VƏLİYYİ-FƏQİHİN ŞƏRTLƏRİ
İki əsas şərt
Bildiyiniz kimi, uzaqgörənlik və idarəçilik bacarığı hər bir hökumət başçısı üçün əsas şərtlərdir. Lakin İslam hökumətinin başçısı, yəni vəliyyi-fəqih üçün başqa zəruri şərtlər də vardır ki, onlardan ən əsası aşağıdakı iki şərtdir:
1) İlahi qanunları bilmək;
2) Ədalətli olmaq.
Belə ki, Həzrət Peyğəmbərin (s) vəfatından sonra xəlifə olacaq şəxs barədə müsəlmanlar arasında fikirayrılığı yaransa da, o zamanlar belə, xəlifənin bilikli bir şəxs olması barədə heç bir ixtilaf yox idi.
1) İslam hökuməti İlahi qanunların rəhbər tutulduğu bir hökumət olduğu üçün hədislərə əsasən bu hökumətin başçısı qanunları bilməlidir. Təkcə hökumət başçısı deyil, vəzifəsindən və peşəsindən asılı olmayaraq cəmiyyətin hər bir fərdi onlara hakim olan qanunları bilməlidir. Lakin başçının bu qanunları hamıdan daha yaxşı və daha ətraflı bilməsi zəruridir. Məsum İmamlar (ə) da Peyğəmbərin (s) canişinliyinə hamıdan daha layiqli olduqlarını sübuta yetirərkən elə bu məsələni irəli surüblər. Yəni, bir İslam xəlifəsi elmdə hamıdan üstün olmalı və İlahi qanunları hamıdan daha yaxşı bilməlidir. Peyğəmbərdən (s) sonra İslam xilafətinin başına keçən bəzi xəlifələrə tutulan iradlar da elə bu qəbildəndir. Belə ki, bu xəlifələrdən bəzisi onlara verilən şəri suallar qarşısında aciz qalmış, hətta öz acizliklərini etiraf da etmişlər. Bundan daha pisi odur ki, onlar şəriət qanunlarını bilmədiklərinə görə həmişə bu qanunlara zidd rəftarlar etmişlər.
İslam dini baxımından İlahi qanunları bilmək və ədalətli olmaq hər bir İslam hökumətinin başçısı üçün əsas şərtlərdəndir. Başqa elmləri bilmək bunun qədər əhəmiyyət daşımır. Məsələn, təbiət qanunlarını kəşf etmək və təbiət elmləri sahəsində yüksək elmi dərəcəyə malik olmaq, yaxud incəsənət və musiqi sahəsində mütəxəssis olmaq rəhbərlik üçün əsas götürülmür və hər hansı bir şəxsdə bu imtiyazların olması əsas vermir ki, qanunları bilən və ədalətli olan bir fərddən öndə tutulsun.
Bir İslam hökuməti başçısının İlahi qanunları mükəmməl şəkildə bilməsi, eyni zamanda ədalətli, imanlı və əxlaqlı bir fərd olması Həzrət Peyğəmbərin (s) və məsum İmamların (ə) dövründə geniş surətdə bəhs edilən mövzulardan biri olduğundan müsəlmanlar üçün aydın bir məsələ idi. Bu isə tamamilə məntiqə uyğundur. Çünki İslam hökuməti fərdlərin deyil, İlahi qanunların hakimiyyətidir.
Bir sözlə, İlahi qanunları bilməyən bir şəxsin İslam hökumətinin başçısı olmağa və müsəlmanlara rəhbərlik etməyə səlahiyyəti yoxdur. Əks təqdirdə, onun hakimiyyəti iqtidardan düşər. Çünki belə bir fərd ya qanunları kimdənsə soruşacaq və necə deyərlər, başqasının dediyinə qulaq asmalı olacaq, ya da İlahi qanunları bilmədiyi üçün, ümumiyyətlə, onları icra edə bilməyəcəkdir.
Digər tərəfdən, dini ədəbiyyatda belə bir hədis qeydə alınmışdır: “Fəqihlər padşahların hakimidirlər”. Bu hədisə əsasən İslama tabe olan padşahlar qanunları və göstərişləri fəqihlərdən almalıdırlar. Bu halda isə həqiqi hökmdarlar elə fəqihlər olacaqdır. Odur ki, İlahi qanunları bilməyən və buna görə də lazımi göstərişləri fəqihlərdən almaq məcburiyyətində qalan fərdlərin deyil, fəqihlərin hakimiyyətdə olması daha məntiqə uyğundur.
2) İslam hökumətinin başçısı son dərəcə imanlı və insani keyfiyyətlərə malik olmaqla yanaşı, həm də ədalətli olmalıdır. Şübhəsiz ki, İslamın cəza hökmlərini icra edən, müsəlmanların büdcəsinə başçılıq edən və Allah-Taala tərəfindən insanların həyatını idarə etmək məsuliyyəti daşıyan şəxs günah işlətməməlidir. Əks təqdirdə, Allah zalım bir şəxsə belə bir məsuliyyəti əsla verməz.
Sözsüz ki, əgər rəhbər ədalətli olmasa, vergilərin yığılmasında və onların xərclənməsində ədalət üzrə rəftar etməyəcək, öz qohum-əqrabasını vəzifə başına gətirib, şəxsi istəklərini həyata keçirmək üçün müsəlmanların beytül-malını (büdcə) xərcləyəcəkdir.
Mərcəyi-təqlid olmaq şərt deyil
Mən əvvəldən bu əqidədə idim və təkid edirdim ki, rəhbər üçün mərcəyi-təqlid olmaq şərt qoyulmasın. Xubriqan məclisi ədalətli bir müctehidi rəhbər seçə bilər. Xubriqan məclisinin üzvlərini camaat seçir və onlar da, öz növbəsində ədalətli bir müctehidi İslam hökumətinə rəhbər seçirlər. Belə bir fərdin rəhbərliyi qanunidir və verdiyi hər bir hökmə tabe olmaq vacibdir.
RƏHBƏRLİK ÖRNƏYİ
Rəhbər məhkəmədə
İslamın zühur etdiyi ilk dövrlərdə yalnız iki dəfə həqiqi İslam hökuməti quruldu. Onlardan biri elə Həzrət Peyğəmbərin (s) öz dövründə Mədinədə qurduğu hökumət, digəri isə, Həzrət Əli ibn Əbu Talibin (ə) Kufədə qurduğu hökumətdir. İslamın mənəvi dəyərləri və İlahi qanunlar yalnız bu iki hökumətdə rəhbər tutuldu. Sözün əsl mənasında, ədalətli bir hökumət quruldu və hökumət başçısı da heç bir qanun pozuntusuna yol vermədi. Sonralar tarix boyu belə bir hökumət qurulmadı. Elə bir hökumət ki, qanun qarşısında rəhbərlə, yəni, dövlət başçısı ilə cəmiyyətin ən aşağı təbəqəsindən olan bir fərd arasında heç bir fərq qoymurdu. Tarixdə Həzrət Əli (ə) barədə belə bir əhvalat qeydə alınıb:
Həzrət Əli (ə) xəlifə olduğu dövrdə – belə ki, o vaxtlarda İslam xilafətinin hüdudları Hicazdan Misirə, İrana və digər məntəqələrə qədər genişlənmişdi və bu məntəqələrin valilərini və qazilərini o Həzrət (ə) təyin edirdi – Yəmənli bir şəxs məhkəməyə o Həzrətdən (ə) şikayət etdiyi üçün qazi (hakim) onu məhkəməyə çağırtdırır. Həzrət Əli (ə) içəri daxil olduqda hakim ehtiram əlaməti olaraq ayağa qalxmaq istəyir. Həzrət (ə) buyurur: “Mühakimə apararkən iki müqabil tərəfdən birinə ehtiram göstərməyin! Qanun qarşısında mənimlə onun arasında heç bir fərq qoymayın!” Məhkəmənin sonunda o Həzrət (ə) qazinin onun zərərinə verdiyi hökmə də tabe olur.
İslam hökumətində qanun qarşısında hamı, istər hakim olsun, istər imam, istərsə də cəmiyyətdə adi bir fərd olsun, bərabər hüquqa malikdir. Çünki bu qanunlar İlahi qanunlardır və Allah qarşısında ayrıseçkiliyə yol verilmir.
Rəhbər xalq arasında
İslam hökumətinin rəhbəri padşahlara bənzəmir. O, Mədinənin kiçik məscidinə gələr və orada camaatın sözünü, şikayətini və istəyini dinləyərdi. İçəriyə daxil olan şəxs kimin Peyğəmbər (s) olduğunu ayırd edə bilməzdi. Geyimi, rəftarı və görünüşü adi camaatdan fərqlənməzdi. Onun qurduğu hökumətdə qanunun icrasında da heç kimin arasında fərq qoyulmazdı. Əgər cəmiyyətin sıravi bir fərdi ali məqamlı bir fərddən şikayət etsəydi – yuxarıdakı əhvalatda gördüyünüz kimi – onların hər ikisi məhkəməyə çağırtdırılar və ədalətli hökm çıxarılardı.
Rəhbər diktator deyil
İslam hökumətində İlahi qanunlar hökm sürür. Belə ki, Peyğəmbərin (s) özü də bu qanunlara tabe idi və onları pozmağa haqqı yox idi, heç pozmurdu da. Allah-Taala ona buyurmuşdu ki, əgər Mənim dediyimin ziddinə bir söz desən, səni kənarlaşdırar və əlaqəni kəsərəm.
Deməli, İslami hökumətdə fərdin hakimiyyəti deyil, Allahın hakimiyyəti bərqərardır. Ümumiyyətlə, “diktatorluq” anlayışı “ədalətli fəqih” anlayışı ilə ziddir. Ədalətli şəxs o şəxsə deyilir ki, günah işlətmir və sözün tam mənasında, İlahi qanunlara tabedir.
RƏHBƏRİN SƏLAHİYYƏT HÜDUDLARI
Əgər ədalətli bir fəqih ayağa qalxsa və İslam hökuməti qursa, o, cəmiyyətin idarəçiliyində Peyğəmbərin (s) malik olduğu səlahiyyətlərə malik olur. Müsəlmanlar da ona tabe olmalıdırlar. Bir İslam hökumətinin başçısı adı altında Həzrət Peyğəmbərin (s) səlahiyyətinin Həzrət Əlidən (ə) artıq olduğunu, Həzrət Əlinin (ə) səlahiyyətinin də ədalətli bir fəqihdən artıq olduğunu düşünənlər yanılırlar. Doğrudur ki, Peyğəmbər (s) mənəviyyat baxımından hamıdan üstündür və ondan sonra bu məqamda Həzrət Əli (ə) dayanır, lakin bu üstünlük hökumət başçısının səlahiyyətini artırıb-azaltmır. Deməli, hədislərdə Vəliyyi-fəqih adı ilə vurğulanan hal-hazırki İslam hökumətinin başçısı heç bir fərq olmadan vergilərin yığılması və büdcənin xərclənməsi, ordunun yaradılması və təchizatı, valilərin və hakimlərin təyin olunması kimi Peyğəmbərin (s) malik olduğu səlahiyyətlərə malikdir.
İmam Zamanın (əc) qeybdə olduğu dövrdə ədalətli bir fəqihin Peyğəmbər (s) və məsum İmamların (s) hakimiyyət səlahiyyətlərinə malik olması bəzilərində belə bir səhv təsəvvür yaratmasın ki, ədalətli fəqih Peyğəmbərin və İmamın məqamına yüksəlmişdir. Çünki burada söhbət məqamdan deyil, vəzifədən gedir. Vəliyyi-fəqihin vəzifəsi ağır və mühüm bir vəzifədir. Ölkəni idarə etmək və şəriətin qanunlarını icra etmək onun öhdəsinə düşür. Eyni zamanda bu vəzifə onu peyğəmbərlik və imamlıq məqamına da yüksəltmir.
Baxın, Vəliyyi-fəqihin vəzifəsi İlahi qanunları icra etməkdir. Əgər bəzilərinin düşündüyü kimi Peyğəmbərlə (s) İmamın (ə) və İmamla (ə) Vəliyyi-fəqihin səlahiyyətləri arasında fərq varsa, deməli, səlahiyyəti az olan şəxs bəzi İlahi qanunların icrasından azad olmalıdır, yoxsa İlahi qanunlar əsla dəyişilməməli və tələb olunduğu şəkildə icra olunmalıdır? Sözsüz ki, hökumətin başında duran fərdin məqamından asılı olmayaraq, İlahi qanunlar olduğu kimi icra olunmalıdır. Nəticə etibarilə, məqamından asılı olmayaraq İslam hökuməti başçısının səlahiyyətləri dəyişilməz olaraq qalır.
Həzrət Peyğəmbəri (s) müsəlmanlara rəhbər edən və rəhbərlik səlahiyyətlərini ona verən Allah-Taaladır. İslamın əziz Peyğəmbəri (s) təkcə İlahi qanunları insanlara çatdıran elçi deyildi, həm də bu qanunların icrasını təmin etmək vəzifəsi onun öhdəsinə qoyulmuşdu. İslam hökumətinin başçısı Peyğəmbər (s) olduğu zaman ona itaət etmək müsəlmanlara vacib olduğu kimi, belə bir mənsəbə keçən ədalətli fəqihə də itaət etmək vacibdir.
Müsəlmanların mənafeyinin qorunması üçün alınan qərarlar
Vəliyyi-fəqih İslam və müsəlmanların mənafeyinin qorunması istiqamətində bir sıra qərarlar qəbul etmək səlahiyyətinə malikdir. Məsələn, əgər ehtiyac duyularsa, o, bir məscidin bağlanmasına, hətta dağıdılmasına, bağlanılan müqavilələrin ləğv edilməsinə, həcc kimi ibadi bir mərasimin müvəqqəti dayandırılmasına da hökm verə bilər.
Vəliyyi-fəqihin fövqəladə səlahiyyəti
Müqəddəs İslam şəriətində digər hüquqlar kimi mülkiyyət hüquqları da toxunulmazdır. Lakin xüsusi mülkiyyət İslamın və müsəlmanların manafeləri əleyhinə istifadə edildiyi zaman Vəliyyi-fəqih onu sahibindən almaq və müsadirə etmək səlahiyyətinə malikdir.