Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Dünya İmperializmi ilə Ümummilli Mübarizə Günü ərəfəsində şagird və tələbələrlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Ümidvaram ki, Uca Yaradan sizi – əziz gənclərimizi, məhsuldar fidanlarımızı Həzrət Mehdi Sahibəzzamanın (ə.f) dualarına layiq edəcək! Mahnı və şer gözəl idi. Mahnı gözəl, mənalı, iranlı əzm və iradəsinə malik olan müsəlman gəncin bu gün qəlbində, varlığında daşımalı olduğu hisslərə uyğun idi. İnşallah, uğurlar olsun!

Əvvəla, sizi mübarək Qədir-Xum bayramı, Həzrət Hadinin (ə) mövlud günü və 13 aban günü münasibəti ilə təbrik edirəm. 13 aban İran xalqının qarşıya qoyduğu hədəflərə çatmaqda, düşmənə qarşı mübarizə aparmaqda nə qədər qətiyyətli olduğunu təzahür etdirən bir gündür. Qədir-Xum hadisəsi çox əhəmiyyətlidir; prinsipial bir hadisədir. Dinimizin İslam dövlətinin, müsəlman cəmiyyətinin formalaşdırılmasının ən mühüm şərtinə ayırdığı diqqəti əks etdirir. Yəni imamət məsələsi, dini hakimiyyət məsələsi, Qədir-Xum hadisəsinin daim xatırlanması, bu məsələnin yaddaşlardan silinməsinə imkan verilməməsi, müəyyən mənada, İslamın qorunub saxlanması deməkdir. Söhbət yalnız şiəlikdən, Peyğəmbərdən (ə) sonra Əmirülmöminin Əlinin (ə) hakimiyyətə gəlməli olduğuna inanmaqdan getmir. Əgər Əmirülmöminin Əlinin (ə) arxasınca getmək lazım olduğunu iddia edən biz şiələr Qədir-Xum hadisəsinin mahiyyətini düzgün açıqlasaq, həm özümüz dərk edib, həm də başqalarına düzgün təqdim edə bilsək, Qədir məsələsinin özü müsəlmanlar arasında vəhdət yaradan amilə çevrilə bilər. Qəlbən nəyə isə inanmaq, hansısa məzhəbin hansısa ideoloji prinsipə bağlı olması bir mövzudur, məsələnin mahiyyətini dərk etmək isə başqa bir mövzudur. İslam dini müsəlman cəmiyyətinin, İslam dövlətinin və İslam dünyasının formalaşdırılmasındakı ən əsas məqamı Qədir-Xum hadisəsində əks etdirir. Ümidvaram ki, biz, sözün həqiqi mənasında, Qədir-Xum hadisəsinin, imamların hakimiyyətinin gerçək mənasına, mahiyyətinə varmağa çalışacağıq. Siz gənclər bunu yadda saxlamalı və inşallah, həyatınız boyunca bu prinsiplə yaşamalısınız.

İslam dövlətimizin leksikonunda “imperializmlə mübarizə günü” kimi yer almış 13 aban məsələsinə gəlincə isə bu barədə çox danışmaq olar. Məsələ yalnız bundan ibarət deyil ki, biz tarixi bir hadisəni yaddaşlarda qoruyub saxlamağa, yaxud bununla iftixar duymağa çalışırıq. Bu məsələnin mahiyyətində mühüm məqamlar durur. Bilirsiniz ki, 13 aban üç tarixi hadisəni ehtiva edir: 1343-cü ildə İmam Xomeyninin (r.ə) sürgün edilməsi, 1357-ci ildə yeniyetmə şagirdlərin qətli, nəhayət, 1358-ci ildə casus yuvasının ələ keçirilməsi. Hər üç hadisədə bir tərəfdə İran xalqı durur, xalqın emosiyaları durur, mübarizənin təcəssümü İmam Xomeyni (r.ə) və İran xalqıdır. Qarşı tərəfdə isə imperialist Amerika dövləti durur. Odur ki öz ideologiyasını rəhbər tutan İslam Respublikası, İslam İnqilabı və İran xalqı ilə Amerika rəsmiləri, imperialist Amerika dövlətinin administrasiyası arasında bir qarşıdurma gedir.

Bu qarşıdurma nə vaxtdan başlayıb? Siz gənclər bu haqda düşünərkən ölkədə gedən proseslərin tarixinə nəzər salmalısınız. Burada iki əsas məqam var ki, onları araşdırmaq lazımdır: birincisi, bu qarşıdurma haradan başlayıb, hansı mərhələlərdən keçib və hansı məqama gəlib çatıb? İkincisi isə bu qarşıdurmanın nəticəsi nədir? İki dəstə, iki insan bir-biri ilə mübarizə aparırsa, sonda biri qalib, biri məğlub olmalıdır axı! Nəticə nədir? Uzun müddətdir ki, davam edən bu qarşıdurmada uduzan tərəf kimdir?

Birinci suala baxaq: qarşıdurma nə vaxtdan başlayıb? Qarşıdurma 1343-cü ildən də qabaq – yəni 1332-ci il 28 mordadda İranda Amerikanın əli ilə qiyamın baş verməsi və Doktor Müsəddiq hökumətinin devrilməsindən başlayıb. Amerika məmurları (hamısının da adı, kimliyi bəllidir; hamı da onları tanıyır, bu haqda çoxlu kitablar da yazılıb) rəsmi şəkildə dollarla dolu çamadanlara İrana gəldilər, cinayətkar, fırıldaqçı, şərəfsiz ünsürləri və bəzi satqın siyasətçiləri pulla ələ aldılar, 1332-ci il 28 mordad çevrilişini həyata keçirib Doktor Müsəddiq hökumətini devirdilər. Maraqlı burasıdır ki, Amerikanın vasitəçiliyi ilə devrilmiş Müsəddiq hökumətinin amerikalılarla heç bir ədavəti yox idi. O, ingilislərə qarşı mübarizə aparır, amerikalılara isə etimad bəsləyirdi. Amerikalıların yardımına ümid edir, onlarla dostluq münasibətləri qurur, ən kiçik fürsətdə belə, Amerikaya müsbət yanaşma ifadə edirdi. Belə bir hökumətlə amerikalılar o cür rəftar etdilər. Tehranda hakimiyyətdə olan rejim Amerikaya zidd əhval-ruhiyyəli bir rejim deyildi. Onlarla dost idi. Lakin imperialist mənafeyi amerikalıların ingilislərlə əlbir olmasını tələb etdiyi üçün pullarını götürüb bura gəldilər və öz işlərini gördülər. Tehranda baş vermiş çevrilişin əsas fiquru bir amerikan olub. Adı, kimliyi də məlumdur. Bu barədə mənim də tam məlumatım var, kitablarda da çox yazılıb. Çevriliş istənilən nəticəni verəndən, qaçmış şah ölkəyə qaytarılandan sonra həmin adam ölkədə bütün işlərin başına çevrildi; hər şeyin ixtiyarı əlinə keçdi.

Bu hadisədən, təqribən, 10 il keçdi. 15 xordadda xalq qiyamı baş verdi, İslam İnqilabı uğrunda mübarizələrə başlandı, islami hərəkat rəvac tapdı. Yəni bunlar 10 il xalqa təzyiq göstərdilər, döydülər, həbsə atdılar, edam etdilər – bu ölkədə istədiklərini etdilər. Nəhayət, 28 mordad çevrilişindən 10 il sonra 1342-ci ilin xordad ayında bir partlayış oldu. Burada da olayın qarşı tərəfində diktator Pəhləvi rejimi olduğuna baxmayaraq, onun arxasında Amerika dövləti dururdu. Pəhləvi hökumətinə dəstək verən, onun vasitəsilə bütün ölkəmizə ağalıq edən məhz amerikalılar idi. Bu mübarizə 1343-cü ilə qədər davam etdi. Amerikalılar üçün məsələyə birbaşa müdaxilə etmək qaçılmaz oldu. 1343-cü ildə dahi İmam Xomeynini (r.ə) sürgün etdilər. Burada da, zahirdə göründüyü qədər, onlar sözlərini keçirə, öz aləmlərində, İran xalqını məğlub edə bildilər. Lakin İran xalqı məğlub olmamışdı.

1343-cü ildən sonra da mütləqiyyətçi Məhəmmədrza Pəhləvi hökuməti amerikalıların dəstəyi ilə ölkədə minlərlə faciə törətdi, amerikalılar isə İranı bacardıqları kimi çapıb-taladılar, malını hərisliklə qarət etdilər. İranda olan on minlərlə müşavirləri bu ölkənin sərvətini apardı, yeyib-dağıtdı, pul aldı, insanlara işgəncə vermə metodlarını öyrətdi, İranda minlərlə cinayət törətdi. Nəhayət 1356-cı və bunun davamı olaraq 1357-ci ildə dahi imamın rəhbərliyi ilə İran xalqının əzəmətli hərəkatı başladı. Bu dəfə, düşmən üçün artıq mübarizədə qələbəyə ümid yeri yox idi. Xalq möhkəm durdu, müqavimət göstərdi, fədakarlıq etdi. Kişiləri, qadınları, hətta yeniyetmə şagirdləri küçələrdə qətlə yetirilsə də, nəhayət, 1357-ci ildə İran xalqı qələbə qazandı. Yəni 1332-ci ildən 1357-ci ilə qədər davam etmiş bu uzunmüddətli mübarizədə – 25 ilə qədər çəkmiş mübarizədə – sonda qalib gələn İran xalqı oldu. İslam İnqilabı qələbə çaldı, Amerikaya söykənən rejim devrildi, uzun illər hakimiyyətdə olmuş müstəbid, xəbis, çürük monarxiya rejimi məhv edildi, İran xalqı, İslam İnqilabı, İslam dövləti hakimiyyətə keçdi.

Elə ilk gündən amerikalılar yeni qurulmuş dövlətimizə qarşı mübarizə aparmağa, işlərimizə pəl vurmağa başladılar. Bütün məkrli və destruktiv planların mərkəzi isə o casus yuvası – ABŞ-ın Tehrandakı səfirliyi idi. Nə isə bir iş görə bilmək üçün cürbəcür adamlarla əlaqəyə girir, təhdid edir, pulla satın almağa çalışır, sövdələşmə aparıb əlbir olur, zəif adamları öz tərəflərinə çəkməyə çalışırdılar. Lakin 1358-ci ilin 13 abanında İran xalqının mübarizəsinin ən öncül təbəqəsi kimi, tələbələr casus yuvasını ələ keçirməyə təşəbbüs göstərdilər. Burada Amerika öz məkrli planları ilə İran xalqı qarşısında bir daha məğlub oldu.

Amerikanın silsilə məğlubiyyətləri davam etdi. Bu 33-34 il ərzində – yəni 1357-ci ildən bu günə qədər – Amerika 1357-ci ildə uğradığı fiaskonu kompensasiya etmək üçün durmadan bizim işimizə pəl vurmağa çalışır. Bu, təkcə Amerikanın İrandakı məğlubiyyəti deyildi. Söhbət təkcə İranda Amerikadan asılı olan bir rejimin hakimiyyətdən getməsindən, nəticədə Amerikanın bu ölkədən kənarlaşmasından, əlinin hər şeydən üzülməsindən getmirdi. Bu, Amerikanın regiondakı məğlubiyyəti idi. Bu gün camaat o məğlubiyyəti görür: Misir, Tunis və Şimali Afrikada baş verən hadisələrdə, böyük ərəb regionunda gedən proseslərdə, xalqların Amerikaya bəslədiyi nifrətdə. O zamanlar sadə xalqın nümayəndələrindən heç kəs diqqət yetirib bunu görə bilməzdi. Amerikanın siyasi nəzəriyyəçiləri isə anlayırdılar ki, bu inqilab qalsa, kök atıb möhkəmlənsə, düzgün və diqqətəlayiq şəkildə inkişaf etsə, bu hadisələr baş verəcək. Elə ona görə də bu günə qədər inqilabın əleyhinə əllərindən gələni ediblər.

Yaxşı, bəs uzun çəkən mübarizədən sonra bu meydanda qalib kimdir? Bu, çox əhəmiyyətli bir məsələdir. 1332-ci ildən indiyə qədər (artıq 1392-ci ilə yaxınlaşırıq), yəni təxminən, 60 ilə yaxın müddətdə İran xalqı ilə imperialist Amerika dövləti arasında mübarizə gedib. Bu, balaca bir şey deyil, çox mühüm bir hadisədir. Bu günə qədər bu meydanda kim qalib gəlib? Bu haqda düşünməyə dəyər. Biz dərk etsək ki, bu meydanın qalibi bir xalqın iman və Allaha təvəkküllə paralel olan qəti iradəsi və qərarıdır, bu, bütün xalqlar üçün ibrət dərsi olar. Bütün tarixi dəyişikliklər üçün bir prinsip olar. Tarixin İslam prinsiplərinə əsaslanan yeni fəlsəfəsi bu hadisəyə nəzərən öz bəhrəsini verər, nəzəriyyə halına salınar və hər kəs tərəfindən qəbul olunar. Bu reallıq isə artıq baş verib. Yəni bütün bu müddət ərzində, bu günə qədər İran xalqı bu böyük meydanın qalibi olub. Buna sübut nədir? İrana baxın! Sübutu odur ki, onlar İslam İnqilabını yox etmək istəyirdilər, inqilab isə yaşadı. Nəinki təkcə yaşadı, həm də günü-gündən daha da gücləndi. Bu gün bizim inqilab dövrünü yaşamamış, Məcburi Müharibə illərinin şahidi olmamış, İmam Xomeynini görməmiş gənc nəslimiz eynilə o dövrün gənclərinin İslam İnqilabını həyata keçirdiyi stimul, əzm və qətiyyətlə dərs oxuyur, işləyir, yaşayır, nəfəs alır. Bunlar İslam İnqilabının canlılığına bariz nümunələrdir.

Bütün bunlardan əlavə, İslam dövlətinə baxın! İslam dövləti möhkəmlənib, kök atıb, öz ideyasını dünyaya nəql etməyi bacarıb, xalqları öz əzəmətini etiraf etməyə məcbur edib, müsəlman və qeyri-müsəlman xalqların gözündə böyüyüb. Dahi liderimiz İmam Xomeyni hətta öz düşmənlərinin gözündə belə, əzəmətli və yüksək mövqeli bir şəxsiyyət idi. İran xalqı dünyada polad kimi möhkəm, mübariz, mömin, gözüaçıq bir xalq kimi tanınıb. Ölkədə isə İslam dövləti vəziyyəti dəyişə bilib.

Bu gün sizin gördüyünüz İran İslam İnqilabından öncəki İran deyil. İnqilabdan əvvəlki İran geridə qalmış bir ölkə idi; unudulmuş bir ölkə idi. Xalqımız təşəbbüssüz bir xalq idi. Bu qədər istedadı, bu qədər tarixi mirası, zəngin mədəniyyəti ola-ola bu xalq dünyanın nə elmi, nə siyasi, nə də texnoloji arenasında varlığını büruzə verirdi, nə dünyaya deməyə yeni bir sözü var idi, nə də regional və qlobal problemlər sahəsində bir təşəbbüs göstərirdi. Sırf təslimçi idi. Ölkənin daxilində rejimin başında duranların və vəzifəli şəxslərin diqqət yetirdiyi azsaylı regionlardan başqa, qalan bütün regionlar viran vəziyyətdə idi. Bu gün ölkənin hansısa guşəsindən nəyinsə qaydasında olmadığı barədə bir xəbər gələndə hamı bunu həssaslıqla qarşılayır. O zamanlar isə ölkənin əksər regionları o vəziyyətdə idi; abadlıq yox idi, xalqın yaşayışı pis vəziyyətdə idi, su, işıq, normal yollar yox idi. İnsanlar normal yaşayış üçün lazım olan şeylərdən məhrum idi. Bilənlər, xəbəri olanlar həsrətlə baxırdılar. Çoxlarının isə ümumiyyətlə, normal həyat şəraiti barədə təsəvvürü yox idi; səfalət içərisində yaşayırdılar. Bugünkü İran bu cür nailiyyətlər əldə edib. Bu cür işlər görülüb, bu cür təşəbbüslər edilib, gənclər elm və quruculuq sahələrində belə aktiv iştirak edir, insanlarımız bütün sferalarda parlayırlar. O vaxt bütün bunlar haqda heç danışılmırdı da! Ölkəmiz irəli gedib – bu qələbədir. İnqilab varlığını davam etdirib, İslam dövləti günü-gündən daha da bar-bəhərli, köklü-köməcli olub, xalqımızın məlumatı günü-gündən artıb. O zaman ziyalılardan bir çoxu dünyada gedən prosesləri bu gün sizin – orta məktəb şagirdlərinin, hələ təhsil alan yeniyetmələrin dərk etdiyiniz, baş çıxardığınız, təhlil etdiyiniz qədər dərk etmirdilər. Bu qədərini dərk etmək onlar üçün imkansız idi. Bu gün isə hamı məlumatlıdır, gözüaçıqdır, ölkədə gedən prosesləri siyasi təhlil edə, dərinliyinə vara bilir. Biz irəli getmişik: həm maddi, həm də mənəvi sferada inkişaf etmişik. Mənəviyyata bu qədər diqqət ayrılır, camaatımız mənəviyyatla bağlı işlərdə bu cür fəal iştirak edir. Ötən həftə ölkənin dörd bir yanında “Ərəfə” duasının necə yüksək səviyyədə keçdiyini özünüz gördünüz. O məclislərdə iştirak edən kimlər idi? Hamısı cavanlar. İtikaf günlərində, Ramazan ayında, məhərrəmlikdə – istər matəmdə, istərsə də bayramda bunu görürük. Elmimiz də, dini inancımız da, siyasi məlumatlılığımız və uzaqgörənliyimiz də inkişaf edib.

Düşmənin bütün səylərinə rəğmən, ölkəmiz hər cəhətdən inkişaf edib, abadlaşıb. Əsrlər boyu monarxiyanın, istibdadın hakimiyyətinə adət etmiş bir ölkəmizdə xalq hakimiyyətinin ən yaxşı modellərindən biri təşəkkül taparaq inkişaf edib. Camaatın seçkilərdə, ümummilli proseslərdə fəal iştirakı buna sübutdur. Bu, o inqilabdır ki, amerikalılar onun varlığını istəmir, məhv olmasını, zəifləməsini arzulayır, bir neçə aya qüvvədən düşəcəyini düşünüb özlərini sakitləşdirirdilər. Regiondakı müstəbid nökərlərinə vəd verirdilər ki, bir az səbir edin, inqilab məhv olub aradan gedəcək. İnqilab isə, əlhəmdulillah, günü-gündən çiçəkləndi. Bu, məsələnin bu tərəfi.

Məsələnin digər tərəfi isə Amerikanın rəsmiləridir; imperialist Amerika dövlətidir. Bu 30 ildə Amerikanın beynəlxalq qüdrət və nüfuz baxımından 30 dəfədən də artıq gerilədiyinə dünyada heç kəsin şübhəsi yoxdur. Bunu hər kəs görür və bilir. Amerikalılar özləri də bunu deyirlər. Bir vaxtlar ABŞ administrasiyasına başçılıq etmiş köhnə siyasətçilər hazırkı hökumətləri və dövlət adamlarını – daha doğrusu, onlara hazırkı dövlət adamları və dövlət xanımları demək lazımdır (!) – lağa qoyub deyirlər ki, siz Amerikanı o məqamdan bu yerə gətirib çıxardınız. Düz deyirlər! Amerika süqut edib. Bu gün dünyada heç bir dövlət Amerika qədər nifrət doğurmur. Bu gün regionumuzdakı və digər dövlətlər cürət edib ilin bir gününü Amerikaya nifrət və etiraz günü elan etsələr və həmin gün xalqın küçələrdə yürüşə çıxmasına şərait yaratsalar, dünya üzrə tarixin ən böyük yürüşü baş tutar. Bu, Amerikanın beynəlxalq nüfuz baxımından tutduğu mövqe barədə.

Amerikanın məntiqi və ideoloji mövqeyinə gəlincə ... Hər bir dövlət, hər bir xalq ortaya qoyduğu, irəli sürdüyü məntiqə, ideologiyaya söykənir. Xalqlar dünyada təkcə pulla etibar qazanmırlar. Hər bir xalqın müəyyən ideyası, məntiqi olmalıdır. Amerikalılar: “Bizim öz prinsiplərimiz, dəyərlərimiz var” – deyirdilər; özlərinin dediyinə görə, Amerika dəyərləri. Bu prinsip və dəyərlər üçün durmadan dünyada hay-küy salırdılar. Görün bu gün Amerika dəyərləri hansı vəziyyətə gəlib çatıb! Terrorizmin əleyhinə olduqlarını iddia edirdilər. Bu gün bizim regionumuzda və dünyanın əksər yerlərində terrorçularla müttəfiq olur, oturub saziş bağlayır, terror aktları törətmələri üçün onları pul və silahla təchiz edirlər. Ölkədə minlərlə insanın terror edilməsini rəsmən üzərinə götürmüş “Münafiqlər” qruplaşmasını himayə edirlər. Özlərinin dediyi kimi, öz qara siyahılarına daxil etmirlər.

Demokratiya tərəfdarı olduqlarını iddia edirlər; deyirlər ki, biz demokratiya, xalq hakimiyyəti, xalqın seçim hüququnun təmin olunması naminə vuruşuruq. Amma dünya və regionun ən müstəbid, ən diktator hakimlərini əllərindən gəldiyi qədər himayə edirlər. Bunu hər kəs görür; gizli bir şey deyil ki! Dəyərlərin tənəzzülü bax budur! İnsan haqlarının, demokratiyanın tərəfdarı olduğunu iddia edən bir dövlət demokratiyadan əsər-əlamət belə olmayan dövlətləri dəstəkləyir, onlara yardım edir.

İnsan haqlarının tərəfdarı olduqlarını iddia edirlər (hay-küy salıb aləmə car çəkdikləri Amerika dəyərlərindən biri budur). İnsan haqlarını əllərində bayraq ediblər, amma insan haqları əleyhinə ən pis əməllər məhz onların himayəsi altında törədilir. Nəinki buna qarşı mübarizə aparmırlar, hətta bu əməlləri dəstəkləyirlər də. 65 ildir ki, işğal olunmuş Fələstin torpaqlarında Fələstin xalqının haqları açıq-aşkar şəkildə həyasız, cinayətkar sionistlər tərəfindən tapdalanır. Amerika onlara nəinki heç qaşını da çatmır, hətta himayə edir, kömək göstərir!

Xalqların tərəfində olduqlarını iddia edirlər. Amma hardasa xalq azadlıq naminə, islahatlar naminə bir hərəkata qalxır, pisliyə qarşı inqilab edirsə, onlar xalqlara əks mövqe tuturlar.

Dünyanın ən zəngin dövləti və xalqı olduqlarını iddia edirlər. Əlbəttə, Amerika zəngin bir dövlətdir; təbii resursları, yeraltı və yerüstü sərvətləri, hər şeyi var. Amma bunlar Amerika xalqını o vəziyyətə gətirib çıxarıblar ki, bu gün dünyanın ən çox borcu olan ölkəsi Amerikadır. ABŞ-ın borcu, verəcəyi ümummilli məhsulunun həcmi qədərdir! Bir ölkə üçün bundan pis, bundan artıq nə biabırçılıq ola bilər?

Azadlıq tərəfdarı olduqlarını iddia edirlər, amma dünyanın heç bir ölkəsində əhalinin sayına görə Amerikada olduğu qədər məhbus yoxdur. 300 milyona yaxın əhalisi var, amma həbsdə olan vətəndaşlarının sayı dünyanın bütün ölkələrində əhalinin sayı ilə nisbətdə olan məhbus sayından çoxdur. Bundan əlavə, sifarişlə işləyən, yalançı məhkəmələri də var. Filmlərində, əlbəttə ki, hər şeyi başqa cür təqdim edirlər. Hər cür ədəb-ərkanla, qayda-qanunla işləyən məhkəmələr göstərirlər. Amma bu, Hollivuddur; ulduzların, sənət adamlarının oyunudur. Reallıq başqadır.

Başıuca bir xalq olduqlarını iddia edirlər. Amerikanın don dövrdə hakimiyyətdə olmuş rejimləri bu gün öz xalqını zəlil edib, düz yoldan azdırıb. Quranda Firon barədə buyurulduğu kimi:

و اضلّ فرعون قومه و ما هدى

“Firon (mənəm sizin ən böyük rəbbiniz, deyərək) öz tayfasını yoldan çıxartdı və (onları) doğru yola aparmadı.” (“Taha” surəsi, ayə 79)

– öz xalqlarını azdırıblar. Həqiqətdən xəbər tutmasına imkan vermirlər. Bu ölkədə camaatın hələ bir çox həqiqətlərdən məlumatlı olmadığı halda, “Vol Strit” – “99 faiz” hərəkatı baş qaldırıb. Əgər xalq həqiqətləri bilsəydi, bu hərəkat, bəlkə, 10 dəfələrlə daha kəskin olardı. Öz xalqlarını sionistlərə əsir ediblər. Bir xalq üçün bu, rüsvayçılıq deyilmi ki, prezidentliyə namizədləri seçkiqabağı debatlarında sionistlərə xoş gələcək çıxışlar etməyə, onların sadiq nökəri olduqlarını sübut etməyə çalışır? Hazırda prezidentliyə namizəd olan o iki insanın debatlarına diqqət yetirsəniz, özünüz görərsiniz ki, hər biri Fələstinin yəhudi ictimaiyyətinə, sionistlərə, İsrailin kapitalistlərinə daha çox itaətkarlıq ifadə etməyə çalışırlar. Bütün bunlar ona görədir ki, sionistlərin əsiridirlər. Elmi cəhətdən o cür inkişaf etmiş o böyüklükdə ölkənin hökumət adamları özlərini bir ovuc sionistin əsirinə çeviriblər. Bütün bunlar geriləmə deməkdir. Bu geriləmənin nəticəsi nədir? Nəticəsi budur ki, dünyada nüfuzlarını itiriblər. Nüfuz dairələri günü-gündən daralır. Önəmli hərbi əməliyyatlarda məğlub olurlar. Amerikalılar İraqda öz məqsədlərinə çatmayıb məğlub oldular. Əfqanıstanda da, Livanın müqavimətinə qarşı sionistlərlə əlbir olub apardıqları hərbi əməliyyatda da, Şimali Afrika xalqları ilə qarşıdurmada da eynilə – hər yerdə məğlub olublar.

Əlbəttə, bu barədə çox danışmaq olar. Əgər olayın bütün aspektlərini şərh etmək istəsən, bir neçə saat çəkər. Lakin söhbəti bir cümlə ilə belə yekunlaşdırmaq olar: Amerika adlı güc, Amerika adlı dövlət, Amerika imperializmi İran xalqı ilə qarşıdurmaya girib, 1332-ci ildən etibarən xalqımızla uzun müddət davam edəcək (hazırda 1391-ci ildir) mübarizəyə başlayıb. Bu mübarizədə məğlub olan tərəf isə elə hegemon və imperialist Amerika dövlətidir. Qalib olan isə başıuca, qətiyyətli və qüdrətli İran xalqıdır.

Yaxşı, bəs bütün bunlardan nə nəticəyə gəlirik? Məqsədimiz özümüzü öymək, qəhrəmanlıq dastanları danışmaq deyil ki?! Biz öyrənmək, dərs götürmək, dünyadakı həqiqətlər və reallıqlar içərisindən, ilahi hidayətin bərəkəti ilə, öz doğru yolumuzu tapmaq istəyirik. Aldığımız dərs budur ki, bir xalq əzm və qətiyyətlə müqavimət göstərsə, öz gücünə güvənib Uca Allaha təvəkkül etsə, mübarizə meydanında canını, malını, nüfuzunu itirməkdən çəkinməsə, rəqibi qədər pulu, silahı, elmi nailiyyətləri, əhalisi, rəqibinin əlində olan media təbliğatı imkanlarının yüzdə biri onda olmasa belə, həmin xalq ən böyük və ən ağır mübarizələrdən qalib çıxacaq.

Dünya imperializmi ilə bizim aramızda gedən qarşıdurma hələ sona çatmayıb (heç çatmayacaq da; eybi yoxdur! ) Qarşıdurmalar və güc çəkişmələri bir xalq üçün məşqdir, onu günü-gündən daha da güclü edir. Bu çəkişmələrdə, qarşıdurmalarda biz güclənirik. Lakin diqqətli olmaq, qarşıdurmanın olduğunu, rəqibin nə etmək istədiyini, onunla mübarizə yollarının hansılar olduğunu dərk etmək lazımdır. Bunları dərk etməsək, anlamazlıq etsək, rahatlıq dalınca qaçsaq, gözümüzün önündəki açıq-aşkar reallıqlardan bixəbər olsaq, məğlub olacağıq. Allahın heç kəslə qohumluğu yoxdur ki! Möhkəm durub müqavimət göstərsəniz (bu günə qədər olduğu kimi), Allaha və Onun dininə arxalansanız, heç şübhəsiz, qalib olacaqsınız. Lakin əgər möhkəm durmasaq, bu böyüklükdə mübarizənin tələb etdiyi şərtlərə diqqət yetirməsək, məlumdur ki, Allah-Taala tənbəl, cılız məsələlərlə baş qarışdıran xalqlara diqqət yetirməz. Allahın lütfü, inayəti, dəstəyi yalnız mətin, müdrik, uzaqgörən, düzü əyridən seçməyi bacaran, hərəkət edən xalqlara şamil olar.

Bizim əsas işlərimizdən biri aləmin yaradıcısına itaətə yönəlmiş bu əzmimizi, iradəmizi qoruyub saxlamaqdır. Birinci şərt budur. Daha bir şərt bizim vəhdətimiz, daha biri isə səyimiz, çalışqanlığımızdır. Biri çalışıb dərsini oxumalı, biri tədqiqat aparmalı, biri quruculuq işləri həyata keçirməli, biri idarəetmə sahəsində əlindən gələni etməli, biri ticarət sahəsində çalışmalı, biri isə ardıcıl olaraq ölkənin inkişafı yollarını araşdırıb üzə çıxarmaq istiqamətində səylər göstərməlidir. Hərənin öhdəsinə bir iş düşür. Hamı çalışmalıdır. Hamı çalışsa, hamı işləsə, ölkəmiz daha sürətlə çiçəklənər, daha çox inkişaf edər, qələbəmiz qətiləşər.

Uğur əldə etməyin yollarından biri də vəhdət yaratmaqdır. İxtilaf ziyanlı bir şeydir. Rəsmilər arasındakı ixtilaflar da çox zərərlidir. Lakin daha betəri bu ixtilafların xalqın içərisinə daşınmasıdır. Mən rəsmilərə, üçlü hakimiyyət qüvvələrinin başçılarına bu barədə xəbərdarlıq etmək istəyirəm. Mən onları bu vaxta qədər dəstəkləmişəm və yenə də dəstəkləyəcəyəm – rəsmilərdir, onlara kömək etmək lazımdır. Lakin xəbərdarlıq edirəm ki, ehtiyatlı olsunlar. Bu, məktub yazmaq məsələsinə çox önəm verməyimizlə əlaqəli deyil. Xeyr, yüz məktub yazsınlar, öz işlərini görsünlər, amma aralarındakı ixtilafları xalqın gözü önündə sərgiləməsinlər. Xırda məsələləri qalmaqal, hay-küy yaranması üçün bəhanəyə, düşmənin, yadelli radio və televiziyaların təbliğatı üçün materiala çevirməsinlər. Yüz dənə məktub yazsınlar – məktubun əhəmiyyəti yoxdur. Mühüm olan odur ki, hamımız öhdəmizə məsuliyyət düşdüyünü bilək, həssas mövqeyə malik olduğumuzu bilək.

Bu gün düşmən Şimali Afrikada baş verən hadisələr ucbatından, İranın elmi tərəqqisi ucbatından (əlbəttə ki, onlar İranın nüvə sahəsindəki inkişafını bəhanə gətirirlər, amma yalan deyirlər. Onlar üçün başlıca problem sizin qazandığınız elmi nailiyyətlərdir), İran xalqının başqa xalqlara göstərdiyi təsir ucbatından, meydana çıxmış islami oyanış ucbatından narahat və aqresivdir. Məğlubiyyət hissi, uğursuzluq hissi keçirir. Buna görə də narahatdır. Amerikanın dövlət adamları və “dövlət xanımları” özlərini qalib kimi aparırlar. Üzdə: “Biz onu etmişik, bunu etmişik” – deyirlər. Amma özləri də, başqaları da, dünyanın siyasi və media dairələri də işin nə yerdə olduğundan xəbərdardırlar. Anlayırlar ki, bu qarşıdurmada, bu irimiqyaslı mübarizədə, bu proseslərdə Amerika dövləti məğlub tərəfdir. Bəli, düşmən narahatdır.

Onlar daim bir yol tapmağa, nə isə etməyə çalışırlar. Böyük önəm verdikləri işlərdən biri riyakar, hiyləgər üsullarla aramıza ixtilaf salmaqdır. Bu, onların geniş yayılmış metodudur; çoxdan işlədirlər. Sözsüz ki, bu işin ən mahir ustası, mütəxəssisi xəbis İngiltərə dövlətidir. İxtilaf salmaq məsələsində onlar hamıdan məharətlidirlər. Amerikalılar onların şagirdidir, onlardan öyrənirlər! Oğru siçanlar kimi, cılız termitlər kimi yol tapıb soxulmaq, ixtilaf salmaq – onlar buna adət ediblər. Diqqətli olmalıyıq. İxtilafları minimuma endirmək lazımdır.

Əlbəttə, fərqli fikirlər çoxdur. Bunun heç eybi də yoxdur: iki vəzifəli insan dostdurlar, rəyləri, fikirləri isə bir-birindən fərqlənir – bu, həmişə olub. Lakin rəy müxtəlifliyi əməldə ixtilafla, münasibətlərdə ixtilafla, açıq-aşkar qarşıdurma ilə, xalqın gözü önündə bir-birinin yaxasından yapışmaqla, tutaşma ilə sonuclanmamalıdır. Çünki o rəy müxtəlifliyi o qədər də önəmli deyil. Bəzən çox əhəmiyyətli bir məsələ olur ki, bəli, xalqın bu barədə məlumat alması lazım olur. Lakin bu cənabların arasında olan, bizim də şahid olduğumuz ixtilaflar o qədər əhəmiyyətli deyil ki, hansısa arqumentlərlə onları böyüdək, xalqın gözü önünə gətirək, bu kimi şeylərə əhəmiyyət verək. Hansı ki, əslində, heç əhəmiyyəti də yoxdur. İxtilafları hamıya aşkar etmək lazım deyil; ixtilafları xalq arasına keçirmək lazım deyil. Xalqın emosiyalarını ixtilafa təhrik etmək lazım deyil. Bu gündən seçki gününə qədər kim camaatın emosiyalarından ixtilaf yaratmaq üçün istifadə etsə, heç şübhəsiz, ölkəyə xəyanət etmiş olacaq. Xoşbəxtlikdən, ölkəmizin rəsmiləri zəhmətkeş və xalqa can yandıran insanlardır; ölkə üçün iş görmək istəyirlər. Əlbəttə ki, hansısa məqamlar nəzərdən qaça bilər, amma niyyətləri, inşallah, işləmək, faydalı işlər görməkdir. Ümidvaram ki, Uca Yaradan o gözəl niyyətlər xətrinə hamıya əcr verəcək, İran xalqını bütün meydanlarda qalib edəcək. İnşallah, mütləq, belə olacaq!

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!