Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Xubriqan Məclisinin 17-ci iclasından sonra məclisin sədri və üzvləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

والحمدلله ربّ العالمین والصّلاة والسّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّةالله فی الأرضین

Həmd olsun Allaha – aləmlərin rəbbinə!  Məhəmmədə, onun pak ailəsinə, həmçinin Allahın yer üzündə qalan sonuncu xəlifəsinə (İmam Zamana) salam və salavat göndəririk!

Möhtərəm cənablar, xoş gəlmisiniz. Xubriqan Məclisinin möhtərəm sədri cənab Yəzdinin qeyd etdiyi üstünlüklərdən əlavə, bu iclasların daha bir üstün cəhəti də var ki, şəxsən mənə aiddir. Bu iclaslarda mən fürsət tapıb əziz qardaşlarımızla, möhtərəm cənablarla yaxından görüşürəm. Uca Yaradandan diləyim budur ki, öhdəmizə düşən bu ağır vəzifəni, inşallah, ən gözəl surətdə, layiqincə yerinə yetirməkdə sizin hamınıza, dostlarımıza uğurlar nəsib etsin.

Əvvəla, mən Xubriqan Məclisinə sədrlik etmək məsuliyyətini öhdəsinə götürdüyü üçün cənabYəzdini təbrik edirəm. Onun şəxsiyyəti, keçmişi, şəxsi keyfiyyətləri – bütün bunlar bu seçimin münasib və layiqli bir seçim olduğunu göstərir. İnşallah ki, can sağlığı və digər müxtəlif hazırlıqlar baxımından da Allah-Taala ona öhdəsinə düşən vəzifələri yerinə yetirməkdə kömək edər. Mərhum cənab Mehdəvinin də xatirəsini ehtiramla yad edirik. O, görkəmli bir şəxsiyyət idi. Doğrudan da, inqilabın qələbəsindən əvvəlki mücahidələrindən əlavə, mərhum cənab Mehdəvinin varlığı İslam İnqilabının qələbəsindən sonra uzunillik bir dövr ərzində də çox effektli oldu. O, fəal bir ruhaninin, elminə əməl edən bir alimin bariz təzahürü idi. Ümidvarıq ki, Uca Yaradan onu ən layiqli şəkildə mükafatlandıracaq, onu Öz rəhmət və bağışlamasının kölgəsi altına alacaq.

Aldığım məlumata görə, daxili seçki keçirdiyiniz iclas, əlhəmdulillah, çox qətiyyətli, bu tip seçkilərin keçirildiyi qurumlar üçün örnək ola biləcək bir şəraitdə baş tutmuşdur; əlhəmdulillah, tam səbat və mətinliklə, səsvermələrin keçirildiyi iclaslarda adətən rast gəlinən o söz-söhbətlərdən, xoşagəlməz hallardan uzaq bir atmosferdə böyük bir işi həyata keçirmisiniz.

Mən regionumuza və ola bilsin ki, dünyaya hakim olan vəziyyəti, İslam Respublikası ilə bir neçə hegemon, imperialiast dövlət arasında müxtəlif məsələlər – istər nüvə məsələsi, istərsə də digər mövzularla bağlı mövcud olan problemləri, həmçinin ölkə daxilindəki iqtisadi vəziyyəti, müxtəlif strukturların rəsmilərinin İslam dininin məqsədlərini reallaşdırmaq, xalqın mənafeyini təmin etmək üçün hər birinin özünəməxsus surətdə həyata keçirdiyi tədbirləri və göstərdikləri səyləri, ən nəhayət, bu gün Qərb və imperializm dünyasında yayğın bir təzahür olan islamafobiyanı – bütün bunları nəzərə alaraq düşündüm ki, bu gün bir məsələnin üzərində xüsusilə dayanmaq yerinə düşər: Qurana bütövlükdə nəzər saldıqda və dini təlimlərdən ümumilikdə yararlandıqda biz bir şeyi anlayırıq ki, İslamın müsəlmanlardan istədiyi şey mükəmməl bir islami sistemin yaradılmasıdır. İslam bu dinin mükəmməl şəkildə reallaşdırılmasını tələb edir. Qurana və dini təlimlərə nəzər salqdıqda insan ümumilikdə bunu hiss edir.

Minimal din, minimumlarla kifayətlənmək – İslam nöqteyi-nəzərindən bunlar qəbuledilməzdir. Bizim dini maarifimizdə minimal din deyə bir şey yoxdur. Əksinə, Qurani-Kərimin bir çox yerində bəzi dini təlimlərə etinasız yanaşaraq digərləri ilə kifayətlənmək məzəmmət olunmuşdur. Məsələn:

اَلَّذینَ جَعَلُوا القُرءانَ عِضین

“O kəslər ki, Quranı hissələrə böldülər (onun bir hissəsinə əməl etdilər, bir hissəsinə isə yox)” (“Hicr” surəsi, ayə 91)
– ayəsində, yaxud münafiqlərlə bağlı

وَ یَقولونَ نُؤمِنُ بِبَعضٍ وَ نَکفُرُ بِبَعض

“ ... “Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”, – deyənlər...” (“Nisa” surəsi, 150-ci ayədən)
ayəsində buna işarə olunur. Hətta dinin ədalətin bərqərar edilməsi kimi müstəsna əhəmiyyət daşıyan hissələri belə kifayət deyil ki, insan bununla özünü sakitləşdirib belə düşünsün: “Biz ədalətin bərqərar edilməsi üçün çalışırıq, ədaləti bərqərar edəcəyik, deməli, İslamı gerçəkləşdirmiş oluruq”. Xeyr, belə deyil. Doğrudur, cəmiyyətdə ədalətin bərqərar edilməsi mühüm bir məsələdir.

لَقَد اَرسَلنا رُسُلَنا بِالبِیِّنت وَ اَنزَلنا مَعَهُمُ الکِتبَ وَ المیزانَ لِیَقومَ النّاسُ بِالقِسط

“And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər”. (“Hədid” surəsi, 25-ci ayədən)
– “Hədid” surəsinin bu mübarək ayəsinə nəzər saldıqda ilk baxışdan belə görünür ki, peyğəmbərin göndərilməsində, kitabın və dini təlimlərin nazil edilməsində məqsəd ədaləti bərqərar etməkdir. لِیَقومَ النّاسُ بِالقِسط cümləsini istənilən formada mənalandırsaq belə, yenə də cəmiyyətdə ədalətin bərqərar edilməsinin əhəmiyyətini çatdırır; istər لِیَقومَ النّاسُ بِالقِسط yəni لِیُقیمَ النّاسُ القِسطَ mənasında, yəni “ba” hərfini təsirsiz feli təsirli felə çevirən önqoşma kimi götürək və deyək ki, yaşadıqları mühitdə ədaləti bərqərar etmək camaatın vəzifəsidir, istərsə də لِیَقومَ النّاسُ بِسَبَبِ القِسط kimi, yəni “ba” hərfini vasitəçilik mənası verən önqoşma kimi götürüb deyək ki, xalqla ədalətli davranmaq lazımdır – hər iki halda cəmiyyətdə ədalətin əhəmiyyəti açıqlanır.

Lakin bu o demək deyil ki, müqəddəs dinimiz bizdən yalnız ədaləti bərqərar etməklə kifayətlənməyimizi, məsələn, İslamın digər hökmlərinə etinasızlıq göstərilsə belə, bütün əzm və gücümüzü ədalətin bərpasına yönəltməyimizi qəbul edir. Xeyr. Şərif ayədə buyurulur ki:

اَلَّذینَ اِن مَکَّنّهُم فِی الاَرضِ اَقامُوا الصّلوةَ وَ ءاتَوُا الزَّکوةَ وَ اَمَروا بِالمَعروفِ وَ نَهَوا عَنِ المُنکَر

“O kəslər ki, əgər onlara yer üzündə güc və imkan versək, namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər”. (“Həcc” surəsi, 41-ci ayədən)
– yəni Allah-taalanın yer üzündə güc-qüdrət verdiyi kəslərdən gözləntisi budur ki, əvvəla, اَقامُوا الصّلوة – namaz qılsınlar, daha sonra isə

وَ ءاتَوُا الزَّکوةَ وَ اَمَروا بِالمَعروفِ وَ نَهَوا عَنِ المُنکَرِ وَ للهِ‌ عاقِبَةُ الاُمور

– zəkat versinlər, insanları yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirsinlər; bütün işlərin sonu Allaha aiddir. Belə deyil ki, əgər biz ədalətin bərpasına önəm veririksə, namaz qılmamağa, namaza əhəmiyyət verməməyə, yaxud zəkat verməməyə, “əmr be məruf və nəhy əz münkər”ə etinasız yanaşmağa haqqımız var. Əksinə,

اَنِ اعبُدُوا اللهَ وَ اجتَنِبُوا الطّاغوت

“Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin” – deyə peyğəmbərlər göndərmişik”. (“Nəhl” surəsi, 36-cı ayədən)
– bu söz, bu məzmun Quranda bir neçə dəfə təkrar olunub və onu göstərir ki, Uca Yaradan peyğəmbərləri tövhid üçün, insanları Tağutdan çəkindirmək, Allaha ibadətə dəvət etmək üçün göndərmişdir. İşin əsasında bu durur. Yaxud Allah-Taalanın “Şura” surəsinin şərif ayəsində Nuha, İbrahimə, Musaya və digərlərinə verdiyi öyüd-nəsihətdən:

اَن اَقیمُوا الدّین

– “dini doğru-dürüst tutun (qoruyub-saxlayın)” (“Şura” surəsi, 13-cü ayədən) ifadəsindən görünür ki, məqsəd dini bərpa etməkdir. Yəni dini bütövlüklə bərqərar etmək lazımdır.

وَ لاتَتَفَرَّقوا فیهِ کَبُرَ عَلَی المُشرِکینَ ماتَدعوهُم اِلَیهِ اللهُ یَجتَبی اِلَیهِ مَن یَشآءُ وَ یَهدی اِلَیهِ مَن یُنیب

“... onda (dində) ayrılığa düşməyin...Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!” (“Şura” surəsi, 13-cü ayə)
– yəni dinə bütövlükdə, bütün tərkib hissələri və başlıca prinsipləri ilə birgə diqqət yetirilməlidir. Bu yanaşmanın, yəni dinin bütünlüklə, bütün tərkib hissələri ilə birgə bərqərar olunmasının başlıca əleyhdarları isə dünyanın quldur dövlətləri, imperialistləridir:

کَبُرَ عَلَی المُشرِکینَ ما تَدعوهُم اِلَیه

– Sənin dəvət etdiyin şey müşriklərə ağır gəlir. Yaxud da mübarək “Əhzab” surəsinin əvvəlindəki şərif ayədə:

یاَیُّهَاالنَّبِیُّ اتَّقِ اللهَ وَ لا تُطِعِ الکافِرینَ و المنِافقینَ اِنَّ اللهَ کانَ عَلیمًا حَکیمًا

“Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (“Əhzab” surəsi, 1-ci ayə)
– yəni aləmin bütün zərrələrini və onların həyatı üçün vacib olanları bilən Allah-taala həm alimdir, elmlidir, həm də hikmətli. Bu məcmunun tərkibində sənin yolunu hikmətlə müəyyənləşdirib və sən o yolla getməlisən.

وَ اتَّبِع ما یوحی‌ اِلَیکَ مِن رَبِّکَ اِنَّ اللهَ کانَ بِما تَعمَلونَ خَبیرًا * وَ تَوَکَّل عَلَی اللهِ و کَفی‌ بِاللهِ وَکیلًا

“Rəbbindən sənə vəhy olunana tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır! Allaha təvəkkül et. Allahın (bütün işlərdə sənə) vəkil olması kifayət edər”. (“Əhzab” surəsi, 2, 3-cü ayələr)

Sənin bu hərəkətinə qarşı düşmənçilik edənlər olacaq. Odur ki əsas məsələ budur.

Bizim iddiasında olduğumuz, bərqərar etməyə çalışdığımız islami quruluş, İslam dövləti – İslami quruluş deyəndə ölkədə xalqın və rəsmilərin ümumi fəaliyyətini təşkil edən potensialın məcmusu nəzərdə tutulur; buna biz hökumət quruluşu deyirik, dövlət deyirik; xalqın və rəsmilərin ümumi hərəkatını stimullaşdıran güc və potensialın məcmusu islami quruluşdur, İslam dövlətidir – bu dövlət yalnız o zaman həqiqətən islami mahiyyətli olar ki, onda İslamın bütün komponentləri qorunsun, siması və mahiyyəti özünü göstərsin. İslamın siması bizim danışdıqlarımız, səsləndirdiyimiz fikirlər, gördüyümüz işlər və s. zahiri məsələlərdir. İslami mahiyyət isə odur ki, biz qarşımıza bir məqsəd qoyaq, özümüz üçün bir hədəf, ideal nəzərdə tutaq və o ideala çatmaq üçün əməlli-başlı fəaliyyət proqramları quraq, bu yolda iş görək, irəliləyək, bütün varlığımızla çalışıb-vuruşaq. Belə olan halda İslamın mahiyyəti həm qorunacaq, həm də mükəmməlləşməyə doğru gedəcək. Yəni hansısa etapda dayanıb qalmayacaq. Qarşıya qoyduğumuz hədəfə çatmaq üçün bizim ehtiyacımız olan şey həmin o mükəmməl fəaliyyət proqramıdır.

Bu gün islami hakimiyyət quruluşunun, konkret olaraq İslam Respublikasının düşməni olan imperialistlər davranış dəyişikliyindən danışırlar, bəzən deyirlər ki, İslam Respublikasında hakimiyyətin dəyişməsini yox, İslam dövlətinin öz davranışını dəyişməsini istəyirlər – bu da elə həmin şeydir. Davranışın dəyişməsi ilə dövlətin dəyişməsinin heç bir fərqi yoxdur, eyni şeydir; yəni İslamın mahiyyətinin dəyişməsidir. Davranışın dəyişməsi bu deməkdir. İslam dövlətinin öz davranışlarını dəyişməsi o deməkdir ki, siz qarşıya qoyduğunuz hədəfə aparan yolun mütləq və vacib tələblərindən əl çəkəsiniz, onlara ciddi yanaşmayasınız, əzm və qətiyyətinizi əldən verəsiniz. Davranışları dəyişməyin mənası budur; yəni bəzən müəyyən adamların çıxışlarında və yazılarında rast gəldiyimiz, “minimal din” adlandırılan şey – idealları azaltmaq və dolayısı ilə, əslində, elə dinin mahiyyətinin məhv olması. Bu minimal din, əslində, elə dinin aradan getməsi deməkdir.

Belə olan halda bizim əsas hədəfimiz və mütləq hərəkət kursumuz İslamı bütünlüklə, tam olaraq bərqərar etmək olmalıdır. Yəni biz əlimizdən gəldiyi, gücümüz yetdiyi qədər çalışmalıyıq ki – düzdür, Allah-taala bizdən gücümüz, imkanlarımız xaricində olan bir şeyi gözləmir, amma yenə də məqsədimiz, çalışdığımız bu olmalıdır ki – İslam dini bizim cəmiyyətimizdə bütövlüklə, tam olaraq reallaşsın. Hədəfimiz bu olanda dərhal ortaya bir problem çıxır – islamafobiya. İslamafobiya bu gün dünyada geniş yayılmış bir təzahürdür. Mənim fikrimcə, islamafobiya qarşısında əsla passiv mövqe seçmək olmaz. İslamafobiya var, müəyyən qüvvələr xalqları, cəmiyyətləri, gəncləri, beyinləri İslamdan qorxutmağa çalışır. Bunlar kimlərdir? Məsələni düzgün araşdırıb təhlil etdikdə görürük ki, bunlar elə İslamın hakimiyyətə gəlməsindən qorxan, hegemonluq iddiasında olan bir ovuc soyğunçu dövlətdir. Onlar siyasiləşmiş İslamdan qorxurlar, İslamın cəmiyyətin yaşamında əks olunmasından qorxurlar. Bu qorxularının səbəbi isə mənafelərinə zərbə dəyə biləcəyini ehtimal etmələridir. İslamafobiya, əslində, super güclərin İslam qarşısında qorxusunun, çaşqınlığının təzahür formasıdır. Məsələ bundan ibarətdir. Yəni siz burada zəhmət çəkmisiniz, İran xalqı çalışıb, zəhmət çəkib, əzab-əziyyətə qatlaşıb, İslam dövlətini hakimiyyətə gətirib, bu hakimiyyət quruluşunu təsbit edib, əsaslarını möhkəmləndirib, cürbəcür olaylar qarşısında ona toxunulmazlıq və təhlükəsizlik qazandırıb, günü-gündən onu daha da gücləndirib, bu isə dünyadakı quldurları, soyğunçuları qorxudur. Bu gün dünyada mövcud olan islamafobiya, əslində, onların narahatlığının, çaşqınlığının inikasıdır; onu göstərir ki, siz irəli getmisiniz; onu göstərir ki, bu yerə qədər İslam uğurla irəliləyə bilib.

Əlbəttə ki, onların İslamın əleyhinə apardığı bütün bu işlər, islamafobiya üçün göstərdikləri səylər əks nəticə verəcək. Bu mənada ki, gənclərdə İslamla bağlı saysız-hesabsız suallar doğuracaq. Yəni dünya ölkələrində yaşayan adi insanlara tək bir işarə olunsa, bu məsələyə diqqətlərini çəkmək mümkün olsa birdən-birə düşünəcəklər ki, sionist mediasında, güclü maliyyə dairələrindən asılı olan bu televiziya şəbəkələrində İslama qarşı bu qədər hücumlar edilməsinin səbəbi nədir? Bunun özü sual doğurur və mənə elə gəlir ki, bu sual bərəkətli olub, bu təhdidi fürsətə çevirməyə qadirdir.

Biz İslam Respublikasında yaşayan insanlar hamımız çalışmalıyıq ki – yəni bizim öhdəmizə düşən böyük və mühüm bir iş odur ki – əsl İslamı dünyaya təqdim edək, məzlumun havadarı, zalımın düşməni olan İslamı dünyaya tanıdaq. Avropada, Amerikada və ya dünyanın digər uzaq bir yerində yaşayan gənclər İslamın zalımın əleyhinə, məzlumun isə tərəfində olan bir qüvvə, stimul və hərəkatdan ibarət olduğunu, bunu öz vəzifəsi hesab etdiyini və bu istiqamətdə çalışmağa qərarlı olduğunu öyrənəndə bu xüsusiyyətlər onları həyəcanlandıracaq. Rasionallığın tərəfdarı olan, özündə dərin fəlsəfələri ehtiva edən, Quranda ağıl, məntiq və düşüncəyə bu qədər önəm vermiş İslamı dünyaya tanıtmalıyıq. Sağlam düşüncənin tərəfdarı olan, hər cür ayrı-seçkiliyin, mürtəceliyin, öz təxəyyül və fantaziyalarının əsirinə çevrilməyin– belə ki müəyyən insanlar İslam adı altında bu şeyləri təbliğ edirlər – bu kimi şeylərin əleyhinə olan, əsl, qatqısız İslamı dünyaya təqdim edib: “İslam budur!” – deməliyik; məsuliyyətli, bivecliyi, etinasızlığı qəbul etməyən İslamı tanıtmalıyıq. Bəli, bu gün bir çox qurumlar gəncləri vecsizliyə, cürbəcür hadisələrə qarşı laqeydliyə, laübalılığa sövq edir. İnsanı məsuliyyətli bir varlıq bilən İslam dini isə onu məsuliyyətli görmək istəyir, ondan bunu tələb edir. Sekulyar İslama qarşı insanların həyatında əks olunan İslam! Sekulyar İslam kilsənin küncünə çəkilmiş, özünü həbs etmiş, real həyatda heç bir iştirakı olmayan sekulyar xristianlıq kimidir; sekulyar İslam da belədir. Bu gün bəziləri insanları təcrid olunmuş, inzivaya çəkilmiş İslama dəvət edirlər; camaatın yaşamı ilə heç bir əlaqəsi olmayan, insanları yalnız ibadətə, məscidlərin, evlərin küncündə sıxılıb qalan bir şeyə çağıran İslama. Biz isə insanların həyatına daxil olan İslamı tanıtdırmalıyıq; zəiflərə qarşı mərhəmətli olan, imperialistlərə qarşı cihad edib mübarizə aparan İslamı. Məncə, bu, hamının öhdəsinə düşən bir vəzifədir. Bizim təbliğat qurumlarımız, elmi mərkəzlərimiz, teoloji mərkəzlərimiz bu hədəfi izləməlidirlər. Bu gün onların İslamı hədəfə almalarının, İslama qarşı hücumlar etməyinin səbəbi budur. Hədəfə alanların kimliyi, hansı strukturlar, hansı cərəyanlar olduğu da bəllidir; aydındır. Bunlar əksəriyyət etibarilə yəhudi sionistlərə, yəhudi sionistlərə olmasa da, qeyri-yəhudi sionistlərə aid olan siyasi və iqtisadi güc və maliyyə mərkəzlərindən asılı qüvvələrdir; dediyim kimi, bu gün dünyada yəhudi olmayan sionistlər də var. Onlara cavab olaraq biz fürsətdən istifadə edib dünya ictimaiyyətinə, gənclərə bu sualı təlqin etməliyik: fikirləşin, görün İslama nəyə görə bu qədər hücumlar olunur? Daha sonra isə əsl, gerçək İslamı onlara təqdim etməliyik.

Məncə, əgər biz ruhanilər, elm əhli, din problemləri ilə məşğul olan insanlar bütün işlərimizdə bunu – yəni İslamın tam şəkildə reallaşmasını, buna düşmən olanlarla mübarizəni qarşıya məqsəd qoysaq, çoxlu uğurlar əldə edə bilərik.

Biz dünya miqyasında da bir çox problemlərlə üz-üzəyik. Düşünürəm ki, dünyada məruz qaldığımız problem və qarşıdurmalara səthi yanaşmaq lazım deyil. Bu gün biz Amerika, eləcə də bəzi Avropa dövlətləri ilə problemlər yaşayırıq. Doğrudur, bu gün açıq-aşkar mübahisə doğuran mövzu nüvə məsələsidir, amma bizimlə onlar arasında problemlərə yol açan digər cürbəcür məsələlər də var. Gəlin baxaq görək bu problemlər, qarşıdurmalar nədən doğur? Yəni kökləri araşdıraq və səthi yanaşmadan çəkinək.

Bir də onu deyim ki, biz qarşılaşdığımız problemləri düzgün araşdırmalıyıq. Məsələn, sanksiyalara məruz qalmışıq və bundan iqtisadiyyatımıza, həyatımızın cürbəcür sferalarına zərbə dəyib. Bu zərbələr nədən qaynaqlanır? Diqqətlə incələyəndə görürsən ki, məsələn, bu zərbələr bizim neftdən asılılığımızdan qaynaqlanır. Yaxud daha çox əhalinin iqtisadiyyatda iştirakının zəif olmasından, yəni dövlət sektorunun üstünlük təşkil etməsindən irəli gəlir; daha çox bunlardan qaynaqlanır. Əgər biz əsas amili tapıb üzə çıxarsaq və ona bu və ya digər şəkildə əlac etsək, sanksiyalar neytrallaşar və ya təsiri azalar. Düşmən ona görə bizə sanksiyalar tətbiq edə bilir, məsələn, neftimizə əl qoyub bununla bizə əziyyət verə bilir ki, biz yaşamımızda və iqtisadiyyatımızda neftə başlıca yer ayırmışıq. Bu sanksiyalar ona görə birbaşa dövlətə yönəlir, cürbəcür hökumət strukturlarına təsir göstərir ki, bu qurumlar dövlətə aiddir. Biz iqtisadi sferaya cürbəcür ictimai qurumları cəlb edə bilərdik. İnqilabın əvvəllərində bizim yol verdiyimiz səhv odur ki, hər bir şeyin dövlətin mülkiyyətində, dövlətə aid olmalı olduğuna israr edirdik. Biz həyatın hətta xırda, elementar sferalarını belə dövlətə həvalə etmişik, nəticəsi də bu olub; bunların çarəsini tapmaq lazımdır.

Məncə, əgər biz bu cür düşünüb bu cür hərəkət etsək, problemlər həllini tapar. Yəni biz problemlərimizin həllində qarşı tərəfin yaxşı və ya pis münasibətindən asılı olmarıq. Bizimlə düşmənlərimiz, imperialistlər arasında olan qarşıdurma atmosferinə, o cümlədən hazırda gedən danışıqlara, doğrudan da, özümüz təsir göstərə bilərik. Hazırda bizim diplomatik fəaliyyətimizdə, xarici siyasətlə bağlı fəaliyyətimizdə daha çox önə keçən məsələ nüvə ətrafında gedən danışıqlardır. Düşünürəm ki, o dediklərim, həmin meyar, həmin məntiq bu danışıqlarda da tam effektiv ola bilər.

Əlbəttə ki, bu yerdə mən bir şeyi də demək istəyirəm: möhtərəm ölkə başçımızın nüvə danışıqları üçün təyin etdiyi komandada yaxşı və etibarlı insanlar təmsil olunur. Onlardan bəzilərini mən yaxından tanıyıram, doğrudan da, layiqli olduqlarını bilirəm, bəziləri haqda isə məndə uzaqdan – gördükləri işlərdən, səsləndirdikləri bəyanatlardan müəyyən fikir yaranıb; həm etibarlıdırlar, həm də canıyanan; işləyirlər, çalışırlar; bunu insafla etiraf etməliyik. Amma mən bu dostlarımızın, qardaşlarımızın yaxşı, etibarlı insanlar olduğunu, ölkənin mənafeyi üçün çalışdıqlarını bilsəm də, yenə nigaranam; çünki qarşı tərəf çox hiyləgər biridir. Adətən zahirən böyük, möhtəşəm olan şəxslərin və ya tərəflərin hiyləgərliyi diqqətdən yayınır. İnsan bunların da hiyləgərlik edə biləcəyini düşünmür. Bəli, bu gün Amerika zahirən möhtəşəmdir, maliyyə, siyasi, iqtisadi, hərbi və təhlükəsizlik baxımından güclüdür və belə qüdrətli bir dövlətin zəiflərə qarşı da hiylə işlədə biləcəyi ağıla gəlmir; amma o, bunu edir. Hiyləgərdir, ikiüzlüdür, arxadan zərbə vurandır; belədir. Biz elə düşünməməliyik ki, onların nüvə silahı, güclü ordusu var deyə hiyləyə, məkrli planlara əl atmağa ehtiyacları yoxdur. Xeyr, məhz elə onların ehtiyacı daha çoxdur və bunu edirlər də; doğrudan da, hiyləgərlik edirlər. Məni narahat edən budur. Düşmənin hiylələrindən ehtiyatlı olmalıyıq. Hər dəfə danışıqların yekunlaşması üçün konkret vaxt təyin olunanda və o vaxt yaxınlaşanda qarşı tərəf, xüsusilə də Amerika daha kəskin, daha aqressiv, daha acıqlı tonla danışmağa başlayır. Bu da onların hiylələrindən, məkrli planlarından biridir.

Görürsünüz ki, səsləndirdikləri bəyanatlar da, həqiqətən, necə alçaq, nifrətamizdir. Bu günlərdə Amerika rəsmiləri bir sionist təlxək ora gedib nələrsə danışıb deyə, yaxalarını kənara çəkmək üçün müəyyən fikirlər səsləndiriblər, amma İranı da ittiham ediblər ki, İran terrorizmin tərəfdarıdır. Bu, gülünc bir sözdür. Bu gün dünyada hamı açıq-aydın görür ki, İŞİD və bu kimi ən murdar terroristlərə himayədarlıq edən, bunları ortaya çıxaran, hələ də üzdə onlarla mübarizə apardığını dediyinə baxmayaraq, onları dəstəkləməkdən əl çəkməyən dövlətlər Amerika və onun müttəfiqləridir. Terrorizmin, murdar və qəddar terroristlərin tərəfdarları bu gün regionda Amerika ilə əl-ələ verib onu dəstəkləyənlər, ona kömək edənlər, əməkdaşlıq edənlərdir. Amerikalılar terrorçu olduğunu rəsmən etiraf edən bir dövləti, yəni qondarma İsrail rejimini himayə edirlər; açıq-aşkar himayə edirlər. Terrorizmi himayə etmək əslində budur. Onlar terrorizmi ən çirkin formada himayə edir, bununla belə, sonra da İslam Respublikasını terrorun tərəfdarı olmaqda ittiham edirlər. Bütün bunlara diqqət yetirmək lazımdır.

Senatorların yazdığı o məktubda da – hansında ki, doğrudan da, müəyyən məqamları müşahidə etmək olurdu – Amerika dövlətində siyasi əxlaqın tənəzzülə uğramasının əlamətlərini görmək olurdu; bu, açıq-aydın göz önündədir, onlar, həqiqətən də, iflasa uğramaqdadır. Çünki dünyadakı bütün dövlətlər qəbul edilmiş beynəlxalq qərarlara əsasən öhdələrinə düşən vəzifələrə əməl edirlər. Hökumət administrasiyaları dəyişilsə də, o öhdəçiliklər yerində qalır və əməl olunur; pozulmur. Cənab senatorlar isə götürüb açıq-aşkar elan ediblər ki, əgər Amerikada hazırkı hökumət hakimiyyətdən getsə, sizinlə bağlanan bu müqavilə, qəbul olunan öhdəçilik elə bil ki heç olmayıb! Bu, siyasi əxlaqın tənəzzülünün ən son həddidir və onu göstərir ki, o administrasiyanın hakimiyyətini davam etdirməsi, həqiqətən də, mümkün deyil. Yəni əgər bir administrasiyada belə şeylər müşahidə olunursa, o artıq daxildən çürümüş bir administrasiyadır. Sonra da deyirlər ki, biz iranlılara qanunlarımızın nə olduğunu başa salmaq, öyrətmək istəyirik. Bizim onların dərsinə ehtiyacımız yoxdur; biz hansısa razılaşma əldə etsək belə, bilirik necə etmək lazımdır ki, sonradan onlar İslam Respublikasını qapı arxasında qoya bilməsinlər. İslam Respublikasının rəsmiləri necə hərəkət etmək lazım olduğunu yaxşı bilirlər, onların dərsinə ehtiyacları yoxdur, amma onlar bunu edirlər. Bu, doğrudan da, iflasın, tənəzzülün əlamətidir.

Hər halda, bizim bütün işlərimiz, bütün səylərimiz, istər iqtisadi, istərsə də mədəni məsələlərlə bağlı qəbul etdiyimiz qərarlar – əgər yeni ilin əvvəlinə sağ-salamat çıxsaq, bu barədə deyiləsi bəzi məqamlar var ki, inşallah, qeyd edəcəyik – bütün bunlarda bir başlıca prinsipi yaddan çıxarmamalıyıq ki, bizim vəzifəmiz İslamı tam, mükəmməl şəkildə reallaşdırmaqdır. Məqsədimiz kamil İslam olmalıdır. Belə olmasın ki, məsələn, filan işdə uğur qazanmaq üçün İslamın ideallarından azaldaq; yox, bizim uğurumuz, bizim inkişafımız İslamı mükəmməl surətdə reallaşdırmağımızdan asılıdır. Belə olsa, Uca Yaradan da bizə yardım edəcək. İlahi yardım, sözsüz və heç şübhəsiz, bizim Allahın dininə nə dərəcədə yardım etməyimizə bağlıdır.

اِن تَنصُرُوا اللهَ یَنصُرکُم

“Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım etsəniz, O da sizə yardım edər” (“Muhəmməd” surəsi, 7-ci ayədən)
Daha bundan açıq, bundan aydın söz ola bilməz.

اِن تَنصُرُوا الله

– Yəni Allahın dininə yardım etməlisiniz.

اِن تَنصُرُوا اللهَ یَنصُرکُم وَ یُثَبِّت اَقدامَکُم

“Əgər siz Allaha yardım etsəniz, O da sizə yardım edər və sizi sabitqədəm edər”.

وَ لَیَنصُرَنَّ اللهُ مَن یَنصُرُه

“Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cə ayədən)
Bunlar Allah-taalanın təkidlə, qətiyyətlə verdiyi vədlərdir. Allahın bu vədlərinə etinasız yanaşmaq olmaz.

اَلظّآنّینَ بِاللهِ ظَنَّ السَّوء

“...Allah barədə bədgüman olanlar ...” (“Fəth” surəsi, 6-cı ayədən)
– insanın Allahın verdiyi vədlərin reallaşa bilməyəcəyini düşünməsi Uca Yaradana qarşı bədgümanlığın ən pis formasıdır. Allah-taala mübarək “Fəth” surəsində belələrinə qəzəbi tutduğunu bildirmişdir.

Ümidvaram ki, Allah-taala bu sahədə öhdəmizə düşən hər bir vəzifəni yerinə yetirməkdə sizə və bizə mənəvi dəstək olacaq və inşallah, bu işlərdən qaynaqlanan bərəkətlər bizə, ölkəmizə və xalqımıza şamil olunacaq. Ümid edirəm ki, Allah-taala dahi İmam Xomeyninin (r.ə) pak ruhunu şad edəcək, bizə bu yolu göstərmiş, bu yolu bizim üzümüzə açmış, bizi bu yolda irəliləməyə ruhlandırmış şəhidlərimizin də pak ruhlarını, inşallah, şad edəcək.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.