yumruğudur, bu yumruq həmişəki kimi möhkəm olaraq qalmalı və daha da möhkəmləndirilməlidir. Həmçinin bizim dünyanın müxtəlif yerlərində müqavimət hərəkatına qalxmış qardaşlarımıza verdiyimiz dəstək; danışıqlar prosesində bu məqamlar, mütləq, nəzərə alınmalı və onlara heç bir vəchlə mənfi təsir göstərilməməlidir.

Növbəti xatırlatmam budur ki, İslam Respublikasında ölkəni spesifik nəzarət zonasına çevirəcək hansısa qeyri-ənənəvi monitorinq metodunun tətbiqi heç bir vəchlə qəbul olunmamalıdır. Bütün dünyada hansı monitorinq metodları qəbul və istifadə olunursa, qoy burada da onlar olsun; bundan artığı yox.

Mövzu ilə bağlı sonuncu qeydim: müxtəlif sferalarda nüvə elmi və nüvə texnologiyalarının inkişafı əsla dayandırılmamalıdır. İnkişaf davam etməlidir – texnoloji inkişaf. Müəyyən məhdudiyyətləri, lazım bilərlərsə, qəbul edə bilərlər, buna sözümüz yoxdur. Bəzi məhdudiyyətləri qəbul etsinlər, amma texnoloji inkişaf hökmən davam etməli, bütün gücü və sürəti ilə irəli getməlidir. Mənim sözüm budur, qardaşlarımıza demək istədiklərim bunlardır. Bunları xüsusi iclaslarımızda da demişəm; əsasən bu il yarım ərzində möhtərəm ölkə başçısı ilə, bəzən də – nadir hallarda – nüvə danışıqlarının rəsmisi olan Xarici İşlər Nazirimizlə keçirdiyimiz görüşlərdə bunları vurğulamışam. Mənim sözüm budur; indi bu gözləntiləri hansı metodlarla təmin etmək lazımdır, bu, onların öhdəsinə düşür. Oturub düşünsünlər, düzgün müakirə metodları axtarıb tapsınlar, mütəxəssislərdən, inanılmış insanlardan faydalansınlar, tənqid edənlərin fikirləri ilə tanış olsunlar və lazım olan addımları atsınlar. Nüvə məsələsi ilə bağlı bu qədər.

Yəmən məsələsinə gəlincə. Səudiyyəlilər bu regionda çox pis bir ənənənin əsasını qoyublar və əlbəttə ki, bununla səhv ediblər, yanlışa yol veriblər. Bu gün Səudiyyə hökumətinin Yəməndə etdikləri eynilə sionistlərin Qəzzada törətdiklərinə bənzəyir. Bu davranışların iki aspekti var: birincisi, cinayətdir, genosiddir, beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır; körpələri öldürür, evləri viran qoyur, infrastrukturu məhv edir, bir ölkənin milli sərvətlərini yox edirlər. Bəli, bu, böyük bir cinayətdir; bu, məsələnin bir tərəfi. Olayın ikinci tərəfi isə bundan ibarətdir ki, səudiyyəlilər bu məsələdə ziyan çəkəcək və heç bir vəchlə qalib olmayacaqlar. Bunun çox aşkar bir sübutu var; sübutu odur ki, sionistlərin hərbi gücü və imkanları bu filan filan olmuş səudiyyəlilərinkindən qat-qat çox idi. Onlar bunlardan dəfələrlə çox hərbi gücə malik idi. Qarşılarındakı da bir ovucluq Qəzza idi. Burada isə qarşılarında bütöv bir ölkə var, on milyonluq bir ölkə; bütöv bir xalq, ərazisi geniş olan bir ölkə. Onlar Qəzzada necə qələbə çaldılarsa, bunlar da burada o cür qələbə çalacaqlar. Onlar qalib gəlsəydi belə, bunların qələbə ehtimalı yenə də sıfıra bərabər olardı; hazırda lap sıfırdan da aşağıdır. Bunlar, mütləq, zərbə alacaqlar; sözsüz ki, səudiyyəlilərin burnu ovulacaq. Bizim cürbəcür siyasi məsələlərlə bağlı Səudiyyə hökuməti ilə çoxlu sayda fikir ayrılığımız var, amma həmişə demişik ki, səudiyyəlilər xarici siyasətlərində bir vüqar, mətanət nümayiş etdirirlər. Bu vüqar və mətanəti də əldən verdilər. Bu ölkənin idarəçiliyini ələ almış bir neçə təcrübəsiz gənc o vüqar, sanballılıq xüsusiyyətini arxa plana keçirərək barbarlığı önə çəkib. Bu isə onların ziyanına nəticələnəcək. Mən səudiyyəlilərə xəbərdarlıq edirəm ki, Yəməndə törətdikləri cinayətkar əməllərdən əl çəkməlidirlər. Bu regionda bu, qəbuledilməzdir.

Əlbəttə ki, Amerika da onları müdafiə edir, dəstəkləyir. Amerikanın xasiyyətidir, həmişə zalımın tərəfini tutur. Məzlumun tərəfini tutmaq əvəzinə, şərin, pislik edənin yanında olur; bu, onların təbiətində var. Yəməndə də eynilə bu cür davranırlar. Amma zərbə alacaq, məğlubiyyətlə üzləşəcəklər. İndi hay-küy qaldıracaqlar ki, “İran Yəmənin işlərinə müdaxilə edir”. Hə də, bu, müdaxilədir, bizim burada oturub bir-iki kəlmə söz danışmağımız müdaxilədir, amma onların cinayətkar təyyarələrinin Yəmənin hava sərhədlərini pozması müdaxilə deyil! Onlar belə bir müdaxiləyə haqq qazandırmaq üçün özlərindən alçaq bəhanələr uydururlar. Bu bəhanələr nə beynəlxalq məntiq baxımından məqbuldur, nə xalqlar onları qəbul edir, nə də Allah-taala. Odur ki lazım olan budur; bunlar mümkün qədər tez bu cinayətlərdən, faciə törədən əməllərdən əl çəkməlidirlər. Yəmən xalqı, böyük, qədim bir xalqdır. Minilliklərlə keşmişi var. Bu xalqın oturub öz dövləti üçün yol cızmağa tamamilə güc və potensialı çatır. Əlbəttə ki, müəyyən qüvvələr hakimiyyətdə boşluq yaratmağa, hay-küy qaldırmağa, Yəməni də Liviyanın vəziyyətinə salmağa səy göstəriblər – təəssüflər olsun ki, bu gün Liviyada çox pis, ürəkağrıdıcı bir vəziyyət hökm sürür – amma xoşbəxtlikdən, buna müvəffəq olmayıblar. Mömin, ölkəsinin müqəddəratında maraqlı olan, Əmirəlmömininin (ə) haqq yoluna inanan gənclər bütün bunlara qarşı mübarizə aparmağı bacarıblar. Şiə, sünni, şafei, zeydi, hənəfi – hamılıqla düşmənin hücumu qarşısında durublar və inşallah, qalib olacaqlar. Qələbə xalqlarındır!

Pərvərdigara! Dünyanın harasında olurlarsa-olsunlar, bizim qardaşlarımıza qalibiyyət nəsib et. Pərvərdigara! Harada olurlarsa-olsunlar, İslamın və müsəlman xalqlarının düşmənlərini xar və zəlil et. Pərvərdigara! Öhdəmizə düşən vəzifələri bizə bildir, bizi bu vəzifələri yerinə yetirməyə müvəffəq et. İmam Xomeyninin (r.ə) pak ruhunu məhşərə övliyalarınla birgə gətir. Şəhidlərimizin pak ruhlarını həşr meydanına Həzrət Siddiqeyi-Tahirənin (s.ə) pak ruhu ilə gətir.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.