Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin hökumət rəsmiləri və İslami Vəhdət Konfransında iştirak edən qonaqlarla görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Bu böyük və sevincli bayram münasibəti ilə sizin hamınızı – möhtərəm görüş iştirakçılarını, başqa ölkələrdən bura təşrif gətirmiş əziz qonaqları, müsəlman ölkələrinin səfirlərini, eləcə də peyğəmbərlik məqamına itaətə nə qədər sadiq və vurğun olduğunu əməli surətdə sübuta yetirmiş böyük İran xalqının hər bir nümayəndəsini təbrik edirəm! Həmçinin bir mehvər kimi, İslam peyğəmbərinin mübarək adı ətrafında birləşib həmrəy olmaq zərurəti hiss edən bütün İslam ümmətini təbrik edirəm! Həmçinin bu mübarək bayram münasibəti ilə Yer üzündəki bütün azadə ruhlu insanları təbrik edirəm. Həqiqətən də, bu böyük miladın özündə daşıdığı ilahi müjdə və bərəkətlər Yer üzündəki bütün azadələrə – azadlıq və ədalət axtaran, ali ilahi dəyərləri özündə əks etdirməyə can atan bütün insanlara aiddir.

İlahi mərifət və mənəvi yüksəliş əhli olan şəxslərdən bəziləri bu fikirdədirlər ki, rəbiüləvvəl ayı, sözün əsl mənasında, həyatın, yaşamın bahar çağıdır. Belə ki bu ayda əziz Peyğəmbərimizin və onun sevimli övladı Həzrət Əba Əbdillah Cəfər ibn Məhəmməd Sadiqin dəyərli vücudları dünyaya təşrif gətirib. Peyğəmbərin mövludu isə Uca Yaradanın bəşəriyyət üçün təqdir etdiyi bütün bərəkətlərin başlanğıcıdır. Biz İslam dinini bəşərin xoşbəxtliyinin açarı və insanlığın qurtuluş yolu hesab etdiyimiz üçün Peyğəmbərin mübarək vücudundan qaynaqlanan bu ilahi nemətin bəşəriyyətə bu ayda əta olunduğunu düşünürük. Bu əzəmətli miladı, doğrudan da, Uca Yaradanın bəşər cəmiyyətinə, İslam ümmətinə, həqiqət ardıcıllarına başucalığı olaraq verdiyi bütün bərəkətlərin mənşəyi bilmək lazımdır.

Təkcə bayram keçirib şadyanalıq etmək kifayət deyil. İlk növbədə biz Peyğəmbərlə aramızda olan mənəvi bağları möhkəmləndirməliyik. İslam dünyası Nəbiyi-Mükərrəmlə öz arasında olan mənəvi-emosional əlaqəni günü-gündən daha da gücləndirməlidir. Bu, dünyanın bütün müsəlmanları arasında ortaq olan bir məqamdır. İslam ümmətinin formalaşdırılmasına can yandıran hər kəs bu məqamı – Peyğəmbərin müqəddəs vücudu ilə mənəvi-emosional rabitənin gücləndirilməsi məsələsini ön plana keçirməlidir. Yəni ilk növbədə bütün işlərində o həzrətin buyurduğu yolla getməyi tam ciddiyyəti ilə qərara almalıdır. Qurani-Kərimin ayələrində Peyğəmbərin xasiyyəti, siyasi davranışı, hakimiyyət metodu, camaata – istər müsəlmanlara, istərsə də qeyri-müsəlmanlara yanaşma tərzi şərh olunur. Peyğəmbərin dövründə böyük səhabələrin yetişdirilməsi və onların davranışları İslam ümmətinin təlim-tərbiyəsində dinimizin və peyğəmbərimizin önəm verdiyi cəhətləri nümayiş etdirir. Biz bunları öz həyatımızda reallaşdırmalı, əməli surətdə həyata keçirməliyik. Yalnız danışmaq kifayət etmir.

Bu gün bunun üçün münasib zəmin mövcuddur. İslami oyanış artıq baş vermiş bir həqiqətdir. İslam dininə və müsəlmanlara düşmən olanların müsəlmanlar üzərində on illərlə davam edən ağalığından sonra (istər bu, birbaşa istismar formasında olsun, istərsə də yeni, qeyri-müstəqim istismar formalarında: mədəni, iqtisadi, siyasi ağalıq şəklində) müsəlman xalqları ardıcıl olaraq uzun illər boyunca Qərb imperializminin, Amerika və Avropa dövlətlərinin müstəmləkəsi və təzyiqləri altında çapaladıqdan sonra tədricən oyanış toxumu, islami rüşeymlər cücərdi, inkişaf etdi və hazırda özünü büruzə verməkdədir. Bu gün İslam dünyası nüfuzunu, başucalığını, müstəqilliyini təmin edəcək yeganə amilin İslam dini olduğunu hiss edir. İslamın bərəkəti sayəsində, İslam dünyasında istənilən millətin bütün arzuları çin ola bilər. Müsəlman xalqları İslamın bərəkəti sayəsində Qərbin ağalığı, Qərb dövlətlərinin hegemonluğu, zülmkar müstəmləkəçiliyi və istismarı qarşısında müqavimət göstərə bilərlər.

Və Qərb geri çəkilməyə məcburdur. Bu gün siz özünüz İslam dünyasında bunun şahidisiniz. Otuz neçə il əvvəl bu məsələ İranda baş verdi. Bu gün də İslam dünyasında, Şimali Afrikada bunu müşahidə edirsiniz. Addımlar qələbəyə istiqamətlənib. Əlbəttə, çətinliklər var. Amma biz sayıq olsaq, çətinliklər yolumuzda maneə ola bilməz. Quran buyurur:

لن يضرّوكم الّا اذى

“Onlar (yəhudilər) sizə (dil ilə) əziyyət verməkdən başqa bir zərər yetirməzlər”. (“Ali-İmran” surəsi, ayə 111)

Doğrudur, bizə əziyyət verirlər, incidirlər, problemlər yaradırlar. Amma biz əzmkar olsaq, Allaha təvəkkül etsək, hərəkət etməkdə qərarlı olsaq, onlar yolumuza sədd çəkə bilməzlər.

Bu gün müsəlman xalqları oyanıblar. Onlar İslamın bərəkəti sayəsində İslam dünyasının düşmənlərinin, Qərb dövlətlərinin siyasətinə ağalıq edən fasid sionist şəbəkəsinin qarşısında öz sözlərini eşitdirməyə qadir olduqlarını hiss edirlər. Bu qalibiyyətlər çox dəyərlidir.

وعدكم اللّه مغانم كثيرة تأخذونها فعجّل لكم هذه

“Allah sizə çox-çox qənimətlər vəd buyurmuşdur; siz onları əldə edəcəksiniz. Bunu (Xeybərdəki bu qəniməti) isə sizə tezliklə verdi”. ( “Fəth” surəsi, ayə 20)

Bu, ilahi vədin reallaşmasının hələlik yalnız bir hissəsidir.

و كفّ ايدى النّاس عنكم و لتكون ءاية للمؤمنين و يهديكم صراطا مستقيما

Möminlərə işarə olsun və sizi doğru yola çıxartsın deyə, (Allah) insanların sizə qarşı uzanmış əllərini kəsdi (Xeybərdə müttəfiqlərin, yaxud Məkkə müşriklərinin müqavimətini qırdı). ( “Fəth” surəsi, ayə 20)

Düşmənlərə, onların təbliğatına, xəbis metod və üsullarına qarşı mübarizədə istənilən xalqın qazandığı hər bir qalibiyyət bir ilahi müjdədir, Tanrıdan gələn bir işarətdir, ilahi nişanədir:

و لتكون آية

– möminlərə işarə olsun deyə. Demək ki, hərəkət etsəniz, nəticə əldə edəcəksiniz.

Bu gün İslam dünyası düşmənlərin cürbəcür məkrli planları ilə qarşı-qarşıyadır. Mən sizə – istər iranlı, istərsə də digər millətlərdən olan qardaş və bacılarıma bir şeyi demək istəyirəm: bu gün düşmənin islami oyanışa qarşı mübarizədə istifadə etdiyi ən əsas vasitə ixtilaf yaratmaqdır – müsəlmanları müsəlmanlara qarşı qoymaq, müsəlmanları müsəlmanların əli ilə aradan götürmək, bunların başını bir-birinə qatmaqdır. Müsəlmanların müstəqilliyinə düşmən olan qüvvələr üçün onların başını bir-birinə qatmaqdan yaxşı nə ola bilər?

İranda İslam İnqilabının qələbə çaldığı ilk gündən etibarən xalqımız arasında, ölkəmizdə ixtilaf salma siyasəti yürüdülməyə başladı. Lakin İslam Respublikası tam qətiyyətlə buna müqavimət göstərdi. Məzhəb zəminində ixtilafları hətta beynəlxalq müsəlman ictimaiyyəti müstəvisinə də çıxardılar. Buna baxmayaraq, İslam Respublikası islami vəhdət bayrağını göyə ucaltdı. Biz müsəlman qardaşlığı ideyasını rəhbər tutduğumuzu dünyaya elan etmişik, dahi liderimiz İmam Xomeyni dəfələrlə bunu qeyd edib, İran xalqı imamın dövründə, eləcə də onun vəfatından sonra dönə-dönə bunu vurğulayıb.

Biz müsəlmanlar arasında istənilən konflikti rədd edirik. Bu, hər bir kiçik insidentdən müsəlmanlar arasında ixtilaf salmaq üçün istifadə edən düşmən ünsürlərin istəklərinə tamamilə ziddir. Diqqətlə nəzər salsanız, görərsiniz ki, bu gün islami oyanışın düşmənləri Şimali Afrika ölkələrində də ixtilaf salma siyasəti yürüdürlər. Müsəlmanları bir-birinin canına salmaq, bir-birinə qarşı qoymaq – bu, imperializmin həmişəki siyasətidir.

Bu mərəzin əlacı isə müsəlmanlar arasında birlik, vəhdət hissini genişləndirməkdir. Müsəlman xalqları bir olmalıdırlar. Hər ölkənin daxilində müxtəlif partiyalar, məzhəblər, siyasi cinahlar əl-ələ verməlidirlər. Fikirlərində, siyasi-ideoloji görüşlərində mövcud olan ixtilafları, siyasi partiya və cinah təəssübkeşliyini öz əsas hərəkət kurslarına hakim etməməlidirlər ki, düşmənin qarşısında dura bilsinlər. Bu gün yeganə yol budur. Düşmənlər cürbəcür hiylələrlə aranıza ixtilaf salmağa çalışırlar; özünüz görürsünüz.

Müsəlmanların başı bir-biri ilə ixtilafa qarışanda isə Fələstin məsələsi arxa plana keçir; Amerika və Qərbin tamahkarlığına, hegemonluğuna qarşı mübarizə arxa plana keçir. Onlar öz planlarını həyata keçirmək üçün imkan tapırlar.

Bu gün Qərbin Şimali Afrika xalqları üzərində ağalığı ələ keçirmək, bu xalqların həyatına yenidən soxulmaq üçün həmin regionda yeni bir hərəkata başladığını müşahidə etmək olar. İxtilaflar qızışanda düşmən istədiyini etmək üçün fürsət tapır. Görün qonşuluğumuzda – Pakistanda ixtilafları bəhanə edib necə faciələr törədirlər? Görün Suriyada camaatı necə bir-birinin canına salırlar? Görün Bəhreyndə xalqın səsini necə yerli-dibli boğurlar? Bir xalqı hərtərəfli boykot ediblər. Görün Misirdə və digər regionlarda camaatı necə üz-üzə qoyublar? Bu siyasətlər müəyyən adamların şəxsi, yaxud ideoloji motivlərini özündə əks etdirə bilər, amma ümumilikdə, bu, düşmənlərin cızdığı plandır. Mən heç kəsi qəsdən, bilə-bilə düşmənin planını həyata keçirməkdə ittiham etmirəm, amma tam əminliklə deyirəm: müsəlman xalqları arasında, yaxud hansısa müsəlman ölkəsinin daxilində – vətəndaşlar arasında istənilən formada yol verilən ixtilaflar, düşmənin meydanında oynamaq deməkdir; düşmənin dəyirmanına su tökmək deməkdir. Vəhdət məsələsinə hamı ciddi yanaşmalıdır. İlk növbədə elita – siyasi, dini, akademik, teoloji elita; hər yerdə. Bizim öz ölkəmizdə də hamı vəhdət məsələsinə ciddi yanaşmalıdır. Müxtəlif müsəlman icmaları arasında məzhəb zəminində ixtilafların törədilməsi böyük bir təhlükədir. Düşmənlər haradasa hansısa qruplar arasına ixtilaf salmağa nail olsalar, onu yatırtmaq ən çətin işlərdən biri olacaq. Bu işin qarşısını almaq lazımdır. Bunu isə yalnız hər ölkədə intellektual elitanın – alimlərin, universitet müəllimlərinin, siyasətçilərin, cəmiyyətdə nüfuzu və təsir gücü olan şəxslərin təşəbbüskarlığı, gərgin əməyi və ixlası sayəsində etmək mümkündür. Onlar düşmənin planını camaata izah etməli, onun xalq arasına, müsəlman ölkələri arasına, İslam məzhəbləri, sünni və şiələr, məzhəblərin daxilindəki cürbəcür tendensiyalar arasına ixtilafların düşməsinə necə böyük ümidlərlə yanaşdığını açıqlamalıdırlar; xalqı məlumatlandırmalıdırlar.

Düşmənlər müsəlmanlar üçün böyük təhlükə kəsb edən bu metodu artıq sınaqdan çıxarıblar. İngilislərin bu sahədə uzunillik təcrübəsi var. Bunların tarixini oxuyanda ixtilaf yaratmaq üçün nələr etdiklərini görmək olur. İngilislər bu işdə peşəkardır, başqaları da onlardan öyrəniblər. Qarşıdurma yaratmaq üçün gərgin səy göstərməkdədirlər. Odur ki ixtilaflardan çəkinmək lazımdır. Səthi, avamyana emosiyalarla bu atəşin qalxmasına şərait yaratmaq olmaz. Bu, xalqların taleyini qaraldan, onları çökdürən bir şeydir. İslamın, müsəlmanların, istiqlaliyyətin düşmənlərinə uğur qazandıran bir şeydir; onların planlarının reallaşmasına yol açacaq. Sayıq olmaq lazımdır!

İslami vəhdət şüarı müqəddəs bir şüardır. Bu gün Peyğəmbəri-Mükərrəm (s) bizim aramızda olsaydı:

عزيز عليه ما عنتّم حريص عليكم بالمؤمنين رئوف رحيم

“Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir!” ( “Tövbə” surəsi, ayə 128)

– ayəsinə əsasən, bizi birliyə, vəhdətə çağırardı; bu cür ixtilafların yaradılmasından çəkindirərdi. Əgər biz İslamın əzəmətli peyğəmbərinə mənən bağlıyıqsa, o həzrətin bu mütləq istəyini həyata keçirməliyik.

Uca Yaradana dualar edirəm ki, dilə gətirib danışdıqlarımızı əməldə həyata keçirmək üçün hamımıza mənəvi dəstək olsun.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!