Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin tələbələrlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Uca Yaradana şükürlər edirəm ki, əziz tələbələrimizlə Ramazan ayının bu saf, pak, müqəddəs günlərində, bu hüseyniyədə, səmimi bir atmosferdə bir daha görüşmək üçün mənə ömür verdi. İnşallah, bu görüş – istər sizin səsləndirdiyiniz fikirlər, istərsə də mənim deyəcəklərim – gələcəkdə ölkəmiz üçün, universitetlərimiz üçün, genişmiqyaslı tələbə hərəkatı üçün faydalı olar.

Bəli, bu günlərdə bir saflıq, paklıq var: qeyd etdiyim kimi, Ramazan ayının, orucluğun saflığı, Qədr gecələrinin saflığı, müttəqilərin mövlası Həzrət Əlinin (ə) xatirəsindən doğan saflıq – saflığın təzahürü, saflığın mənşəyi o həzrətdir – və sizin gəncliyinizin saflığı. Allaha həmd olsun ki, tələbə gənclərimiz (əlbəttə ki, sizlər də onların təmsilçisisiniz, bir nümunəsiniz) və ümumilikdə ölkəmizin böyük tələbə ictimaiyyəti müxtəlif aspektlərdən yanaşdıqda insana ümid bəxş edir. Ümidvaram ki, sizin zəhmətiniz və səyləriniz sayəsində sizin gələcəyiniz, ölkəmizin gələcəyi ürəkaçan olacaq, ümid və qüvvə ilə dolu olacaq.

Dostlarımız çox yaxşı məqamlara toxundular. Yadımdadır ki, ötən il də burada çıxış edən tələbə qardaş və bacılarımızın qeyd etdiyi məqamlar mənim, doğrudan da, çox xoşuma gəlmişdi və bunu dilə gətirib demişdim. Əlbəttə ki, o söhbətlər detalları ilə mənim yadımda qalmır, amma ümumilikdə çıxışların çox yaxşı olduğunu xatırlayıram. Bu il də eynilə; əlhəmdulillah, bu il də siz gənclərin müxtəlif sferalarla bağlı qeyd etdiyiniz məqamlar çox gözəl, ətraflı düşünülmüş, ölçülüb-biçilmiş idi. Sizin dediklərinizin əksəriyyətini mən qəbul edirəm. Çıxışlarınız əsnasında bəzi təkliflər də irəli sürdünüz. Ümidvaram ki, inşallah, hökumət strukturları, biz özümüz, digər rəsmilər bu təklifləri daha da artıq nəzərdən keçirə, onların arxasında duran arzu və istəkləri reallaşdırmağın yollarını tapa biləcəyik.

Siz çıxış etdikcə mən burada bəzi məsələləri özüm üçün qeyd etdim ki, onların barəsində bir neçə cümlə ilə fikir bildirim. Qardaşlardan biri islami fikir mərkəzlərinin yaradılmasına ehtiyac olduğunu dilə gətirdi. Tamamilə doğrudur, mən də bu fikirlə razıyam. Bunun artıq layihəsini hazırlamaq lazımdır. İntəhası, o dostumuz dedi ki, artıq kiçik bir layihə nümunəsi də hazırlayıblar və mənə təqdim edəcəklər, amma deyəsən, heç nə təqdim etmədilər.

Dostlarımızdan biri mötədillik məsələsinə toxundu və məndən bunun necə başa düşülməli olduğunu izah etməyimi istədi – belə ki yeni seçilmiş prezident mötədillik şüarını irəli sürüb. Düşünürəm ki, bu barədə izah vermək mənə düşməz. Axı səsləndirdiyi fikirlərin, irəli sürdüyü şüarların arxasında hər kəsin öz fikri, öz niyyəti var. Əminəm ki, yeni seçilmiş möhtərəm ölkə prezidenti bu şüarının tam olaraq hansı anlama gəldiyini, hökmən, izah edəcək. Sərbəst mühakimə üçün də meydan açıqdır. Biz səsləndirilən fikirlər haqda mühakimə yürütməyi heç kəsə qadağan etmirik. Əlbəttə, mənim bəzi tövsiyələrim var və söhbət əsnasında, ola bilsin ki, inşallah,  onları qeyd etdim.

Dostlarımızdan biri dedi ki, müxtəlif məsələlərin təhlili ilə əlaqədar olaraq, tələbələr arasına kin-küdurət düşür. Mən  sizdən ciddi şəkildə xahiş etmək istəyirəm ki, hamınız təhlillərdə, proseslərdən çıxarılan nəticələrdə, reallıqların interpretasiyasında mövcud olan fikir ayrılıqlarının kin-küdurətlə, konfliktlə sonuclanmamasına çalışasınız. Elm aləmində olduğu kimi: iki ayrı insan fərqli elmi görüşlərə malik ola bilər. Təbii ki, bu, konfliktə, dava-dalaş və düşmənçiliyə səbəb olmur; iki fərqli fikirdir, vəssalam. Mənə elə gəlir ki, ictimai-siyasi məsələlərdə də, əgər siz əsas prinsiplərdə həmfikirsinizsə, bir-birinə qarşı bu cür davranmalısınız. Kin-küdurətə yol açılmasına imkan verməyin. Bəli, əsas prinsiplər baxımından sizinlə düşmənçilik edən şəxslər ola bilər – bu, ayrı mövzudur, ayrı məsələdir. Amma fikir ayrılıqları dava-dalaşla, kin-küdurətlə və bütün bunların məntiqi nəticəsi olacaq aqressiya ilə sonuclanmamalıdır. İmam Xomeyni (Allah ona Behişti nəsib etsin!) əlbəttə ki, tələbələrə yox, siyasətçilərə, rəsmilərə, deputatlara, siyasi fəallara dəfələrlə tövsiyə edib deyərdi ki, bir-birinizə qarşı din tələbələrinin dərsə hazırlaşarkən diskussiya etdikləri zaman davrandıqları kimi davranın. Din tələbələri mövzu üzərində diskussiya apardıqları zaman bəzən bir-birinə əsəbiləşirlər. Onların haqqında məzəli əhvalatlar  da danışırlar; deyirlər ki, hətta bir-birinin başına kitab da çırpırlar; əlbəttə ki, bu, belə deyil, amma qızğın müzakirələr aparır, hay-küy qaldırırlar. Kənardan baxan elə bilər ki, bunlar bir-birini didib parçalayacaq. Halbuki belə deyil. Dərs hazırlıqları bitən kimi durub gedirlər, bir süfrənin başında otururlar, şorbalarını yeyir, dostcasına söhbətləşir, mehriban yoldaşlıq edirlər. İmam deyirdi ki, istər parlamentdə, istər hökumət kabinetində, istər o zaman ölkəmizdə mövcud olan İslam Respublikası Partiyasında, yaxud siyasətin digər sferalarında siyasətçilər bir-birinə qarşı bu şəkildə davranmalıdırlar. Fikir ayrılığı da, mübahisə də ola bilər, amma ortaya kin-küdurət və düşmənçilik düşməsinə imkan vermək olmaz.

Xoşbəxtlikdən, bu gün ölkəmizin tələbə ictimaiyyəti (mən əksəriyyəti nəzərdə tutaraq deyirəm) fərqli siyasi görüşlərə malik olsa da, müştərək prinsiplər əsasında hərəkət edir. Mən özüm də bu fikirdəyəm ki, fərqli siyasi görüşlərə malik insanlarla müzakirələr aparmaq, söhbət etmək lazımdır (ola bilsin, inşallah, söhbət əsnasında bu barədə yenə də danışaram), lakin dava-dalaş, düşmənçilik, kin-küdurət və bu kimi şeylərə yol vermək olmaz. Bu kimi halları tələbə ictimaiyyətindən mümkün qədər uzaqlaşdırmağa çalışın.

Dostlarımızdan biri 1388-ci (2009) ildə baş vermiş hadisələrə və həmin olaylarla bağlı gəzən söz-söhbətə toxundu. Xahiş edirəm, əgər 1388-ci ildə baş vermiş hadisələrə toxunursunuzsa, həmin proseslərin mahiyyətini təşkil edən əsas və ümdə məsələni nəzərdən qaçırmayın, daim diqqətdə saxlayın. Həmin məsələ bundan ibarətdir ki, bir qrup insan qeyri-qanuni və qeyri-alicənab bir şəkildə ölkədəki qanuni proseslərə qarşı çıxaraq ölkəyə zərbə və ziyan vurdu. Bunu nə üçün yaddan çıxarırsınız? Əlbəttə ki, böyük bir hadisənin fonunda elə konfliktlər baş verə bilər ki, zalımla məzlumu ayırd etmək çətin olar; yaxud eyni insan hansısa situasiyada zalım, hansındasa məzlum qismində çıxış edə bilər. Bu tamamilə mümkün bir şeydir. Lakin bu olaylarda əsas məsələni diqqətdən qaçırmaq olmaz. 1388-ci ildə seçkinin saxtalaşdırıldığını düşünənlər buna qarşı mübarizə aparmaq üçün nəyə görə küçələrə tökülmək yolun seçdilər? Bu suala nə üçün cavab vermirlər? Yüz dəfə soruşduq; özü də ictimaiyyət içərisində yox, cavab verməyin mümkün olduğu şərtlər daxilində. Cavab vermədilər. Yaxşı, bəs nə üçün üzrxahlıq etmirlər? Xüsusi iclaslarda deyilər ki, seçkidə heç bir saxtalaşdırmaya yol verilmədiyini etiraf edirlər. Yaxşı, əgər saxtalaşdırma yox idisə, nəyə görə ölkəyə o cür ziyan vurdunuz? Nəyə görə ölkəni xərcə saldınız? Uca Yaradan bu xalqa kömək etməsəydi, kütlələr bir-birinin canına düşsəydilər, bilirsinizmi nələr olardı? Görürsünüzmü bu gün region ölkələrində – vətəndaş müharibəsinin getdiyi yerlərdə nələr baş verir? Ölkəni belə bir uçurumun kənarına çəkib gətirmişdilər; amma Allah-Taala imkan vermədi, xalq da uzaqgörənlik nümayiş etdirdi. 1388-ci il olaylarında əsas məsələ bundan ibarətdir. Bunu nə üçün yaddan çıxarırsınız? 1378-ci (1999) ildə baş vermiş hadisə barədə də deyiləsi sözlər çoxdur; o da başqa bir söhbətdir.

Toxunduğum mövzunun davamı olaraq bir şey də deyim: dostlarımızdan biri buyurdu ki, universitetdə müəyyən hallar özünü göstərsə, biz kəskin şəkildə münasibət bildirəcəyik. Mən bu “kəskin” sözünün mənasını tam olaraq anlamadım. Bu məsələyə toxunan qardaşımız, yəqin ki, fikrini çox güclü məntiqlə, düşünülmüş şəkildə ifadə etdi. Çox yaxşı! Siz güclü məntiqə maliksinizsə, belə yaxşı arqumentlər gətirə bilirsinizsə, öz doğru prinsiplərinizi belə yaxşı müdafiə edə bilirsinizsə, nəyəsə kəskin şəkildə reaksiya verməyinizə nə ehtiyac var? Əgər “kəskin” dedikdə sözünüzdə, məntiqinizdə, arqumentlərinizdə və yazdığınız yazılarda kəskin olmağı nəzərdə tutursunuzsa, lap yaxşı, sözüm yoxdur. Əgər başqa bir mənanı nəzərdə tutursunuzsa, yox. Mən qətiyyən razı deyiləm ki, siz fikrinizə əks olan bir fikrə, yaxud ürəyinizcə olmayan bir hadisəyə qarşı – ola bilsin ki, nəzərdə tutduğunuz mənada – kəskin, arqessiv formada bir iş görəsiniz.

Dostlarımızdan bir neçəsi “şəri vəzifə” və “arzulanan nəticə” məsələləri ilə bağlı suallar verdilər. Bu barədə mən bir qədər sonra qısaca danışacağam.

Qardaşlardan biri nəzarət məsələsinə toxundu. Mən onun dedikləri ilə tamamilə razıyam. Hökumət strukturlarına, o cümlədən Dövlət Teleradiosuna nəzarət haqda danışıldı. Mən deyilənlərlə tamamilə razıyam və bunun lazımlı bir məsələ olduğunu düşünürəm. Lakin parlament kimi bir strukturun üzərində nəzarət mexanizmi necə olmalıdır? Bu, mühüm bir məsələdir, balaca bir şey deyil. Yaxud məhkəmə hakimiyyəti və bəzi digər qurumlar üzərində nəzarət hansı formada həyata keçiriləcək? Bu, mühüm bir mövzudur və tələbə ictimaiyyətinin fəallarının üzərində ciddi səviyyədə düşündüyü, iş apardığı, təklif və layihələr hazırladığı mövzulardan biri ola bilər. Məncə, bu, sizin öhdənizə düşən işlərdən biridir. Bu işləri yerinə yetirməklə ölkənin ümumi idarəçiliyinə yardım edin.

Dostlarımızdan biri Ali Məqamlı Rəhbərliklə əlaqədar olan bəzi qurumların şəffaf fəaliyyətdən, gördükləri işlər haqda hesabat verməkdən imtina etdiklərini dedi. Əlbəttə ki, mən vəziyyətin belə olduğunu güman etmirəm. Tutalım əgər belədirsə, bəli, heç bir qurum ictimaiyyətə açıqlanmalı olan məsələləri şəffaf surətdə açıqlamaqdan boyun qaçırmamalı, hesabat verməkdən də imtina etməməlidir. Mən heç düşünmürəm də ki, hansısa hökumət strukturu, misal üçün, Çarəsizlər Fondu, yaxud bu qəbildən olan digər bir struktur dövlət nəzarətindən istisna olunsun. Yəni indiyə qədər mən belə bir halın mövcud ola biləcəyini güman etməmişəm. Hər halda, əgər bu varsa, iradınız tamamilə haqlıdır və nəzarət strukturlarının həmin qurumlar üzərində də nəzarəti təmin olunmalıdır.

Qardaşlardan biri universitetlərdə yüksək əhval-ruhiyyə və dinamizm atmosferinin xüsusiyyətləri haqqında soruşdu. Bəli, bu, diqqətəlayiq bir mövzudur. Mən bu barədə özüm üçün qeydlər etmişəm və az sonra bu məsələyə toxunacağam.

Daha bir dostumuz məndən universitetlərə yeni qəbul olunmuş və gələn mehr (sentyabr) ayından dərsə başlayacaq tələbələrə hansı tövsiyələrim olduğunu soruşdu. Mən o tələbələrə də bütün digər tələbələrimizə verdiyim tövsiyəni vermək istərdim: mən bütün tələbələri sözün həqiqi mənasında tələbə olmağa – yəni elmin arxasınca getməyə və tələbələrə uyğun fəaliyyətlərlə məşğul olmağa çağırıram – istər sosial fəaliyyətlər olsun, istərsə də siyasi.

Daha bir dostumuzun universitetlərin maliyyə təminatı ilə bağlı vurğuladığı məqam da düzgün və diqqətəlayiq idi. Ümumiyyətlə, çıxış edən qardaşlarımızın və bir bacımızın qeyd etdiyi məsələlər çox əhəmiyyətli və doğru olaraq qeyd olunmuş məsələlər idi.

Mən sizin diqqətinizə çatdırmağı lazım bildiyim bəzi məsələləri özüm üçün qeyd etmişəm. Əlbəttə ki, bu məsələlər tələbə ictimaiyyəti ilə bağlıdır, lakin onları bütün ölkəyə, gəncliyimizin müxtəlif təbəqələrinə aid etmək olar. Həmin məqamlardan biri budur: gəlin baxaq, bir tələbənin, inqilab tərəfdarı olan bir gəncin inqilabi ideyalarla qarşılıqlı münasibəti nədən ibarətdir? (İnqilabın ideya və amalları konkret şəkildə müəyyən olunub; mən özüm də bəzilərini qeyd edəcəyəm, adlarını çəkəcəyəm.)  Şəxsən mən bu fikirdəyəm ki, gənclərin qüvvəsi, cəsarəti, yüksək əhval-ruhiyyəsi və dinamizmi olmadan bu ideyaları izləmək və reallaşdırmaq mümkün deyil. Sizin inqilabi ideyalarla qarşılıqlı əlaqəniz bax bundan ibarətdir. Mən qəti surətdə bu fikirdəyəm ki, gənclərin qüvvəsi – yəni intellektual və fiziki gücü, eləcə də yüksək əhval-ruhiyyə və dinamizmi, həmçinin cəsarəti – yəni gənclərin təbiətinə xas avanqardlıq həvəsi olmasa, biz inqilabi ideyaları gerçəkləşdirə bilmərik. Odur ki dini və inqilabi ideyaların gerçəkləşməsi baxımından gənclərin çiyinlərinə böyük məsuliyyət düşür. Bu işdə onların rolu da son dərəcə effektivdir. İnqilabi ideyaların gerçəkləşməsini arzu edən hər kəs gənclərin rolunu ciddiyə almalıdır. Bunu bilin ki, mən gənclərin roluna ciddi yanaşıram. Mənim gənclərlə bağlı – istər tələbə gənclərimiz olsun, istərsə də qeyri-tələbələr; əlbəttə ki, özəlliklə tələbə gənclərlə bağlı – dəfələrlə səsləndirdiyim fikirlər gəlişigözəl sözlər deyil. Mən, doğrudan da, inanır və düşünürəm ki, gənclər bir çox müşküllərin həllində başlıca rol oynaya bilərlər. Əlbəttə, əsas odur ki, hansı meydanda iş görmək lazım olduğunu, hansı meydanda dinamiklik nümayiş etdirmək lazım olduğunu bilsinlər, bunu düzgün müəyyən etsinlər. Görmək istədikləri işin də nədən ibarət olduğunu dəqiq müəyyən etsinlər. Bu, bir məqam.

Digər bir məqam isə odur ki, İslam dövlətinin amalları – əslində, bunlar elə İslam dininin amallarıdır – bir kompleksdir, bir məcmudur; özü də onların müxtəlif mərtəbələri var. Onlardan bəziləri daha uzaq, daha son hədəfləri nişan alır. Bəziləri isə daha qısamüddətlidir, amma yenə də inqilabın amalları sırasına aiddir. Onların hamısının reallaşması üçün çalışmaq lazımdır. Misal üçün, ədalətlə idarə olunan, ədalətli, mütərəqqi, mənəviyyatlı bir cəmiyyət, bu xüsusiyyətlərin daşıyıcısı olan bir toplum inqilabın amallarından biridir. Birinci dərəcəli, ən yüksək amallardandır. İslam dininin hədəfi, ilk növbədə, ədalətlə idarə olunan bir cəmiyyət yaratmaqdır – yəni elə bir cəmiyyət ki, orada rəsmilər, hökumət adamları xalqa qarşı ədalətlə davransınlar. İkincisi, cəmiyyətin özü ədalətli bir cəmiyyət olmalıdır – ədalət təkcə rəhbər kadrlara aid deyil. Cəmiyyətin üzvü olan ayrı-ayrı fərdlər də bir-birinə münasibətdə ədalətli davranmalıdırlar. Daha sonra isə cəmiyyət inkişaf etmiş olmalıdır. İslam dini elm, siyasət, mədəniyyət və s. sferalarda geri qalmış bir cəmiyyəti heç bir vəchlə qəbul etmir. İslam dininin qayəsi inkişaf etmiş, mütərəqqi bir cəmiyyət qurmaqdır. İslam dinindəki hökmlərin böyük bir qismi məhz buna xidmət edir, buna çağırır. Odur ki bu da İslam cəmiyyətinin genişmiqyaslı, kompleks amalları sırasına daxil olan bir məsələdir. İslam dini həmçinin mənəviyyatlı bir cəmiyyət qurmaq məqsədini qarşıya qoyur. İslam dövlətində cəmiyyət həm ədalət əsasında idarə olunmalı, həm daxildə ədalətli olmalı, həm maddi baxımdan inkişaf etmiş, həm də mənəviyyatlı olmalıdır. Yəni başdan-başa mənəviyyatla dolu olmalı, mənəviyyatdan bəhrələnməlidir. Bu mənəviyyat səbəb olur ki, insan cılız maddi hədəfləri, həyatın gündəlik həvəslərini özü üçün ən əsas, ən yüksək hədəflər hesab etməsin. Daha ali, daha ülvi hədəflərə çatmağı qarşısına məqsəd qoysun. İnsanların, qəlblərin Uca Yaradanla əlaqəsi daim qorunub saxlansın. İslam dini cəmiyyəti məhz bu cür görmək istəyir. Bəli, bu, bir idealdır. Sözsüz ki, belə bir cəmiyyət başqaları üçün də örnək olar. Əgər biz hamılıqla çalışıb belə bir cəmiyyət qura bilsək, bu cəmiyyət başqalarına nümunə olacaq (əlbəttə ki, mən bunun tamamilə real və mümkün olduğunu düşünürəm və bu işdə biz xeyli dərəcədə irəli də getmişik). Təkcə müsəlman toplumları, müsəlman ölkələri üçün yox, bəlkə hətta qeyri-müsəlman ölkələri üçün də örnək olacaq. Bəli, bu kimi xüsusiyyətlərin daşıyıcısı olan bir cəmiyyət qurmaq bizim ideallarımızdan biridir.

Daha bir idealımız isə müqavimət iqtisadiyyatıdır. Öncə qeyd etdiyimlə müqayisədə bu, daha kiçik, ikinci dərəcəli əhəmiyyət daşıyan bir amaldır. Müqavimət iqtisadiyyatının özünün də əhəmiyyətli bir məsələ olduğuna baxmayaraq, əslində, biz bu haqda əvvəlki amalımızın fonunda danışırıq. Cəmiyyətin sağlamlığı, inkişaf etmiş sənaye, inkişaf etmiş kənd təsərrüfatı, fəal ticarət, elmi inkişaf – bütün bunlar bizim amallarımız sırasına daxildir. Dünya xalqları arasında mədəni nüfuzumuzun artması, beynəlxalq arenada, imperializmin bütün dünyada hökm sürən siyasi sistemi içərisində siyasi nüfuzumuzun yüksəlməsi – bütün bunlarda da məqsədimiz, amalımızdır. Sosial ədalətə çatmaq da amalımızdır. Odur ki amal, ideal dedikdə fikrimiz izah edilməsi mümkün olmayan, əlçatmaz bir şeyə getməməlidir. Amal bax bunlardır... bütün bunlar amallarımızdır. Əlbəttə ki, əhəmiyyətinə görə müxtəlif dərəcələri var.

Bütün bu arzu və hədəflər birlikdə İslam dininin ideallar sistemini təşkil edir. Siz bunlardan hansı biri üçün çalışsanız, İslam dininin amalları naminə çalışmış olursunuz. Tutalım, müqavimət iqtisadiyyatı istiqamətində, yaxud İslam İnqilabı və İslam dininə xas mədəniyyətin müsəlman dünyasında genişləndirilməsi yolunda çalışan bir kollektiv amallar naminə çalışmaqdadır. Eyni səyləri siyasət və diplomatiya müstəvisində göstərən şəxslər də ideallar naminə çalışmaqdadırlar. Misal üçün, səhiyyə sahəsində xidmət edən bir insan da eynilə amallar uğrunda işləyir. Amallar bax bunladır; müxtəlif dərəcələrə bölünən bir kompleksi təşkil edirlər və hamısı lazımlıdırlar.

Burada daha bir sual qoyuldu: amallarla mövcud reallıqlar arasında nə kimi əlaqə var? (Sizə deyim ki, mən də əvvəlcədən bu məsələni özüm üçün qeyd etmişdim. Bu, onu göstərir ki, bu sualı daha öncə də mənə ünvanlayıblar; yəni tez-tez qarşıya çıxan bir sualdır) Misal üçün, sanksiyalar; sanksiyalar bir reallıqdır. Yaxşı, indi bir yandan ölkə iqtisadiyyatını inkişaf etdirmək bizim amallarımızdan biridir, digər tərəfdən isə sanksiyalar kimi bir reallıqla üz-üzəyik. Yaxud cürbəcür siyasi məsələlərdə – seçkidə və sairdə... Mən bircə şeyi deyə bilərəm ki, biz həm amallara doğru can atmağı, həm də eyni zamanda reallıqları görməyi yüzdə-yüz vacib hesab edirik. Reallıqları nəzərə almadan ideallara can atmağın sonu utopiyadır, boş fantaziyalardır. Hər hansı bir məqsədin, amalın arxasınca gedəndə ətrafındakı reallıqları götür-qoy etməli, işini o reallıqlara uyğun planlaşdırmalısan. Cəmiyyətdəki reallıqlara əhəmiyyət vermədən nəinki amallara yetişmək mümkün deyil, hətta onlar haqqında yaradılan təsəvvür də bir o qədər düzgün ola bilməz.

Analogiya aparmalı olsaq, deməliyik ki, amallar zirvəyə bənzəyir. Dağlıq ərazilərə bələd olan, zirvəyə doğru qalxmağın nə demək olduğunu bilən insanlar zirvələr haqqında düzgün təsəvvürə malik olurlar. Zirvəyə çatmaq bir amaldır – amalları buna bənzədin. İnsan zirvədə olmağı xoşlayır. Aşağıda olduqda zirvəyə doğru irəliləmək, qarşındakı dağın ən hündür nöqtəsinə çatmaq istəyirsən. Lakin bir reallıq da var; onu nəzərə almadan zirvəyə qalxmağa çalışsan, gücünü hədər yerə sərf etmiş olacaqsan. Həmin reallıq bundan ibarətdir ki, zirvəyə çatmağın yolu üz tutub dağın ətəyindən birbaş qarşındakı zirvəyə qalxmaq deyil. Yox, bunun öz yolu var. Ehtiyatsızlıq edərək üz tutub göz gördükcə dağın döşündən yuxarı qalxsan, mütləq, elə bir nöqtəyə çatacaqsan ki, nə irəliyə yolun olacaq, nə də geriyə. Dağlara bələd olmayan, dağlıq ərazilərdə necə irəliləmək lazım olduğunu bilməyənlər belə bir halla qarşılaşırlar. Bu, mənim də başıma gəlib. İnsan yola bələd olmadan harasa gedəndə elə bir nöqtəyə çatır  ki, nə irəli yol tapır, nə də geri. Düşdüyü vəziyyətdən min cür əzab-əziyyətlə çıxmalı olur. Reallıq elə o yoldur – yolu tapmaq lazımdır.

Əlbəttə, reallıqları görməkdən danışarkən onu da deməliyəm ki, burada söhbət reallıq kimi təqdim olunan şeylərdən yox, sözün əsl mənasında reallıqlardan gedir. Siz gənclər çox yaxşı bilirsiniz. Bu gün dünyada geniş yayılmış psixoloji müharibələrdə işlək olan metodlardan biri də dünya ictimaiyyətinə qeyri-real reallıqlar sırımaqdır. Real olmayan şeyləri reallıq kimi təqdim edirlər. Gerçək olmayan şayiələr düzəldir, sözlər danışırlar. Belə ki gözüaçıq olmayan insan bu şəraitdə səhvə yol verə bilər. Bizim tez-tez: “Gözüaçıq olmaq lazımdır” – deyə vurğulamağımızın səbəbi də elə budur. Gözüaçıqlığın funksiyalarından biri də elə budur ki, insan reallıqları olduğu kimi görsün. Təbliğatlarda bəzən hansısa reallığı olduğundan dəfələrlə böyük göstərirlər. Halbuki bəzi digər reallıqları əsla açıb-ağartmırlar. Tutalım, reallıqlardan biri budur ki, ölkənin intellektual elitasının bir qismi ölkəni tərk edir. Bəli, bu, bir reallıqdır. Lakin bunun qarşılığında başqa bir reallıq da mövcuddur ki, bu da ölkədə elm xadimlərinin, ciddi elmi fəaliyyətlə məşğul olmağa hazırlaşan tələbələrin sayının artmasıdır. Bu qədər istedadlı tələbəmiz nə vaxt olub? Ölkə universitetlərinin tarixinə baxın. Müxtəlif sahələrdə ciddi elmi fəaliyyətlə məşğul olan tələbələrimizin sayının son 10-20 ildə artması tamamilə göz önündədir. Nə qədər professorlarımız var. İslam Respublikası qələbə çalanda ölkə universitetlərində professorların sayı çox az idi (əlbəttə ki, dəqiq rəqəm indi yadımda olmadığına görə demək istəmirəm, ancaq çox az idi; təxminən xatırlayıram), bu gün isə həmin say ön dəfədən də çox artıb. Bəli, bunlar hamısı elm xadimləridir. İndi tutaq ki, tələbələr, professorlar və s. elmi işçilər daxil olmaqla ölkə universitetlərində yetişən bu böyük elm adamları ordusundan bir hissəsi xaricə gedir... O reallığı görürsənsə, bu birini də görməlisən. İslam Respublikası əleyhinə təbliğat aparanlar onu şişirdirlər, bunu isə görməməzliyə vururlar. Bundan qətiyyən danışmırlar. Odur ki reallığı görmək lazımdır. Amalları yalnız reallıqları nəzərə alaraq gerçəkləşdirmək olar. Bir şərtlə ki, bunlar əsl reallıq olsun; daha düşmənçi taktikalarla bizə reallıq kimi təqdim olunan şeylər yox.

Mənə belə gəlir ki, amallara can atan, eyni zamanda reallıqları da görməyi bacaran fəal tələbə heç vaxt, heç bir şəraitdə özünü çıxılmaz vəziyyətdə, zəif hiss etməməlidir. Yəni ideallardan heç vaxt əl çəkmək olmaz – nə qələbənin şirinliyini, nə də uğursuzluğun acısını dadanda. Müqəddəs Müdafiədə bizim böyük qalibiyyətlərimiz də olub, acı uğursuzluqlarımız da. İmam Xomeyni (Allah ona Behişti nəsib etsin!) tapşırardı ki, “məğlub olduq” deməyin, “qalib olmadıq” deyin. Qalibiyyət haradasa insana nəsib olur, haradasa olmur. Bunun əhəmiyyəti nədir? Bəzi adamlar var ki, işlər istədikləri kimi gedəndə, istədiklərini əldə edəndə, amallarından əl çəkirlər. Bu, səhv addımdır.

فاذا فرغت فانصب

“(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (namaz qıl, dua et)! (Axirət üçün çalış-vuruş!)” (“İnşirah” surəsi, ayə 7)

Quran bizə deyir: bir işi tamamlayanda, bir səyini başa vuranda qalx, yenidən işə davam etməyə hazırlaş. Bəziləri yuxarıda dediyim kimidirlər – bu, səhvdir. Bəziləri isə əksinə – hadisələrin gedişi istədikləri kimi, gözlədikləri kimi olmayanda məyusluğa qapılır, geri çəkilir, məğlubiyyət hissi keçirirlər. Bu da səhvdir. Düzgün amallara doğru realistcəsinə irəliləyən insanın yolunda heç bir çıxmaz ola bilməz. İnsan reallıqları nəzərə aldıqda heç nə ona öncədən proqnozlaşdırılması qeyri-mümkün kimi görünmür.

Mənim əziz tələbələrimizdən istəyim budur ki, daim amallara can atsınlar – istər baş verənlər ürəklərincə olduqda, istərsə də olmadıqda. Gerçəkliyə baxıb amallarınızı əldən verməyin; onları daim izləyin. İnqilabın özündə də belə olub, müharibədə də belə olub, bu illər ərzində baş vermiş müxtəlif hadisələrdə də eyni vəziyyət müşahidə olunub. Cürbəcür olaylar qarşısında bəzi insanların yanaşması, mənəvi, psixoloji və ideoloji mövqeyi amallara can atmanın tələblərinə uyğun olmur.

Daha bir sual var ki, tez-tez qarşıya çıxır (dostlarımızdan bəziləri də burada qeyd etdilər): insanın şəri vəzifəsinə əməl etmək niyyətində olması ilə istədiyi nəticəni əldə etməyi düşünməsi arasında nə kimi əlaqə var? İmam Xomeyni (r.ə) buyurub: “Bizim işimiz şəri vəzifəmizə əməl etməkdən ibarətdir”. Məgər bu o deməkdir ki, imam arzulanan nəticəni əldə etmək niyyətində olmayıb? Bunu necə demək olar? Dahi imamımız İslam dövlətini hakimiyyətə gətirmək üçün yaşlı vaxtında o cür kəskin şəkildə, o cür hiddətlə mübarizə apararaq bir bu qədər çətinliklərə tab gətirdi; başladığı işdə uğur da qazandı. Onun nəticə əldə etmək niyyətində olmadığını necə demək olar? Şəri vəzifəsinə əməl etmək niyyətində olmağın mənası, heç şübhəsiz, budur ki, insan arzuladığı nəticəyə aparan yolda şəri vəzifəsinə uyğun şəkildə hərəkət etsin; şəri vəzifəsinə zidd şəkildə davranmasın, şəriətə uyğun olmayan bir iş görməsin. Əks təqdirdə qəbul etməliyik ki, peyğəmbərlərin, imamların bütün səyləri konkret nəticə əldə etmək üçün olub; niyyətləri yalnız istədikləri nəticələri əldə etmək olub. Məgər demək olarmı ki, biz nəticə əldə etmək niyyətində deyilik? Yəni nəticə necə olursa, olsun, bizi düşündürmür?  Əlbəttə ki, yox. İstədiyi nəticəni əldə etmək üçün şəri vəzifəsinə uyğun şəkildə hərəkət edən insan gözlədiyi nəticəni almasa belə, peşmançılıq hiss etmir. Dini vəzifəsini yerinə yetirdiyinə görə rahat, arxayın olur. Hər hansı bir nəticəni almaq üçün şəri vəzifəsinə zidd şəkildə hərəkət edən insan isə istədiyini əldə edə bilməyəndə özünü ziyana uğramış hiss edir. Şəri vəzifəsini, öhdəsinə düşən dini məsuliyyəti yerinə yetirən, zəruri və layiqli olanı edən və bir qədər əvvəl qeyd etdiyim kimi, reallıqları görüb nəzərə alaraq işini buna uyğun planlaşdıran insan axırda istədiyi nəticəni əldə edə bilməsə də, özünü ziyan çəkmiş hiss etmir – o, öz işini görüb. Odur ki şəri vəzifəmizi yerinə yetirməyi düşünməyimiz qətiyyən o demək deyil ki, biz arzuladığımız nəticəni əldə etməyi düşünmürük. Bu, yanlış bir fikirdir.

Müqəddəs Müdafiədə, eləcə də ilkin İslam dönəmində, peyğəmbərin, yaxud bəzi imamların (ə) zamanında baş vermiş bütün müharibələrdə cihad meydanına yollananlar bunu həm də şəri vəzifələrini yerinə yetirmək üçün etmişlər. Allah yolunda cihad şəri bir vəzifə olub. Müqəddəs Müdafiədə də belə olub. O meydana atılanlar da bunu dini məsuliyyətlərini dərk edərək ediblər. Müharibədə iştirak edən insanların əksəriyyəti dini vəzifələrinə əməl etməyi düşünüblər. Məgər onların öz dini vəzifələrini hiss etmələri o demək idi ki, nəticəni düşünməməlidirlər? Nəticəyə çatmağın yolunu ölçüb-biçməməlidirlər? Müharibə planları, taktikaları, komandanlıq qərargahları, orduları, hərbi təşkilatlanmaları olmamalıdır? Belə deyil. Odur ki şəri vəzifəni dərk edərək bir işi görmək nəticə ardınca olmaqla, arzuladığın nəticəni necə əldə edəcəyini, necə reallaşdıracağını götür-qoy etməklə, həmin nəticəyə çatmaq üçün  atacağın addımları qanuni, şəri yollara uyğun planlaşdırmaqla ziddiyyət təşkil etmir.

Daha bir mühüm məqam ondan ibarətdir ki, universitetlərdə yüksək əhval-ruhiyyənin, dinamizm atmosferinin mövcud olması lazımlı bir şeydir. Ətalətə düçar olmuş universitet yaxşı bir universitet ola bilməz. Universitetlərdə yüksək əhval-ruhiyyə, dinamizm atmosferi dedikdə nə nəzərdə tutulur? Bu, özünü müxtəlif sahələrdə büruzə verə bilər. Yüksək əhval-ruhiyyə və dinamizmi müxtəlif sahələrdə – həm elmdə, həm də sosial və siyasi məsələlərə yanaşmada müşahidə etmək olar. Universitetlər siyasət, ölkənin idarəçiliyi, eləcə də digər irimiqyaslı məsələlərlə bağlı düzgün rəylərin araşdırılmalı olduğu bir mühitdir. Misal üçün, mühüm bir məsələ olan islami oyanışla bağlı universitetlərdə, tələbə ictimaiyyəti arasında araşdırmalar aparılmalı, düzgün fikir və yanaşmalar ortaya çıxarılmalıdır. Düşüncələrin hərəkətə keçməsi, müzakirələr, yeni ideyaların dinamik surətdə irəli sürülməsi əsasında əməldə də dinamiklik yaranır, hər kəsin öhdəsinə düşən vəzifə aydınlaşır. Həmin vəzifələrə müvafiq olaraq da işlər görülməlidir və görülür. Odur ki yüksək əhval-ruhiyyə və dinamizmin özünü büruzə verə biləcəyi müxtəlif sferalardan biri də universitetlərdə müxtəlif məsələlərlə bağlı müzakirələrin, təhlillərin aparılması, proseslərin mahiyyətinin düzgün dərk və müəyyən olunmasıdır.

Universitetlərin, tələbə ictimaiyyətinin ciddi həvəs və maraq, dinamiklik nümayiş etdirməli olduğu sferalardan biri də əsas məsələləri ikinci-üçüncü dərəcəli məsələlərdən fərqləndirmək, prioritet təşkil etməyən məsələlərin zehinləri məşğul etməməsinə nail olmaq, həmin məsələlərin hansılar olduğunu bilməkdir. Sizlər – universitet ictimaiyyətinin nümayəndələri kənarda kimlərinsə, ola bilsin ki, ikinci dərəcəli məsələlərə diqqət yetirdiyini, əhəmiyyətsiz məsələlərlə özlərini məşğul etdiklərini görürsünüzsə, bu sahədə düzgün mühakimə yürütməyi bacarmalısınız; hansı məsələlərin birinci dərəcəli əhəmiyyət kəsb etdiyini, prioritet olduğunu, hansıların isə əhəmiyyətinə görə daha arxa planda durmalı olduğunu, prioritet əhəmiyyət kəsb etmədiyini insanlara aydınlaşdırmalısınız. Universitetlərdə məhz belə bir ab-hava olmalıdır. Bu o demək deyil ki, bütün tələbələrə eyni fikir, eyni ideya hakim olmalıdır. Xeyr! Rəy müxtəlifliyi ola bilər – biriniz hansısa məsələnin prioritet əhəmiyyət kəsb etdiyini düşünə bilərsiniz, digəriniz bu fikirlə razılaşmaya bilər... Heç bir eybi yoxdur; müzakirələr üçün meydan açıqdır. Dinamikliyi yaradan da elə budur.

Mənim fikrimcə, bu gün bir sıra elmi və sosial mövzular vardır ki, universitet ictimaiyyəti arasında fəal şəkildə müzakirə oluna, böyük həvəs və marağın, dinamikliyin yaranmasına yol aça bilər. Onlardan biri iqtisadiyyat sferasında qəhrəmanlıq mövzusudur. İqtisadiyyat sferasında qəhrəmanlıq bir ideyadır, irəli sürülmüş bir şüardır. Bu ideyanın hüdudları, aspektləri haqqında düşünmək, müzakirələr aparmaq olar. Bu qəhrəmanlığa necə nail olmağın yollarını müzakirə etmək olar. Universitet ictimaiyyətləri, tələbə və müəllimlər bu sahədə fəallıq göstərə bilərlər. Bunlar ölkənin müqəddəratını dəyişə biləcək mövzulardır. Əlbəttə ki, iqtisadiyyatda qəhrəmanlıq ötəri bir məsələ deyil; belə deyil ki, biz bir neçə ay ərzində iqtisadi qəhrəmanlığı həyata keçirək və müəyyən nəticələr əldə edək. Xeyr! İqtisadiyyatda qəhrəmanlıq uzunmüddətli bir hərəkat üçün irəli sürülmüş bir şüardır, bir başlıqdır. Bu hərəkat 1392-ci (2013) ildən start götürə bilər və götürməlidir də.

Yaxud götürək elə müqavimət iqtisadiyyatını. Bəli, müqavimət iqtisadiyyatı çox mühüm bir ideyadır. Əlbəttə ki, bu istiqamətdə işlər görülüb, müzakirələr aparılıb, bu ideya irəli sürülüb, müvafiq mərkəzlərdə siyasətlər müəyyən olunub. Lakin hələ müzakirə olunası məqamlar var: müqavimət iqtisadiyyatı nə deməkdir? Ölkə iqtisadiyyatının müxtəlif sferalarında müqavimətin hansı formada təmin olunması nəzərdə tutulur? Universitetlər bir elmi iş, elmi mövzu kimi bu məsələyə hansı töhfələri verə bilərlər? Bütün bunlar tələbələr arasında  aparılan müzakirələr üçün mövzu ola bilər.

Və ya həyat tərzi məsələsi... Mühüm bir məsələdir. Mən daha öncə Bocnurd səfərimdə bu məsələyə toxunmuşdum; çox da müsbət qarşılanmışdı. Həyat tərzi mövzusu ətrafında aparılacaq müzakirələr, yürüdüləcək fikirlər, müxtəlif nüanslara kimlərinsə müsbət, kimlərinsə də mənfi yanaşması – bütün bunlar universitetlərə canlılıq, dinamiklik gətirə biləcək məqamlardır. Reallıqla sıx əlaqəli olan belə mühüm mövzular böyük bir orqanizm olan universitet ictimaiyyətinə yeni nəfəs bəxş edə bilər. Bu mövzular bizim dövrümüzdə gənclər arasında geniş şəkildə müzakirə olunan mövzulardan fərqlənir. O zaman biz bu tip müzakirələri ziyalı müzakirələri adlandırırdıq; mövzularımız da reallıqla qətiyyən əlaqəli olmurdu. Saatlarla oturub mübahisə edirdik, biri bir şeyi isbat etməyə çalışırdı, o biri həmin məsələni inkar edirdi. Heç bir nəticəsi də olmurdu; cəmiyyətdəki reallıqlarla da qətiyyən bağlılığı olmurdu. Bunlar isə sosial gerçəkliyi tam olaraq əks etdirən mövzulardır.

Yaxud islami oyanış mövzusu, islami oyanışın qarşılaşa biləcəyi bəlalar ... İslam dünyasında – bu bir neçə ölkədə baş verənlər kiçik hadisələr deyildi, çox böyük əhəmiyyət kəsb edən olaylar idi. Əlbəttə ki, qardaşlarımızdan biri tamamilə doğru analiz etdi: şübhə yoxdur ki, bu hərəkat İran İslam Respublikasında, müsəlman İranında baş qaldırmış oyanışdan qaynaqlandı. Biz müxtəlif ölkələr arasında münasibətləri gərginləşdirməmək üçün yeri gəldi-gəlmədi bu mövzuya toxunmaq istəmirik. Lakin reallıq budur. İslami oyanışın özü olduqca əhəmiyyətli bir təzahürdür. Həm də bu, elə bir təzahür deyil ki, düşmənlərin düzüb-qoşub ortaya çıxardıqları – özləri demişkən – antitezlərlə məhv olub aradan getdiyini iddia etmək mümkün olsun. Əsla! Bu oyanış artıq meydana gəlib. Bu gün Misirdə və bəzi digər yerlərdə müşahidə etdiklərimizin hamısı islami oyanışın həmin ölkələrdə kök atdığını göstərir. Doğrudur, hərəkat düzgün idarə olunmadı, səriştəsizliyə yol verildi. Yuxarıda qeyd etdiyim – universitet ictimaiyyəti üçün fəal müzakirə materialı ola biləcək mövzulardan biri də elə budur: nədə səriştəsizlik edildiyini, harada səhvə yol verildiyini araşdırasınız; nəyi etməli idilər, etmədilər, nəyi etməməli idilər, etdilər – bunlara baxasınız. Akademik dairələrdə müzakirə oluna biləcək çox mühüm mövzulardan biri də bunlardır. Mənim fikrimcə, İran İslam İnqilabı, İranda İslam Respublikasının qurulması ilə, misal üçün, Misir kimi böyük bir ölkədə İslam İnqilabı adı ilə baş vermiş hərəkat arasında nə kimi fərq olduğunu bilməyimiz, bu ikisini müqayisə etməyimiz çox əhəmiyyətlidir. Orada məlum bəlalar ortaya çıxdı. Bu gün Misirdə çox acınacaqlı bir vəziyyət hökm sürür. Bu vəziyyət kənardan baxan bizləri son dərəcə ağrıdır. Baş verənlər buraxılmış səhvlərin nəticəsidir. Elə işlər var ki, görülməməli idi, görüldü; elə işlər də var ki, görülməli idi, görülmədi. Bütün bunları İran İslam Respublikasındakı analoqları ilə müqayisə edək. Lap əvvəldən burada hansı addımlar atıldı, orada necə davranıldı? Məncə, bunlar çox əhəmiyyətlidir. Bu gün imperializm bu oyanış qarşısında çox qəribə bir cəbhə yaradıb, çox uzun bir sədd qurub. Bunun bir hissəsini siz həmin ölkələrdə, baş verən o olaylarda, həmçinin elə öz ölkəmizdə baş verən proseslərdə müşahidə edə bilərsiniz. Odur ki bu, son dərəcə əhəmiyyətli bir işdir.

Araşdırma və müzakirə mövzusu ola biləcək daha bir mövzu da regionda gedən proseslərə yanaşmada İslam dövlətinin strateji dərinliyi məsələsidir. Regionda gedən proseslərə baxdıqda insan bir şeyi anlayır ki, bu regionda İslam Respublikasının strateji dərinliyi mövcuddur. Müəyyən yerlər, müəyyən hadisələr var ki, ölkə üçün onun daxili möhkəmliyini təmin edən qoruyucu amillər hesab oluna bilər. Bunlar ölkənin strateji dərinliyidir. Bir vaxtlar İmam Xomeyninin ölkə xaricindəki inqilablar, inqilab ocaqları ilə bağlı açıq-aşkar səsləndirdiyi fikirlərdə də məhz belə bir strateji dərinliyin təmin olunması nəzərdə tutulurdu. Təmin olundu da. Bu gün imperializm sistemi çaşqınlıq içərisində bu strateji dərinliyə qarşı mübarizə aparır. Əlbəttə ki, heç nəyə nail ola bilməyib, bilməyəcək də.

Sözügedən mövzu ilə əlaqəli olan daha bir mühüm məsələ də var ki, bu da düşmənin sünni-şiə konfliktlərini qızışdırmaq istiqamətində fəal iş aparmasıdır. İslam dünyasının müxtəlif yerlərində şiə toplumları təzyiqlərə, əzilməyə məruz qalır. Şiələrin, əslində, İslam Respublikasının təbii dayağı hesab olunduqlarını güman edən düşmən bu dayaqları əzmək istəyir. Sözsüz ki, səhvə yol verir. İslam Respublikasının dayaqları təkcə şiələrlə məhdudlaşmır. Bir çox ölkələrdə çoxlu sayda sünni qardaşımız İslam Respublikasını heç şiələrdən çoxunun etmədiyi kimi cani-dildən dəstəkləyir. İnqilabın əleyhinə olduqlarını iddia edən, ölkədən xaricdə – siz demişkən o tayda – yaşayan və daim İslam Respublikasının əleyhinə danışan insanların hansı məzhəbdə olduqlarını soruşsan, “Şiə”, – deyə cavab verəcəklər. Hətta imamiyyə şiəsi olmayan – zeydi şiəsi, yaxud sünni olan müsəlmanlardan bir çoxu İslam dövlətini müdafiə etməkdə şiələrdən heç də geri qalmırlar. Odur ki dövlətimizin strateji dərinliyi ilə bağlı düşmənlərimiz düzgün təsəvvürə malik deyillər və yanlış tədbirlər görürlər.

Bir sözlə, universitetlər üçün zəruri olan canlılıq və dinamikliyi təmin etməyin mümkün olduğu sferalardan biri də ictimai-siyasi proseslər, həyatın müxtəlif reallıqları ilə bağlı məsələlərdir. Belə ki siz onların ətrafında müzakirələr apara, hərtərəfli düşünülmüş, ölçülüb-biçilmiş ideyalarınızı hökumət strukturlarına təqdim edə, onları bir elmi, intellektual məhsul kimi İslam dövlətinə töhfə verə bilərsiniz. Bu gün-sabah siz özünüz müxtəlif sahələrdə ölkəni idarə edəcəksiniz. Bunlardan istifadə etməlisiniz; elə bu gün də istifadə olunmalıdır.

Daha bir sahə elm sahəsidir; elm sahəsində yüksək fəallıq və dinamiklik olmalıdır. Sizə deyim ki, bu gün ölkənin birinci dərəcəli, əsas ehtiyaclarından biri elmə olan ehtiyacdır. Əgər biz elm sahəsində, əlhəmdulillah, bu günə qədər qazandığımız nailiyyətləri, eyni sürət tempi ilə davam etdirə bilsək, həm iqtisadi problemlər sahəsində, həm sosial və siyasi məsələlərdə, həm beynəlxalq proseslərdə, heç şübhəsiz, böyük dönüşlər əldə edəcəyik. Elm çox əhəmiyyətli bir məsələdir. Ötən 10-11 il ərzində bu sahədə xeyli işlər görülüb, lakin işləri bundan sonra da davam etdirmək lazımdır; daha artıq iş görülməlidir. Mən qəti olaraq bu fikirdəyəm ki, ölkənin universitetlərində və digər elmi mərkəzlərində elmi işlər cihad əzmi ilə aparılmalıdır; elmi fəaliyyətə cihad kimi yanaşılmalıdır.

Əziz tələbələrimiz, sizə daha bir tövsiyəm ondan ibarətdir ki, özündən sonra məktəb yaratmış, qocaman və dəyərli müəllimlərlə sıx əlaqədə olun. Xoşbəxtlikdən, bu gün universitetlərimizdə belə professor və müəllimlər az deyil. Onlarla daha çox əlaqə saxlayın. Etimada layiq, sağlam əqidəli qabaqcıl fikir adamları ilə – istər siyasi, istərsə də dini fikir olsun – daha sıx münasibətdə olun. Əziz tələbələrimizə daim tapşırdığım kimi, intellektual araşdırmalarınızı gücləndirin.

Mənim hazırkı hökumətə münasibətdə tutduğum mövqe barədə soruşuldu. Mən düşünürəm ki, ölkədə hakimiyyətə gələn bütün administrasiyaları, o cümlədən yeni seçilmiş prezidenti və inşallah, bir-iki həftə gün sonra rəsmən təşkil olunacaq və işinə start verəcək yeni hökumət kabinetini dəstəkləmək, onlara yardımçı olmaq və birgə əməkdaşlıq etmək lazımdır. Dostlarımız müəyyən şərtlə irəli sürüb dedilər ki, əgər filan cür olsa, biz hökuməti dəstəkləyəcək, əks təqdirdə tənqid edəcəyik. Əlbəttə, mən tənqidin əleyhinə deyiləm, intəhası bir neçə məqama diqqət etmək lazımdır: əvvəla, tənqid etməklə qəsdən eyib axtarmaq fərqli şeylərdir. İkincisi, iş görmək üçün insana fürsət vermək lazımdır. 8 il öncə də mən bu gün iş başında olan hökuməti tənqid etmək istəyən bəzi insanlara dedim ki, qoyun bir qədər vaxt keçsin, bu hökumətin iş görməsi üçün fürsət və imkan yaransın, fəal iş aparmağa başlasınlar, sonra iradınız olsa, tənqidlərinizi edərsiniz; dərhal tənqidə keçməyə tələsməyin. Bu və bütün administrasiyalara biz bu cür yanaşmışıq. Biz hökumətin çiyninə ağır bir məsuliyyət düşdüyünü düşünürük. Onların işi, doğrudan da, ağırdır. İcraedici hakimiyyət müstəvisində ölkəni idarə etmək, həqiqətən də, çətin bir işdir. Hamı onlara yardımçı olmalıdır. Zəif cəhətlərə, nöqsanlara gəlincə isə onlar hamımızda var. Mən elə şəxsən özümə baxanda çoxlu nöqsanlar, zəif cəhətlər görürəm. Bəzən kimsə nəsə deyəndə din tələbələri deyirlər ki, ağa, özünlə müqayisə etmə. İndi mən özümlə müqayisə edirəm. Özümə baxanda çoxlu nöqsanlar görürəm; deyirəm, hamı belədir. Hamının zəif və güclü cəhətləri, problemləri var. Odur ki insanlardan olan gözləntilərimizi onların məntiqi imkanlarından kənara çıxacaq qədər yüksəyə qaldırmamalıyıq. Reallıqları görmək, çətinliklərin fərqinə varmaq, yardımçı olmaq və dua etmək lazımdır ki, inşallah, Uca Yaradan bu hökumətə – və bütün hökumətlərə – öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirə bilmələri üçün yardımçı olsun; və inşallah, bütün fəal siyasi qüvvələr, tələbələr, müxtəlif strukturlarda çalışan rəhbər və sıravi kadrlar əl-ələ verib işləri irəli apara bilsinlər.

Bəli, vaxtımız da bitdi; azana az qalıb. Mən bir neçə dua edim, əziz gənclər, siz də saf, təmiz qəlblərinizlə bu dualara qoşulun ki, inşallah, müstəcab olsun. Pərvərdigara! Ölkəmizə və xalqımıza xoşbəxtlik və səadət dolu, qürurverici bir tale nəsib et. Pərvərdigara! Xalqımıza, gənclərimizə, rəsmilərimizə Öz hidayət, mənəvi dəstək və yardımını əta et. Pərvərdigara! İslam Respublikasının uca amal və hədəflərini bu gənclərimizin şahidi ola biləcəyi yaxın gələcəkdə gerçəkləşdir. O amallara yetişmək üçün əzm və təpərimizi günü-gündən artır. Pərvərdigara! İran xalqına və gənclərimizə təhlükəli meydanlarda kömək ol. İran xalqını düşmənləri üzərində qalib et. Pərvərdigara! Bu mübarək gecələrdə, bu saflıq və mənəviyyat dolu günlərdə İran xalqına Öz rəhmət və bərəkətini nazil et. Pərvərdigara! Dediklərimizin və eşitdiklərimizin Sənin üçün və Sənin yolunda olmasına qərar ver. İmam Mehdi Sahibəzzamanın müqəddəs qəlbini bizdən razı və məmnun et. Şəhidlərimizin və dahi imamımız İmam Xomeyninin pak ruhlarını bizim hamımızdan məmnun et.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!