Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 1393-cü ilin ilk günü müqəddəs İmam Rza (ə) hərəmində etdiyi çıxış

 بسم الله الرّحمن الرّحیم
الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الأطیبین الأطهرین المنتجبین الهداة المهدّیین المعصومین سیّما بقیّة الله فی الأرضین. اللّهم صلّ علی فاطمة و ابیها و بعلها و بنیها، اللّهم صلّ علی ولیّک علیّ ابن موسی عدد ما احاط به علمک، صلاةً دائمة بدوام عظمتک و کبریائک، اللّهم سلّم علی ولیّک علیّ ابن موسی الرّضا عدد ما فی علمک، سلاماً دائماً بدوام مجدک و عظمتک و کبریائک

Uca Yaradana şükürlər edirəm ki, bir daha, daha bir yeni ildə, bu müqəddəs və ilahi məqbərənin yaxınlığında, bu izdihamlı və səmimi atmosferdə siz əziz qardaş və bacılarımın qarşısında söhbət etmək üçün mənə ömür verdi, bu fəziləti mənə nəsib etdi. Əvvəlcə, məni dinləyən bütün qardaş və bacılarımı, eləcə də bütün İran xalqını Novruz bayramı, yeni ilin gəlişi münasibətilə bir daha təbrik etməyi lazım bilirəm. Uca Allahdan İran xalqı və yer üzündəki bütün müsəlmanlar üçün bərəkətli bir il, xoşbəxtlik dolu həyat diləyirəm. Ümidvaram ki, Uca Yaradan bu gün başlayan yeni ilin böyük İran xalqı üçün xeyir-bərəkət, ilahi diqqət və fəzilətlə dolu bir il olmasını nəsib edəcək.

Dünən başa çatmış 1392-ci il haqqında bir-neçə cümlə demək istəyirəm. İlin ilk günü xalqa ünvanladığım təbrik mesajında da qeyd etdiyim kimi, İran xalqı 1392-ci il üçün siyasi qəhrəmanlıq deyərkən nəzərdə tutduğum gözləntiləri gerçəkləşdirib. Sözsüz ki, bu qəhrəmanlıq İran xalqının iki böyük addımında daha çox təzahür olundu: birincisi,  ilin ilk yarısında baş tutmuş prezident seçkiləri, ikincisi isə ilin ikinci yarısında keçirilmiş möhtəşəm ümumxalq yürüşü. Seçki haqqında – həm builki, həm də inqilabın əvvəlindən bu günə qədər ölkədə keçirilmiş çoxsaylı seçkilər haqqında çox danışmışıq. Ümumxalq miqyasda keçirilən möhtəşəm 22 bəhmən yürüşləri haqqında da həm mən, həm də başqaları bir çox məsələləri dilə gətirib demişik və bu gün mən onları təkrarlamaq istəmirəm, lakin 1393-cü il haqqında söhbətə keçməmişdən əvvəl mən bu iki hadisə ilə bağlı iki məqamı qeyd etmək istəyirəm. Dünyada aparılan böhtan dolu, qərəzli təbliğatın qarşısında ölkəmiz və xalqımız haqqında həqiqətləri hər kəsə çatdırmış və sözün əsl mənasında genişmiqyaslı bir media rolunu oynamış bu iki hadisənin hər biri ilə bağlı bir məqama toxunmaq istərdim.

Əvvəlcə seçkilər haqqında. Əziz qardaş və bacılar, diqqət yetirin ki, inqilabın əvvəlindən bu günə qədər ölkədə əhalinin seçkidə iştirak göstəricisi heç vaxt azalmayıb, aşağı düşməyib. Bu, çox mühüm bir faktdır. Elə xalqımızın seçki məntəqələrinə gəldiyi son seçkilərdə – yəni 11-ci prezident seçkilərində də seçicilərin iştirak göstəricisi 72 faiz oldu. Bu, həm dünya üzrə yüksək bir göstərici olmaqla diqqətəlayiqdir, həm də inqilabın əvvəlindən indiyə qədər ölkəmizdə baş tutan seçkilərdə müşahidə edilmiş yüksək göstəricilərdən biridir. Bu nə deməkdir? Xalqın seçkidə bu cür yüksək fəallıqla iştirak etməsi o deməkdir ki, ölkəmizdə dinə əsaslanan xalq hakimiyyəti artıq öz təsdiqini tapıb. Bu o deməkdir ki, İslam Respublikası quruluşu ölkədə xalq hakimiyyətinin oturuşmasına, fundamental xarakter almasına nail olub. Bu, balaca bir şey deyil. Uzun illər boyu diktatorların hakimiyyəti altında yaşamış bir ölkə xalqın hakimiyyətini, əhalinin hakim dairələrin seçimində iştirakını o dərəcədə mənimsəyib ki, inqilabın ilk illərinin hiss-həyəcanından 35 il ötməsinə baxmayaraq, seçkiyə getmək lazım gəldikdə xalq 72 faiz iştirak nümayiş etdirir. Bunun qədrini bilmək lazımdır. Mən siz gənclərə, eləcə də ölkənin bütün düşünən beyinlərinə bir şeyi demək istəyirəm: gəlin bu böyük nemətə naşükürlük etməyək. 1388-ci ildə (2009) müəyyən bir qrup Allahın bu nemətinə qarşı naşükürlük etdi. Eynilə zaman-zaman bəzilərinin İran xalqının düşmənlərinin ağzından alaraq ölkədə seçkilərin qeyri-sağlam surətdə keçirildiyini iddia etməsi də naşükürlükdür. Artıq ölkəmizdə xalqın hakimiyyəti normal, təbii bir prosesə çevrilib. Məhz buna görə də ölkənin hər yerində, bütün şəhər və kəndlərdə insanlar səs verməyi özlərinə borc bilərək seçki məntəqələrinə axışırlar, əhalinin 72 faizi səs verir. Bu, çox əhəmiyyətli bir şeydir. Dünya üzrə bu rəqəm ən yüksək göstəricilər sırasına daxildir.


Əziz qardaş və bacılarım, diqqətinizə çatdırmaq istədiyim ikinci məqam isə 22 bəhmən yürüşü ilə bağlıdır. Bu yürüşlərə nə qədər insanın qatıldığını hesablayan, bu haqda durbinlərin və digər optik vasitələrin köməyi ilə məlumatlar əldə edən insanlar var. Bu sahədə fəaliyyət göstərən və yürüşləri diqqətlə izləyən insanların bu il bizə verdiyi məlumata görə, Tehranda və digər böyük şəhərlərdə yürüşlərə qatılmış insanların sayı əvvəlki illərlə müqayisədə həm daha çox olmuş, həm də əhalimiz yürüşlərdə daha emosional şəkildə iştirak etmişdir, yəni xalqın səsləndirdiyi şüarlar daha dolğun, daha mənalı və daha emosional olmuşdur. Nə üçün? Cürbəcür prosesləri təhlil edən analitiklər bunun səbəbini, zənnimcə çox doğru olaraq, aşağıdakı kimi izah edirlər:  imperializmin siyasətini istiqamətləndirən əsas fiqurların İran xalqına qarşı danışıq tonu bu il daha nəzakətsiz və təhqiramiz idi. Nüvə mövzusu ətrafında danışıqlar getdiyinə görə Amerika siyasətçiləri İran xalqının öz sözündən döndüyü, prinsiplərindən geri çəkildiyi barədə bəyanatlarla çıxış etdilər. Müzakirələri əsas götürərək İran xalqı haqqında ədəbsiz, təhqiramiz bir tonla danışmağa başladılar. Xalqımız bütün bunları eşitdi, bildi. Düşmən meydanda öz həqiqi simasında, yaxud həqiqi simasına yaxın bir simada göründükdə xalq siyasi proseslərdə iştirak etmək üçün özündə daha artıq güc və stimul tapır. Amerikanın ona qarşı ədəbsizlik etdiyini görən, İslam dövlətindən uzaqlaşdığı barədə əsassız iddialarını eşidən İran xalqı 22 bəhmən günü İslam dövlətinə, İslam Respublikasına, göylərə ucaltdığı İslam bayrağına bütün varlığı ilə bağlı və sadiq olduğunu nümayiş etdirmək istədi. Bu, xalqımızın öz ölkəsinin və İslam Respublikasının düşmənlərinə necə qeyrət və həssaslıqla yanaşdığını göstərir. 22 bəhmən yürüşü ilə bağlı qeyd etmək istədiyim məqam da bu idi.


Bu il haqqında demək istədiklərimə gəlincə isə mən burada bəzi qeydlər etmişəm. Toxunmaq istədiyim bəzi mövzular var ki, bu gün vaxt çərçivəsində onları qısaca sizin üçün qeyd edəcəyəm. Bu gün cümə günü olduğuna görə görüşümüzün sonuna doğru cümə namazına da vaxt ayıracağıq. İnşallah ki, mən nəzərdə tutduğum məsələləri bu müddət ərzində sizin diqqətinizə çatdıraram. Lakin əgər nəyi isə çatdırıb deyə bilməsəm belə, ümidvaram ki, bu gün İslam Respublikasının siyasətinin nədən ibarət olduğunu, hansı işlərin həyata keçirildiyini dərk edən ziyalılar və mütəxəssislər həmin məsələləri ictimaiyyətimiz üçün izah edəcək, lazımi məqamlara aydınlıq gətirəcəklər. Bu gün mənim demək istədiklərimi qısaca bir cümlə ilə bu şəkildə ifadə etmək olar: İran xalqı özünü gücləndirməlidir. Mənim demək istədiyim budur. Bu gün mən əsas diqqəti milli iqtidara yönəltmək istəyirəm. Əziz xalqım, mən demək istəyirəm ki, əgər bir xalq güclü olmasa, zəiflik göstərsə, zorakılığa məruz qalacaq, zor və məcburiyyətlə üzləşəcək. Bir xalq güclü olmasa, yer üzündə başqalarından bac tələb etməyə adət etmiş dövlətlər ondan bac istəyəcək, bac alacaqlar. Bacardıqları qədər onu təhqir edəcək, əzib tapdalayacaqlar. Maddiyyatçı ideyalarla idarə olunan dünya üçün bu, təbiidir: özünü güclü görən hər kəs zəifliyini hiss etdiyi hər kəsə qarşı zorakılıq edir – istər bu, fərd olsun, istərsə də xalq. Məşhur bir şair deyir:

مرگ برای ضعیف امر طبیعی است
هر قوی اوّل ضعیف گشت و سپس مرد

Ölüm hər zəif üçün təbii bir şeydir,
Hər güclü əvvəlcə zəifləyib sonra ölür.

Bu şeirdə deyilir ki, heyvan əti yeməyən birinin önünə quş əti gətirib qoyurlar. Həmin adam qarşısındakı quşa baxır, gözlərindən təəssüflə yaş axıdaraq deyir:

گفت [به مرغ] از چه شیر شرزه نگشتی
تا نتواند کست به مسلخ آورد

Nə üçün qızmış bir şirə dönmədin ki,
Heç kəs səni sallaqxanaya gətirə bilməsin.

– əgər sən güclü olub özünü müdafiə edə bilsəydin, bu şəkildə başını kəsməyə cürət etməzdilər. Mən nə bu şairi (1) , nə də onun öz şeirində haqqında danışdığı Əbülüla Məərrini qəbul etmirəm, lakin maddi ideyalarla idarə olunan dünyada zəiflər üçün ölümün təbii bir şey olmasını qəbul edirəm; bax bunu mən qəbul edirəm. Əgər bir xalq özünü toplayıb güclənməsə, başqaları ona qarşı zorakılıq edəcəklər. Elə xalqlar var ki, onların güclənməsinə hələ çox var; dünyadakı zorakı, hegemon qüvvələrə qarşı mübarizə aparmaq üçün özlərində güc hiss etmələrinə ümid yoxdur. Bizim xalqımız isə bu cür deyil. Əvvəla, güclənmək üçün bizdə kifayət qədər istedad var, imkan və potensialımız da çoxdur. Həmçinin xalqımız mili iqtidara aparan yolda artıq hərəkətə başlayıb və xeyli yol qət edib. Elə buna görə də mən yeni – 1393-cü ilin ümumi planını, ilin başlanğıcında xalqa ünvanladığım təbrik müraciətində də qeyd etdiyim kimi, bu iki elementdə görürəm: milli əzm və cihad ruhlu idarəetmə əsasında iqtisadiyyat və mədəniyyət.

Xalqın güclənməsi yalnız ən son hərbi texnikaya sahib olmaqla mümkün olmur. Əlbəttə ki, hərbi texnika da lazımdır, lakin təkcə silahla heç bir xalq güclü ola bilməz. Bu baxımdan mən, əsasən, 3 element görürəm ki, onlardan ikisi təbrik müraciətimdə qeyd etdiklərimdir. Yalnız bu 3 element bir arada olduğu zaman bir xalq güclənə bilər: birincisi – iqtisadiyyat, ikincisi – mədəniyyət, üçüncüsü – elm, bilik. Son 10-12 ildə elm haqqında çoxlu söhbətlər edilib, əlhəmdulillah, effekti də olub. Bu gün biz elm sahəsində irəliləyirik (ola bilsin, bu məsələyə bir qədər sonra da toxunum), iqtisadiyyat və mədəniyyətə gəlincə isə burada normaldan artıq səy və əzmə ehtiyac var. Biz gərgin səy və əzmimizlə iqtisadiyyatımızı elə bir vəziyyətə gətirməliyik ki, dünyanın o biri başından kimsə bir qərarla, bir iclasla ölkəmizin iqtisadiyyatına, xalqımızın məişətinə təsir göstərə bilməsin. Bu, bizim əlimizdədir, biz bunu etməliyik. Ötən ilin isfənd ayında siyasətlərini elan etdiyimiz müqavimət iqtisadiyyatı bax budur. Mən şəxsən dövlətin aparıcı rəsmiləri, rəhbər kadrları ilə iclaslar keçirmişəm, bu barədə ətraflı söhbətlər etmişik. Onlar bu çağırışa müsbət cavab veriblər. Yəni hakimiyyətin 3 qolunun başçıları – bu siyasətlərin işlənib hazırlanmasında bilavasitə təsiri və iştirakı olmuş şəxslər onları müsbət qarşılayaraq dəstəkləyib, bu işi həyata keçirməyi öhdələrinə götürüblər. Bu gün isə mən müqavimət iqtisadiyyatı haqqında əziz xalqımızla bir qədər söhbət etmək istəyirəm. İstəyirəm ki, bəzi məsələləri camaatımız bəndeyi-həqirin öz dilindən eşitsin.

Müqavimət iqtisadiyyatı dedikdə müqavimət qabiliyyəti olan iqtisadiyyat nəzərdə tutulur; dünyada gedən proseslər, qlobal iqtisadiyyatda baş verən təkanlar, Amerika və qeyrilərinin siyasəti nəticəsində darmadağın olmayan bir iqtisadiyyat nəzərdə tutulur. Bu iqtisadiyyat xalqa aiddir. Əslində müqavimət qabiliyyətinə malik bir iqtisadiyyat olan müqavimət iqtisadiyyatı ilə bağlı 3 sual ortaya çıxır; mən onları qeyd edəcəyəm. Birinci sual odur ki, bu müqavimət iqtisadiyyatı nədir, nə deyil? Onun müsbət və mənfi cəhətləri hansılardır? İkinci sual: şüar kimi irəli sürdüyümüz müqavimət iqtisadiyyatı realdırmı, gerçəkləşməsi mümkündürmü? Yoxsa bu, bir utopiyadır? Və nəhayət üçüncü sual: əgər müqavimət iqtisadiyyatının reallaşması mümkündürsə, bunun üçün nələr tələb olunur, hansı işlər görülməlidir? Bu gün mən bu 3 sualı cavablandıracağam. İqtisadiyyatla bağlı deyəcəklərim bunlar olacaq. Ardınca isə mən, fikrimcə, çox mühüm bir məsələ olan mədəniyyət məsələsi ilə bağlı müəyyən qeydlər edəcəyəm.

Birinci sual: dedik ki, müqavimət iqtisadiyyatı nədir? Əvvəla, bu, ölkəmizin ehtiyaclarına cavab verən elmi bir modeldir – bu, onun müsbət tərəfidir – lakin bu mövzu təkcə bizim ölkəmizlə məhdudlaşmır. Yəni bir çox ölkələr son 20-30 ildə baş vermiş ictimai təkanları, iqtisadi böhranları nəzərə alaraq öz şəraitlərinə uyğun surətdə belə bir iqtisadiyyatı təmin etmək fikrinə düşüblər. Deməli, birinci məqam budur ki, bu gün bizim həyata keçirdiyimiz hərəkat yalnız bizə aid deyil, bu məsələ başqa ölkələri də düşündürür.

İkincisi, qeyd etdik ki, bu iqtisadiyyat daxildən qaynaqlanır, daxildən güc alır. Daxildən qaynaqlanmaq nə deməkdir? Yəni ölkəmizin və xalqımızın öz imkan və potensialına söykənir. Bu fidanın böyüyüb inkişaf etməsi bizim öz ölkəmizin imkan və potensialından asılıdır. Daxildən qaynaqlanma, daxildən güc alma bu deməkdir. Eyni zamanda o, təkcə daxilə istiqamətlənmir. Yəni müqavimət iqtisadiyyatı o demək deyil ki, biz öz iqtisadiyyatımızı təcrid edəcək və yalnız öz ölkəmizlə məhdudlaşdıracağıq. Xeyr, bu iqtisadiyyat daxildən güc alsa da, xaricə istiqamətlənəcək. Qlobal iqtisadiyyatla qarşılıqlı əlaqədə olacaq, başqa ölkələrin iqtisadiyyatı ilə qüdrətli bir şəkildə münasibət quracaq. Odur ki müqavimət iqtisadiyyatı daxildən güc alsa da, yalnız daxilə istiqamətlənməyəcək. Mən bütün bunları ona görə deyirəm ki, hazırda bəzi qərəzli dillər və qələmlər məhz bu yöndə işləyirlər. Onlar belə bir fikir formalaşdırmağa çalışırlar ki, “bəli, bunlar ölkə iqtisadiyyatını təcrid etmək, yalnız ölkənin daxili ilə məhdudlaşdırmaq istəyirlər”. Belələri xalqı və rəsmiləri səadət yolu olan bu yoldan uzaqlaşdırmaq üçün yüz cür təhlillər yazırlar. Mən də bu məsələyə ona görə toxunuram ki, ictimaiyyətimizə hər şey aydın olsun.

Üçüncüsü, müqavimət iqtisadiyyatı adlandırılan bu iqtisadiyyat xalqa aiddir. Yəni onun mehvərində dövlət durmur, dövlətə yox, xalqa aiddir; xalqın iradəsi, xalqın sərmayəsi və xalqın iştirakı ilə gerçəkləşəcək. Lakin bu iqtisadiyyatın dövlətə aid olmamağı o demək deyil ki, dövlət onun qarşısında heç bir məsuliyyət daşımır. Xeyr, dövlətin üzərinə fəaliyyət proqramları işləyib hazırlamaq, lazımi zəmin yaratmaq, imkanları səfərbər etmək, prosesi istiqamətləndirmək və zəruri köməyi göstərmək vəzifələri düşür. İqtisadiyyat sahəsində iş görmək, fəaliyyət göstərmək xalqın əlindədir, xalqa aiddir. Dövlət isə işlərin həyata keçirilməsi üçün məsuliyyət daşıyan ümumi bir struktur kimi nəzarət edir, istiqamətləndirir, kömək göstərir. Kimlərsə vəziyyətdən sui-istifadə edib korrupsiyaya əl atmaq istəyəndə onların qarşısını alır. Köməyə ehtiyacı olanlara kömək edir. Deməli, lazımi şəraiti təmin etmək, asanlaşdırıcı tədbirlər görmək dövlətin vəzifəsidir.

Dördüncüsü, dedik ki, bu iqtisadiyyat elmə əsaslanır, yəni elmi nailiyyətlərdən istifadə edir, elmi nailiyyətlərə söykənir, mehvəri elmdir. Lakin bu o demək deyil ki, müqavimət iqtisadiyyatı yalnız elm adamlarının işi ilə məhdudlaşır və burada aparıcı rolu təkcə elm adamları oynayacaq. Xeyr, bu iqtisadiyyatda sənaye müəssisələrinin sahiblərindən tutmuş fəhlələrə qədər hər kəsin təcrübə və səriştəsi effektiv ola, mühüm rol oynaya bilər. Elmə əsaslanmaq dedikdə biz onu nəzərdə tutmuruq ki, burada sənaye sahəsində təcrübəli kadrlar, yaxud uzunillik təcrübəsinə əsaslanaraq böyük işlər görmüş kənd təsərrüfatı subyektləri heç bir rola malik deyil. Xeyr, işin mühüm bir hissəsi elə onların öhdəsinə düşür.

Beşincisi, bu iqtisadiyyatda ədalət əsas mehvərdir. Yəni burada təkcə milli inkişaf, ümumdaxili məhsul kimi kapitalizmə xas iqtisadi inkişaf göstəriciləri əsas götürülmür. Burada əsas məsələ qlobal iqtisadi hesabatlarda, kapitalizmə xas iqtisadiyyatda olduğu kimi, milli inkişaf indeksinin və ya ümumdaxili məhsulun nə qədər artıb-azalması deyil. Bəzi kapitalist ölkələrində ümumdaxili məhsulun həcmi xeyli artsa da, kimlərsə aclıqdan ölür. Biz bunu qəbul etmirik. Odur ki müqavimət iqtisadiyyatı üçün cəmiyyətdə ədalət meyarı – iqtisadi və sosial ədalət meyarı mühüm meyarlardan biridir. Eyni zamanda bu o demək deyil ki, dünyada qəbul olunmuş elmi meyarlara əhəmiyyət verilməyəcək. Yox, o meyarlara da diqqət yetiriləcək, lakin bütün işlərdə əsas mehvər ədalət prinsipi olacaq. Bu proqramda ədalət yoxsulluğun bölüşdürülməsi yox, maddi sərvətlərin istehsalı, milli sərvətin artırılması anlamındadır.

Altıncısı, qeyd etdiyimiz kimi, müqavimət iqtisadiyyatı ölkədəki iqtisadi problemlərin ən optimal həlli yoludur və buna əsla şübhə ola bilməz. Lakin bu o demək deyil ki, müqavimət iqtisadiyyatı yalnız ölkənin hazırkı problemlərini hədəfə alır (hansı ki bu problemlərin bir qismi mövcud sanksiyalarla, bir qismi isə, deyək ki, bu və ya digər fəaliyyət proqramının yarıtmazlığı ilə əlaqəlidir). Yox, bu, hər zamana aiddir. Müqavimət iqtisadiyyatı iqtisadiyyatın əsaslarının möhkəmləndirilməsi, müqavimət qabiliyyəti qazanması deməkdir. Belə bir iqtisadiyyat istər sanksiyalar dövründə, istərsə də onlardan kənar şəraitdə məhsuldar olub xalqa yardım edəcək. Bu, birinci sual.

İkinci sual bundan ibarət idi ki, adına “müqavimət iqtisadiyyatı” dediyiniz bu iqtisadi proqram həyata keçirməyi arzuladığınız utopik bir ideyadır, yoxsa realdır, həyata keçməsi mümkündür? Sualın cavabı budur: xeyr, bu, tamamilə, əməli surətdə, mütləq şəkildə real bir proqramdır. Bunun nəyə əsasən deyirik? İmkan və potensialımıza əsasən. Bu ölkənin qeyri-adi potensialı var. Mən buna bir neçə nümunə qeyd etmək istəyirəm. Özü də bunlar heyrətamiz statistik rəqəmlərə ehtiyacı olmayan nümunələrdir; hamımızın gözü önündədir, hamımız görürük.

Ölkəmizin mühüm potensiallarından biri bizim insan resurslarımızdır. Ölkəmizin insan resursları onun ən böyük imkanlarından biridir. Bu, böyük bir şansdır. Bundan əvvəl də demişdik ki, ölkəmizdə əhalinin böyük bir hissəsini 15-30 yaş arasında olan gənclər təşkil edir. Bunun özü bir potensialdır. 10 milyona yaxın universitet məzunumuz var; bu illər ərzində 10 milyon gəncimiz universitetləri bitirib. Hazırda 4 milyondan çox şagirdimiz var ki, yaxın bir neçə il ərzində orta təhsillərini başa vuracaqlar. Əziz gənclərimiz bilsinlər ki, bu rəqəm – 4 milyon şah rejiminin sonlarına doğru ölkədəki şagirdlərin sayından 25 dəfə çoxdur. Həmin dövrlə müqayisədə ölkədə əhalinin sayı 2 dəfə artsa da, orta məktəb şagirdlərinin sayı 25 dəfə artıb. Bu gün bizim bu qədər universitet məzunumuz və şagirdimiz var. Bundan əlavə, milyonlarla təcrübəli və bacarıqlı kadrımız var. Baxın, bunlar müharibə dövründə silahlı qüvvələrimizin dadına yetişmiş insanlardır. Məcburi müharibə dövründə üzləşdiyimiz problemlərdən biri də müxtəlif strukturlarımızın, mərkəzlərimizin bombardman edilməsi, işlərinin dayandırılması, hərbçilərimizin lazımi vəsaitdən, məsələn, nəqliyyat vasitələrindən və sair bu kimi şeylərdən məhrum olması idi. O zaman Tehrandan və digər böyük şəhərlərdən bacarıqlı və təcrübəli sənətkarlar qalxıb döyüş meydanlarına gəldilər (müharibənin əvvəllərində mən şəxsən bunun şahidi olmuşdum, o insanları görmüşdüm, müharibənin sonlarına doğru da, əlhəmdulillah, belə insanları görmək mənə nəsib oldu; o zaman onlar gənc idilər, indi bir qədər yaşlanıblar, amma yenə də o həvəs, o stimul onlarda var). Bu insanlar ön cəbhəyə gedir, bəziləri şəhid də olurdu. Onlar xarab olanı təmir edir, tikib-quraşdırır, sənaye işləri ilə məşğul olurdular. Müharibə dövründə silahlı qüvvələrimizin işinə yaramış bu əldəqayırma körpülər, digər cürbəcür imkanlar, avtomobillər, yollar həmin təcrübəli və bacarıqlı insanların əli ilə yaranmışdı. Belə insanlar bu gün də var, bu gün də ölkəmizdə onların sayı kifayət qədər çoxdur. Heç yerdə oxumayıblar, amma bəzən oxumuşlardan da çox fayda verə biləcək təcrübə və bacarığa malikdirlər. Bu da insan resurslarımıza daxil olan imkanlardan biridir; belə insanlar həm kənd təsərrüfatı sahəsində var, həm də sənayedə.

Ölkəmizin mühüm potensiallarından biri də təbii resurslarımızdır. Ötən il burada mən demişdim ki, ölkəmiz neft və qaz ehtiyatlarının ümumi həcminə görə dünya üzrə birincidir. Yəni dünyanın heç bir ölkəsində İranda olduğu qədər neft və qaz yoxdur. Bizim neft və qaz ehtiyatlarımızın ümumi həcmi dünyanın bütün şərq və qərb ölkələrindən çoxdur. Bu gün isə mən sizə demək istəyirəm ki, aparılan kəşfiyyat işlərinin nəticəsinə görə, ölkəmizin təbii qaz mənbələri, qaz ehtiyatı ötən ilin statistikasında göstəriləndən daha artıqdır. Ölkəmiz neft və qazın həcminə görə belə bir mövqedədir. Bütün dünya işığını, istiliyini, sənayesini, inkişafını enerji mənbələrindən, neft və qazdan alır və bu gün həmin enerji mənbələrinin böyük bir qismi bizim ölkəmizdədir. Bundan başqa, bu ölkənin dörd bir yanında qızıl və aztapılan filiz mədənləri var. Ölkəmizdə daş kömür, qiymətli metallar, sənayenin anası sayılan cürbəcür mühüm və lazımlı filizlər var. Bunun özü də böyük bir potensialdır.

Bizim digər potensialımız ölkəmizin əlverişli coğrafi mövqeyidir. Biz 15 ölkə ilə qonşuyuq və onların hamısı bizim torpağımızdan keçib gedirlər. Tranzit nəqliyyatı bir ölkə üçün böyük bir şansdır. Ölkəmizdə bu var və cənubdan neytral, şimaldan isə məhdud sularla əhatələnir. Bizim qonşuluğumuzda 370 milyona yaxın adam yaşayır və bu qədər əhali ilə qonşuluq əlaqələri bir ölkənin iqtisadiyyatının rövnəqlənməsi üçün olduqca böyük bir şansdır. Bu hələ bizim öz daxili bazarımızdan əlavədir. İstənilən ölkənin iqtisadiyyatı üçün 75 milyonluq daxili bazar kifayət qədər əhəmiyyətli bir göstəricidir.

Ölkəmizdə mövcud olan daha bir potensial nəzəri və maddi-texniki bazadır. Konstitusiyanın 44-cü maddəsində nəzərdə tutulmuş siyasətlər, perspektiv plan, bu illər ərzində görülmüş işlər, həmçinin avtomagistrallar, bəndlər, körpülər, zavodlar və s. infrastrukturlar bu bazanı təşkil edir. Bütün bunlar ölkə iqtisadiyyatının inkişafı üçün çox yaxşı bir zəmindir; bunlar hər bir ölkə üçün mühüm potensialdır.

Doğrudur, kimlərsə deyə bilər ki, əgər sanksiyalar olmasaydı, biz bu potensialdan daha yaxşı istifadə edə bilərdik, sanksiyalar buna mane olur. Bu, yanlış bir fikirdir. Sanksiyaların mövcudluğuna baxmayaraq, biz bir çox digər məsələlərdə kifayət qədər yüksək mövqe əldə edə bilmişik. Buna misal olaraq elmi nailiyyətlərimizi qeyd etmək olar; sənaye və texnologiyamızı göstərmək olar. Bütün bunları əldə etdiyimiz zaman biz sanksiyalar şəraitində olmuşuq, indi də həmin şəraitdəyik. Ən müasir elm sahələrinə baxsaq, hal-hazırda dünyanın ən mühüm və müasir elm mərkəzlərinin qapısı iranlı tələbələrin və elm adamlarının üzünə bağlıdır. Buna baxmayaraq, biz nano, nüvə elmləri, kök hüceyrələri, müdafiə sənayesi sahələrində irəli getmişik, düşmənə göz dağı olaraq pilotsuz təyyarə və raket istehsalında irəli gedərək nailiyyətlər əldə etmişik. İqtisadiyyatda nə üçün inkişaf edə bilməyək?! Biz ki bütün bu sferalarda bu qədər nailiyyətlər əldə etmişik, əzmimizi toplayıb əl-ələ versək, iqtisadiyyatımızı da çiçəkləndirə bilərik. Gözümüzü düşmənə dikməməliyik ki, görək sanksiyaları nə vaxt qaldıracaq, filan məsələdə nə vaxt bizimlə razılığa gələcək. Qaldırmır, qaldırmasın, razılığa gəlmir, gəlməsin! Gəlin baxaq görək, özümüz nə edə bilərik.

Üçüncü sualı bir də təkrarlayıb cavablandırım: üçüncü sual bu idi ki, bu böyük işin – müqavimət iqtisadiyyatının gerçəkləşməsi üçün nə tələb olunur, hansı işlər görülməlidir? Qısaca deyim: əvvəla, rəsmilər milli istehsalı dəstəkləməlidirlər. Milli istehsal ölkə iqtisadiyyatının əsasını təşkil edir və əsas elementidir. Rəsmilər milli istehsalı himayə etməlidirlər. Necə? Harada qanuna ehtiyac varsa, qanun qəbul etməklə, harada hüquqi yardıma ehtiyac varsa, hüquqi yardım göstərməklə. Harada icra prosesinə dəstək lazımdırsa, istehsalçıları təşviq edib zəruri tədbirlər görməklə. Bütün bunları etmək, milli istehsalı rövnəqləndirmək lazımdır.

İkincisi, sərmayədarlar və istehsalı bilavasitə həyata keçirən işçi qüvvə də milli istehsala önəm verməlidir. Nə mənada? O mənada ki, səmərəliliyi yüksəltməlidirlər. Səmərəlilik dedikdə mövcud imkanlardan maksimum və optimal istifadə nəzərdə tutulur. Zavodda işləyən fəhlə işini diqqətlə yerinə yetirməlidir.

رحم الله امرء عمل عملاً فأتقنه

– səmərəliliyin mənası budur; Həzrət Peyğəmbərin (s) kəlamıdır: “Bir iş görərkən işini yaxşıca, möhkəm surətdə görən şəxsə Allah öz rəhmətini əta edər”. İşə sərmayə qoyan şəxs çalışmalıdır ki, bu sərmayədən maksimum şəkildə istifadə etsin, yəni istehsal xərclərini azaltmalıdır. Bəzi tədbirsiz, strategiyasız davranışlar istehsal xərclərinin artmasına, nəticədə isə sərmayə və əməyin səmərəliliyinin azalmasına səbəb olur.

Üçüncüsü, ölkəmizdəki sərmayədarlar digər sferalarla müqayisədə istehsalat sahəsində fəaliyyətə daha çox üstünlük verməlidirlər. Mən elə insanlar görmüşəm ki, əllərində az və ya çox sərmayə olub, bu pulu digər bir sahədə işə buraxaraq kifayət qədər çox gəlir əldə etmək imkanları olub, amma bunu etməyiblər, istehsalat sahəsinə yönəliblər, “Ölkədə istehsalatın güclənməsini istəyirik” – deyiblər. Bu, Allah yolunda görülən gözəl bir işdir, sədəqədir, ən bəyənilən işlərdəndir. Əlində sərmayə olan insanlar – az və ya çox – bu vəsaiti ölkədə istehsalatın inkişafına xidmət yolunda işlətsinlər.

Daha sonra, cəmiyyətin bütün təbəqələrindən olan insanlarımız milli istehsala rəvac verməlidirlər. Bu nə deməkdir? Bir neçə il əvvəl mən elə buradaca bu məsələni israrla vurğulamışdım və sevindirici haldır ki,  əhalinin bir qrupu  mənim bu tövsiyəmə riayət etməyə başladılar. Lakin bu, kifayət deyil. Bu məsələyə hamı riayət etməlidir. Söhbət daxili məhsulun istehlakından gedir. Əzizlərim! Siz xarici mal əvəzinə, ölkəmizdə istehsal edilmiş bir məhsulu alanda həm məşğulluğa bir o qədər dəstək olur, həm də iranlı fəhləni bütün bacarıq və təşəbbüsünü ortaya qoymağa məcbur edirsiniz. Daxili məhsul istehlak olunanda iş görən də günü-gündən təşəbbüslərini artıracaq. Siz daxili məhsulu alanda milli sərvəti artırmış olursunuz. Keçmişdə – şah diktaturası dövründə xarici mal almaq ənənəyə çevrilmişdi. Bir şey alanda soruşurdular ki, yerli maldır, yoxsa xarici? Xarici mala daha çox üstünlük verirdilər. Bu ənənəni geri qaytarmaq, lakin əksini etmək lazımdır. Mən demirəm ki, xarici mal almaq haramdır, dediyim odur ki, daxili məhsulun alınması ölkə iqtisadiyyatına müqavimət qabiliyyəti qazandırmaq üçün vacib olan və ölkədə hər bir şeyə öz təsirini göstərən bir amildir. Bu məsələyə diqqətli yanaşmaq lazımdır; bu işdə bütün camaatımız rol oynamalıdır. Əlbəttə ki, bir çox başqa məsələlərdə olduğu kimi, burada da rəsmilərin, ölkəni idarə edən insanların öhdəsinə daha böyük məsuliyyət düşür. Əhalinin israfçılığa yol verməsinin, sağa-sola pul xərcləməsinin səbəbi, bir çox hallarda, “böyüklər” hesab olunan insanların bu tip davranışlarıdır. Yüksək mövqe tutan insanlar arasında israfçılıq olmasa, sadə camaat arasında da bu azalar. Odur ki daxili məhsula üstünlük vermək mühüm işlərdən biridir.

Söhbətimin bu hissəsini yekunlaşdıraraq demək istəyirəm ki, iqtisadiyyatın əsaslarının möhkəmləndirilməsi anlamında müqavimət iqtisadiyyatı bu gün bizim qarşımızda duran ümumi vəzifələrdən biridir və bu işdə hər kəs – rəsmilər, hakimiyyətin 3 qolunun başçıları, sadə xalqın nümayəndələri, işinin ustası olan bacarıqlı insanlar, sərmayə sahibləri, eləcə də mütəxəssislər, elm adamları – iştirak edə, özünəməxsus rol oynaya bilər. Sözsüz ki, bu gün mənim burada danışdıqlarım qeyd edilməsi vacib olan məsələlərin qısaca xülasəsi idi. Əhaliyə bu haqda daha ətraflı məlumat vermək artıq ekspertlərin, mütəxəssislərin öhdəsinə düşür.

Çıxışımın ikinci hissəsini mədəniyyət mövzusuna həsr etmək istəyirəm. Fikrimi bir cümlə ilə deyim: əzizlərim, mədəniyyət iqtisadiyyatdan daha əhəmiyyətlidir. Nə üçün? Ona görə ki, mədəniyyət bizim nəfəs aldığımız hava kimidir. Siz özünüzdən asılı olmadan, istəsəniz də, istəməsəniz də, tənəffüs edir, havanı udursunuz. Bu hava təmiz olanda sizin orqanizminizə bir cür, çirklənmiş olanda isə başqa cür təsir göstərir.

Bir ölkənin mədəniyyəti insanların nəfəs aldığı hava kimidir. Sağlam olduqda onlara müsbət təsir göstərir. Bir qədər əvvəl daxili məhsulun istehsalı barədə danışdıq. Əgər biz daxili məhsulun istehlakının sözün həqiqi mənasında reallaşmasını istəyiriksə, bu düşüncə insanlarımızın təfəkküründə kök salmalı, oturuşmalıdır. Camaatımızın israfa yol verməməyini istəyiriksə, insanlarımız bunun düzgün bir yanaşma olduğuna inanmalıdırlar. Mədəniyyət budur. Mədəniyyət insanların inamı, imanı, stereotipləri, gündəlik həyatlarında daim qarşılaşdıqları, hərəkətlərinə və davranışlarına stimul verən şeylərdir. Mədəniyyət bax bunlardır. Bütün bunlar olduqca böyük əhəmiyyət kəsb edir. Məsələn, ictimai sferada qanunçuluq, insanların qanunlara hörmətlə yanaşması bir mədəniyyətdir; sosial yardımlaşma bir mədəniyyətdir; nikaha daxil olub ailə qurmaq bir mədəniyyətdir; ailələrdə uşaqların sayı bir mədəniyyətdir. İnsanlarımızın bu kimi şeylərə baxışı, yanaşması düzgün olsa, cəmiyyətin həyatı müsbət istiqamətdə dəyişər. Əgər Allah eləməmiş, yanlış olsa, həyat başqa cür olar; Allah eləməsin, bu gün ailənin əsaslarını dağıtmış, Quranda buyurulduğu kimi:

وَاتَّبِعوُا الشَّهَواتِ فَسَوفَ یَلقَونَ غَیّا

“Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər”. (“Məryəm” surəsi, ayə 59)

– özünü şəhvətinə təslim etmiş ölkələrin aqibətinə düçar olarıq. Məhz elə buna görə də düşmənlər hər şeydən çox mədəniyyət məsələsinə diqqət yönəldirlər. Nə üçün? Mədəniyyət böyük təsirə malik olduğu üçün. Düşmənlərin bu sahədəki fəaliyyətlərinin əsas hədəfi xalqın imanıdır, inam bəslədiyi şeylərdir. Mədəniyyət sferasında çalışan rəsmilər diqqətli olmalıdırlar ki, bu sahədə boşluqlar yaranmasın. Mədəniyyət sahəsində boşluğun yaranması çox təhlükəlidir; həssas və sayıq olmaq lazımdır. Deməzdim ki, mədəniyyət sarıdan üzləşdiyimiz bütün ziyanlar yadellilərin işidir. Özümüzün də günahımız var. Müxtəlif rəsmilərin – istər mədəniyyət sahəsinə, istərsə də qeyri sferalara rəhbərlik edən rəsmilərin – zəif və ya yarıtmaz fəaliyyətinin də buna təsiri olub. Biz hər şeyi düşmənin boynuna atmırıq, lakin mədəniyyətlə bağlı problemlərin ortaya çıxmasında düşmənin iştirakı haqqında da unutmamalıyıq. Günümüzdə, eləcə də İslam İnqilabının ilk günündən etibarən düşmənin təbliğat maşını xalqda bu inqilabın əsaslarına qarşı inamsızlıq yaratmaq üçün var gücü ilə çalışıb. Onların mədəni fəaliyyəti budur? Xalqın imanını, qəlbindəki inancları hücuma məruz qoyublar. Bunları görməməzliyə vurmaq mümkün deyil.


Burada bir sual yarana bilər ki, yaxşı, deyirsiniz rəsmilər həssas olmalıdır? Nə dərəcədə həssas olmalıdırlar? Bu, İslam İnqilabının əsas şüarlarından, İslam Respublikasının təməl prinsiplərindən biri olan azadlıq prinsipinə zidd deyilmi? Xeyr, qətiyyən zidd deyil. Azadlıq və özbaşınalıq başqa-başqa şeylərdir. Azadlıq bütün qayda-qanun və normaları inkar etmək demək deyil. Allahın böyük bir neməti olan azadlığın özündə bir qayda-qanun, nizam-intizam var. Bu olmadan azadlığın heç bir mənası yoxdur. Kimlərsə ölkədə gənclərin imanını kökündən baltalamaq üçün çalışırlarsa, “Azadlıqdır” – deyə buna kənardan tamaşa etmək olmaz. Eynilə əgər kimsə insanlar arasında heroini və ailələrə bədbəxtlik gətirən digər narkotik maddələri yaymaq istəyirsə, buna qarşı etinasız qalmaq mümkün deyil. Kimlərinsə incəsənətdən, ədəbiyyatdan, cürbəcür vasitələrdən, maliyyə imkanlarından istifadə edərək doğru yolda insanlara əngəl olduğunu, xalqın imanını hədəfə aldığını, onun dini-inqilabi mədəniyyətinə zərbə vurmağa çalışdığını görə-görə oturub bu vəziyyəti kənardan seyr edək və “Azadlıqdır” deyək? Dünyanın heç yerində bu cür azadlıq yoxdur! Heç yerində! Azadlıq iddiasında olan ölkələr özləri üçün qırmızı xətt hesab etdikləri məsələlərdə son dərəcə sərt, barışmaz, güzəştsiz mövqe tuturlar. Özünüz baxın: Avropa ölkələrində heç kəs real olub-olmadığı və ya real olduğu təqdirdə hansı formada baş verdiyi hələ məlum olmayan “Holokast” hadisəsi haqqında danışmağa cürət etmir. “Holokast” haqqında fikir söyləmək, “Holokast”a şübhə ilə yanaşmaq ən böyük günahlardan hesab olunur, bunun qarşısı alınır, həmin şəxs saxlanılır, həbsxanaya salınır, hüquqi cəhətdən təqib olunur. Özləri də azadlıq iddiası edirlər. Onlar üçün qırmızı xətt olan məsələləri diş-dırnaqları ilə müdafiə edirlər, bəs nə üçün bizim ölkəmizin, gənclərimizin öz qırmızı xətlərinə – dini-ideoloji və inqilabi prinsiplərinə göz yummalarını istəyirlər? Birisi milli istiqlal ruhunu hədəfə alırsa (bu gün belə insanlar var; müstəqillikdən söhbət düşəndə istehza edir, “Müstəqillik nədir, bu, geridəqalmışlıqdır” – deyirlər) asılılığı təbliğ etmək, müstəqilliyi lağa qoymaq, gənclərdə müstəqil yaşama ideyasını laxlatmaq  istəyirsə, ona qarşı etinasız qalmaq olmaz; hərəkətlərinə əks-reaksiya vermək lazımdır. Kimlərsə cəmiyyətin dini-əxlaqi normalarını aşağılayır, fars dilini lağa qoyur, iranlı mentalitetini təhqir edirlər. Belələri var; hazırda onlara rast gəlmək olur. İran gənclərində milli istiqlal ruhunu boğmağa çalışanlar var. Dönə-dönə bu xalqa mənfi xüsusiyyətləri aid etməyə çalışırlar: “Avropalılardan öyrənin, qərblilərə baxın, onlar bir-birinə qarşı dözümlü yanaşırlar, bizdə tolerantlıq yoxdur”. Əslində belədirmi? Avropa ölkələrində, Avropa paytaxtlarında – 20-30 il əvvəl yox, indi, hal-hazırda – küçədə hicabına bir balaca riayət edən şəxsə gənclər hücum edir, insanların gözü önündə hicablı qadınları döyür, yaralayır, qətlə yetirirlər. Heç kim də bunun səbəbini soruşmağa cürət etmir. Həmin ölkənin əhalisindən olmadığına görə camaatın gözü qarşısında insana od vurub yandırırlar! Bizə qarşı çıxanların tolerantlığı, dözümlülüyü budur? Bu hadisə təzəlikcə baş verib. Bir neçə ay öncə Avropa ölkələrindən birində şəhərdə bir neçə yaramaz gənc bir iranlını döyüblər, sonra da üstünə benzin tökərək yandırıblar. Qonşular da kənarda duraraq bu hadisəni soyuqqanlılıqla seyr ediblər; heç bir reaksiya verməyiblər! Bizi bəyənməyənlərin tolerantlığı budur? İran xalqını, iranlıları, İran mentalitetini təhqir edənlərə, beyinlərdə İslamın əsaslarına qarşı şübhə toxumu səpməyə çalışanlara, inqilabın əsas şüarlarını ciddi şəkildə hücuma məruz qoyanlara, ailə institutunu dəyərsiz bir şey kimi qələmə verməyə, nikahı mənasız bir iş kimi göstərməyə çalışanlara (bu gün bizim cəmiyyətimizdə belələri var; bu işləri görən adamlar var) ləzzət axtarışını yaxşı bir şey, dəyər hesab edənlərə qarşı etinasız qalmaq olmaz. Ləzzət almaq şövqü, ləzzətin hər şeydən üstün olması – bu, Qərb mədəniyyətinin “ərməğanıdır”. Nə olursa, olsun, təki ləzzət versin. Biri narkotikdən ləzzət alacaq, biri cinsi şəhvətdən, bir başqası da onu-bunu döyməkdən – fərqi yoxdur, kiməsə ləzzət verəcək hər bir şeyi məqbul hesab edirlər. Bu kimi fikirləri cəmiyyətdə təbliğ edənlərə əhəmiyyət verməmək olmaz. Dinə qarşı saymazlığı, etinasızlığı təbliğ edən insanlar var. Hökumət qurumları bunun qarşısını almaqda öhdələrinə düşən vəzifələri yerinə yetirməlidirlər. Mədəniyyət sahəsində destruktiv fəaliyyət göstərən insanlar xalq arasında güclü milli əzm yerinə, şübhə və inamsızlığı yayırlar. İstənilən xalq güclü əzmə malik olmayınca heç nəyə nail ola bilməz. Ölkənin müqəddəratı ilə bağlı mühüm məsələlərdə millətin əzmini zəiflətməyə, insanlarda şübhə yaratmağa çalışırlar. Xalqa milli qürur və özünəinam hissi əvəzinə həqarət hissi, güclü iman əvəzinə şübhə və imansızlıq, əməksevərlik və möhkəm təpər əvəzinə ləzzət arxasınca qaçmaq, şəhvətpərəstlik və bu kimi həvəslər aşılayırlar. Bütün bu işləri görənlər var. Ölkənin rəsmi mədəniyyət qurumları bu təzahürlər qarşısında öhdələrinə düşən vəzifələri yerinə yetirməlidirlər. Əlbəttə ki, bu vəzifələrdən bəziləri hansısa tədbirlərin həyata keçirilməsini, bəziləri isə hansısa mənfi təzahürlərdən müdafiə olunmağı tələb edir; hər ikisini yerinə yetirmək lazımdır. Ölkəmizin təbliğat strukturları – istər bilavasitə dövlətlə əlaqəli olanlar, istərsə də qeyri-hökumət təşkilatları – xarici medianın və ya ölkə daxilində onların dili ilə danışan media orqanlarının hay-küyündən qorxub çəkinməməli, davranışlarını onların istəyinə uyğun tənzimləməməlidirlər. Rəsmi mədəniyyət qurumları barədə deyəcəklərim bu qədər.

Mənim daha mühüm müraciətim isə ölkənin dörd bir yanında könüllü surətdə mədəni fəaliyyətlə məşğul olan və əlhəmdulillah, işlərini genişləndirmiş gənclərimizədir. Mən üzümü Tehranda, müxtəlif şəhər və ostanlarda, elə Məşhədin özündə və bir çox başqa şəhərlərdə öz iradə və təşəbbüsü ilə mədəni iş aparan gənclərə tutub demək istəyirəm ki, bu fəaliyyətlərini bacardıqları qədər çox və ciddi surətdə davam etdirsinlər (onlar çoxlu müsbət işlər həyata keçiriblər ki, bəziləri haqda, əlhəmdulillah, bizə də xəbər gəlib çatıb). Qoy bu gənclər bilsinlər ki, mömin və inqilabçı gənclər arasında mədəni işlərin bu cür genişləndirilməsi ölkəmizin inkişafında, xalqımızın öz düşmənləri qarşısında müqavimət göstərməsində böyük rol oynayıb. Onlardan başqa, bir də mədəniyyət sahəsində örnək, nümunə sayılan insanlar var. Bunlar kimlərdir? Bunlar din alimləri, ustadlar, inqilabi ideyaların daşıyıcısı olan ziyalılar və incəsənət adamlarıdır. Bu insanlar ölkədəki mədəni duruma tənqidi yanaşmalarını qoruyub saxlamalı və iradlarını həmişə qeyd etməlidirlər. Əlbəttə, iradlara gəlincə, düşünürəm ki, hər kəs düzgün olan fikirlərini güclü məntiq əsasında və açıq-aydın şəkildə bəyan etməlidir. Mən haqsız ittihamları, bu yolla yaradılan qalmaqalları qətiyyən qəbul etmirəm. Onu bunu yersiz ittiham edib kafir elan etməyi əsla qəbul etmirəm. Mən düşünürəm ki, ölkəmizin inqilabi ictimaiyyəti – əlhəmdulillah, onların hədsiz dərəcədə böyük bir hissəsi bizim gənclərimiz, görkəmli ziyalılarımız, ustadlarımız, böyük din alimlərimiz, ali savadlı insanlarımız arasında təmsil olunur – mövcud duruma münasibətdə güclü məntiqlə mövqe bildirərək tənqidi fikirlərini səsləndirə bilərlər. Zəif cəhətləri, mənfi məqamları biz rəsmilərin üzünə vura bilərlər. Bəzən hansısa qurumun rəsmisi cəmiyyət içərisində nə baş verdiyini bilməyə bilər, amma o gənclər cəmiyyət arasındadırlar, bilirlər. Mədəniyyət sahəsində milli əzm və cihad ruhlu idarəetmə dediyimiz də elə budur.

Çıxışımın sonunda mən xalqımız üçün bir məqamı da qeyd etmək istəyirəm: bilin ki, dünya ictimaiyyətindəki reallıqlar Amerikanın istək və niyyətləri əsasında cərəyan etmir. Dünya imperializminin və İran xalqının qatı düşmənlərinin qlobal arenada gerçəkləşməsini istədikləri proseslər gerçəkləşməyib və inşallah, bu, gələcəkdə də baş verməyəcək. Amerika Fələstində istədiyinə nail ola bilməyib. Fələstin üçün hazırladıqları və üzərində xeyli əziyyət çəkdikləri planda irəliləyiş yoxdur, inşallah, olmayacaq da. Onlar Fələstini yəhudi ölkəsinə çevirmək istəyirlər. Yəni istər müsəlman, istərsə də xristian fələstinlilərin Fələstində yaşamasına imkan vermək niyyətində deyillər. Fələstinin işini biryolluq bitirmək istəyirlər. Planları bu idi. Bu neçə ildə xeyli səy göstərsələr də, heç nə edə bilmədilər. Amerika Fələstində, Suriyada, İraqda heç bir nəticə əldə edə bilmədi; Əfqanıstan və Pakistanda qarşıya qoyduğu məqsədlər reallaşmadı. Gördüyünüz və eşitdiyiniz kimi, son dövrlərdə Avropa üçün cızdığı planlar da boşa çıxır.

Bilin ki, əziz vətənimizdə də İslam İnqilabının, inqilabi əqidəyə malik xalqımızın əleyhinə 30 il ərzində iş apardıqlarına baxmayaraq, heç nəyə nail ola bilməyiblər. Bunun göz önündə olan sübutu xalqın ictimai-siyasi proseslərdə fəal iştirakıdır. Amerika administrasiyasının nüfuzlu simaları açıq-aşkar etiraf edərək dedilər ki, biz sanksiyaları İranda camaatı hökumətə qarşı etiraza qaldırmaq, küçələrə çıxarmaq məqsədilə tətbiq edərək şiddətləndirmişik. Sanksiyaların inqilabın kökünü kəsmək, xalqı İslam dövləti ilə üz-üzə qoymaq məqsədi daşıdığını açıq-aşkar dedilər. Nəticəsi nə oldu? Nəticəsi bu oldu ki, qeyd etdiyimiz kimi, 1392-ci ildə ölkəmizdə seçicilərin yüksək iştirak göstəricisi ilə seçki baş tutdu, həmin ilin 22 bəhmən tarixində əvvəlki illərdən daha izdihamlı, daha emosional, daha möhtəşəm bir ümumxalq yürüşü keçirildi. Mən bunu dəfələrlə demişəm: qoy əziz gənclərimiz bilsinlər ki, gələcək onlarındır, düşmənləri, Allahın köməyi ilə, məğlubiyyətə məhkumdur. Ümidvaram ki, Uca Yaradan öz mənəvi yardımı və dəstəyi sayəsində sizin hamınızı səadət yoluna istiqamətləndirəcək, İmam Mehdi Sahibəzzamanın (ə.f) müqəddəs qəlbini bizdən razı və məmnun edəcək.


Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
________________________________________
1İran şairi İrəc Mirzə nəzərdə tutulur