Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin ölkə üzrə həcc mərasimin təşkilinə cavabdeh olan rəsmilərlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və bağışlayan Allahın adı ilə!

Əvvəla, müsəlman toplumunda ümmətə ən böyük və qürurverici xidmətlərdən birini yerinə yetirən, yəni İbrahim (ə) həccinə, Beytüllah və Məkkeyi-Münəvvərəyə ziyarətlərə təşkilatçılıq edən əziz qardaş və bacılarıma xoşgəldin deyirəm. Və ümidvaram ki, bu böyük iftixar sizlər üçün bir axirət ehtiyatı olacaq, bu mübarək qurumlarda öhdənizə düşən vəzifələri elə ixlasla yerinə yetirəcəksiniz ki, inşallah, gördüyünüz işlər, səyləriniz əməl dəftərinizdə günəş kimi parlayacaq. Həcc ziyarəti ilə bağlı çəkdikləri zəhmətə, həyata keçirdikləri tədbirlərə görə də möhtərəm rəsmilərimizə təşəkkürümü bildirirəm. Burada qeyd etdiyiniz tədbirlər, doğrudan da, təşəkkür və qədirdanlığa layiqdir – istər mədəni, mənəvi, əxlaqi və tərbiyəvi sferada görülmüş işlər olsun, istərsə də bilavasitə həcc ziyarətinin icrası, təşkilati məsələləri sahəsində atılmış addımlar.

Mühüm olan odur ki, biz həcc ziyarətinin müqəddəs İslam dininin güclü məqamlarından biri olduğunu bilək; hərçənd İslam şəriətində güclü məqamlar bir-iki deyil, çoxdur, lakin həcc ziyarəti özündə əks etdirdiyi xüsusiyyətlərlə daha qabarıq əhəmiyyət kəsb edir. Həmin xüsusiyyətlərlə biz hamımız az-çox tanışıq. Əslində, əminliklə demək olar ki, həcc ziyarəti İslam ümmətinin, müsəlman toplumunun güc və qüdrət mənbəyidir. Günlərin bir günü biz – müxtəlif ölkələrdə yaşayan, fərqli məzhəblərdən olan müsəlmanlar özümüzdə mənəvi güc tapıb, intellektual cəhətdən kifayət qədər inkişaf edib reallıqda, sözün həqiqi mənasında İslam ümmətini təşkil edə bilsək – təəssüflər olsun ki, hələ indiyə qədər biz müsəlmanlar özümüzdə bu gücü tapmamışıq, siyasi, intellektual və əxlaqi cəhətdən yetkinləşib həmin səviyyəyə çata bilməmişik –  İslam ümmətinin şərqindən qərbinə qədər ən ucqar nöqtələrdə yaşayan bütün müsəlmanlar fərqli dövlətlərdə yaşadığımıza baxmayaraq, vahid bir ümmət ola bilsək, bax o zaman biz həccin bu ümmətin necə qüdrət, möhkəmlik, nüfuz və yüksəliş mənbəyi olduğunu dərk edəcəyik.

İslam Respublikası elə bu gün də həccə məhz bu nöqteyi-nəzərdən – qüdrət mənbəyi kimi yanaşmalıdır. Bu qüdrət nədən ibarətdir? Qüdrət haqqında danışarkən biz maddi, siyasi, hərbi qüdrətə bənzər bir qüdrəti, yaxud hətta ideoloji bir qüdrət anlayışını, misal üçün, mədəni nüfuz, dilin hegemonluğu və bu qəbildən olan digər güc və iqtidarı nəzərdə tuturuqmu? Xeyr, bizim nəzərdə tutduğumuz qüdrət bütün bunlardan çox-çox yüksək bir anlayışdır. Həcc ziyarəti siyasi qüdrətə malik olmaqdan, İslam dövlətinin mədəni iqtidarını dünyaya nümayiş etdirməkdən əlavə, mənəvi iqtidara da malikdir. Yəni insanları daxildən tərbiyə edir, çətin maneələrdən keçməyə hazırlaşdırır, onların gözlərini elə həqiqətlərə açır ki, həcdə olmadan həmin həqiqətləri görmək, duymaq mümkün deyil. Məhz orada insan İslam dininin bəzi mənəvi, tərbiyəvi həqiqətlərini dərk edir. Həcc belə bir ziyarətdir.

Gerçək bir həcc ziyarəti etməyin vacib şərtlərindən biri hacıların ziyarətdə olduqları zaman, dinin bu böyük vacib əməlini yerinə yetirərkən bir-birinə qarşı sözün əsl mənasında qardaşcasına davranmalarıdır. Bir-birinə yad-biganə, düşmən gözü ilə yox, qardaş gözü ilə baxmalarıdır – eyni hədəfə doğru irəliləyən, eyni şeyi axtaran, eyni mehvərin ətrafına dolanan insanlar kimi. Quranda buyurulur:

فَلا رَفَثَ وَ لا فُسوقَ وَ لا جِدالَ فِى الحَجّ

“Həcdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz”. (“Bəqərə” surəsi, 198-ci ayənin bir hissəsi)

Burada “لا جدال” –  dava-dalaş etmək yaramaz deyilərkən düşmənlə dava-dalaş nəzərdə tutulmur. Yeri gəlmişkən deyim ki, həcc elə düşmənə qarşı mənfi münasibətin təzahürüdür. Hər şeyə şübhə ilə yanaşan bəzi pisniyyətli insanlar bu ayəni əsas gətirərək demək istəyirlər ki, Quranda: “həcdə olarkən dava-dalaş etmək yaramaz” – deyilir, bəs siz nə üçün həcc vaxtı müşriklərə etiraz mərasimi keçirirsiniz. Müşriklərə etiraz mərasiminin mahiyyətindəki mənfi münasibət, belə desək, dava-dalaş şirkə, küfrə ünvanlanıb. Bu isə İslama uyğun həyatın ana xətlərindən birini təşkil edir. Həcdə yolverilməz olan dava-dalaş, pis münasibət qardaşların bir-biri ilə dava-dalaşıdır, möminlərin, təkallahlılığa etiqadı olan qəlblərin bir-biri ilə dava-dalaşıdır. Bu dava-dalaş olmamalıdır. Gərək çalışaq ki, nəinki təkcə dildə mübahisəmiz, dava-dalaşımız düşməsin, hətta qəlbimizdə də bir-birimizə nifrət, ikrah hissi duymayaq; İslam düşmənlərinin müsəlman toplumları arasında yaratmaq istədikləri vəziyyətin tam əksi olsun. Buna diqqət yetirin. İslam məzhəbləri arasında müəyyən ixtilaflar var, şiə və sünnilər arasında əqidə səviyyəsində ixtilaflar var – birinin əqidəsi bir cürdür, o birininki başqadır; bu ixtilaflar problem deyil. Problem o zaman yaranır ki, bu ixtilaflar psixoloji ixtilaflara, davranışda ixtilaflara, konflikt və qarşıdurmaya, düşmənçiliyə çevrilsin. İslam dünyasının düşmənləri məhz bunu istəyirlər, bunu planlaşdırırlar. Onlar yaxşı başa düşüblər ki, əgər İslam dünyasında müxtəlif məzhəblər bir-birinin yaxasından yapışıb çəkişməyə başlasalar, qəsbkar İsrail rejimi rahat nəfəs alar. Bunu çox yaxşı başa düşüblər, düzgün başa düşüblər. Odur ki bir tərəfdən təkfirçi qrupları ortaya salırlar ki, nəinki təkcə şiələri, hətta bir çox sünni firqələrini də təkfir etsinlər; digər tərəfdən də bir qrup muzduru araya buraxıblar ki, konfliktlərin qızışması üçün zəmin hazırlasınlar, odun üstünə benzin töksünlər – özünüz də görür, eşidir, xəbər tutursunuz. Bunların ixtiyarına kütləvi informasiya vasitələri, medialar da verirlər. Harada? Amerikada? Harada? Londonda. London və Amerikadan dünyaya yayılan, təbliğ olunan şiəliyin şiələrə heç bir xeyri yoxdur. Böyük şiə liderləri, xüsusilə də İslam İnqilabının qələbəsindən sonra İmam Xomeyni və başqaları İslam ümmətinin birliyinin, müsəlman qardaşlığının vacib olduğunu dönə-dönə vurğulayıblar, bunlar da – guya qatı şiədirlər – od salmağa, konfliktləri, qarşıdurmaları qızışdırmağa çalışırlar. Düşmən də elə bunu istəyir. İslam dünyasının düşmənləri elə bunun üçün çalışırlar – hansılar ki nə şiədirlər, nə də sünni; nə bunu gözləri götürür nə də onu. Biz bütün bunları dərk etməli, diqqət yetirməliyik.

Yenə də həcc ziyarətinin güclü cəhətlərindən biri olan, həccin güc qaynağı sayıla biləcək əsas məqamlardan biri budur ki, bu günlərdə müsəlmanlar arasında əsl, saf İslam mədəniyyətinin, islami təcrübələrin paylaşılması üçün imkan yaranır. Biz hansısa müsəlman ölkəsi haqqında nələrsə eşidə bilərik, amma eşitməklə həmin ölkədən olan insanlarla bir arada olmağın, nələrisə üz-üzə onlardan eşitməyin fərqi böyükdür. Başqa ölkələrdən olan insanlar da müsəlman İranı haqqında eşitdiklərini sizdə gördükləri, sizdən eşitdikləri şeylərlə müqayisə etmək, həqiqəti özləri üçün aydınlaşdırmaq imkanı qazanırlar. İran İslam Respublikası əleyhinə dəhşətli dərəcədə böyük həcmdə təbliğat aparılır. Dünyada cürbəcür metodlarla İslam Respublikası əleyhinə təbliğat aparan media orqanları heyrətamiz və astronomik bir saydadırlar. Hansısa Afrika, Asiya, ərəb və ya qeyri-ərəb ölkəsindən olan bir gənc internetdə oturanda, hansısa beynəlxalq medianı izləyəndə və ya beynəlxalq nəşri əlinə alanda İran İslam Respublikası ilə bağlı orada gedən informasiyanın həqiqətə zidd olduğunu haradan anlasın? Sizin həcdə – müxtəlif xalqların təmsil olunduğu bu meydanda olmağınız sizin üçün ölkəmizlə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq şansı yaradır. Təkcə dillə yox, həm dil, həm də əməllə. İslamın həqiqətlərini danışın, şiəliyin həqiqətlərini danışın, İslam İnqilabının həqiqətlərini danışın, bu gün baş verənləri danışın.

Həcc ziyarətində daha bir mühüm və əsas məqam var ki, az öncə qeyd olundu: varlığımızda mənəviyyatı gücləndirmək. Əzizlərim! Biz Allah yolunda, cihad meydanlarında o halda möhkəm durub müqavimət göstərə bilərik ki, qəlbimiz başdan-başa Allaha imanla, Uca Yaradana təvəkküllə dolub-daşa. Mənəviyyat olmadan irəli getmək mümkün deyil, güclü iman olmadan çətin mərhələləri geridə qoymaq olmaz, Uca Yaradana təvəkkül olmadan hegemon dövlətlərin zahiri güc və ehtişamına göz yumub əsl güc və ehtişamı görmək olmaz. Təvəkkül lazımdır, iman lazımdır, ilahi vədlərə nikbin yanaşma lazımdır. Bütün bunlar həcdə təmin olunur. İnsan ora öz mənfəətinin şahidi olmaq üçün gedir. Quranda da buyurulduğu kimi:

 ليشهدوا منافع لهم

- “ ... öz mənfəətlərinin şahidi olsunlar ...” (“Həcc” surəsi, 28-ci ayənin bir hissəsi)

Bu mənafe yalnız dünyəvi mənafe deyil. Həm dünyəvi, həm uxrəvi, həm mənəvi, həm də ruhi mənafedir. Həcc budur.

Gördüyünüz kimi, bu gün düşmənlər İslam dünyasında psixoloji və ideoloji təfriqə, fikir ayrılığı salmaq üçün gördükləri işlərdən əlavə, müharibə alovunu da körükləməyə çalışırlar. Görün bizim qonşu ölkələrdə – Pakistanda bir cür, İraqda bir cür, Suriya və Bəhreyndə də başqa bir vasitə ilə – şiə-sünni bəhanəsi ilə camaat arasında müharibəni necə qızışdırırlar?! Heç sünni-şiə probleminin olmadığı yerlərdə də adını sünni-şiə davası qoyurlar – mən buna dəfələrlə nümunələr qeyd etmişəm. Öz siyasi məqsədləri naminə regionu müharibə alovu içində yandırmağa hazırdırlar. Hegemon dövlətlər belədir. İraqın hansısa şəhərinin hansısa məhəlləsində partlayışın baş verməsi, nəticədə 50 adamın qətlə yetirilməsi onları əsla qorxutmur. Suriyada ölkəni tədricən xarabalığa çevirən hadisələrin baş verməsi onları çəkindirmir. Həmçinin Misirdə, yaxud başqa bir yerdə ... Əsla qorxub çəkinmirlər. Hegemon dövlətlər – Amerika və Amerika kimiləri – öz qeyri-qanuni mənafeləri naminə bu tip işlər görürlər. Yeri gəlmişkən, ümidvaram ki, Amerikanın Suriya ilə bağlı sərgilədiyi yeni mövqeyi ciddi olacaq; daha bir siyasi oyun olmayacaq. Neçə həftədir ki, region əhalisini ağrı-acı dolu bir müharibəyə başlayacaqları ilə hədələyirlər. Səbəb kimi də özlərinin özləri üçün müəyyən etdikləri mənafeyi göstərir, bu mənafeyi müdafiə etməyi öz qanuni haqları hesab edirlər; hərçənd başqa 10 ölkənin və xalqın mənafeyini tapdalamalı olsalar belə. Onlar belədirlər. Vicdan, insanlığın mənafeyini nəzərə almaq, bəşəriyyətin ümumi mənafeyinə qlobal yanaşmaq – bütün bunlar onlar üçün məna kəsb etmir. Adını “milli mənafe” qoyurlar, əslində heç milli mənafeləri də deyil, sionistlərin, bəşəriyyətin düşmənlərinin, son 70-80 ildə insanlığın heç bir prinsipinə hörmətlə yanaşmadıqlarını sübuta yetirmiş kapitalistlərin mənafeyidir. Bunu öz milli mənafeləri adlandırırlar və bu qondarma milli mənafe naminə istənilən yerdə müharibəyə başlamağa, od-alov saçmağa hazırdırlar. Neçə həftədir ki, müharibə və bombardman təhdidləri ilə regionumuzda ajiotaj yaradıblar. İndi əgər bu sonuncu mövqeləri ciddi olsa,  bunu Amerikanın son həftələr ərzində sərgilədiyi yanlış və özbaşına davranışlarından əl çəkməsi kimi qiymətləndirmək olar. Ümidvarıq ki, ciddi olacaq. Regionumuzda, dünyada belə bir vəziyyət hökm sürür.

İslam Respublikası bütün bu prosesləri tam diqqət və gözüaçıqlıqla izləyir. Biz dərk edirik ki, bir xalq kimi, dünyanın həssas bir regionunda yerləşən 70-80 milyonluq böyük bir toplum kimi düzgün yanaşmaya malik olmalı, ölkəmizdə bərqərar olunmuş islami hakimiyyətdən istifadə edərək mövqeyimizi möhkəmlətməliyik. İslam dinindən əxz etdiyimiz ali və bəşəri hədəfləri bütün bəşəriyyətə təqdim etməli, insanlığı İslam dininin ona ərməğan etdiklərinə dəvət etməliyik. Bu, bizim vəzifəmizdir. Dəfələrlə demişik: milli iqtidarımızın formalaşdırılması və gücləndirilməsi, heç şübhəsiz, bu günə qədər olduğu kimi, bundan sonra da regiondakı vəziyyətə təsir göstərəcək. Bunun üçün isə, birinci növbədə, düzgün və böyük imana, xalqın birliyinə, hökumət rəsmilərimizin düzgün istiqamətli fəaliyyətinə, xalqla rəsmilər arasında həmrəyliyə, Uca Yaradana təvəkkülə ehtiyac var. Başqa sözlə, milli iqtidar aşağıdakı amillərlə təmin olunur: ağıl, mənəviyyat, təvəkkül, inkişaf və əməl. Və ümidvaram ki, inşallah, xalqımızın müxtəlif sferalarda mənəvi iştirakı, o cümlədən sizin belə güclü məntiq və aydın mövqe ilə həcc ziyarətinə qatılmağınız İslam dininin dövlətimiz, dünya xalqları, yer üzündəki müsəlmanlar və qeyri-müsəlmanlar – ümumiyyətlə, bütün bəşəriyyət üçün arzuladıqlarını təmin edəcək və insanlığın səadət və xoşbəxtliyi üçün zəruri olan zəmini yaradacaq.

Hamınızdan bizə dua etmənizi rica edirik və ümidvarıq ki, inşallah, builki həcc ziyarətiniz çox gözəl keçəcək, sizin hamınıza, bütün iranlı hacılara, İslam dünyasının müxtəlif yerlərindən Beytüllahı ziyarətə gələn hər kəsə Allahın mənəvi dəstəyi, lütf və mərhəməti şamil olunacaq. Allah həccinizi qəbul etsin, inşallah!

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!