Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qərbin informasiya imperatorluğunun əsas məqsədi xalqa ümidsizlik aşılamaqdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) – Şimali Xorasan vilayətinə səfərinin 4-cü günündə Darülquran İsfərayen rayonunda olaraq Təxti adına İdman Kompleksində saatlarla onu gözləmiş on minlərlə şəhər əhalisi ilə görüşdü.

İsfərayen əhalisi qarşısında çıxış edən Ali Məqamlı Rəhbər inkişaf yolunu davam etdirmək üçün ölkədə mövcud olan dinamiklik, sevinc və yüksək əhval-ruhiyyəni qoruyub saxlamağın və daha da gücləndirməyin yollarına toxunaraq inkişafın iki mühüm göstəricisi – milli özünəinam və ədalət haqda ətraflı danışmağa başladı. O vurğuladı: “Bu gün öz gücünə və bacarığına güvənən İran xalqı ölkəsinin inkişafına düşmən olan qüvvələrlə böyük bir iradə savaşındadır. Güclü əzm və iradənin qorunub saxlanması, uzaqgörənlik və gözüaçıqlıq, xalqın vəhdəti və rəsmilər arasında söz birliyi, xalqın öhdəsinə düşən məsuliyyəti dərk etməsi, düşmənin məkrli planlarına aldanmamaq və onlardan bixəbər qalmamaq bu iradə savaşında həlledici amillər olacaqdır”.

“Xalqın dinamikliyi, yüksək əhval-ruhiyyəsi və optimizmi inkişaf üçün mühüm zəmindir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu böyük sərmayəni qorumaq, müxtəlif amillərin onu zəiflətməsinə və ya məhv etməsinə imkan verməmək lazımdır”.

Ali Məqamlı Rəhbər: “Qərbin informasiya imperatorluğunun başlıca məqsədi xalqa, xüsusilə də gənclərə ümidsizlik aşılamaqdır” – deyərək əlavə etdi: “İran xalqının bədxahları yaxşı bilirlər ki, dinamizm, yüksək əhval-ruhiyyə və optimizm hərəkətliliyə, səy göstərilməsinə, işlərin irəli getməsinə səbəb olur. Odur ki onlar bu alovlanan şöləni söndürməyə, ruh düşkünlüyü üçün zəmin yaratmağa, nəhayət, ölkəni geridə qoymağa çalışırlar”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Müqəddəs Müdafiə illərində ən ağır meydanlara atılaraq şəhid olmuş komandir və döyüşçülərin xatirəsinin ehtiramla yad edilməsi hazırkı gənc nəslin yüksək əhval-ruhiyyəsini və enerjisini ikiqat artıra biləcək amillərdəndir”.

Gənclərin dinamizmi və yüksək əhval-ruhiyyəsindən danışan Həzrət Ayətullah Xamenei narkotiklər mövzusuna da toxunaraq dedi: “Gizli fəaliyyət göstərən beynəlxalq bandalar ölkədə narkotik maddələri yaymaqla gənclərin şüurunu kütləşdirmək istəyirlər. Rəsmi orqanların daşıdığı məsuliyyətlə yanaşı, gənclərin özündə də yüksək ruh və enerjinin olması bu böyük təhlükəyə qarşı mübarizədə ən effektiv və güclü amildir”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər tərəqqi, ardıcıl irəliləyiş mövzusuna toxunaraq dedi: “Tərəqqinin həddi, hüdudu yoxdur və İran xalqı müxtəlif cəhətlərdən başqaları üçün örnəyə çevrilənə qədər inkişafı davam etdirmək lazımdır”.

Bu hədəfə yetişməyin tam real və mümkün olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Düşmən daim bizə özümüzə alçaq gözlə baxmaq, Qərbin arxasınca getmək psixologiyasını təlqin etməyə çalışır. Halbuki İran xalqının tarixi onun müəyyən dövrlərdə müxtəlif arenalarda lider olduğunu göstərir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Gənclərin əzmi sayəsində həmin məqama yenidən çatmaq, heç şübhəsiz, mümkündür. Daha öncə gənc elm xadimləri və tələbələrlə görüşümüzdə qeyd etdiyim kimi, İran öz gənclərinin gərgin əməyi və qətiyyəti ilə elə bir mövqeyə çatmalıdır ki, elmi yeniliklərlə tanış olmaq istəyən hər kəs fars dilini öyrənməyə məcbur olsun”.

O vurğuladı: “Gənclər, eləcə də elm, mədəniyyət və siyasət xadimləri belə bir gələcəyin mütləq və mütləq reallaşacağını düşünsünlər, ona çatmaq üçün fəaliyyət proqramları hazırlasınlar, səy göstərib çalışsınlar”.

Ali Məqamlı Rəhbər İslam dövləti üçün nəzərdə tutulan tərəqqi və inkişafa toxunduqdan sonra meyarlardan bəhs etdi, ölkənin inkişaf səviyyəsini bu meyarlara əsasən gözdən keçirdi.

Həzrət Ayətullah Xameneinin qeyd etdiyi ilk meyar milli qürur və milli özünəinam oldu. O dedi: “Bu baxımdan İran xalqı böyük irəliləyişlər edib. Bu gün ölkəmizin rəsmiləri beynəlxalq arenada tam inam və qətiyyətlə danışırlarsa, bu, xalqımızın özünəinamından qaynaqlanır”.

O vurğuladı: “Xalqımızda olan bu özünəinam hissi İslamın bərəkəti sayəsində meydana çıxıb. İslam dininə, onun hökmlərinə nə qədər çox əməl olunsa, millətin özünəinamı bir o qədər artacaq!”

İnkişaf meyarlarından daha birinin isə ədalət olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslamın məntiqinə görə, ədalət olmadan, inkişaf həqiqi inkişaf deyil”.

Həzrət Ayətullah Xamenei Qərbdə, eləcə də Amerikada qazanılmış maddi tərəqqinin formal, qeyri-real olduğunu bildirərək vurğuladı: “Kəskin təbəqələşmə ilə müşayiət olunan bu tip zahiri tərəqqi ölkənin Qərb kapitalizmi, Qərb liberal demokratiyasının məntiqi əsasında idarə olunmasından qaynaqlanır”.

Ədalətlə bağlı mövcud olan vəziyyətə toxunan Ali Məqamlı Rəhbər  ümumi resursların bölgüsü, infrastrukturların qurulması, o cümlədən yolların və magistralların çəkilişi, təhsilin genişləndirilməsi, müxtəlif məntəqələrdə istedadların üzə çıxarılıb parlaması üçün nisbətən bərabər şəraitin yaradılması baxımından ölkədə əldə olunmuş nailiyyətləri qeyd etdi. O dedi: “Ölkədəki vəziyyəti bu meyara əsasən dəyərləndirsək, görərik ki, inqilabın əvvəlki illəri ilə müqayisədə bir çox ölkələrə nisbətən irəli getmişik. Lakin şəraiti Əhli-Beytin (ə) ideyaları ilə müqayisə etsək, bilərik ki, bu gün cəmiyyətimizdə olan ədalət İslamın arzu etdiyi ədalətdən çox uzaqdır”.

Çıxışının bu hissəsini yekunlaşdıran Həzrət Ayətullah Xamenei dedi: “Bu gün İran xalqı iradələr arasında gedən böyük bir savaş, qarşıdurma meydanındadır.  Bu arenada çoxlu sayda təbii və süni maneələrin olmasına baxmayaraq, heç bir halda zəiflik və gücsüzlük hiss etmir, daha artıq inkişafa nail olmaq üçün qarşısında işıqlı, gözəl və cəlbedici üfüqlər görür”.

İradələr savaşında həlledici olan amilləri qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Xalqın əzm və iradəsi, gözüaçıqlığı və uzaqgörənliyi, boynuna düşən vəzifələri dərk etməsi, rəsmilərin söz birliyi və hökumət strukturlarının əməkdaşlığı İran xalqını layiqli inkişaf səviyyəsinə çatdıra biləcək amillərdir”.

Bədxahların İran xalqının ardıcıl inkişafının qarşısını almaq üçün geniş sferada planlar cızıb səy göstərdiklərini qeyd edən Ali Məqamlı Rəhbər vurğuladı: “İslam İnqilabının əvvəllərindən indiyə qədər düşmənlərimizin qurduğu məkrli planlar nəticəsiz qaldığı kimi, bu mərhələdə də onların bütün məkr və hiylələri uğursuzluğa düçar olacaq”.

“İslam dövlətinin əleyhdarlarının İran xalqını diz çökdürmək üçün 33 il çalışıb, heç bir nəticə əldə edə bilməmələri bu dövlətin və bu xalqın günü-gündən gücləndiyini göstərir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, bu, bizi arxayın etməməli, düşmənin məkr və hiyləsindən xəbərsiz qalmağımıza səbəb olmamalıdır”.

Həzrət Ayətullah Xamenei rəsmilərə xitabən aşağıdakıları dedi: “Güclü olun, amma düşməni də zəif hesab edib, ondan arxayın və bixəbər olmayın. Düşmən müxtəlif yollarla zərbə vurmağa çalışdığı üçün sayıq olmaq lazımdır”.

O həmçinin seçkidə iştirak səviyyəsinə görə İsfərayen əhalisinin ölkə üzrə birinci yerdə durduğuna da toxunaraq dedi: “Ölkənin gələcəyinə, idarəçiliyinə qarşı hiss etdiyi bu məsuliyyət region əhalisinin uzaqgörənliyindən, məlumatlılığından xəbər verir və bu dəyərli psixologiyanı ölkənin hər yerində gücləndirmək lazımdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, mən İran İslam Respublikasında gözlənilən prezident seçkiləri ilə bağlı qarşıdakı günlərdə müəyyən məqamları qeyd edəcəyəm”.

Həzrət Ayətullah Xamenei ölkənin zəruri ehtiyac duyduğu məsələlər sırasında daxili məhsuldan istifadə psixologiyasının genişləndirilməsini də qeyd edərək vurğuladı: “Xarici brend və markaların yerli məhsuldan üstün tutulması yanlış bir psixologiyadır. Belə ki milli istehsala həqiqətən dəstək verilməsi yerli məhsuldan istifadə psixologiyasının genişləndirilməsindən asılıdır”.

O, əlavə etdi: “Milli istehsala dəstək verilsə, işsizlik və inflyasiya kimi əksər iqtisadi problemlər aradan qalxar”.

Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei qədim İsfərayen rayonuna səfərindən məmnunluq duyduğunu bildirərək bu şəhərin parlaq elmi, mədəni və tarixi keçmişə malik olduğunu, həmçinin “Darülquran” – “Quran evi” kimi tanındığını qeyd etdi. O dedi: “Belə bir tarixi keçmişə, təbii və insan resurslarına malik olan İsfərayen şəhəri yenidən ölkənin qürur duyacağı böyük şəxsiyyətlər və elm xadimləri yetişdirən bir diyar ola bilər”.

İsfərayenin əkinçilik, maldarlıq və sənaye imkanlarına malik olduğunu xatırladan Ali Məqamlı Rəhbər dedi: “Əlbəttə, bu şəhərdə müəyyən problemlər də var ki, onlar rəsmilərin səyi ilə ardan qaldırılmalıdır. Səfərimizin məqsədlərindən biri də elə budur”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə İsfərayenin imamcüməsi Höccətül-İslam vəl-muslimin Məhəmmədiyan ali qonağı salamlayaraq rayondakı iqtisadi və mədəni vəziyyət, eləcə də bəzi problemlər haqda məlumat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /