Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin bir qrup bəsici və “Salehin” layihəsinin fəalları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Allaha şükür edirik ki, Aşurada baş vermiş, bizim rəvayətlərdən eşitdiyimiz böyük hadisəyə bir nümunənin dövrümüzdə şahidi olmağı bizə nəsib etdi. Qarşılarına məqsəd qoymuş kişi, qadın və gənclər canlarından, mallarından keçdilər, onları həyata bağlayan hər şeyə göz yumdular. Müqəddəs Müdafiə dövründə biz öz gözlərimizlə bunun şahidi olmuşuq və davamını, bərəkətini bu gün də müşahidə edirik. Bu günlərin əzəmətli Aşura hadisəsi ilə üst-üstə düşməsində bir ibrət dərsi var. İslam ümməti və müsəlman ictimaiyyəti Aşura hadisəsini bir ibrət dərsi kimi, öyrədici bir təcrübə kimi, doğru səmtə istiqamətləndirən bayraq kimi heç vaxt diqqətdən qaçırmamalıdır. İslam dini, heç şübhəsiz, bu gün Aşura hadisəsi və Hüseyn ibn Əli (ə) sayəsində yaşayır. Peyğəmbər (s) buyurur:

(1)و انا من حسين

Bu kəlamın ifadə etdiyi mənaya görə, Peyğəmbər (s): “Mənim dinim, mənim yolum Hüseynin (ə) vasitəsilə davam etdiriləcək” – deyir.  Aşura hadisəsi olmasaydı, İslam tarixində belə bir böyük fədakarlıq olmasaydı, İslam ümmətinə belə bir təcrübə, belə bir əməli dərs nümayiş olunmasaydı, yəqin ki, özündən əvvəlki dinlər kimi, İslam dini də doğru yoldan yayınar, onun həqiqətindən, nuraniyyətindən heç nə qalmazdı. Aşuranın əzəməti bundadır. Əlbəttə ki, Aşurada böyük bir müsibət var, ağır itkilər var, Hüseyn ibn Əli (ə) kimi birinin canı bütün ərşə və asimana dəyər, o səhabələrin, o gənclərin, o Əhli-Beytin pak və müqəddəs canları başqa bir kəsin canı ilə müqayisə oluna bilməz. Bu insanlar o meydanda qanlarına qəltan olublar, fədakarlıq ediblər, qurban gediblər, Peyğəmbər və Əmirülmöminin ailəsinin əziz xanımları əsir düşüb. Bunlar çox ağır, çox acınacaqlı, çox çətindir, amma bu acı və ağır hadisələrə dözməyə əsas verən səbəb o qədər əzəmətli, o qədər böyük və qalıcı idi ki,  Hüseyn ibn Əli (ə), onun səhabələri və ailə üzvləri kimi şəxsiyyətlər üçün o müsibətlərə səbir etməyi asanlaşdırdı. Bunu böyük din alimləri nəql edib. Mərhum Hacı Mirzə Cavad Məleki (Onun sözü isə sənəddir, sübutdur. Allah ona Behişt nəsib etsin!) “Moraqebat” kitabında vurğulayır ki, Aşura günü müsibətlər ağırlaşdıqca Hüseyn ibn Əlinin (ə) çöhrəsi daha da işıqlanır, o böyük insanda daha çox canlanma müşahidə olunurdu. Dərin məna və sirlərlə dolu bu həqiqətlər daim bizim gözümüz önündə olmalıdır.

Bizim dövrümüzdə də bu fədakarlığa bəzi nümunələr görünüb. Tarixdən bu barədə oxumuşuq. Aşura fədakarlığının ən mühüm, ən bariz təzahürü isə pak və müqəddəs bir ağaca bənzəyən bəsicdir. Məcburi Müharibə başlamamışdan öncə də, ölkə üçün son dərəcə çətin və ağır bir təcrübə olan Müqəddəs Müdafiənin gedişində də, Müqəddəs Müdafiədən sonra – bu günə qədər də bəsicin fədakarlıqlarının şahidi olmuşuq. Bəsic məsələsinin, bəsic təcrübəsinin bərəkətləri böyük olub. Bu bərəkətlər davam etdirilməlidir və inşallah, davam etdiriləcək də!

Bəsiclə bağlı qeyd olunmalı məqamlardan biri budur ki, Müqəddəs Müdafiə dövründə bəsicin fəaliyyətində ixlas yüksək səviyyədə olmuşdur. Bəsicin fəaliyyətində biz bunu bu gün də təmin etməliyik. Bu gün meydan daha dolaşıq və mürəkkəbdir. Müharibəyə gedib vuruşmaq, mübarizə aparmaq, ölüb-öldürmək, öhdəsinə bir məsuliyyət götürmək, şəhid, yaxud əlil olmaq və ya sağ-salamat qayıtmaq – bütün bunların baş verdiyi bir meydanda olmaq təhlükəli bir işdir, amma mürəkkəb, dolaşıq xarakter kəsb etmir. Bugünkü mübarizə meydanında olmağın, düşmənin hiyləgər planlarına, hücumlarına qarşı vuruşmağın, bu iki böyük cəbhənin qarşıdurmasında mövqe tutmağın mürəkkəb, çaşdırıcı cəhətləri var. O dövrdə olan yüz faizlik təhlükələr bu gün olmaya bilər, lakin bu günün təhlükələri daha dolaşıq, daha anlaşılmazdır. O dövrdəki mübarizə meydanının üstünlüyü bunda idi ki, döyüşə gedən ixlasını açıq-aşkar nümayiş etdirirdi. O vaxt meydan ölüm-dirim meydanı idi. Zarafat deyildi: həm cəsarət, həm fədakarlıq, həm iman, həm də Allaha təvəkkül tələb olunurdu. Və insanlar gedib şəhid olurdular. Bu günün müxtəlif meydanlarında da o cəsarət və iman lazımdır, lakin kimlərsə bu amillər olmadan da özünü bəsici kimi göstərə bilər. Buna diqqət yetirməli, ehtiyatlı olmalısınız. İlk növbədə, özümüzə, ikinci növbədə isə ətrafımızdakı bəsici kollektivinə qarşı diqqətli olmalıyıq. Bu iş hər bir bəsicinin öhdəsinə düşür. Bütün bəsicilərdə, o cümlədən sizin rəhbərlik etməyi, istiqamət verməyi öhdənizə götürdüyünüz bu “salehin” qruplarında bəsici psixologiyasını, bəsici əhval-ruhiyyəsini gücləndirmək lazımdır. İxlasa qəti şəkildə zamin olmaq lazımdır; gördüyünüz hər bir işdə ixlaslı olacağınıza öz vicdanınız qarşısında zamin olmalısınız. Bu, bir qədər çətindir. Nəfslə qarşıdurma meydanında, mənəvi məsələlərdə aparılan cihada “ən böyük” cihad adı verilməsinin səbəblərindən biri elə bu işin daha çətin olmasıdır. Düşmənlə müharibədə – hərbi qarşıdurmada – insan özündə və başqalarında olan ixlasın səviyyəsini asanlıqla müəyyən edə bilir; bunu etmək daha asan olur. Burada isə yox! Burada həm insan özü yanıla bilər, həm də başqaları onu tanımaqda səhvə yol verə bilərlər.

Daha bir məqam budur ki, biz özümüzlə bağlı bəlalardan çəkinməliyik – qürrələnmək, özünü göstərmək, riyakarlıq kimi bəlalardan. Bunlar məhvedici bəlalardır. Bir uğur qazananda Allaha şükür etməli, bunu bizə Allahın nəsib etdiyini bilməli, uğurumuzun davamlı olması üçün Allahdan kömək istəməliyik. Bu da bir əsas məsələdir ki, qürrələnməyək,  çox da özümüzə arxayın olmayaq, uğurlarımızı təkcə özümüzdən bilməyək, Uca Yaradana təvəkkül edək. Əslində də elə belədir. Calal sahibi olan Xaliqin ixtiyarından kənar qüvvət və qüdrət yoxdur. Hər şey onun əlindədir. Bizim görməyə müvəffəq olduğumuz hər bir iş, seçimlərimiz, bacardıqlarımız, stimulumuz, qəlbimizdəki eşq və iman – hamısı Yaradanın işidir. Bunu bilməli, şükür etməli, Uca Yaradandan uğurlarımızı daha da artırmasını diləməliyik. Bu da önəmli məsələlərdən biridir.

Daha bir mühüm məqam da var ki, xoşbəxtlikdən, mən burada söhbət edən cənabların səsləndirdiyi fikirlər arasında ona diqqət yetirildiyini gördüm. Bu, bəsicin canını, başlıca əsasını təşkil edən kollektivlərdə keyfiyyətin, mahiyyətin dərinləşdirilməsidir. Ziyan gətirən, zərbə vuran başlıca amil inancda, dərkdə, məntiqin, ideoloji əsasın seçimində səthilikdir. Səthilik insanın əqidəsinə hər an zərbə vura bilər: yük daşıyan qurğunun üzərinə yüklənmiş artıq yük kimi, güclü bir külək, güclü bir silkələmə ilə hər şey uçub dağıla bilər. İdeologiyanı dərinləşdirmək, köklərini möhkəmlətmək lazımdır. Bunlar, əlhəmdulillah ki, sizin diqqət yetirdiyiniz məsələlərdir. Məhz “Salehin” qruplarının təşkili də məhz bu yanaşmaya əsaslanır və müxtəlif sferalarda fəaliyyət göstərən gənc bəsicilərimizin düşüncəsini və psixologiyasını dərinləşdirmək, mənəvi-ideoloji  tərbiyəsini təşkil etmək məqsədi daşıyır.

Bəli, ümumilikdə nəzər salsaq, görərik ki, bəsic İslam İnqilabının möcüzələrindən biridir. Dahi imamımızın bu təşəbbüsü onun müdrikliyinin, uzaqgörənliyinin, nurani qəlbinin ilahi iradəyə, ilahi hikmətə nə qədər bağlı olmasının göstəricisidir. Bəsic inqilab üçün möhkəm bir bünövrə oldu. Görün bu gün bəsicilər elm, praktik təcrübə, texnologiya, eləcə də mənəviyyat, sosial xidmət, sosial həyatın müxtəlif sferaları ilə bağlı nəzəriyyələrin işlənib hazırlanması, təhsil, tərbiyə və s. kimi sahələrdə nə qədər fəaldırlar. Bir gün lazım gəlsə və xalq düşmən qarşısında müdafiə olunmaq üçün əlinə silah götürməli olsa, yenə də bu gənclər, dəyərli İran xalqının bu cəsur övladları – bəsicilər İran xalqının şücaətini, qalıcılıq qabiliyyətini, qüdrətini, məğlubedilməzliyini düşmənə nümayiş etdirəcəklər(2).

İslam dininin nurlu yolu ilə addımlamaq istəyən, yaxud artıq bu yola qədəm basmış digər kütlələr, digər ölkələr də bu təcrübəni davam etdirəcəklər. Bu, uğurlu bir təcrübədir. Biz bu sahədə parlaq fəaliyyət nümayiş etdirməliyik. Bəsic institutu İslam dünyasında, müsəlman ölkələri və müsəlman xalqları arasında canlı, praktik, davam etdirilməyə layiq bir institut kimi öz təsdiqini tapacaq. Bu, elə bu gün də müəyyən dərəcədə baş verib, reallaşıb. Odur ki bəsicin möhkəmləndirilməsi, bəsicilərin ixlas və mənəviyyat baxımından mümkün qədər gücləndirilməsi, bəsicin fəaliyyətinin həyatın bütün sferalarında genişləndirilməsi bəsicin bütün rəsmilərinin, bəsicə aidiyyəti olan hər kəsin və fəal bəsicilərin öhdəsinə düşən əsas işlərdən biridir.

İslam dini bizə hər bir işdə ilk əvvəl özümüzdən başlamağı öyrədir. Biz hamımız hər bir sahədə öncə özümüzdən başlamalıyıq.

من نصب نفسه للنّاس اماما فليبدأ بتعليم نفسه قبل تعليم غيره

Hər bir sahədə belə olmalıdır; özümüzdən başlamalıyıq. Bunu bəsicdə də həyata keçirməliyik.

Elə İslam dininin bəyəndiyi həyat tərzi məsələsi də bəsicdə özünütanıma, özünütəhlil  üçün bir meyar ola bilər. Söhbət ondan getmir ki, yuxarı təşkilatlar gəlib bizi yoxlasınlar, dəyərləndirsinlər, necə olduğumuza qiymət versinlər. Söhbət bundan gedir ki, özümüz özümüzü yoxlayaq, dəyərləndirək. İşlədiyimiz kollektivdə davranışımız necədir? Həyat yoldaşımıza və övladlarımıza qarşı necə davranırıq? Yaşadığımız sosial mühitdə rəftarımız necədir? Dostumuzla necə davranırıq? Düşmənə qarşı necəyik? İslamda bütün bunların əndazəsi, meyarı var. Özümüzü, davranışımızı götür-qoy edək. Özünə keyfiyyət baxımından qiymət vermək, özünü düzgün tanımaq budur! Buradan başlasaq, həyatımızın bünövrəsi, bütün sferalarda, özəlliklə də bugünkü söhbətimizin mövzusu olan bəsic sahəsində fəaliyyətimiz möhkəmlənər, güclənər.

Hər halda, ölkəmizə, xalqımıza, inqilabımıza və tariximizə bəsic lazımdır. Bəsic isə özünü günü-gündən keyfiyyətcə daha da mükəmməlləşdirməlidir. Sizin – dəyərli qardaş və bacılarımın – gördüyünüz bu iş, “Salehin” layihəsinin bu hissəsi, “Salehin”  qruplarının aparılması da çox gözəl, yaxşı və elə bəsicin keyfiyyətcə təkmilləşdirilməsi istiqamətində olan bir işdir. Keyfiyyət məsələsinə, inşallah, günü-gündən daha çox diqqət yetiriləcək. İşlərin keyfiyyətini yüksəltmək lazımdır. Əlbəttə, keyfiyyət kəmiyyətdən üstündür, lakin keyfiyyətli kəmiyyət də çox əhəmiyyətlidir. Yəni hər ikisinə diqqət yetirmək lazımdır: həm intensiv, həm də ekstensiv inkişafa. Bu gün İslam dünyası bəsicin bu keyfiyyətləri özündə əks etdirən fəaliyyətinə ehtiyac duyur.

Son həftə ərzində Qəzzada yol verilmiş vəhşiliklərə gəlincə, bunları görəndə insan İsrail rejiminin başında duranların nə qədər qəddar olduqlarına, doğrudan da, heyrət edir. Bu hadisələr İslam dünyasının vicdanını silkələməli, İslam dünyasında özünü göstərən əzəmətli xalq hərəkatına yeni bir ruh verməlidir. Düşmən boş oturmur və onun fəaliyyəti müxtəlif aspektlərə malikdir. Birincisi, İsrail rəsmilərinin qəddarlığı. Bunlar nə qədər vəhşidirlər, insanlıq vicdanından nə qədər uzaqdırlar?! Günahsız insanlara, mülki əhaliyə bu cür hücum etmək olarmı?! İnsan, doğrudan da, təəccüblənir, mat qalır. Bunların insanlıqdan xəbəri yoxdur! Bunlar İslam dünyasına, İslam Respublikasına qarşıdırlar, bunlar qlobal siyasi dairələrdə İslam Respublikasını ittiham edirlər. Bu insanların insaniyyətdən xəbərləri belə yoxdur. Məsələnin olduqca böyük əhəmiyyət kəsb edən aspektlərindən biri budur.

Digər aspekti isə budur ki, imperializmin başında duranlar olaya heyrətamiz dərəcədə həyasızcasına reaksiya verirlər. Yəni bu daşürəkli, qəddar dövlətə nəinki sərt üz göstərmir, əməllərindən çəkindirmirlər, əksinə, onu dəstəkləyir, təşviq və himayə edirlər. Amerika, İngiltərə və Fransa İsraili açıq-aşkar dəstəklədi. Bunlar imperializmin başında duran dövlətlərdir. Bu gün müsəlman xalqlarının bu dövlətlərdən mənfur və qəddar düşməni yoxdur. Bunların hamısı İsrailin əməllərini açıq-aşkar dəstəklədilər. İmperializm dünyasının əxlaq və mənəviyyata nə qədər meylli olduğunu bu hadisədən anlamaq olar. Bunlar insanlıqdan nə qədər uzaqdırlar?! Yaxşı, əgər çirkin siyasi məqsədləri naminə İsrailə siyasi dəstək verirlərsə, daha nə üçün insan haqlarından dəm vururlar? Bu qəddar və vəhşi hərəkətə qarşı nəinki mövqe bildirməyən, hətta onu dəstəkləyən Amerikanın artıq bəşər hüquqlarından danışmağa haqqı çatırmı? İnsan haqları məsələsində başqa ölkələri və xalqları mühakimə etmək səlahiyyətini özünə aid etməyə haqqı çatırmı? Bunun özü ikiqat həyasızlıqdır. Eynilə İngiltərə və Fransa da! Bunların keçmişdə İslam dünyasının başına gətirdiyi oyunlar, törətdikləri cinayət və qətllər, müxtəlif ölkələrdə müsəlman xalqlarına göstərdikləri təzyiqlər – bütün bunlar hələ müsəlman xalqlarının yadından çıxmayıb. Üstəlik, bu gün də İsrail dövləti kimi qəddar, vəhşi bir dövlətin törətdiyi əməlləri dəstəkləyirlər. Olayın daha bir aspekti də budur.

Məsələnin digər bir aspekti ərəb və müsəlman ölkələrinin hadisəyə qarşı yarıtmaz mövqe tutmasıdır. Bəziləri təkcə sözlərlə kifayətləndilər, bəziləri isə hətta danışmadılar, dildə də olsa, İsraili qınamadılar! İslam iddiasında, müsəlmanları vəhdətə çağırmaq iddiasında, İslam dünyasını bir hədəfə istiqamətləndirmək iddiasında olanlar belə bir məqamda fəallıq göstərməli idilər. Siyasi məqsədlərinə uyğun olan cürbəcür olaylara çəkinmədən müdaxilə edirlər. Burada isə qarşı tərəfdə Amerika və İngiltərə olduğuna görə hətta günahkarı doğru-dürüst qınamağa belə cürət etmirlər. Qəzza əhalisini bəzən sözdə himayə etməklə kifayətlənirlər ki, bunun da heç bir dəyəri yoxdur; effektsiz bir işdir. Bu gün İslam dünyası, xüsusilə də bütün ərəb ölkələri əl-ələ verib bu insanları müdafiə etməli, blokadanın aradan qalxmasına nail olmalı, məzlum Qəzza əhalisinə kömək etməyə çalışmalıdırlar.

Əlbəttə ki, Uca Yaradan bu qəddar, yırtıcı xislətli düşmənin qarşısında duruş gətirmək, müqavimət göstərmək üçün Qəzza əhalisinə mənəvi dəstək verib. Qəzza əhalisi öz mübarizliyinin, öz mətinliyinin cavabını, mükafatını da alıb – o cür hörmət və nüfuz qazanıb. Qəzza əhalisi bütün dünyaya nümayiş etdirdi ki, nə qədər kiçik olsan da, mətinlik və mübarizliklə, gərgin zəhmətlə yaxşıca silahlanmış, böyük dövlətlərdən dəstək alan bir qüvvəyə qalib gəlmək mümkündür. İşğal olunmuş Fələstinə ağalıq edən sionistlər bu gün atəşkəsin əldə olunmasına Qəzza əhalisindən və Qəzza rəsmilərindən daha səbirsizliklə can atırlar. Cinayəti törədən onlardır, xəbisliyi edən onlardır, qəddarlığı edən onlardır, amma Qəzzada yaşayan azsaylı müsəlman əhalinin və Qəzza gənclərinin mübarizliyi, mətinliyi nəticəsində daha böyük zərbəni də alan onlardır. Bundan savayı bir yol da yoxdur! Bu, bütün İslam dünyası üçün mesajdır: İslam dünyası düşmənin hücumları, xəbisliyi, məkrli planları, namərdliyi qarşısında sarsılmaz qalmaq istəyirsə, qüdrətlə müdafiə olunmalıdır(3). Özündə güc-qüdrət yaratmalıdır: həm güclü iman, iradə və əzmdə təzahür edən mənəvi qüdrət, həm də maddi qüdrət. Maddi qüdrət elmin inkişafındadır; təcrübə və texnologiyadadır. Silahlar və qeyri-silahlar daxil olmaqla, həyatda zəruri olan maddi-texniki təchizatları istehsal etmək imkanının əldə olunmasındadır. İslam dünyası və müsəlman toplumları özlərini bu sadaladıqlarımla təmin etməlidirlər. Qəzza kiçikliyində bir məntəqə çətinliklərə sinə gərdi, şəhid verdi, amma düşməni elə bir vəziyyətə saldı ki, qeyd etdiyim kimi, bu gün düşmən Qəzzada atəşkəsin əldə olunması üçün Qəzza əhalisinin özündən və Qəzza rəsmilərindən daha çox narahatdır. Bu, İslam dünyası üçün ibrət dərsidir. Əlbəttə, biz bu dərsi Müqəddəs Müdafiə dövründən öyrənmişik. Əlhəmdulillah, camaatımız, gənclərimiz, elm adamlarımız, təcrübələr aparan mütəxəssislərimiz bu sahədə irəliləyiblər. Elmi baxımdan inkişaf etmişik, təcrübə baxımından inkişaf etmişik. Bu reallığı dərk etmişik ki, öz ayaqlarımızın üstündə durmalıyıq. Mübarizliyin amillərindən biri də budur.

Və vəhdət; vəhdət. Söhbət həm ümumilikdə müsəlmanlar və İslam ümməti arasında, həm də hər bir ölkədə yaşayan müsəlmanlar, həmin ölkənin əhalisi, xalqın müxtəlif nümayəndələri arasında vəhdətdən, söz birliyindən gedir. Hər ikisi mühümdür və bu, bizə də aiddir. Mənim siyasi cinahlara, möhtərəm rəsmilərə, auditoriyaya səslənmək imkanına malik olan hər kəsə – qəzetlərə, internet portallarına, icraedici və qeyri strukturların ruporlarına dönə-dönə vəhdəti tövsiyə etməyimin, dostlarımız, qardaşlarımız, rəsmilər, qələm, söz sahibləri ilə söhbətlərimdə vəhdət məsələsini vurğulamağımın səbəbi odur ki, vəhdət çox böyük bir amildir. Xalqı, xoşbəxtlikdən, bu cür bir yumruqda bir olan ölkəmiz birliyini, vəhdətini yüksək səviyyədə qoruyub saxlayıb (xoşbəxtlikdən, bu cürbəcür ixtilaflar xalqımızı parçalaya bilməyib). Rəsmilərimiz arasında müəyyən fikir ayrılığı var, amma nə qədər ki fikir ayrılığı qarşıdurma, yaxalaşma ilə nəticələnmir, bunun heç bir eybi yoxdur. Məhz bu birlik və həmrəylik sayəsində ölkəmiz düşmənlərin gözündə qüdrətli bir toplum, qüdrətli bir ölkə kimi statusunu qoruyub saxlaya bilib. Bu gün də belədir. Bir müddət öncə mən birlik və həmrəyliklə bağlı rəsmilərə çağırış etmişdim. Sevindirici haldır ki, üçlü hakimiyyət qüvvələrinin rəsmiləri mənim bu çağırışımı cavablandırdılar. Çox dəyərli bir haldır. Onlara təşəkkür etməyi lazım bilirəm. Hakimiyyətin üç qolunun rəsmiləri mənim çağırışıma cavab verərək elan etdilər, vurğuladılar ki, siyasi təmayüllərindəki fərqliliyə və müəyyən fikir ayrılıqlarına baxmayaraq, müxtəlif sferalarda aralarındakı vəhdəti qoruyub saxlayacaqlar. Biz də əziz qardaşlarımızdan, möhtərəm rəsmilərimizdən bunu müsbət bir addım kimi qəbul edir, düşünürük ki, bu jest, doğrudan da, çox dəyərli idi və onlar səsləndirdikləri fikirlərə qarşı indi də tələbkar olmalıdırlar.

Hal-hazırda möhtərəm İslami Şura Məclisinin atdığı addım da təqdirə və tərifə layiq cəhəti olan məsələlərdən biridir. Mən sizə – əziz qardaş və bacılarıma, dəyərli İran xalqıma bu barədə nə düşündüyümü çatdırmaq istəyirəm. Diqqət edin! Parlamentin ölkə rəsmilərindən hesabat istəməsi (istər bu, ölkə prezidenti, istərsə də başqa bir icraedici strukturun rəsmisi olsun) iki baxımdan müsbətdir: birincisi, bu, xalqın qanunverici hakimiyyətdə təmsil olunan nümayəndələrinin ölkədəki problemlərə qarşı məsuliyyət hiss etdiklərini göstərir. Bu, müsbət bir haldır. İkinci cəhət isə odur ki, ölkə rəsmiləri təqdirəlayiq bir özünəinam və cəsarətlə gəlib açıqlama verməyə, sualları cavablandırmağa hazır olduqlarını bəyan edirlər. Bu da müsbət bir cəhətdir. Həm qanunverici hakimiyyətimizin rəsmiləri öz vəzifələrini yerinə yetirirlər, həm də icraedici hakimiyyətimizin rəsmiləri lazımi şəkildə fəaliyyət göstərdiklərinə, işlərinin düzgünlüyünə arxayın olduqlarını nümayiş etdirirlər. Bundan yaxşı nə ola bilər? Bu da bizdə baş verib. Parlament hesabat almaq istədiyini deyirsə, bu öhdəsinə düşən məsuliyyəti, vəzifəni hiss etməkdir. Hökumət kabineti də özünə əminliklə hesabat vermək istədiyini, bunun öhdəsindən gələ biləcəyini deyir (bunu mənə də bildiriblər); bu da təqdirəlayiqdir. Bunların hər ikisi yaxşı haldır, lakin mən düşünürəm ki, bu iki müsbət məqamın bu mərhələyə qədər gəlib çatması kifayətdir. Bundan o yana davam etdirilməməlidir. Qoy elə buradaca qurtarsınlar; buradaca məsələyə son qoysunlar(4). Parlament də, icraedici rəsmilər də çox yaxşı bir sınaqdan çıxıblar. Bu, çox yaxşı bir sınaq idi. Xalqımız gözüaçıqdır, dərk edir, yaxşını-pisdən seçir. Bu işin davam etdirilməsi düşmənin istədiyi kimi nəticələnəcək. Düşmən hakimiyyətin bu iki qolunu bir-birinə qarşı qoymaq istəyir. Hər iki tərəfdə emosiyaların təsiri altında olan insanlardan, qəzetlərdə, saytlarda və digər media vasitələrində çıxış edən qələm sahiblərindən istifadə edib ortalığı bir-birinə qarışdırmaq istəyir. Ölkəmizin isə asayişə ehtiyacı var. Bütün rəsmilərin: həm qanunverici, həm icraedici, həm də məhkəmə strukturlarının rəsmilərinin öz işlərini görə bilməsi üçün asayiş və sabitlik lazımdır. Xalq da asayişi sevir. Parlament öhdəsinə düşən vəzifəyə əməl etdi; hökumət də parlamentin vəzifəsi qarşısında, lazım olan özünəinamı  nümayiş etdirdi. Hər iki tərəfin bu tərzdə davranışı sevindiricidir. Bundan sonra isə mən əziz qardaşlarımızdan, parlamentdə bu işə təşəbbüs göstərmiş deputatlardan xahiş edirəm ki, məsələyə son qoysunlar, icraedici, qanunverici və məhkəmə hakimiyyətlərində təmsil olunan rəsmilərin bu xalqın vəhdətinə, ölkədəki asayiş və sabitliyə  hər şeydən daha çox hörmət qoyduğunu əməli surətdə nümayiş etdirsinlər(5).

Bəsic sahəsində fəallıq göstərən bütün qardaş və bacılarıma təşəkkür edirəm. İnşallah, Uca Yaradan hamınıza mənəvi dəstək olsun! Çıxış edən bütün qardaş və bacılarıma da təşəkkür edirəm. Ümidvaram ki, Uca Yaradan sizin hamınıza xeyirli mükafat verəcək, inşallah. Öz medalını bizə hədiyyə edən o qardaşımıza da təşəkkür edirəm. Mən bu medalı ondan qəbul etsəm də, yenidən qaytarıb onun özünə hədiyyə etmək istəyirəm. Yaxşı olar ki, onda qalsın – həm qəhrəmanlığından bir xatirə olsun, həm də bizdən onda bir yadigar kimi qalsın. İnşallah, Allah sizə uğurlar nəsib etsin!
___________________________________
(1 ) İrşad, c. 2, səh 127
(2) Təkbir
(3) Təkbir
(4) Təkbir
(5) Təkbir, «Ey rəhbər-e azade, amadeyim, amade!” şüarı səslənir.