Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Şirvan əhalisi ilə görüşü zamanı etdiyi çıxış

بسم‌اللّه‌الرّحمن‌الرّحيم‌
 و الحمد للّه ربّ العالمين و الصّلاة و السّلام على سيّدنا و نبيّنا ابى‌القاسم المصطفى محمّد و على ءاله الأطيبين الأطهرين المنتجبين الهداة المهديّين المعصومين المكرّمين سيّما بقيّةاللّه فى الأرضين

Uca Yaradana şükürlər edirəm ki, sizinlə – Şirvanın mömin, sevimli və istiqanlı əhalisi ilə coşğulu və səmimi bir atmosferdə görüşmək üçün bu həqir bəndəyə mənəvi dəstək oldu.

Sizin şəhərinizlə, əhalinizlə bağlı mənim yaddaşımda gözəl xatirələr var. Böyük və çətin sınaqlar dövründə Şirvan şəhəri imtahandan üzüağ çıxan, adını yaddaşlara qürurla yazan məntəqələr sırasında olmuşdur. Şirvanın və ətraf məntəqələrin dəyərli əhalisinin Müqəddəs Müdafiə illərində verdiyi yüzlərlə şəhid və veterandan əlavə, bu diyarın şəhidləri içərisində 7 döyüş komandirinin də adı var. Komandirlər yetişdirmək, onları çətin meydanları idarə etmək üçün cəbhələrə göndərmək, ardınca şəhidliklərinə qatlaşmaq tarixin axarında unudula biləcək hadisələr deyil. Bu gün də bu şəhərdə bir neçə min bəsici var, rayonda fəal dini icmalar fəaliyyət göstərir, görkəmli mədəniyyət adamları və idmançıları var. Ölkənin hər bir regionunu tanıdan, onun vizit kartında yer alan göstəricilər bunlardır.

İstər bu rayonda, istərsə də ostanın digər rayonlarında yaşayan əziz gənclərimiz uğurları ilə qürur duymalı, gələcəkdə qazanılacaq daha böyük nailiyyətlərə hazırlaşmalıdırlar. Bu şəhərin və bu ostanın ən qabarıq xüsusiyyətlərindən biri müxtəlif etnosların mehriban qonşuluq şəraitində birgə yaşamasıdır. Şirvan rayonunda isə bu xüsusiyyət tam şəkildə hiss olunur. Kürdlərdən tutmuş türklərə, farslara və tatlara qədər – hər kəs qardaşcasına və müsəlmancasına yanaşı yaşayır. İnşallah, sizin gəncləriniz – həm kişiləriniz, həm də qadınlarınız əziz vətənlərinin gələcəyi, inqilablarının başucalığı naminə bu cəmiyyətə daha parlaq və güclü fəaliyyətləri ilə töhfə verəcəklər. Bu isə əlçatmaz bir arzu deyil.

Bu gün mən sizə – əziz şirvanlılara, qardaş və bacılarıma bunu demək istəyirəm ki, bu ostanda və bütövlükdə ölkədə xalqımızın zəhməti, dəyərli camaatımızın müdrikliyi, sayıqlığı və uzaqgörənliyi ölkəmizin davamlı siyasi sabitlik əldə etməsinə səbəb olub. Bu, böyük bir nemətdir. Hegemon və təcavüzkar dövlətlərin əldə silah kimi istifadə etdiyi metodlardan biri də müxtəlif ölkələrdə qeyri-sabit vəziyyət yaratmaqdır. Buna nümunələri həm bizim öz regionumuzda, həm də bu böyük Yer kürəsinin digər regionlarında müşahidə edə bilərsiniz. Özünüz də şahidsiniz ki, hegemon dövlətlər haranı istəsələr, hansı ölkəyə tamah salsalar, həmin ölkələrdə və regionda öz ağalıqlarını bərqərar etmək üçün oranın əhalisi arasında, yaxud qonşu ölkələrlə həmin ölkə arasında sabitliyi pozurlar. Dövlətlərdə sabitliyi pozmaq üçün ixtilaf salır, qarşıdurma yaradırlar. Qeyri-sabit şəraitin yaranmasından isə silah zavodları, kartellər, trestlər və Qərb siyasi sisteminə hakim olan böyük maliyyə şirkətləri istifadə edir. Bu gün imperializm maşınının yürütdüyü siyasətlərdən biri də müxtəlif ölkələrdə qeyri-sabit vəziyyət yaratmaqdır. Belə bir şəraitdə İran İslam Respublikası xalqın imanının, Allahın fəziləti sayəsində xalqımızda olan gözüaçıqlığın bərəkəti nəticəsində, düşmənə göz dağı olaraq, sabit və sarsılmaz bir dövlət qurmağı bacarıb. Ölkəmizdəki bu sabitliyin və stabilliyin dayağı xalqın özüdür. Əlbəttə ki, qarşılıqlı olaraq, ölkənin siyasi quruluşunda müşahidə olunan bu sabitliyin faydası da daha çox xalqa aiddir, xalqa istiqamətlənib. Təhlükəsizliyi olan, siyasi sabitliyi olan, dövlətinin hakim strukturları sabit şəraitdə fəaliyyət göstərən bir xalq müxtəlif meydanlarda bəşəriyyətin böyük inkişaf marafonuna qoşulmaq və avanqardlardan olmaq şansı əldə edir. Hər bir ölkə üçün təhlükəsizlik və sabitlik arzu olunan ən mühüm və faydalı amillərdəndir.

Uca Yaradan Qurani-Kərimin “Fəth” surəsində müsəlmanların fəthini Peyğəmbər (s) və digər müsəlmanlar üçün böyük bir nemət kimi təqdim edərək buyurur:

فأنزل اللّه سكينته على رسوله و على المؤمنين و الزمهم كلمة التّقوى و كانوا احقّ بها و اهلها

“Allah Peyğəmbərinə və möminlərə öz dərgahından arxayınlıq (qəlb rahatlığı, mənəvi möhkəmlik) göndərmiş və onlara təqva kəlməsini (“la ilahə illallah, Muhəmmədun rəsulullah “ sözünü) xas etmişdi. Onların bu sözə (Məkkə müşriklərindən) daha çox haqqı var idi və ona layiq idilər”. (“Fəth” surəsi, ayə 5)

Müsəlman cəmiyyətinə Allahdan bir mənəvi asayişin, sakitliyin nazil edilməsini böyük bir nemət kimi qeyd edir. Ayədə işlədilən “səkinə” sözünün mənası sakitlik, asayiş, arxayınçılıq, bu gün mövcud olan əmin-amanlıqdır. Bəzən elə olur ki, bir xalqın içərisində təlatüm olur, əmin-amanlıq olmur. Hər kəs bir-birinə qarşı bədbin, hamı bir-biri ilə qarşıdurmada olur. Hökumət strukturları xalqa, xalq hökumət strukturlarına qarşı çıxır. Asayiş və təhlükəsizliyi olmayan belə bir ölkə nə elm, nə iqtisadiyyat, nə sənaye, nə də milli qürur müstəvisində irəli gedə bilər. Ölkədə asayiş, əmin-amanlıq, təhlükəsizlik bərqərar olunduqda isə xalq öz hazırlığını, istedad və potensialını büruzə vermək şansı əldə edir. Özünüzün də şahidi olduğunuz kimi, düşmənlərin təhdidlərinə, sanksiyalarına, xəbisliyinə rəğmən, İran xalqı və bizim dəyərli gənclərimiz müxtəlif meydanlarda özlərini göstərə biliblər. Müxtəlif sferalarda möhtəşəm, istedadlı və hazırlıqlı olduqlarını dünyaya nümayiş etdirə biliblər. Bunların hamısı sabitliyin, əmin-amanlığın bərəkətidir.

Düşmənlərimiz bu siyasi sabitliyi cürbəcür metodlarla pozmaq üçün dəfələrlə cəhd göstərdilər. İnqilabın əvvəllərində ölkənin dörd bir yanında etnik qarşıdurmalar yaratmaqla İslam İnqilabının sakitliyi, sabitliyi bərqərar etməsinə, ölkənin inqilabın təlatümündən çıxmasına əngəl olmağa çalışdılar, amma istədiklərinə nail ola bilmədilər. Ondan sonra da sərsəm bir qonşunu üstümüzə hücum çəkməyə təhrik etməklə ölkədə asayiş və təhlükəsizliyi pozmağa cəhd göstərdilər – Səddam, sözün əsl mənasında, sərsəm, vəhşi, azğın və təhlükəli bir insan idi. Ölkənin daxilində də bəzi qruplaşmalar ona yardımçı oldular. O qruplaşmalar ki, sonradan da elə onun özünə pənah apardılar. Gördünüzmü, onların səyləri arzuladıqlarının 180 dərəcə tərsinə nəticələndi. Məcburi Müharibə, düşmənin hücumu nəinki təkcə ölkənin sabitliyini və sarsılmazlığını pozmadı, hətta xalqın birliyini daha da artırdı.

Baxın, elə sizin öz regionunuz – Şimali Xorasan regionu (hansı ki bu gün Şimali Xorasan ostanı adlanır) – cəbhə bölgəsindən kifayət qədər uzaqdır; ölkənin cənub, şimal-qərb bölgəsi hara, Şimali Xorasan ostanı, Şirvan və Bocnurd hara? Buna baxmayaraq, buranın əhalisi düşmənə qarşı mübarizədə bir yumruqda birləşdi. Artıq türk, fars, kürd, kurmanc, türkmən və yaxud başqa bir etnosa mənsubluq məsələsi əhəmiyyətini itirdi. Şiə-sünni məsələsi heç kimi düşündürmədi. Hamı birləşərək düşmənin qarşısına çıxdı. Gənclərini verdilər, kişilər cəbhəyə yollandılar. Bəzən bir ailədən 4 gənc cəbhəyə gedirdi. Ataları deyirdi ki, biriniz qalıb evi idarə edin, qoy döyüşə mən gedim. İnsanların fədakarlıqda, canından keçməkdə bu cür yarışa girməyini başqa harada görmək olar?

Düşmən ölkəni qarışdırmaq, İran xalqını sabitlikdən, asayişdən, təhlükəsizlikdən məhrum etmək istəyirdi. Lakin tam əksinə, Uca Yaradan düşmənin məkrli planı qarşısında elə təqdir etdi ki:

و مكروا و مكر اللّه و اللّه خير الماكرين

“Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da (onların gizli hiyləsinə, məkrinə qarşı) tədbir tökdü. (İsanı göyə qaldıraraq münafiqlərdən birini onlara İsa surətində göstərib öldürtməklə məkrlərinin cəzasını verdi). Allah (məkr edənlərə qarşı) tədbir tökənlərin ən yaxşısıdır (məkr edənlərə, hiylə quranlara ən layiqli cəza verəndir).” (“Ali-İmran” surəsi, ayə 54)

Müqəddəs Müdafiənin bərəkəti sayəsində, xalqımız olduğu yerdən irəli getdi, hazırlıq səviyyəsi artdı. İmperialist düşmənlərin, yırtıcı canavarların bu planı da İran xalqının qarşısında heç bir nəticə vermədi.

Sonra bu sabitliyi daxildən pozmağa cəhd göstərdilər. Mən detallara varmaq istəmirəm – bircə kəlmə ilə toxunum. Həm 1378-ci, həm də 1388-ci ildə – 10 il fasilə ilə – düşmənin planı eyni idi. Hər ikisində ölkədəki siyasi sabitliyi pozmağa, qarışıqlıq salmağa, bu ümumi asayişi, səbatı xalqımızın əlindən almağa çalışırdılar.

Biz bu sabitlik və asayişin qədrini bilməliyik. Xalqımız qədirbilən xalqdır. Mən, əslində, bu sözləri ölkəmizdə mövcud olan sabitliyə qarşı qədirbilməzlik etmək istəyən bəzi insanlara ünvanlayıram; ölkəmizdə bərqərar olunmuş bu sabitlik və asayişi, təhlükəsizliyi, arxayınçılığı öz hərəkətləri, düzgün olmayan davranışları, əyri əməlləri ilə bir-birinə vurmağa çalışanlara üzümü tutub deyirəm. Əlbəttə ki, rəsmilər tədbirlidirlər, diqqətlidirlər. Mən də öz növbəmdə vurğulayıram. Həm icraedici, həm qanunverici, həm də məhkəmə hakimiyyətinin rəsmilərinə dönə-dönə tövsiyə edirəm ki, ehtiyatlı olsunlar; düşmənlər, bədxahlar öz məkrli planları ilə ölkə miqyasında mövcud olan bu sabitliyi poza bilməsinlər. Sabitlik və asayiş bu xalqın ən böyük qüdrət nişanəsidir, bütün xeyir-bərəkətlərin ona tərəf cəlb olunması üçün zəmin yaradacaq bir amildir.

Bir neçə ay sonra bizi seçkilər gözləyir. Seçkiyə qədər, eləcə də seçki prosesində rəsmilər bütün səylərini ölkədə siyasi sabitliyin qorunmasına istiqamətləndirməlidirlər. Ölkədə siyasi atmosferin qarışmasına imkan vermək olmaz. İnşallah, ölkə rəsmilərimizin tədbirliliyi və uzaqgörənliyi bu istəyin reallaşmasına yol açacaq.

Xalqımız, əlbəttə ki, ayıq-sayıq və gözüaçıqdır. İran xalqının bu sayıqlığına və uzaqgörənliyinə nə demək olar? Sadə xalq həmişə ölkənin mənafeyi ilə bağlı məsələlərə düzgün yanaşıb; biz bunun şahidi olmuşuq. Bu 30 il ərzində hansı məqamda öhdəsinə məsuliyyət düşübsə, xalqımız həmin vəzifəni ən yüksək səviyyədə yerinə yetirib. Düşmənlər xalqımızı iştirakı vacib olan mühüm ictimai-siyasi meydanlardan uzaqlaşdırmaq istədilər, bacarmadılar. Xalqı ziddiyyətli fikirlərlə bir-birinə qarşı qoymaq, ixtilaf yaratmaq istədilər ki, insanlar bir-birinin yaxasından yapışıb ölkənin mənafeyi, inkişafı barədə unutsunlar. Bunu da bacarmadılar. Xalqımız gözüaçıq olduğunu nümayiş etdirdi. İnsafla demək lazımdır ki, xalqımız, doğrudan da, nümunəvi dərəcədə gözüaçıqdır. Bu da Allahın işidir. Qəlblər Allahın əlindədir, iradələr ilahi iradəyə tabedir. Camaatımız mömindir, gerçəkliklərin fərqindədir. Mənim tövsiyələrim daha çox rəsmilərə, siyasətçilərə, müxtəlif strukturların rəhbərlərinə aiddir. Gözdə-qulaqda olsunlar ki, düşmən Allahın fəziləti sayəsində ölkəmizdə mövcud olan, dəfələrlə cəhd göstərdiyinə baxmayaraq, poza bilmədiyi bu sabitliyi, bu təhlükəsizliyi, bu arxayınçılığı poza bilməsin. Bərqərar olunmuş bu asayiş və təhlükəsizliyi qorumağa çalışsınlar. Qarışıqlıq yaranmasına imkan verməsinlər. Bəzən düşünülməmiş bir söz, bir əməl, yersiz bir addım ölkənin siyasi mühitini qarışdıra bilər. Rəsmilər və siyasətçilər çox diqqətli, ehtiyatlı olmalıdırlar.

Əlbəttə, əziz xalqımızın buna, doğrudan da, haqqı çatır ki, rəsmilər bütün vaxtlarını, bütün səylərini yalnız onun işlərinin irəliləməsinə sərf etsinlər. Mən Şimali Xorasan ostanının – Bocnurdun, Şirvanın, İsfərayenin, ostanın digər rayon və məntəqələrinin problemlərinə baxanda görürəm ki, hələ görüləsi işlər çoxdur. Bu işləri görmək rəsmilərin öhdəsinə düşür. İstər qanunverici, istərsə də icraedici hakimiyyətdə təmsil olunan bütün rəsmilərin vəzifəsi xalq üçün işləmək, ona xidmət etməkdir. Elə Şirvan rayonunun özündə də görüləsi çox işlər var.

Sizə bir şeyi də deyim ki, öz rəsmilərinizə inanın! Rəsmilər iş görmək, çalışmaq istəyirlər; niyyətləri yaxşıdır. Bu gün rəsmilər arasında xalqa xidmət əzmi var. Doğrudur, bəzən yanlış meyillər də olur, bəzən imkanlar məhdud olur. Hamı əl-ələ verib çalışmalı, istər iqtisadiyyat, istərsə də mədəniyyət sferasında mövcud olan çətinlikləri aradan qaldırmalıdır.

Ostanın digər rayonları, eləcə də ölkənin bəzi digər ostanları kimi, bu rayonda da ən mühüm və başlıca problem işsizlik problemidir. İnşallah, yeni iş yerlərinin açılması istiqamətində səylər göstərilməlidir. Problemlərdən biri də bu ostanda, bu məntəqdə gənclərin narkotiklərə aludəçiliyidir. Bu səfərimdə mən xəbərdarlıq etdim, gənclərin özlərinə üz tutub dedim. Dedim ki, əziz gənclər! Biz sizi canlı, iradəli və möhkəm bilir, bu cür görürük. Elə reallıqda da belədir. Bu ostanın gəncləri həm mədəni səviyyələri, həm də zəkaları, dərrakələri baxımından ölkənin öndə gedən gəncləri sırasındadırlar. Ostanda qabaqcıl gənclərin olduğunu görmək mümkündür. Həmin cəsarətli və qabaqcıl gənclər özləri öldürücü bir təhlükə olan narkomaniyaya, narkotik maddələrə aludəçiliyə qarşı mübarizədə öndə getməlidirlər. Özləri müqavimət göstərməli, mübarizə aparmalıdırlar. Bu, elə bir mübarizədir ki, müştərək surətdə həm rəsmilərin, həm də əhalinin öz çiyinlərinə düşür. Mən gənclərə qarşı çox optimistəm. İnanıram ki, əgər gənclərimiz möhkəm iradə ilə qarşılarına məqsəd qoysalar, böyük təhlükələrlə, o cümlədən bu ostanda mövcud olan narkotik təhlükəsi ilə mübarizə aparıb, bunun qarşısını ala bilərlər.

Əlhəmdulillah, ölkəmizin hər yerində əhali yüksək əhval-ruhiyyədədir, sevinclidir. Qoy düşmənlərimiz bunu görsünlər, bilsinlər! Qoy sanksiyalarla xalqı canı yığıb başıaşağı etmək, yormaq istəyənlər xalqın bu hərəkatını, bu möhtəşəm kütlələri, bu ostanda, eləcə də digər ostanlarda əhalinin spontan, coşğulu davranışlarını görsünlər! Qoy görsünlər ki, xalqımız ictimai-siyasi meydanlarda iştiraka necə hazırdır və İslam dövlətini müdafiə etmək üçün necə möhkəm iradəyə sahibdir! Bütün bunlarda ibrətamiz cəhətlər var. Hey İran xalqının adını çəkir, İran xalqından danışırlar. İnsanda belə bir təəssürat yaranır ki, sanki İran xalqının adını dilinə gətirənlər – Amerikanın və qeyri dövlətlərin rəsmiləri – sizi nəzərdə tutmurlar! Onlar üçün İran xalqı xəyali bir varlıqdır, fantaziyadır. Həmin varlıq haqda danışaraq deyirlər: İran xalqı hakim rejimin əleyhinədir, İran xalqı İslamın əleyhinədir. İran xalqı o insanlardır ki, bu böyük meydanlarda nələr etdiklərini öz gözlərinizlə gördünüz! Bu neçə gündə Bocnurdun, İsfərayenin, Şirvanın, eləcə də ostanın digər məntəqələrinin əhalisi dünya ictimaiyyətinə tarixi bir qəhrəmanlıq nümayiş etdirdi. Sözsüz ki, onlar öz informasiya agentliklərində, medialarında xəbərləri solğunlaşdırmağa, xalqın fəal iştirakını ört-basdır etməyə çalışırlar. Buna baxmayaraq, özləri reallıqları dərk edir və görürlər.

İqtisadi problemlər başlıca əhəmiyyət kəsb edir; elə düşmən də bütün səylərini məhz iqtisadiyyat sahəsinə yönəldib. Biz bu sahə ilə bağlı möhtərəm rəsmilərimizə onu tapşırırıq ki, iqtisadi inkişafda bu üç amilə diqqət yetirsinlər: əvvəla, bütün digər sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də məsələlərə elmi cəhətdən yanaşmaq lazımdır. İkincisi, hərtərəfli düşünülmüş bir proqrama, planlamaya ehtiyac var. Burada nə tələskənlik, nə də lənglik, ətalət olmamalıdır. Bütün işlərdə olduğu kimi, həssas məsələlər olan iqtisadi məsələlərdə də belədir. Üçüncüsü, həyata keçirilən siyasətlərin sabit, davamlı olmasına ehtiyac var. Əgər inşallah, rəsmilər ölkənin iqtisadi inkişafında bu üç amili nəzərə alsalar (və əlbəttə ki, alırlar; rəsmilərimiz arasında həm elmi cəhətdən gözəl mütəxəssislər var, həm də işə can yandırmaq baxımından olduqca tədbirli, canıyanan insanlar var), Allahın yardımı və dəstəyi ilə, düşmənlərimiz başqa sahələrdə heç nəyə nail ola bilmədikləri kimi, bu xalqla iqtisadi qarşıdurmada da heç bir qələt edə bilməyəcəklər.

Əlhəmdulillah, Allahın lütfü sayəsində, İran xalqı dinamik, canlı, yüksək əhval-ruhiyyəli, ictimai-siyasi meydanlarda fəal iştirak sərgiləyən bir xalqdır. Onun bu iştirakı gözüaçıqlıqla, güclü iradə və əzmlə müşayiət olunur. Düşmənlər İran xalqını yorğun, məyus və ümidsiz bir xalq kimi qələmə verməyə çalışırlar. Xalqımız isə öz davranışları ilə düşmənin yalan danışdığını, qərəzli mühakimə yürütdüyünü nümayiş etdirir. Əlbəttə, ölkə daxilində də ictimaiyyətə səslənmək imkanı olan bəzi şəxslər – demirəm ki, qəsdən; bilməməzlikdən – düşmənin istəyinə uyğun sözlər danışırlar. Bəziləri özləri yorulublar, amma deyirlər ki, xalq yorulub! Xalq yorulmayıb! Xalq meydandadır, ortadadır. İşə keçməyə hazırdır. Onun üçün meydanları hazırlamaq, açmaq lazımdır. Onda görəcəksiniz ki, xalq öhdəsinə məsuliyyət düşdüyünü hiss etdiyi istənilən məqamda necə böyük stimulla, təpərlə, necə böyük əzmlə qolunu çırmayıb meydana girir. Necə ki bu gün də girib!

Uca Yaradana dualar edirəm ki, sizə – Şirvan rayonunun dəyərli camaatına Öz fəzl, rəhmət və bərəkətini nazil etsin! İnşallah, əziz gənclərinizə ilahi lütf, mənəvi dəstək və xeyirli aqibət nəsib etsin! İnşallah, hər gününüz dünənki gününüzdən daha yaxşı, daha sevincli və daha uğurlu olsun! Allah-Taala şəhidlərin pak ruhlarını və şəhidlər imamının pak ruhunu övliyaları ilə məhşur etsin! Bura toplaşmış bu dəyərli və coşğulu izdihama, mənə qarşı ifadə etdiyiniz sevgiyə görə sizə səmimi təşəkkürümü bildirirəm.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!