Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu ərəfəsində ölkənin ziyalı xanımları ilə görüşü zamanı söylədiyi nitq

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Əvvəla, xanımlara xoşgəldin deyir, onları Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu, habelə ölkədə qeyd olunan Qadınlar və Analar Günü münasibətilə təbrik edirəm. Qeyd olunduğu kimi(1), ölkə üçün mühüm sosial əhəmiyyət kəsb edən bu əlamətdar günün Fatimeyi-Zəhranın (s.ə) doğum günü ilə üst-üst düşməsi o böyük şəxsiyyətin həyat yolunu dərk etmək, ondan dərs götürmək üçün yaxşı bir fürsətdir. Özəlliklə bu il xalqımız iki dəfə – ilin əvvəlində və sonunda bu dahi insanı yad edərək məclislər qurmaq şansı əldə edir.

Əvvəlcə onu deyim ki, Həzrət Fatimə (s.ə) bəşəriyyətin çox az sayda nümayəndəsində rast gəlinmiş ən yüksək mənəvi məqamlara malik olmuşdur. O, məsumdur; məsumluq isə bəşəriyyət içərisində Allahın seçilmiş bəndələri olan şəxslər arasında çox az sayda insana verilmiş bir xüsusiyyətdir. Bu böyük şəxsiyyət – Fatimeyi-Zəhra – da həmin insanlar sırasındadır. Üstəlik bir reallığı da nəzərə almaq lazımdır ki, Allah yolunda çalışıb-vuruşmuş bu müsəlman qadının təxminən 20 yaşı olub; rəvayətlərdə 17-25 yaş arasında fərqli fikirlər var. Təsəvvür edin: gənc bir qadın peyğəmbərlər və övliyalarla bir sırada dura biləcək qədər ali bir mənəviyyata sahibdir, Allahın göndərdiyi elçi tərəfindən “Seyyideyi-nisaul-aləmin” – “bütün aləmlərin qadınlarının xanımı” adına layiq görülür. Mənəvi məqamından əlavə, bu qadının şəxsi həyatında da yüksək təqdirə layiq keyfiyyətlərin, diqqətəlayiq davranışların özünü büruzə verməsi ayrıca bir ibrət dərsidir. Onun təqvası, ismət və paklığı, hər cür əzab-əziyyətə qarşı dözümlülüyü, gözəl həyat yoldaşı və ana olması, siyasi prosesləri dərk etməsi, bir insanın həyatındakı ən mühüm sferalarda fəal iştirak etməsi (istər uşaqlıq və yeniyetməlik dövründə, istərsə də ailə qurduqdan sonra) nəinki təkcə siz xanımlar, bəlkə, bütün bəşəriyyət üçün ibrət dərsidir. Bir sözlə, bu iki əlamətdar hadisənin üst-üstə düşməsi bizim üçün fürsətdir. Həzrət Fatimeyi-Zəhranın (s.ə) həyatına nəzər salarkən diqqətli olmaq, onun həyat yolunu yeni bir yanaşma əsasında öyrənmək, dərk etmək və sözün əsl mənasında örnək götürmək lazımdır.

İndi isə keçək İslam Respublikasında, ölkəmizdə və cəmiyyətimizdə qadın problemləri məsələsinə. Əvvəla, onu deyim ki, adətən mən belə günlərdə müsəlman qadınlar, mömin və savadlı xanımlarla üz-üzə gələndə Uca Yaradana dərindən şükürlər edirəm. İslam dövləti sayəsində cəmiyyətimizdə bu qədər ziyalı, savadlı, aydın düşüncəli, əməli və ideoloji cəhətdən qabaqcıl xanımların olması dövlətimiz üçün, doğrudan da,  böyük qürur mənbəyi olan amillərdən biridir. Bu, çox böyük və qürurverici bir nemətdir. Hələ bu gün yalnız bir xanım çıxış etdi, amma bir çox görüşlərimiz olub ki, neçə-neçə xanımlar söz alaraq çıxış ediblər. Hər birinin çıxışında da yeni bir yanaşma, yeni bir ideya olub. Belə çoxlu sayda yüksək intellektə malik, aydın düşüncəli və ləyaqətli insanın yetişdirilməsi İslam dövləti üçün iftixar mənbəyi olan faktlardan biridir. Bu gün biz çoxlu sayda elmi, tarixi, ədəbi, siyasi və incəsənət mövzulu kitabların üzərində xanımlarımızın adını görürük. Bu gün İslam dövlətində ərsəyə gələn nəşrlərin – istər kitablar olsun, istərsə də məqalələr – ən yaxşıları xanımlarımızın qələminin məhsuludur. Bu, doğrudan da, qürurvericidir. Əvvəllər heç vaxt belə şey olmayıb. Mən cürbəcür dövrlər görmüşəm, ölkənin mədəni ictimaiyyəti ilə də tanışlığım olub. Bizdə heç vaxt müxtəlif sferalarda – istər akademik, istərsə də teoloji sferada bir bu qədər qabaqcıl elm adamı olmayıb. Bununla yanaşı, İran qadınının müxtəlif cihad meydanlarında, o cümlədən Müqəddəs Müdafiədə və daha sonra bu günə qədər baş vermiş proseslərdə müstəqil bir şəxsiyyət kimi çox parlaq bir simada çıxış etməsi də qürurverici bir təzahürdür. Şəhid olmuş, müharibədən əlil qayıtmış, Allah yolunda canından keçmiş bu qədər insanımızın həyat yoldaşları, anaları var. Onların möhkəm əzmi, güclü iradəsi və səbri qarşısında istənilən insan baş əyər. Mən özüm hər dəfə bu güclü qadınlarla görüşəndə, sanki doğrudan da, kiçilirəm, onların qarşısında baş əymək istəyirəm. Mən şəhid anaları, şəhid ailələri, əlil və veteranların həyat yoldaşları ilə tez-tez üzləşirəm. Bu fədakar qadınlar Allaha xatir bütün ömürlərini əlil bir insanı idarə etməklə, onun həyatını yüngülləşdirməklə keçirirlər. Bu, balaca bir şey deyil; dildə demək asandır. Allah yolunda 2,3,4 övladını itirmiş, amma səbir və səbatını əldən verməyən, yeri gələndə bizə də möhkəm durub mübariz olmağı tapşıran analar var. Bunlar bizim cəmiyyətimizin qadınları ilə bağlı reallıqlardır, özü də çox qürurverici, mühüm reallıqlardır.

Bəli, əlhəmdulillah ki, ölkəmizdə qadın məsələsinin bu kimi parlaq, işıqlı tərəfi özünü göstərir.

Dünyada və eləcə də ölkəmizdə mövcud olan qadın problemlərinə gəlincə isə müxtəlif aspektlərdən yanaşdığımız zaman görürük ki, bu problem üzərində düşünməyə, araşdırma və iş aparmağa layiq olan problemlərdən biridir. Əvvəla, bütün ölkələrin əhalisinin yarısını  qadınlar təşkil edir. Bu möhtəşəm imkan və potensialdan hər bir ölkənin, eləcə də bizim ölkəmizin xeyrinə necə istifadə etmək olar? İkincisi, yaradılışın ən incə və həssas məsələlərindən olan gender məsələsi bəşəriyyətin süqutuna – əxlaqi cəhətdən süqutuna deyil, yüksəlişinə necə xidmət edə bilər? Üçüncüsü, qadın və kişinin təbii xüsusiyyətlərini nəzərə alaraq belə bir yanaşmanın oturuşmasına, qaçılmaz hala gəlməsinə hansı yolla nail olmaq mümkündür ki, istər ailədə, istərsə də cəmiyyətdə qadınlara zülm edilməsin? Bütün bunlar çox əhəmiyyətli məsələlərdir. Əgər biz öz nəzəri axtarışlarımızda, qadın probleminin həlli istiqamətində apardığımız işlərdə bu 2-3 məsələni əsas mehvər olaraq götürsək, kompleks şəkilli və funksional bir tədqiqat işi həyata keçirə bilərik. Elə bilməyin ki, qadına zülm məsələsi yalnız geridə qalmış və ya misal üçün, vəhşi cəmiyyətlərə xasdır. Xeyr, bugünkü, belə desək, sivil cəmiyyətlərdə də qadınlara edilən zülmlər digər cəmiyyətlərdən çox deyilsə, heç az da deyil. Bir sözlə, bu, əhəmiyyətli bir məsələdir, üzərində düşünülməli, araşdırma aparılmalı və həlli yolları tapılmalıdır.

Çıxış edən xanım çox yaxşı məqamlara toxundu. Onun çıxışında insanları düşündürən məsələlərin çoxu öz əksini tapırdı. Xanımın da qeyd etdiyi kimi, mən bundan öncə də ölkədə bu mühüm problemlə bağlı müzakirələrin aparılacağı, lazımi işlərin həyata keçiriləcəyi yüksək səlahiyyətli bir mərkəzin təsis edilməsinə ehtiyac olduğunu demişəm. Çünki qadın və ailə problemləri bizim əsas problemlərimizdəndir. Əlbəttə, onu  da qeyd edim ki, qadın probleminə ailə problemindən kənarda baxmaq mümkün deyil. Əgər kimsə bu iki problemi bir-birindən ayrı surətdə təhlil etmək istəsə, hər ikisinin mahiyyətini anlamaqda və düzgün çıxış yolunu tapmaqda səhvə yol verəcək. Bunlar iki ayrı problem olduqlarına baxmayaraq, onları yanaşı, paralel surətdə nəzərdən keçirmək lazımdır. Bəli, belə bir mərkəzə ehtiyac olsa da, indiyə qədər hələ təsis olunmayıb. Biz demişik, məsələni qaldırmışıq. Burada toxunulan məsələləri, həmçinin bəzi digər məsələləri nəzərə alaraq demək olar ki, ölkəmizdə qadın problemi ilə bağlı  düzgün və hərtərəfli bir strategiya işləyib hazırlayacaq və həmin strategiyanın icrası ilə məşğul olacaq bir tədqiqat və iş mərkəzi yoxdur. Belə bir mərkəz yaradılmalıdır və əlbəttə ki, onun işinə müəyyən tələblər də qoyulacaq.

Bu gün isə mən sizin üçün bir neçə məsələni qeyd etmək istəyirəm: birincisi, əgər biz – istər sözügedən mərkəzdə, istərsə də digər bir yerdə və ya qurumda – qadın problemi üzərində düzgün istiqamətdə düşünüb hərəkət etmək, səhvə yol verməmək istəyiriksə, beynimizi Qərb düşüncəsinin məhsulu olan o daşlaşmış, stereotipləşmiş müddəalardan tamamilə təmizləməliyik. Qərblilər qadın probleminin mahiyyətini yanlış dərk etmiş, bu məsələnin həllində yanlış yolla getmiş və bu yanlış düşüncələrini, azdırıcı və məhvedici davranış tərzlərini bütün dünya üçün keçərli bir şey kimi təbliğ edərək yaymışlar. Əllərində olan genişmiqyaslı təbliğat maşını isə onların fikrinə əks bir fikir yürüdən hər kəsin əleyhinə hay-küy qaldıraraq heç kəsin ağzını açmasına imkan vermir. Əgər qadın probleminin həlli ilə bağlı düzgün bir strategiya əldə etmək, onun icrası üçün bütün əsas tələb və şərtləri ortaya qoymaq və bu işi uzunmüddətli bir proqram kimi həyata keçirərək arzuladığınız nəticəni almaq istəyirsinizsə, Qərbin bu məsələdə irəli sürdüyü fikirləri başınızdan atmalısınız. Demirəm ki, onlardan bixəbər qalmaq lazımdır, yox. Mən məlumatsızlığın tərəfdarı deyiləm, hər şeydən xəbərdar olmağın, məlumat əldə etməyin tərəfdarıyam. Lakin biz Qərb düşüncəsinin dominantlığını tamamilə rədd etməliyik. Qərblilərin qadın problemi ilə bağlı irəli sürdüyü fikirlər, ortaya qoyduqları nəzəriyyələr bəşər cəmiyyətini əsla doğru istiqamətə aparıb xoşbəxtlik və səadətə qovuşdura bilməz. Əvvəla, onların ortaya qoyduğu fikirlər dindən kənar, materialist dünyagörüşünə əsaslanır ki, bunun özü bir səhvdir. Maddi dünyagörüşünə, maddiyyatçı əqidəyə əsaslanan istənilən elmi-ideoloji mexanizm, təbii ki, yanlışdır. Yaradılışın həqiqətlərinə dini dünyagörüşü əsasında, Allahın varlığına, qüdrətinə, hər yerdə var və hakim olmasına etiqad bəsləyərək yanaşmaq, bu həqiqətləri məhz bu yanaşma əsasında dərk edərək nəzərdən keçirmək lazımdır. Deməli, Qərb təfəkkürünün əsası və kökü materialist ideologiyaya dayandığı üçün yanlışdır. Bu, birincisi. İkincisi isə, Sənaye inqilabının tarixindən də aydın göründüyü kimi, Qərb dünyasının qadın probleminə yanaşmasına maddi qazanc məqsədi güdən iqtisadi bir tendensiyanın müdaxiləsi olub. Yəni qadının mülkiyyət hüququna malik olmadığı, maddi mülkiyyəti üzərində hüquqların ərinə və ya başqa bir kişi qohumuna aid olduğu, öz malından istədiyi kimi istifadə etmək səlahiyyəti olmadığı, yaxud demokratiyanın yarandığı günə qədər səsvermə hüququna malik olmadığı Avropada – belə bir dünyada qəflətən Sənaye inqilabı məsələsi ortaya düşür, zavodlar açılır və qadınların ucuz və effektiv işçi qüvvəsi kimi bu zavodlara cəlb edilməsi sərmayədarları maraqlandırmağa başlayır. Və o zaman onlar qadınları azacıq əməkhaqqı müqabilində fabrik və zavodlara çəkib gətirə bilmək üçün onlara mülkiyyət hüququ verirlər. Təbii ki, qadınları əmək fəaliyyətinə cəlb edə bilmək üçün müəyyən şərait formalaşdırmaq lazım idi və bu prosesin bu günə qədər davam edən nəticələri oldu. Odur ki Qərb dünyasının qadına yanaşması dindən kənar, maddiyyatçı bir yanaşma olmaqdan əlavə, həm də bu gün əsas etibarilə Avropada və ümumilikdə Qərb dünyasında qadın problemləri baxımından mövcud olan vəziyyətin məhz bu şəkildə formalaşması üçün əsas rolu oynamış siyasətlərə də, əsasən, qazanc əldə etmək məqsədi və iqtisadi maraqlar təsir göstərib.

Qadın probleminin çözümündə Qərb dünyasının baxış aspektindən çəkinməyimizi labüd edən daha bir cəhət isə budur ki, Qərbin yanaşmasında qadına kişinin şəhvət hissini təmin etmək üçün bir vasitə kimi baxılır. Bunu gizlətmək, ört-basdır etmək mümkün deyil. Kimlərsə səs-küy qaldırıb bu fikrin yanlış olduğunu iddia edə bilərlər, amma Qərb cəmiyyətinin həyat tərzinə nəzər salanda, əsasən, bu yanaşmanın hakim olduğunu görürük. İctimai yerlərdə qadının bədənini mümkün qədər daha az örtən paltarlar geyinməsi daha məqbul hesab olunur. Kişilərə isə bu aid deyil. Rəsmi ziyafətlərə kişilər tam geyim-keçimdə, kostyum və kəpənək şəkilli qalstuklarda, rəsmi geyimdə gəlməlidirlər. Xanımlar isə eyni məclislərdə tam başqa bir formada ortalığa çıxmalıdırlar. Bu, yalnız kişilərin həyasız, şəhvətpərəst baxışlarına xoş gəlmək üçündür; başqa heç bir mənası, fəlsəfəsi yoxdur. Bu gün Qərb dünyasında vəziyyət bu cürdür. Faktiki olaraq, Qərbdə qadına edilən ən böyük zülmlər elə bu qəbildəndir.

Mən qəzetlərdən hansısa maraqlı faktlar axtarıb tapmağı xoşlayan biri deyiləm, amma dünən ya srağagün qəzetdə gözümə bir şey dəydi. Çox əhəmiyyətli bir məsələ olduğunu gördüm və sizə oxumaq üçün özümlə bura gətirdim. Amerikanın keçmiş prezidenti Cimmi Karterin “Hərəkətə keçmək lazımdır” adlı kitabı nəşr olunub. Kitabda insan haqlarının pozulması, qadınlara qarşı törədilən vəhşicəsinə təcavüzlərdən bəhs olunur. Cimmi Karter bu kitabında deyir: “Hər il Amerikada yüz min nəfər qız qul kimi satılır. Belə ki burada istənilən əxlaqsızlıq yuvasının sahibi, əsasən, Latın Amerikası və ya Afrika ölkələrindən olan bir qızı 1000 dollara ala bilər”. O həmçinin kollec şəhərciklərində baş verən zorlama hadisələrinə də toxunur və hər 25 hadisədən yalnız biri haqda şikayət olunduğunu deyir. Karter qeyd edir ki, orduda baş verən cinsi təcavüz faktlarının yalnız yüzdə bir faizi mühakiməyə çıxarılır. İnsanın ağlamağı gəlir! Siz də, mən də qəzetlərdə bu cür məlumatları çox görmüşük. Doğrudur, mən heç vaxt onlara istinad etmirəm, amma bunlar reallıqdır. Bu kitabı yazan Cimmi Karter dünyada tanınmış bir insandır. Görün dünya nə vəziyyətə gəlib? Qadına dəyər vermək budur? Qərbin adlı-sanlı bir yazarı fahişəliyi layiqli bir peşə kimi təqdim etmək üçün roman yazır! Fars dilinə də tərcümə olunub. Doğrudur, həmin kitabda Latın Amerikası ölkələrinə gələn dəllalların qızları yalan vədlərlə necə aldadıb apardıqlarına və həmin əxlaqsızlıq yuvalarına satdıqlarına da toxunulur; əlbəttə ki, bu, Amerikaya yox, Avropaya aiddir. Lakin son nəticədə müəllif bu kitabında fahişəliyi ucaltmağa, layiqli bir peşə kimi qələmə verməyə çalışır. Qərbin qadına münasibətdə mədəniyyəti budur; bunların qadına hörməti budur.

Əgər biz qadın probleminə sağlam, dəqiq və məntiqli şəkildə yanaşmaq istəyiriksə, birinci şərt odur ki, düşüncəmizi qərblilərin qadınlarla bağlı dediklərindən – qadınların məşğulluğu, rəhbər işlərdə çalışması, gender bərabərliyi və s. haqqında irəli sürdükləri fikirlərdən tamamilə təmizləməliyik. Qərb təfəkkürünün qadın məsələsində yol verdiyi ən böyük səhvlərdən biri də qadın-kişi bərabərliyi məsələsidir. Ədalət həmişə haqdır, bərabərlik isə bəzən haqq, bəzən də batil ola bilər. Təbii quruluşu baxımından – istər fiziki, istərsə də emosional cəhətdən olsun – bəşər həyatının xüsusi bir sferası üçün yaradılmış bir insanı nəyə görə həmin sferadan ayıraraq Uca Yaradanın başqa bir təbii quruluş, başqa bir tərkib üçün nəzərdə tutduğu fərqli bir sferaya dartmalıyıq? Nəyə görə? Bu hansı məntiqə əsaslanır, hansı canıyananlıqdan irəli gəlir? Kişilərə xas olan bir işi nə üçün qadına gördürməliyik? Kişiyə məxsus bir işi görmək qadın üçün nə fəxrdir? Mən çox təəssüflənirəm ki, bəzən xanımlar özləri bu məsələdə həssaslıq nümayiş etdirərək: “Bizim kişilərdən nə fərqimiz var” – deyirlər. Bəli, doğrudur, bir çox məsələlərdə qadınla kişi arasında heç bir fərq yoxdur. İslam dini qadın və kişiyə insan olaraq eyni gözlə baxır. İnsanlıq, mənəvi məqamların qazanılması, elmi-intellektual istedad baxımından aralarında heç bir fərq yoxdur. Lakin quruluşları, belə desək, qəlibləri fərqlidir: biri bir iş üçün, digəri isə başqa bir iş üçün nəzərdə tutulub; əlbəttə ki, ikisi üçün ortaq olan işlər də var. Məgər bunlardan birini özünə aid sferadan çəkib çıxararaq o birinə aid sferaya aparmaq xidmətdir? Qərblilər bax bunu edirlər. Qlobal, beynəlxalq konvensiyalarından bir çoxunun əsasında bu nəzərdə tutulur. Bu yanlış ideya əsasında bəşəriyyəti doğru yoldan azdırıblar, özləri azıblar, başqalarını da azdırmaq istəyirlər. Sizin kimi xanımlar, əlhəmdulillah, bilikli, savadlıdırlar, yüksək intellektə malikdirlər. Mənim sizə böyük hörmətim var. Görüşlərimizdə xanımların etdiyi çıxışlardan mən həmişə istifadə edirəm. Elə bu gün əyləşdiyimiz bu məkanda qadın və ailə problemlərinə həsr edilmiş strateji ideya konfransı keçirilirdi. Xanımlardan bir neçəsi çıxış etdilər – inanın ki, xoş sözlər üçün demirəm – mən onların toxunduğu məsələlərdən, doğrudan da, özüm üçün istifadə etdim, yararlandım. Məncə, əgər siz xanımlar başlıca qadın problemləri, qadınların hər yerdə, o cümlədən bizim ölkəmizdə üzləşdikləri çətinliklər üzərində düşünmək istəyirsinizsə, bunun birinci şərti odur ki, özünüzü, düşüncənizi novator düşüncə tərzi kimi təqdim olunan, əslində isə, yanlış, daşlaşmış və gerilikçi Qərb təfəkküründən – zahiri yeni, mahiyyəti isə gerilikçi olan, zahiri canıyanan, mahiyyəti isə xəyanətkar olan Qərb təfəkküründən təmizləməli, azad etməlisiniz. Qərb düşüncə tərzindən uzaq, müstəqil bir istiqamətdə düşünməlisiniz.

İkinci şərt isə budur ki, islami mənbələrə müraciət etmək lazımdır. Qurandan, sünnədən, hədislərdən, dualardan, islami mətnlərdən, imamların davranış və kəlamlarından o əsl prinsip və əsasları əxz etmək lazımdır. Axı bütün bunlar vəhydir, vəhy isə Allaha aiddir. Məni və sizi yaradan Allahdır. Mən demirəm ki, din adına dillərdə gəzən hər şeyi qəbul edək. Xeyr. Bu işin peşəkarları tərəfindən mötəbər mənbələrdən düzgün metodlar əsasında əxz edilmiş doğru-düzgün, həqiqi dindən istifadə etmək lazımdır. Allahın kitabından, Peyğəmbərin (s) sünnəsindən, məsum imamların (ə) davranış tərzindən və kəlamlarından lazımınca istifadə olunmalıdır ki, biz qadın problemləri sahəsində hansı strategiyanı rəhbər tutmalı olduğumuzu bilək və bu strategiyadan hansı ana xətlərlə getməli olduğumuzu öyrənək.

Məncə, əsas iki məsələ bunlardır. Üçüncü bir məsələ də var ki, o da başlıca qadın problemlərini sadalayarkən ikinci-üçüncü dərəcəli məsələləri deyil, həqiqətən də, önəmli olan, birinci dərəcəli məsələləri qeyd etməkdən ibarətdir. Ailə problemlərinin çözülməsi, xüsusilə də ailədə qadının sağlamlığının, təhlükəsizliyinin, mənəvi rahatlığının və ehtiramının təmin edilməsi başlıca əhəmiyyət daşıyan mövzulardır. Qadın problemləri sahəsində bir neçə əsas məsələ var ki, onlardan biri də budur.

Ailədə qadının mənəvi-psixoloji rahatlığını pozan amillərin hansılar olduğunu araşdırmaq, onları qanunla, təbliğat yolu ilə və digər müxtəlif metodlarla aradan qaldırmaq lazımdır. Əsas budur. Ailədə qadın sakitlik və rahatlığın təminatçısıdır: ərinin, uşaqlarının, oğul və qızlarının sakitlik və rahatlığının təminatçısı. Qadın özü mənəvi-psixoloji cəhətdən sakit, rahat olmasa, ailəsinə bu rahatlığı verə bilməz. Təhqir olunan, söyülən, təzyiqlərə məruz qalan qadın yaxşı həyat yoldaşı ola bilməz, ailəsini lazımınca idarə edə bilməz. Halbuki ailəni qadın idarə etməlidir. Əsas məsələ budur. Bu, bizim istər keçmişdə, istərsə də indi öz yaşayışımızda o qədər də diqqət yetirmədiyimiz, əslində isə ciddi diqqət tələb edən başlıca problemlərdən biridir.

Ailələrdə qadınlara ikinci dərəcəli, digər ailə üzvlərinə xidmət etməyə borclu olan bir varlıq kimi baxılır. Çoxları məhz bu fikirdədir. İntəhası, bəziləri bunu dilə gətirib deyir, üzə vurur, bəziləri isə dildə deməsələr də, ürəklərində məhz belə düşünürlər. Halbuki bu, İslamın dediyinə tam əksdir. Mən bu məşhur hədisi dəfələrlə qeyd etmişəm:

اَلمَرأَةُ رَیحانَةٌ وَ لَیسَت بِقَهرَمانَة

– qadın evin gülüdür, xidmətçisi deyil(2). Hədisin ərəbcəsində işlənən “qəhrəman” kəlməsi bu dildə “xidmətçi” mənasında çox geniş şəkildə istifadə olunur. Məsələn:

اَمَرَ قَهرِمانَهُ بِکَذا

– “xidmətçisinə filan işi əmr etdi” – deyilir. Misal üçün, filan varlı-hallı insan öz xidmətçisinə, yəni mal-madarını idarə edən şəxsə filan şeyi dedi, tapşırdı. Ərəbcədə “xidmətçi” kəlməsinin yerində “qəhrəman” kəlməsi işlədilir. Qeyd etdiyim hədisdə deyilir: qadına sənin evdəki işlərini görməyə borclu olan xidmətçi kimi baxma; bu heç də belə deyil. Baxın, bunun özü bir neçə ayrıca mövzu üçün başlanğıc ola biləcək bir məsələdir: qadının evdə gördüyü işlərə hörmətlə yanaşılmalıdır, bu işlər onun vəzifəsi hesab edilməməli, bunları yerinə yetirməyə məcbur edilməməlidir, qadının bu əməyi satmağa, yəni zəhmət haqqı qarşılığında yerinə yetirməyə ixtiyarı var. Bax belə. İslamda, fiqhdə bütün bunlar var. Xanımın qeyd etdiyi kimi, bizim fiqhimiz, doğrudan da, mütərəqqi, qabaqcıl bir fiqhdir. İntəhası, bəziləri ondan müəyyən şeyləri götürür, müəyyən şeyləri unudur, müəyyən şeyləri isə səs-küylü Qərb nəzəriyyələrinə uyğun olsun deyə tərsinə təqdim edirlər. Bunu da görmüşük. Elə insanlar var ki, qərblilərin acığı gəlməsin deyə həqiqi İslam hökmlərini, dinimizin açıq-aydın hökmlərini dəyişirlər. Quran buyurur:

وَ اِن تُطِع اَکثَرَ مَن فِى الاَرضِ یُضِلّوکَ عَن سَبیلِ‌اللهِ اِن یَتَّبِعونَ اِلّا الظَّنَّ وَ اِن هُم اِلّا یَخرُصُون

“Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!” (“Ənam” surəsi, ayə 116)

Cəhalət və xurafat dünyasında geniş yayılmış fikirlərin arxasınca getmək lazım deyil. Həqiqi İslam dininin yanaşmasını tapıb üzə çıxarmaq, onun arxasınca getmək lazımdır. Bəziləri onu pisləsələr belə. Önəmli məsələlərdən biri də budur – əsas problemin nədən ibarət olduğunu müəyyən etmək. Mənim fikrimcə, əsas problem, ən azından, əsas problemlərdən biri qadın və ailə problemidir: ailə ortamında  qadının təhlükəsizliyidir. Bu mühitdə onun içindəki istedadları üzə çıxarması üçün şərait yaradılmalıdır ki, eyni zamanda gözəl həyat yoldaşı, yaxşı ana kimi evdarlıq edə bilsin. Onun dərs oxumasına, mütaliə etməsinə, biliklər qazanmasına, yazı-pozu ilə məşğul olmasına heç nə mane olmamalıdır – əlbəttə ki, bu işlərlə sıx əlaqədə olan xanımları nəzərdə tuturam – bu fəaliyyəti üçün meydan açıq olmalıdır. Əsas budur.

Qadınların məşğulluğu məsələsi əsas problemlər sırasına daxil deyil. Əlbəttə ki, biz qadınların işləməsinin əleyhinə deyilik. Şəxsən mənim nə qadınların işləməsinə, nə də rəhbər vəzifələrdə çalışmasına heç bir iradım yoxdur. Bir şərtlə ki, qeyd etdiyim əsas məsələlərə zidd olmasın, ziyan vurmasın. Əks təqdirdə onlar daha önəmli hesab olunmalı, birinci yerdə durmalıdır. Bir az əvvəl qeyd etdiyim kimi, qadın problemlərinin çözülməsində 3-cü məsələ ikinci dərəcəli problemlərin əsas problemlər sırasına qatılmamasıdır. Bu baxımdan, təbii ki, əsas işlərdən biri də qadının təbii xüsusiyyətlərinə uyğun olan məşğulluq sahələrinin hansılar olduğunu nəzərdən keçirməkdir. Bəzi məşğulluq sahələri var ki, qadının təbii quruluşuna uyğun deyil. Qoy qadınlarımız həmin işlərdə çalışmasın. Xanımlar həmin iş yerlərinə uyğun fakültələrdə təhsil almağa sövq edilməməlidir. Bəziləri bu məsələ ilə bağlı qalmaqal yaradaraq bunun təhsildə ayrı-seçkilik olduğunu deyirlər. Qeyd edim ki, bu cür ayrı-seçkilik hər yerdə pis deyil. Ayrı-seçkilik ədalətə zidd olduğu təqdirdə pisdir. Tutaq ki, futbol komandasında birini hücumçu, digərini müdafiəsi, üçüncünü isə qapıçı təyin edirlər. Bu da ayrı-seçkilikdir də. Lakin əgər müdafiədə durmalı olan oyunçunu hücum xəttinə qoysalar, komanda uduzar. Hücumçunu qapıçı qoyub bacarmadığı bir işi ona tapşırsalar, komanda batar. Bu, ayrı-seçkilikdir, lakin ədalətə tam surətdə uyğundur. Birini bir yerə, o birini başqa bir yerə,  üçüncünü də özünə uyğun olan başqa bir yerə təyin edirlər. Odur ki biz qarşıya qoyduğumuz uca amalları nəzərə alaraq qadınlara hansı təhsil sahələrinin uyğun olduğuna baxmalı və onların həmin sahələrə iştirakı üçün şərait yaratmalıyıq. Daha “sən filan müsabiqədə o cür iştirak etmisən, filan yeri tutmusan, hökmən bu sahə üzrə oxumalısan” deyə qızlarımızı nə onların qadın təbiətinə, nə də ali hədəflərinə uyğun olmayan fakültələrə yönəldərək sonucda özlərinə uyğun olmayan bir sahədə çalışmağa məcbur etməməliyik. Mənim fikrimcə, qadınların məşğulluğu məsələsini nəzərdən keçirərkən bu şeyləri nəzərə almaq lazımdır. Və bir də, kişilərin öhdələrinə götürdükləri bütün işləri xanımların öz öhdələrinə götürə bilməmələri onlar üçün nə utanc mənbəyidir, nə də nöqsan hesab oluna bilər. Yox, yalnız Allahın yaratdığı təbiətə zidd olan bir şey pis ola bilər. Mənim demək istədiklərim bu qədər. Əlbəttə, mən başqa məsələləri də qeyd edib götürmüşdüm və burada toxunmaq istəyirdim, lakin düşünürəm ki, bu qədəri kifayətdir.

Qadın problemi çox mühüm bir problemdir və bu problemi araşdırıb həlli yolunu tapa biləcək ən münasib insanlar da elə qadınlardır. Savadlı, aydın düşüncəli, istedadlı, yaxşı qələmi olan, bacarıqlı xanımlarımız az deyil. Əlhəmdulillah, bu gün ölkəmizdə belə qadınlar çoxdur. Az əvvəl qeyd etdim. Ölkəmizin tarixində heç bir dönəmdə bu qədər savadlı, ziyalı və bacarıqlı xanımlar olmayıb – nə teoloji sferada, nə də universitetlərdə. Bu qədər qadın yazıçılarımız, şairələrimiz, müxtəlif sahələrdə araşdırmalar aparan qadın tədqiqatçılarımız olmayıb. Xoşbəxtlikdən, İslam dövlətinin bərəkəti sayəsində bu gün onlar var. Bütün bunlar İslam dininin, İslam Respublikasının, qeyd olunduğu kimi(3), İmam Xomeyninin (r.ə) qadın məsələsinə aydın baxışının bərəkəti ilə olub. Ölkəmizdə heç vaxt belə bir vəziyyət mövcud olmayıb. Allaha şükürlər etməli, bizə nəsib etdiyi uğurlar üçün Ona minnətdar olmalı, bu uğurların daha da artmasını diləməli, onlar üçün şükür etməliyik. Bu uğurların şükrü də az öncə qeyd etdiyimdir: Allahın göstərdiyi yola diqqət yönəltmək, bu gün Qərb və Amerikanın carçısı olduqları – özü də çox üzlü, tələbkar, səs-küylü şəkildə təbliğ etdikləri, əks fikir yürüdən hər kəsə qarşı təbliğat hücumuna keçdikləri – maddiyyatçı yanaşmaya əhəmiyyət verməmək və inşallah, irəli getmək lazımdır.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
__________________________________
 (1Ölkə başçısının qadın və ailə problemləri üzrə müavini xanım Şəhinduxt Mövlaverdinin çıxışına işarə olunur 
 (2Nəhcül-bəlağə, 31-ci məktub 
 (3Xanım Mövlaverdinin çıxışına işarə olunur