Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Şəhid övladları atalarının qiymətli irsini böyük iftixarla sonrakı nəsillərə ötürməlidirlər!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şimali Xorasan vilayətində yaşayan şəhid ailələri, əlil və veteranlarla bu gün (şənbə günü) günortadan sonra keçirdiyi görüşdə qeyd etdi ki, gənc nəslin simasında İslam İnqilabına qoşulan yeni və saysız-hesabsız pöhrələr şəhidlərin qanının bərəkəti sayəsində ortaya çıxmış heyrətamiz bir təzahürdür. O vurğuladı: “Bəzilərinin İnqilab karvanından ayrılmasına baxmayaraq, güclü əzmə malik olan, məlumatlı, yeni stimullu saysız-hesabsız insanların bu karvana qoşulması hazırda İran xalqını imperialistlərin tamahkarlığı qarşısında şücaət və müqavimətin avanqardına çevirib”.

“Müəyyən qrupun İslam İnqilabından üz çevirməsi inqilab karvanının öz hərəkətindən qalması anlamına gəlmir” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Bəzi şəxslər müxtəlif səbəblərdən – yorğunluq, öz keçmişlərinə qarşı şübhə hissi, yaxud düşmənin təbəssümünə aldanmaları ucbatından inqilab kursundan kənarlaşdılar. Bunun qarşılığında isə, şəhidlərin qanının bərəkəti sayəsində, gənc nəslin simasında yeni və saysız-hesabsız pöhrələr meydana gəldi və ölkəni başdan-başa müqavimət, səbat və qürur əhval-ruhiyyəsi bürüdü”.

Həzrət Ayətullah Xamenei dedi: “Bir vaxtlar İslam döyüşçüləri hərbi əməliyyatların getdiyi məntəqələrdə avanqard idilərsə, bu gün İmam Xomeynini (r.ə), şəhidləri, Müqəddəs Müdafiəni görməmiş gənc nəsil super-dövlətlərin haqsız tələblərinə qarşı müqavimətdə avanqarddır”.

Ali Məqamlı Rəhbər düşünən beyinləri inqilab sıralarından ayrılanlarla müqayisədə bu sıralara qoşulanların saysız-hesabsız olması kimi heyrətamiz bir təzahür haqda dərindən düşünməyə çağıraraq dedi: “Hazırkı gənc nəslin gözüaçıqlığı və güclü əzmi Müqəddəs Müdafiə dövrünün gənclərindən çox deyilsə, heç az da deyil”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Bu gün cəmiyyətimiz şücaətli, məlumatlı, dövrün reallıqlarına bələd olan, cürbəcür siyasi məsələləri dərk edən gənclərlə doludur. Bu gənclər inqilabın yeni pöhrələridir”.

Bəzi şəxslərin gənc nəsillə bağlı yanlış mühakimə yürütdüklərini və zaman-zaman nigaranlıq ifadə etdiklərini qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu yanlış mühakimələrin tam əksinə olaraq, ölkəmizdəki gənc nəsil imanlıdır, şəhidlərin və inqilabın yoluna maraq göstərir”.

Sonda Ali Məqamlı Rəhbər şəhid ailələrini, əlil və veteranları, həmçinin əlil döyüşçülərin həyat yoldaşlarının səbrini yüksək dəyərləndirərək dedi: “Bütün İran xalqı şəhid ailələrinə minnətdar olmalıdır. Şəhid övladları da atalarının qiymətli irsini böyük iftixarla sonrakı nəsillərə ötürməlidirlər”.

Görüşün əvvəlində şəhid atası, vilayətin tanınmış şairi cənab Darab Bədəxşan, onurğa sütunundan zədə almış əlil döyüşçü Hüseyn Səqqayi və şəhid komandir Xəlilullah Bəharinin qızı Siddiqə Bəhari Müqəddəs Müdafiə mövzusunda şeirlər oxudular, çıxışlar etdilər və xatirələrini danışdılar.

Həmçinin Şəhid və Veteranlar Fondunun sədri cənab Zəribafan Şimali Xorasan vilayətində yaşayan şəhid ailələri, əlil və veteranlar adından Ali Məqamlı Rəhbəri salamladı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /