Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Şimali Xorasan ostanında ziyalılar və rəsmilərlə görüşü zamanı etdiyi çıxış

بسم‌الله‌الرّحمن‌الرّحيم‌
و الحمد لله ربّ العالمين و الصّلاة و السّلام على نبيّنا و حبيب قلوبنا ابى‌القاسم المصطفى محمّد و على ءاله الأطيبين الأطهرين المنتجبين

Uca Yaradana şükürlər edirik ki, son bir neçə gündə bu xeyir-bərəkət dolu ostanda xalqın müxtəlif təbəqələrindən olan insanlarla lütf, saflıq və məhəbbət dolu, səmimi bir atmosferdə görüşmək üçün bizə mənəvi dəstək verdi. Bugünkü görüşdə bu əziz ostanda xalqa xidmət edən, həmçinin əhalinin müxtəlif təbəqələrindən müxtəlif sferalarda fəallığı ilə seçilən insanlar toplaşıb. Odur ki bu görüşdə iştirak edənlər bizim üçün çox dəyərlidir.

Dostlarımızın burada toxunduğu məqamlardan hər biri müəyyən cəhətdən maraqlı və diqqətəlayiq idi. Mən də öz növbəmdə bir neçə effektli ola biləcək məsələni qeyd etmək istəyirəm. Əgər bu məqamlara hamımız diqqət yetirsək, ola bilsin ki, inşallah, ostanın gələcəyi üçün xeyirli olar.

Birincisi budur ki, xalqa xidmət edərək yaşamaq bir ilahi nemətdir; Allahın bəxş etdiyi lütfdür. İstər bu hansısa rəsmi strukturda xidmət olsun – misal üçün, ostanda rəhbər vəzifələri tutan dostlarımız kimi, istərsə də qeyri-rəsmi müstəvidə olsun – məsələn, xalqın dininə, mədəniyyətinə, elmi inkişafına, əhali arasında ərzağın düzgün bölünməsinə, cürbəcür ehtiyacların təmin olunmasına xidmət olsun; fərqi yoxdur hansı formada. Odur ki xalqa xidmət üçün özündə mənəvi güc tapmaq ilahi nemətdir. Bu nemətə görə Yaradana şükür etmək lazımdır.

Mən bunu səmimi-qəlbdən və tam əminliklə deyirəm ki, xalqa xidmət etmək fəxrdir. Bu, bir şüar deyil. Böyük din alimləri bizə – öz şagirdlərinə, yetirmələrinə daim tapşırırdılar ki, çalışın zikr, ibadət, təvəssül və itaətkarlıqla yanaşı, xalqa xidmət edəsiniz. Bəzən də bunu fərdi ibadətdən üstün tuturdular. Xalqa xidmət insanı Allaha yaxınlaşdıran amillərdən biridir. Siz kiminsə xeyrinə yaxşı bir iş görürsünüzsə, bu, Allahın bəyəndiyi gözəl əməldir. Bu, sizi Allaha yaxınlaşdırır. Hətta bunda sizin üçün axirət savabı, ilahi mükafat var, o ki ola bir qrup insana, kütləyə, bütöv bir ostanın, şəhərin, regionun  əhalisinə xidmət olsun. Deməli, əsas məsələ odur ki, biz insanlara xidmət üçün özümüzdə mənəvi güc tapan kimi, şükür edək, Uca Yaradana şükürlər deyək, bunu Allahın bizə nəsib etdiyi bir nemət bilək.

Nemət bilməyin nəticəsi isə odur ki, etdiyimiz xidmətə görə heç kəsin boynuna minnət qoymayaq. Birinci növbədə budur. Allah-Taala bizə mənəvi güc verib, bu gücü özümüzdə tapmağımız ilahi lütfdür və bunun üçün şükür etməyimiz lazımdır. Odur ki əgər biz insanlara xidmət edə bilmişiksə, bu, minnətsiz olmalıdır. Bu, mühüm bir məqamdır.

Daha bir mühüm məqam isə odur ki, xalqa xidmətdə heç bir ayrı-seçkiliyə yol vermək olmaz. İstənilən sferada məsuliyyət daşımaq xalqın hər bir nümayəndəsinə xidmət etmək deməkdir. Bu dostumuzdur, bu, bizə yaddır, bu düşməndir, bunun siyasi baxışları belədir, dini baxışları elədir – bütün bunların rolu, təsiri olmamalıdır. Xidmət ümumi olmalıdır, hamı üçün olmalıdır. Yalnız o zaman bu, böyük miqyasda – bir ostanda, bir rayonda – insanlara xidmət göstərən şəxslərin işinə təsir göstərə bilər. Hər rayonda müxtəlif sferalarda cürbəcür insanlar var. Ona görə də hamıya eyni cür yanaşmaq lazımdır. Xidmət hamı üçündür, hamıya aiddir. Biz də əmanətdar olmalıyıq; səlahiyyətimizdə olan sahədə hər kəs üçün şərait yaratmalıyıq.

Daha bir məqam xidmətdə yüksək əzmdir. Dostlarımızın qeyd etdiyi kimi (elə mənim özümə də hesabatlardan aydın oldu ki), bu ostan maddi inkişaf baxımından aşağı sıralarda olan ostanlardandır. Bu, müəyyən qədər ostanın yeni yaranması ilə bağlıdır. Ola bilsin başqa amillər də var. Rəsmilər konkret müddət ərzində inkişaf baxımından, əsas rifah göstəriciləri baxımından ostandakı vəziyyəti yaxşılaşdırmağı, yüksəltməyi qarşılarına məqsəd qoymalıdırlar – misal üçün, ölkənin ilk 10 ostanı sırasına çatdırmağı. Əzmimiz yüksək olsa, təbii ki, bunun üçün dəfələrlə artıq işləməyimiz tələb olunacaq. “Dəfələrlə artıq” dedikdə mən işin həcmini nəzərdə tutmuram, keyfiyyətini nəzərdə tuturam. Kəmiyyət və həcmdən daha artıq bir şeyi nəzərdə tuturam. Dəqiqliklə, professional səviyyədə, məsləhət əsasında, ardıcıl surətdə həyata keçirilən, planlaşdırılmış işdən danışıram. Belə ki rəsmilər dəyişsə də, iş dayanmasın. Ostanın inkişaf planını hazırladıqlarını dedilər; bu, yaxşı bir xəbər idi. Bu, çox yaxşıdır. Əldə plan varsa, rəsmilər dəyişsə də, bunun işə bir o qədər təsiri olmayacaq. İş davam edəcək. Əsas odur ki, yol xəritəsi məlum olsun.

Bəli, dedik ki, bu ostanı ölkənin 10 lider ostanı sırasına çatdırmaq lazımdır. Bu realdırmı? Bu ostanın imkan və potensialına nəzər salsaq, görərik ki, bəli, tamamilə realdır. Bu ostanda çox yaxşı potensial mövcuddur. Mühüm potensiallardan biri insan potensialıdır. Mən özüm də gənclərlə, universitet tələbələri ilə, şagirdlərlə, orta və ali məktəb müəllimləri ilə keçirdiyim müxtəlif görüşlərdə dostlarımızın təqdim etdiyi hesabatlardan bunu açıq-aydın hiss etdim, anladım. Aldığımız ümumi məlumatlarda da bu qeyd olunurdu. Əlhəmdulillah, bu ostanda bacarıqlı insan potensialı mövcuddur. Əsas potensial budur. Ostanın inkişafına təbii resurslardan, torpaq, iqlim, coğrafi mövqe və sair kimi məsələlərdən əlavə, bunun da əsas təsiri var. Bir sözlə, potensial var. Bu ostanı, doğrudan da, irəli aparmaq, yüksəltmək, əhalinin yaşayışını yaxşılaşdırmaq olar.

Buranın əhalisi də, doğrudan da, xidmət göstərilməyə layiqdir – bu imanla, bu sədaqətlə, müxtəlif sferalarda nümayiş etdirdiyi bu fəallıqla, belə bir həssas məntəqədə – sərhəd məntəqəsində yaşaması ilə. Bu regionun dəyərli əhalisinə, doğrudan da, yüksək səviyyədə xidmət göstərmək, ostanı inkişaf etdirmək lazımdır.

Burada söhbət edən dostlarımız, əsasən, iki-üç məqama diqqət çəkdilər. Elə mən də həmin məqamlara toxunmağı nəzərdə tutmuş, özümdə qeyd etmişdim ki, onları qabardım. Möhtərəm ostan başçısı hər şeyi ətraflı formada şərh etdi, görülən işlər haqda tam şəkildə məlumat verdi. Doğrudan da, əgər konkret müddət ərzində bu qədər böyük həcmdə iş reallaşsa, ostanın siması dəyişəcək – buna heç bir şübhə yoxdur. Mühüm olan odur ki, qarşıya qoyulan hədəflərin reallaşması üçün ardıcıl şəkildə iş görülsün.

Daha bir mühüm məsələ isə odur ki, işlər görülərkən prioritetlər müəyyən olunsun. Biz ölkənin potensialını, kredit və büdcə imkanlarını, dövlətin müxtəlif sferalar üçün yarada biləcəyi imkanları – bütün bunları nəzərə almalıyıq. Müxtəlif layihələrin tez bir zamanda nəticə vermək qabiliyyətini nəzərə almalıyıq. Bəzi layihələr lazımlı və faydalıdır, lakin əlçatan deyil. Bəziləri isə əlçatandır, yaxındır. Prioritetlərin müəyyən olunmasında bütün bunlar önəm daşıyır. Prioritetlərə diqqət yetirməli, işimizi onların əsasında qurmalıyıq. Mənim fikrimcə, prioritetlərdən biri əkinçilik məsələsidir. Dostlarımızın çıxışlarında da bu məsələ dəfələrlə vurğulandı. Burada həm əkinçilik üçün münasib imkanlar, həm də bu sektoru inkişaf etdirəcək düşünən beyinlər var (əkinçiliklə bağlı elmi tədqiqatların aparıldığı qeyd olundu). Başqa bir iclasda isə əkinçilikdə faydalı olan suvarma sahəsi ilə bağlı yeni bir canlanmanın müşahidə olunduğunu dedilər. Demək ki, geniş imkanlar var: torpaq var, su var, insan qüvvəsi var, münasib iqlim şəraiti var. İl boyu əhali gəlirinin böyük hissəsini də əkinçilik və maldarlıqdan əldə edib.

Düzdür, bir-birinin ardınca quraqlıq illərin keçməsi bu sahələrə zərbə vurub; buna şübhə yoxdur. Həmçinin mənə məlumat verdilər ki, ostanda əkinçiliyin inkişafına zərbə vuran, problem yaradan amillərdən biri də torpaqla bağlı gəlir mənbələrinin kiçildilməsidir – yəni bölünmüş torpaqlardır; kiçik həcmli əkin sahələri. Əvvəlki hökumətlərdən gözlənilən və mənim dəfələrlə vurğuladığım mühüm layihələrdən biri əkin torpaqlarının birləşdirilməsidir. Bu əkinçiliyin sənayeləşməsinə yardım edə bilər. Modern əkinçilik, yeni texnologiyalarla əkinçilik – bu, mühüm məsələlərdən biridir. Bu sadaladıqlarım da əkinçiliyə zərbə vurub, cürbəcür başqa amillər də olub.

Əkinçiliyə birinci növbədə əhəmiyyət vermək lazımdır. Bu, o demək deyil ki, ostanın sənayesini yaddan çıxaraq. Yox, ostanın sənayesi də var və əgər bu sahədə lazımi tədbirlər həyata keçirilsə, diqqət ayrılsa və səy göstərilsə, məşğulluğun artması, bol mənfəət götürülməsi üçün şərait yaranar. Buna baxmayaraq, əkinçilik birinci yerdədir. Mövcud şərtlər daxilində əkinçiliyi yenidən dirçəldə bilsək, həm məşğulluq problemi həllini tapar, həm də işsizlikdən doğan cürbəcür fəsadlar – bu cəmiyyətdən təcrid olunma, narkomaniya və s. aradan götürülər; ən azından, kökləri zəifləyər.

İqtisadiyyat məsələsində üç başlıca mehvər var: biri əkinçiliyin sənayeləşdirilməsidir; əkinçilik və bağçılığı sənayeləşdirmək, modernləşdirmək lazımdır. O biri isə emal və tamamlama sənayesi, soyuducu kameralar və sairdir. Bağçılıqla məşğul olan fermerin burada – əlinin altında emal müəssisəsi olsa, vəziyyəti tam fərqli olar. Soyuducu kameralar olsa, həmçinin daha yaxşı olar.

Əlbəttə ki, sabah, inşallah, rəsmilərlə iclasımız olacaq. Əminəm ki, bu məsələlər onların özlərinin də diqqətindədir. Adətən, bu iclaslarda dövlət məmurlarının müxtəlif təkliflərlə çıxış etdiyinin, fikir bildirdiyinin şahidi oluruq. İnşallah, biz də vurğulayacağıq; bu məsələləri orada qaldırmaq lazımdır. Mən burada ona görə qeyd edirəm ki, ostanın inkişaf üfüqlərinin aydın olduğu məlum olsun. Deməli, əsas məsələlərdən biri də emal sənayesidir. Daha bir məsələ isə hazır məhsulun distribusiya və ticarət mexanizminin qurulmasıdır – cənablardan birinin çıxışında da qeyd olundu – məhsulların keyfiyyəti, satışı, daxili ticarət, daha sonra isə ixracat, xarici ticarət məsələləridir. Bütün bunlar məntiqli və düşünülmüş bir sistem halına gətirilməlidir. Bu, ostanın inkişafına yardım edəcək. Odur ki ostanın prioritetlərindən biri əkinçilik məsələsidir (qeyd etdiyim bu müxtəlif aspektlər və detallar nəzərə alınmaqla).

Səfərdən öncə ostan haqqında mənə təqdim olunan məlumatlarla diqqətlə tanış olduqda bir məsələ diqqətimi çəkmişdi ki, burada da dövlət rəsmilərinin, məmurların, ziyalıların onun altını cızdığını gördüm. Bu, ostanda turizmin inkişafı məsələsidir. Bu ostanda gəzib-görməli yerlər: həm təbii gözəlliklər, həm də tarixi məkanlar var. Bu regionun həm təbiəti gözəldir, həm də tarixi abidələri çoxdur. Mənə məlumat verildiyi kimi (belə ki, adətən, şəxsən gəzib görməyə imkanım olmur), İsfərayen yaxınlığındakı qala xarici turistlərin böyük marağına səbəb olan məşhur “Ərqebəm” tikilisinə bənzəyir. Bəs nə üçün bura heç kim gəlmir? Niyə məşhurlaşmayıb? Nə üçün tanımırlar? Halbuki buradakı qala daha asan bir yerdə yerləşir. Hər il Məşhəd ziyarətinə gedən milyonlarla adam bu yoldan keçir (statistik rəqəmlər müxtəlifdir – bəziləri 20 milyon, bəziləri isə 15 milyon deyirlər). Lazımi şərait yaradılsa, zəvvarların hamısını demirəm, bir hissəsi bircə gün bu ostanda ayaq saxlasa, görün ostanın vəziyyətinə necə böyük təsir göstərər. 
Şəhərin mərkəzindən, ölkənin kənar-bucağından turistləri ucqar bir yerə çəkib gətirmirsiniz ki?! Bura  ucqar bir yer deyil. Ziyarətə gedən avtobus karvanlarının yolunun üstüdür, insanlar gedib-gəlir. Qoy bu qonaqların hamısı yox, bəziləri bir gün, bir sutka bu şəhərdə qalıb gəzsinlər, təbii gözəlliklərinə, tarixi məkanlarına tamaşa etsinlər. Görün onda camaatın dolanışığı, yaşayışı necə dəyişəcək! Odur ki bu da prioritetlərdən biridir.

Elmi tədqiqatlar məsələsi də burada qeyd olundu; tamamilə doğrudur. Bu, doğrudan da, bir prioritetdir. Elmi tədqiqatların, elmi araşdırmaların nəticəsi müşahidə olunmur, lakin bu, həqiqətən də,  Qurani-Kərimdə qeyd olunan misalın şamil olunduğu məqamlardan biridir:

انبتت سبع سنابل فى كلّ سنبلة مئة حبّة

“... yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır”. (“Bəqərə” surəsi, ayə 261)

Bu, elə bir toxumdur ki, onu torpağa əkib qulluq etsəniz, əvəzini sizə 700 dəfə artıq qaytarar. Tədqiqat işi belədir. Siz sağlam bir toxumu, yaxşı bir əkin metodunu tədqiq edəndə, yaxud sənaye, əkinçilik, xidmət və s. sferalarda effektiv ola biləcək bir maddə ilə bağlı elmi araşdırma aparanda nəticəsi bu olur ki, bir müddət səbir edib çətinliklərə dözəndən sonra ölkə üçün böyük və ümumu bir fayda əldə olunur. Sözsüz ki, bu da  prioritetlərdəndir. Odur ki iş çoxdur, əmək tələb edən sferalar çoxdur, buranın əhalisi də bu baxımdan çox yaxşıdır.

Bu gün ölkəmizin əməyə, zəhmətə ehtiyacı var. Əzizlərim! Müxtəlif sferaların rəsmiləri! Xalqın müxtəlif təbəqələri içərisində sayılıb-seçilən insanlar! Sizi eşidən, yaxud rəhbərliyiniz altında çalışan bütün insanlara bunu həm sözünüz, həm də əməlinizlə aşılayın ki, ölkəmizin işə, əməyə ehtiyacı var. İşləməliyik; gərgin işləməliyik. Planlı şəkildə, nizam-intizamla, yaxşı işləməliyik.

Biz bir az zəiflik hiss edən kimi, qatı düşmənlərimiz həvəslənirlər. Həmçinin ölkə miqyasında xalqı hərəkətə gətirmək, ürəkləndirmək, insanlarımızın gözünü daha da açmaq istiqamətində effektiv bir canlanma müşahidə edəndə, dərhal düşmənin bunu neytrallaşdırmaq üçün səy göstərdiyini görürük. Beynəlxalq prosesləri, siyasi məsələləri, xəbərləri, cürbəcür beynəlxalq təmasları izləyən şəxslər bunu daha yaxşı anlayırlar. Hər dəfə ölkəmizdə mühüm bir iş görüləndə – misal üçün, böyük bir yürüş, möhtəşəm bir seçki baş tutanda, elm və sənaye sferasında böyük bir uğur əldə olunanda, hökumət səviyyəsində müsbət və effektiv bir addım atılanda – onlar dərhal o işin üzərinə kölgə salmağa, bir problem çıxarmağa çalışırlar. Həmçinin bizim bir balaca zəiflik, yorğunluq büruzə verməyimiz o saat dünyada belə bir reaksiya doğurur: İslam dövlətinə və İslama müxalif olan qüvvələr canlanır, sevinir. Elə bil, təzədən nəfəs alıb hücum etmək istəyirlər.  Bunlara diqqət yetirmək lazımdır. Bu, bizə öyrədir ki, əvvəla, heç vaxt işləməyin daşını atmamalıyıq. İkincisi, çalışmalıyıq ki, sözümüzü eşidən, çalışdığımız sfera ilə bağlı olan hər kəsə işləməyin, səy göstərməyin vacib olması psixologiyasını, optimizmi aşılayaq, hər kəsdə bu əhval-ruhiyyəni gücləndirək. Bu, bizim vəzifəmizdir. Pessimizmdən, yorğunluqdan, bezginlikdən, ixtilafdan xəbər verən hər bir söz, heç şübhəsiz, ölkənin mənafeyinə, inkişafına, milli qürura ziyandır.

Düşmənlə qarşıdurmada biz əlidoluyuq. İmkan və potensialımız yüksəkdir. Bu, boş bir iddia deyil; məqsədimiz öyünmək deyil. Bu, bir reallıqdır. Bu reallığın ən önəmli sübutu odur ki, 30 ildir ardıcıl olaraq bizi baltalayırlar, daşlayırlar, zərbələr endirirlər. Biz zəif olsaydıq, bu ağac indiyə qədər qurumalı, məhv olmalı idi də! Bəs nə üçün bu günə qədər 10 dəfə artıq qol-budaq atıb? Nə üçün Quranda buyurulduğu kimi, hər vaxt öz bəhrəsini verir:

تؤتى اكلها كلّ حين باذن ربّها

“O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər”. (“İbrahim” surəsi, ayə 25)

10 il, 20 il əvvəlki ilə müqayisədə bu gün ölkəmiz elmin, sənayenin inkişafı baxımından, eləcə də sosial cəhətdən, xalqın ümumi əhval-ruhiyyəsi cəhətdən olduqca irəliləyib. Dövlətimiz son dərəcə möhkəmlənib. Bəs bu, nəyə sübutudur? Bu, ona sübutdur ki, ölkədə daxildən gələn gerçək bir konstruktiv qüvvə var və o qüvvə düşmənin bütün məkrli planlarına, qəsdən yaratdığı maneələrə qalib gəlir. Bu, açıq-aydın göz önündə olan bir işdir. Demək ki, bizim əlimiz doludur, gücümüz və bacarığımız var. Ancaq bu gücü öz əlimizlə yox da edə bilərik. Əhval-ruhiyyəmiz zəifləsə, ümidimiz azalsa, yaranan fürsətləri heç etsək, gələcəyə ümidimiz olan gənclərimizi pessimizmə kökləsək, öz əlimizlə özümüzü zəiflətmiş olarıq. Bunu etməməliyik; öz əlimizdədir. Bu məsələdə hər kəsin öhdəsinə məsuliyyət düşür, intəhası rəhbər işçilər, cürbəcür hökumət strukturlarında çalışan rəsmilər daha artıq məsuliyyət daşıyır.

Sevindirici haldır ki, ölkəmiz hegemon və imperialist Qərb dünyası ilə diplomatik danışıqlar aparmaq baxımından da inkişaf edib. Bu gün rəsmilərimiz cürbəcür müzakirə masaları arxasında, cürbəcür tribunalarda çıxış edəndə hərtərəfli düşünülmüş, maraqlı və düzgün fikirlər səsləndirirlər. Mübarizə və qarşıdurma meydanlarından biri də beynəlxalq danışıqlar arenasıdır. Avropa mediasının böyük bir hissəsini sionist mediası təşkil edir; bunu bilməyiniz lazımdır. Dünyada adlarını eşitdiyimiz məşhur media orqanlarının əksəriyyətini illər öncədən sionistlər düşünüb ələ alıblar. İstədikləri xəbəri istədikləri formada təqdim edirlər, münasibət formalaşdırırlar. Həmin medialar özləri siyasətçilərə nəyi necə demək lazım olduğunu aşılayırlar. Mühüm olan budur! Qərb siyasətçilərinin özlərinin də canında xəbislik, murdarlıq var – bu, öz yerində. Amma medialar da bu qərəzli xəbərlər düzəltməyi onlara təlqin edirlər. Geniş yayılmış sözlərindən biri budur: Biz İrana təzyiq göstəririk ki, danışıqlar masasına qayıtsın. Hansı danışıqlar masası? İran müxtəlif qlobal məsələlər, o cümlədən nüvə məsələsi ilə bağlı danışıqlar masasını nə vaxt tərk edib ki, indi də geri qayıda?! Bu, bir təbliğat yalanıdır, təbliğat hiyləsidir. “Biz çalışırıq ki, İran danışıqlar masasına dönsün!” – bu sözlər yalançı və hiyləgər təbliğatdır. Bunu hey dünyada təkrar edir, dönə-dönə deyirlər. Bu ifadələr o qədər təkrarlanır ki, mənə elə gəlir, Qərb siyasətçiləri özləri də artıq bunun reallıq olduğuna inanırlar. Halbuki bu standart ifadəni, qəlibdən çıxmış fikri ortaya atanın məqsədi başqadır. Onun istədiyi İranı danışıqlar masasına qaytarmaq deyil. O, danışıqlar əsnasında İranın Qərbin hegemonluğu qarşısında təslim olmasını istəyir. İranın cavabı isə budur: Xeyr! Siz mübariz, inqilabçı, müdrik, gözüaçıq bir xalqı öz tamahkarlığınız, qanunsuz tələbləriniz qarşısında diz çökdürmək üçün çox cılızsınız! Qərbin siyasi hegemonlarının problemi İranı nüvə məsələsi, yaxud başqa bir məsələ ətrafında danışıqlara cəlb etmək deyil. Yox! Onların problemi budur ki, İran dediklərinə boyun əymir. Və əlbəttə ki, bu problem eynilə qalmaqda davam edəcək; məlum məsələdir.

Gülməli burasıdır ki, avropalılar bu gün bizimlə 19-cu əsrdə danışdıqları tonla danışırlar. O vaxt ingilis gəmiləri Fars Körfəzinə yaxınlaşanda gəmidən ingilis komandanı Fars Körfəzinin şeyxlərinə ismarış göndərirdi ki, onu edin, bunu etməyin. Onlar da nökər kimi baş əyib, “Gözümüz üstə!” deyirdilər. Avropalılar elə təsəvvür edirlər ki, bu gün də 19-cu əsrdir.

Ölkəmizdə hakimiyyət başında olan qüvvələr də səriştəli, qeyrətli deyildilər ki, xarici dövlətlərlə münasibətlərində İran xalqının milli qürurunu, bir millət kimi böyüklüyünü və nəcibliyini əks etdirə bilsinlər. Əksinə, onların təsiri altına düşür, simalarını itirirdilər. Onlar xaricilərin siyasətinə, mədəniyyətinə təsir göstərə, onları daxildən özlərinə məğlub edə bilərdilər. Baxın, bir insan, bir şəxsiyyət, bir xalq – fərqi yoxdur – o zaman zahirdə məğlub olur ki, öz içində, öz daxilində məğlub ola. Onlar hücum edən tərəf idilər. Bu tərəf də dünyapərəst, maddiyyatpərəst idi, yalnız hakimiyyətdə qalmağı, pulu, öz var-dövlətini və ticarətini düşünürdü; uca amalların yox, cılız insani istəklərinin arxasınca gedirdi. Məhz bu səbəbdən də onlar bunları üstələdilər. Elə bilirlər, bu gün də həmin vəziyyətdir.

Bu gün dünya imperialistlərini çaşqınlıq içində qoyan əsas məsələ İslam Respublikasının dünyaya çatdırdığı yeni fikir, yeni sözdür. Bu gün dünya imperialistləri İslam İnqilabı ilə hücumçu tonunda danışa biləcək statusa malik deyillər. Bu gün İslam İnqilabı öz ideyasını dünyaya transfer etməyi bacarıb. Onların bütün senzurasına, təzyiqlərinə rəğmən, bu gün bu, geniş yayılmış bir ideyadır – dinə əsaslanan xalq hakimiyyəti ideyası, mənəviyyatın və dinin hakimiyyəti ideyası, ictimai-siyasi arenalarda xalqın fəal iştirakı ideyası, dünya dövlətlərinin, super-dövlətlərdən ibarət blokların hegemonluğuna qarşı mübarizə ideyası. Bu gün bu ideyalar geniş yayılıb. Düzdür, bunu İranla əlaqələndirmirlər; olsun! Biz israr etmirik ki, hökmən, İranın adı ilə bağlı olsun. Amma dünyada heç kəs hazırda gedən proseslərə İslam İnqilabının, İran xalqının müqavimətinin təsir göstərdiyini inkar edə bilməz. Bu gün əsas məsələ budur.

Odur ki biz doğru yol tutmuşuq. Bizim işləməyə, fəaliyyət göstərməyə, düzgün fikirləşməyə, düzgün hərəkət etməyə, bir olmağa, cəmiyyətimizdə gərgin əmək, ixlas, mənəviyyat, formallıqdan, özünü göstərməkdən uzaqlıq atmosferi yaratmağa ehtiyacımız var. Bu gün meydan belə bir meydandır. Müxtəlif sferalarda rəhbər vəzifələr tutan siz əzizlərimiz də – ən yüksək ranqlısından tutmuş orta və aşağı səviyyəli kadrlara qədər – hər biriniz özünəməxsus rol oynaya bilərsiniz. Az əvvəl dedim: istər bu, qanunla müəyyən edilmiş vəzifələr olsun, istərsə də ictimai işlər. Misal üçün, ruhanilər, ziyalılar, universitet müəllimləri, elm adamları, ictimai həyatın müxtəlif sferalarında fəallığı ilə seçilən şəxslər – bunlar cəmiyyətə təsir gücünə malikdirlər və məsuliyyət daşıyırlar. Bu məsuliyyət hansısa dövlət işi kimi rəsmi bir ad daşımasa belə! Biz hamımız məsuliyyət daşıyırıq. Ümidvaram ki, Uca Yaradan öhdəmizə düşən vəzifələri yerinə yetirə bilməyimiz üçün bizə yardımçı olacaq, inşallah!

Sizin hamınızı – əziz qardaş və bacılarımı Allaha əmanət edirəm!  İnşallah, Uca Yaradan işlərinizdə uğur qazanmanız üçün hamınıza mənəvi dəstək olsun!

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!