Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin “İslam dünyasının universitet müəllimləri və islami oyanış” beynəlxalq konfransının iştirakçıları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Əvvəla sizə – müxtəlif ölkələrdən gəlmiş əziz qonaqlarımıza, həmçinin öz ali məktəblərimizin dəyərli və möhtərəm müəllimlərinə “Xoş gəlmisiniz!” deyirəm.

Təxminən, il yarım əvvəldən bu günə qədər Tehranda islami oyanışla bağlı çoxsaylı görüşlər, iclas və konfranslar keçirilib, lakin mənə elə gəlir ki, universitet müəllimlərinin konfransı xüsusi əhəmiyyətə malikdir. Çünki hansısa fikrin, diskursun, ideoloji cərəyanın yaradılması cəmiyyətin intellektual elitasının əlindədir; fikir adamlarının əlindədir. Məhz onlar xalqların fikrini insanlara nicat bəxş edəcək, həmçinin Allah eləməmiş, bədbəxtlik, əsarət, qara günlər gətirəcək səmtə yönəldə bilərlər. Təəssüflər olsun ki, son 70-80 il ərzində bəzi ölkələrdə, o cümlədən elə bizim öz ölkəmizdə bu ikinci variant baş verib.

Böyük İslam peyğəmbəri Həzrət Məhəmməd ibn Abdullahın (s) belə buyurduğu rəvayət olunur:

لا تصلح عوامّ هذه الأمّة الاّ بخواصّها قيل يا رسول‌اللّه و من خواصّها قال العلماء

– əvvəlcə alimlərin adı çəkilir, sonra bir neçə başqa qrupun. Odur ki hər bir ölkədə ali məktəb müəllimləri, ziyalılar və elm xadimləri ümumxalq hərəkatının başçısı ola bilərlər. Əlbəttə ki, ixlaslı, cəsur olmaq şərti ilə; düşmənlərdən qorxmamaq şərti ilə. İşin içində qorxu, tamah, qəflət, tənbəllik olanda hər şey bərbad olur. Qorxu olmasa, şücaət olsa, tamah olmasa, qəflət olmasa, sayıqlıq və uzaqgörənlik olsa, işlər düz gedir.

İnqilabın əvvəllərində – 31-32 il bundan qabaq o zaman İnqilab Şurasının üzvləri olan mən və başqa iki nəfər çox mühüm bir məsələ ilə əlaqədar məsləhətləşmək üçün İmam Xomeyninin (r.ə) yanına – Quma getmişdik (o vaxt imam hələ Qumda idi; Tehrana gəlməmişdi). Məsələni ona açıqlayandan sonra imam üzünü bizə tutub dedi: “Amerikadan qorxursunuz?” Dedik ki, yox. Dedi, elə isə gedib nəzərdə tutduğunuz işi görün. Biz gəlib həmin işi gördük və çox da uğurlu alındı. İşin içində qorxu, tamah, qəflət olanda, yanlış meyllər araya yol tapanda, o işi görmək müşkülə çevrilir.

Bu gün dünya böyük bir hadisə ilə üz-üzədir. O böyük hadisə islami oyanışdır. Bu, bir reallıqdır. Müsəlman xalqları və İslam ümməti tədricən oyanır. Bu gün müsəlman xalqlarına ağalıq etmək artıq I Dünya Müharibəsindən sonra, miladi tarixlə 19-20-ci əsrdə uzun müddət davam etmiş dövrlərdə olduğu qədər asan deyil. Bu gün Yer kürəsinin imperialistləri müsəlman xalqlarına ağalıq etmək istəsələr, çətin bir işə girişmiş olacaqlar. İslam ümmətinin içərisinə bir oyanış yol tapıb, rəvac taparaq genişlənib. Bəzi ölkələrdə isə bu oyanış inqilaba çevrilib, xaricdən asılı, çürük rejimləri dəyişib. Lakin bu, islami oyanışın hamısı deyil, yalnız bir hissəsidir. İslami oyanış genişdir, dərindir.

Sözsüz ki, düşmənlər “islami oyanış” ifadəsindən qorxurlar. Çalışırlar ki, bu əzəmətli hərəkata “islami oyanış” adı verilməsin. Niyə? Ona görə ki, İslam öz gerçək mahiyyəti, həqiqi forması ilə özünü büruzə verəndə, aşkara çıxanda onların canına əsməcə düşür. Onlar dolların qulu olan İslamdan qorxmurlar; fəsad və dəbdəbəyə qərq olmuş İslamdan qorxmurlar; xalq kütləsinin hərəkətə keçməsi ilə sonuclanmayacaq İslamın adı onları qorxutmur. Hərəkətə səsləyən, kütləni konkret addımlar atmağa sövq edən İslamdan, Allaha təvəkkülə çağıran İslamdan, Allahın:

و لينصرنّ اللّه من ينصره

“Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, ayə 40)

- vədinə inam və optimizm aşılayan İslamdan isə qorxurlar.

Bu İslamın adı gələndə, hər hansı bir əlaməti üzə çıxanda dünyadakı imperialist dövlətlər tir-tir əsirlər.

كأنّهم حمر مستنفرة. فرّت من قسورة

“Onlar sanki vəhşi eşşəklərdir. (O eşşəklər ki) aslandan ürküb qaçarlar!” (“Muddəssir” surəsi ayə 50, 51)

Odur ki “islami oyanış” adının çəkilməyini istəmirlər. Biz isə düşünürük ki, yox, bu, elə islami oyanışdır, gerçək bir oyanışdır. Özü də geniş miqyas alıb, davamlı xarakter alıb və düşmənlər belə asanlıqla onu yolundan azdıra bilməyəcəklər. Əlbəttə ki, mümkün təhlükələri ölçüb-biçmək lazımdır. Sizə demək istədiyim birinci məqam da məhz budur. İslam dünyasında gedən bu prosesləri, Misir, Tunis, Liviya və s. ölkələrdə baş vermiş və qələbə ilə sonuclanmış inqilabları təhdid edən risk və təhlükələri dəyərləndirin. Onları hansı təhlükələr gözləyə bilər? Problemləri nə ola bilər? Nəyə görə biz baş verən proseslərin islami mahiyyət daşıdığını belə qətiyyətlə deyirik? Xalqın irəli sürdüyü şüarlara baxın! Bu müddət ərzində çürük rejimlərin devrilməsində islamçıların oynadığı rola baxın! İslamçılar, əhali arasında nüfuza malik olan və bütün varlığı ilə İslam dininə etiqad bəsləyən bu böyük kütlələr olmasaydı, Misir və Tunisdə belə böyük etiraz nümayişləri təşkil olunmazdı. Xalq hərəkatının, xalq kütləsinin təzyiqi Hüsni Mübarək, Bin Əli kimi çürük rejimləri məhv etdi. Bunu edən İslam şüarları ilə meydanlara çıxmış müsəlmanlar oldu. Bu rejimlərin devrilməsində islamçıların oynadığı rolun özü bu hərəkatın islami mahiyyətli bir hərəkat olmasına ən güclü sübutdur. Daha sonra da – növbə həmin ölkələrdə səsverməyə gəlib çatanda xalq islamçıların arxasınca getdi; onları dəstəklədi, onlara üstünlük verdi. Bu gün, demək olar ki, İslam dünyasının hər yerində (az sayda istisnalar ola bilər) azad şəraitdə şəffaf seçkilər keçirilsə və islamçı liderlər, siyasətçilər üçün şərait yaradılsa, əhali məhz onlara səs verər. Hər yerdə belədir. Odur ki bu hərəkatın islami xarakterli olduğuna heç bir şübhə yoxdur.

Bəli, dedik ki, təhlükələri dəyərləndirmək lazımdır. Bununla yanaşı, hədəfləri də konkretləşdirmək tələb olunur. Hədəflər konkret olaraq müəyyən edilməsə, çaşqınlıq, xaos yaranar. Hədəflər aydın olmalıdır. İslami oyanışın ən mühüm hədəflərindən biri dünya imperializminin ağalığının şərindən qurtulmaqdır. Bunu açıq-aşkar şəkildə demək lazımdır. Amerika başda olmaqla dünya imperializminin islami hərəkatlarla yola gedə biləcəyini düşünmək yanlışdır. İslam varsa, islamiyyət varsa, islamçılar varsa, Amerika bütün varlığı ilə onları məhv etməyə çalışacaq. Əlbəttə ki, üzdə gülümsəyəcək. İslami hərəkatların başqa çarəsi yoxdur – imperializmlə aralarında olan sərhədləri dəqiqləşdirməlidirlər. Demirəm ki, Amerika ilə müharibəyə başlasınlar, deyirəm ki, Amerika və Qərb imperializminin onlara qarşı hansı mövqedə olduğunu bilsinlər. Bunu dəqiq surətdə müəyyənləşdirsinlər. Bunu müəyyənləşdirməsələr, mütləq, aldanacaqlar, başlarına corab hörüləcək.

Bu gün dünya imperializmi pul, silah və elm gücünə dünyaya hökmranlıq edir, amma ideoloji baxımdan, istiqamətverici ideya baxımından boşluğu var. Bu gün dünya imperializminin belə bir böyük problemi var bəşəriyyətə təqdim edəcək bir fikri yoxdur. Xalq kütləsinə, intellektual elitaya, ziyalılara təqdim etmək, yol göstərmək üçün heç bir ideyası yoxdur. Sizin isə varınızdır – sizin İslamınız var. İdeyamız olsa, yol xəritəmiz olsa, hədəflərimizi müəyyən edə, müqavimət göstərə bilərik. Bu halda onların pulunun, silahının, elminin əvvəlki kimi təsir gücü olmayacaq. Əlbəttə ki, tam təsirsiz olmayacaq. Bunlara qarşı da nə isə fikirləşməliyik (vaxtımız qalsa, bu barədə də danışaram), amma birinci növbədə odur ki, bir fikrimiz, ideologiyamız, yol xəritəmiz olsun. Nə etmək istədiyimizi bilək. Hədəfləri müəyyən etmək vacibdir. Bu inqilablarda diqqət mərkəzində saxlanmalı olan mühüm hədəflərdən biri odur ki, İslam dini öz əsas rolunu itirməməlidir. İslam mehvər olaraq qalmaqda davam etməlidir. İslam ideologiyası və İslam şəriəti mehvər olmalıdır. İslam şəriətinin, tərəqqi, dəyişikliklər, sivilizasiya və bu kimi şeylərə uyğun gəlmədiyi barədə yanlış təsəvvür yaratmaq üçün çox çalışdılar. Bunu edən düşmənlər idi. Xeyr! İslam şəriəti tərəqqi və sivilizasiyaya tam uyğundur. Sözsüz ki, İslam dünyasında mürtəce psixologiyalı, ictihad qabiliyyəti olmayan, düşmənin bu sözünü hansısa formada aydınlaşdırıb əksini isbat etməyə gücü çatmayan şəxslər az deyil. Belələri müsəlman olsalar da, düşmənə xidmət edirlər. Elə bizim öz ətrafımızda – bu müsəlman ölkələrinin bəzilərində də belələri var. Adları müsəlmandır, amma onlarda zərrə qədər belə olsun yeni ideya, İslam təlimlərini yeni qavrama tərzi müşahidə etmək olmur. İslam bu dünyaya həmişəlik gəlib, bütün əsrlər üçündür, bəşəriyyətin inkişafının bütün dövrlərinə aiddir. Bütün sualları, bütün ehtiyacları cavablandırmağa qadirdir. İslamın bu ehtiyacları cavablandırma qabiliyyətini dərk edə biləcək şüurları, beyinləri tapıb ortalığa çıxarmaq lazımdır. Bəzilərində bu yoxdur; ancaq adlarını müsəlman qoyub, onu-bunu kafir, fasiq elan etməyi bilirlər. Axırda görürsən ki, düşmənin muzdurlarına baş qoşublar. Biz İslam şəriətini, İslam ideyasını fəaliyyətimizin əsası, mehvəri etməliyik. Hədəflərdən biri də budur.

Digər hədəf yeni bir quruluşun yaradılmasıdır. İnqilab etmiş ölkələrdə yeni dövlət quruluşları yaradılmasa, onları təhlükə gözləyir. Elə Şimali Afrika ölkələrində 60-70 il əvvəl – 20-ci əsrin ortalarında belə bir təcrübənin şahidi olmuşuq. Elə həmin o Tunisdə inqilab oldu, xalq hərəkata qalxdı, müəyyən qüvvələr hakimiyyətə gəldi. Misirin özündə inqilab oldu, hərəkat oldu; orda da dövlət çevrilişi baş verdi və hakimiyyət kimlərəsə keçdi. Başqa yerlərdə də eynilə. Lakin onlar yeni quruluş yarada bilmədilər. Yeni dövlət quruluşlarının yaradılmamağı isə nəinki təkcə həmin inqilabların məhvinə səbəb oldu, hətta o inqilabların adı ilə hakimiyyətə gəlmiş şəxslər özləri əks tərəfə keçdilər, mövqelərini 180 dərəcə dəyişdilər; özləri də puç oldular. Tunisdə də, Misirdə də, o zaman inqilab etmiş Sudanda da bu baş verdi. Təxminən, 1343, 1344, ya 1345-ci ildə bir neçə dostumuzla Məşhəddə “Soutul-ərəb” radiosunu dinləyirdik ( “Soutul-ərəb” Misirdən Qahirəyə yayımlanırdı). Radioda Camal Əbdülnasir, Müəmmər Qəddafi və Cəfər Nümeyrinin birgə çıxışını verirdilər. Məşhəddə istibdad və diktaturanın təzyiqləri altında boğulan bizlər bu qətiyyətli və atəşin çıxışlardan həyəcanlanır, ləzzət alırdıq. Amma nə oldu? Əbdülnasir vəfat edəndən sonra yerinə gələnlərin nələr etdiyini gördük; Qəddafini də gördük, Nümeyrinin də vəziyyəti məlumdur. O inqilablar özləri də dəyişdilər, çünki həm ideyaları yox idi, həm də yeni bir quruluş yarada bilmədilər. Hazırda inqilab etmiş region ölkələrində yeni hökumət quruluşları yaradılmalıdır, güclü qayda-qanun yaradılmalıdır. Bu da mühüm məsələlərdən biridir.

Daha bir mühüm məsələ xalq dayağını qoruyub saxlamaqdır. İnqilab edən qüvvələr xalqdan qırılmamalıdır. Xalqın gözləntiləri, ehtiyacları var. Həqiqi güc də xalqın əlindədir. Xalqın bir araya gəldiyi, həmrəy olduğu, həmrəy olub bir istiqamətə yönəlmiş xalqın ölkə liderlərinin və rəsmilərinin arxasında durduğu yerdə Amerika, ya ondan daha böyüyü heç nə edə bilməz! Xalq kütləsini qorumaq, saxlamaq lazımdır. Bu isə sizin öhdənizə düşür – ziyalıların, yazıçıların, şairlərin, din alimlərinin. Təsir gücü hamıdan çox olan şəxslər din alimləridir; onların öhdəsinə ağır bir vəzifə düşür. Onlar vəziyyəti xalqa açıqlamalı, xalqın nə istədiyini, bu yolun harasında olduğunu, qarşısındakı maneələrin nələr, düşmənlərinin kimlər olduğunu izah etməli, xalqı məlumatlı və gözüaçıq saxlamalıdırlar. O zaman ölkəyə və inqilaba heç bir zərbə dəyə bilməz.

Daha bir mühüm məsələ gənclərin elmi tərbiyəsidir. Müsəlman ölkələri elm və texnologiya baxımından inkişaf etməlidir. Az əvvəl dedim ki, Qərb və Amerika elmin bərəkəti sayəsində dünya ölkələrinə ağalıq etməyi bacarıb. Elm onların işlətdiyi vasitələrdən biri olub. Sərvəti də elmin köməyi ilə əldə ediblər. Əlbəttə ki, əllərindəki sərvətin bir hissəsini də yalan, hiylə və siyasətlə qazanıblar, amma bunda elmin də rolu olub. Elmlərə yiyələnmək lazımdır. Rəvayətlərdən birində buyurulur:

(1)العلم سلطان من وجده صال و من لم يجده صيل عليه

Elmə yiyələnmək lazımdır. Elminiz varsa, güclü qolunuz var. Elminiz yoxdursa, qolu güclülər sizin qolunuzu bükəcək. Gənclərinizi elm öyrənməyə təşviq edin! Bu mümkündür və biz bunu İranda etmişik. İnqilabdan öncə biz elmi inkişaf baxımından dünyada o qədər arxa sıralarda idik ki, heç kəsin diqqətini cəlb etmirdik. Bu gün isə inqilabın, İslamın, şəriətin bərəkəti sayəsində, dünya ölkələrinin elmi inkişafına qiymət qoyanlar deyirlər (və bu, rəsmi nəşrlərdə də öz əksini tapıb) ki, müasir İran elmi cəhətdən dünya üzrə 17-ci yerdədir. Bu, bir neçə ay əvvəlin söhbətidir. Bu məlumatı yayan mərkəzin özü proqnoz verib ki, bir neçə il sonra (neçə il olduğunu dəqiqləşdiriblər; deyirlər; məsələn, 10 il sonra, 12 il sonra) İran ilk onluğa keçəcək. Hətta 4-cü olacağını deyiblər. Bu, ondan irəli gəlir ki, ölkəmizdə elm sürətli templə inkişaf edir. Əlbəttə ki, dünya ilə müqayisədə biz hələ çox geridəyik. Sürət tempimiz dünya elminin orta inkişaf tempindən dəfələrlə çox olsa da, yenə geriyik. Bu templə getsək, irəli keçəcəyik. Bu hərəkatı İslam dünyasında davam etdirmək lazımdır. Müsəlman ölkələrində istedadlar çoxdur. Bizim də, sizin də yaxşı gənclərimiz var, gözəl istedadlar var. Tarixin müəyyən mərhələsində dünya elmi biz müsəlmanların əlində olub. Nə üçün bu gün də elə olmasın? Nə üçün qarşımıza məqsəd qoymayaq, belə bir gözləntimiz olmasın ki, 30 il sonra İslam dünyası elmi cəhətdən dünyada liderə çevrilsin, elmi məsələlər üçün hamı müsəlman ölkələrinə müraciət etsin? Belə bir gələcək mümkündür. Təpər göstərməli, çalışmalıyıq! Bütün bunlar İslamın və inqilabın bərəkəti sayəsində baş verir. Dini hökumət daha sürətli templə inkişaf etmək iqtidarında olduğunu sübut edib.

Daha bir başlıca məsələ isə vəhdət məsələsidir (doğrudur, artıq günortadır, namaz vaxtıdır, getməliyik). Sizə bir şey deyim: Qardaşlar! Bacılar! Düşmənlərimizin əlində olan, maksimum istifadə etdikləri vasitələrdən biri ixtilaflardır – sünni-şiə ixtilafları, etnik ixtilaflar, millətlərarası konfliktlər, yanlış və mənasız özündən müştəbehlik. Sünni-şiə məsələsini şişirdirlər, konflikt yaratmağa çalışırlar. Müsəlman ölkələrində, inqilab etmiş ölkələrdə, İslam dünyasının digər yerlərində yaratdıqları ixtilafları görürsünüz. Hamımız sayıq olmalıyıq, ehtiyatlı olmalıyıq. Qərb və Amerika İslam dünyasına düşməndir. Onların bütün davranışlarına bu gözlə baxmaq lazımdır. Provokasiya edirlər, casus təşkilatları fəaliyyətdədir. Əlləri çatan hər yerdə təxribat aparırlar. Fələstin olayında bacardıqları qədər işə pəl vurmağa çalışdılar; sözsüz ki, səyləri uğursuz oldu. Biz irəliləməkdəyik; İslam dünyası irəliləməkdədir.

Fələstində baş verən son proseslər də son dərəcə əhəmiyyətlidir. Qəzza ilə regionda ən güclü ordusu olduğunu iddia edən İsrail dövləti arasında 8 gün hərbi əməliyyatlar getdi. Atəşkəsin əldə olunması üçün danışıqlara başlananda isə şərt qoyan tərəf Fələstin oldu! İnanılasıdırmı? 10 il əvvəl bunu desəydilər, kim inanardı ki, bir gün fələstinlilərlə (özü də fələstinlilərin hamısı ilə yox, yalnız bir hissəsi ilə – Qəzza ilə) İsrail rejimi arasında hərbi əməliyyatlar gedəcək, atəşkəs əldə olunanda isə şərti fələstinlilər qoyacaq? Afərin fələstinlilərə! Afərin! Afərin Həmasa, İslam Cihadına və Fələstində, Qəzzada döyüşüb şücaət göstərmiş mübariz batalyonlara! Budur şücaət! Fələstində mübarizə aparan hər kəsə mən öz adımdan təşəkkür edirəm – etdikləri fədakarlığa görə, səylərə görə, səbrə görə ... Bu insanlar şahid oldular ki:

انّ مع العسر يسرى

“Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!” (“Şərh” surəsi, ayə 6)

Səbir etsək, bu səbir Yaradanın bizə qurtuluş nəsib etməsinə səbəb olacaq. Səbir etdilər, müqavimət göstərdilər, Uca Yaradan da onlara qurtuluş nəsib etdi. Bu, bir ibrət dərsidir. Onların özləri üçün də, başqaları üçün də ibrət dərsidir. Müsəlman arasında vəhdətin əhəmiyyətini nəzərdən qaçırmayın; mühüm bir məsələdir.

Bəhreynli qardaşımızın burada qeyd etdiyi məqam – İslam dünyasının Bəhreyndə baş verənlərə qarşı susması – doğrudur. Bəzilərinin Bəhreyn hadisələrinin üstündən sükutla keçməyinin səbəbi, təəssüflər olsun ki, məzhəb məsələsidir – yəni bir xalq çürük bir rejimə qarşı qiyama qalxıbsa, onu dəstəkləmək lazımdır, bir şərtlə ki, şiə olmaya! Bəhreyn kimi! Şiədirsə, onu dəstəkləmək olmaz. Bəzilərinin məntiqi budur. Bunları bir kənara qoymaq lazımdır.

Düşməni tanımaq lazımdır, hansı vasitələrdən istifadə etdiyini bilmək lazımdır, hiylələrinə bələd olmaq lazımdır. İşimizə hansı yollarla müdaxilə etdiyini bilmək lazımdır. Biz Suriya məsələsinə münasibətdə bu baxımdan mövqe tutmuşuq. Biz bir müsəlmanın burnunun qanamasına belə razı deyilik, bu, bizi ağrıdır. Biz təqsiri Suriyanı vətəndaş müharibəsinə sürükləyənlərdə görürük. Suriyanı təxribata, qardaş qırğınına sürükləyən və sürükləmiş qüvvələr müqəssirdirlər. Xalqların bütün istək və tələbləri qəbul olunmuş, normal üsullarla, bu cür aqresiyaya yol verilmədən həllini tapmalıdır.

Ümidvarıq ki, Uca Yaradan hamımızı hidayət edəcək, sizin gördüyünüz işlərə bərəkət verəcək! Ümidvarıq ki, inşallah, Uca Yaradan İslam dünyasındakı bu əzəmətli oyanışı İslam ümməti üçün aydın, nurlu və bərəkətli bir gələcəyə qovuşduracaq!

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!
_______________________________________
(1) İbn Əbil-Hədidin “Nəhcül-bəlağə”yə yazdığı şərh, c.20, səh. 319