Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 1394-cü ilin ilk günü İmam Rza (ə) hərəmində etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمدلله ربّ‌ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی القاسم المصطفی محمّد و علی اله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین المعصومین المکرّمین سیّما بقیة الله فی الارضین. اللّهمّ صلّ علی فاطمة بنت نبیک و زوجة ولیّک و امّ السبطین الحسن و الحسین سیّدی شباب اهل الجنّة الطّهرة الطّاهرة المطهّرة التّقیّة النّقیّة الزّکیّة سیّدة نساء اهل الجنّة اجمعین. اللّهمّ صلّ علی ولیّک علیّ بن موسی عدد ما فی علمک صلاة دائمة بدوام ملکک و سلطانک. اللّهمّ سلّم علی ولیّک علیّ بن موسی عدد ما فی علمک سلاماً دائماً بدوام مجدک و عظمتک و کبریائک

Həmd-səna aləmlərin rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Məhəmməd Mustafaya və onun pak, seçilmiş, hidayət edən və hidayət olunmuş, məsum və möhtərəm xanidanına, xüsusilə də, Bəqiyyətullaha və yer üzünün sonuncu Hüccətinə. Ey Allahım, Sənin peyğəmbərinin qızı, Sənin vəlinin zövcəsi, cənnət cavanlarının ağası olan Həsən və Hüseynin anası, pak, təqvalı və cənnət qadınlarının seyyidəsi Fatiməyə salam və salavat göndər. Ey Allahım, Sənin vəlin Əli ibn Musaya elminin əhatəsi qədər və sultanlığın davam edənədək əbədi salavat göndər. Ey Allahım, Sənin vəlin Əli ibn Musaya elminin əhatəsi qədər və əzəmətin davam edənədək əbədi salam göndər.

Uca Allaha şükürlər edirəm ki, bir daha, daha bir yeni ildə Həzrət Əbülhəsən Rzanın (ə) məqbərəsinin kölgəsi altında siz əziz qardaş və bacılarımla, İmam Rzanı (ə) ziyarətə gəlmiş insanlarla görüşmək fürsətini mənə nəsib etdi.

Müsəlman iranlılar qədim bir ənənə olan Novruzu müdriklikə öz əqidələrinə uyğun, ürəkləri istədikləri bir şəklə salmışlar; Novruzun zahiri formasını, qəlibini saxlayıb, mahiyyətini, mənasını dəyişmişlər. Qədim Novruz padşahların Novruzu idi. Zalım hökmdar və ağaların öz zahiri ehtişamını, dəbdəbəsini xalqın gözünə soxmaları, oturub onlardan hədiyyələr qəbul etmələri üçün fürsət idi. Hətta Novruzun Əməvi və Abbasi xəlifələrinin saraylarına yol tapdığı Bəni-Ümməyə və Bəni-Abbas zamanında da qədim fars padşahlarından qalmış bu ənənə yaşayırdı. İranlı müsəlmanlar isə bu qaydanı, bu ənənəni öz xeyirlərinə dəyişdilər. Bu dəyişiklik birdəfəyə olmayıb, amma əsrlər keçəndən sonra – bu gün siz görürsünüz ki, Novruz insanlarla izzət və əzəmətin başlanğıcı, yəni Uca Allahın müqəddəs zatı arasında mənəvi əlaqə yaranması üçün bir vasitəyə, bəhanəyə çevrilib. İranlıların Novruzu xalqa aid bir məna və mahiyyətə malikdir. İnsanlar Novruzla əlaqədar olaraq bir-biri ilə səmimiyyət və sevgi ilə davranır, bir-birini təbrik edir, hədiyyələr verirlər. Əsrlər sonra – bu gün Novruzun mahiyyətində qədimdə padşahlara aid olan o adət-ənənədən əsər-əlamət qalmayıb. Novruz günlərində, il təhvil olunduğu zaman bu geniş ölkəmizdə ən sıx, izdihamlı məkanlar imamların və imamzadələrin (ə) müqəddəs məqbərələri olur. Dünən – gecəyarı bu müqəddəs məqbərədə yüz minlərlə mömin saf qəlblə qüdrət və əzəmət mənbəyinə üz tutmuşdu, öz Rəbbi ilə söhbət edirdi, halları dəyişən Uca Allahdan öz halının yaxşılığa doğru dəyişməsini istəyirdi, dini ayinlər icra edirdi. Odur ki bu gün bizim qeyd etdiyimiz Novruz qədim Novruz deyil, iranlıların Novruzudur; bu qədim adəti öz uca hədəflərinə çatmaq üçün sərmayəyə çevirməyi bacarmış müsəlman bir xalqın Novruzudur. Ümidvaram, Uca Allah əziz İran xalqına hər bir situasiyada, hər bir məsələdə belə müdrik islami təşəbbüslər etməkdə yardımçı olacaq. Belə ki bu il Norvuz bayramı İslam dünyasının böyük xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə bağlı günlərlə üst-üstə düşür və şübhəsiz ki, təşkil edilən Novruz mərasimləri o uca adın hörmətinə, o uca şəxsiyyətin xatirəsinin ehtiramla anılmasına heç bir vəchlə zidd olmamalıdır; sözsüz ki, heç olmayacaq da. Bu gün mən bu möhtəşəm toplantıda iştirak edən siz əziz qardaş və bacılarıma, eləcə də bütün İran xalqına müəyyən şeyləri deməyi nəzərdə tutmuşam. Söhbətimi Qurandan olan bir mənaya diqqət çəkməklə başlamaq istəyirəm. Uca Allah yardım vədi verdiyi şəxslər üçün bir şərt qoymuşdur:

وَ اِنَّ اللهَ عَلی نَصرِهِم لَقَدیر

“Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!” (“Həcc” surəsi, 39-cu ayədən)

اَلَّذینَ اِن مَکَّنّاهُم فِی الاَرضِ اَقامُوا الصَلوةَ وَ ءاتَوُا الزَّکوة وَ اَمَروا بِالمَعروفِ وَ نَهَوا عَنِ المُنکَرِ وَ لِلّهِ عاقِبةُ الاُمور

“O kəslər ki, əgər onlara yer üzündə güc-qüdrət versək, namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir”. (“Həcc” surəsi, 41-ci ayə)

Bu şərif ayədə Allah-taala gücü və imkanı olan, zalım hökmdarların ağalığı altından çıxmağa müvəffəq olmuş möminlər üçün 4 göstərici müəyyən edərək belə vəd edir:

وَ اِنَّ اللهَ عَلی نَصرِهِم لَقَدیر

“Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!”

Allah-taala belə bir xalqa yardım etməyə, əlbəttə ki, qadirdir və sözsüz ki, edəcək də. Həmin 4 şərtdən biri namaz, biri zəkat, biri “əmr be məruf”, dördüncüsü isə “nəhy əz münkər”dir. Bu dörd xüsusiyyətdən, dörd meyardan hər birinin bir fərdi, şəxsi aspekti var, amma bununla yanaşı, bir sosial aspekti, ictimai quruluşa da bir təsiri var. Hətta mahiyyətində o qədər sirr və simvolika gizlənən, hər bir möminin meracı, قُربانُ کُلِّ تَقی – hər bir təqvalı və pəhrizkar insanın Allaha yaxınlaşma vasitəsi, feyz və səadət mənbəyi, bütün əməllərdən üstün bir əməl olan namaz da sosial aspektə malikdir. Namazın sosial aspekti bundan ibarətdir ki, onun vasitəsilə ayrı-ayrı müsəlmanlar vahid bir mərkəzlə təmasda olur. Namaz vaxtı böyük İslam dünyasının hər bir yerində bütün müsəlmanlar eyni anda qəlblərini vahid bir mərkəzə bağlayırlar. Bütün qəlblərin vahid bir mərkəzə bu şəkildə bağlanması ictimai bir məsələdir, ictimai formasiya məsələsidir, islami quruluşun həndəsəsini müəyyən edərək formalaşdırır.

Zəkatın da fərdi bir özəlliyi var, insana sevdiyi şeylərdən keçməyi, onları başqalarına verməyi öyrədir; bunun özü çox mühüm bir sınaqdır. Buna baxmayaraq, zəkatın da ictimai nöqteyi-nəzərdən bir yozumu var. Quranda zəkat sözü ilə bütün infaqlar, yəni Allah yolunda xərcləmələr nəzərdə tutulur. Bura “خُذ مِن اَموالِهِم صَدَقَةً” – “Onların mallarından sədəqə (zəkat) al” (“Tövbə” surəsi, 103-cü ayədən) şərif ayəsində vacib maliyyə vergisi kimi haqqında danışılan və şəri termin olaraq işlədilən zəkat da daxildir. Allah yolunda edilən bütün infaqlar zəkatdır. Zəkatın ictimai aspekti, ictimai quruluşun formalaşmasına təsir etmək baxımından izahı isə bundan ibarətdir ki, İslam cəmiyyətində, islami mühitdə yaşayan və dünya malına malik olan insan cəmiyyət qarşısında məsuliyyət hiss edir, özünü borclu bilir, cəmiyyətdən ummur, kiməsə əl tutmağı özünün vəzifəsi hesab edir; həm yoxsul, zəif insanlar qarşısında məsuliyyət hiss edir, həm də Allah yolunda. Odur ki bu nöqteyi-nəzərdən zəkat ictimai quruluşun formalaşmasına təsir göstərən bir hökm və göstəricidir.

“Əmr be məruf və nəhy əz münkər”ə gəlikdə isə bu hökm İslamdakı bütün ictimai fəaliyyətlərin, bir növ, əsasını təşkil edir; “بِها تُقامُ الفَرائِض” – bütün vacib hökm və əməllər onunla, onun sayəsində yerinə yetirilmiş olur. “Əmr be məruf” – yəni cəmiyyəti yaxşılıqlara, hər cür gözəl, bəyənilən əməllərə sövq etmək dünyanın istənilən yerində hər bir möminin vəzifəsidir. “Nəhy əz münkər” isə hər kəsi pisliklərdən, rəzilliklərdən, çirkinliklərdən uzaqlaşdırmaqdır. Bu 4 göstəricinin hər biri İslam dövlətinin, islami quruluşun strukturunu özünəməxsus tərzdə ifadə edir.

Haşiyəyə çıxıb bir şey deyim ki, “əmr be məruf və nəhy əz münkər” mühüm bir məsələdir və onu heç də vacib əhəmiyyət kəsb etməyən məsələlərlə məhdudlaşdırmaq olmaz. Bəziləri elə güman edirlər ki, “əmr be məruf və nəhy əz münkər” yalnız dinin təfərrüatına əməl etməyən bir kişi və ya qadına xatırlatma etməkdən ibarətdir. Əlbəttə ki, bunlar “əmr be məruf və nəhy əz münkər”dir, amma onun ən mühüm forması deyil. “Əmr be məruf və nəhy əz münkər”in ən əhəmiyyətli forması ən böyük yaxşılıqlara sövq etmək və ən böyük pisliklərdən çəkindirməkdir. Ən böyük yaxşılıqlar, ilk növbədə, İslam dövlətinin formalaşdırılması və qorunmasından ibarətdir; “əmr be məruf” budur. İslam dövlətini formalaşdırmaqdan və qorumaqdan uca xeyir, yaxşılıq yoxdur. Bu yolda çalışan hər kəs cəmiyyəti yaxşılığa çağırmış olur. Ən böyük xeyir və yaxşılıq İran xalqının qürur və heysiyyətini qorumaqdır. Xeyir və yaxşlıqlar bunlardır: mədəniyyəti yüksəltmək, sağlam əxlaqi atmosfer yaratmaq, ailə atmosferini sağlamlaşdırmaq, yeni nəslin sayını artırmaq, ölkəni inkişaf etdirməyə hazır olan bir gənc nəsil yetişdirmək, iqtisadiyyat və istehsalı rövnəqləndirmək, İslam əxlaqını kütləviləşdirmək, elm və texnologiyanı inkişaf etdirmək, hüquqi və iqtisadi ədaləti bərqərar etmək, İran xalqının və daha böyük miqyasda İslam ümmətinin iqtidarı uğrunda çalışıb-vuruşmaq, müsəlman birliyi uğrunda çalışıb səy göstərmək. Ən mühüm xeyir və yaxşılıqlar bunlardır və onların uğrunda çalışmaq, insanları onlara sövq etmək hər kəsin vəzifəsidir. Bunların əks qütbündə isə pisliklər, çirkinliklər durur. Əxlaqi tənəzzül pislikdir, İslam düşmənlərinin dəyirmanına su tökmək pislikdir, İslam dövlətini zəiflətmək pislikdir, İslam mədəniyyətini zəiflətmək pislikdir, cəmiyyətin iqtisadiyyatını, elm və texnologiyanı zəiflətmək pislikdir; bu pisliklərdən çəkinmək lazımdır. Yaxşılıqlara əmr edən ilk şəxs isə Allah-taalanın müqəddəs zatının özüdür. O buyurur:

اِنَّ اللهَ یَأمُرُ بِالعَدلِ وَ الاِحسانِ وَ ایتآئِ ذِی‌القُربی وَ یَنهی عَنِ الفَحشآءِ وَ المُنکَرِ وَ البَغی

“Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurur, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir”. (“Nəhl” surəsi, 90-cı ayədən)

Allah-taala yaxşılıqlara əmr edərək pisliklərdən çəkindirir. Yaxşlılıqlar da müəyyən olunub, pisliklər də məlumdur. Əzəmətli İslam Peyğəmbərinin (s) müqəddəs vücudu yaxşılıqlara əmr edib pisliklərdən çəkindirənlərin ən üstünüdür; Quranda onun haqqında buyurulur:

یَأمُرُهُم بِالمَعروفِ وَ ینهاهُم عَنِ المُنکَر

“(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər...” (“Əraf” surəsi, 157-ci ayədən)

Məsum imamlar (ə) da “əmr be məruf və nəhy əz münkər” etmiş ən böyük şəxsiyyətlərdir; ziyarətnamələrdə oxuyursunuz:

اَشهَدُ اَنَّکَ قَد اَقَمتَ الصَّلاةَ وَ آتَیتَ الزَّکاةَ وَ اَمَرتَ بِالمَعروفِ وَ نَهَیتَ عَنِ المُنکَر

“Şəhadət verirəm ki, sən namazı bərpa etdin, zəkat verdin, yaxşılıqlara əmr edib, pisliklərdən çəkindirdin”. İslam dünyasının istənilən yerində yaşayan mömin kişi və qadınlar yaxşılığa əmr edib, pisliklərdən çəkindirənlərdəndir; Quranda buyurulur:

وَ المُؤمِنونَ وَ المُؤمِناتُ بَعضُهُم اَولیآءُ بَعضٍ یَأمُرونَ بِالمَعروفِ وَ یَنهَونَ عَنِ المُنکَرِ وَ یُقیمونَ الصَّلوةَ وَ یَؤتونَ الزَّکوة

“Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verərlər”. (“Tövbə” surəsi, 71-ci ayədən)

Bunlar ictiami quruluşun formalaşdırılmasında başlıca rola malik olan 4 başlıca elementdir və onlardan hər biri də şaxələrə bölünür. İslam dövlətində, yəni İslam cəmiyyətindəki birlik, camaat arasında ictimai əlaqələr və emosional bağlar məhz bu 4 şeyə: namazın qılınması, zəkatın verilməsi, “əmr be məruf” və “nəhy əz münkər”ə əsaslanır. Elə bu məqamda – bugünkü söhbətimin əvvəlində mən bu mövzudan dünən gecəyarı əziz xalqımıza etdiyim müraciətdə yeni il üçün elan etdiyim şüarla bağlı nəticə çıxarmaq istəyirəm. Bizim cəmiyyətimizdə, bu geniş və əziz ölkəmizdə İslam dini ictimai mənşəyindən, sosial statusundan asılı olmayaraq, hamımızdan birgə olmağımızı, həmrəy olmağımızı, bir-birinə yardım etməyimizi istəyir. İslam dövlətində hakimiyyətə gələn administrasiyalar xalq tərəfindən dəstəklənməlidir; hətta hökumətdə təmsil olunan bu və ya digər şəxsə səs verməmiş insanlar tərəfindən də dəstək və himayə görməlidir. Bizim islami dövlətimizdə milli, sosial birlik və həmrəyliyin mahiyyətini bu gerçəklik təşkil etməlidir. İş başında olan hakimiyyətlə hamı bir nəfər kimi əlbir-dilbir olmalı, ona yardım etməlidir; xüsusilə də ölkənin mühüm məsələlərlə, önəmli problem və qarşıdurmalarla üz-üzə olduğu anlarda (bu barədə daha sonra deyəcəklərim var). Bu gün xalqın bütün nümayəndələrinin vəzifəsidir ki, ölkə və hökumət rəsmilərini dəstəkləsinlər, onlara yardım etsinlər. Bu təkcə hazırkı hökumətə yox, bütün hökumətlərə aiddir. Bundan sonra hakimiyyətə gələcək administrasiyalara da aiddir. Ona görə ki, bütün hökumətləri narahat edən əsl və başlıca məsələ xalqın problemlərini həll etməkdir; doğrudur, onların hamısı eyni səviyyədə olmaya, fərqli imkan və bacarıqlara və ya siyasi təmayülə malik ola bilərlər, amma hamısının məqsədi hakimiyyətdə olduqları dövrdə imkanları daxilində ölkənin, xalqın problemlərini həll edə bilməkdir. Konstitusiya çərçivəsində hakimiyyətə gəlmiş hər bir administrasiya legitimdir, qanunidir. Əsas o deyil ki, bu və ya digər prezidentə seçicilərin neçə faizi səs verib; səslərin azlığı və ya çoxluğunun həmin şəxsin nə dərəcədə sevilməsi ilə əlaqəsi var, legitimliyi ilə əlaqəsi yoxdur. Bir şəxs istənilən səs çoxluğu faizi ilə, Konstitusiya çərçivəsində, xalqın əksəriyyətinin səsini toplayaraq seçilirsə, bu artıq legitimlikdir, qanunilikdir, həmin dövlət legitimdir və xalq onu qanuni bilərək bacardığı qədər ona kömək etməlidir. Əlbəttə ki, qarşılıqlı hüquqlar var. Əlbəttə ki, hər bir hökuməti tənqid edənlər olur; hazırkı hökuməti də tənqid edənlər var, bundan əvvəlki hökumətlərin də hər birini tənqid edənlər olub. Bunun heç bir problemi yoxdur. Elə insanlar var ki, bu və ya digər davranışı, fikri, siyasəti qəbul etmir və tənqid edirlər. Bunun heç bir eybi yoxdur, amma tənqidlər məntiq çərçivəsində olmalıdır. Mənim özümün də müxtəlif hökumətlərə tənqidi yanaşdığım vaxtlar olub, həmişə də fikirlərimi qeyd etmişəm, nöqsanlı hesab etdiyim, tənqidə lüzum gördüyüm heç bir halda fikrimi deməkdən çəkinməmişəm. İntəhası bu tənqidi fikirlərimi münasib şəraitdə, münasib situasiyada və münasib şəkildə bildirmişəm. Mesaj ünvanlamışam və ya şəxsən, üz-üzə demişəm, yaxud israrla fikrimi bildirmişəm. Xəbərdarlıq etməyin, tənqidi fikirlərini qeyd etməyin heç bir eybi yoxdur, amma bu, elə formada olmalıdır ki, rəsmilərə, iş başında olan şəxslərə qarşı ictimai etimadı yox etməsin. Xəbərdarlığı elə formada etmək lazımdır ki, camaatda etimadsızlıq yaranmasın, təhqir və aqressiv davranışlara yol verilməsin. Hökumətlə xalq arasındakı əlaqəyə hamı müsəlman qardaşlığı prizmasından yanaşmalı, bu şəkildə davranmalıdır. Əlbəttə ki, burada iki tərəf var. Mən həm xalqa tövsiyə edirəm ki, hökumətlə mehribanlıqla, birlik və həmrəylik ruhu ilə danışmaq lazımdır, həm də hakimiyyətin hər 3 qolunda təmsil olunan rəsmilərə vurğulayıram ki, onları tənqid edən şəxslərə qarşı münasib şəkildə davransınlar, təhqirə yol verməsinlər. Rəsmilərin müxalifləri təhqir etməsi müdriklik və tədbirliliyə ziddir. Mən əziz xalqımızı etinasızlığa, proseslərə nəzarət etməməyə çağırmıram. Əksinə, onları ölkənin əsas problemləri ilə yaxından maraqlanmağa dəvət edirəm. Lakin israrla deyirəm ki, istər xalqın rəsmilərə, istərsə də rəsmilərin onları tənqid edənlərə qarşı reaksiyası destruktiv olmamalıdır; təhqir, aşağılama olmamalıdır. Kimlərsə hansısa məsələyə narahatlıqla yanaşa bilər; narahatlıq keçirmək günah deyil; nədənsə narahat olmaq cinayət deyil. Kimlərsə ölkənin mühüm və həssas bir məsələsi ilə bağlı, doğrudan da, narahatlıq keçirə bilər; bunda heç bir problem yoxdur. Lakin bu, insanları ittiham etməyə, görülən işləri, çəkilən zəhmətləri görməzliyə vurmağa haqq vermir. Digər tərəfdən hökumət və hökumətin tərəfdarları da narahatlığını ifadə edən insanlara qarşı təhqirə yol verməməlidirlər. Mən əziz xalqımıza açıq-açığına demək istəyirəm – bundan öncə də dəfələrlə demişəm – ki, vəzifədə olduğum dövrdə hakimiyyətdə olmuş bütün administrasiyaları dəstəkləmişəm, hazırkı hökuməti də dəstəkləyirəm. Lazım olan məqamda fikrimi deyirəm, xəbərdarlığımı edirəm. Əlbəttə ki, heç kimə imzalanmış ağ kağız da vermirəm. Fəaliyyətlərinə, gördükləri işlərə baxıram və bunun əsasında mühakimə yürüdürəm. Allahın köməyi ilə bundan sonra da görülən işlərə əsasən hərəkət edəcəyəm.

İlin şüarı – “Dövlət və xalq – birlik və həmrəylik” şüarı ilə bağlı qeyd etmək, şərh vermək istədiyim birinci məsələ bu idi. Xalq və rəsmilər yumruq kimi bir olmalı, həmrəy olmalı, əməkdaşlıq etməli, çiyin-çiyinə problemlərin həlli üçün çalışmalıdırlar.

Dedik ki, bu, o zaman daha da böyük əhəmiyyət kəsb edir ki, insanın əlində böyük imkanlar olur, eyni zamanda böyük çətinlik və qarşıdurmalarla üz-üzə qalır. Bu gün həmin günlərdəndir: bu gün həm əlimizdə böyük fürsətlər var, həm də qarşıda bizi gözləyən çətinliklər, qarşıdurmalar. Həmin çətinlikləri qəbul edərək, əlimizdəki fürsətlərdən istifadə edib, Allahın köməyi ilə, onlara qalib gəlməliyik. Bəli, bu gün bizim əlimizdə böyük imkanlar var. Ən böyük imkanlarımızdan biri, əlhəmdulillah ki, ölkəmizdə sayı-hesabı bilinməz dərəcədə çox olan, təşəbbüskar və effektiv insan potensialıdır. Ölkəmizdə əsas etibarilə gənclərdən ibarət olan, yüksək əhval-ruhiyyəli və təşəbbüskar insan potensialı vardır.

Əlimizdəki digər böyük fürsət isə xalqımızın, gənclərimizin dövlətimizlə, dövlətimizin və mərhum liderimiz İmam Xomeyninin (r.ə) amalları ilə həmrəyliyidir. Əziz qardaş və bacılar, sizin diqqətinizi bir fakta yönəltmək istəyirəm: bu Qüds və ya 22 bəhmən yürüşlərində iştirak edənlərin əksəriyyəti gənclərdir; özü də bu, o gənclərdir ki, televiziya, radio və internet vasitəsilə gecə-gündüz təxribat bombardmanına məruz qalırlar. Dünyada – kiberdünyada bir savaş gedir. Audio və vizual mediada hər biri minlərlə orqanın nüfuzuna sahib olan yüzlərlə media orqanı gənclərimizin təfəkkürünü bombalamaqdadır. Bəziləri gənclərimizi dindən döndərməyə, bəziləri onları İslam dövlətinə qarşı kökləməyə, bəziləri ölkə daxilində ixtilaf və qarşıdurma yaratmağa, bəziləri onları öz çirkin hədəflərinə xidmət etdirmək istəyirlər, bəziləri isə vecsizliyə, bekarçılığa sövq etməyə çalışırlar. Televiziya, radio və internet vasitəsilə gənclərimizin başı üzərində bu bombardman daim həyata keçirilir. Buna baxmayaraq, görürsünüz ki, 22 bəhmən günü ölkənin dörd yanında 10 milyonlarla gənc küçələrə çıxır, şüarlar səsləndirir, emosiyalarını ifadə edir, İmam Xomeyniyə (r.ə), İslama, İslam dövlətinə mənəvi bağlılığını nümayiş etdirir. Bu, balaca bir şey deyil, çox böyük bir fürsətdir.

Daha bir fürsət isə sanksiyalar şəraitində əldə edilmiş elmi nailiyyətlərdir. Biri var böyük dövlətlər, beynəlxalq mərkəzlərin pulu, sərmayəsi bir xalqın köməyinə gələ, biri də var bir xalqın üzünə bütün qapılar bağlana, buna baxmayaraq, həmin xalq müxtəlif sferalarda böyük işlər həyata keçirməyə müvəffəq ola. Bu gün siz belə böyük işlərin şahidi olursunuz; bunları görməzliyə vurmaq olmaz. Bir neçə gün əvvəl ölkə prezidenti Cənubi Pars yatağının 12-ci fazasının açılışında iştirak etdi. Bu, çox böyük və mürəkkəb bir sənaye layihəsidir və ölkənin iqtisadiyyatını, ümumi daxili məhsulun həcmini hiss olunacaq dərəcədə artıra bilər. Belə böyük işlərimiz, layihələrimiz çoxdur. Özünüz gördünüz, Silahlı Qüvvələrin təlimlərində elə texnikalardan istifadə olundu ki, düşmən onları görəndə təəccüblənmişdi. Biz bunu gümanla, fərziyyə ilə demirik; təəccübləndiklərini özləri dilə gətirib deyirlər. Bütün bunlar sanksiyalar tətbiq olunduğu bir dövrdə baş tutub. Bu, balaca bir şey deyil, çox böyük bir şansdır. Gənclərimiz, təşəbbüskar kadrlarımız bütün bunları ardıcıl olaraq sanksiyaların tətbiq olunduğu illərdə, yəni düşmənin zənnincə iflicedici olacaq bu sanksiyaların ölkəmizin başı üzərini qara bulud kimi aldığı 89, 90, 91 və 92-ci illərdə həyata keçiriblər. Bu, ölkəmiz üçün çox böyük bir fürsətdir; demək ki, bu sanksiyalar da bir fürsətdir. Az sonra mən bu sanksiyaların özlərinin də müəyyən mənada İran xalqı üçün bir fürsət olduğu barədə qısaca danışacağam. Qeyd edəcəyəm ki, doğrudur, sanksiyalar müəyyən çətinliklər törədib, amma fürsətə çevrilə bilər. Əlbəttə, bəzi digər problemlərimiz var ki, bu gün onlara da bir qədər toxunacağam. Bu gün ölkəmizin ən böyük və faktiki problemlərindən biri milli iqtisadiyyat məsələsidir; iqtisadiyyatdır. Xalqımız, haqlı olaraq, rövnəqlənən bir iqtisadiyyatı olmasını, ictimai rifahın mövcud olmasını, yoxsul təbəqənin qeyri-məqbul həyat səviyyəsindən yaxa qurtarmasını, problemlərin öz həllini tapmasını istəyir. Xalqımızın gözləntiləri bunlardır və haqlı gözləntilərdir. Ölkəmizin iqtisadiyyatının ciddi bir hərəkata, böyük bir işin reallaşmasına ehtiyacı var; bu məsələnin bəzi aspektlərini indi qeyd edəcəyəm. Əlbəttə ki, mən artıq bir neçə ildir iqtisadiyyatdan danışıram. Hələ bir neçə il öncəki iclasımızda mən öncədən proqnozlaşdırmışdım ki, düşmən əsas diqqəti bizim iqtisadiyyatımıza yönəldəcək, rəsmilər bu barədə düşünməli, hazırlaşmalıdırlar. Ölkə iqtisadiyyatına zərbə vurmağa hazırlaşan düşmənlə, onun düşmənçilik siyasətləri ilə qarşılaşmağa hazır olmalıdırlar. Az sonra iqtisadiyyat haqda müəyyən məqamları qeyd edəcəyəm.

Hazırda “İnkişaf və ədalət” onilliyi yarını ötüb. Biz yaşadığımız onilliyi “İnkişaf və ədalət” onilliyi adlandırmış, belə təqdim etmişdik və bu gün o, yarısını geridə qoyub. Həmçinin perspektivlərimiz üçün də 20 il müəyyən etmişdik, müəyyən siyasətlər işləyib hazırlamışdıq ki, onun da yarısı – 10 ili geridə qalıb və qarşımızda hələ 10 il var. Bunlar mühüm məsələlərdir. Bu reallıqları nəzərə aldıqda iqtisadi problemlərin həssaslığı daha da artır.

Düşmənlərimiz ölkəmizə iqtisadi təzyiqlər göstərməkdə siyasi məqsəd güddüklərini açıq-aşkar deyirlər. Onların məqsədi İran xalqını İslam dövləti ilə üz-üzə qoymaqdır.
(1) Diqqət edin, xahiş edirəm. Əlbəttə, doğrudur, Amerikaya ölüm olsun! Çünki bu təzyiqlərin əsas icraçısı Amerikadır; onlar bütün səylərini əziz xalqımızın iqtisadiyyatına yönəltməkdə israrlıdırlar. Məqsədləri nədir? Məqsədləri xalqı rejimə qarşı qoymaqdır. Açıq-aşkar deyirlər, ölkənin iqtisadiyyatına ona görə təzyiq göstərmək istəyirik ki, əhalinin vəziyyəti ağırlaşsın, camaat hakimiyyətə, İslam dövlətinə qarşı etirazlara qalxmağa məcbur olsun. Bunu gizlətmədən, açıq-aşkar deyirlər. Əlbəttə, bəzən yalandan İran xalqının tərəfində olduqlarını da iddia edirlər – onların bu yalanlarına inanmaq olmaz, düşmənə inanmaq lazım da deyil – amma əslində, siyasi bir hədəf izləyirlər. Bu gün ölkəmizdə mövcud olan asayiş və təhlükəsizliyi xalqın əli ilə aradan qaldırmaq istəyirlər; hansı ki bu təhlükəsizlik bizim yerləşdiyimiz Qərbi Asiya regionunda misilsizdir; Allaha həmd olsun ki, bu gün nə şərqimizdə, nə qərbimizdə, nə şimalımızda, nə də cənubumuzda heç bir ölkədə bizim ölkəmizdə, xalqımız arasında hökm sürən asayiş və təhlükəsizlik hökm sürmür. Xalqı bu asayiş və təhlükəsizliyi pozmağa, ölkədə etiraz hərəkatına başlamağa vadar etmək istəyirlər. Camaatımızı buna təhrik edirlər, işləyirlər, planlar qururlar. Onlar tam ciddiyyət və qətiyyətlə bu məqsəd üçün çalışırlar. Bu, çox böyük bir problemdir, çox mühüm bir situasiyadır. Ölkədə belə bir problem olduğu surətdə bütün qüvvələr çiyin-çiyinə durmalı, əl-ələ verib əməkdaşlıq edərək iqtisadiyyat məsələsinə ciddi yanaşmalıdırlar.

İqtisadiyyatla bağlı bir neçə şey də qeyd edim. Birincisi, Amerikanın düşmənçi siyasətləri ucbatından bu gün iqtisadiyyat özünəməxsus bir döyüş, savaş meydanıdır. Bu savaş meydanında ölkənin mənafeyinə uyğun hansısa işlər görə bilmiş hər bir şəxs cihad etmiş sayılır. Bu gün ölkənin iqtisadiyyatına yardımçı olmağı bacarmış hər bir şəxs cihad etmişdir. Bu, cihaddır. Əlbəttə, elə bir cihaddır ki, özünə aid döyüş ləvazimatı, taktikaları var. Bu cihadı özünəməxsus tədbirlər və silahlarla həyata keçirmək lazımdır. Bu, birincisi.

İkincisi, ölkə iqtisadiyyatına ümumi baxışda iki yanaşma mövcuddur. Xahiş edirəm özəlliklə mütəxəssislər, həmçinin gənclər və ümumilikdə əziz xalqımız bir məsələyə diqqət yetirsinlər ki, iqtisadiyyatın inkişafına, rövnəqlənməsinə iki cür yanaşma var. Bunların birində deyilir ki, biz iqtisadiyyatın inkişafını ölkənin, xalqın daxili potensialı hesabına təmin etməliyik. Ölkədə həddən artıq böyük imkanlar vardır ki, onların çoxundan ya hələ istifadə olunmayıb, ya da düzgün istifadə olunmayıb; bu imkanlardan istifadə etməliyik. Yəni iqtisadiyyatımız daxildən güc alaraq çiçəklənməlidir. Mayasını, xammalını ölkənin daxilindən alan, ölkənin daxili imkanlarına, əhalimizin potensialına söykənən bir iqtisadiyyatımız olmalıdır. Yanaşmalardan biri budur; deyirlər ki, iqtisadiyyatı rövnəqləndirmək üçün ölkənin daxili imkanlarına baxmaq, mövcud potensialı üzə çıxarmaq və ondan düzgün istifadə etmək lazımdır; o zaman iqtisadiyyatımız inkişaf edəcək, önə keçəcək. Bu, bir yanaşma.

İkinci yanaşma isə ölkə iqtisadiyyatının sərhədlərimizdən kənardan, xaricdən dəstək alaraq inkişaf etməli olduğunu ifadə edir. Deyirlər xarici siyasətimizi dəyişməliyik ki, iqtisadiyyatımız da düzəlsin, filan imperialist dövlətlə kompromisə getməliyik ki, iqtisadiyyatımız rövnəqlənsin, müxtəlif sferalarda, müxtəlif məsələlərdə imperialist dövlətlərin zorakı tələblərinə boyun əyməliyik ki, ölkəmizin iqtisadiyyatı inkişaf edib çiçəklənsin. Bu da ikinci bir yanaşmadır.

Bu gün ölkəmizdə mövcud olan şərait bizə göstərir ki, bu ikinci yanaşma tamamilə yanlış, qüsurlu və faydasızdır. Elə bu gün İran xalqına qarşı tətbiq olunan sanksiyalar özləri bu yanaşmanın yanlışlığına qəti və məntiqli bir sübutdur; yəni siz xarici dövlətlərə ümid olub, onların gəlib sizin iqtisadiyyatınızı inkişaf etdirməsini gözləsəniz, onlara boyun əyməklə iqtisadiyyatınızın rövnəqlənəcəyini düşünsəniz, bilməlisiniz ki, onlar aza qane olan deyillər. Gözünüzü xaricə dikəndə bir gün neftin qiymətinin aşağı düşməsi kimi bir problemlə üzləşəcəksiniz. İmperialist dövlətlər, təəssüf ki, regiondakı əlaltılarının da dəstəyi ilə qəflətən neftin qiymətini yarıya, hələ bəlkə, ondan da aşağı salmağı qərara ala bilərlər. Belə bir problemlə üz-üzə qalacaqsınız. Gözünü kənara dikmək budur. Gözünü ölkə daxilindəki imkanlara dikəndə isə başqa cür olur. Bu gün yadellilər, imperialist dövlətlərin başçıları xalqımızda bu ikinci yanaşmanı möhkəmləndirmək istəyirlər.

Mən Amerika prezidentinin Novruz bayramı münasibəti ilə İran xalqına ünvanladığı mesajı gördüm. O, mesajında deyir ki, gəlin bizim dediklərimizi qəbul edin. Əslində, onun sözünün mahiyyəti, canı budur: siz nüvə danışıqlarında bizim diktə etdiklərimizi qəbul edin ki, ölkənizdə məşğulluq yaransın, sərmayə yaransın, iqtisadiyyatınızda canlanma əmələ gəlsin; yəni o ikinci yanaşma. Bu, elə bir yanaşmadır ki, heç vaxt müsbət nəticə verməyəcək. Biz ölkənin daxilinə baxmalıyıq; daxildə geniş imkan və potensial var. Bizim ortaya qoyduğumuz müqavimət iqtisadiyyatı məsələsinin mahiyyəti məhz bundan ibarətdir. Sevindirici haldır ki, bütün ekspert və mütəxəssislər də bu proqramı müsbət qəbul edib dəstəklədilər; yəni mən bir nəfər belə olsun iqtisadçı və ya sosioloq görmədim ki, bizim müqavimət iqtisadiyyatının siyasətləri olaraq elan etdiyimiz prinsipləri qəbul etməsin. Müqavimət iqtisadiyyatı əsas diqqəti ölkənin daxili imkanlarına yönəldir. Torpağını sulamaq üçün kənardan su gətirməyə icazə vermirlərsə, gərək quyu qazıb, suyu öz torpağından çıxarasan ki, o suya görə xəsis qonşuya möhtac olmayasan. Biz özümüzdən, öz imkanlarımızdan kömək umub işlərimizi irəli aparmalıyıq. Bu da ikinci bir məqam.

Üçüncü məqam; nə iqtisadiyyatda, nə də başqa heç bir fəaliyyət proqramında hədəfləri müəyyən etmədən irəli getmək mümkün deyil. Hədəfləri müəyyənləşdirmək lazımdır. Hökumət rəsmiləri istənilən işdə hədəfi müəyyən etmədən hərəkət etsələr, işlər gündəlik əhəmiyyət kəsb edər; heç bir nəticə verməz. Qarşıya konkret və sabit hədəflər qoyulmalıdır ki, bütün strukturlar, bütün imkanlar o hədəfə doğru səfərbər edilsin. Məncə, bu il və gələcək illərdə iqtisadiyyatda əsas hədəf kimi diqqət mərkəzində durmalı olan məsələ daxili istehsala investisiya qoyuluşudur. Hamı bütün səylərini daxili istehsalın gücləndirilməsi üçün səfərbər etməlidir. İqtisadiyyat sferasında fəaliyyət göstərən bütün rəsmilərdən, eləcə də əhalidən daxili istehsalın güclənməsinə yardımçı olmalarını istəmək lazımdır.

Əlbəttə ki, bunun öz yolları var və mən onlardan bəzilərini qeyd edəcəyəm. Mühüm məsələlərdən biri orta və kiçik istehsalat müəssisələrinin dövlət tərəfindən himayə edilməsi, onlara dəstək verilməsidir. Digər vacib işlərdən biri də elmi əsaslı müəssisələrin gücləndirilməsidir. Bizim elm və texnologiyanın üzərində bu qədər durmağımızın səbəbi təkcə ölkəmizin elmi inkişaf göstəricisini yuxarı qaldırmaq deyil. Elm və texnologiyanın inkişafı iqtisadiyyatın inkişafına kömək edir. Elmi əsaslı istehsalat müəssisələri milli iqtisadiyyata yardımçı ola bilər. Digər vacib məsələ xammal satışının azaldılmasıdır. Məhz bunu nəzərə alaraq mən bir müddət əvvəl çıxışımda iqtisadiyyatımızın neftdən asılılığına etiraz etmişdim. Biz elə etməliyik ki, xammalın satışı tədricən azalıb, nəhayət, tamamilə aradan qaldırılsın. Əlavə dəyər yaratmaq lazımdır. Banklar bu sahədə rol oynaya bilər; həm köməkçi rol oynaya bilər, həm də destruktiv. Ölkənin bank sektorunda təmsil olunan yüksək vəzifəli rəsmilər buna diqqət yetirməlidir. Ölkənin hər yerində bəzi banklar müəyyən siyasətlərlə bəzi kiçik və orta istehsalat müəssisələrinin işinin dayandırılmasına və ya tamamilə bağlanmasına səbəb olmuşlar. Banklar yardımçı da ola bilər, işləri poza da bilər. Əsas məsələlərdən biri də investisiya qoyuluşunun asanlaşdırılmasıdır; digər bir mühüm məsələ xaricdən istehlak məhsullarının idxalının azaldılmasıdır; qaçaqmalçılıqla mübarizə də vacib işlərdən biridir. Hökumət rəsmilərinin görüləsi bir çox işləri var. Onlardan bir qismini mən burada qeyd etdim. Əlbəttə ki, bunlar hamısı çətin işlərdir. Bütün bunları dildə demək asandır, həyata keçirmək isə çətin. Amma rəsmilər bu çətin işlərin hamısını, hökmən, reallaşdırmalıdırlar, çünki bunlar çox mühüm məsələlərdir. Bu işdə əhali də özünəməxsus rol oynaya bilər. Hansısa sahəyə investisiya qoymaq iqtidarında olan insanlar əllərindəki sərmayəni istehsala yönəltsinlər, istehsalata pul qoysunlar. İstehlakçılar – əslində, bütün xalqımız istehlakçıdır – milli məhsul alsınlar. Bunu mən dəfələrlə qeyd etmişəm, vurğulamışam, bu gün də vurğulayıram. Hamı daxili məhsuldan istifadə etməyə, iranlı fəhlənin əməyinə dəstək olmağa, istehsal etdikləri məhsulu almaqla yerli sənaye müəssisələrini rövnəqləndirməyə çalışmalıdır. İsrafçılıqdan çəkinmək lazımdır. İsrafçılığa yol verən insanlar bilsinlər ki, İslam dininin bu qədər məzəmmət etdiyi bu israfçılıq, nəyə gəldi, sağa-sola pul xərcləmək milli iqtisadiyyatın müqəddəratını təyin edir. İnsanlarımız israfçılıqdan, şəxsi əmlakını – lap su olsun, çörək olsun – lazım gəldi-gəlmədi, geninə-boluna xərcləməkdən, ziyafətlərdə, toy-nişan və digər mərasimlərdə lüzumsuz dəbdəbədən və bu kimi şeylərdən çəkinsələr, milli iqtisadiyyatın inkişafına yardım etmiş olurlar. Xarici bizneslə məşğul olan, xarici ölkələrlə alış-veriş edən şəxslər də özünəməxsus rol oynaya bilərlər. Onların rolu da işində düzgün olub, İran xalqının nüfuzunu qorumaqdan ibarətdir. Bu da üçüncü bir məqam.

İqtisadiyyatla bağlı qeyd olunası 4-cü mühüm məqam bundan ibarətdir ki, düşmənin yeganə silahı sanksiyalardır; bunu bilin. Bu gün düşmənin İran xalqına qarşı mübarizədə yeganə silahı sanksiyalardır. Biz düzgün, tədbirli davransaq, sanksiyaları nəticəsiz qoya bilərik. Qeyd etdiyim kimi, xoşbəxtlikdən, bu gün dövlət tərəfindən açılan sənaye və istehsalat müəssisələri, o cümlədən az öncə adını çəkdiyim Cənubi Parsın 12-ci fazası, müdafiə sənayesi müəssisələri, elm və texnologiya parkları və s. – bütün bunlar bu cür sanksiyaları neytrallaşdıra bilər. Onların əvvəlcə təsirini azalda, sonra isə tamamilə yox edə bilər. Sanksiyalar çətinliklər törətdi, amma bizim üçün bərəkətləri də oldu. Sanksiyalar bizə göstərdi ki, özümüzə arxalanmalıyıq. Sübut etdi ki, daxili gücümüzdən istifadə edə bilərik. Əgər hökumət rəsmiləri, xalqımız, xüsusən də iqtisadiyyat sektorunda fəal olan şəxslər əzm nümayiş etdirsələr, səy göstərsələr, kütləvi informasiya vasitələri də onlara dəstək olsalar – bir qədər sonra bu məsələyə də toxunacağam – inşallah, sanksiyaların İran xalqını inkişafdan saxlamağa qadir olmadığını görəcəyik.

Nüvə məsələsi ilə bağlı da bir məqamı qeyd edək; əlbəttə, deyiləsi başqa məqamlar da var, amma mən bu barədə söhbəti bundan artıq uzatmaq istəmirəm. Nüvə məsələsi barədə bir neçə cümlə: əvvəla, nüvə məsələsində İran xalqının qarşısında yer alan düşmənlərimiz – başda Amerika olmaqla – tədbirlə, siyasətlə hərəkət edirlər. Onların nə etdiyini biz yaxşı başa düşür, bilirik. Onların bu müzakirələrə ehtiyacı var, Amerikanın nüvə müzakirələrinə çox ehtiyacı var. Amerikalılar arasındakı bu fikir ayrılığı da – görürsünüz, senatorlar bir şey deyir, hökumət başqa bir şey – o demək deyil ki, onların nüvə müzakirələrinə ehtiyacı yoxdur. Xeyr. Sadəcə, hökumətə müxalif cinah bu müzakirələrdən qazanılacaq xalların rəqib partiyanın – yəni demokratların aktivinə yazılmasını istəmir. Məqsədləri budur. Onların bu müzakirələrə ehtiyacı var, bu danışıqları özləri üçün lazımlı hesab edirlər, amma üzdə özlərini tox tuturlar.

Təəssüflər olsun ki, elə Amerika prezidentinin o Novruz mesajında da qeyri-səmimi, yalan fikirlər var idi. Üzdə özlərini İran xalqının dostu kimi qələmə verdiklərinə baxmayaraq, səmimi olmadıqlarını, həqiqəti demədiklərini açıq-aydın anlamaq olur. ABŞ prezidentinin səsləndirdiyi fikirlərdən biri bu idi ki, İranda nüvə məsələsinin diplomatik yolla həllini tapmasına razı olmayan qüvvələr var; bunu o deyir. Deyir ki, İranda nüvə probleminin diplomatik müzakirələr yolu ilə həll edilib tamamlanmasını istəməyənlər var. Bu, yalandır. İranda elə bir şəxs yoxdur ki, nüvə probleminin həll edilməsini və ya danışıqlar yolu ilə həll edilməsini istəməmiş olsun. İran xalqının istəmədiyi bir şey var: Amerikanın diktəsinə, zorakı tələblərinə boyun əymək. Bax bunu İran xalqı istəmir. İran xalqı qarşı tərəfin hegemonluğuna boyun əyməyin əleyhinədir. Qarşı tərəf deyir ki, gəlin danışıqlar aparaq, amma siz bizim dediklərimizi yüzdə-yüz qəbul edin; qarşı tərəf bunu deyir. İran xalqı bunun əleyhinə çıxış edir və bizim rəsmilərimiz, danışıqlarda iştirak edən komanda və onların arxasında İran xalqı, sözsüz ki, bunu qəbul etməyəcək.

Nüvə məsələsi ilə bağlı ikinci məqam bundan ibarətdir ki, bu gün Amerika və digər Avropa dövlətləri ilə gedən danışıqlar Amerika ilə sırf nüvə məsələsi ətrafında aparılan danışıqlardır, bundan qeyri bir şey deyil; bunu hamı bilsin. Biz Amerika ilə regional məsələlərlə bağlı danışıqlar aparmırıq. Regional məsələlərdə Amerika bizə tam əks hədəflər izləyir. Biz regionda asayiş və təhlükəsizlik olmasını istəyirik, xalqların hakim və üstün mövqe tutmasını istəyirik, Amerikanın regionda yürütdüyü siyasət isə asayiş və təhlükəsizliyi pozmaqdan ibarətdir. Misirə, Liviyaya, Suriyaya baxın! Amerika başda olmaqla imperialist dövlətlər əsası xalqlar tərəfindən qoyulmuş islami oyanışa qarşı bir əks-hücuma başlayıblar. Bu əks-hücum hələ də davam edir və region xalqlarını tədricən bədbəxtliyə sürükləyir. Onların məqsədi budur və bu, bizim məqsədlərimizə tamamilə ziddir. Biz nə regional məsələlər, nə ölkənin daxili məsələləri, nə də silahlanma mövzusu ətrafında Amerika ilə qətiyyən danışıqlar aparmaq niyyətində deyilik. Onlarla danışıqlarımız sırf nüvə məsələsi, diplomatik yollarla bu məsələdə müsbət nəticə əldə etməyin nə dərəcədə mümkün olması ətrafındadır.

Üçüncü məqam; amerikalılar deyirlər ki, biz İranla müqavilə imzalayırıq, sonra baxacağıq, əgər bu müqaviləyə əməl etsələr, sanksiyaları qaldıracağıq. Bu, yanlış və qəbuledilməz bir fikirdir. Biz bunu qəbul etmirik. Sanksiyaların ortadan qaldırılması nüvə müzakirələrinin nəticəsi yox, bir hissəsidir. İşin içində olan insanlar bu ikisi arasındakı fərqi çox yaxşı anlayırlar. Əvvəlcə müqavilə imzalamaq və sonrakı davranışlardan asılı olaraq sanksiyaları ortadan qaldırmaq və ya davam etdirmək – bu, Amerikanın hiyləsidir! Belə olmamalıdır! Rəsmilərimizin də, möhtərəm ölkə başçısının da açıq-aydın bildirdikləri kimi, sanksiyaların qaldırılması razılaşma əldə olunduğu zaman dərhal reallaşmalıdır. Yəni sanksiyaların ləğvi razılaşmanın tərkib hissəsidir, razılaşmadan irəli gələn, bunun nəticəsi olan bir şey deyil.

Bir məqamı da qeyd edim: amerikalılar dönə-dönə təkrar edirlər ki, İran verdiyi qərarların, qəbul etdiyi şərtlərin geri dönməzliyi ilə razılaşmalıdır. Biz bunu qəbul etmirik. Əgər qarşı tərəf istənilən bəhanə ilə yenidən İran xalqına qarşı sanksiyalar tətbiq etmək hüququnu özündə saxlayırsa, nəyə görə biz tərəfdən danışıqlarda iştirak edən komanda hansısa geri dönməz şərtləri qəbul etməli, bu kimi işlərə imza atmalıdır? Əsla! Bu, xalqa aid olan, yerli bir sənayedir, nəzəri bilikləri və texnologiyası xalqa məxsusdur və inkişaf etdirilməlidir. İnkişaf hər bir sənaye və texnologiya üçün xarakterik bir cəhətdir. Onlar nüvə silahı söhbətini önə çəkirlər. Özləri də bilirlər ki, bizim məqsədimiz nüvə silahı deyil, amma bunu İran xalqına təzyiq göstərmək üçün əldə bəhanə ediblər. Biz bu danışıqların gedişində bütün beynəlxalq öhdəçilikləri yerinə yetirmişik, siyasi və islami əxlaqın bütün tələblərinə riayət etmişik, verdiyimiz sözə xilaf çıxmamışıq, iki cür danışmamışıq, gündə bir sifətə düşməmişik. Qarşımızda yer alan Amerika isə bizdən fərqli olaraq öhdəçiliklərinə əməl etməyib, saxtakarlıq nümayiş etdirib, bu gün bir, sabah başqa bir fikirlə çıxış edib. Onların davranışları xalqımız üçün ibrət dərsidir. Ölkənin ziyalı ictimaiyyəti arasından da qarşılarındakının – Amerikanın – kim olduğunun hələ fərqinə varmayanlar, yaxşı olar ki, bu müzakirələrə baxsınlar, kiminlə üz-üzə olduqlarını, bu gün Amerikanın dünyada nələr etdiyini anlasınlar. Onların o təhdidləri də səmərəsizdir. Daha çox sanksiyalar tətbiq edəcəkləri ilə bağlı təhdidləri və ya sözarası eşitdirdikləri hərbi hücum təhdidləri İran xalqını qorxutmur. İran xalqı ayaqdadır və inşallah, bu böyük sınaqdan tam müvəffəqiyyətlə çıxacaq. Əlbəttə ki, bu yolda xalqımıza uğuru Allahın yardımı və dəstəyi qazandıra bilər.

Digər mühüm məsələlər də var ki, indi onlara toxunmağa vaxtımız yoxdur. Şübhəsiz ki, xalqımızın və dövlətimizin öhdəsinə çox böyük işlər düşür. Müsəlman birliyi məsələsi, məzlum xalqlara yardım etmək, regionda İslamın mənəvi nüfuzunu genişləndirmək – hansı ki bu gün bu işin bayraqdarı İran xalqıdır – bütün bunlar böyük işlərdir və əgər Allah-taala əziz xalqımızı öz dəstək və yardımına layiq görsə – ki, inşallah, sizin dualarınızın, sizin, xüsusilə də gənclərin əzminin, səylərinin bərəkəti sayəsində layiq görəcək də – biz bu böyük işləri həyata keçirəcəyik.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
______________________
(1)
Yerdən insanlar “Amerikaya ölüm!” şüarını səsləndirir.