Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 1356-cı il 19 dey qiyamının ildönümündə Qum əhalisi ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Bütün qardaş və bacılarıma, Qumda yaşayan əziz gənclərimizə, möhtərəm ruhanilərə və din tələbələrinə, böyük din alimlərinə xoşgəldin deyirəm və bu olduqca mühüm əlamətdar gün münasibəti ilə bir daha hüseyniyəmizi coşğu, sevgi, dərin hisslər və düşüncələrlə doldurduğunuz üçün sizə təşəkkür edirəm. Bu gün siz o unudulmaz hadisəni, tarixə əbədi yazılmış 19 dey gününü bir daha yaddaşlarda canlandırdınız. Həmçinin bu gün nümayiş olunan proqrama, qardaş və bacılarımızın oxuduğu gözəl məzmunlu suruda görə də təşəkkür edirəm.

19 dey məsələsi, bu günün xatirəsinin anılması sırf adəti üzrə hər il təkrar olunan, ənənə halını almış bir məsələ deyil. Bu, əsas, prinsipial bir məsələdir. Tariximizdəki bütün böyük və əlamətdar hadisələr belədir. Əvvəla, o dövrün gənclərinin məsuliyyət yükünü hal-hazırda çiyinlərinə götürmüş gənclər, yeni nəsil bu xatirə tədbirləri ilə öz hərəkət kursunun tarixi köklərini, keçmişini öyrənir, o prosesləri hiss edir. İkincisi, hər dəfə həmin hadisələrin ildönümü qeyd olunduqda İran xalqının bu günə gəlib çatmaq üçün qatlaşdığı əzab-əziyyətlər, çətinliklər, üz-üzə qaldığı təhlükələr öyrənilir. Bütün bunlar açıqlanır, bu gün İran xalqının ixtiyarında olanların heç də asan əldə olunmuş nemətlər olmadığı işıqlandırılır. Bunlar təsadüfən baş vermiş hadisələr deyil:

(1)رو خطر كن ز كام شيربجوى

– şeirdə “şirin ağzına” deyilir, “canavarın ağzına” demək lazımdır. İran xalqı bu əzəmətli, qətiyyətli və iradəli karvanı hərəkətə gətirib bu yerə çatdırana qədər özünü təhlükələrə atıb, zəhmət çəkib, canından keçib, despot şah rejiminin qəddar polis qüvvələri qarşısında müqavimət göstərib, qətlə yetirilib, şəhid verib, yaralanıb. Bu da ikinci bir məqam.

Üçüncü məqam isə bu gün bizim həmin hadisələrdən aldığımız ibrət dərsidir. Bu günün dəyərli gəncləri o günləri görməyiblər. O zaman nələrin baş verdiyindən xəbərsizdirlər. O günləri yaşamış insanlar isə bilirlər. O zaman tağut rejiminin zahirən dəbdəbəli və möhtəşəm gücü qarşısında müqavimət göstərmək asan bir iş kimi görünmürdü. Əgər o zaman xalqın xeyri və ziyanı haqda zahiri şərtlərə əsasən mühakimə yürüdən bəzi şəxslərə İran xalqının – Qum əhalisinin timsalında – despot Pəhləvi rejiminə qarşı çıxmaq və onu məhv etmək istədiyini desəydin, sənə gülərdilər. “Bu mümkündürmü?” – deyərdilər. Amma oldu. Qeyri-mümkün görünən bir şey həm mümkün oldu, həm reallaşdı, həm də əbədi olaraq tarixə yazıldı. Bu, bir dərsdir.

Bu gün də İran xalqının uca amalları var, iddiaları var, böyük mesajları var – həm öz ölkəsi, həm İslam dünyası, həm də bütün bəşəriyyət üçün. Lakin ona qarşı ac qurdlar, vəhşi yırtıcılar – bu nəhəng maliyyə kompaniyaları, var-dövlət hərisi olan, dünyapərəst korporasiyalar cəbhələşiblər. Silah istehsal edir, silah ixrac edir, müharibələri qızışdırır, BMT-ni istədikləri kimi idarə edirlər. İstədikləri yerə hərbi qüvvə çıxarır, cinayətlər törədir, zülmə himayədarlıq edir, qəsbkar sionistləri dəstəkləyirlər. Zahiri gücləri, dəbdəbə və ehtişamları sayəsində bəşər cəmiyyətinə zülmlər edirlər. Despot şah rejiminin hakimiyyəti dövründə İranda da eyni vəziyyətin şahidi idik. Bu gün də bəziləri deyirlər: Təpədən-dırnağa qədər pul, hərbi güc, media təbliğatı, iqtisadi və siyasi imkanlarla, lazım olan hər şeylə təchiz olunmuş və bir-biri ilə sıx surətdə birləşmiş bu düşmən cəbhəsinə qarşı müqavimət göstərmək mümkündürmü? Bu mübarizədə irəli getmək olarmı? Bu gün də eyni sözlər təkrarlanır. Biz isə bunu təcrübədən keçirib görmüşük ki, olar.

Özü də bu, bizim sözümüz deyil. Bu, Quranın sözüdür: Əgər Allah yolunda meydana qədəm qoyub mübarizə aparsanız, qələbəniz mütləqdir.

و لو قاتلكم الّذين كفروا لولّوا الأدبار ثمّ لا يجدون وليّا و لا نصيرا. سنّة اللّه الّتى قد خلت من قبل و لن تجد لسنّة اللّه تبديلا

“Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar. (Ya Peyğəmbər!) Allahın əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən Allahın qayda-qanununda (adətində) əsla bir dəyişiklik görə bilməzsən! (Həmişə peyğəmbərlər və möminlər qalib gəlmiş, kafirlər isə məğlub olmuşlar).” (“Fəth” surəsi, ayə 22-23)

و لو قاتلكم الّذين كفروا لولّوا الأدبار

bu yalnız ilkin İslam dövründəki müharibələrə aid deyil. Bu, Allahın müəyyən etdiyi dəyişməz bir qaydadır.

Bəli, biz dünyaya çatdırmaq istədiyimiz dəyərli mesajların hansılar olduğunu bilməsək, dəyərini bilmədən onları irəli sürsək, yaxud sözümüzün üstündə möhkəm durmasaq, yolun ortasında Şeytanın və nəfsimizin vəsvəsələri, tənbəlliyimiz ucbatından dizlərimiz süstləşsə, o yerə qədər çəkdiyimiz zəhmətin, əzab-əziyyətin heç bir nəticəsi olmayacaq –bu aydındır. Söhbət ondan gedir ki:

لينصرنّ اللّه من ينصره

“Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. ( “Həcc” surəsi, ayə 40)

Bundan o yana söz, vəd ola bilməz. Biz Allaha yardım etsək (düşünməklə, ortaya saf ideyalar qoymaqla, onları dünyada düzgün şəkildə irəli sürməklə, üstündə möhkəm durmaqla, həmin ideyaları irəli aparmaq, genişləndirmək üçün tədbir görməklə, qarşıya çıxa biləcək təhlükələrə sinə gərməklə yardım etsək), Uca Yaradan mütləq və mütləq bizə yardım edəcək

لينصرنّ اللّه

 – ın mənası budur; yəni Allah mütləq və hökmən yardım edəcək.

و من اصدق من اللّه قيلا


“Allahdan daha doğru danışan kimdir?!” (“Nisa” surəsi, ayə 122)

Allahdan daha doğrucul kim ola bilər?

İran xalqı praktikada bunun şahidi olub. Əgər siz – bizim dəyərli xalqımız, yüksək ruhlu, bacarıqlı və əzmkar gənclərimiz, tutduğunuz bu yolda sabitqədəm olsanız, əsla şübhəniz olmasın ki, zamanı gələndə, münasib bir vaxtda İran xalqının nəinki təkcə bu ölkə ilə, hətta bütün İslam dünyası, İslam ümməti, bəşər cəmiyyəti ilə bağlı amalları, arzuları, prinsip və şüarları gerçəkləşəcək. Hər işin öz dövrü, zamanı var. Bu arzular vaxtı gələndə reallaşacaq. İran xalqı qarşısına məqsəd qoyduğu, əzmlə irəlilədiyi mövqeyə çatacaq. Bunun yolu isə müqavimət göstərməkdən keçir.

O zaman nə baş verəcək? Dünya tarixinin kursu dəyişəcək. Tarixin kursu başqa istiqamətə yönələcək. Bu gün tarixin kursu zülmə istiqamətlənib. Müstəmləkəçiliyə və müstəmləkəyə boyun əyməyə yönəlib. Dünyada bir qrup müstəmləkəçidir, başqa bir qrup isə onların müstəmləkəçiliyinə boyun əymək məcburiyyətindədir. Siz – İran xalqı sözünüzü keçirə bilsəniz, qalib ola bilsəniz, vəd olunmuş məqama yetişə bilsəniz, o zaman tarixin kursu dəyişəcək. Zəmanənin əmr sahibi Həzrət Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!) zühuru üçün zəmin hazırlanacaq. Dünya yeni bir mərhələyə qədəm qoyacaq. Bu, mənim və sizin bu gün nə qədər əzmli olmağımızdan asılıdır, həqiqətləri nə dərəcədə dərk etməyimizdən asılıdır.

Uca Yaradan qəlbləri gələcək vədlərin gerçəkləşməsinə əmin etmək üçün həmin vədlərdən bəzilərini tez bir zamanda həyata keçirir. Allah-Taala Həzrət Musanın anasına belə vəhy edir:

فألقيه فى اليمّ

Ardınca buyurur:

انّا رادّوه اليك و جاعلوه من المرسلين

“Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!” (“Qəsəs” surəsi, ayə 7)

İki vəd verir: körpəni dənizə at və nigaran qalma – biz həm onu sənə geri qaytaracaq, həm də peyğəmbərlik məqamına çatdıracağıq. Bu nübüvvət isə bəni-İsrailin uzun illər boyu – təxminən bir neçə əsr – intizarında olduğu nübüvvət idi. Daha sonra –Həzrət Musa Fironun qəsrində anasının ağuşuna qayıdanda Uca Yaradan buyurur:

فرددناه الى امّه كى تقرّ عينها و لا تحزن و لتعلم انّ وعد اللّه حقّ

“Beləliklə, gözü aydın olsun, (oğlunun ayrılığına) kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin deyə, (onu) anasına qaytardıq. Lakin onların (insanların, yaxud Firon əhlinin) əksəriyyəti (Allahın vədinin doğru olduğunu) bilməz!” (“Qəsəs” surəsi, ayə 13)

Birinci vədi onun üçün gerçəkləşdirdik, oğlunu geri qaytardıq ki, Allahın vədinin doğru olduğunu bilsin. İkinci vəd də gerçəkləşəcək.

Uca Yaradan İran xalqına qarşı da bu cür davranıb. Bir çox vədləri gerçəkləşdirib, böyük işlər görülüb. Əziz gənclər! Bilin ki, o zaman heç kəs diktator şah rejimini nəinki süquta uğratmaq fikrinə düşməyin, hətta yerindən belə tərpətməyin mümkün olduğuna inanmırdı. Bu gün isə özünüz şahidsiniz ki, diktatura İslam dünyasında ən çox nifrət doğuran rejimdir. İranda tamamilə aradan götürülüb; məşhur bir ifadə ilə desək, tarixin xarabalıqlarına gömülüb. O zaman ölkədə gedən proseslərdən baş çıxaran insanlara İranın Amerika müstəmləkəsinin məngənəsindən çıxmasının mümkün olduğunu desəydin, tam əminlik və qətiyyətlə: “Bu ola bilməz!” – deyərdilər. Ölkənin bütün işləri, bütün irimiqyaslı siyasətləri Amerikanın ixtiyarında idi. Bəzən isə hətta xırdalıqlara da müdaxilə edirdilər: filan nazirliyin naziri kim olsun, kim olmasın; neftin qiyməti filan qədər artsın, ya artmasın. Amerikalıların və onların kölgəsi altında dünyanın digər alçaq və quldur dövlətlərinin ölkəmiz, xalqımız, təbii resurslarımız, milli qürurumuz üzərində bu formada ağalıq etdiyi bir vaxtda bütün bunlara son qoyulacağına kim inanardı? Bu gün isə görürsünüz ki, dünyada Amerikanın və Amerika kimilərin imperialist siyasətindən ayrı, müstəqil siyasət yürüdən bir xalqın adını qeyd etmək məqamı gələndə İranın adını çəkirlər. Başqa xalqlar İran xalqına baxıb onun nümayiş etdirdiyi bu müqavimətdən, bu şücaətdən, bu qətiyyətdən, bu mətanətdən ruhlanırlar.

Bütün imperializm dünyası və imperialist dövlətlər İran xalqını sanksiyalarla yormaq, təngə gətirmək üçün əl-ələ veriblər. Özləri də deyirlər ki, biz İran xalqını İslam Respublikasına qarşı çıxmağa, bununla da İslam dövlətinin rəsmilərini hesablamalarını dəyişməyə vadar etmək istəyirik. Açıq-aşkar deyirlər bunu. Əvvəllər – biz prosesləri analiz edəndə belə birbaşa formada demirdilər. İndi isə açıq-aşkar deyirlər. Nəticəsi isə budur ki – özünüzün də gördüyünüz kimi – İran xalqı İslamın əsaslarına, inqilabın prinsiplərinə, müqavimətə, Uca Yaradanın ölkəmizə bəxş etdiyi bu qürur və heysiyyətə günü-gündən daha da sıx bağlanır. Onların istədiyinin tam əksi baş verir.

Bunlar Uca Yaradanın bizə verdiyi böyük ibrətamiz dərslərdir. Həmin dərslərdən biri də iftixarı siz qumlulara aid olan 19 dey günüdür. Əlbəttə ki, qumlulara iftixar qazandıran təkcə bu deyil. Qumun tarixində belə səhifələr çoxdur. Son 90-100 ildə Qumdan bir çox qaynayan çeşmələr baş qaldırıb. Mərhum Hacı Şeyxə (Allah ona Behişt nəsib etsin!) səmimiyyətlə qucaq açan, onu bura gətirib bu böyük teoloji mərkəzi yaradan qumlular olub. Bu mərkəzdə baş tutan bu gözlənilməz effektli ilahi təlim-tərbiyə Qum əhalisini təpərinin bərəkətidir. Dahi liderimiz İmam Xomeyni kimi bir şəxsiyyəti yetişdirmiş, bu cür dünya miqyasında əzəmətli bir hadisəyə (Bəli, bəli, dünya miqyasında; İslam İnqilabını ölkə miqyaslı bir hadisə adlandırmaq lazım deyil!) yol açmış bir teoloji mərkəz!... 1341-ci, 1342-ci illərdə baş vermiş olaylar zamanı, inqilabi proseslərdə, Məcburi Müharibə dövründə Qum çox möhtəşəm və parlaq bir simada çıxış etdi. Və mən ümidvaram ki, həmişə belə olacaq!

Sizin üçün – Qum sakinləri olan dəyərli gənclərimiz üçün bir şeyi də qeyd edim: bu hərəkatda daha bir mühüm məqam düşmənin davranışlarını sayıqlıq və zirəkliklə sezmək, nəzərə almaq, hədəflərini aşkarlamaqdır. Bu, çox mühümdür. Şəxsi bir qarşıdurmada, şəxsi müdafiə mövqeyində qarşı tərəfin hansı addımı atacağını öncədən müəyyən edə bilsən, heç bir zərbə almazsan. Diqqətin yayınsa, fikrini cəmləşdirə bilməsən, başın başqa bir şeyə qarışsa, rəqibinin nə etmək istədiyini əvvəlcədən sezə bilməsən, hökmən, zərbə alacaqsan. Düşmən yatmayıb axı! Oyaqdır!

(2)و انّ اخا الحرب الأرق و من نام لم‌ينم عنه

Sənin diqqətin dağınıqdırsa, hansı mövqedə olduğundan xəbərsizsənsə, bu, o demək deyil ki, qarşındakı düşmənin də diqqəti yayınıb. Ola bilsin ki, o, diqqətini tam şəkildə cəmləyərək zərbə vurmağa hazırlaşır. Odur ki hamımız diqqətimizi cəmləməliyik. Bizim istər rəsmilərə, istərsə də əhaliyə dönə-dönə: “Başınızı ikinci-üçüncü dərəcəli məsələlərə qatmayın!” – deyə müraciət etməyimizin, tövsiyə etməyimizin, bu məsələni təkrar-təkrar vurğulamağımızın səbəbi də elə budur. Mətbuata, mediaya, qəzetlərə, günümüzdə geniş yayılmış internet portallarına xalqın düşüncəsini yanlış məsələlərlə məşğul etməkdən çəkinməyi dönə-dönə tapşırmağımızın səbəbi də budur.

Hər bir xalq diqqətini tam surətdə cəmləməli, ayağını hara qoyduğunu, nə etmək istədiyini bilməli (hamılıqla təqvalı olmaq bax budur), ehtiyatlı olub, haradan zərbə ala biləcəyinə diqqət yetirməlidir. Həmçinin fərdi davranışlarımızda da təqvalı olsaq, əməllərimizə, özümüzə qarşı ehtiyatlı olacağıq. İnsan sürüşkən yerə ayaq basmır. Yıxıla biləcəyini hiss edən kimi, ehtiyatını gözləyir. Bu, lazımlı bir şeydir.

Bu gün mən düşmənin davranışlarını araşdıraraq aşağıdakı nəticəyə gəlirəm: seçkiyə qədər önümüzdə hələ 5 ay olduğuna baxmayaraq, düşmən artıq bizim ölkəmizdə keçiriləcək seçki haqda düşünməyə başlayıb. Gələn ilin xordad ayında baş tutacaq seçkilər bizim üçün olduğu qədər düşmən üçün də əhəmiyyətlidir. Bütün diqqətini bu seçkiyə yönəldib. Düşmənlərimizin imkanı olsaydı, elə bir iş görərdilər ki, İranda seçkilər heç yerli-dibli baş tutmasın. İntəhası, buna gücləri çatmır, bunu eləmək iqtidarında deyillər. Belə bir şeyə nail olmaqdan əllərini üzüblər. Bir dəfə bəzi insanlar parlament seçkilərini təxirə salmağa çalışdılar. Hətta bizə dedilər ki, əgər mümkündürsə, heç olmasa iki həftə geriyə atın. Biz isə “Olmaz!” dedik. Seçki təyin olunduğu gündə keçirilməlidir. Bircə gün də geri düşməməlidir. Bacarmadılar, əlləri bir yerə çatmadı. Onlar bunu təcrübədən keçiriblər, seçkini təxirə salmağın qeyri-mümkün olduğunu bilirlər. Ona görə də başqa yollar axtarırlar.

Düşmənlərin hədəflərindən biri budur ki, seçkinin çox passiv şəraitdə, xalqın fəal iştirakı olmadan keçirilməsinə nail olsunlar. İndidən bunu hamı bilsin: İctimaiyyət qarşısında, ola bilsin, canıyananlıqdan seçki barədə nə isə danışıb tövsiyələr verən, “Seçki o cür olsun, bu cür olsun” deyən insanlar diqqətli olmalıdırlar ki, düşmənin bu məqsədinin reallaşmasına yardımçı olmasınlar. Elə hey “Seçki azad olmalıdır!” – deyib, xalqı seçkiyə qarşı pessimist ruhda kökləmək olmaz. Aydın məsələdir ki, seçki azad olmalıdır. İnqilabın əvvəlindən indiyə qədər otuz neçə dəfə seçkimiz olub. Hansı azad olmayıb ki?! Başqa hansı ölkədə seçkilər İranda olduğundan daha azad şəraitdə keçir? Səlahiyyətlər harada nəzərə alınmır ki, burada bunlar bu məsələləri bu qədər qabardırlar, hey deyir, təkrarlayırlar və öz aləmlərində yavaş-yavaş xalqın şüurunda belə bir təsəvvür yaratmaq istəyirlər ki, bu seçkinin heç bir faydası yoxdur? Düşmənin arzuladığı şeylərdən biri də budur. Ölkə daxilində bu sözləri danışan adamlar, ola bilsin, nə etdiklərinin fərqinə varmır, başısoyuqluq edirlər. Mənim də dediyim odur ki, ehtiyatsızlıq etməyin, diqqətli olun, düşmənin dəyirmanına su tökməyin. Onun məqsədlərini tamamlamayın. Bu, seçkini gözdən salmağın, seçkiyə olan həvəs və marağı söndürməyin yollarından biridir.

Daha bir önəmli məsələ budur ki, camaata seçkinin lazımi qədər sağlam bir şəraitdə baş tutmayacağı deyilməməli, seçicilərə bu kimi fikirlər aşılanmamalıdır. Əlbəttə, mən özüm də vurğulayıram ki, seçki sağlam şəraitdə keçirilməlidir. İntəhası, bunun yolu var. İslam Respublikasında, dövlətimizin qanunvericiliyində seçkinin şəffaflığını qorumaq üçün çox gözəl hüquqi yollar nəzərdə tutulub. Qeyri-qanuni yollarla davranmaq istəyənlər, əlbəttə ki, ölkənin ziyanına hərəkət etmiş olurlar. Necə ki 1388-ci ildə qeyri-qanuni yollara əl atdılar, ölkəyə maddi ziyan vurdular, xalqa əziyyət verdilər, elə özlərinin də həm bu dünyada, həm də Allah dərgahında bədbəxtliyinə və başıaşağılığına səbəb oldular. Çox gözəl hüquqi yollar var. Bəli, mən özüm də israrla qeyd edirəm ki, seçki tam sağlam və şəffaf şəraitdə keçirilməlidir. Seçki prosesinə cavabdeh olan, bu işdə məsuliyyət daşıyan bütün dövlət və qeyri-dövlət strukturlarının rəsmiləri qanuna əsasən hərəkət etməli, tam diqqətli olmalı, təqva və düzgünlüyə mükəmməl surətdə riayət etməlidirlər ki, şəffaf və sağlam bir seçki baş tutsun. Heç şübhəsiz, elə belə də olacaq!

Başqa bir yol da var: seçki günlərində xalqın başını nə iləsə qatmağa cəhd göstərə bilərlər. Nə isə bir olay, insident çıxara bilərlər: siyasi, iqtisadi, yaxud təhlükəsizliklə bağlı bir insident. Sözsüz ki, bu da düşmənin planlarından biridir, amma mən əminəm ki, İran xalqı düşmənlərin, yaxud onlara xidmət edən ünsürlərin bu tip xəbis hiylələrinə aldanmamaq üçün kifayət qədər müdrik və gözüaçıqdır. İnşallah, Allahın izni ilə, Allahın verəcəyi güc və mənəvi dəstək sayəsində, Allahın fəzli sayəsində, ölkəmizdə çox gözəl və izdihamlı bir seçki olacaq.

Əlbəttə ki, seçki ilə bağlı mənim demək istədiyim şeylər çoxdur. Allah ömür versə, gələcəkdə seçki haqqında yenə söhbətlər edəcəyəm. Tövsiyələrim, sözlərim, qeyd etmək istədiyim məqamlar var. Hələliksə bunlarla kifayətlənirəm. Diqqətli olun! Seçki həm bir haqq, həm də bir vəzifədir. Seçkidə iştirak etmək – bu millətin bir nümayəndəsi kimi – bizim hər birimizin həm haqqı, həm də vəzifəsidir. İslam Respublikasına etimad göstərən, Konstitusiyanı qəbul edən insanlar həm bu haqlarından istifadə etmək, həm də öhdələrinə düşən bu vəzifəyə əməl etmək istəyirlər. Bu vəzifəni hamı yerinə yetirməlidir. Birinin vəzifəsi öz səlahiyyətlərini xalqın seçiminə çıxarmaqdır. Özündə səlahiyyət hiss edən, icraçılıq işinə bələd olan hər kəs gəlib xalqın seçiminə çıxır. Ölkəni idarə etmək, icraçılıq işi kiçik bir məsələ deyil. Yüksək ranqlı icraçı rəsmilərin çiyninə böyük işlər, ağır yüklər düşür. Bəzən bu yükün nə qədər ağır olduğu, bu ağırlığın müxtəlif cəhətləri başqa müstəvilərdə çalışan insanlara tam dəqiqliklə aydın olmaya bilər. Seçki marafonuna qatılan şəxslər bu yükü çəkməyə layiq olub-olmadıqlarını düşünməlidirlər. Konstitusiyada müəyyən olunmuş və möhtərəm Keşikçi Şuranın da əsas götürəcəyi səlahiyyətlərin onlarda olub-olmadığına baxmalı, dövlətə və Konstitusiyaya, həqiqətən də, bağlı olmalıdırlar. Arzu və niyyətləri Konstitusiyanı həyata keçirmək olmalıdır. Çünki ölkə prezidenti Konstitusiyanı icra edəcəyinə and içir. Yalandan and içmək olmaz ki! Bu marafona özündə bunları hiss edən insanlar qoşulmalıdırlar. Bu meydana girmək niyyəti olmayanlar isə seçmək, seçkinin izdihamlı şəraitdə baş tutmasına yardımçı olmaq meydanında iştirak edəcəklər.

Sizə onu da deyim ki, bizim ilahi vədlərə olan etimadımız sayəsində (ilahi vədlər isə haqdır, gerçəkləşməsi mütləq və danılmazdır) Uca Yaradan, heç şübhəsiz, bu xalqı həm hazırkı etapda, həm də bütün gələcək etaplarda düşmənləri üzərində qalib edəcək. Allaha şükürlər edirik ki, bizi özünə qarşı bədgümanlığa düçar etməyib.

الظّانّين باللّه ظنّ السّوء

“Onun barəsində bədgüman olan münafiq kişi və qadınlar...” ( “Fəth” surəsi, ayə 6)

Bizi belələrindən etməyib. Biz Allahın vədlərinə qarşı nikbinik, ilahi vədlərə inanırıq. Bir yandan Allahın möminlərə verdiyi yardım vədini görürsən, digər tərəfdən isə bu camaatı müşahidə edirsən; camaatın fəal iştirakının, həvəs və marağının, əzminin, bu gənclərin ixlasının, ölkənin hər yerində, bütün təbəqələri təmsil edən, müxtəlif xarici görünüşə malik olan mömin ata və anaların şahidi olursan. Bu xalqın, əlhəmdulillah, meydanda canla-başla hazır olan bir xalq olduğunu görürsən.

Uca Yaradana dualar edirəm ki, sizə – əziz Qum əhalisinə, buradakı böyük teoloji mərkəzə öz lütfünü, mərhəmətini və mənəvi dəstəyini nəsib etsin. Bu yolu bizim üzümüzə açmış dahi İmam Xomeynimizin pak ruhunu övliyaları ilə məhşur etsin. Bu yolda fədakarlıq etmiş əziz şəhidlərimizin pak ruhlarını, həmçinin haqq yolunda vuruşub əzab-əziyyətlərə qatlaşan hər kəsi öz rəhmət, feyz və bərəkətinə layiq bilsin və bizi bu yolda sabitqədəm etsin.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!
___________________________________
(1) Məzmununda qəhrəmanlığa, şücaətə çağırış olan bu misra hicri-qəməri 3-cü əsrdə yaşamış şair Hənzələ Badqeysiyə aiddir.
(2) Nəhcül-bəlağə, 62-ci məktub