Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə görüşü zamanı etdiyi çıxış

Xubriqan Məclisinin iki günlük iclasının yekunu(1)

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Ölkənin müxtəlif məntəqələrindən gəlib bu iclasda iştirak edən möhtərəm cənablara, görkəmli din alimlərinə və ruhanilərə xoş gəlmisiniz deyirəm. Xubriqan Məclisinin vəzifəsi Konstitusiya ilə müəyyən olunmuş məhdud bir vəzifə olsa da, bu iclasın təşkil olunması, bu möhtərəm insanların iştirakı bu iclaslarda ölkənin müxtəlif sferaları ilə bağlı cürbəcür məsələlərin müzakirə olunmasını, iştirakçıların öz rəy və görüşlərini ortaya qoymalarını qaçılmaz edir. İclasımızda hökumət rəsmiləri də iştirak edir. Sevindirici haldır ki, möhtərəm ölkə başçısı və bəzi digər yüksək vəzifəli rəsmilər də Xubriqan Məclisinin üzvləridir və bu, onların cari iclasda toxunulan məqamlara daha artıq diqqət yetirəcəklərinə ümidləri artırır. Ümidvarıq ki, inşallah, elə belə də olacaq. İnşallah, biz də bacardığımız qədər, imkanımız çatdığı qədər, tutduğumuz vəzifə postunun bizə verdiyi səlahiyyətlər çərçivəsində iştirakçıların nəzərdə tutduğu məsələlərin reallaşmasına yardım edəcəyik.

Bir məqamı da qeyd etmək istəyirəm ki, bu iclasın əvvəlində şəhidlərin dəfn mərasiminin təşkil olunması çox faydalı və konstruktiv bir addım idi(2). Xalqın çox hörmətli və böyük şəxsiyyətlərin, Xubriqan Məclisinin sədrinin və digər görkəmli simaların şəhidlərin nəşinə və tabutuna necə ehtiramla yanaşdıqlarını, heç tanımadıqları insanların – sırf inqilab yolunda və Haqq yolunda şəhid olduqlarına görə – tabutunun altına girdiklərini və onların dəfn mərasimində iştirak etdiklərini görməsi cəmiyyətimiz üçün ibrət dərsidir. Və onu da deyim ki, bizim cəmiyyətimiz hələ uzun müddət şəhidlərin xatirəsini daim yaşatmağa, onların yolunu uca tutmağa ehtiyac duyacaq.

Qeyd etməyi lazım bildiyim məqam ondan ibarətdir ki, biz – müxtəlif müstəvilərdə dövlətin qərarlarını işləyib hazırlamaq və təsdiqləmək səlahiyyətinə malik olan rəsmilər ölkədə gedən müxtəlif proseslərə geniş rakursdan və kompleks surətdə yanaşmalıyıq. Məlumdur ki, istər regional, istər qlobal, istərsə də hətta ölkə miqyasında bizim ixtiyarımızdan kənar olan hadisələr baş verir. Xalqla yanaşı, İslam dövlətinin, bu dövlətin daşıyıcı sütunları olan rəsmilərin öhdəsinə müəyyən vəzifələr düşür ki, onları baş verən bu və ya digər proseslərə nisbətdə şərh etmək olmaz. Yəni hər hansı bir hadisə baş verirsə, bizim onun təsiri altında hansısa addımı atmağımız, hansısa mövqeyi tutmağımız yolverilməzdir. Bu, İslam dövlətinin qərəzli mövqelərə təhrik olunması demək olar. Proseslərə geniş prizmadan, kompleks surətdə yanaşmaq lazımdır. Əlhəmdulillah, indiyə qədər ölkəmizdə elə bu yanaşma hakim olub. İnqilabın əvvəllərindən indiyə qədər rəsmilərimiz bu məqamı əsla diqqətdən qaçırmayıblar. Həmin yanaşmanı bundan sonra da qorumaq, baş verən proseslərə münasibətdə kompleks yanaşma əsasında mövqe tutmaq, hadisələrin mahiyyətini dərk etmək lazımdır.

İslam Respublikası yer üzündə müxtəlif hadisələr burulğanının baş verdiyi bir dönəmdə qurulub. Dəfələrlə demişik, lakin yenə də yaddan çıxarmamalıyıq ki, 200-300 il ərzində tam sürətlə materializmə doğru gedən bir dünyada Allahın dininin fərdlərin həyatında, cəmiyyətdə və ölkədə reallaşması, ictimai həyatımızın ilahi şəriətə, Allahın dininə, ilahi qayda-qanun və dəyərlərə uyğunlaşdırılması kimi şüarlarla çıxış edən bir dövlətin qurulması möcüzəyə bənzər bir şey idi. Lakin bu möcüzə baş verdi.

İslam dövlətinin qurulduğu ilk gündən etibarən də İslam dininə əsaslanması ucbatından bu dövlətin əleyhinə mübarizələr başladı. Bu düşmənçiliyə ölkənin müstəqilliyinin və ya imperializmə qarşı mübarizə siyasətinin səbəb olduğunu deməzdim. Doğrudur, bu da var, həqiqətdir, lakin imperializmə qarşı mübarizənin özü də İslam dininin mahiyyətindən qaynaqlanır, ölkəmizdəki xalq hakimiyyəti dinimizə əsaslanır. Dəfələrlə demişik: biz dini xalq hakimiyyəti deyiriksə, bu, ayrı-ayrılıqda din məfhumu ilə xalq hakimiyyəti məfhumunun birgə tərkibindən ibarət bir anlayış deyil. Yox, ölkəmizdə bərqərar olunmuş xalq hakimiyyəti dindən qaynaqlanır, bu yolu bizə İslam dini göstərib; məhz dinimizin düzgün istiqamətləndirməsi sayəsində biz İslam Respublikasını qurmağa nail olmuşuq. Allahın yardımı və dəstəyi ilə, bundan sonra da belə olacaq. Bu düşmənçiliklər İslama ünvanlanıb, İslamı hədəfə alır. Bu dövlətdən İslam dinini alsalar, onu İslamdan məhrum etsələr, dövlətin mahiyyətində dinlə bağlı olan hər bir şey ya öz-özünə itib aradan gedəcək, ya da zəifləyib arxa plana keçəcək. Prosesləri bu baxımdan analiz etmək lazımdır. Bu gün dünyada qarşı-qarşıya duran müəyyən cəbhələr var və bir çox hallarda biz həmin cəbhələrdən birində yer alırıq. Əks cəbhədə kimin, nəyin olduğunu, bizimlə nə üçün düşmənçilik apardığını, bizim ona nə üçün müqavimət göstərdiyimizi bilməliyik. Bütün bunları kompleks bir yanaşma əsasında təhlil etməliyik. Quranda buyurulur:

        اَفَمَن يَمشى مُكِبّاً عَلى‌ وَجهِهِ اَهدى‌ اَمَّن يَمشى سَوِيّاً عَلى‌ صِراطٍ مُستَقيم

“Elə isə (küfrü ucbatından) üzüstə sürünən daha haqq yoldadır, yoxsa düz yolda düz gedən?!” (“Mülk” surəsi, ayə 22)

“Düz yolda düz getmək” ifadəsinin mənası elə açıq gözlə, bəsirətlə, hansı yolu getdiyini bilərək, bütün aspektləri nəzərə alaraq irəli getməkdir. Hədəfinin nə olduğunu, bu hədəfə aparan yolun hansı olduğunu, yolu üstündə hansı reallıqların olduğunu bilməkdir. Bütün bunları nəzərə alıb qərar qəbul edərək irəliləməkdir.

Baxın, bu gün regionumuzda cürbəcür hadisələr baş verir. Bu günə qədər imperializm Qərbi Asiya regionunu istədiyi kimi çapıb-talayıb. İmperializmin regiondakı varlığına və həyata keçirdiyi planlara rəğmən, burada islami oyanış meydana gəldi. Onu  da deyim ki, islami oyanış hələ sona çatmayıb. Bəzi ölkələrdə baş vermiş müəyyən hadisələr nəticəsində islami oyanışın yox olub getdiyini düşünmək doğru deyil. İslami oyanış sırf siyasi xarakterli bir hadisə deyildi ki, hər hansı bir qiyamda olduğu kimi, kimsə hakimiyyətdən getsin, yerinə başqası gəlsin, ardınca bir başqası gəlib onu hakimiyyətdən uzaqlaşdırsın. İslami oyanış müsəlman toplumunda İslam dininə əsaslanan bir oyanış, agahlıq, bir özünəinam halətinin yaranması demək idi. Bu oyanış, vəziyyətin tələbinə uyğun olaraq, Şimali Afrikada, misal üçün Misirdə, Tunisdə və ya bunlardan öncə Sudanda müəyyən hadisələrin baş verməsinə yol açdı. Digər yerlərdə də potensial şəkildə bu zəmin tam olaraq mövcuddur. Biz islami oyanışın yox olub aradan getdiyini düşünə bilmərik. Əsla! Bu, müxtəlif cəmiyyətlərin batinində, zahiri örtüyü altında mövcud olan bir reallıqdır. Məhz buna görə də biz İslama meylli ölkələrdə xalqın islamyönlü dövlətlərə səs verdiyini görürük. Bu, insanların İslam dinini alqışladığını, onların bu dinə diqqət yetirdiklərini göstərir. Odur ki islami oyanış olduqca böyük bir hadisədir. İmperializmin səylərinə rəğmən, bu hadisə meydana gəldi. Onun ortaya çıxması imperializmin istəyinə zidd idi. Təbii ki, qarşı tərəf də buna öz reaksiyasını verdi. Bu gün biz düşmən cəbhəsinin reaksiyasını müşahidə edirik: regionumuzun şərqindən – Əfqanıstan və Pakistandan tutmuş, Qərbi Asiyaya – Livan və Suriyaya qədər müəyyən hadisələr baş verir. İmperializm cəbhəsi və bu cəbhənin vahid siması olan ABŞ dövləti öz imperialist yanaşmasına uyğun olaraq, bu regionda özü üçün hansısa mənafe müəyyən edib – yəni 19-cu əsrdəki istismarçı yanaşmasını yeni bir formada tətbiq edir və regiondakı bütün problemləri özü üçün müəyyənləşdirdiyi bu mənafeyə uyğun surətdə həll etmək istəyir. Suriya məsələsi də, Bəhreyn məsələsi də bu qəbildəndir. İmperializmin bu regiondakı iştirakı özünə qarşı istənilən müqaviməti əzib məhv etmək niyyətində olan təcavüzkar, hegemon və tamahkar bir iştirakdır. Əlbəttə ki, əlhəmdulillah, bu günə qədər bunu bacarmayıblar, bacarmayacaqlar da.

Bu region təbii sərvətlərlə zəngin, olduqca mühüm coğrafi mövqeyə malik olan bir regiondur.  Onlar, təbii ki, bu regiona diqqət yetirirlər, göz qoyurlar. Səsləndirdikləri fikirlərə diqqət yetirəndə görmək olur ki, indiyə qədər nə ediblərsə, hamısı bir məqsədə xidmət edib: aparıcı rolu İsrail rejiminə ayırmaqla bu regionu özlərindən asılı etmək, burada öz hakimiyyətlərini bərqərar etmək. İstədikləri budur! Elə Suriyada baş verən son olaylarda da – özünüz görürsünüz – axırıncı bəhanələri kimyəvi silah məsələsi oldu. Əlbəttə ki, söz oynatmaqla özlərini elə göstərməyə çalışırlar ki, guya məsələyə humanizm nöqteyi-nəzərindən müdaxilə edirlər. Bu iddianın yalan olduğunu dünyada bilməyən varmı? Amerika siyasətçiləri üçün heç bir  əhəmiyyət daşımayan bir mövzu varsa, o da sözsüz ki, humanizmlə bağlı məqamlardır. Bunlar o insanlardır ki, Qvantanamoda və ondan öncə İraqın Əbu-Qureyb həbsxanasında bir neçə min məhbusu mühakimə olunmadan – sırf ittiham əsasında illərlə saxlayıblar; o məhbuslardan hələ də var. Humanizm budur? Bunlar o insanlardır ki, Səddamın regiondakı genişmiqyaslı kimyəvi bombardmanlarını görə-görə cınqırlarını belə çıxarmadılar (istər İraqın Hələbçə şəhərində, istərsə də bizim şəhərlərimizdə – Sərdəştdə və digərlərində olanları); hətta ona kömək də etdilər. Tutaq ki, Amerika bilavasitə kimyəvi silah verməklə Səddama kömək etməmişdi (əlbəttə ki, Qərb bunu edib; heç bir şübhə yoxdur, əlimizdə dəqiq məlumatlar var), amma ən azından Amerika hər şeyi görürdü, xəbəri var idi, buna baxmayaraq kiçicik belə olsun etiraz etmədi. Onların humanizmi budur. Əfqanıstanda, Pakistanda camaatın toy karvanlarını avtomatlardan güllə yağışına tutublar, insanları qətlə yetiriblər, İraqda yüzlərlə insanı zülm və əzab-əziyyətlə öldürüblər. İndinin özündə də onların göstərişi ilə oturub-duran ünsürlər eyni işləri davam etdirirlər. Bunlarınsa səsi çıxmır. Humanizm, insanlıq elə bir mövzu deyil ki, dünyada kimsə Amerikanın onu bərqərar etmək niyyətində olduğuna inansın. Sadəcə bunu deməklə söz oynadırlar, gəlişigözəl sözlərlə baş aldatmaq istəyirlər ki, öz hərəkətlərinə haqq qazandırsınlar. Əlbəttə, biz bu fikirdəyik ki, onlar səhvə yol verirlər, bu əməlləri ilə özlərinə vurduqları zərbənin ağrısını hiss edəcəklər və bu məsələdə, mütləq, ziyan çəkəcəklər. Buna heç bir şəkk-şübhə yoxdur. Bəli, regionumuzun vəziyyəti bu cürdür.

Keçmişi olduqca möcüzəli olan, tarixi hadisələrin sərt burulğanında meydana gəlmiş İslam Respublikası sonralar da uzun illər boyu cürbəcür düşmənçiliklərə sinə gərmiş, nəinki zəifləməmiş, şüarlarının aktuallığını itirməmişdir, hətta günü-gündən daha da gerçək güc əldə etmişdir. Bugünkü İslam Respublikası beynəlxalq nüfuz və iqtidarı, eləcə də daxili imkanları baxımından 25-30 il bundan əvvəlki İslam Respublikasından yerdən-göyə qədər fərqlənir. Onun şüarları da qətiyyətlidir. Düşmənin regionla bağlı planlarını nəzərə alsaq, deyə bilərik ki, İslam Respublikası hansı addımları atmalı olduğuna diqqət yetirməlidir. Düşünürəm ki, bizim hamımızın, bütün ölkə rəsmilərinin və dövlət olaraq İslam Respublikasının öhdəsinə düşən vəzifə qəbul etdiyimiz bütün qərarlarda və atdığımız bütün addımlarda bu üç mühüm komponenti nəzərə almaqdır: birinci komponent İslam Respublikasının hədəf və ideallarından ibarətdir; belə ki bu hədəf və ideallar heç bir vəchlə diqqətdən kənar qalmamalıdır. İslam Respublikasının ideallarını qısa bir cümlə ilə ifadə etmək olar: İslam sivilizasiyasının qurulması. İslam sivilizasiyası dedikdə insanın maddi və mənəvi cəhətdən inkişaf edə biləcəyi, Allah-Taalanın xilqətdə onun üçün nəzərdə tutduğu uca qayələrə yetişə biləcəyi, gözəl, heysiyyətli bir həyat yaşaya biləcəyi, dəyərli, güclü, iradəli, təşəbbüskar ola biləcəyi, təbiətdə qurucu fəaliyyət göstərəcəyi bir ictimai atmosfer nəzərdə tutulur. İslam sivilizasiya bax budur. İslam Respublikasının hədəfi və amalı budur.

İkinci komponent isə bizi bu hədəflərə çatdıracaq yollardan – əsas və ümumi strategiyalardan ibarətdir. Bu strategiyaların hansılar olduğunu bilmək lazımdır. Onlar aşağıdakılardır: İslama əsaslanmaq, müxtəlif münasibətlərdə zalım və məzlum simasında çıxış etməmək; belə ki buyurulur:

(3)كُونا لِلظّالِمِ خَصماً و لِلمَظلُومِ عَوناً

– bu, bir vəzifədir, ümumi bir strategiyadır. Bundan başqa, xalqın rəyinə – xalq hakimiyyətinin özəyini təşkil edən başlıca amilə əsaslanmaq və s. bu qəbildən olan strategiyalar vardır. Bunlar İslam Respublikasını az öncə qeyd etdiyim amallara çatdıracaq əsas və ümumi siyasətlər, başlıca strategiyalardır. Kollektiv əmək, kollektiv səy, milli birlik və s. bu kimi şeylər də buraya daxildir.

Və üçüncüsü – reallıqlar. Reallıqları da görmək lazımdır. Mübarək Ramazan ayında mən hökumət rəsmiləri ilə olan görüşümüzdə də qeyd etmişdim ki, bizə reallıqları nəzərə alaraq ideallara doğru irəliləmək lazımdır. Reallıqları da düzgün dərk etmək, onların içərisindən ölkəyə və xalqa qüdrət qazandıranları tanıyıb seçmək lazımdır. Həmçinin nöqsan və çatışmazlıq olan reallıqların da hansılar olduğunu bilmək lazımdır; irəliləyişə mane olanları bilmək lazımıdır. Reallıqları düzgün dərk etmək lazımdır. Həmin görüşdə mən bir neçə reallığın adını çəkdim və dedim ki, bunlar ölkəmizdə mövcud olan ürəkaçan reallıqlardır. Yalnız nöqsanları və zəif cəhətləri görmək lazım deyil. Yüksək intellekt və istedada malik, fəal və təşəbbüskar insanların varlığı, gənc nəslin böyük bir hissəsi arasında dini maarif və mənəviyyatın rəvac tapması, dini, islami şüarların öz aktuallığını qoruyub saxlaması, dünyada və regionda İslam Respublikasının nüfuzunun günü-gündən artması – bütün bunlar faktiki olaraq mövcud olan reallıqlardır. Bu reallıqları da görmək lazımdır. Əlbəttə ki, insanın bütün həyatı acı və şirin olayların qarışığından ibarət olduğu kimi, ölkəmizdə də bu ürəkaçan reallıqlarla yanaşı, acı reallıqlar da var. Həmin ürəkaçan reallıqlara əsaslanıb onları daha da gücləndirərək acı, yaxud arzuolunmaz reallıqların aradan qaldırılması və ya heç olmasa azaldılması üçün çalışmaq lazımdır.

Bu üç komponenti daim diqqət mərkəzində saxlamaq lazımdır. Yəni idealları diqqətdən kənarlaşdırmaq olmaz, strategiyaları diqqətdən kənarlaşdırmaq olmaz və əlbəttə ki, reallıqları da görmək lazımdır. Reallıqları görməsək, yolu düzgün gedə bilməyəcəyik. Lakin bir şey də var ki, reallıqların varlığı bizi yolumuzdan daşındırmamalıdır. Yolumuzun üstündə böyük bir qaya parçasının varlığı bizi geri qayıtmağa məcbur edərsə, səhv etmiş olarıq. Eynilə o qaya parçasını nəzərə almadan irəli getməyimiz  də səhvdir. Amma əgər diqqət yetirib onun kənarından bir yol tapmağa, yaxud onun özünü aradan qaldırmağa və ya içərisindən bir keçid yaratmağa çalışsaq, yaxud alternativ yol axtarsaq, o zaman reallığa düzgün yanaşmış olarıq. Dahi liderimiz İmam Xomeyni də İslam İnqilabının ilkin dönəmində, yəni o həlledici və son dərəcə həssas olan ilk 10 ildə məhz belə etdi. İmam reallıqlara göz yummadı, lakin etinasızlıq da göstərmədi, əsas strategiyanı yaddan çıxarmadı. İmamın tutduğu mövqeyə, həyatına, şüarlarına baxın. Dahi İmam Xomeyni həmin insandır ki, İsrail məsələsi ilə bağlı heç vaxt heç kəsin qarşısında mövqeyini gizlətməmişdir. “İsrail rejimi öldürücü xərçəng şişidir və kəsilib atılmalıdır” – bunlar İmam Xomeyninin sözləridir. İmam hiyləgər və müdaxiləçi Amerika dövlətinin şər əməlləri qarşısında heç vaxt mövqeyini gizlətməmiş, heç nəyi və heç kəsi nəzərə almamışdır. “Amerika böyük Şeytandır” – bu sözlər də imama aiddir. Müsəlman tələbə və gənclərin Tehrandakı Amerika səfirliyinə hücum etməsini, onların casus sənədlərini və texniki vasitələrini ələ keçirməsini də imam ikinci, bəlkə də, birincidən daha mühüm inqilab kimi dəyərləndirmişdi. Bunlar imamın fikirləridir, imamın tərzidir. Müqəddəs Müdafiə Savaşı başlayanda da imam: “Fitnə aradan qalxana qədər müharibə!” – demişdi. Başqaları: “Müharibə, qələbəyədək müharibə!” – deyirdilər, imam isə buyurdu: “Fitnə aradan qalxana qədər müharibə!” Məhz imamın bu mübarizliyi və mətin mövqeyi dövlətimizin əsaslarını möhkəmlətdi.

Bu yolu tuta bilməyən və öz ölkəsində başqa cür hərəkət edənlər imperialistlərin onlardan razı qalması xatirinə öz prinsiplərindən geri durdular, əsas şüarlarını yaddan çıxardılar və özünüz görürsünüz ki, nə vəziyyətə düşdülər. Əgər Misirdə İsrailə qarşı mübarizə şüarı irəli sürülsəydi, Amerikanın və Amerikaya işləyən ünsürlərin vədləri qarşısında yumşalıb geri çəkilməsəydilər, bəlkə də, belə olmazdı; yəni heç şübhəsiz, belə olmazdı ki, Misir xalqını 30 il ərzində zəlil etmiş bir diktator həbsdən azad oluna, xalqın səsverməsi nəticəsində hakimiyyətə gəlmiş şəxslərin haqqında isə edama məhkum edilmə ehtimalı ortaya çıxa. Belə bir şeyin baş verməsi əsla mümkün olmazdı. Prinsiplərin üzərində möhkəm durulsaydı, meydanlara çıxıb xalqın seçdiyi o sadəlövh insanlara qarşı etiraz edənlərin yarısı və ya çoxu onların tərəfinə keçərdi. Yəni onlar etiraz ediləcək, mübarizə aparılacaq insanlar deyildi. İnsan prinsipial mövqeyindən geri çəkiləndə belə olur. Bunlar elə şeylərdir ki, istənilən halda onlara riayət etmək lazımdır.

Problemlərə gəldikdə isə biz düşünürük ki, onları aradan qaldırmaq üçün əsas diqqəti dövlətin daxili strukturunun möhkəmləndirilməsinə yönəltmək lazımdır. Əsas məsələ budur. Problemlər bu gün ortaya çıxmayıb – həmişə olub, bütün ölkələrdə var. Kimsə hansısa inkişaf etmiş ölkədə, hansısa Qərb, yaxud Avropa  dövlətində, hansısa zəngin, əhalisi az və ya çox olan bir ölkədə heç bir problemin olmadığını güman edirsə, yanılır. Problemlər hər yerdə var. Bu, istənilən xalqın inkişaf prosesi üçün təbii, xarakterik olan bir cəhətdir: qarşıda hansısa problemlər olur, rəsmilər onları aradan qaldırılıb xalqın irəliləyişini təmin etməli olurlar. İndi bəziləri problemlərini başqalarının köməyi ilə, başqalarına arxalanaraq, kimlərəsə rüşvət verərək, boyun əyərək həll etmək istəyirlər. Bəziləri isə yox – problemlərini öz gücləri, daxili imkanları hesabına aradan qaldırmağa çalışırlar. Biz də məhz belə etmək lazım olduğuna inanırıq. Biz özümüzü daxildən gücləndirməliyik. Müdrik və rasional yanaşma, hərtərəfli düşüncə olarsa, daxildən möhkəmlənmə  tamamilə mümkün bir şeydir – istər bu elmi inkişaf yolu ilə olsun, istər düzgün iqtisadi struktur və idarəetmə yolu ilə. Mənə elə gəlir ki, bunlar tamamilə mümkün olan işlərdir.

Bəli, görürsünüz ki, bu gün neftimizə hansısa təzyiq olunduqda biz problemlə üzləşirik. Bu nədən irəli gəlir? Ondan irəli gəlir ki, biz müharibə dövründən, müharibədən sonrakı dövrdən indiyə qədər neftdən asılılığımızı azalda bilməmişik. Əgər biz neftdən asılılığımızı azaltsaydıq, neftə edilən təzyiqlər bizim üçün bu qədər ağır sonuclanmazdı. Odur ki biz özümüzdən ummalıyıq, iradəmizin gücü ilə problemlərimizi həll etməyi özümüzdən gözləməliyik.

Əlhəmdulillah, bu gün yeni bir hökumət kabineti işə başlayıb. Hazırkı şəraitimizin üstün cəhətlərindən biri də elə yeni fikir, ideya və təşəbbüslərlə çıxış edəcək, yeni nəfəsli bir hökumətin iş başına keçməsidir. Bu hökumətdə bacarıqlı, işləmək, inşallah, işləri artıq elan etdikləri hədəflərə doğru irəli aparmaq əzmində olan insanlar təmsil olunur. Möhtərəm ölkə başçısı da ölkənin cürbəcür inqilabi sferalarında fəal iştirak etmiş bir ruhanidir. Bunun özü də real bir imtiyazdır. İş elə bir şeydir ki, hamı bir-birinə kömək etməlidir. Mən də bunu öz vəzifəm hesab edirəm; bütün əvvəlki hökumətləri dəstəklədiyim, himayə etdiyim kimi, hazırkı hökumət aparatını da, mütləq, dəstəkləyəcək, himayə edəcəyəm. Digər rəsmilər də eynilə. Əlbəttə ki, mənim hökumət administrasiyalarını himayə etməyim o mənada deyil ki, onların gördüyü bütün işləri qəbul edirəm. Xeyr, müxtəlif dövrlərdə cürbəcür administrasiyalar olub ki, biz həm onların hamısını dəstəkləmişik, həm də müxtəlif sahələrdə iradlarımızı bildirmişik.  Lakin bu iradlar bizim hökuməti özümüzə yad hesab etməyimizə, hökumət rəsmilərinə hər kəsin uzatmalı olduğu yardım və dəstək əlini onlardan əsirgəməyimizə səbəb olmamalıdır. İnşallah, hökumətə bu yardım və dəstəyi də göstərməliyik, dua da etməliyik, tövsiyələrimizi də verməliyik. Nəsihət də lazımdır.

النَّصيحَةُ ِلأَئِمَّة المُؤمِنين

– möminlər rəhbərlərinə nəsihət etməlidir. Burada xeyirxah niyyətlə deyilən söz, verilən tövsiyə nəzərdə tutulur. Doğrudur, xeyirxah niyyətlə deyilən bu söz bəzən sərt, kəskin də ola bilər; bu, təbiidir. Əgər o sərt sözlərin ünvanlandığı rəsmilər düzgün fikirləşsələr, məncə, bu, onları sevindirər. Hətta o kəskin, sərt sözlər də onların xeyrinədir. Hər halda, dostlarımızın burada qeyd etdikləri və çoxunu da qeyd etmədikləri problemlərə rəğmən, mən ölkəmizdə mövcud olan vəziyyətə, ölkənin gələcəyinə nəzər salanda bu gələcəyin çox yaxşı, önümüzdəki yolun kifayət qədər aydın olacağını görürəm. Bizim məramımız və ideallarımız dəqiqdir, nə etmək istədiyimizi bilirik. Bu ideallara aparan yol da dəqiq və aydındır. Strategiyalarımızda da heç bir qeyri-müəyyənlik yoxdur; nə etməli olduğumuz məlumdur.

Bu illər ərzində dünyada və regionda gedən cəbhələşmələr də tamamilə aydınlaşıb. Sözsüz ki, siyasətin bütün sferalarında ustalıqla, qəhrəmancasına yumşaqlıq göstərmək, müəyyən manevrlər etmək məqsədəuyğun və arzulanan bir haldır, lakin bu məharətli manevrlər qırmızı xətləri keçmək, əsas strategiyalardan üz çevirmək, ideallara etinasızlıq kimi başa düşülməməlidir. Bütün bunlara riayət etmək vacibdir. Əlbəttə, hər bir hökumətin, hər kəsin, hər bir şəxsiyyətin özünəməxsus metodları, təşəbbüsləri var ki, onları həyata keçirərək işləri irəli aparmağa çalışacaq. Mən tamamilə optimist bir əhval-ruhiyyəyə köklənmişəm və inanıram ki, ölkəmizdə mövcud olan bütün problemlərin – istər iqtisadi, siyasi və təhlükəsizlik məsələləri ilə bağlı problemlər olsun, istərsə də bütün bunlardan daha mühüm olan, hərçənd bəzi iqtisadi problemlərin həlli daha təcili olsa belə, hətta iqtisadi problemlərdən də daha dərin əhəmiyyət kəsb edən mədəni problemlərin həlli mümkündür, qarşımızdakı yol qət edilməsi mümkün olan bir yoldur. Uca Yaradandan bu işdə bizə yardımçı olmasını diləyirəm.

Mən sizin diqqətinizə çatdırmaq üçün bir məsələni də qeyd etmişdim. İslamın, özəlliklə də İslam dövlətinin düşmənlərinin regionda işlətdiyi əsas strategiyalardan biri məzhəblər arasına konflikt salmaq, sünni-şiə məsələsini qabartmaqdır. Buna diqqət yetirin. Bu işdə iki qrup düşmənin muzduruna, əlaltısına çevrilib: biri sünnilərdəndir, digəri isə şiələrdən. Biri həqiqi dindən uzaqlaşmış təkfirçilərdir, digəri isə düşmənə işləyən, şiə adı altında, guya ki, şiəlik naminə insanların emosiyalarını qızışdıran, düşmənçiliyə rəvac verib fitnə atəşini körükləyənlərdir. Bu böyük, məkrli plana aldanıb bu məsələyə baş qoşan hər bir kollektiv, hər bir qurum və ya dövlət, səhvə yol verən istənilən toplum, sözsüz ki, islami hərəkata və İslam sisteminə zərbə vurmuş olacaq; özəlliklə də bizim ölkəmiz zərbə alacaq. Mən təkidlə vurğulayıram ki, istər İranda, istərsə də digər regionlarda, şiə və ya sünniliyindən asılı olmayaraq, böyük din alimləri buna diqqət yetirsinlər: İslam məzhəbləri arasındakı fikir ayrılıqları bizim öz qarşımızda yeni bir cəbhə açmağımıza, bilavasitə İslamın özünə, region xalqlarının müstəqilliyinə və rifahına düşmən olan əsl düşmənimizdən bixəbər qalmağımıza səbəb olmamalıdır.

Ümidvarıq ki, inşallah, Uca Yaradan hamımıza kömək edəcək, Həzrət Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!) diqqəti və duası sizin hamınıza və bizə şamil olunacaq.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!
____________________________________
(1) Bu görüş cari ilin şəhrivər ayının 12-si və 13-də Xubriqan Məclisinin 4-cü çağırışının 14-cü rəsmi iclasının keçirilməsi ilə əlaqədar olaraq baş tutmuşdur.
(2) Silahlı Qüvvələrin Baş Qərargahının nəzdində həlak olmuş döyüşçülərin axtarışlarını həyata keçirən komitənin ölkə sərhədlərindən kənarda apardığı ən son axtarışların nəticəsi olaraq İraqın bəzi məntəqələrində, o cümlədən hərbi əməliyyatların getdiyi Fav və Cəzireye-Məcnun bölgələrində 92 şəhidin cənazəsinin qalıqları aşkarlanaraq cari ilin mordad ayının 24-də Şələmçə sərhəd keçid məntəqəsindən İran İslam Respublikasına gətirilmiş və qətlə yetirilmiş 61 İraq əsgərinin cəsədləri ilə dəyişdirilmişdir. Bu şəhidlər şəhrivər ayının  11-də İmam Cəfər Sadiqin (ə) şəhadətinin ildönümü ərəfəsində Tehranda dəfn olunmuşlar.
(3) “Nəhcül-Bəlağə”, 47-ci məktub