Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənlər xalqımızın müqavimətini və güclü əzmini qırmaq üçün əl-ələ veriblər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şimali Xorasan vilayətinin ilahiyyatçı alimləri, tanınmış ruhaniləri və dini təhsil alan tələbələri ilə bu gecə (çərşənbə günü) baş tutan görüşündə ruhaniyyətin İslam dövlətindən ayrılmaz olduğunu, İslam İnqilabının qələbəsinin ruhanilərə din təlimlərini yaymaq üçün böyük fürsət yaratdığını qeyd edərək vurğuladı: “Teoloji mərkəzlər və ruhani ictimaiyyəti elm sahəsində ikiqat səy göstərib dərin elmi biliklərlə silahlanmaqla, həmçinin yeni təfəkkür tərzi ilə tanış olub gənc nəsil, xüsusilə tələbələrlə mütəmadi əlaqə saxlamaqla İslam dövlətinə xidmət etməli, onun gücləndirilməsi istiqamətində çalışmalıdırlar”.

İslam dövlətinin yaranması ilə ruhanilər üçün geniş və çoxmilyonlu auditoriyanın açıldığını deyən Ali Məqamlı Rəhbər dedi: “Ruhanilər və teoloji mərkəzlər bu dövlətin əsgərləridir və özlərini heç vaxt İslam dövlətindən ayrı təsəvvür edə bilməzlər”.

Ruhaniləri İslam dövlətindən ayrı götürən istənilən təfəkkürün sekulyarizm olduğunu bildirən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Teoloji mərkəzlər İslam dövlətinə qarşı etinasız, sekulyar ola bilməzlər”.

Möhtərəm mərcə-təqlidlərin İslam dövlətini zəiflətməyin qəti surətdə haram olduğu barədə verdikləri fətvaya toxunan Həzrət Ayətullah Xamenei dedi: “Amerika, İngiltərə və İsrail daxil olmaqla İslam dövlətinə düşmən olan dövlətlərin təhlükəsizlik xidmətlərinin ölkədə ruhanilərlə hakimiyyət arasında uçurumun mövcud olduğu barədə fikir formalaşdırmaq siyasəti güddükləri bir vəziyyətdə heç bir ruhani özünü İslam dövlətindən ayrı hesab edə bilməz”.

İslam dövlətinin də ruhanilərə bağlı olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ruhaniyyətin iştirakı olmadan İslam İnqilabı heç vaxt qələbə çalmazdı. Çünki qeyri-islamçı ziyalılar, partiya və qruplar ölkədə ruhanilərin malik olduğu imkan, nüfuz və etibara malik deyildilər”.

“Hazırkı şəraitdə ruhanilərin öhdəsinə çox ağır vəzifələr düşür” – deyən Ali Məqamlı Rəhbər əzəmətli İslam peyğəmbərinin (s) ruhaniyyətə örnək olduğunu bildirərək dedi: “Peyğəmbər (s) dövründə baş vermiş Əhzab döyüşündə olduğu kimi, bu gün də İran xalqının beynəlxalq və regional arenadakı bütün düşmənləri bu xalqın müqavimətini və güclü əzmini qırmaq üçün əl-ələ veriblər. Buna baxmayaraq, həmin döyüşdə möminlər qorxu və tərəddüdü özlərinə yaxın buraxmadıqları kimi, İran xalqı da öz güc və bacarığını artırmağa çalışaraq təzyiqlər qarşısında möhkəm durub”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əhzab döyüşündə imanı zəif olan bir qrup münafiq möminləri qınayıb deyirdi ki, nə üçün güzəştə gedib siyasətinizi dəyişmirsiniz? Lakin Peyğəmbərin (s) həqiqi havadarları onların cavabında deyirdilər: – Bu təzyiqlər bizi nə təəccübləndirir, nə də qorxudur və biz öz yolumuza davam edəcəyik!”

Həzrət Ayətullah Xamenei vurğuladı: “Təzyiqlər düşmənin istəkləri qarşısında baş əyməyənə qədər davam edəcək. Onların təsirini heçə endirməyin yeganə yolu müxtəlif müstəvilərdə güclənməkdir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, ölkədə ruhaniyyətin güclənməsinin göstəricisi ruhanilərin yüksək elmi dərəcələrə çatmaq niyyəti ilə elmi biliklərə yiyələnmələri, din təlimlərini dərindən öyrənmələridir. O dedi: “Ruhanilər elmlərə yiyələnməklə bərabər, daim dindarlığa, əxlaqın təmizliyinə, vacib və nafilə namazlara, Quran tilavətinə xüsusi diqqət və məsuliyyətlə yanaşmalıdırlar”.

“Gənclərlə səmimi şəkildə, xoş üzlə görüşmək, onların suallarını və ideoloji ehtiyaclarını cavablandırmaq ruhanilərin mühüm vəzifələrindən biridir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ruhanilər və imamcümələr bəsicin əməkdaşlığı ilə məscidləri mədəniyyət ocaqları kimi rövnəqləndirməli, məscidlərdə, camaat namazlarında fəal iştirak etməklə yanaşı, din təlimlərini, Əhli-Beytin (ə) xidmət və məziyyətlərini də insanlar üçün bəyan etməlidirlər”.

Çıxışının digər hissəsində Şimali Xorasan vilayətinin istedadlar diyarı olduğuna toxunan Həzrət Ayətullah Xamenei regionun bəzi görkəmli din alimlərinin yüksək məqamını qeyd edərək dedi: “Belə bir mövqeyə malik olan Şimali Xorasan vilayətində mükəmməl, yüksək elmi səviyyələrdə təhsil verən bir teoloji mərkəzin təsis olunması üçün zəmin mövcuddur”.

Ölkənin, xüsusilə də Şimali Xorasan vilayətinin bütün din alimlərinə və görkəmli ruhanilərə Qum və Xorasandakı teoloji mərkəzlərdən, böyük şəhərlərdən doğma regionlarına köçməyi tövsiyə edən Ali Məqamlı Rəhbər dedi: “Ölkənin teoloji mərkəzlərini kəmiyyət və keyfiyyət baxımından inkişaf etdirməyin yeganə yolu “Hicrət” layihəsidir. Bu layihə əməli surətdə həyata keçirilməlidir”.

Görüşün əvvəlində Şimali Xorasan vilayətinin Xubriqan Məclisindəki nümayəndəsi Ayətullah Mehmannəvaz Ali Məqamlı Rəhbəri salamladı.

Xorasan Teoloji Mərkəzinin icraçı direktoru Höccətül-İslam vəl-muslimin Fərcam da Xorasanda, o cümlədən Şimali Xorasanda yerləşən teoloji mərkəzlərdə elm və təhsilin vəziyyəti ilə bağlı məlumat verdi.

Görüş əsnasında həmçinin Bocnurdun imamcüməsi Höccətül-İslam vəl-muslimin Yəqubi Şimali Xorasandakı teoloji mərkəzlərlə bağlı bəzi məsələləri qeyd etməklə yanaşı, Bocnurdda kompleks teoloji mərkəzin təsis olunması təklifini də irəli sürdü.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /