Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ölkəmizin bütün uğurları təzyiq və sanksiyalar şəraitində əldə olunub

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Şimali xorasan vilayətinin ali və orta məktəb müəllimləri, universitet elmi şuralarının üzvləri ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər uşaqları lap erkən çağlardan gözəl keyfiyyətlər əsasında formalaşan şəxsiyyət kimi yetişdirmək lazım olduğunu qeyd edərək vurğuladı: “Ölkənin ən başlıca ehtiyacı gənc nəsildə gələcəyə ümid, sevinc və özünəinam əhval-ruhiyyəsinin yaradılmasıdır”.

Çıxışının əvvəlində Həzrət Ayətullah Xamenei ali və orta məktəb müəllimləri ilə çoxsaylı görüşlər keçirməkdə məqsədinin müəllim və professorların məqamına hörmət mədəniyyətini fundamentallaşdırmaq olduğunu bildirdi. O, Şimali Xorasan vilayətinin professor və müəllimlərinin dəqiqlik və peşəkarlıqla, hərtərəfli düşünülmüş şəkildə qeyd etdikləri məsələlərə toxunaraq dedi: “Bu məsələlər istifadə üçün çox faydalıdır və onları eşitmək çox ürəkaçan idi. Eyni zamanda onlar Şimali Xorasanda yüksək istedadlı, gözəl və işıqlı ideyalara malik insanların olduğunu göstərir”.

Həzrət Ayətullah Xamenei İslam dinində hökumətin təşkil edilməsinin fəlsəfəsini şərh edərək bildirdi ki, burada məqsəd fərdi və ictimai miqyasda hərtərəfli dəyişikliklər etmək, gözəl insani keyfiyyətlərin alçaq xislətləri üstələməsinə nail olmaqdır. O vurğuladı: “Bu aspektdən yanaşsaq, təhsilin, təlim-tərbiyənin, ali təhsilin, müəllim və professorların rolu və mövqeyi son dərəcə mühüm və böyükdür”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, təhsilin ən əsas tərbiyəvi vəzifələrindən biri uşaqlarda şəxsiyyətin formalaşdırılmasıdır. Sözünün davamında o, cəmiyyətin ehtiyac duyduğu və insanlara uşaqlıq yaşlarından aşılanmalı olan bəzi keyfiyyətlərə toxundu.

Ali Məqamlı Rəhbərin toxunduğu ilk mövzu düşüncə, təfəkkür mədəniyyətinin öyrədilməsi oldu.

Həzrət Ayətullah Xamenei bu barədə aşağıdakıları dedi: “Uşaqların zehnini lap erkən yaşlardan düşüncəyə, təfəkkürə adət etdirmək lazımdır”.

Ali Məqamlı Rəhbər özünəinamın uşaqlıq çağlarından aşılanmasına ehtiyac duyulan keyfiyyətlərdən olduğunu deyərək əlavə etdi: “Cəmiyyətimizdə ötən dövrlərdə formalaşdırılmış və hələ də mövcud olan yanlış mədəniyyətlərdən biri də Qərbə möhtaclıq, xüsusilə elmlə bağlı məsələlərdə Qərbi nəhəng, özünü isə cılız təsəvvür etməkdir”.

“Bu yanlış mədəniyyətin kökünün kəsilməsi özünəinam psixologiyasının genişləndirilməsindən asılıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Qərbpərəstliyin alternativi olan özünəinam uşaq və gənclər arasında təbliğ olunmalıdır. Orta və ali təhsil müəssisələrinin ən mühüm vəzifələrindən biri də gənc nəslə bu psixologiyanı aşılamaqdır”.

Ali Məqamlı Rəhbər cəmiyyətdə, ictimai, hətta siyasi münasibətlərdə ciddi ehtiyac duyulan əxlaqi keyfiyyətlər sırasında səbir, təmkin və tolerant yanaşmanı da qeyd edərək vurğuladı: “Siyasi partiyalar bir-birinə səbir və tolerantlıqla yanaşsalar, daha yaxşı atmosfer yaranar”.

Həzrət Ayətullah Xameneinin toxunduğu digər məqamlar uşaq və gənclər arasında hər şeylə maraqlanıb sual vermək, kollektiv əmək, zəhmətkeşlik və tənbəllikdən uzaq olmaq, kitab mütaliəsi kimi xüsusiyyətlərin genişləndirilməsi oldu.

Ali Məqamlı Rəhbər həmçinin bildirdi ki, uşaq və gəncləri yüksək əzmə, uzaq üfüqləri hədəfə almağa vərdiş etdirmək də ehtiyac duyulan məsələdir. O, əlavə etdi: “Özünəinam ruhunun, “Biz bacarırıq!” psixologiyasının genişləndirilməsi ali və orta təhsilin mühüm vəzifələrindən sayılan ehtiyaclardandır”.

Ölkənin elm sahəsində əldə etdiyi heyrətamiz uğurlara, İslam İnqilabının qələbəsinin ilk illəri ilə müqayisədə hazırda ali məktəb tələbələrinin və elmi işçilərin sayının  artdığına toxunan Həzrət Ayətullah Xamenei vurğuladı: “Dünyanın mötəbər statistika mərkəzləri İran İslam Respublikasının elmi inkişaf baxımından dünya üzrə 16-cı yerdə durduğunu açıqlayır və 6 ildən sonra ölkəmizin 4-cü yerə yüksələcəyini proqnozlaşdırırlar”.

Ali Məqamlı Rəhbər həmçinin dünya elminin inkişafında İranın payının 2 faizə yüksəldiyini qeyd edərək dedi: “Bütün bu uğurlar çətin bir şəraitdə, əleyhimizə sanksiya və təzyiqlərin tətbiq olunduğu bir vaxtda, təşkilatlı surətdə heç bir maddi-mənəvi dəstək görməyən, qəlbi stimul dolu gənc və peşəkar mütəxəssislərimizin əzmi sayəsində qazanılmağa başladı”.

O, əlavə etdi: “Belə bir şəraitdə elm və ali təhsil sahəsində bu böyük nailiyyətlərin əldə olunması ümidvericidir və gənc nəsildə özünəinam ruhunun, irəliyə can atmaq əzminin olduğunu göstərir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Orta məktəblərə və universitetlərə daim gələcəyə ümid, dinamika və sevinc əhval-ruhiyyəsi aşılamaq, pessimizm və ümidsizliyin gənc nəsil arasında istənilən formada yol tapmasının qarısını almaq lazımdır”.

Həzrət Ayətullah Xamenei həmçinin ali və orta məktəblərdə dərs deyən müəllimlərə gənc nəsli yanlış dini təlimlərin təsirindən qorumağı da tövsiyə edərək dedi: “İslamın yüksək mənəviyyat, təqva və gözəl əxlaq üçün müəyyən etdiyi meyar günahlardan uzaq durmağa çalışmaq, namaz və Quranla ünsiyyətə ciddi maraq və həvəs göstərməkdir”.

Çıxışının digər qismində Ali Məqamlı Rəhbər bəzi görüşlərdə səsləndirilən müəyyən fikirlərdən, oxunan şeir və surudlardan gileyini bildirərək dedi: “Xalqın ona xidmət edən insanlara öz sevgisini ifadə etməsi İslamda qəbul olunan və bəyənilən bir məsələdir, lakin bu zaman insanları mübaliğəli şəkildə vəsf edən söz və ifadələr işlədilməməlidir”.

Həzrət Ayətullah Xamenei dedi: “Şişirtmə və mübaliğə dolu təriflərin geniş hal almasına imkan verilməməlidir”.

Görüşün əvvəlində aşağıda adları sadalanan şəxslər orta və ali təhsil, həmçinin mədəniyyətlə bağlı mövzularda fikirlərini səsləndirdilər:

- Seyid Cavad Purnəqi – qastroenteroloq, mədə və qaraciyər xəstəlikləri üzrə mütəxəssis, Bocnurd Tibb Universitetinin elmi şurasının üzvü;

- Xeyrünnisa Məhəmmədpur – menecment ixtisası üzrə magistr, ibtidai təhsil şöbəsinin nümayəndəsi;

- Hüseyn İsgəndəri – Pedaqoji Universitetin fəlsəfə və pedaqogika üzrə elmlər doktoru;

- Calal Ləngəri – riyaziyyat üzrə elmlər doktoru, 24 illik pedaqoji təcrübəsi olan veteran döyüşçü;

- Məsumə İslami – Bocnurd Universitetinin elmi şurasının üzvü, elmi-tədqiqat məqalələrinin müəllifi, ailə müşaviri;

- Qulamrza İbrahimi Müqəddəm – Qum Teoloji Mərkəzinin təmsilçisi, fəlsəfə və sxolastika üzrə elmlər namizədi;

- Məhəmmədrza Kəraməti – Quran ustadı və mütəxəssisi, Quranı bütünlüklə əzbər bilən hafiz;

- Qurbanəli İsmayili – Azad İslam Universitetinin Bocnurd filialının elmi şurasının üzvü, Müsəlman xalqlarının tarixi və mədəniyyəti üzrə elmlər doktoru;

Ali və orta məktəb müəllimlərinin vurğuladığı əsas məqamlar aşağıdakılar idi:

- Şimali Xorasan vilayətindəki elmi mərkəzlərin elmi-tədqiqat imkanlarının artırılması;

- Şimali Xorasanda yaşayan professor və tədqiqatçıların başqa vilayətlərə miqrasiyasının qarşını almaq üçün zəmin yaradılması;

- Tibb fakültələrində sırf ixtisas dərsləri ilə yanaşı, əxlaqi-humanist mövzulara da diqqət çəkmək üçün fənlərarası elmlərin yaradılması;

- İbtidai mərhələli Quran mədrəsələrinin genişləndirilməsi və lazımi vəsaitlə təchiz olunması;

- İbtidai təhsildə elm, təlim-tərbiyə və müəllimlərin rifahı məsələlərinə daha artıq diqqət yetirilməsi;

- İbtidai təhsil üçün tədqiqat mərkəzlərinin və elmi seminarların təsis olunması;

- Dərs kitablarının hazırlanmasında müxtəlif regionların yerli xüsusiyyətlərinə və mədəniyyətinə diqqət yetirilməsi;

- Ali təhsil üçün yol xəritəsinin və fəlsəfi nəzəriyyənin işlənib hazırlanmasının əhəmiyyəti;

- Təhsil sistemində gizli qərbpərəstlik meyllərinin mövcudluğu;

- Universitetlərdə texniki və gələcək karyera perspektivi olan sahələrə üstünlük verilməsi, humanitar elmlərə etinasızlıq;

- Kompleks Maarifçilik Universitetində stajlı və təcrübəli müəllimlərdən istifadə;

- Mütəxəssis qrupunun nəzarəti altında riyaziyyat dərsliklərindəki elmi-təlim nöqsanlarının aradan qaldırılması zərurəti;

- İslam təlimləri əsasında ailələrin psixoloji sağlamlığının yüksəldilməsinə səy göstərilməsi;

- Universitetlərdə ailə ilə bağlı mədəni-tədqiqat mərkəzlərinin yaradılması təklifi;

- Ailələrə göstərilən psixoloji-konsultasiya xidmətlərinin sığortaya alınması zərurəti;

- Elmi-tədqiqat imkanlarının universitetlərə bərabər və ədalətli şəkildə ayrılması;

- Yoxsul regionlarda ali məktəb müəllimləri üçün xüsusi imtiyazların nəzərdə tutulması;

- Elmi şuralara üzvlər seçərkən elmi və əxlaqi meyarlara daha artıq diqqət yetirilməsi;

- Din təlimlərinin gənc nəslə ötürülməsində istifadə olunan bəzi metodlara düzəlişlər edilməsi;

- Təhsil və mədəniyyət qurumlarının dini mədəniyyətə daha ciddi diqqət ayırması;

- İctimai etika mədəniyyətinin yüksəldilməsi üçün sistemli və koordinasiya edilən tədbirlərin həyata keçirilməsi zərurəti;

- Cəmiyyətdə insaflı tənqid və tənqidlərə açıqlıq psixologiyasının genişləndirilməsi zərurəti.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /