Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Şərqi Karunun Marid bölgəsində döyüşərək həlak olmuş Müqəddəs Müdafiə şəhidlərinin ziyarətgahında etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

الحمدلله ربّ العالمين و الصّلاة والسّلام على‌ سيّدنا و نبيّنا ابى‌القاسم المصطفى‌ محمّد و على اله الأطيبين الأطهرين المنتجبين الهداة المهديّين المعصومين سيّما بقيّة الله فى الأرضين

Mənəvi amilləri, Uca Yaradanın möminlərə, haqq yolunun mücahidlərinə verdiyi axirət vədlərini bir kənara qoysaq da, bəşəriyyətin adi yaşayış qanunlarına əsasən belə, hər bir cəmiyyətin nüfuzu, qüdrəti, qürur və heysiyyəti onun çəkdiyi zəhmətdən, göstərdiyi səylərdən asılıdır. Süstlük və tənbəlliklə heç bir xalq dünya xalqları arasında və tarixdə özünə layiqli yer tuta bilməz. Dünya xalqları arasında hər bir xalqa – həm tarixdə, həm də öz dövründə – başucalığı bəxş edən şey zəhmət çəkmək, səy göstərmək, çalışıb-vuruşmaqdır. Əlbəttə ki, bu zəhmətin, bu səyin cürbəcür formaları var. Həm elm, həm iqtisadiyyat, həm də insanlar arasında sosial anlaşma istiqamətində göstərilən səylər vacib və lazımlıdır. Lakin bütün bunların önündə gələni və xalqlar arasında bir xalqa başucalığı gətirəni canından keçməyə hazır olmaqdır. Əgər bir millətin içərisində onun uca amallarına çatmaq uğrunda öz canından, rahatlığından keçməyə hazır olan insanlar olmasa, o millət heç nəyə nail ola bilməz. İslam İnqilabının biz İran xalqı üçün gördüyü əsas iş də bu yolu üzümüzə açması oldu. Xalqımız anladı və hiss etdi ki, uca amallar yolunda çalışıb-vuruşmaq, həmin amallara düşmən olanlar qarşısında müqavimət göstərmək lazımdır. Və xalqımız bu müqaviməti göstərdi.

Xalqımızın Müqəddəs Müdafiəsi, bu ölkənin ağrı-acılı 8 illik müharibə tarixi İran xalqının, gənclərimizin dünya imperializminin küfr və xəbisliyi qarşısında müqavimət salnaməsidir. Doğrudur, zahirən bizim qarşımızda bir BƏƏS hökuməti idi – Səddam idi və onun özü də kifayət qədər xəbis, insanlığa və bəşəriyyətə düşmən olan bir ünsür idi, amma təkcə o deyildi. Bu müharibənin 8 il davam etməsinə səbəb olan, Səddamı təşviq edən, ona vədlər verən, maddi cəhətdən təchiz edən pərdəarxası qüvvə dünyanın imperialist dövlətləri idi. Bu Xuzistan torpaqlarında – siz onlardan bir hissəsini gəzib gördünüz – düşmənimiz geri çəkilməyə məcbur olanda Avropa dövlətlərindən biri onu lazımi texnika ilə təmin etdi ki, öz xəbisliyini, şeytanlığını, şərliyini dənizdə davam etdirsin; ona raket verdilər. Bölgədə aparılan hərbi əməliyyatların müharibənin taleyinə son verməsinə imkan vermir, Səddamı müharibəni davam etdirməyə təşviq edirdilər. Yəni xəbis və kinli Səddam rejiminin arxasında dünya imperializminin, Avropa dövlətlərinin, Amerikanın əli durur, onu bu işi davam etdirməyə sövq edirdi. Onlar İran İslam Respublikasının bu böyük hadisədən qalib və başıuca çıxmasına imkan vermək istəmirdilər; bunu açıq-aşkar deyirdilər.

Bu bölgədə – Darxovində həyata keçirilmiş o əməliyyatdan (qeyd edim ki, 8-ci imamın adını daşıyan həmin əməliyyatın həlledici döyüşləri bu bölgədə gedirdi), Keşikçi Korpus və İİR Ordusu İmam Xomeyninin (r.ə) tapşırığını yerinə yetirmək üçün əl-ələ verib əməliyyat planı hazırladıqdan sonra hərbçilərimiz bu məntəqədə düşməni geri oturtmağa, onun xaricilərin, fransızların, avropalıların dəstəyi sayəsində əldə etdiyi ruhiyyəni qırmağa, Abadanı blokadadan azad etməyə müvəffəq olmuşdular. Ondan sonra isə “Təriqül-qüds”, “Fəthul-mubin”, “İlə-beyti-müqəddəs” əməliyyatları həyata keçirilmişdi. Ard-arda baş tutan bu əməliyyatlarda bizim Keşikçi Korpusun, Ordunun, Bəsicin, könüllü batalyonların, qəbilə və tayfa batalyonlarının, hətta polis qüvvələrindən və o vaxtkı komitələrdən toplanmış dəstələrin sıralarında döyüşən dəyərli övladlarımız meydanlarda misilsiz fədakarlıqlar göstərirdilər. Bu əməliyyatlar müharibəni başa çatdıra bilərdi, amma İslam dövlətinə düşmən olan cəbhə, yəni Avropa dövlətləri və Amerika buna imkan vermirdilər. Qarşı tərəfi təşviq edir, yeni-yeni imkanlarla təchiz edir, bu müharibədən qalib çıxacağına ümidləndirirdilər. Buna görə də müharibə 8 il çəkdi. 8 il müharibə zarafat deyil. Yaxın dövrlərdə dünyada baş vermiş böyük və məşhur müharibələr 4, 5, 6 il çəkmişdi. Bizdə isə müharibə 8 il getdi. Özü də geniş bir ərazidə – ölkənin şimal-qərb bölgələrindən cənubuna qədər döyüşlər getdi. Onların məqsədi İslam dövlətinə bu düşmənlərə müqavimət göstərə bilməyəcəyini hiss etdirmək idi. İstəyirdilər ki, İslam Respublikası dünyada zəif, gücsüz bir dövlət kimi tanınsın. Lakin Uca Yaradan öz qüdrətini nümayiş etdirdi, Özünün müəyyən etdiyi ilahi qayda-qanunlarla İslam Respublikasına, göylərə ucalmış İslam bayrağına düşmən kəsilənlərin ağzından möhkəm bir yumruq vurub onların burnun ovdu, göstərdi ki, İslam dövləti xalqın imanına, sevgisinə arxalandığı üçün dünyanın bütün maddiyyatçı dövlətləri qarşısında həm özünü müdafiə edə, həm də qarşı tərəfi acizliyini etiraf etməyə məcbur edə bilər. Onlar aciz olduqlarını etiraf etdilər, islamçıların, ilahi vədlərə iman gətirmiş möminlərin qətiyyətli yumruğu qarşısında duruş gətirə bilmədiklərini qəbul etdilər. Təbliğatları boşa çıxdı. Onlar İran xalqını – Qurani-Kərimdəki ilahi ayələrə iman gətirmiş bir xalqı inandırmaq istəyirdilər ki, biz dünyanın maddiyyatçı dövlətlərinin qarşısında dura bilməyəcəyik. Bizi bax buna inandırmaq istəyirdilər. Əziz qardaşlarım, sizə və bütün İran xalqına bir şeyi demək istəyirəm: bir xalq o zaman məğlub olur ki, özünü heç bir şey edə bilməyəcəyinə inandırır. İstənilən xalqın məğlubiyyəti bununla başlayır. Məcburi müharibə zamanı onlar İran xalqının ürəyinə bu hissi salmaq istəyirdilər; amma hər şey əksinə oldu. Məcburi müharibə, yəni İran xalqının Müqəddəs Müdafiəsi göstərdi ki, bir xalq birlik, Allaha iman, Uca Yaradana nikbin yanaşma, ilahi vədlərin doğruluğuna inam sayəsində bütün çətinlikləri geridə qoya, düşmənlərin qarşısında duruş gətirə, düşməni məğlub olub geri çəkilməyə vadar edə bilər. Məcburi müharibə bunu bizim hamımıza nümayiş etdirdi.

Müqəddəs Müdafiə dövrünün, o günlərin yaddaşlardan silinməsinə imkan verməyin. Bir vaxtlar döyüş əməliyyatlarının getdiyi bu bölgələrə gəlmək İran xalqının atdığı çox bəyənilən, düzgün, ağıllı bir addımdır – istər bu, Novruz tətillərində olsun, istərsə də ilin digər günlərində; əlhəmdulillah, indi il boyu ölkənin dörd bir yanından insanlar bu yerlərə gəlir, bu diyarları ziyarət edirlər. Bu diyarların xatirələrini yaşatmağa çalışın. Bu torpaqlar, bu çöllər, bu Karun çayı, Xürrəmşəhrin bu Əhvaz küçəsi – Əhvaz, yaxud Abadan, bu gün sizin müxtəlif adlarla tanıdığınız bu cürbəcür bölgələr – bütün bunlar ən böyük fədakarlıqların, əzab-əziyyətlərin, vətən uğrunda canından keçən insanların şahidi olub. Heç vaxt yadımdan çıxmaz: müharibənin ilk aylarında – qüvvə və imkanların, təlim keçmiş döyüşçülərin, birlik və təşkilatlanmanın olmadığı, hərtərəfli maddi çətinliklər içərisində sıxıldığımız o əzablı aylarda – bax elə o Əhvazdan gənclərimiz çox yüksək ruhiyyə ilə qalxıb müxtəlif bölgələrə gedirdilər; o cümlədən elə bu bölgəyə – Darxovinə. O zaman Allah yolunda vuruşmağa hazır olan bir dəstə mömin gənc – onlardan bəzilərini mən indi də tanıyıram – bu yaxınlıqdakı Məhəmmədiyyə kəndinə gəlib, burada biradamlıq səngərlər qazmışdılar. Gecənin qaranlığında o səngərlərdən çıxıb, 100-200 metr irəlidə başqa səngərlər qazırdılar. Xuzistanın bu qızmar günəşi altında bütün günü səngərdə keçirir, çətinliklərə dözür, bu yolla düşmənə yaxınlaşdırdılar. Nəhayət, onlar hücumdan bir il sonra, mehr ayında əməliyyatların vaxtı çatanda – düşmənin hücumu 1359-cu il şəhrivər ayının axırlarında başlamışdı; 1360-cı ilin mehr ayında – Darxovində və ətraf bölgələrdə Ordu, Keşikçi Korpus, Bəsic və sairin döyüşçüləri ilə birlikdə, çəkdikləri o əziyyətlərin əvəzini alıb İran xalqına hədiyyə etdilər. Bunlar çox dəyərli xatirələrdir, onların unudulmasına imkan vermək olmaz.

Bu bölgələrin hər birində elə hadisələr baş verib ki, hansı ölkədə, hansı xalqda onlardan bircəsi baş versə, həmin xalqın tarixdə özünə başucalığı qazanması üçün kifayətdir. “Beytül-müqəddəs” əməliyyatı zamanı cərəyan edən hadisələr, “Fəthül-mubin”də baş verənlər, yaxud bunlardan sonra “Xeybər” əməliyyatı zamanı olanlar, bu əməliyyatların hər anı, o fədakarlıqlara imza ataraq o hadisələri tarixə yazmış bütün şəxsiyyətlər ümumilikdə İran xalqı üçün böyük, qalıcı və unudulmaz bir iftixardır. Düşmən bizim bütün bunları yaddan çıxarmağımızı istəyir. İstəyir ki, biz Müqəddəs Müdafiəni unudaq, fədakarlıqları unudaq, bu fədakarlıqlarda misilsiz rol oynamış şəxsiyyətləri tanımayaq və ya yaddan çıxaraq. Bax bunu istəyir. O dövrü, o insanları, o tendensiyanı, Allahın dahi, müdrik və uzaqgörən bir bəndəsi olan İmam Xomeyninin (r.ə) kursunu pisləmək, yanlış bir şey kimi qələmə vermək istəyənlər də var. Çünki onlar bu hadisələrin hər bir anının, hər bir detalının İran xalqı üçün unudulmaz olduğunu, ona böyük və konstruktiv təsir göstərdiyini bilirlər.

Mən bir daha İran xalqına demək istəyirəm ki, “Nur yolçuları” adı altında keçirilən bu tədbirlərin qədrini bilin. Möhtəşəm bir hərəkat olan “Nur yolçuları” ekskursiya turlarında iştirak etmək üçün uzaq yol qət edib bura gəlmiş əziz qardaş və bacılarım, sizə də təşəkkür və qədirdanlığımı bildirirəm. Ümidvaram ki, Allah-Taala sizin hamınızın əcrini verəcək, hamınız bu bölgədən bir çox şeylər öyrənərək, bir çox məqamlara qarşı gözüaçıqlıq qazanaraq, qəlbləriniz mənəvi-ilahi nurlarla dolu şəkildə ayrılacaqsınız. Allah-Taala sizin hamınızı qorusun. Pərvərdigara! Məhəmməd və Ale-Məhəmməd xatirinə, Müqəddəs Müdafiədə həlak olmuş əziz şəhidlərimizin ruhlarını Qiyamət günü Öz övliyalarınla məhşur et! Pərvərdigara, bizə əziz olan bu fədakar insanların xatirəsini bizim yaddaşımızda və tariximizdə əbədi olaraq yaşat! Pərvərdigara, bizə düşmənlər, düşmənçiliklər, xəbisliklər qarşısında Peyğəmbəri-Əkrəmin, doğru yol göstərən imamların (ə) istədiyi və razı qaldığı ruhiyyə ilə durmağı nəsib et! Pərvərdigara, İran xalqını düşmənlərinə qalib et, böyük liderimiz İmam Xomeyninin (r.ə) pak ruhunu övliyalarınla məhşur et!

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.