Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Böyük İslam ümmətinin dünyanın müxtəlif məntəqələrində yaşayan bütün nümayəndələrini, müxtəlif sferalarda Allahın nemətlərini və hidayətini qəbul etmək ləyaqətinə malik olduğunu sübuta yetirmiş böyük və şanlı İran xalqını, eləcə də sizi – möhtərəm iştirakçıları, başımızın ucalığı olan hökumət rəsmilərimizi, qonaqlarımızı – müsəlman ölkələrinin möhtərəm səfirlərini mübarək Fitr bayramı münasibətilə təbrik edirəm. Həmçinin İran xalqını sözün həqiqi mənasında mübarək bir Ramazan ayı yaşadığı üçün də təbrik etmək lazımdır.
İran xalqı bu ayda vacib və müstəhəb ibadətləri yerinə yetirməklə bir daha ilahi rəhmətin üzərinə yağdırılması üçün ləyaqət qazandı. Uzun və isti günlərdə oruc tutan ağızlar, zikr, ibadət, dua və minacatla rövnəqlənən gecələr, ölkənin müxtəlif yerlərində təşkil olunan, əhalinin, xüsusən də gənclərin və yeniyetmələrin dinimizin müqəddəs kitabına böyük sevgi və maraq göstərdiyi çoxsaylı Quran məclisləri, Qədr gecələri və bu gecələrdə keçirilən möhtəşəm, məna və məzmun dolu tədbirlər (həmin gecələrdə əhalinin müxtəlif təbəqələrini təmsil edən, cürbəcür peşə sahibləri olan, fərqli dünyagörüşünə və zahiri görünüşə malik çoxlu sayda insanı hansısa qüvvə zikr, dua və təvəssül olunan məkanlara çəkib gətirirdi) – bütün bunlar olduqca dəyərlidir. Biz, əlhəmdulillah, ölkəmizdə mövcud olan və ilin əksər vaxtlarında, özəlliklə də Ramazan günlərində, Qədr gecələrində və bu qəbildən olan digər əziz günlərdə özünü daha da artıq büruzə verən bu zikr və təvəssül əhval-ruhiyyəsinin qədrini bilməliyik.
Mən bu günlərin əzəmətini, Allahı zikr və yad etməyin dəyərini nəzərə alaraq möhtərəm hökumət rəsmilərimizə, ölkənin idarəçiliyini öhdəsinə götürmüş, inşallah, bu yolda sabitqədəmliklə, güclü iradə və əzmlə irəliləyəcək bu yeni administrasiyaya bir tövsiyə etmək istəyirəm: qarşılarındakı çətin yolda Allahın zikrindən, Uca Yaradana diqqət, təvəssül və etimaddan bir silah kimi istifadə etsinlər.
يا من لا يجبه بالرّدّ اهل الدّالّة عليه
– mübarək “Səhifeyi-Səccadiyyə” kitabında Fitr bayramı ilə bağlı qeyd olunmuş duadır(1). Uca Yaradan, Aləmlərin Rəbbi öz rəhmətini hətta ona lazımi ədəb-ərkanla müraciət etməyən şəxslərə də şamil edir. Allahın sonsuz mərhəməti buna ehtiyacı olan, bunun üçün rəbbinə ağız açan hər kəsə aid olunur. Əsas odur ki, biz Allahdan doğru yola hidayət olunmağımızı istəyək, mərhəmət diləyək, əl açıb Allahdan istəyək – yalnız bu zaman bunları əldə edə bilərik.
Ölkənin bütün rəsmiləri – özəlliklə də yüksək ranqlı rəsmilər Uca Yaradana diqqət etsinlər, təvəssül etsinlər. Onların çiyinlərinə mühüm vəzifələr, ağır işlər, bütöv bir xalqın hüquqlarına riayət etməyin məsuliyyəti düşür. Uca Allahın yardımı ilə bu vəzifələri, bu məsuliyyəti lazımınca yerinə yetirmək olar. İlahi yardım qapısının üzümüzə açılmasına nail ola bilsək, artıq önümüzdə həll olunmayan heç bir çətinlik qalmayacaq. Rəsmilər ümidlərini Allaha bağlayaraq bütün səylərini ortaya qoymalıdırlar. Tənbəllik edib işləmədən Allahın rəhmətinə ümid bəsləmək olmaz. Allah-Taala yalnız o zaman bizi doğru yola istiqamətləndirər, əlimizdən tutar, lütf ilə köməyimizə durar ki, biz varlığımızın (hansı ki onun özü də Allaha aiddir) bütün imkanlarını ortaya qoyaq; düşüncəmizdən, fiziki gücümüzdən və iş qabiliyyətimizdən, ölkəmizin nəhəng insan potensialından, hər bir şeydən istifadə edək. O zaman, sözsüz ki, Allah-Taala bizə yardım və inayət edəcək.
Müəyyən etaplarda ölkənin gələcəyinə pessimist yanaşanlar çox olub. Bu 34 ildə biz çox şeylər görmüşük. Uzaqgörən olmayan, Allahın köməyinə inamı zəif olan, yaxud ilahi vədlərə nikbin yanaşmayan insanlarla rastlaşmışıq. Bəzən hətta Quranda buyurulduğu kimi:
و زلزلوا حتّى يقول الرّسول و الّذين ءامنوا معه متى نصر الله
“Elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?”– demişdilər”. (“Bəqərə” surəsi, ayə 214)
Tarix boyu da belə şeylərə rast gəlinib. Həmin anlarda Uca Yaradan bəndələrinə kömək olub. Və siz baxın ki, bu gün xalqımız, ölkəmiz bütün əvvəlki dövrlərlə müqayisədə daha öndədir. Tərəqqi İran xalqının hərəkatı üçün təbii, xarakterik bir cəhətə çevrilib. Əlhəmdulillah, xalqımız günü-gündən irəli gedib, bundan sonra da belə olacaq. Əsas odur ki, Yaradanla aramızda olan rabitəni möhkəmlədək. Bu gün İslam dünyası böyük problemlər içərisindədir. Ölkəmizin yerləşdiyi regiona nəzər salaq – çox təəssüflər olsun ki, ətrafımızdakı ölkələrin əksəriyyətində müəyyən problemlər yaşanır. Əksər hallarda da bunlar həmin ölkələrə kənardan yeridilmiş, xarici dövlətlər tərəfindən qəsdən yük edilmiş problemlərdir. Bu gün Qərbi Asiya və Şimali Afrika regionlarında baş verənləri görürsünüz – yadellilərin müdaxiləsi olmasaydı, böyük dövlətlərin qərəzli siyasətləri olmasaydı, sözsüz ki, vəziyyət bu qədər mürəkkəbləşməzdi. Elə bu gün də çıxış yolu yalnız ondan ibarətdir ki, başqalarının, xarici qüvvələrin müdaxiləsi olmadan xalqlar özləri qərar qəbul etsinlər. Bu gün regionumuzda baş verən acı olayların çarəsi yalnız budur – Misirdə də, Liviyada da, Suriyada da. Xarici qüvvələr imkan versələr, insanların arasına nifaq və ikitirəlik yeritməsələr, xalqlar özləri öz ziyalılarının müdrikliyi, liderlərinin, öndərlərinin, içərilərindəki ağıllı adamların istiqamətləndirməsi sayəsində çıxış yollarını tapa bilərlər.
Allahın lütfü və mənəvi dəstəyi sayəsində İran xalqı bu günə qədər iman ruhiyyəsi ilə, dinin bərəkəti nəticəsində bəhrələnə bildiyi birlik, həmrəylik və vəhdət ruhiyyəsi ilə bu yolu qət edə bilib. Allahın köməyi ilə bu, gələcəkdə də elə belə olacaq.
Digər ölkələrdə işlətdikləri məkrli planlar bizim ölkəmizdə effekt vermir. O biri ölkələrdə ya məzhəb ixtilafları zəminində camaatı bir-birinin canına salır, ya etnik mənsubiyyət bəhanəsi ilə qardaşı qardaşla üz-üzə qoyur, ya da siyasi partiya təəssübkeşliyi adı altında konflikt yaradırlar. İran İslam dövlətində bu təhlükəli və zəhərli silahlardan heç biri işə yaramır. Müxtəlif məzhəblər və etnoslar mehriban qonşuluq şəraitində, əl-ələ verib dinc yaşayırlar, müxtəlif siyasi qruplar və cərəyanlar ən əsas məsələlərdə bir olub həmrəyliklə irəli gedirlər.
Mənim hökumət rəsmilərinə, siyasi liderlərə, sayılıb-seçilən, görkəmli din xadimlərinə, xalq içərisində sözünün nüfuzu olan şəxslərə tövsiyəm budur: İran xalqının bu dəyərli birlik və həmrəyliyini bacardığınız qədər vurğulayın, bu faktı bacardığınız qədər ön plana çəkin. Allaha iman və birlik, din və söz birliyi – ölkələrin, xalqların öz ayaqları üzərində durmasına şərait yaradan, onlara müqavimət gücü bəxş edən məhz bu iki şeydir. Allaha həmd olsun ki, bunların hər ikisi İran xalqında var. Kaş ki başqa ölkələrdə də siyasi liderlər və ziyalılar bu məqama daha artıq diqqət yetirəydilər və region ölkələrinin üzləşdiyi problemləri müdrikliklə aradan qaldıraydılar.
Dua edək ki, Uca Yaradan İslam ümmətini başıuca və sarsılmaz etsin. Pərvərdigara! Məhəmməd və Ale-Məhəmməd xatirinə, İslam ümmətinin dünyanın dörd bir yanındakı nümayəndələrinə Öz rəhmət və fəzlini ardıcıl olaraq və daim nəsib et. Pərvərdigara! Müsəlman ölkələrində yadellilərin xalqın həyatına əl qoymasına imkan vermə.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!
________________________________________
(1) Səhifeyi-Səccadiyyə,
dua 46