Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Xomeyni (r.ə) adına namazgahda 50 minə yaxın bəsic komandanı ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

والحمدلله ربّ العالمين و الصّلاة و السّلام على سيّدنا و نبيّنا ابى‌القاسم المصطفى محمّد و على اله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله فى الارضين. السّلام عليك يا اباعبدالله و على الارواح الّتى حلّت بفنائك عليك منّى سلام‌الله ابداً ما بقيت و بقى اللّيل و النّهار و لا جعله الله آخر العهد من زيارتك، السّلام على الحسين و على علىّ بن‌الحسين و على اولاد الحسين و على اصحاب الحسين، الّذين بذلوا مهجهم دون الحسين عليه السّلام

Bugünkü görüşümüz çox əhəmiyyətli bir görüşdür. Bəsic xalqımızın əzəmətinin təzahürü, ölkəmizin effektiv bir daxili potensialıdır. Bugünkü görüşümüzdə bəsic komandanları iştirak edir, burada on minlərlə komandir toplanıb. Bəsicin – xalq səfərbərliyinin nə qədər böyük miqyaslı olduğunu, sıralarında qürurverici həddə çox insanı birləşdirdiyini bax bu kütləyə, bu izdihama baxaraq təsəvvür etmək mümkündür. Sizlər inqilabımızın, dövlətimizin və ölkəmizin dostları üçün sevinc, bədxahlar, kinli düşmənlər üçün isə qorxu mənbəyisiniz.

Bu il Bəsic həftəsinin İslam tarixindəki böyük bir qəhrəmanlıq hadisəsi ilə üst-üstə düşməsi dəyərli və sevindirici bir haldır. Sözügedən hadisə Zeynəbi-Kübranın (s.ə) Aşuradakı qəhrəmanlığı tamamlamış qəhrəmanlıq salnaməsidir. Aşuradakı qəhrəmanlığı beyinlərə həkk edən, yaşadan, qoruyub saxlayan da, bəlkə də, müəyyən mənada elə Zeynəbi-Kübranın (s.ə) etdiyi qəhrəmanlıq oldu. Zeynəbi-Kübranın (s.ə) gördüyü işin əzəmətinə tarixdəki digər böyük hadisələrlə müqayisədə baxmaq olmaz. Ona Aşura hadisəsinin özü ilə müqayisədə baxmaq lazımdır. İnsafla deməliyik ki, bu iki hadisə əzəmətinə görə biri-birindən geri qalmır. Bu böyük insan, İslamın, bəlkə də, bəşəriyyətin bu böyük xanımı dağ kimi ağır müsibətlərin yükü altında möhkəm durub qəddini dik saxlaya bildi. Baş vermiş bu qədər ağır hadisələr bu böyük qadının səsində hətta bir titrəyiş də yaratmadı. O həm düşmənlərin, həm də müsibət və çətinliklərin qarşısında vüqarlı bir zirvə kimi möhkəm durdu; ibrət dərsi oldu, nümunə oldu, öndər oldu, avanqard oldu. Əsir olduğu vəziyyətdə Kufə bazarında o heyrətamiz xütbəsini söylədi:

يا اَهلَ‌الكوفَةِ يا اَهلَ الخَتلِ و الغَدرِ اَ تَبكونَ، اَلا فَلا رَقأَتِ العَبرَةُ وَ لاهَدَأَتِ الزَّفرَةُ اِنَّما مَثَلُكُم كَمَثَلِ التِى نَقَضَت غَزلَها مِن بَعدِ قُوَّةٍ اَنكاثاً

– və sairə, sona qədər(1). Bu sözlər möhkəm bir polad kimi, bu məna axar su kimi insan qəlbinin dərinliklərinə nüfuz edir. Zeynəbi-Kübra (s.ə) o vəziyyətdə Əmirəlmömininin özü kimi danışır. Qəlbləri, ruhları, elə tarixin özünü də silkələyir. Bu çıxış, bu sözlər tarixdə qalır. Bu onun əsir vəziyyətdə camaatın qarşısında söylədikləri idi. Bundan sonra da həm Kufədə İbn Ziyadın, həm də bir neçə həftə sonra Şamda Yəzidin qarşısında elə güclü nitqlər söyləyir ki, sözləri həm düşməni, həm də düşmənin onun əzizlərinə yaşatdığı çətinlik və müsibətləri xar edir. “Siz puç xəyallarınıza qapılaraq Peyğəmbər xanədanını məğlub etmək, əzmək, zəlil etmək istəyirsiniz?

لِلهِ العِزَّةُ وَ لِرَسولِهِ وَ لِلمُؤِمنين

“Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur ...” (“Munafiqun” surəsi, 8-ci ayə – red. ) – deyir Zeynəb. Hüseyn ibn Əli (ə) Aşura günü Kərbəlada qürur mücəssəməsi olduğu kimi, Zeynəbi-Kübra (s.ə) da qürur mücəssəməsidir. Onun hadisələrə yanaşması başqalarınınkından fərqli idi. O qədər müsibətə baxmayaraq, Xanım Zeynəb ona istehza etmək istəyən düşmənə deyir:

(2)ما رَاَيتُ اِلّا جَميلاً

– “Mən gözəllikdən başqa bir şey görmədim”. Xanım Zeynəbin gördükləri şəhadət idi, qəlbinə çəkilən dağlar idi, amma Allah yolunda idi, İslamın qorunması üçün idi, İslam ümmətinin nə etməli, hansı addımı atmalı, necə müqavimət göstərməli olduğunu dərk etməsi üçün tarixdə bir cərəyanın yaranması idi. Zeynəbin qəhrəmanlığının ortaya qoyduğu böyük iş budur. Bu, ilahi övliyalara xas vüqar və başucalığıdır. Zeynəbi-Kübra ilahi övliyalardandır. Onun başucalığı İslamın başucalığıdır. O, İslamı ucaltdı, Quranı ucaltdı. Əlbəttə, bizdə o yüksək ruh, o yüksək əzm yoxdur ki, “Bu əzəmətli qadının davranışı bizim üçün nümunədir” – deyək. Biz çox kiçiyik, bu sözləri deyə biləcək qədər əzəmətli deyilik. Lakin hər halda, bizim fəaliyyətimiz Xanım Zeynəbin hərəkatı istiqamətində olmalıdır. Biz bütün səylərimizi İslamın, İslam sivilizasiyasının və insanlığın başucalığına nail olmağa  yönəltməliyik. Uca Yaradan da dini hökmlərlə, şəriətlərlə peyğəmbərlərin öhdəsinə məhz bu missiyanı qoymuşdur.

Çıxışımın birinci hissəsində sizlər – əziz bəsicilər və gənclər üçün qısaca olaraq bunu qeyd etmək istəyirəm ki, Zeynəbi-Kübrada (s.ə), eləcə də analoji surətdə davranmış digər ilahi övliyalarda bu ruhiyyəni, bu səbri yaradan amillərdən biri sədaqətdir. Allahla aranda olan əhd-peymana sədaqətlə yanaşmaq, Allah yolunda sidq-ürəklə iş görmək – bu, çox mühümdür. Quranda bu sədaqət həm Allahın böyük peyğəmbərləri üçün, həm də adi insanlar, möminlər üçün vacib hesab olunur. Peyğəmbərlər haqqında deyilir:

(3)وَ اِذ اَخَذنا مِنَ النَّبِيّينَ ميثاقَهُم وَ مِنكَ وَ مِن نوحٍ وَ اِبرهيمَ وَ موسى‌ وَ عيسى‌ ابنِ مَريَمَ وَ اَخَذنا مِنهُم ميثقاً غَليظاً، لِيَسَلَ الصَّدِقينَ عَن صِدقِهِم

– ey Peyğəmbər, biz səndən əhd-peyman aldıq, Nuhdan, İbrahimdən, Musadan, İsadan – bütün peyğəmbərlərdən əhd-peyman aldıq və bu, çox möhkəm bir əhd-peymandır. Ayədəki “لِيسَل ” (liyəsələ) kəlməsində lam – dini təhsil alan tələbələrin təbirincə desək – nəticə lamıdır, nəticə mənası ifadə edir. Bu əhd-peymanın nəticəsi isə budur ki, həmin əzəmətli peyğəmbərlər bu əhd-peymana qarşı göstərdikləri sədaqətə görə sorğu-sual olunacaqlar. Yəni bizim peyğəmbərimiz, eləcə də Allahın digər peyğəmbərləri Allahın qarşısında bu ilahi əhd-peymanı yerinə yetirərkən nə dərəcədə sədaqətli olduqlarını göstərməlidirlər. Bu, peyğəmbərlər haqqında. Adi camaat, möminlər haqqında isə buyurur:

مِنَ المُؤمِنينَ رِجالٌ صَدَقوا ما عهَدُوا اللهَ عَلَيهِ فَمِنهُم مَّن قَضى‌ نَحبَهُ وَ مِنهُم مَن يَنتَظِر وَ ما بَدَّلُوا تَبديلاً، لِيَجزِىَ اللهُ الصَّدِقينَ بِصِدقِهِم و يُعَذِّبَ المُنافِقينَ اِن شاء

“Möminlər içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər ki, Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə, əzab versin ...” (“Əhzab” surəsi, ayə 23-24)

Peyğəmbərlər haqqında danışarkən “sadiq”in əksinin “kafir” olduğu bildirlir:

و اَعَدَّ لِلكفِرينَ عذاباً اَليما

“ Allah (bununla) doğru danışanlardan (peyğəmbərlərdən) doğruluqlarını xəbər alsın və kafirlərdən ötrü şiddətli bir əzab hazırlasın”. (“Əhzab” surəsi, 8-ci ayə).

Möminlərə gəlincə isə sadiq olmayanın münafiq olduğunu deyir və burada çox incə məqamlar var. Allah-Taala ilə bağladığımız əhd-peymana görə bizi – məni və sizi də sorğu-sual edəcəklər. Uca Yaradanla əhd-peymanımız var.

مِنَ المُؤمِنينَ رِجالٌ صَدَقوا ما عهَدُوا اللهَ عَلَيهِ

– bu ayədə haqqında danışılan əhd (Möminlər içərisində elələri vardır ki, Allaha etdikləri əhdə sadiq, sabitqədəmdirlər) eyni surədə bir neçə ayə əvvəl qeyd olunan əhddir:

و لَقَد كانوا عهَدُوا اللهَ مِن قَبلُ لا يُوَلّونَ الاَدبار

“Halbuki bundan əvvəl bir daha düşməndən üz çevirib qaçmayacaqları barədə Allaha söz vermişdilər”. (“Əhzab” surəsi, ayə 15)

Bu məqamlara hamımız diqqət yetirməliyik: Uca Yaradanla əhd-peyman bağlamışdılar ki, düşmənin qarşısından qaçmayacaqlar, düşmənə arxa çevirməyəcəklər. Mövqeyini buraxıb getmək, düşmənlə qarşıdurmada qorxudan dönüb geri çəkilmək Quranda insanların etməməli olduqları vurğulanan işlərdən biridir. Hərbi, siyasi, iqtisadi savaşda – güclərin üz-üzə durduğu istənilən meydanda düşmən qarşısında mətin durmaq lazımdır. Sizin əzminiz düşmənin əzmini, iradəniz düşmənin iradəsini üstələməlidir. Və bu, tamamilə realdır, mümkündür. İslamın və Quranın yanaşmasına görə, istənilən cihad və döyüş meydanında düşmənə arxa çevirib qaçmaq qadağandır.

Mən çıxışlarımda bir ifadə işlətmişəm: qəhrəmancasına yumşaqlıq göstərmək. Bəziləri bunu İslam dövlətinin hədəf və amallarından əl çəkmək kimi mənalandırıblar. Bəzi düşmənlər də bunu İslam dövlətini öz prinsiplərindən geri durmaqda ittiham etmək üçün əldə bəhanəyə çeviriblər. Bütün bunlar səhvdir, yanlış yozumdur. Qəhrəmancasına yumşaqlıq göstərmək öz məqsədinə çatmaq üçün ustalıqla manevr etmək deməkdir. Bu o mənadadır ki, Haqqa doğru gedən şəxs – Haqqa aparan istənilən səfərdə – İslamın cürbəcür ideallarına doğru hərəkət edərkən məqsədinə çatmaq üçün cürbəcür metod və vasitələrdən istifadə etməlidir.

وِ مَن يُوَلِّهِم يَومَئِذٍ دُبُرَهُ اِلّا مُتَحَرِّفاً لِقِتالٍ اَو مُتَحَيِّزاً اِلى‌ فِئَةٍ فَقَد بآءَ بِغَضَبٍ مِنَ الله

“(Düşməni aldatmaq məqsədilə yalandan özünü qaçan kimi göstərib) təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar”. (“Ənfal” surəsi, ayə 16)

Döyüş meydanında olduğu kimi, bütün hallarda istənilən hərəkətin – istər irəliyə doğru olsun, istərsə də geriyə – məqsədi əvvəlcədən müəyyən olunmuş hədəflərə çatmaq olmalıdır. Bizim hədəflərimiz var. İslam dövləti inkişaf etmək, yüksəlişə nail olub zirvəyə çatmaq, möhtəşəm bir İslam sivilizasiyası qurmaq üçün hər bir mərhələdə bu hədəflərdən birini önə keçirir. Həmin mərhələdə həmin hədəfin reallaşdırılması üçün çalışmaq lazımdır. Bəli, işlər mərhələlərə bölünür, hissə-hissə həyata keçirilir. Liderlər, mütəfəkkirlər, aidiyyətli qurumların rəsmiləri bu mərhələləri müəyyənləşdirir, hədəfləri müəyyənləşdirir və kollektiv hərəkata başlanılır. Hər kəs çalışmalıdır ki, hər bir mərhələdə hər bir hərəkat öz hədəfinə çatsın. Düzgün məntiqi davranış sistemi bax budur. Siyasət arenasının fəalları və ölkənin hakim dairələri bunu daim yadda saxlamalıdırlar. Xalqın nümayəndələri, siz əziz bəsicilər – bəsic arenasının fəalları – da bunu həmişə yadda saxlamalısınız.

Bəli, biz hərəkət etmək, irəli getmək istədiyimizi deyirik. Bu, İslam dövlətinin militarist niyyətdə olduğu deməkdirmi? Bu o deməkdirmi ki, İslam dövləti bütün millətlərlə, dünyanın bütün ölkələri ilə qarşıdurmaya girmək məqsədi güdür? Belə ki zaman-zaman İran xalqının düşmənlərinin, o cümlədən də regionun quduz iti olan sionist rejiminin nəhs və nəcis ağzından bu cür sözlər çıxır; deyirlər ki, İran bütün dünya üçün təhlükədir. Xeyr, bu, düşmənin sözüdür və islami davranış tərzinə tamamilə ziddir. Bütün dünya üçün təhlükə olanlar əlindən yamanlıqdan başqa bir şey gəlməyən o şər qüvvələr, o cümlədən qondarma İsrail rejimi və onun bəzi himayədarlarıdır. İslam dövlətinin Qurandan, İslam peyğəmbərindən, Əmirəlmöminindən aldığı dərs isə başqadır:

اِنَّ اللهَ يَأمُرُ بِالعَدلِ وَ الاِحسنِ

“Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurur ...” (“Nəhl” surəsi, 90-cı ayənin bir hissəsi)

– ədalət, ehsan, yaxşılıq etmək. Əmirəlmöminin hamıya yaxşılıq etməyi buyurur, çünki:

(4)اِمّا اَخٌ لَكَ فى دينِك اَو شَبيهٌ لَكَ فى خَلقِك

– qarşındakı ya sənin din qardaşındır, ya da istənilən halda insandır, yaradılışında səninlə eyni olan bir varlıqdır. İslamın məntiqi budur. Biz bütün insanlığa xidmət etmək, sevgi ilə yanaşmaq niyyətindəyik. Biz bütün insanlarla, bütün xalqlarla sevgi dolu dostluq münasibətində olmaq istəyirik. Amerika dövlətinin imperialist, İran xalqına və İslam Respublikasına qarşı düşmən, bədxah, kin-küdurət bəsləyən bir dövlət olduğuna baxmayaraq, bizim hətta Amerika xalqı ilə də heç bir düşmənçiliyimiz yoxdur. Onlar da bütün başqa xalqlar kimidir. İslam dövlətinin qarşı çıxdığı şey imperializmdir. İslam dövlətinin düşmənçi yanaşması yalnız imperializm sisteminə istiqamətlənib. Biz məhz imperializmin əleyhinəyik, imperializmə qarşı mübarizə aparırıq. “İstikbar” (imperializm sözünün fars dilindəki qarşılığıdır – red.) kəlməsi Qurandan götürülmüşdür; Firon kimilər, haqqa və həqiqətə qarşı çıxan bədxah qruplar haqqında işlədilir. İmperializm qədimdə də olub, bu gün də var. İmperializmin strukturu tarix boyu eyni olub, xüsusiyyətləri, işlətdiyi üsul və metodlar isə hər bir dövrdə fərqlənib. İmperializm sistemi bu gün də var. Dünya üzrə onun başında duran qüvvə isə Amerika Birləşmiş Ştatlarıdır. Biz imperializmi tanımalı, xüsusiyyətlərinə, fəaliyyət metodlarına və tendensiyalarına bələd olmalıyıq ki, onun qarşısında davranışlarımızı ağıl və tədbirlə tənzimləyə bilək. Biz istənilən sferada düşünülməmiş tədbirlər görməyin əleyhinəyik və qəti surətdə əminik ki, bütün sferalarda, bütün fəaliyyət planlarımızda, bütün fərdi və kollektiv işlərimizdə ağıl və müdriklik əsasında hərəkət etməliyik. Mövcud vəziyyətə bələd olmasaq, dost-düşməni tanımasaq, bu günün imperializmini, işğalçı sistemini tanımasaq, ağıl və müdrikliklə necə davrana bilərik? Düzgün fəaliyyət planlarını necə cıza bilərik? Odur ki tanımalıyıq.

Mənim qeyd etdiyim nümunələr müasir dünyadakı imperializm sisteminin göstəriciləri, davranış xüsusiyyətləri olsa da, bir çox hallarda onun keçmişdəki, ötən əsrlərdəki xüsusiyyətləri ilə ortaqdır. İmperializmin bariz xüsusiyyətlərindən biri eqoizmdir, özünü hamıdan üstün bilməkdir. İmperialistlər – hansısa ölkənin, beynəlxalq sistemin və ya bir neçə ölkəni birləşdirən ittifaqın başında duran, onların işlərini idarə edən bir qrup şəxslər və dövlətlər – özlərini digər insanlardan, digər kollektivlərdən üstün sayırsa, mehvər sayırsa, bütün dünyanın onların ətrafında fırlandığını güman edirsə, qlobal münasibətlərdə yanlış və təhlükəli bir balans yaranır. Onların özlərini üstün bilməsi, əsas, mehvər bilməsi bununla nəticələnir ki,  başqa insanların və xalqların işlərinə müdaxilə etməkdə özlərini haqlı bilirlər. Elə bilirlər ki, onlar nəyi dəyər hesab edirlərsə, başqaları da onu qəbul etməli, o şeyin qarşısında təslim olaraq onlara boyun əyməlidirlər. Onların dəyər saydığı şeyi bir başqası qəbul etmirsə, onda haqları var ki, onun işinə müdaxilə etsinlər, həmin şeyi ona zorla qəbul etdirsinlər, təzyiq göstərsinlər, zor tətbiq etsinlər. Onların bu eqoistliyi başqa xalqların işlərini, bütün dünyanı idarə etmək iddiasına düşmələrinə, özlərini bütün dünyanın başçısı hesab etmələrinə səbəb olur. Özünüz də şahidi olmusunuz: Amerika rəsmiləri öz dövlətləri haqqında elə danışırlar ki, sanki, ABŞ bütün ölkələrin ixtiyar sahibidir. “Biz imkan verə bilmərik ki, filan şey baş versin, biz imkan verə bilmərik ki, filankəs hakimiyyətə gəlsin və ya gəlməsin” – bu kimi fikirlər səsləndirirlər. Regionumuz haqqında elə danışırlar ki, elə bil, bu regionun sahibidirlər. İsrail rejimi haqqında elə danışırlar ki, elə bil, bu regiondakı bütün xalqların zor gücünə yaradılmış bu qondarma dövləti qəbul etməkdən başqa yolu yoxdur. Suveren xalqlara, suveren dövlətlərə qarşı elə rəftar edirlər ki, sanki onların var olmaq hüququ yoxdur.  Bu eqoizm, bəşər övladı, xalqlar, insanlar arasında özünü xüsusi mövqeyə malik hesab etmək – imperializmin ən əsas və ən böyük problemi bax budur.

Bu yanaşmanın nəticəsi olaraq, imperializm özünəməxsus bir xüsusiyyət kəsb etmişdir. Həmin xüsusiyyət haqqı qəbul etməmək xüsusiyyətidir. Onlar mütləq şəkildə nə haqq sözü, nə də xalqların haqqını qəbul edirlər. Qlobal məsələlərdə tez-tez belə bir hal baş verir ki, haqq söz deyilir, amma Amerika hansısa bəhanə ilə onu qəbul etmir. Haqq sözü cürbəcür üsullarla rədd edir, haqqa təslim olmaqdan boyun qaçırırlar. Buna misal olaraq, ölkəmizin nüvə fəaliyyətləri və nüvə sənayesi ilə bağlı yaranmış problemi göstərmək olar. Bu məsələdə ortada haqq söz var. Haqqın tərəfdarı olan, məntiqli olan, düzgün arqument və dəlilləri normal şəkildə qəbul edən hər kəs dəlil və arqumentlə üz-üzə qaldıqda təslim olmalıdır. İmperialistlər isə bunu etmirlər. Haqq sözü eşitsələr də, haqqa təslim olmurlar. Bu onların spesifik cəhətlərindən biridir. Eynilə xalqların da haqqını qəbul etmirlər. Xalqların seçim etmək hüququnu, öz istədikləri kimi hərəkət etmək, öz iqtisadiyyat və siyasətlərini öz istədikləri kimi qurmaq hüququnu tanımırlar. Öz istəklərini xalqlara zorla qəbul etdirməkdə haqlı olduqlarını düşünürlər.

İmperialistlərin, işğalçıların daha bir xüsusiyyəti isə budur ki, xalqlara, bəşəriyyətə qarşı cinayətə yol verməyi rəva bilir, bundan narahatlıq keçirmirlər. Bu, yeni dövr imperializminin bəlalarından biridir. “Yeni dövr” dedikdə mən elmin inkişaf etməyə başladığı, təhlükəli silahların ortaya çıxdığı dövrü nəzərdə tuturam. Bu silahlar imperialistlərin əlinə keçdikdən sonra dünya xalqlarının başına bəla oldu. İmperialistlər insan həyatına – onlarla həmfikir olmayan, onlara təslim və tabe olmayan istənilən insanın həyatına heç bir dəyər vermirlər. Buna saysız-hesabsız misallar gətirmək olar. Götürək elə imperialistlərin Amerikanın aborigenlərinə qarşı etdiklərini! Bu gün o ölkənin bütün maliyyə resursları, imkanları, coğrafi mövqeyi – hər şeyi həmin regionun yerli əhalisinin yox, bura sonradan köçüb gəlmiş insanların ixtiyarındadır. Axı oranın öz yerli əhalisi olub. Onlara qarşı elə zülmkarcasına, elə rüsvayçı şəkildə davranıblar ki, həmin dövr Amerika tarixinin qaranlıq dövrlərindən biri hesab olunur. Elə özləri də bu barədə müəyyən şeylər yazıblar. Törətdikləri qırğınlar, repressiyalar ... Avstraliyada  da ingilislərin əli ilə analoji hadisələr törədilib. Avstraliyada ingilislər insanların həyatına heç bir dəyər vermədən onları əyləncə xatirinə heyvan kimi, kenquru kimi ovlayıblar. Bu, sadəcə, bir misaldır. Əlbəttə ki, onların öz kitablarında, öz tarixi mənbələrində əksini tapmış yüzlərlə belə misallar var. İmperialistlərin bəşəriyyətə qarşı yol verdikləri cinayətlərə daha bir misal miladi tarixlə 1945-ci ildə – yəni hicri-şəmsi təqvimlə 1324-cü ildə – Amerika tərəfindən törədilmiş və Yaponiyanın iki şəhərini yerlə yeksan etmiş bombardmandır. Nəticədə yüz minlərlə insan məhv olmuşdu. Qat-qat artıq sayda insan isə atom şüalanmasının təsirindən bu günə qədər əziyyət çəkir, cürbəcür xəstəliklərə tutulur, qüsurlu körpələr doğulur. Həmin hadisədən doğan problemlər bu günə qədər davam edir. Bu elədiklərini əsaslandırmaq üçün heç bir doğru-dürüst arqumentləri də yox idi; bir qədər sonra bu barədə deyəcəyəm. Rahatca atom silahı atmışdılar. Bu günə qədər Yer kürəsində iki dəfə atom silahı işə salınıb, hər ikisi də bu gün özünü dünyada atom təhlükəsizliyi məsələsində söz sahibi hesab edən Amerikanın əli ilə olub. Özlərinin də könlündən keçir ki, o hadisələr unudulsun; amma bunlar unudulan deyil. O qədər insanın məhv olması onlar üçün heç bir əhəmiyyət kəsb etmirdi. İmperializm maşını üçün insan həyatı dəyərini itirib, cinayət törətmək asanlaşıb. Vyetnamda insanları qırdılar. Onların təhlükəsizlik orqanları, “Bləkvoter” kimi muzdlu təhlükəsizlik şirkətləri – bir-iki il öncə də mən bunu demişdim(5)  – İraqda cinayətlər törətdilər. Pilotsuz təyyarələri ilə Pakistanda hələ də cinayətlər edirlər. Əfqanıstanda bombardmanlar edir, cinayətlər törədirlər. Əlləri çatan, mənafelərinin tələb etdiyi istənilən yerdə cinayətdən çəkinmirlər – qətllərlə, işgəncələrlə müşayiət olunan cinayətlərdən. Amerikalılara məxsus “Qvantanamo” həbsxanasında hələ də məhbuslar var. Artıq 10-11 ildir ki, sırf ittiham əsasında müxtəlif yerlərdən yığıb gətirdikləri bir qrup insanı mühakimə belə etmədən, çox ağır şəraitdə, işgəncələr verərək orada saxlayırlar. Amerikalıların İraqdakı həbsxanalarından olan “Əbu-Qureyb” həbsxanasında da məhbusların üstünə itləri buraxaraq onlara işgəncələr verirdilər.

Xalqların həyat əhəmiyyətli resurslarını qarət etmək onlar üçün heç nədir. Qaradərili insanların oğurlanıb əsir edilməsi tarixin acınacaqlı olaylarındandır. Amerika və onun kimilərdən təşkil olunan müstəmləkə sistemi o hadisələrin yada salınmasını qətiyyən istəmir. Afrika xalqlarının əsir götürülərək qula çevrilməsi həmin hadisələrə nümunədir. Gəmiləri Atlantik okeanı yolu ilə gətirib Qambiya və s. bu kimi Afrika ölkələrinin sahillərində saxlayır, o zamanlar həmin ölkələrin əhalisinin tamamilə məlumatsız olduğu tüfənglər, odlu silahlar vasitəsilə yüzlərlə, minlərlə qoca, gənc, kişi və qadını ələ keçirərək gəmilərdə çox ağır şəraitdə Amerikaya gətirib qul edirdilər. Öz şəhərində, öz evində yaşayan azad bir insanı əsir götürüb qula çevirirdilər. Bu gün Amerikada yaşayan qaradərililər o əsirlərin nəslindəndir. Amerikalılar bir neçə əsr boyunca bu təzyiqləri davam etdiriblər. Bu barədə kitablar da yazıblar. “Köklər”(6)  adlı dəyərli bir kitab var ki, orada həmin faciələrdən müəyyən fraqmentlər təsvir olunur. Bu günün insanı bütün bunları necə unuda bilər? Dildə dediklərinə rəğmən, bu günün özündə də Amerikada ağ və qaradərili insanlar arasında ayrı-seçkilik var.

İmperializmin daha bir xüsusiyyəti, digər bir göstəricisi də yalançılıqdır, ikiüzlü davranışlardır. Buna diqqət yetirmək lazımdır. Onlar sadaladığımız cinayətlərə öz təbliğatlarında başqa cür don geydirməyə, bütün bunları xidmət kimi qələmə verməyə çalışırlar. Xalqlar üzərində ağalıq etmək niyyəti güdən imperializm sistemi tarix boyunca bu metodlardan adi, normal bir şey kimi istifadə edib – cinayətlərini başqa cür qələmə verib, onlara xidmət donu geydirib. Yaponiyaya etdikləri hücum – Xerosima və Naqasakidə partlatdıqları atom bombaları ilə bağlı “üzrxahlıq” edib deyirlər ki, bizim həmin şəhərlərə atdığımız iki bombanın təsiri ilə ilkin mərhələdə on, yaxud yüz minlərlə insan öldüsə də, bu iş II Dünya müharibəsinin sona çatması ilə nəticələndi. Biz amerikalılar o bombaları atmasaydıq, müharibə qurtarmayacaqdı. Əgər indi 200 min insan ölübsə, müharibə davam edəcəyi təqdirdə 2 milyon insan məhv olacaqdı. Odur ki biz bu bombaları atmaqla insanlığa xidmət etmişik! Baxın, bu, Amerikanın öz rəsmi təbliğatında dediyi sözlərdir. Hazırda o gündən təqribən 65 il keçir. Onlar daim bu sözü təkrar ediblər. Bu, imperializmdən başqa heç kəsin dilinə ala bilməyəcəyi, münafiqcəsinə deyilən ağ yalanlardan biridir. O bombalar həmin iki şəhərə miladi tarixlə 1945-ci ilin yayında atılmış və bu cinayət baş vermişdi. Halbuki müharibənin əsas dayağı olan Hitler bundan 4 ay əvvəl, yəni 1945-ci ilin baharında intihar etmişdi. Ondan iki gün əvvəl isə İtaliyanın dövlət başçısı, müharibənin ikinci dayağı olan Mussolini həbs edilmiş, bununla da müharibə, faktiki olaraq, sona çatmışdı. Müharibədə 3-cü əsas tərəf olan Yaponiya da təslim olmağa hazır olduğunu 2 ay öncə elan etmişdi. Müharibə yox idi, amma həmin bombalar partladıldı. Nə üçün? Çünki onlar istehsal olunmuşdu və haradasa sınaqdan keçirilməli idi. Amerikalılara istehsal etdikləri yeni silahı sınaqdan keçirmək lazım idi. Harada sınaqdan keçirsinlər? Ən gözəl fürsət bu idi ki, həmin bombaları müharibə bəhanəsi ilə aparıb Xerosima və Naqasakidə günahsız insanların başına töksünlər və yaxşı işləyib-işləmədiyinə baxsınlar. Budur imperializmin yalançı siması!

İnsanlığın tərəfində olduqlarını iddia edirlər, amma İrana məxsus sərnişin təyyarəsini havada vurur, 300-ə yaxın günahsız sərnişini məhv edir, üzrxahlıq belə etmir, əksinə, bu cinayəti törətmiş şəxsə medal verirlər. Elə bu son həftələrdə Amerika rəsmilərinin – dövlət başçısından tutmuş hamısının – Suriyada kimyəvi silahlardan istifadə olunduğu barədə hay-küy qaldıraraq Suriya dövlətini kimyəvi silah işlətməkdə ittiham etdiklərinin şahidi oldunuz. Mən Suriyada həmin silahlardan kimlərin istifadə etdikləri barədə mühakimə yürütməyəcəyəm; əlbəttə ki, kimyəvi silahları terrorist qruplaşmaların işə saldığını göstərən müəyyən dəlillər var idi, amma hər halda, amerikalılar bu addımı Suriya dövlətinin atdığını dedilər. Böyük hay-küy və qalmaqal yaradar dedilər ki, kimyəvi silahdan istifadə bizim üçün qırmızı xəttin keçilməsi deməkdir. Amerika rəsmiləri bunu on dəfə, bəlkə, daha da çox təkrar etdilər. Olsun, amma məhz həmin Amerika hökuməti, ABŞ administrasiyası bir vaxtlar İrana cinayətkarcasına hücum edərək kimyəvi silah işlədən Səddama qarşı nəinki azacıq belə olsun əleyhdarlıq nümayiş etdirməmiş, hətta Səddam Amerikadan bibər qazının istehsalı üçün xammal olan 500 ton öldürücü və təhlükəli kimyəvi maddə gətirmişdi. O dövrdə gənc olmuş dəyərli vətəndaşlarımızdan bir çoxu hələ də həmin kimyəvi maddələrin mənfi təsirindən əziyyət çəkir, xəstəliklərə düçar olub. Əlbəttə ki, Səddam həmin maddələri başqa yerlərdən də almışdı, ancaq Amerikadan bibər qazına çevrilə bilən 500 ton öldürücü kimyəvi maddə gətirərək İran əleyhinə işlətmişdi. BMT-nin Təhlükəsizlik Şurası Səddamın əleyhinə qətnamə çıxarmaq istədikdə də Amerika buna mane oldu. Münafiqcəsinə, ikiüzlü davranış bax budur! Suriyaya çatanda kimyəvi silah qırmızı xətt sayılır, Səddamın əlində olanda isə – müstəqil İslam dövlətinin, Amerikaya tabe olmaq istəməyən bir xalqın əleyhinə çevrildiyi üçün – hətta köməyə də layiq olan icazəli bir iş olur. Bu, imperializmin xüsusiyyətlərindən yalnız bir hissəsidir. Əlbəttə ki, bu xüsusiyyətlər daha çoxdur: müharibələr törədir, konfliktləri qızışdırırlar, suveren hökumətlərlə düşmənçilik aparırlar, konkret qrupların mənafeyi bunu tələb etdiyi zaman hətta öz xalqlarından da üz döndərirlər. Səddamın İrana qarşı müharibəsində ona əllərindən gələn hər cür köməyi göstərdilər. Kimyəvi silahı dedim, bundan başqa, informasiya baxımından da lazımi köməyi göstəriblər. Səddam rejiminin Kəşfiyyat İdarəsinin rəisi sonralar öz müsahibələrində demişdi ki, həftədə 3 dəfə Amerikanın Bağdaddakı səfirliyinə gedir və içərisində İran Silahlı Qüvvələrinin dislokasiyası ilə bağlı peyk vasitəsilə əldə edilmiş məlumatlar olan məxfi bir zərf alırmış. Bu yolla İran Silahlı Qüvvələrinin hansı mövqelərdə yerləşdiyini öyrənirmişlər; bu cür köməklər göstəriblər.

İslam dövləti bu xüsusiyyətlərin daşıyıcısı olan imperializmə qarşıdır. İslam dövləti xalqlara, əhaliyə, insanlara yox, imperializmə qarşıdır. İbrahim Xəlilin, Nuh peyğəmbərin, digər böyük peyğəmbərlərin və eləcə də İslam peyğəmbərinin dövründən indiyə qədər də bu belə olub: haqq cəbhəsi imperializmə – özünü başqalarından üstün bilənlərə qarşı olub. Nəyə görə? Bu gün İslam dövləti ilə imperializm arasında gedən qarşıdurmanın səbəbi nədir? Səbəb budur ki, sadaladığımız xüsusiyyətləri ilə imperializm İran İslam Respublikası kimi bir İslam dövlətinin varlığına dözə bilməz. Çünki İslam Respublikası quruluşu, əsasən, imperializmə etirazdan yaranıb. İslam İnqilabı İranda imperializmə və imperializmdən asılı ünsürlərə etiraz nəticəsində meydana gəlib, bu ideya əsasında formalaşaraq inkişaf edib, güclənib, imperializmin məntiqinə qarşı çıxıb. İmperializmin bu dövləti yox etməkdən əli üzülməyincə onun varlığına dözməyəcək. İran xalqı, İran gəncləri, İranın zəhmətkeş insanları, hansı dəlilə əsaslanmağından asılı olmayaraq – istər heç dini ideologiya olmasın – vətəninə, torpağına bağlı, sadiq olan hər kəs elə etməlidir ki, düşməndə bu məyusluq yaransın; düşməni məyus etmək lazımdır. İmperializm maşını və günümüzdə ABŞ dövləti üçün dünyanın bu həssas regionunda (Qərbi Asiya dünyanın ən həssas regionlarından biridir; həm siyasi, həm də iqtisadi baxımdan bu regionda cərəyan edən hadisələr bütün dünyaya öz təsirini göstərir) özünü o super dövlətə, əbədi güc olduğunu düşünən o dövlətə tabe, bağlı, ondan asılı hiss etməyən, müstəqil hərəkət edən bir ölkənin, bir dövlətin, bir xalqın baş qaldırdığını görmək olduqca çətindir. Bu dövlətin, bu xalqın əleyhinə bu qədər tədbirlər görülür, İslam dövləti isə bütün bu çətinlik və problemlərin içərisindən uğurla keçir və onların özlərinin də etiraf etdikləri kimi, regionda Amerikanın nüfuzunu sual altına salaraq öz nüfuzunu genişləndirir, region xalqları üçün bir örnəyə, nümunəyə çevrilir. Buna dözmək onlar üçün çox çətindir. Onların dediyi budur ki, xalqların həyatı Amerikaya söykənmələrindən asılıdır, burada isə nəinki Amerikaya söykənməyən, hətta Amerikanın etdiyi bu qədər düşmənçiliyin heç bir təsir göstərə bilmədiyi bir xalq meydana gəlib. Amerikalılar ilk gündən əllərindən gələni ediblər, amma heç bir nəticəsi olmayıb. Bu dövlət günü-gündən inkişaf edərək daha da güclənib. İnqilabın əvvəllərindən etibarən ABŞ dövləti müxtəlif prezidentlərin dövründə İslam dövləti əleyhinə düşmənçilik aparıb. Heç kəs deməsin ki, bu, filan prezidentin dövründə olub, hazırkı prezidentin dövründə isə yoxdur. Xeyr, hamısı eynidir. Bu düşmənçilik cürbəcür administrasiyaların hakimiyyəti dövründə aparılsa da, eyni cür olub. Əvvəlcə ölkə daxilindəki etnik qrupları qızışdırdılar, sonra çevriliş planı hazırladılar, sonra İraqı İran üzərinə hücuma vadar etdilər, bizə qarşı müharibədə Səddam rejiminə yardım etdilər, ardınca sanksiyaları əldə bayraq etdilər, sonra da dünyanın bütün kütləvi informasiya vasitələrini dövlətimiz əleyhinə təbliğata təhrik edərək bizə qarşı qoydular. Bu iş keçmiş administrasiyaların dövründə də aparılıb, hazırda da gedir. Elə ABŞ-ın hazırkı prezidentinin dövründə olan bir hadisəni deyim: 1388-ci il (2009) iğtişaşları zamanı fitnəkar iğtişaşçıların fəaliyyətinə rəvac verə biləcək sosial şəbəkələrdən birinin təmirə ehtiyacı var idi. Amerika dövləti həmin şəbəkənin rəhbərliyindən təmir işlərini təxirə salmalarını istədi. Media təbliğatı, Feysbuk, Tviter və s. bu kimi şəbəkələrin köməyi ilə İslam Respublikasını çökdürəcəklərinə ümid etdikləri üçün təmirə başlamalarına imkan vermədilər, “təxirə salın, indi bu iş daha vacibdir” dedilər.   Necə də səfeh və xam xəyallardır! İslam Respublikasına qarşı hər cür vasitəyə əl atırlar, hər yoldan istifadə edirlər. Sanksiyalar da həmin vasitələrdən biridir. Onlar bu vasitə ilə İslam Respublikasını məğlub edə biləcəklərini düşünürdülər, amma səhvləri bundadır ki, İran xalqını tanımayıblar. Səhvləri bundadır ki, İran xalqı arasında olan iman və həmrəylik amilini nəzərə almayıblar. Səhvləri bundadır ki, keçmişdə etdikləri səhvlərdən nəticə çıxarmayıblar, buna görə də sanksiya, iqtisadi təzyiq və bu kimi şeylərlə İran xalqını diz çökdürə biləcəklərinə ümid edirlər. Əlbəttə ki, yanılırlar. Bu 35 ildə İslam Respublikası quruluşu təcrübədə daim bir şeyin şahidi olub: düşmənin yaratdığı çətinlik və problemləri ortadan qaldıracaq yeganə amil xalqın öz qüdrətini nümayiş etdirməsi, müqavimət göstərməsidir. Düşməni geri oturda biləcək yeganə amil budur. Əlbəttə ki, düşmən düşməndir, bütün vasitələrdən istifadə edəcək. Qeyd etdiyim kimi, sanksiyalardan da bir vasitə kimi istifadə edir və edib. Bizim üzərimizə düşən isə odur ki, bizi məqsədimizə çatdıracaq yolun hansı olduğunu bilək.

Mən bəsic barədə bir-iki cümlə demək istəyirəm, sonra isə xarici siyasətimizdəki cari məsələlərlə bağlı qısaca bir məqamı qeyd edəcəyəm. Qeyd etdiyimiz kimi, bəsic ölkəmizin və dövlətimizin qürur, nüfuz mənbəyidir. Nəyə görə? Çünki bəsicin mənası ölkə və xalq üçün əsas əhəmiyyət daşıyan fəaliyyət sferalarında xalqın könüllü iştirakıdır. Bir ölkə və bir dövlət xalqına söykənirsə, xalqın daxili stimulla iştirak etdiyi, gücünü eyni istiqamətə yönəltdiyi istənilən sferada qalibiyyət mütləqdir. Bu, bir aksiomdur. Bir ölkə o zaman zərbə alır, məğlubiyyətə düçar olur ki, xalqı meydanda görünmür və ya həmrəy surətdə iş görə bilmir. Xalq meydandadırsa, arasında vəhdət və bağlılıq varsa, qalibiyyət və irəliləyiş mütləqdir. Bəsic məhz buna nümunədir, xalqın iştirakının və həmrəyliyinin təzahürüdür. Bəsicə bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır.

Çıxışımın əvvəlində qeyd etdiyim kimi, bəsic sədaqət imtahanından üzüağ çıxıb. Ölkəyə ağır günlər yaşadan məcburi müharibədə – Müqəddəs Müdafiədə bəsic əməlli-başlı sınaqdan keçib. Müqəddəs Müdafiə dövründən sonra bu günə qədər baş verən hadisələrdə də bəsic sədaqət imtahanından daim və hər yerdə üzüağ çıxıb, Bəsic Təşkilatı və bəsicilər sədaqətli olduqlarını göstəriblər. Əlbəttə ki, biz bəsicilərin sayının yalnız Bəsic Təşkilatının üzvləri ilə məhdudlaşdığını düşünmürük. Bir çox insanlar var ki, təşkilata daxil olmasalar da, qəlbləri sizinlədir, sizi təqdir edir, hörmətlə yanaşır, qədrinizi bilirlər. O insanlar da bəsicidir. Mənim fikrimcə, sizin dəyərlərinizi qəbul edən, bu dəyərlərə hörmətlə yanaşan, sizin zəhmətinizə, xidmətlərinizə, çəkdiyiniz əziyyətlərə hörmət qoyan insanlar da bəsicidir. Meydanda var olmaq, proseslərdə bilavasitə iştirak etmək ən mühüm işlərdən biridir. Bəsicin potensialı problemləri həll etməyə, işlərin düyününü açmağa qadirdir. Sevindirici haldır ki, bu gün bəsicilərin sıralarında görkəmli elm və mədəniyyət xadimləri, tanınmış siyasətçilər, ictimai fəallar, xalq arasında nüfuza malik insanlar az deyil. Bu günə qədər bəsic özünü inkişaf və yüksəlişdə olan bir kollektiv kimi göstərib, bundan sonra da bu cür olmalıdır.

Mənim tövsiyəm isə budur ki, bəsicin potensialını artırmaq lazımdır. Bəsicilər özlərinə müəyyən tələblər qoymalıdır: əxlaqi tələblər, davranış tələbləri, hansısa işlərin yerinə yetirilməsi ilə bağlı tələblər. Əxlaqi tələblər budur ki, biz öz daxilimizdə gözəl islami keyfiyyətləri inkişaf etdirməliyik. Bu keyfiyyətlər sırasına səbir, güzəşt, xoşrəftarlıq, hövsələli olmaq, ətrafındakılara dözümlü yanaşmaq da daxildir, təvazökarlıq da daxildir. Bütün bu keyfiyyətləri daxilimizdə gücləndirməliyik. Davranış tələbləri isə budur ki, camaatla rəftarımızda, ətrafdakılarla ünsiyyətdə, cəmiyyət və insanlarla qarşılıqlı münasibətdə olduqda sadaladığımız gözəl keyfiyyətləri nümayiş etdirməliyik. İmam Sadiq (ə) səhabələrinə buyurur: “Camaat arasında elə rəftar edin ki, bizə tərif qazandırasınız, sizi görən hər kəs: “Bunlar İmam Sadiqin dostlarıdır, Allah İmam Sadiqə rəhmət etsin!” – desin”(7). Siz bəsicilər, saf qəlbli əziz gənclərimiz də! Siz hər biriniz camaatla elə davranmalısınız ki, haqqınızda “Bunlar İslam dövlətinin yetirmələridir” deyilsin (qeyd etdiyim kimi, çoxlarınız elə sözün əsl mənasında bəsicidir); İslam dövlətinə, İslam Respublikasına sevgi və hörmət qazandırmalısınız. Əməli, ictimai və cihad xarakterli bütün bu tələblər bəsicilərin yerinə yetirməli olduqları işlərdir – yəni yaxşı keyfiyyətləri özündə tərbiyə etmək, ətrafdakılarla mehribancasına, təqdirəlayiq şəkildə, sevinərək xidmət göstərəcək formada rəftar etmək, bütün cəbhələrdə ciddiyyətlə çalışmaq. İstər elm, istər ictimai iş və xidmətlər, istər əmək fəaliyyəti, siyasət, yaxud istehsalat cəbhəsi olsun – təmsil olunduğumuz hər yerdə ciddi surətdə, yorulmadan, tənbəllik etmədən işləməliyik. Bu möhtəşəm kollektiv – bu gün burada onun on minlərlə komandanı toplanıb – ölkəyə, sözün həqiqi mənasında, bütün istiqamətlərdə müsbət irəliləyiş bəxş edə, sabitlik və sarsılmazlığımızı təmin edə, dövlətə nüfuz və ehtişam qazandıra bilər. Əlhəmdulillah, elə qazandırır da. Bu gün bəsic dövlətimizin qürur və ehtişam mənbəyidir.

Son dövrlər ölkəmizin xarici siyasət arenasında cərəyan edən proseslər, nüvə məsələsi və bu mövzuda gedən danışıqlarla bağlı yaranmış mübahisəli fikirlərlə əlaqədar olaraq da bir neçə cümlə qeyd etmək istəyirəm. Əvvəla, mən işlərin məsuliyyət yükünü çiynində daşıyan rəsmilərimizi dəstəkləyirəm. Mən bütün administrasiyaları, bütün rəsmiləri – istər daxildə, istərsə də xaricdə çalışan rəsmiləri dəstəkləmişəm və bu, mənim vəzifəmdir. Vaxtilə mən özüm də prezident olmuşam, meydanın ortasında məsuliyyət yükünü daşımışam, işin ağırlığını, çətinliyini bütün varlığımla hiss etmişəm; ölkəni idarə etməyin nə qədər çətin bir iş olduğunu bilirəm. Hökumətin köməyə ehtiyacı var, mən də onlara lazımi köməyi, lazımi dəstəyi göstərirəm. Bu, məsələnin bir tərəfidir və mütləqdir. Digər tərəfdən isə mən İran xalqının hüquqlarının, o cümlədən nüvə texnologiyasından istifadə hüququnun təsbit olunması üzərində israr edirəm. İsrarla bildirirəm ki, İran xalqının haqlarından bircə addım belə olsun geri çəkilmək olmaz. Əlbəttə, mən bu müzakirələrin detallarına müdaxilə etmirəm, lakin müəyyən qırmızı xətlər, sərhədlər var ki, mütləq gözlənməlidir. Bu barədə rəsmilərə lazımi tapşırıqlar vermişik və həmin hüdudlara riayət etmək onların vəzifəsidir. Rəsmilərimiz düşmənin və müxalif qüvvələrin hay-küyündən əsla qorxub çəkinməməlidirlər.

Hamı bilməlidir ki, İran xalqı əleyhinə tətbiq olunan sanksiyalar əsas etibarilə Amerika imperializminin dövlətimizə, xalqımıza bəslədiyi kin-küdurətdən qaynaqlanır. Amerika kinli bir dəvəyə bənzəyir; İran xalqını təslim etmək ümidi ilə bu xalqa qarşı təzyiqlər göstərmək fikrini israrla ağlına yerləşdirib və bu fikirdən dönmək istəmir. Lakin yanılır. İran xalqı təzyiqlərin təsiri altında heç kəsə təslim olan deyil. Siz bu xalqı tanıya bilməmisiniz! Bu elə bir xalqdır ki, Allahın yardımı və dəstəyi ilə, təzyiqlərə dözə, sizin təhdid və təzyiqlərinizi özü üçün bir fürsətə çevirə bilər. Allahın köməyi ilə, İran xalqı bunu edəcək.

Bizim iqtisadiyyat sahəsində qərarların qəbulu, proqramların hazırlanması məsələsində zəif cəhətlərimiz, nöqsanlarımız olub. Həmin nöqsanlar düşmənin sanksiyalar və bu kimi vasitələrlə bizə zərbə vura biləcəyini hiss etməsinə səbəb olub. Deməli, bu, bizim üçün bir fürsətdir ki, zəif cəhətlərimizin hansılar olduğunu öyrənək və onları aradan qaldıraq. İnşallah, qaldıracağıq da! Özü də bu sanksiyalar Amerikanın işinə yaramayacaq; bunu bilsinlər və mən güman edirəm ki, bilirlər də. Bunu onların özlərinin də bilməyinə sübutumuz odur ki, bəyanatlarında hərbi hücum barədə də təhdidlər səsləndirirlər. Yaxşı, əgər sanksiyalar sizi məqsədinizə çatdıra biləcəksə, daha nəyə görə hərbi təhdidlər edirsiniz? Bu onu göstərir ki, sanksiyalar onların istədiyi nəticəni vermir, effektiv deyil. Paralel olaraq hərbi təhdidlər də edirlər. Əlbəttə ki, onların bu hərbi hücum təhdidləri çox rüsvayçı və nifrətamiz bir hərəkətdir. Prezidentləri və müxtəlif dövlət rəsmiləri bu təhdidləri ardıcıl olaraq dilə gətirirlər. Onu-bunu hərbi hücumla hədələməkdənsə, gedin dağılmış iqtisadiyyatınızı düzəldin. Elə edin ki, hökumətiniz 15-16 gün fəaliyyətini dayandırmağa məcbur olmasın. Gedin borclarınızı verin, iqtisadiyyatınızı necə sahmana salacağınız haqda fikirləşin.

Qoy onlar bilsinlər ki, az öncə qeyd etdiyim kimi, İran xalqı dünyanın bütün xalqlarına

اِمّا اَخٌ لَكَ فى دينِك اَو شَبيهٌ لَكَ فى خَلقِك

– “Ya din qardaşındır, ya da sənin kimi insandır” prinsipi ilə(8), hörmətlə yanaşır. Onun üstünə hücum edənə münasibəti isə peşmanladıcı olacaq. Beləsinə elə bir sillə vuracaq ki, heç vaxt yadından çıxmasın. Ortalığa hərdən bir söz, bir fikir atmağı İsrail dövləti qarşısında, sionistlərin kapitalizm şəbəkəsi qarşısında özlərinə borc bilirlər, bu sözlər isə onlara rüsvayçılıq, başıaşağılıq gətirir. İsrail rejimi, əslində, əsasları həddən artıq zəif olan bir rejimdir, məhvə məhkumdur. İsrail rejimi məcburi şəkildə, zor gücünə yaradılıb və zorla yaradılmış hər bir şey kimi, o da varlığını davam etdirməyə qadir deyil. Sionistlərə məxsus kapitalizm şəbəkəsinə bu və ya digər şəkildə borclu olan şəxslərin məhvə məhkum olan bu rejimi müdafiə etməsi onların rüsvay olaraq nüfuzdan düşməsinə yol açır. Təəssüf ki, bəzi Avropa dövlətləri də sionistlərə yaltaqlanır. Adamın insan adlandırmağa belə heyfsiləndiyi – İsrail rejiminin başında duranlar, doğrudan da, vəhşi heyvanlara bənzəyir; onları insan adlandırmaq olmaz – bu varlıqların qarşısında yaltaqlanır, özlərini cılızlaşdırır, öz xalqlarını təhqir edirlər. Bir vaxtlar Fransanın o dövrdəki prezidenti Amerikadan asılı olduğu üçün İngiltərənin müştərək Avropa bazarına daxil olmasına icazə verməmiş və bu hadisə Fransa xalqının siyasi etibar qazanmasına səbəb olmuşdu. Amerikanın qarşısında durduğu, Amerikadan asılı olan İngiltərənin müştərək Avropa bazarına daxil olmasına imkan vermədiyi üçün Fransa dövlətinin beynəlxalq aləmdə nüfuz və etibarı artmışdı. Bir xalq nüfuz və etibarı bu cür qazanır. Hal-hazırda isə bu ölkənin rəsmilərinin nəinki təkcə Amerika, hətta mənfur və murdar sionistlər qarşısında özlərini alçaltmaları Fransa xalqına başıaşağılıq gətirir və əlbəttə ki, bu vəziyyətə xalq özü çarə etməlidir.

Siz gənclərə bir şeyi də demək istəyirəm. Əzizlərim, bilin ki, bu ölkənin, bu dövlətin ümid dolu, aydın gələcəyi, heç şübhəsiz, sizə aiddir. Siz ölkənizi və xalqınızı iftixarın zirvəsinə çatdıra biləcəksiniz. Allahın köməyi ilə, siz bu diyarda yeni İslam sivilizasiyasının mükəmməl modelini yarada biləcəksiniz. Bu böyük vəzifələri yerinə yetirmək üçün isə öz aranızda dini, təqvanı, abır-həyanı, mənəvi təmizliyi mümkün qədər daha çox yaymalı və gücləndirməlisiniz. Bu günün gəncinin dinə, təqvaya, elmə, əməksevərliyə, əmanətdarlığa, həya-abıra, sosial vəzifələrini yerinə yetirməyə və fiziki cəhətdən sağlam olmağa ehtiyacı var. Bunlar müasir gəncin ehtiyac duyduğu xüsusiyyətlərdir və arzu edirəm ki, siz – mənim əziz bəsici balalarım, inşallah, bu işləri yerinə yetirməyə müvəffəq olasınız.

Pərvərdigara! Məhəmməd və Ale-Məhəmməd xatirinə, bu gün bura toplaşanların və ölkəmizin bütün bəsicilərinin üzərinə Öz bərəkətlərini yağdır. Pərvərdigara! İran xalqını qürur və başucalığının zirvəsinə günü-gündən daha da yaxınlaşdır. Pərvərdigara! Məhəmməd və Ale-Məhəmməd xatirinə, İmam Xomeyninin (r.ə) pak ruhunu bizdən və bu gün bura toplaşanlardan razı et. Şəhidlərimizin pak ruhlarını bizdən razı və məmnun et. Pərvərdigara! Məhəmməd və Ale-Məhəmməd xatirinə, İmam Mehdi Sahibəzzamanın (ə.f) müqəddəs qəlbini bizdən razı və məmnun et. O böyük imamımızın zühurunu tezləşdir. Bizi onun silahdaşlarından, onunla birgə döyüşən mücahidlərdən və onun qarşısında şəhid olanlardan et.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_______________________________________
(1) Luhuf, səh. 146; Əl-ihticac, c. 2, səh. 303 
(2) Luhuf, səh. 160
(3) (Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq ki,  (Allah bununla) doğru danışanlardan (peyğəmbərlərdən) doğruluqlarını (risaləti təbliğ edib-etmədiklərini, ümmətlərinin onlara iman gətirib-gətirmədiyini) xəbər alsın. (Əhzab surəsi, ayə 7-8) 
(4) Nəhcül-Bəlağə, 53-cü məktubdan
(5) 03.04.1390
(6) Müasir Amerika yazıçısı Aleks Heylinin əsəridir
(7) Əl-Kafi, c. 2, səh.233; 
(8) Nəhcül-Bəlağə, 53-cü məktubdan