Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 29 bəhmən Təbriz qiyamının ildönümü ilə əlaqədar Azərbaycan əhalisi ilə görüşü zamanı etdiyi çıxış

Bütün təbrizli, azərbaycanlı qardaş və bacılarıma “Xoş gəlmisiniz” deyirəm və bu mühüm tarixi günlərdə hüseyniyəmizdə emosional və izdihamlı bir atmosfer yaratmaq üçün bu soyuq qış günlərində uzaq yolun əziyyətinə qatlaşıb bura gəlmiş siz əzizlərimizə təşəkkürümü bildirirəm. Bütün qardaş və bacılarıma, xüsusilə də möhtərəm şəhid ailələrinə, görkəmli din alimlərinə, vəzifəli şəxslərə, o cümlədən Təbriz şəhərinin çox hörmətli imam-cüməsi, bu günə qədər, həqiqətən də, bu böyük şəhərə, bu möhtəşəm ostana layiq dəyərli işlər həyata keçirmiş və keçirməkdə olan cənab Şəbüstəriyə səmimi-qəlbdən təşəkkür edirəm.

Çıxışımın əvvəlində 22 bəhmən günü nümayiş etdirdiyi qüdrət və möhtəşəmliyə görə böyük İran xalqına bir cümlə ilə təşəkkürümü bildirmək istəyirəm. Bu xalqı tərif və təqdir etmək, ona layiqincə təşəkkür etmək üçün dil aciz qalır. İlk növbədə, qəlblərin halını dəyişən, əzm və niyyətləri formalaşdıran, hər bir şeyin Onun iradəsinə tabe olduğu Uca Yaradanın qarşısında şükür və sitayişlə səcdə etməli, daha sonra isə 22 bəhmən gününü o cür canlı, möhtəşəm, aktual şəkildə dünyaya nümayiş etdirdiklərinə görə İran xalqının ölkənin dörd bir yanındakı çoxsaylı nümayəndələrinə səmimi-qəlbdən təşəkkür etməliyik. Bir az sonra yenidən bu məsələyə qayıdıb 22 bəhmənlə bağlı müəyyən məqamları qeyd edəcəyəm.

Bugünkü toplantımız, Təbrizdən və Azərbaycanın digər şəhərlərindən olan siz əzizlərimizlə bu gün keçirdiyimiz görüş 29 bəhmən münasibətilədir. 29 bəhmən sadəcə bir ad, başqa günlər kimi bir gün, bir hadisə deyil. 29 bəhmən, yəni 1356-cı ilin 29 bəhmən günü baş vermiş o hadisə özündə bir neçə məna daşıyan bir hadisədir. Bugünkü görüşümüzdə iştirak edən gənclərin – mənim əziz balalarımın – çoxu 29 bəhmən gününün şahidi olmayıblar. Buna baxmayaraq, həmin günün özündə ehtiva etdiyi mesajlar, verdiyi ibrət dərsləri bu gün də eynilə aktualdır.

Bu böyük hadisə özündə bir neçə məna daşıyır: birincisi, Təbriz və bütövlükdə Azərbaycan əhalisinin təbiətinə xas olan mənəvi-əxlaqi keyfiyyətləri nümayiş etdirmək, əks etdirmək; bu, çox mühümdür. Biz özümüzü təbiətimizə xas olan özəlliklər, mənəvi-əxlaqi keyfiyyətlərlə tanımalıyıq. Başqaları oturub biz iranlılara xas xüsusiyyətlər haqqında təhrif olunmuş formada, gözügötürməzliklə yazılar yazırlar. Biz isə bu kimi hadisələrin aynasında özümüzə baxaraq özümüzü doğru-düzgün tanımalıyıq. 29 bəhmən hadisəsində Təbriz camaatı xislətindəki yüksək keyfiyyətləri: əvvəla, dinə olan dərin imanını, ikincisi, dini qeyrətini, üçüncüsü isə şücaətini nümayiş etdirdi. Bunlardan əlavə, situasiyanı zamanında qiymətləndirmək və hadisələri düzgün dərk etmək bacarığını da ortaya qoydu. Bir cəmiyyət, bir kollektiv üçün bu şeylər çox mühümdür: imanlı olmaq, şücaətli olmaq, addım atmağa qadir olmaq və hərəkətə keçməyin zəruri olduğu məqamı qiymətləndirə bilmək. Vaxtından tez və ya gec hərəkətə keçməyin effekti olmur. Təbriz camaatı düz vaxtında hərəkətə keçərək 29 bəhmən hadisəsinə imza atdı. Bu xüsusiyyətlər çox mühümdür. Təbriz və Azərbaycan camaatında onlar 29 bəhməndən əvvəl də var idi, bu günə qədər də var – bunu sonrakı hadisələr də göstərdi. Bu xüsusiyyətləri özündə qoruyub saxlamaq lazımdır. 29 bəhmən gününün bərəkətli təsirlərindən biri də bu oldu ki, həmin gün Təbriz və bütövlükdə Azərbaycan əhalisinin İslam dininə iman, imandan doğan qeyrət, şücaət, hər an hərəkətə keçməyə hazırlıq, avanqardlıq, uca amallar yolunda böyük və novator işlər həyata keçirmək, lazımi anı dəyərləndirmək, situasiyanı düzgün qiymətləndirmək, mövcud situasiyaya uyğun şəkildə davranmaq kimi yüksək təqdirə layiq keyfiyyətlərini tarixin aynasında əks etdirdi.

29 bəhmənin mahiyyətində duran ikinci mühüm məqam isə budur ki, bu hadisə ölkənin müxtəlif bölgələri arasında birlik və bağlılığın nə qədər bərəkətli olduğunu ortaya qoydu. Qum hara, Təbriz hara? Qumda bir hadisə baş vermişdi(1) və onu törədənlər baş verənlərin gündəmdən düşməsini, yaddan çıxmasını istəyirdilər. Bu zaman Qumdan uzaq bir yerdə – Təbrizdə qəflətən xalq ayağa qalxıb Qum hadisəsinin aktuallığını qoruyub saxlamaq istiqamətində addım atdı. 19 dey hadisəsi zamanı həlak olanların qırxını qumlular özləri yox, təbrizlilər qeyd etdi. Hakimiyyətdə olan amansız diktator rejim bundan dəhşətə gələrək Təbriz əhalisinə səriştəsiz şəkildə reaksiya verdi, bir qrup insan şəhid oldu. O dövrdə hakimiyyət çox səriştəsiz və yanlış təbliğat apardı, hadisənin mahiyyətini ört-basdır edib malalamağa çalışdı. Hadisənin üstündən bir qədər keçdi, Təbrizdə ölənlərin qırxında Yəzd əhalisi ayağa qalxdı. Baxın, bu, ölkənin müxtəlif bölgələri arasında bağlılıq deməkdir. Ardınca ölkənin hər yanında silsilə şəklində qırx mərasimləri qeyd olundu. İnqilab şəhidlərinə qırx saxlamağın təşəbbüskarı siz oldunuz, sizdən sonra Yəzddə, Şirazda, Buşəhrdə və ölkənin digər yerlərində bu prosesə start verildi. 29 bəhmənlə bağlı mühüm məqamlardan ikincisi də budur.

Üçüncü məsələ isə budur ki, əgər o zaman – 19 dey günü Qum camaatına və ya 29 bəhmən günü təbrizlilərə: “Sizin bu hərəkətiniz möhtəşəm bir inqilabla nəticələnəcək” – desəydilər, heç kəs buna inanmazdı. Amma oldu! Bu onu göstərir ki, əgər bir xalq özündə təpər nümayiş etdirsə, meydana çıxıb geri çəkilməsə, dağları yerindən oynada, möcüzələr yarada bilər. 29 bəhmən günü bu möcüzə reallaşdı. Əziz gənclər! İnqilabın meydana gəlməsi barədə düşünün, oxuyun, araşdırma aparın. Onda görəcəksiniz ki, peyğəmbərlərin möcüzələrinə ən çox oxşayan hadisə İslam İnqilabının qələbəsidir. Kimin ağlına gələrdi ki, Amerikanın ağalığı altında olan, Qərb mədəniyyətinin əsirinə çevrilmiş, iqtisadiyyatı bütünlüklə beynəlxalq miqyaslı, güclü düşmənlərin əlinə keçmiş, ordusu zəif, beynəlxalq nüfuz baxımından təcrid olunmuş bir ölkənin xalqı ayağa qalxıb yalançı maddi güclərin bütün təzahürlərinə qarşı çıxış edəcək, maddiyyata söykənən bir dünyada İslamın bayrağını göylərə ucaldacaq, Şərq və Qərbin qarşısında duracaq – Amerika və Sovet İttifaqı arasında yüz cür məsələdə fikir ayrılığı olsa da, bir məsələdə onlar həmrəy idilər: İslam İnqilabını vurmaq – qalib gələcək, uğur qazanacaq, onları geri çəkilməyə məcbur edəcək? Buna kim inanardı? Amma oldu və bu, bir dərsdir. Sizin yaratdığınız 29 bəhmən hadisəsinin sizin özünüzə, bizə, bütün İran xalqına verdiyi ibrət dərslərindən biri də odur ki, bir xalqın güclü iradəsi qarşısında heç bir böyük hadisə, heç bir dövlət, heç bir maneə dura bilməz. 29 bəhmən hadisəsinin, Təbriz və Azərbaycan əhalisinin təqdirəlayiq cəhətləri haqqında çox danışmaq olar. O vaxtdan bu günə qədər də Azərbaycan əhalisində o nəfəs, o əhval-ruhiyyə, o şəri vəzifəsini hiss etmə, o məsuliyyət, o stimul həmişə olub və təbrizlilər müxtəlif hadisələrdə parlaq surətdə iştirak ediblər. Bu ibrətli dərsləri yadda saxlamaq lazımdır.

Dedik ki, 29 bəhmən hadisəsinin birinci mühüm xüsusiyyəti Azərbaycan əhalisinin özünəməxsus xüsusiyyətlərinin, təbiətinə xas özəl keyfiyyətlərin tanınmasıdır. İkincisi isə ölkənin müxtəlif bölgələri arasında birlik və sıx bağlılığın mövcud olmasıdır. Bu, düşmənlərimizin əl qoyduğu, üzərində planlar cızdığı bir məqamdır. Düşmənlərimiz bütün proseslərdə qardaşcasına əl-ələ verib birlikdə olmuş İran etnoslarını üz-üzə qoymaq istəyirlər. Bunu bütün İran xalqı bilməlidir. Türkümüz var, ərəbimiz var, farsımız var, lorumuz var, bəlucumuz var, kürdümüz var, türkmənimiz var – İran torpağına cürbəcür etnik qruplar səpələnib. Və bu gün onları bir cəhət birləşdirir ki, bu da hamısının İran İslam dövlətinin hakimiyyəti, İslam bayrağı, İslam dininin və İran İslam Respublikasının qürurverici, gözəl adları altında birləşməsidir. Bu gün onları bir-birindən ayırmağa, uzaqlaşdırmağa çalışırlar. İranda yaşayan etnik qruplar arasında qarşıdurma yaratmaq üçün kimlərsə oturub plan cızırlar – bunu hamı bilməli, hamı sayıq olmalıdır. 29 bəhmən hadisəsinin birlik, həmrəylik, həmdərdlik, birgə addım atma mesajlarını yaddan çıxarmamalıyıq. Bu, ikinci məqam. Üçüncü məqam isə xalqın iradəsinin möcüzələr yaratmağa qadir olmasıdır.

İndi isə yenidən bizim dünənimizin, bu günümüzün və sabahımızın mühüm məsələsi olan 22 bəhmən və inqilab məsələsinə qayıtmaq istəyirəm. 22 bəhmən günü hər il əvvəlki illə müqayisədə özünü daha da emosional, izdihamlı bir formada göstərir. Bu barədə cürbəcür analitik fikirlər söylənir, təhlillər aparılır. Lakin bütün bu təhlillər, əslində, ayrı-ayrı insanların düşüncəsinin məhsuludur. Xalqın reallığı başqa bir şey deyir. Hər il yürüşləri diqqətlə izləyən, kütlədəki insanların sayı haqqında küçələrdəki izdihamın sıxlığına görə, yaxud xüsusi durbinlər vasitəsilə məlumat verən insanların bizə xəbər verdiyinə görə, ötən il – 1391-ci ildə yürüşlərə qatılanların sayı əvvəlki illə müqayisədə xeyli çox olub. Həmin dəqiq, yaxud dəqiqə yaxın hesablamaları aparan insanlar xəbər verdilər ki, bu il izdiham ötən ilkindən də böyük olub. Belə bir söz var, deyirlər: “İl ildən yaxşı gəlir”; ola bilsin, kimsə bunu sadəcə bir deyim, dillərdə gəzən söz hesab edir, amma yox, həqiqətdir. Yaxşı, bəs bu həqiqət bizə nəyi göstərir? Mənim fikrimcə, inqilabın ildönümü ilə bağlı keçirilən tədbirlər də elə inqilabın özü kimi fövqəladə, misilsiz bir təzahürdür. Bu nə deməkdir? Bu o deməkdir ki, hətta düşmənlərimizin də etiraf etdiyinə görə, bizim inqilabımızın dünya inqilablarının tarixində müxtəlif cəhətlərdən misli-bərabəri olmadığı kimi, bu inqilabın ildönümü ilə bağlı keçirilən tədbirlərin də dünyanın heç bir yerində tayı-bərabəri yoxdur. Telekanallarda, xəbərlərdə görürük ki, aradan 2, 3, 4 il keçəndən sonra müxtəlif ölkələrdə inqilabların ildönümü, adətən, quru, rəsmi mərasimlərlə qeyd olunur. Bizdə isə belə deyil. Xalq həmin günü bayram edir. Nəinki təkcə paytaxt Tehranda, bütün ostan mərkəzlərində; nəinki təkcə ostan mərkəzlərində, ölkənin bütün rayonlarında. İnqilabın 1-ci, 2-ci, 5-ci, 10-cu ilində deyil, 35-ci ilində. Bu, heyrətamiz bir hadisə deyil, bəs nədir? İnqilabın qələbəsindən 35 il keçib; inqilabın ilk ilində doğulmuş insanlar bu gün 35 yaşlı kişi və qadınlardır, demək olar ki, gənclik dövrünü də geridə qoyublar. Buna baxmayaraq, inqilabın ildönümü hər il böyük stimul və səbat hissi ilə, inqilabi ideyalara sadiqliklə, qüdrət və təntənə ilə qeyd olunur. Qəribə deyilmi? Düşmən mediası dildə nə deyir desin, amma onların beyin mərkəzləri burda nə baş verdiyini çox yaxşı dərk edir. Prosesləri dərindən araşdırıb öyrənənlər bu xalqa, bu inqilaba, bu stimula, bu imana qarşı mübarizə aparmağın mümkün olmadığını dərk edirlər.

Xalqımız hansı şüarları səsləndirir? Ölkənin dörd bir yanında inqilabın düzgün kursuna, düzgün yoluna sadiqlik, müqavimət şüarları səslənir. 22 bəhmən yürüşləri ilə xalqımız bu gerçəkliyi nümayiş etdirir ki, Allah-Taala:

اِن تَنصُروا اللهَ يَنصُركُم وَ يُثَبِّت اَقدامَكُم

“Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər”. (Məhəmməd surəsi, 7-ci ayənin bir hissəsi)

– deyə buyurduğu vədinə əməl edib. Uca Yaradan sizin qədəmlərinizi möhkəmlədir, addımlarınızı gücləndirir. Sizin geri çəkilməyə məcbur olmağınıza imkan vermir. Bu, Allahın verdiyi vəddir. Allahın bu vədi İran xalqı haqqında gerçəkləşib. Siz Allahın dininə yardım etmisiniz, Uca Yaradan da sizin qədəmlərinizi möhkəmlədib. İnqilabın bu il qeyd olunmuş 35-ci ildönümü bu sabitqədəmlikdən xəbər verdi.

Bəs 22 bəhmən yürüşünün dünyaya ünvanladığı mesajlar hansılardır? Xalqın şüarlarına baxın, o mesajları həmin şüarlardan götürmək lazımdır. Mənim müşahidələrimə görə, 22 bəhmən yürüşləri özündə 2 mesajı daşıyır: mətinlik və birlik. Mətinlik nədir? Mətinlik o deməkdir ki, İran xalqı inqilabi ideyalar üzərində möhkəm durub. Bizim inqilabımızın müəyyən şeyləri təsdiq, müəyyən şeyləri isə inkar edən ideyaları var. Bizim təsdiqedici ideyalarımız bunlardan ibarətdir: biz sosial ədaləti təmin etmək istəyirik; xalqın ölkədə gedən müxtəlif siyasi-ictimai proseslərdə iştirakını istəyirik; İslam dinini istəyirik, ölkəmizin səadətini bu dinin qayda-qanunlarına əməl etməkdə görürük; suveren iqtisadiyyat istəyirik; yadellilərdən asılı olmayan, özümüzün əsl İran-müsəlman mədəniyyətini istəyirik; məzluma kömək etmək, zalıma qarşı mübarizə aparmaq niyyətindəyik; ölkəmizin inkişafını, elmdə böyük irəliləyişlər əldə etməsini istəyirik; ölkəmizin elmdə, iqtisadiyyatda, mədəniyyətdə, sosial məsələlərdə, əxlaq və mənəviyyatda öncül olmasını istəyirik. Bizim inqilabımızın dəstəklədiyi prinsiplər bunlardır. Bu inqilabın heç cür qəbul etmədiyi, öz şüar və amallarında inkar etdiyi müəyyən şeylər də var: biz zorakılığa tabe olmayacağıq, kiminsə bizdən bac almasına boyun əyməyəcəyik, imperializm sisteminin qarşısında əyilməyəcək.

İmperializm sistemi əlinə maddi imkan, pul, silah və bu kimi şeylər keçirmiş bir-neçə dövlətin dünyanı idarə etmək istəməsi deməkdir. Bu gün bu sistemin təcəssümü isə Amerika dövlətidir. İran xalqı İslam İnqilabında da, ondan sonra baş vermiş proseslərdə də, Müqəddəs Müdafiədə də, elə bu 22 bəhməndə də həmişə deyib: biz Amerikanın zorakılığına və bac tələblərinə tabe olmayacağıq. Bəzi insanlar heç də İran xalqının gözündə Amerikanın çirkin, barbar, qəddar simasını bəzəyib-düzəməyə, onu canıyanan, humanist bir dövlət kimi təqdim etməyə çalışmasınlar. Çalışsalar belə, faydasızdır. Minimum son 70-80 ildə dünya tarixinə, Amerikanın nələr etdiyinə baxın (əlbəttə ki, ondan əvvəl də Amerika ilə bağlı deyiləcək şeylər çoxdur, intəhası indi o mövzulara girmək istəmirəm). Amerikanın başlatdığı müharibələr, bu və digər müharibələrdə qanına qəltan edilmiş günahsız insanlar, mülki əhali; Amerikanın Yer kürəsinin şərqində və qərbində himayə etdiyi diktatorlar – onlardan biri də İrandakı Məhəmməd Rza şah Pəhləvi idi; Asiya, Afrika, Latın Amerikası ölkələrində onun kimi onlarla hərbi və mülki diktatorlar olub. Onlar uzun illər boyu öz xalqlarına zülm edib, insanların qanını içib, xalqın malını qarət edərək atasına od vurublar. Amerikanın keçmişində olan çirkin əməllərdən biri də bu diktatorları himayə etməkdir. Həmçinin beynəlxalq və dövlət terrorizminin dəstəklənməsi – Fələstini qəsb etmiş qondarma və cinayətkar İsrail rejimi on illərdir ki Amerika tərəfindən himayə olunur; camaatı öldürür, ev-eşiklərini xaraba qoyur, insanlara zülm edir, gəncləri, qadınları, kişiləri, uşaqları həbsə atırlar. Beyruta hücum etdilər, Səbra və Şətilanı yerlə-yeksan etdilər, daha nələr, nələr... Hamısı Amerika tərəfindən himayə olundu. Bütün bunlar Amerikanın qara əməllərinin tarixinə əbədi olaraq düşüb. İraqa edilən hücum, on minlərlə insanın qətlə yetirilməsi – dəqiq statistikanı bilmirik, deyilənə görə, bunlar bu bir neçə il ərzində müstəqim və qeyri-müstəqim şəkildə bir milyona yaxın iraqlını məhv ediblər; mən indi elə demək istəmirəm, amma ən azından on minlərlə insan ölüb, halbuki elə bircəsi də çoxdur. Əfqanıstanda da bir başqa cür: terrorçu və adamöldürən şirkətləri əhalinin canına saldılar. Çıxışlarımdan birində həmin şirkətlərdən birinin adını çəkmişdim – Amerikanın məşhur “Blək-Voter” şirkəti; işi terrordur, adam öldürməkdir. Elə bu adamöldürən, ifratçı və ekstremist təkfirçi qrupları da əvvəlcə onlar ortaya salıblar; indi də bəzi yerlərdə güllə kimi rikoşetlə geri qayıdıb özlərinə dəyir. Amerika belə bir dövlətdir. Söhbət Amerika xalqından, Amerika əhalisindən getmir. Onlar da başqa xalqlar kimidir. Söhbət Amerika dövlətindən, Amerika administrasiyasından gedir. Bu çirkin simanı İran xalqı üçün necə bəzəyib-düzəmək olar?

Biz özümüz – İran xalqı nələr çəkmişik? 28 mordad qiyamından sonra 30, 25-26 ilə yaxın müddət ərzində – 1332-ci ilin 28 mordadından 1357-ci ilə qədər – zalım Məhəmmədrza hökumətinin əli ilə, sonra da İslam İnqilabının qələbəsindən üzü bəri daim İran xalqına əzab-əziyyət veriblər, nacinslik, xəbislik ediblər. Son dövrlərdəki sanksiyaları görürsünüz. Bunlar inqilabın əvvəllərindən etibarən sanksiyalara başladılar. İnqilabın əvvəllərində amerikalılar inqilabın əleyhinə nə isə etmək istəyən hər kəsi himayə edirdilər. Sağçı olsun, solçu olsun, hərbçi olsun, qeyri-hərbçi olsun – onlar üçün fərqi yox idi. İslam Respublikasının əleyhinə olan hər kəsə – etnik qrupların və ya ayrı-ayrı fərdlərin timsalında – əllərindən gəldiyi qədər kömək edirdilər. Axırıncını – 2009-cu ildə törədilən fitnəni camaatımız öz gözləri ilə gördü. Amerikanın prezidenti Tehranda iğtişaş törədənləri tam həyasızcasına dəstəklədi; bu axır vaxtlarda yenə dəstəkləyirlər. Bu dövlətin bəd əməllərinin siyahısı budur. Onların pərdə arxasından, gizli-gizli yürütdüyü məşum niyyətlərin çoxu elə indi də tədricən aşkara çıxır. Bu il – 1392-ci ilin ilk günündə müqəddəs İmam Rza (ə) hərəminin yanında çıxış edərkən dedim ki, mənim heç bir sözüm yoxdur; keçmiş və hazırkı hökumətin bəzi rəsmiləri, bəzi dövlət adamları düşünürlər ki, nüvə məsələsində problemi həll etmək üçün Amerika ilə müzakirələrə getmək lazımdır. Heç bir etiraz etmədim, dedim ki, olsun, əgər israr edirsinizsə, gedin bu spesifik mövzu ətrafında Amerika ilə müzakirələr aparın. Lakin elə ilin ilk günü etdiyim çıxışda bu müzakirələrə nikbin yanaşmadığımı bildirdim. Qarşı çıxmıram, amma nikbin də yanaşmıram. Amerikalıların ardıcıl olaraq səsləndirdikləri yüngül və səfeh bəyanatlara baxın. Amerikanın həyasız bir senatoru sionistlərdən pul alaraq senatda İran xalqını söyür – təhqir etmir, yox, məhz söyür. Eynilə ölkə başçıları da cürbəcür müstəvilərdə İran xalqını təhqir edirlər. Əlbəttə ki, xalqımız 22 bəhmən günü ağızlarının payını verdi. Bu il yürüşlərin daha da izdihamlı keçməsinin bir səbəbi də o idi ki, xalqımız Amerika rəsmilərinin necə həyasızcasına, ədəbsizcəsinə, sözlərinə sərhəd qoymadan, tələbkar bir iddia ilə çıxış etdiklərini gördü. Xalqın dini qeyrəti onu düşmənə: “Çaşma, bu bizik!” – demək üçün meydanlara çəkib gətirdi. 22 bəhmən yürüşündə İran xalqı bizim hamımıza – mənə, digər rəsmilərə, istər xarici, istərsə də daxili siyasət arenasında olsun, ölkənin idarəçiliyi işində, həqiqətən də, zəhmət çəkən insanlara demək istədi ki, arxayın olun, İran xalqı ayaqdadır, meydandadır, düşmən qarşısında özünüzü zəif hiss etməyin. İran xalqının böyük mesajlarından biri bu idi. Bu elə mənim ilin əvvəlində dediyim, sonradan da – ondan əvvəl də demişəm, sonra da demişəm – dönə-dönə təkrar etdiyim sözlə üst-üstə düşür: nüvə məsələsi düşmənçilik üçün bəhanədir. Qeyri-mümkün bir ehtimalla əgər nə vaxtsa bu məsələ Amerikanın istədiyi şəkildə həll olunsa belə, arxasınca başqa bir problem çıxacaq. Baxın, Amerikanın sözçüləri insan haqları, raket, silah və bu kimi məsələləri ortaya atırlar. Məəttələm, görəsən amerikalılar insan haqları sözünü dilə gətirməkdən utanmırlar? Dünyada başqa kim insan haqlarının tərəfdarı olduğunu iddia etsə də, Amerika rəsmiləri insan haqlarının pozulması ilə bağlı keçmişlərində olan bu qədər rüsvayçı əməllərlə daha bu iddiada olmamalıdırlar. Hələ onların bu əməllərinin 100-dən 99, 80 faizi dünya ictimaiyyətinə məlum deyil! İnsanlara məlum olan o 10, 20 faizlə də məşum hadisələrdən bəhs edən qalın bir kitab yazmaq olar. “Qvantanamo” həbsxanası, İraqdakı “Əbu-Qureyb” həbsxanası, “Blək-voter” şirkəti, Əfqanıstanda toy karvanlarına edilən hücumlar, terrorçu olmaları ilə fəxr edən dünyaca məşhur terrorçulara edilən yardımlar haqqında hamı bilir, Amerikanın söz verib sözünün üstündə durmamağının, yalanlarının hər kəs şahidi olub. Bunları bütün dünya görüb, buna baxmayaraq, yenə də utanmadan “insan haqları” deyirlər! Onların bu qədər həyasızcasına davranışı, doğrudan da, insanda heyrət doğurur.

Sizə onu deyim ki, Xarici İşlər Nazirliyi və hökumət rəsmilərimizin başlatdığı iş davam etdiriləcək. İran aldığı qərara, gəldiyi razılığa xilaf çıxmayacaq. Əlbəttə ki, rəsmilərimiz öz işlərini görməli, əllərindən gələni etməlidirlər, amma Amerika İslam İnqilabı ilə, İslam Respublikası ilə, siz xalqın qaldırdığı bu bayraqla düşmənçilik edir və bu düşmənçilik bu kimi şeylərlə yatışmayacaq. Bu düşmənçiliyə qarşı mübarizə aparmağın yolu da ancaq birdir: milli iqtidara, millətin daxili güc və potensialına söykənmək, ölkənin daxili strukturunu bacardıqca möhkəmləndirmək. Bu sahədə biz nə qədər çalışsaq da, azdır.

O gün də dedim(2) , inşallah, müqavimət iqtisadiyyatının siyasətləri tezliklə açıqlanacaq. Ölkədəki çətinliklərin əlacı müqavimət iqtisadiyyatı yolu ilə getmək, yəni daxili güc və potensiala söykənməkdir. Biz gözümüzü başqalarının əlinə dikməməliyik. Biz güclüyük, varlıyıq, həm insan resurslarımız var, həm də təbii resurslarımız; bizdə olan insan resursları dünyada misilsizdir deyə bilməsək də, az-az təsadüf ediləndir deyə bilərik. Fövqəladə resurslara sahibik. Dünyanın bizə ehtiyacı var. Bizim dünyaya dünyanın bizə olduğu qədər ehtiyacımız yoxdur. Bu gün dünya neft və qaz üzərində fırlanır. Biz dünyanın super-dövlətlərinin siyahısında birinci dövlətik. Bu il mən Məşhəddə də bunu dedim: biz neft və qaz ehtiyatlarımıza görə dünya üzrə birinciyik. Bu yaxınlarda hörmətli dövlət rəsmilərimiz mənə məlumat verdilər ki, biz qaz ehtiyatına görə də dünyada birinci yerdəyik – əvvəllər ikinci idik. Bir az – bir il, il yarım bundan əvvəl biz qaz ehtiyatlarına görə ikinci yerdə idik, bu gün artıq birinci yerdəyik. Bu resurslar bizdə var, dünya bunlara ehtiyac duyur. Gördünüz, bir az üzlərinə gülən kimi xarici şirkətlər hücum çəkdilər. Gəlmək istəyirlər. Amerika bu tərsliyinə nə vaxta qədər davam edə biləcək? Biz öz güc və potensialımıza söykənsək, onların müqaviməti qırılacaq; qoy bunu bilsinlər. Nə qədər ki bizim gözümüz başqalarının əlində olacaq, “hansı sanksiyalar qaldırıldı”, “hansılar necə oldu”, “Amerikanın filan rəsmisi nə dedi, ya demədi” deyə narahat olacaq, belə şeyləri düşünəcəyik, heç nəyə nail ola bilməyəcəyik. Biz böyük bir ölkəyik, güclü bir xalqıq, sivil, istedadlı bir xalqıq, Allahın bəxş etdiyi sərvətlərdən də ürəyimiz istəyən qədər varımızdır. Xoşbəxtlikdən, rəsmilərimiz də canyandırandır, işləmək istəyirlər, biz də onlara kömək edirik, onlar üçün dualar edirik. Əlbəttə, bunun üzərində də israr edirik ki, rəsmilər də daxili potensiala söykənməlidirlər. Rəsmilərdən də xalqa etimad göstərmələrini, daxili güc və potensiala güvənmələrini, ölkə daxilindəki bu tükənməz, bərəkətli bulağın coşub-daşmasına nail olmalarını istəyirik. Bu olsa, bütün bağlı qapılar açılacaq. Rəsmilər bu cür işləməli, öz vəzifələrini bu cür yerinə yetirməlidirlər. Və bizim niyyətimiz də ilahi niyyətdir. Allaha şükürlər edirik ki, məqsədimiz Onun razılığını qazanmaqdır və bilirik ki, Allahın razılığı bu ölkənin inkişafında, bu xalqın başucalığındadır. Biz bu məqsəd naminə çalışırıq, Allah da bizə yardım edəcək. Dediyim kimi, Quranın şərif ayələrindən birində buyurulur:

اِن تَنصُروا اللهَ يَنصُركُم

Siz Allaha yardım etsəniz, yəni Allahın dininə yardım etsəniz, iki nəticə alacaqsınız: birincisi, يَنصُركُم – Allah sizə yardım edəcək, ikincisi, وَ يُثَبِّت اَقدامَكُم – geri çəkilməyə məcbur olmağınıza imkan verməyəcək. Bunu da bilin ki, Amerika və dünya imperializminin İrana, İslam Respublikasına və İran xalqına qarşı güddüyü hədəflər, Allahın köməyi ilə, gec-tez uğursuzluğa düçar olacaq. Və bilin ki, inşallah, İran xalqı onun pisliyini istəyən, paxıllığını çəkən hər kəsin gözləri önündə bütün sferalarda qalibiyyətini bayram edəcək. Ümidvaram ki, Uca Yaradan öz yardım, hidayət və inayətini sizin hamınıza – Təbrizin və digər Azərbaycan şəhərlərinin əhalisinə, eləcə də bütövlükdə əziz İran xalqına nəsib edəcək.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_______________________________________
 (1) 19 dey hadisəsi nəzərdə tutulur.
 (2)  İİR Ordusunun Hərbi-Hava Qüvvələrinin komandanları və bir qrup heyət üzvü ilə keçirilən görüş nəzərdə tutulur.