Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 1392-ci ilin ilk günü müqəddəs İmam Rza (ə) hərəmində etdiyi çıxış

بسم‌الله‌الرّحمن‌الرّحیم
الحمد ‌لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا و حبیب قلوبنا ابی‌القاسم المصطفی محمّد و علی ءاله الطّیبین الطّاهرین المنتجبین المعصومین سیّما بقیّة‌الله فی الأرضین. السّلام علی الصّدّیقة الطّاهرة فاطمة بنت رسول الله صلّی الله علیها و علی ابیها و بعلها و بنیها

Bu gün bu mehribanlıq və coşqu ilə dolu məkanda olan bütün qardaş və bacılarımı salamlayır və təbrik edirəm! Uca Yaradana qəlbimin dərinliklərindən şükürlər edirəm ki, daha bir yeni ildə, daha bir Novruzda bir daha Həzrət Əbəl-Həsən Rzanın (ə) müqəddəs hərəmi yaxınlığında sizinlə – əziz Məşhəd sakinləri və ölkənin yaxın-uzaq yerlərindən bura ziyarətə gəlmiş zəvvarlarla görüşmək, ölkənin mühüm və aktual problemləri haqda söhbət etmək üçün mənə fürsət inayət etmiş, möhlət vermiş, imkan və mənəvi güc nəsib etmişdir. Tanrıya dualar edirəm ki, qəlblərimizi və dillərimizi hidayət etsin, qəlblərimizə və dillərimizə razı qaldığı şeyləri gətirsin. Bunun özü də Allahın bizə nəsib etdiyi böyük bir mənəvi uğurdur ki, hər il belə bir gündə – Novruz bayramında Novruzun mahiyyətində olan sevinc və gözəllikləri yaşamaqla yanaşı, sizinlə görüşür, ölkədə gedən proseslər haqda söhbət edir, hazırkı vəziyyətimizi dəyərləndirir, keçmişimizə və gələcəyimizə nəzər salırıq. Daxildə və xaricdəki vəziyyətə geniş – milli miqyasda ümumi bir nəzər salmaqla prosesləri araşdırır, ölçü-biçi, götür-qoy edirik. Milli mənimiz, ümumi mənimiz haqda götür-qoy edirik. Fərdi məsələlərdə özümüz haqda düşünməyimiz, fərdi hərəkət və davranışlarımızı götür-qoy etməyimiz lazım olduğu kimi, milli miqyasda da bu, dəyərli və əhəmiyyətli bir məsələdir. Belə ki Peyğəmbər (s) buyurur:

(1) حاسبوا انفسكم قبل ان تحاسبوا

“(Qiyamət günü) Sorğu-suala və haqq-hesaba çəkilməmişdən öncə, özünüz-özünüzü sorğu-suala çəkib, əməllərinizi götür-qoy edin!”

Özümüzü sorğu-suala çəkməli, hərəkətlərimizə baxmalıyıq. Başımıza gələn hər şeyi bir daha nəzərdən keçirməliyik; bunlardan ibrət dərsi götürməli, gələcək üçün bəhrələnməliyik.

Əziz qardaş və bacılarım! Bir şeyə diqqət yetirin ki, özümüzə nəzər salan, davranışlarımızı götür-qoy edib dəyərləndirən təkcə biz İran xalqı deyilik. Başqaları da var ki, bizə baxıb, gördüyümüz işləri araşdırırlar; ölkəmizdə gedən proseslər, gördüyümüz işlər, atdığımız addımlar haqqında mühakimə yürüdür, rəy bildirirlər. Elə xalqlar var ki, İran xalqının təcrübəsindən istifadə edirlər, bəzi digərləri də var ki, İran xalqının vəziyyətini araşdırmaqla məşğuldurlar. Bəzi xalqlar bizim uğurlarımıza sevinir, inkişafımızdan məmnunluq duyurlar. Bizim qazandığımız hər bir qələbə onlara qələbə duyğusu, qələbə sevinci yaşadır. İşimizdə uğursuzluq olsa, onlar da uğursuzluğun təəssüfünü keçirirlər. Dünyada digər qüvvələr də var ki, bizim gördüyümüz hər bir işi zərrəbinlə gözdən keçirir, araşdırırlar. Onlar isə əksinə – büdrəmələrimizə sevinir, uğurlarımızdan kefsizləşirlər; İran xalqının pisliyini arzu edirlər. Bunlar da bizim fəaliyyətimizi daim izləyirlər. Bunlar, əsasən, o kəslərdir ki, uzun illər boyu bu ölkənin hər şeyi onların ixtiyarında olub, ölkəmizdə bütün işlərə ağalıq ediblər. İslam İnqilabı onların əlini bu ölkədən kəsdiyi üçün inqilabdan, inqilabın tərəfdarı olan insanlardan, inqilabi hökumətdən zəhlələri gedir, inqilab nəticəsində qurulmuş dövlətə düşməndirlər. Odur ki biz böyük bir publikanın – dünya ictimaiyyətinin nəzərləri altındayıq. Gördüyümüz işlərə baxırlar, əməllərimizi ölçüb-biçirlər. Məhz buna görə də öz davranışlarımızı nəzərdən keçirərkən, keçmiş və gələcək fəaliyyətimizi dəyərləndirərkən bizim yanaşmamız realist olmalıdır; dəyərləndirməmiz düzgün olmalıdır. Özümüzünkülərdən bəziləri ölkədəki vəziyyəti nəzərdən keçirəndə yalnız zəif cəhətləri, nöqsanları görürlər: bahalığı, bəzi istehsal müəssisələrinin məhsullarındakı qüsurları, düşmənlərin təzyiqlərini görürlər. Bu, düzgün yanaşma deyil. Şəxsən mənim yanaşmam fərqlidir. Mən ölkəmizin və xalqımızın vəziyyətinə baxanda qarşıdurmalar, çabalarla dolu böyük bir meydan görürəm və düşməndən fərqli olaraq, İran xalqını bu meydanda qalib və başıuca görürəm.

Zəif cəhətlər var, problemlər var; ölkədə gedən ümumi proseslər və irəliləyiş fonunda bəzi xoşagəlməz hallar, nöqsanlar var. Lakin dünyanın maddi cəhətdən güclü dövlətlərində müəyyən qüvvələr var ki, İran xalqını iflic etmək üçün bütün varlıqları ilə çalışıb-vuruşurlar. ABŞ-ın xarici siyasətinə görə məsuliyyət daşıyan o səriştəsiz xanım sinəsini qabağa verib deyirdi ki, İslam Respublikasına qarşı İranı iflic edəcək sanksiyalar tətbiq etmək istəyirik. Bunu açıq-aşkar şəkildə dilə gətirib deyirdilər. Az sonra deyəcəyəm ki, onların səyləri, bütün planları nəyə hesablanmışdı, amma nə oldu, nə ilə nəticələndi. Odur ki İran xalqının düşmənlə üz-üzə durmaq məcburiyyətində qaldığı bu böyük meydanda bir tərəfdən düşmənin səyləri var, digər tərəfdən isə bu böyük xalqın potensialından, qüdrətindən, zəkasından xəbər verən böyük nailiyyətlər var. Bu arena güclü idmançıların üz-üzə gəldiyi gərgin zəhmət, səy və yorğunluqla dolu mübarizə meydanına bənzəyir. Bu meydanda yalnız bir çempion uğur qazanır, qələbə çalır. Hər kəs onu tərifləyib “Əhsən!” deyir. Gözümüzün önündəki bu böyük meydanda həmin çempion, həmin qəhrəman İran xalqıdır. Bu meydanı düzgün müşahidə və təhlil edən hər kəs İran xalqına “Afərin!” deyir. Bəli, bu gün biz dünyanın tükü-tükdən seçən, ağıllı insanlarının “Afərin!” sədalarını eşidirik. Bu gün İran xalqına düşmən olan, onun pisliyini istəyən ölkələrin özündə prosesləri izləyən siyasət xadimləri, akademik elita, dünyagörmüş, təcrübəli insanlar İran xalqına “Əhsən!” deyirlər. Bu, bizim gözlərimiz önündə olan bir arenadır. Ona baxıb yalnız zəif cəhətləri, nöqsanları görmək yanlışdır. Ölkə miqyasında ümumilikdə hansı işlərin görüldüyünə, hansı fəaliyyətlərin həyata keçirildiyinə, onların nə kimi nəticələr verdiyinə baxmaq lazımdır. Meydana bu gözlə baxsaq, İrana və müsəlman İran insanına “Afərin!” deməliyik.

Dedik ki, bəziləri İran xalqının inkişafından narahat olurlar, bu, onlara pis təsir edir. Bunlar kimlərdir? Bunu bir az sonra deyəcəyəm. İran xalqının hərtərəfli inkişaf, yüksəliş və tərəqqisini görməyə gözü olmayanların planları içərisində iki əsas məsələ durur: birincisi, xalqımızın bu uğur və nailiyyətləri qazanmasına əllərindən gəldiyi qədər mane olmaq – sanksiyalarla, təhdidlərlə, rəhbər işçilərin  başını ikinci dərəcəli, kənar məsələlərə qatmaqla, böyük İran xalqının və ölkənin ziyalılarının diqqətini prioritet olmayan məsələlərə cəlb etməklə – yəni əməli surətdə mane olmaq.

İkinci işləri isə öz təbliğatlarında xalqımızın tərəqqisini inkar etməkdir. Bu gün dünyada minlərlə cürbəcür media vasitələrini özündə cəmləşdirən çox nəhəng bir təbliğat şəbəkəsi İranda, İran xalqında heç bir inkişafın olmadığını sübut etmək, xalqın qələbələrini təkzib etmək istiqamətində iş aparmaqdadır. Hansısa zəif cəhət varsa, onlar bunu böyütməyə, əhəmiyyətini şişirtməyə, hər kəsin gözü önünə çıxarmağa çalışırlar. Ölkənin hər yanında gözə dəyən, insaflı insanların müşahidə etdiyi güclü, qabarıq cəhətləri isə ört-basdır edirlər.

Amerikanın prezidenti rəsmi çıxışında İranın iqtisadi problemlərindən danışır; elə bil, öz qələbəsindən danışır: İranda milli valyutanın dəyəri düşüb, iqtisadi problemlər elədir, belədir ... Əlbəttə ki, o, bu xalqın güclü cəhətlərini, bu ölkədə həyata keçirilən müsbət və qurucu fəaliyyətləri, xalqımızın böyük qələbələrini qeyd etməyib və heç vaxt etməyəcək də! 30 ildir ki, biz belə bir çəkişmədəyik (bir qədər sonra mən bu 30 ili dəyərləndirərkən bir məqama toxunacağam), amma bu gün İran xalqının məruz qaldığı qarşıdurma dəfələrlə gərgin və çətin, həm əməldə, həm də öz təbliğatlarında İslam dininin işığı altında yaşayan İranın diqqətəlayiq inkişafına əngəl olmaq istəyən düşmənlər isə dəfələrlə çoxdur.

Geridə qoyduğumuz 1391-ci il bu baxımdan düşmənlərimiz üçün çox gərgin əmək tələb edən bir il oldu. Onlar sanksiyalarla İran xalqını iflic etmək istədiklərini deyiblər. Əgər İslam Respublikasında hər şey qaydasında olsa, inkişaf və dinamika olsa, onlar dünyada nüfuzdan düşəcəklər. Ona görə də bacardıqları qədər buna əngəl olmağa çalışmalıdırlar. Əllərindən bir şey gəlməsə, ən azından, baş verənləri öz təbliğatlarında tam tərsinə təqdim etməli, hər şeyi başqa cür qələmə verməlidirlər. bu gün onlar bu iki işi daha da intensiv formada həyata keçirməkdədirlər. Həm əməli surətdə əngəl törədirlər – sanksiyalarla, təhdidlərlə, təzyiqlərlə – həm də təbliğatlarında xalqımızın güclü cəhətlərini kiçildib ört-basdır edir, qüsurları şişirdirlər.

Dedik ki, düşmənlərimiz var. Bu düşmənlər kimlərdir? İran xalqı əleyhinə cızılan planların əsas ocağı, yuvası haradır? Bu sualın cavabı çətin deyil. Bu gün 34 ildir ki, hər dəfə düşmən adı çəkiləndə, İran xalqının zehnində Amerika canlanır. Yaxşı olar ki, Amerika rəsmiləri bu məqama diqqət yetirsinlər və bunu dərk etsinlər: bu 34 ildə İran xalqı elə şeylər görüb, elə mərhələlərdən keçib ki, “düşmən” adı gələn kimi, Amerikanı xatırlayır. Bu, dünyada nüfuzla, yaxşı adla yaşamaq istəyən bir dövlət üçün olduqca əhəmiyyətli bir məsələdir; diqqət yetirməyə və fərqinə varmağa dəyən bir məsələdir. Bu məsələnin altını özləri üçün cızmalıdırlar. İran əleyhinə qurulan planların mərkəzi oradır, düşmənçiliyin əsas ocağı oradır!

Əlbəttə, başqa düşmənlər də var, lakin biz onları birinci dərəcəli hesab etmir, ön sıraya keçirmirik. Sionist İsrailin düşmənçiliyi də var, lakin İsrail rejimi o həddə və səviyyədə deyil ki, İran xalqının düşmənləri sırasında dursun. Bəzən sionist rejimin başında duranlar bizi təhdid edirlər – hərbi hücumla hədələyirlər. Buna baxmayaraq, məncə, onlar özləri də bilirlər  və əgər bilmirlərsə, qoy bilsinlər ki, nə isə bir qələt eləsələr, İslam Respublikası Təl-Əviv və Hayfanı yerlə yeksan edəcək! Xəbis İngiltərə dövləti də İran xalqı ilə düşmənçilik edir; o da İran xalqının köhnə və ənənəvi düşmənlərindən biridir. İntəhası, İngiltərə bu meydanda Amerikanın tamamlayıcısı rolunda oynayır. İngiltərə müstəqil siyasət yürütmür ki, insan onu ayrıca bir düşmən hesab etsin; Amerikanın dediyi ilə oturub-durur.

Bəzi digər dövlətlərin də xalqımızla düşmənçiliyi var. Burada onu deməyim yerinə düşər ki, Fransa dövlətinin rəsmiləri də son bir neçə ildə İran xalqı ilə açıq-aşkar düşmənçilik aparırlar. Bu, onlar tərəfindən yol verilən ağılsız bir hərəkətdir. Ağıllı insan, xüsusən də ağıllı siyasətçi heç vaxt bu fikrə düşməməlidir ki, ona düşmən olmayan bir kəsi özünə düşmən etsin. Fransa dövləti ilə, Fransa ölkəsi ilə bizim bir problemimiz olmayıb – nə tarix boyu, nə də hazırda. Lakin Sarkozinin hakimiyyətə gəldiyi vaxtdan etibarən yanlış bir addım olaraq İran xalqına qarşı düşmənçilik siyasəti yürüdülməyə başladı və təəssüf ki, Fransanın hazırkı hökuməti də eyni yolu gedir. Məncə, bu, yanlış bir addımdır, düşünülməmiş, qeyri-müdrik bir addımdır, ağılsız bir hərəkətdir.

Amerikalılar ağızlarını açan kimi “dünya ictimaiyyəti” deyirlər; bir neçə ölkənin adını dünya ictimaiyyəti qoyublar – başda Amerika durur, onun  arxasınca isə sionistlər, İngiltərə və bəzi digər xırda dövlətlər gəlir. Dünya ictimaiyyəti qətiyyən İranla, iranlılarla, müsəlman İranı ilə düşmənçilik etmək niyyətində deyil.

Bəli, indi ki 1391-ci ilə nəzər salırıq, bunu da deyək ki, ilin əvvəlindən etibarən amerikalılar yeni planlarını həyata keçirməyə başladılar. Dildə özlərini dost kimi göstərirdilər – gah məktub yazmaqla, mesaj ünvanlamaqla və s. yollarla bizə qarşı dost münasibətdə olduqlarını bildirir, gah da mediadakı çıxışları ilə özlərini İran xalqının dostu kimi qələmə verməyə çalışırdılar – lakin reallıqdan uzaq olan bu cəhdlərin əksinə olaraq, əməldə İran dövləti və İran xalqı üçün problemlər yaratmağa çalışırdılar. 1391-ci il başlayan kimi ölkəmizə qarşı kəskin sanksiyalar tətbiq etdilər: neft sanksiyası, bankların fəaliyyəti, İslam Respublikası ilə digər ölkələr arasında bank və maliyyə mübadilələri ilə bağlı sanksiyalar. Bu sahədə bir sıra işlər gördülər. Bunun özü də həyatın bir kuryozudur ki, amerikalılar bizə qarşı düşmənçilik aparırlar, amma bizim bunu dərk etməməyimizi, fərqinə varmamağımızı istəyirlər. İnadkarcasına ayağımızın altını qazır, əleyhimizə planlar cızırlar, amma istəyirlər ki, biz bunu anlamayaq. İrana qarşı bu siyasət Buş hakimiyyətinin axırlarından başlayıb. Təəssüflər olsun ki, bu gün də Amerika rəsmiləri onu davam etdirirlər. Eyni siyasətidir – “məxmər əlcək altında polad əl”. Bir neçə il əvvəl mən burdaca – İmam Rza (ə) məqbərəsinin yaxınlığında ilin ilk günü etdiyim çıxışda demişdim ki, olmaya sizin bu mehribanlığınız, dostcasına münasibətiniz, razılıq ifadə edən bəyanatlarınız məxmər əlcək altından bizə polad əl uzatmaq, üzdə özünü dost göstərib, daxildə düşmənçilik etmək olmasın?!  Amerikalılar neft satışını və İran pulunun köçürülməsini dayandırmaq üçün xüsusi məmur göndəriblər. Amerika bu iş üçün xüsusi olaraq nüfuzlu insanlar ayırıb ki, müəyyən ölkələrlə əlaqə yaratsınlar, səfərlər etsinlər, bu istiqamətdə iş görsünlər, hətta İslam Respublikası ilə neftlə bağlı iqtisadi əməkdaşlığın dayandırılmasına nail olmaq üçün şirkət sahibləri ilə söhbətlər aparsınlar, İslam Respublikası ilə maliyyə əlaqələrini, valyuta mübadiləsini, yaxud neftlə bağlı əməkdaşlığı davam etdirənləri cəzalandırsınlar. 1391-ci ilin əvvəlindən, xüsusən də mordad ayından etibarən bu işə start veriblər. Gözləyirdilər ki, İran onların bu ciddi şəkildə reallaşdırmağa cəhd göstərdikləri, planlı davranışlarının qarşılığında günü-gündən inkişaf edən elmi fəaliyyətlərindən əl götürəcək və Amerikanın hegemonluğuna təslim olacaq.

Əlbəttə, onu da deyim – bir neçə ay öncə də bir dəfə qeyd etmişəm – ki, amerikalılar yürütdükləri siyasətdən məmnunluq ifadə edərək: “İranın filan məmuru sanksiyaların öz təsirini göstərdiyini etiraf edib” – kimi fikirlər səsləndiriblər. Doğrudur, sanksiyalar təsirsiz ötüşməyib. Sevinmək istəyirlərsə, qoy sevinsinlər. Nəticə etibarilə, sanksiyaların müəyyən təsiri olub. Bunda da bizim özümüzdə olan başlıca bir nöqsan rol oynayıb. Bizim iqtisadiyyatımızın başlıca bir problemi var ki, bu da neftdən olan asılılığımızdır. Biz iqtisadiyyatımızı neftdən ayırmalıyıq. Hökumətlərimiz öz fəaliyyət proqramlarında bu məsələyə əsas yer verməlidirlər. 17-18 il bundan əvvəl mən o zaman hakimiyyətdə olan hökumət kabinetinin rəsmilərinə demişdim: elə edin ki, biz istədiyimiz zaman neft quyularının ağzını bağlaya bilək. O vaxt, öz təbirləri ilə desəm, texnokrat olan yoldaşlar inkar əlaməti olaraq gülümsünüb: “Bu mümkündürmü?” – dedilər. Bəli, mümkündür. Bunu qarşıya məqsəd qoymaq, tədbir görmək, fəaliyyət proqramları hazırlamaq lazımdır. Bir ölkənin iqtisadi proqramı konkret bir nöqtəyə bağlı, bir şeydən asılıdırsa, düşmənlər həmin nöqtənin üzərində duracaq, ona təzyiq göstərəcəklər. Bəli, sanksiyalar təsirini göstərdi, amma bu, düşmənin arzuladığı təsir olmadı; mən indi bu haqda ətraflı danışacağam. İqtisadiyyat barədə bu qədər.

Siyasətə gəlincə də, 1391-ci ildə çalışdılar ki, İranı – öz sözləri ilə desək – dünyadan təcrid etsinlər; yəni dövlətləri İslam Respublikası ilə münasibətlərdən çəkindirsinlər, İrana olan yanaşmalarında onları tərəddüdə salsınlar, dövlətimizin qlobal və regional miqyasda, eləcə də ölkə daxilində öz siyasətlərini genişləndirib tətbiq etməsinə imkan verməsinlər. Bu plan tamamilə fiaskoya uğradı. Beynəlxalq məsələlərdə onların çalışdığı bu idi ki, Qoşulmama Hərəkatının Tehranda keçirilməsi planlaşdırılan sammiti passiv və effektsiz olsun – üzv ölkələrin hamısı iştirak etməsin, yaxud aktiv iştirak etməsin. Lakin onların istədiyinin tam tərsi oldu. Dünya xalqlarının üzdə ikisi Qoşulmama Hərəkatına üzvdür. Tehranda keçirilən sammitdə müxtəlif ölkələrin dövlət başçıları, yüksək ranqlı rəsmiləri çıxış etdilər. Hər kəs İrana əhsən dedi, ölkəmizin elmi, texnoloji və iqtisadi uğurlarına heyranlığını ifadə etdi. İran xalqı qarşısında hər kəs dərin hörmət və təqdir hissləri keçirdi. Bunu bizə də dedilər, mətbuata verdikləri müsahibələrdə də dilə gətirdilər. Öz ölkələrinə qayıdanda da hamısı bütün bunların reallıq olduğunu təsdiqlədilər. İran xalqının düşmənlərinin arzu etdiyinin tam tərsi baş verdi. Sammitin gedişatına təsir göstərə bilmədilər.

Daxili siyasət müstəvisində sanksiyalardan onların gözləntisi xalqı tutduğu yolda qətiyyətsizliyə, tərəddüdə düçar etmək, İran xalqı ilə İslam hökuməti arasında uçurum yaratmaq idi. Camaatın əlini işdən soyutmaq, ümidini üzmək idi. 22 bəhmən günü İran xalqı öz izdihamlı iştirakı ilə, həvəs və emosionallığı ilə, İslam dininə, İslam İnqilabına və İslam hökumətinə münasibətdə nümayiş etdirdiyi səmimi duyğularla onların ağzının üstündən möhkəm bir yumruq vurdu. Təhlükəsizlik sferasında da ölkədə asayiş və təhlükəsizliyi pozmağa cəhd göstərdilər – bunların təfsilatını rəsmilər öz çıxışlarında, mətbuata verdikləri açıqlamalarda camaata izah ediblər – amma burada da heç nəyə nail ola bilmədilər. Regional siyasətdə İslam Respublikasının nüfuz və qüdrətini bir daha gördülər. Regional proseslərdə iş o yerə çatdı ki, İranın iştirakı və rəyi olmadan regionda heç bir böyük problemin həll oluna bilməyəcəyini öz dilləri ilə etiraf etməyə məcbur oldular. İsrail rejiminin Qəzzaya hücumunda İslam Respublikasının olayın səhnəarxasında qüdrətli iştirakı onları fələstinli mübarizlərin qarşısında məğlubiyyətə uğradıqlarını etiraf etməyə məcbur etdi. Dedilər – biz yox, özləri dedilər və təkid etdilər – ki, İslam Respublikası olmasaydı, onun qüdrət və nüfuzu olmasaydı, fələstinli mübarizlər İsraili diz çökdürmək nədir, heç İsrail qarşısında müqavimət göstərə bilməzdilər. Axı  8 gün davam etmiş hərbi əməliyyatların sonunda fələstinlilər İsraili diz çökdürə bilmişdilər və bu, qondarma və qəsbkar İsrailin tarixində baş verən ilk belə hadisə idi.

Dedik ki, onların səyləri təsirsiz ötüşməyib. Bəli, təsirsiz olmayıb, amma mənfi təsiri ilə yanaşı, bizim gözlədiyimiz böyük bir müsbət təsiri də olub. Yəni sanksiyalar İran xalqının daxili qüvvəsinin, nəhəng potensialının aktivləşməsinə, istedadların aşkara çıxmasına, böyük-böyük işlərin reallaşmasına yol açıb. Belə ki əgər sanksiyalar olmasaydı, bütün bunlar baş verməyəcəkdi. Sanksiyaların bərəkəti sayəsində biz böyük işlərə baş qoşa bildik. Gənclərimiz elə uğurlara imza atdılar ki, əgər sanksiyalar olmasaydı, sözsüz ki, biz bunu bacarmayacaqdıq. İnfrastruktur sahəsində – az sonra deyəcəyəm – 1391-ci ildə elə uğurlar qazanıldı ki, əvvəlki illərlə müqayisədə seçilən bir il oldu. Çox böyük həcmdə infrastruktur işlər həyata keçirildi; yol sahəsində, enerji sahəsində, yeni neft və uran resurslarının aşkarlanmasında, AES-lərin, emal müəssisələrinin yaradılması və genişləndirilməsində, habelə digər  sənaye sahələrində onlarla digər irihəcmli işlər görüldü. Bütün bunlar ölkə iqtisadiyyatının gələcək infrastrukturudur. Biz bu infrastrukturu əvvəlcədən qurmuş olsaydıq, düşmənin sanksiyaları iqtisadiyyatımıza göstərdiyi bu azacıq mənfi təsiri də göstərməzdi. Biz bütün bu işləri gördük və düşmənin sanksiya və təzyiqləri ilə addımbaaddım müsbət istiqamətdə irəli gedə bildik. Böyük işlər görülüb; bunların içərisində 1391-ci ildə əldə olunmuş böyük elmi nailiyyətləri ayrıca qeyd etmək lazımdır. Elm və texnologiya sahəsində elə işlər görülüb ki, onlar, doğrudan da, diqqətəlayiq, ölkənin gələcəyinin işıqlı olacağına inanan insanları üçün sevindiricidir. Yəni İran xalqı üçün çətinliklərlə dolu olacağı proqnozlaşdırılan bu ildə bizim əziz gənclərimiz, alimlərimiz “Nahid” peykini kosmosa çıxardılar. İçərisində bir canlının olduğu “Pişqam” tədqiqat raketini kosmosa göndərdilər. Ultra-modern qırıcı təyyarə istehsal olundu. Bu işlərdən hər birinin əhəmiyyəti o qədər böyükdür ki, onlardan hansınasa nail olan xalq sevinc və məmnunluq hissi duysa, bu münasibətlə mahnılar yazıb, bayramlar keçirsə, təbii olar və yerinə düşər. Uğurlar çox olduğu üçün düzgün təbliğ olunmur, əhaliyə hamısı barədə tam şəkildə informasiya verilmir. O canlı varlıq kosmosa uçub, sağ-salamat geri dönəndə bu hadisə dünya alimləri, beynəlxalq müşahidəçilər üçün o qədər təəccüblü idi ki, əvvəlcə bunu inkar etdilər.  Lakin daha sonra çarə olmadığını, ortada olan doğru-düzgün faktları və reallığı görəndə qəbul etməyə məcbur oldular.

Səhiyyə və tibbi mühəndislik sahəsində əhalinin sağlamlığı ilə bağlı böyük işlər həyata keçirilib. Biotexnologiya sahəsində regionda lider olmuşuq. Bu sahədə elmi cəhətdən böyük işlər görülüb və həmin işlər əsasında çoxlu sayda yeni dərman preparatları istehsal olunub. Bu o ildir ki, düşmənlər İran xalqını sıxmağa, normal həyatdan, bəşərin istedadının məhsulu olan hər şeydən məhrum etməyə cəhd göstərdilər. Belə bir ildə biz sənaye və texnologiyada inqilab sayılan nanotexnologiyalar sahəsində region üzrə birinci olduq. Belə bir ildə bir neçə mühüm elm sahəsinin inkişafı üzrə regionda birinci olduq. Elm və elmi inkişafda qazanılan rekordlar, elmi məqalələrin çap olunması, elmi inkişaf tempi, ölkənin dünya elminin inkişafındakı payı baxımından uğurlara şahid olduq. Tələbələr arasında keçirilən elmi-texnoloji müsabiqələrdə ölkəmiz ötən illərlə müqayisədə 31 faiz irəliləyişə nail oldu. 1391-ci ildə ölkədə ali məktəb tələbələrinin sayı o qədər artdı ki, bu il inqilabdan əvvəlki dövrlə müqayisədə 25 dəfə çox tələbəmiz var. Ölkədə inqilabdan əvvəlki dövrdən 25 dəfə çox tələbə təhsil alır. Bütün bunlar İran xalqının möhtəşəm nailiyyətləridir. Su, ekologiya, kök hüceyrələri, yeni enerji mənbələri, müalicəvi bitkilər, nüvə enerjisi sahələrində ölkəmiz böyük uğurlar qazana bilib və bütün bunlar elə bir ildə baş verib ki, düşmən İran xalqının əlini işdən soyutmaq, tamamilə süst bir vəziyyətə salmaq üçün bütün səylərini səfərbər etmişdi.

1391-ci ildə baş verən hadisələr bizim üçün böyük bir ibrət dərsidir. O dərs bundan ibarətdir ki, canlı və dinamik bir xalq düşmənin təhdidləri, təzyiqləri, yaratdığı əngəllərlə heç vaxt diz çökməz. Bizə və İranda gedən prosesləri izləyən hər kəsə aydın oldu ki, bir xalq üçün ən mühüm məsələ öz daxili potensialına arxalanmaq, böyük Allaha təvəkkül etmək, özünə inanmaq və düşmənlərə arxalanmamaqdır. Bir xalqı yalnız bu, irəli apara bilər. 1391-ci il bizim üçün gücümüzü sınadığımız, özümüzü sınadığımız bir müsabiqə meydanı oldu. Biz İran xalqı – düşmənlərimizə göz dağı olaraq – iflic vəziyyətə düşmədik, hətta bu sınaq meydanında gücümüzü, bacarığımızı, nəyə qadir olduğumuzu nümayiş etdirdik. Əlbəttə ki, zəif cəhətlərimizi də bildik. Müsabiqələrin xüsusiyyəti budur: müsabiqəyə qoşulan şəxs, kollektiv özündə olan həm güclü, həm də zəif cəhətləri öyrənir və onları aradan qaldırır. Biz öz zəif cəhətlərimizi də öyrəndik. İqtisadiyyatımızın zəif cəhəti neftdən asılılıq, makroiqtisadi siyasətlərə etinasızlıq, ardıcıl olaraq gündəlik əhəmiyyətli siyasətlərin yürüdülməsi, bu tip qərarların verilməsidir ki, bütün bunlar əhalinin müəyyən qrupunun həyat rifahının aşağı düşməsi ilə nəticələnib. Ölkə rəsmiləri – bugünkü rəsmilər və xüsusilə də qarşıdakı seçkidən sonra iş başına gələcək şəxslər bu məqama diqqət yetirməlidirlər. Ölkənin makro miqyaslı, aydın, rəsmi proqram və sənəd şəklinə salınmış iqtisadi siyasəti olmalıdır. Cürbəcür proseslər bu siyasətə təsir göstərməməli, onu dəyişməməlidir. 1391-ci ildən aldığımız daha bir dərs bu oldu ki, ölkəmizin güclü olduğunu, güclü immunitetə malik olduğunu bildik. Ölkənin müqaviməti güclüdürsə, düşmənin xəbis davranışlarının təsiri minimuma enir. Bu cür güclü müqavimətə malik olan, böyük bir ölkədə vəzifə məsuliyyətini öhdəsinə götürən rəsmilər tədbirliliklə fəaliyyət göstərsələr, rəhbər işçilər əl-ələ verib çiyin-çiyinə çalışsalar – bu, bizim rəsmi şəxslərə daimi tövsiyəmizdir – ağıl və müdrikliklə iş görsələr, təhdidləri özümüz üçün fürsətə çevirə bilərik. Necə ki 1391-ci ildə düşmənlərin təhdidlərini şansa çevirib irəli gedə bildik. 1391-ci ildə rəsmilərimizin və dəyərli xalqımızın həyata keçirdiyi işlərin təsiri, inşallah, gələcəkdə – sonrakı illərdə əhalinin yaşayışında özünü büruzə verməlidir və verəcək.

Əlbəttə, iqtisadiyyat mühüm bir məsələdir və mən bir neçə ildir ki, davamlı olaraq bu məsələnin altını cızıram, lakin yeganə məsələ iqtisadiyyat deyil. Ölkənin təhlükəsizliyi də, əhalinin sağlamlığı da, elmi nailiyyətlər də mühümdür – hətta demək olar ki, işin əsası, infrastrukturudur; ölkə elmi inkişaf etsə, ondan sonra bütün işlər asan olar – ölkə üçün milli istiqlal və qürur da mühümdür, bir xalq üçün heç kəsin əlinin altında yaşamamaq, başının üstündə ağası olmamaq olduqca əhəmiyyətli bir məsələdir, bir ölkənin və bir xalqın regiondakı nüfuz və iqtidarı da ölkənin suverenliyinin və təhlükəsizliyinin dayağıdır və mühümdür. Biz bütün bu sferalarda irəliləmişik: həm təhlükəsizlik, həm səhiyyə, həm beynəlxalq nüfuz, həm də ölkədə və regionda gedən müxtəlif prosesləri kontrol altında saxlamaq baxımından inkişafa nail olmuşuq.

Xalqımız öz inkişafı ilə sübut etdi ki, Amerikanın kölgəsi altında yaşamamaq geriləmək demək deyil. Bu, mühüm bir məqamdır. Müstəmləkəçiliyin bilavasitə mövcud olduğu dövrdə dünyanın hegemon dövlətləri, imperialistlər, bu gün isə Amerika dünya xalqlarına sübut etmək istəyirlər ki, əgər yaxşı yaşamaq və inkişaf etmək istəyirsinizsə, bizim qanadımızın altına sığınmalısınız. İran xalqı sübut etdi ki, bu, yalandır. Millətimiz sübut etdi ki, Amerikadan və dünyanın digər böyük dövlətlərindən asılı olmamaq nəinki geriliyə səbəb olmur, hətta inkişafa yol açır. Bunun göz önündə olan sübutu ölkəmizdir. İran İslam Respublikasının son 30 ilini bu illər ərzində Amerikanın kölgəsi altında yaşamış, Amerikanın hər il onlara verdiyi 2-3 milyard dollar yardıma sevinib ona təslim olmuş ölkələrlə müqayisə edin. Görün onlar haradadır, biz haradayıq? Elə ölkələr var ki, 30 ildir Amerikanın quyruğuna düşüb, onun dediyi ilə oturub-dururlar. Gözümüzün önündə 30 illik təcrübə var. Görün İslam Respublikasının bu 30 ili necə keçib, İslam Respublikası və İran xalqı haradan hara gəlib çatıb, onlar nə vəziyyətdədir. Bunu diqqətlə araşdıran hər kəs anlayacaq ki, böyük dövlətlərdən asılı olmamaq bir xalq üçün təhlükə yox, fürsətdir. Əlhəmdulillah, İran xalqı öz qüdrəti, şücaəti və müdrikliyi  ilə bu fürsəti yaxalayıb.

Burada gələcəklə də bağlı iki zəruri məqamı qeyd etməliyəm: biri budur ki, biz öz planlamalarımızda daim düşməni qabaqlamalıyıq. Düşmənin fəaliyyəti qarşısında ölkəmiz passiv olmamalıdır. Düşmənin planlarını müdrikliklə öncədən duyub müəyyənləşdirmək və ondan qabaq hərəkət etmək lazımdır. Biz müəyyən situasiyalarda bu cür davranmışıq, uğurunu da görmüşük. Tehran tədqiqat reaktorunun ehtiyac duyduğu 20 faizlik yanacağın təmin olunması məsələsi buna misal ola bilər. Bu gün həmin reaktorda ölkəyə lazım olan çox əhəmiyyətli radiodərman preparatı istehsal olunur.  Bu kiçik reaktorda 20 faizlik yanacağa ehtiyac var idi. Biz bu yanacağı özümüz istehsal etmir, həmişə xaricdən gətirirdik. Düşmənlərimiz bu fürsətdən yararlanmaq, millətin bu ehtiyacından İslam Respublikasını məcburiyyətə, təhkimçiliyə vadar etmək üçün yararlanmaq fikrinə düşdülər; bu yolla öz tələblərini ölkəmizə qəbul etdirmək istəyirdilər. Lakin bizim gənclərimiz, alimlərimiz vəziyyət gərginləşmədən 20 faiz zənginləşdirilmiş yanacaq istehsal etməyə və bu yanacağı reaktorda ehtiyac duyulan lövhəyə çevirməyə müvəffəq oldular. Əleyhdarlarımız bizim bu işin öhdəsindən gələ biləcəyimizi heç ağıllarına belə gətirmirdilər. Rəsmilərimiz isə ölkənin bu ehtiyacının vaxtında fərqinə varıb, işə keçdilər. İran insanının istedadı parlayıb üzə çıxdı və bu iş uğurla yerinə yetirildi. Düşmənlərimiz İslam Respublikasının 20 faizlik yanacaq üçün onlara ağız açıb yalvaracağını gözlədikləri halda, ölkəmiz bu yanacağı daxildə istehsal etdiyini və onlara ehtiyacı olmadığını elan etdi. Əgər alimlərimiz, elm adamlarımız, gənclərimiz bu işi görməsəydilər, bu gün biz dönə-dönə, yalvar-yaxarla, böyük xərc çəkərək bizə dost olmayan kəslərin ayağını getməli idik. Ya 20 faizlik yanacaq üçün, ya da radiodərmanlar və digər məhsullar üçün onlara ağız açmalı olacaqdıq. Ölkə rəsmilərimiz bu vəziyyəti öncədən gördülər, vaxtında anladılar, görməli olduqları işi gördülər. Ona görə də biz qələbə qazandıq. Ölkənin bütün başlıca problemləri, bütün ehtiyacları üçün bu cür planlama aparılmalıdır.

Hökumətlər, sənaye və kənd təsərrüfatı subyektləri, iş adamları və investorlar, elmi tədqiqatçılar, elm və sənaye sahələrinin layihəçiləri bu böyük əxlaqi vəzifəni, ağlabatan vəzifəni yerinə yetirməlidirlər – ehtiyac ortaya çıxmamışdan öncə hazırlaşmalı və düşmən öz planlarını həyata keçirməzdən bir addım qabaq hərəkət etməlidirlər. İqtisadiyyat sektorunun rəhbərləri, universitet müəllimləri, elmi təşkilatlar, elmi və texnologiya parkları – bütün bunlar öncədən tədbir görməyi öz elmi fəaliyyətlərinin tərzinə çevirməlidirlər. Elmi məqalə yazırlarsa, bu istiqamətdə olsun; elmi tədqiqat aparırlarsa, bu istiqamətdə olsun. Sənaye, texnologiya, elm sahələrində gördükləri hər bir iş bu istiqamətdə olsun. Hökumət rəsmiləri, universitet rektorları, elmi mərkəzlərin rəhbərləri, sadə xalqın nümayəndələri bu istiqamətdə hərəkət etməlidirlər. Bizim hamımızın vəzifəsi budur ki, ölkəmizin möhkəm, nüfuzedilməz, düşmənin təsiri altına düşməyən bir ölkə kimi qalmasına çalışaq. Son zamanlar haqqında danışdığımız müqavimət iqtisadiyyatının tələblərindən biri də budur. Müqavimət iqtisadiyyatında ən başlıca, mühüm sütunlardan biri iqtisadiyyatın müqavimət qabiliyyətinə malik olmasıdır. Ölkə iqtisadiyyatının dirəniş gücü olmalıdır; düşmənin məkrli planlarına tuş gələ biləcək hər şeyə müqavimət göstərməyə qadir olmalıdır. Qeyd etməyi lazım bildiyim birinci məqam bu idi.

İkinci məqam: amerikalılar daim cürbəcür yollarla bizə ismarış göndərirlər ki, gəlin nüvə məsələsi haqda müzakirələr aparaq. Həm bizə ismarış yollayır, həm də qlobal təbliğatlarında bu məsələni daim gündəmdə saxlayırlar.  Amerikanın yüksək və orta ranqlı rəsmiləri dönə-dönə deyirlər ki, gəlin nüvə məsələlərinin müzakirə olunduğu “5+1” formatlı danışıqlarla paralel olaraq, Amerika və İran İslam Respublikası İranın nüvə məsələsi ilə bağlı üz-üzə müzakirələr aparsınlar. Mən bu müzakirələrə nikbin yanaşmıram. Niyə? Çünki bizim keçmiş təcrübələrimizdən bəlli olur ki, amerikalı cənabların məntiqində danışıqlar oturub məntiqi bir həll yolu tapmaq mənası vermir. Danışıqlar deyəndə onlar bunu nəzərdə tutmurlar. Danışıqlar deyəndə onlar bunu nəzərdə tuturlar ki, gəlin oturub söhbət edək və nəticədə siz bizim dediyimizi qəbul edin. Məqsəd əvvəlcədən aydındır – qarşı tərəfə öz sözünü qəbul etdirmək. Odur ki biz həmişə elan etmişik, demişik ki, bu, danışıq demək deyil. Bu, məcburiyyətdir, İran isə məcburiyyətə boyun əyməyəcək. Mən bu kimi bəyanatlara nikbin yanaşmasam da, onların əleyhinə də deyiləm. Bununla bağlı bir neçə məqama aydınlıq gətirməliyəm: birincisi, amerikalılar daim bizə ismarış göndərirlər – gah yazılı surətdə, gah da şifahi ismarışlarla – çatdırırlar ki, ölkədə islami dövlət quruluşunu dəyişmək niyyətində deyillər; bizə belə deyirlər. Bu sözün cavabı odur ki, sizin bu fikri israrla təkrarlamağınıza baxmayaraq, biz sizin İslam dövlətini əvəzləyib-əvəzləməməyinizdən nigaran deyilik. Siz heç İslam dövlətini əvəzləmək niyyəti güddüyünüz, bunu açıq-aşkar elan etdiyimiz zaman əlinizdən bir şey gəlməyib, bundan sonra da gəlməyəcək.

İkincisi, amerikalılar durmadan ismarışlar göndərib deyirlər ki, məntiqi müzakirə təklifləri səmimidir. Yəni bizdən tam səmimiyyətlə müzakirələr masasına oturmağımızı, məntiqi müzakirələr aparmağımızı, bu danışıqların məcburiyyət şəraitində keçməməsini istədiklərini deyirlər. Mən bu sözlərin cavabında deyirəm: biz nüvə silahı əldə etmək niyyətində olmadığımızı sizə dəfələrlə demişik, siz isə buna inanmadığınızı bildirirsiniz. Bəs biz sizin sözünüzə niyə inanmalıyıq?! Siz məntiqli və səmimi bir sözü qəbul etmək istəmədiyiniz halda, biz niyə sizin dediyiniz sözləri – özü də reallıqda əksi dəfələrlə sübut olunmuş sözləri qəbul etməliyik?! Biz bu nəticəyə gəlirik ki, amerikalıların müzakirələr təklifi  ictimaiyyəti aldatmaq məqsədi güdən taktiki bir gedişdir – dünya ictimaiyyətini və ölkəmizin əhalisini. Siz bunun belə olmadığını sübut etməlisiniz. Edə bilərsinizsə, edin.

Bu yerdəcə onu da qeyd edim ki, bunların təbliğat taktikalarından biri də zaman-zaman guya İranın ali rəhbərliyi tərəfdən kimlərinsə Amerika ilə danışıqlar apardığı haqda şayiələr yaymaqdır. Bu da daha bir, sırf yalan təbliğat taktikalarından biridir. Bu günə qədər ali rəhbərlik tərəfdən heç kim onlarla heç nəyi müzakirə etməyib. Bu illər ərzində müxtəlif hökumətlərin dövründə bəzi hallarda müəyyən şəxslər ötəri mövzular ətrafında onlarla müzakirələr aparıblar və biz də bunun əleyhinə çıxmamışıq. Lakin bu, ayrı-ayrı hökumətlərə aid olub. Sözsüz ki, ali rəhbərliyin qırmızı xətlərini qorumaq onların da borcu olub. Bu gün də bu, belədir və həmin xətlərə riayət etmək vacibdir.

Üçüncüsü, biz keçmiş təcrübələrimizə əsaslanaraq və siyasi arenada gedən prosesləri diqqətlə araşdıraraq bu nəticəyə gəlirik ki, Amerika nüvə məsələsi ətrafında gedən söz-söhbətin sona çatmasına meyl göstərmir. Onlar nüvə müzakirələrinin yekunlaşmasını, nüvə münaqişəsinin həll olunmasını istəmirlər. Əgər belə olmasaydı və onlar bu danışıqların yekunlaşmasını, münaqişənin öz həllini tapmasını istəsəydilər, kifayət qədər yaxın və asan olan həll yolunun qəbul edərdilər. Nüvə məsələsində İranın istədiyi yalnız budur ki, onun təbii haqqı olan uranı zənginləşdirmə hüququ dünya tərəfindən tanınsın. İddiaçı ölkələr İranın nüvəni öz ölkəsində, öz əlləri ilə, sülhsevər məramlarla zənginləşdirmək hüququnu etiraf etməlidirlər. Biz çox şeymi istəyirik?! Biz bunu daim desək də, onlar istəmirlər.

Onlar deyirlər ki, bizim nüvə silahının istehsalına doğru getdiyimizdən nigarandırlar. Bir neçə dövlətdir – adlarını çəkdim – özlərinə “dünya ictimaiyyəti” adı qoyublar. Deyirlər ki, dünya ictimaiyyəti narahatdır. Xeyr, dünya ictimaiyyətinin heç bir nigarançılığı yoxdur. Dünyanın əksər ölkələri İslam Respublikasının tərəfindədir və bizim istəyimizi dəstəkləyir. Çünki haqlı bir istəkdir. Amerikalılar problemin həll olunmasını istəyirlərsə, bu, asan bir yoldur. İran xalqının zənginləşdirmə hüququnu tanıya bilərdilər. Bu sarıdan heç bir nigarançılığın olmaması üçün isə nüvə agentliyinin rəsmi qərarlarını tətbiq edə bilərdilər. Biz bu qərarların və nəzarət normalarının tətbiq edilməsinə əvvəldən heç bir etiraz etməmişik. Hər dəfə problemin həllinə yaxınlaşanda Amerikalılar bir daş yuvarladırlar ki, həll yolu bağlansın. Mənim gəldiyim nəticəyə görə, onların hədəfi təzyiqləri davam etdirmək üçün bu məsələni əldə bəhanə tutmaqdır. Təzyiqləri isə – özlərinin də dediyi kimi – İran xalqını iflic etmək məqsədi güdür. Əlbəttə ki, düşmənə göz dağı olaraq, İran xalqı iflic olmayacaq.

Bu məsələdə dördüncü və sonuncu məqam odur ki, əgər amerikalılar, doğrudan da, problemə son qoymaq istəyirlərsə, mən həll yolunu göstərirəm: onlar İslam Respublikası ilə, İran xalqı ilə düşmənçilikdən əl çəkməlidirlər. Müzakirələr təklifi məntiqi və əsaslı bir söhbət deyil – düzü budur. İran və Amerika arasında hər hansı bir problemin yaşanmasını istəmədiklərini deyirlər. Əgər doğrudan da, belədirsə, düşmənçilikdən əl çəksinlər. 34 ildir ki, Amerikada hakimiyyətə gələn müxtəlif administrasiyalar İranı və iranlıları yanlış tanıyaraq bizimlə cürbəcür formada düşmənçilik aparırlar. İnqilabın qələbə çaldı, İslam dövlətinin qurulduğu ilk ildən bəri bunlar bizə düşmən kəsiliblər. Təhlükəsizlik sahəsində – təhlükəsizliyimizi pozacaq planlar qurublar; düşmənçi hərəkətlərə yol veriblər, ərazi bütövlüyümüzü pozmağa cəhd göstəriblər. Uzun illər boyu irili-xırdalı düşmənlərimizi daim dəstəkləyiblər. Milli iqtisadiyyatımız əleyhinə iş aparıblar. İran xalqı əleyhinə bütün vasitələrdən istifadə ediblər. Əlhəmdulillah, bütün bunlarda da nəsibləri uğursuzluq olub. Bundan sonra da İran xalqına qarşı bu düşmənçiliyi davam etdirsələr, yenə məğlubiyyətə uğrayacaqlar. Odur ki mən Amerika rəsmilərini doğru yola istiqamətləndirmək istəyirəm: əgər məntiqli bir çıxış yolu axtarışındadırlarsa, həmin yol bundan ibarətdir ki, öz siyasətlərində düzəliş etsinlər. Əməllərini düzəltsinlər və İran xalqı ilə düşmənçilikdən əl götürsünlər. Bu mövzunu burada tamamlamaq istəyirəm.

Daha bir mövzuya qısaca olaraq toxunmaq istəyirəm ki, bu da son dərəcə mühüm olan seçkilər məsələsidir. Bizim ölkəmizdə seçkilər xalqımızın siyasi arenada tarixi qəhrəmanlığının təzahürüdür. Bir qədər əvvəl həm biz rəsmilərin, həm də xalqın müxtəlif təbəqələrinin öhdəsinə düşən bir vəzifədən danışdım – o, iqtisadiyyat arenasında tarixi qəhrəmanlığın təzahürü idi. Seçkilər isə siyasi arenada tarixi qəhrəmanlığın təzahürüdür; İslam dövlətinin qüdrətinin göstəricisidir; dövlətin nüfuzunun göstəricisidir. İslam Respublikasının nüfuzunu seçkilər, xalqın səsvermədə iştirakı, onun hər bir nümayəndəsinin ölkə başçılarının seçilməsinə göstərdiyi təsir müəyyən edir. Seçkilər milli iradənin təzahürüdür, dinə əsaslanan xalq hakimiyyətinin göstəricisidir. Biz Qərb liberal demokratiyası qarşısında İslama əsaslanan xalq hakimiyyəti məsələsini irəli sürmüşük, bu hakimiyyətin təzahürü isə məhz xalqın seçkidəki iştirakıdır. Məhz seçkilər böyük əhəmiyyətə malik olduğuna görə də İran xalqının düşmənləri həmişə bu prosesin sönük, passiv keçməsi üçün çalışıblar. Xalqı seçki məntəqələrinə getməkdən çəkindirmək, əlini işdən soyutmaq, pessimist əhval-ruhiyyədə kökləmək üçün planlar cızıblar. Ölkəmizdə seçkilərin gözlənildiyi müxtəlif illərdə – istər parlament seçkiləri olsun, istərsə də başqa seçkilər; xüsusilə də prezident seçkilərində – düşmənlərimiz həmişə çalışıblar ki, seçkini sönükləşdirsinlər. Bunun səbəbi isə seçkinin ölkədə kəsb etdiyi əhəmiyyətdir. Mən seçki ilə bağlı müəyyən məqamları qeyd edəcəyəm. Əlbəttə, seçkiyə hələ iki aydan artıq müddət qalıb. Ömür vəfa etsə, fürsət düşdükcə yenə də bu barədə danışacağam. Hələ ki bəzi şeyləri deyim.

Birinci məqam odur ki, seçkidə ilk növbədə xalqın geniş iştirakı, əhalinin aktivliyi əhəmiyyət kəsb edir. Ölkədə seçkinin izdihamlı şəraitdə keçməsi, xalqın seçki məntəqələrinə axını düşmənlərin təhdidlərini təsirsiz qoya, düşməni ümidsizləşdirə, ölkənin təhlükəsizliyini təmin edə bilər. Ölkəmizin hər yanında insanlarımız bunu bilməlidir. Onların seçki məntəqələrində fəal iştirakı ölkənin gələcəyinə təsir göstərəcək – təhlükəsizliyə, suverenliyə, milli sərvətə, iqtisadiyyata, ölkənin bütün mühüm məsələlərinə öz təsirini göstərəcək.  Bu, birincisi – seçkilər, Allahın yardımı və dəstəyi, İran xalqının əzmkarlığı sayəsində seçicilərin yüksək fəallığı şəraitində gerçəkləşməlidir.

İkinci məqam isə odur ki, seçkidə İslam Respublikasına etimad edən bütün siyasi cərəyanlar və cinahlar iştirak etməlidirlər. Bu, hər kəsin həm haqqı, həm də vəzifəsidir. Seçkiyə yalnız konkret bir siyasi cərəyana, hansısa özəl bir siyasi-ideoloji tendensiyaya aid deyil. İslam Respublikasına etimad göstərən, ölkənin müstəqilliyinə və gələcəyinə önəm verən, milli mənafeyə can yandıran hər kəs seçkidə iştirak etməlidir. Seçkidən üz döndərmək İslam dövlətinin əleyhinə olan şəxslərə yaraşar.

Üçüncü məqam – ən nəhayət, xalqın səsi həlledicidir. Mühüm olan sizin seçiminiz, sizin verdiyiniz səslərdir. Siz özünüz araşdırıb baxmalı, diqqətlə götür-qoy etməli, inandığınız adamlardan soruşub öyrənməlisiniz ki, ən yaxşını müəyyənləşdirəsiniz və ən yaxşıya səs verəsiniz. Ali rəhbərlik yalnız bir səs vermək hüququna malikdir. Hər kəs kimi, mənim də yalnız bir səsim var və səsvermə anına qədər heç kəs ondan xəbər tutmayacaq. İndi ola bilsin ki, seçki qutusu əlində olan insanlar onu açıb bəndeyi-həqirin xəttini tanısınlar və mənim kimə səs verdiyimdən xəbər tutsunlar. Amma səsvermə anına qədər bu haqda heç kəs bilməyəcək. Heç kəs Ali Məqamlı Rəhbərliyin bu və ya digər namizədə münasibəti haqda mülahizə yürüdə bilməz. Belə bir mülahizə yürüdülübsə, yanlışdır. Əlbəttə, bu günlərdə müasir dövrün bu əcaib informasiya vasitələrinin köməyi ilə – bu mesajlar və s. ilə –  təəssüflər olsun ki, cürbəcür sözlər danışılır, cürbəcür insanlara cürbəcür fikirlərin aid edilməsi geniş hal alıb. Bir adam minlərlə mesaj göndərə bilər. Mənə məlumat verdilər ki, seçki günlərində sutkada yüz milyonlarla mesaj göndərilə bilər. Diqqətli olun ki, belə şeylərin təsiri altına düşməyəsiniz. Baxın, ən yaxşı namizədi müəyyənləşdirin, tanıyın və boynunuza düşən şəri vəzifəni yerinə yetirmək üçün onun adını səsvermə qutusuna salın. Əlbəttə ki, hər bir şəxs, yaxud siyasi liderlər başqalarını öz fikirlərinə, öz seçimlərinə yönəldə bilərlər, lakin şəxsən məndən bu barədə heç kəs heç nə eşitməyəcək. Eyni zamanda insanlarımız da ən yaşı namizədi tanımaq üçün öz aralarında danışa, məsləhətləşə, bir-birinə nəyi isə tapşıra, yaxud izah edə bilərlər. İstənilən halda meyar xalqın verdiyi səslərdir.

Dördüncü məqam: istər seçkidə, istərsə də digər məsələlərdə  hər kəs qanuna tabe olmalıdır. Qanun qarşısında təmkinli davranmalıdır. 1388-ci ildə (2009) baş vermiş və ölkə üçün zərərlə ötüşmüş hadisələrin hamısı bəzi insanların qanuna dözümlü yanaşmaq istəməməyindən irəli gəlirdi. Xalqın seçimi bizim istəmədiyimiz kimi sonuclana bilər. Buna dözümlü yanaşmalı, təmkinli davranmalıyıq. Xalqın əksəriyyətinin, əhalinin böyük bir qisminin seçimini hamı dözümlü qarşılamalıdır, hamı bu seçimə tabe olmalıdır. Xoşbəxtlikdən, problemlərin, yanlışlıqların, iradların aradan qaldırılması üçün hüquqi mexanizmlər mövcuddur. Həmin qanuni yollardan istifadə etmək lazımdır. Proseslər bizim istəmədiyimiz istiqamətdə gedən kimi xalqı küçə iğtişaşlarına səsləyək – 1388-ci ildə olduğu kimi; bu, kompensasiya edilməsi mümkün olmayan bir xətadır. Bu, xalqımız üçün bir təcrübə oldu və camaatımız daim bu tip olayların əleyhinə çıxacaq.

Sonuncu məqam: hər kəs bilsin ki, gələcək ölkə başçısında bugünkü prezidentdə olan üstünlüklər mövcud olmalıdır – zəif cəhətləri çıxmaq şərti ilə. Buna hər kəs diqqət etsin. Hər bir mərhələnin ölkə başçısı əvvəlkinin yüksək keyfiyyətlərini – əgər onları sonradan kəsb etmək, özündə tərbiyə etmək mümkündürsə – özündə əks etdirməli, zəif cəhətlərindən uzaq olmalıdır. Axı hər bir insanın güclü və zəif cəhətləri var. Ölkə prezidentlərinin – istər bugünkü olsun, istərsə də sabahkı –güclü cəhətləri olduğu kimi, zəif cəhətləri də var. Bu gün hökumət üçün, ölkə başçısı üçün güclü hesab olunan cəhətlər sonrakı prezidentdə olmalıdır; o, bunları özündə təmin etməlidir. Bu gün ölkə başçısının zəif cəhətləri kimi tanınan xüsusiyyətləri – bunu siz, mən, yaxud başqaları deyə bilərik – sonrakı prezident özündən uzaqlaşdırmalıdır. Yəni bir-birinin ardınca iş başına keçən administrasiyaları seçərkən biz inkişafa doğru getməliyik, təkmilləşmə və yüksəlişə doğru getməliyik. Tədricən iş başına ən yaxşıları gətirməliyik. Prezident kürsüsünə əyləşən hər kəs inqilaba, dəyərlərə, milli mənafeyə, İslam dövlətinə, birgə ağıl və tədbirə sadiq olmalıdır. Bu ölkəni bu cür idarə etmək lazımdır. Ölkəmiz böyük bir ölkədir, xalqımız əzəmətli bir xalqdır. İnsanı həvəsləndirən, müjdə verən məsələlər çoxdur. Yolumuz üzərində – hər bir xalqda olduğu kimi – problemlər də var. Bu meydana hazırlaşan şəxslər tam qüvvət və qüdrətlə, Allaha təvəkkül edərək, bu xalqın bacarığına inanaraq irəliləməlidirlər.

Pərvərdigara! Bu xalqın taleyinə bu ölkə üçün xeyirli və məsləhətli olanı yaz. Pərvərdigara! İmam Mehdi Sahibəzzamanın müqəddəs qəlbini bizdən məmnun et. Pərvərdigara! Dahi imamımızın və şəhidlərimizin pak ruhlarını bizdən razı və məmnun et. Burada danışdıqlarımızın Sənin üçün və Sənin yolunda olmasını bizə nəsib et və Öz kəramətinlə bunları bizdən qəbul et.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
__________________________________
1Biharul-ənvar, c. 67, səh. 265