Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı imperializm cəbhəsini onu məğlub etməyin həsrətində qoyacaq!

Ətrək diyarı möhtəşəm və unudulmaz bir gün yaşadı. Şimali Xorasan vilayətinin mərkəzi olan Bocnurd bu gün müsəlman İranının döyünən qəlbi idi. Şimali Xorasan əhalisinin bir neçə həftə davam etmiş intizarından sonra, nəhayət, bu gün İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu vilayətə səfərinə başladı.

Bu gün səhər saat 9:30-da Həzrət Ayətullah Xamenei Şimali Xorasan vilayətinin mərkəzi olan Bocnurdun hava limanına daxil oldu. Saatlardır Ali Məqamlı Rəhbərin gəlişini gözləyən insan kütləsi onu gətirən avtomobilin Bocnurd hava limanından çıxdığını görüncə artıq hisslərinə hakim kəsilə bilməyərək sevinc və coşquya qərq oldu və ilk andan etibarən avtomobili böyük bir izdiham əhatə etdi.

Babülriza əhalisinin, özəlliklə də gənclərin və üçüncü nəslin Ali Məqamlı Rəhbəri qarşıladığı anlar xalqın və gənc nəslin İslam dövlətinə, dini hakimiyyətə olan sevgi və bağlılığını əks etdirən səmimiyyət dolu, misilsiz mənzərələr yaratdı – fotoaparat obyektivlərinin əzəmət və dərinliyini heç bir zaman təsvir edə bilməyəcəyi mənzərələr.

Bocnurdun küçələrində bu gün xalqın müxtəlif təbəqələrinin, Şimali Xorasanın sərhəd məntəqələrində yaşayan müxtəlif etnik qrupların qeyrətli nümayəndələrinin yüksək əhval-ruhiyyə və sevinclə dolu, izdihamlı iştirakını görmək mümkün idi. Hər kəs burda idi – türklər, kürdlər, türkmənlər, farslar, tatlar, şiə və sünnilər.

Həzrət Ayətullah Xameneini qarşılamağa gəlmiş möhtəşəm izdiham Bocnurd hava limanından Təxti adına İdman Kompleksinə aparan yolu elə tutmuşdu ki, Ali Məqamlı Rəhbəri gətirən avtomobil dəfələrlə dayanmağa məcbur oldu. Belə ki yol boyu bəzən dəqiqələrlə avtomobilin irəliləməsinə heç cür imkan yaranmadı.

Xalqın iki saata yaxın davam edən möhtəşəm qarşılamasından sonra Həzrət Ayətullah Xamenei Bocnurddakı Təxti adına İdman Kompleksinə daxil oldu və burada da bir neçə saat öncədən onu gözləyən başqa bir izdiham tərəfindən qarşılandı.

Təxti adına İdman Kompleksində toplaşmış on minlərlə Bocnurd əhalisinin qarşısında çıxış edən Ali Məqamlı Rəhbər İran xalqının hərtərəfli maddi və mənəvi inkişaf zirvəsinə doğru yüksələn xətlə gedən hərəkatını kompleks şəkildə analiz edərək qeyd etdi ki, xalqın və rəsmilərin öz öhdələrinə düşən vəzifəni dərk etməsi, sayıqlığı, işə hazırlığı, yüksək ruh və optimizmi, ardıcıl zəhmət və səyi, birlik və həmrəyliyi, habelə lazımi anı dəyərləndirmə bacarığı sürətli inkişaf tempini davam etdirmək üçün vacib olan amillərdir. O vurğuladı: “Allahın fəzli və mənəvi dəstəyi sayəsində, İran xalqı günü-gündən artan təcrübə və bacarığı ilə bugünkü problemləri arxada qoyacaq, bir daha imperializm cəbhəsini onu məğlub etməyin həsrətində qoyacaq!”

“İslam İnqilabının qələbəsinin ilk günündən bu günə qədər İran xalqının əsas məqsədi maddi və mənəvi cəhətdən hərtərəfli inkişaf etmək olmuşdur” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu inkişaf İslam məntiqindən ilham alıb və maddiyyatçı Qərb sivilizasiyasının inkişafından fərqlənir”.

Qərbin nəzərdə tutduğu tərəqqinin təkaspektli olduğunu və yalnız maddi məsələlərə yönəldiyini vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İslam məntiqində isə inkişaf və tərəqqi müxtəlif maddi-mənəvi aspektlərə malikdir. Buraya elm, əxlaq, ədalət, ümumi rifah, iqtisadiyyat, beynəlxalq nüfuz və etibar, siyasi müstəqillik və Allaha yaxınlaşmaq baxımından tərəqqi şamil olunur”.

Ali Məqamlı Rəhbər İslamda nəzərdə tutulan tərəqqinin daha bir özəlliyi kimi, onun hərtərəfli xarakter daşımasını qeyd edərək vurğuladı: “İslam məntiqinə görə, dünyada işləri elə qurub planlaşdırmaq lazımdır ki, onların nəticəsi və perspektivləri gələcək nəsilləri, on illər sonranı əhatə etsin. Eyni zamanda axirətə də elə hazırlaşmaq lazımdır ki, sanki axirət səfərinə çıxmağa çox az vaxt qalıb”.

İslamda nəzərdə tutulan tərəqqiyə nail olmaq üçün güclü və zəif cəhətlərini bilmək, şəraitə uyğun fəaliyyət proqramı hazırlamaq, hədəfə aparan yolda necə irəlilədiyini mərhələ-mərhələ izləmək, xalqı yolun xəritəsindən – qarşıdakı çətinlik və təhlükələrdən xəbərdar etmək lazım olduğunu bildirən Həzrət Ayətullah Xamenei dedi: “Bu vəzifələr cəmiyyətin üzdə olan nümayəndələrinin – siyasət, elm və din xadimlərinin öhdəsinə düşür”.

İslami tərəqqi anlayışını və onun zəruri tələblərini şərh etdikdən sonra Ali Məqamlı Rəhbər İslam dövlətinin hərtərəfli islami inkişafa aparan yolda necə irəlilədiyini araşdırmağa başladı.

Bu hərəkatı ümumiləşmiş bir mühakimə ilə dəyərləndirən Ali Məqamlı Rəhbər dedi: “Ötən 33 il ərzində İslam dövləti ardıcıl olaraq yüksələn xətt üzrə irəliləyib. Əlbəttə ki, bu yolda eniş-yoxuşlar da az olmayıb”.

Daha sonra Ali Məqamlı Rəhbər inkişaf zirvəsinə aparan yolda daha sürətli templə irəliləmək üçün ehtiyac duyulan amilləri şərh edərək aşağıdakıları vurğuladı: “Böyük əzm, ümid, yüksək ruh, ardıcıl zəhmət və ayıq-sayıqlıq inkişaf yolunda uğurla irəliləmək üçün vacib olan başlıca şərtlərdir. Bu xüsusiyyətləri özündə daşıyan xalq bütün çətinlikləri üstələyəcək və düşmənlərini diz çökdürəcək”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, inkişafa nail olmaq üçün olduqca böyük əhəmiyyət daşıyan şərtlərdən biri də ölkədəki şəraiti düzgün, məntiqli və şüarçılıqdan uzaq şəkildə dəyərləndirməkdir. O, əlavə etdi: “İran xalqı İslam İnqilabının qələbəsinin ilk illərindən etibarən xəbis sionist şəbəkəsi ilə üz-üzə qalıb. Amerika başda olmaqla bəzi Qərb dövlətləri də bu şəbəkəyə daxildirlər və xalqımıza qarşı əllərindən gələn kin və düşmənçiliyi yürüdürlər”.

Bu qarşıdurma meydanında İran xalqının diqqətəlayiq imkan və potensiala malik olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Yüksək ruh, stimul və istedada malik olan gənc nəsil, əzm və ümid, həcmi dünya üzrə orta göstəricidən yüksək olan əsas əhəmiyyətli və dəyərli təbii resurslar, iqlim müxtəlifliyi, canıyanan ölkə rəsmiləri, cəsur və hazırlıqlı silahlı qüvvələr, dərin biliklərə malik və canıyanan ruhaniyyət, çoxsaylı tələbə və müəllim kollektivi ilə təmsil olunan universitetlər, milyonlarla şagird və 20 illik perspektiv plan – bütün bunlar İran xalqının bütün çətinliklərə qalib gəlməyə, hərtərəfli inkişafa nail olmaq üçün sürətli templə irəliləməyə zəmin yaradan diqqətəlayiq imkan və potensiallarıdır”.

Ali Məqamlı Rəhbər ölkənin infrastruktur inkişafının, o cümlədən əhaliyə xidmət, elm və texnologiya, həmçinin mənəviyyat sahəsində əldə edilmiş uğurların da yüksək olduğunu qeyd edərək dedi: “İran İslam Respublikasındakı siyasi sabitlik ölkənin ən əhəmiyyətli və əsas infrastrukturlarından biridir. Cürbəcür hökumətlərin iş başına gəlməsinə, müxtəlif siyasi təmayül və fraksiyaların mövcudluğuna baxmayaraq, bu sabitlik əldən verilməyib”.

Həzrət Ayətullah Xamenei iqtisadiyyat sferasındakı hüquqi və praktik infrastrukturlara da toxunaraq dedi: “44-cü maddənin ümumi siyasətləri, iqtisadiyyat sferasında müşahidə olunan infrastruktur inkişaf, o cümlədən ölkənin gənc mütəxəssislərinin bəndçəkmə, AES-lərin inşası, optik lif şəbəkəsinin genişləndirilməsi, nəqliyyat, kommunikasiya xətləri sahəsində əldə etdiyi uğurlar mühüm iqtisadi infrastrukturlardandır”.

“Yüksək əhval-ruhiyyəli, savadlı və cəsur gənc nəsil İran xalqının daha bir infrastruktur sərvətidir” – deyən Ali Məqamlı Rəhbər bir daha vurğuladı ki, 90-cı illərin ortalarında yol verilmiş səhvlərdən biri də demoqrafik kontrol siyasətinin davam etdirilməsi olmuşdur. O bildirdi ki, bu səhvi kompensasiya etmək lazımdır, çünki gənc nəsil ölkənin inkişafında başlıca faktordur.

Ali Məqamlı Rəhbər dedi: “Əlbəttə, 90-cı illərin əvvəllərində demoqrafik kontrol siyasətinin icrası düzgün bir addım idi, lakin 90-cı illərin ortalarından sonra bu siyasətin davam etdirilməsi yanlış idi. Ölkə rəsmilərinin, o cümlədən Rəhbərliyin bu səhvdə payı var və Uca Yaradandan buna görə bağışlanma diləmələri lazımdır”.

Ölkənin güclü cəhətlərini və imkanlarını sadaladıqdan sonra Həzrət Ayətullah Xamenei başda qiymətlərin bahalaşması və işsizlik olmaqla bəzi problemlərə də toxundu. O dedi: “Bunlar bütün xalqın üzləşdiyi problemlər olsa da, həlledilməz deyillər. Çünki İslam İnqilabı ötən 33 il ərzində bundan da böyük problemləri arxada qoyub”.

Ali Məqamlı Rəhbər İslam İnqilabından sonra ortaya çıxmış bəzi böyük və mürəkkəb xarakterli problemlərə, o cümlədən ölkədə etnik qarşıdurmalar törətmək cəhdlərinə, 8 illik Məcburi Müharibənin başladılmasına və sanksiyaların tətbiq olunmasına toxunaraq vurğuladı: “İran xalqı bütün bu problemləri sayıqlıq və mübarizliklə geridə qoydu”.

Ali Məqamlı Rəhbər sanksiyalarla bağlı aşağıdakıları qeyd etdi: “Sanksiyalar məsələsi yeni bir mövzu deyil; İslam İnqilabının qələbəsinin ilk illərindən etibarən olub. Düşmənlər isə bu mövzunu şişirtməyə çalışırlar. Təəssüflər olsun ki, ölkə daxilində də bəziləri onların səsinə səs verirlər”.

“İran xalqı əleyhinə sanksiyaların bir neçə mərhələdə daha da şiddətləndirilməsi onların nəticəsiz qaldığına sübutdur” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerika və bəzi Avropa ölkələri bu sanksiyaları yalandan nüvə enerjisi məsələsi ilə əlaqələndirməyə çalışırlar. Halbuki sanksiyalar ilk dəfə İslam İnqilabının qələbəsinin ilk illərində tətbiq olunmuşdu, o zaman isə nüvə enerjisi məsələsi əsla ortada yox idi”.

“İmperialist cəbhəsinin aqresiyasının əsas səbəbi İran xalqının İslamın və Quranın bərəkəti sayəsində təslim olmamasıdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Məhz buna görə də onlar İslam dini ilə düşmənçilik edir, İslam peyğəmbərini (s) təhqir edirlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Onlar yalandan deyirlər ki, İran xalqı nüvə enerjisindən vaz keçsə, sanksiyalar ortadan qalxar. Halbuki, bir növ, barbarlıq da sayıla biləcək bu məntiqsiz sanksiyaların tətbiq olunmasının əsl səbəbi onların İran xalqına qarşı bəslədikləri qəzəb və kindir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu sanksiyalar, əslində, xalqa qarşı müharibədir, lakin Allahın mənəvi dəstəyi sayəsində, düşmənlər bu müharibədə də İran xalqına məğlub olacaqlar!”

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə, sanksiyalar müəyyən çətinliklər yaradırlar və vaxtında tədbir görülməməsi bəzən bu problemlərin artmasına yol aça bilər, lakin bunlar İran İslam Respublikasının həll edə bilməyəcəyi məsələlər deyil”.

Valyuta kursunda və riyalın dəyərində son zamanlar yaşanan dəyişmələrə, bunun İran xalqının düşmənlərini sevindirdiyinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Tehranın 2 küçəsində bir qrup adam 2-3 saat ərzində bir neçə zibil qutusuna od vurub yandırdı, bəzi Qərb ölkələrinin rəsmiləri dərhal diplomatik təmkini kənara atıb, uşaq kimi sevinclərini büruzə verdilər. Onlardan soruşmaq lazımdır ki, İranın iqtisadi vəziyyəti daha pisdir, yoxsa bir ilə yaxındır küçə nümayişlərinin əlində aciz qalmış Avropa ölkələrinin?”

Qərb ölkələrinə səslənən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Sizin problemləriniz İranınkından qat-qat dolaşıqdır, çünki iqtisadiyyatınız kilidlənmiş vəziyyətdədir”.

O, əlavə etdi: “Bu gün Amerikada keçiriləcək prezident seçkilərinin mühüm problemlərindən biri xalqın düçar olduğu iqtisadi çətinliklər və “99 faiz” hərəkatıdır”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Bilin ki, bu çətinliklər İran İslam Respublikasını yıxa bilməyəcək. Allahın fəzli sayəsində, ölkəmiz problemlərinə üstün gəlib, düşmənlərini bir daha onu məğlub etməyin həsrətində qoyacaq!”

“Problemlərə üstün gəlmək üçün xalqın və rəsmilərin öhdələrinə düşən vəzifəyə əməl etmələri lazımdır” – deyən Həzrət Ayətullah Xamenei vurğuladı: “Xalqın mühüm vəzifələrindən biri sayıqlığını qorumaq, bir an içində düzgün mövqe seçməkdir”.

O, əlavə etdi: “Tehranda bir qrup insan bazar əhlinin adından küçəyə çıxıb iğtişaş törətdilər. Bazarda alver edən möhtərəm insanlarımız isə dərhal bəyanat verib iğtişaşçıları dəstəkləmədiklərini bildirdilər. Bu, bazar əhlinin ayıq-sayıqlığını nümayiş etdirən çox düzgün bir addım idi”.

Ali Məqamlı Rəhbər 2009-cu ildə törədilmiş fitnəkar iğtişaşlar zamanı baş verən hadisələri xatırladaraq dedi: “2009-cu ildə baş tutmuş möhtəşəm seçkidən sonra bir qrup insan seçkinin nəticələrinə etiraz bildirdi, başqa bir qrup isə fürsətdən sui-istifadə edərək onların adından iğtişaşlar və asayiş pozuntuları törətdi. Adından sui-istifadə olunmuş şəxslər dərhal bəyanatla çıxış edib iğtişaşları dəstəkləmədiklərini elan etməli idilər, lakin onlar bunu etmədilər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Sayıqlıq və vaxtında düzgün mövqe seçmək elə mühüm xüsusiyyətlərdir ki, xalq daim onlara diqqət yetirməli, düşmənin məkrli planlarına dərhal reaksiya verməlidir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, rəsmlərinsə vəzifəsi birlik və həmrəyliyi qorumaq, işləri planlaşdırmaq, qanunun hüdudlarına riayət etmək, öhdələrinə düşən məsuliyyəti bilmək, günahı bir-birinin boynuna atmamaqdır. O vurğuladı: “Parlamentin, nazirlər kabinetinin, prezidentin və məhkəmə hakimiyyətinin rolu konstitusiyada müəyyən olunub. Odur ki bütün rəsmilər qanunla müəyyən olunmuş vəzifələrinə əməl etməli, bir-biri ilə həmrəy surətdə əl-ələ verib çalışmalıdırlar”.

Ali Məqamlı Rəhbər dedi: “Allahın lütfü sayəsində, ölkəmizin bu cəhətdən problemi yoxdur. Çünki hakimiyyətin üç qolunun başçıları və digər səlahiyyətli şəxsləri də daxil olmaqla ölkənin bütün rəsmiləri ölkənin müqəddəratına canıyananlıqla yanaşırlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, müəyyən səhvlər və yanlışlıqlar da ola bilər, lakin onların hamısını kompensasiya etmək mümkündür”.

Ali Məqamlı Rəhbər vurğuladı: “İran xalqının yolu hazırda regionun tarixini dəyişdiyi kimi, dünya tarixində də dəyişiklik yarada biləcək bir yoldur”.

“Regionda gedən proseslər Qərbə, xüsusilə də Amerikaya ziyandır və İsraili təhdid edir” – deyən Ali Məqamlı Rəhbər İsrail rəsmilərinin mənasız bəyanatlarına toxunaraq əlavə etdi: “Əlbəttə, bu boş danışıqlara cavab verməyinə dəyməz, amma Amerikanın arxasınca gedən Avropa ölkələri bilsinlər ki, bu, ağıllı və praqmatik bir tərəfdaşlıq deyil və bir növ, ağılsızlıqdır”.

İran xalqının əksər Avropa ölkələri ilə bağlı xatirələrinin heç də pis olmadığını qeyd edən Həzrət Ayətullah Xamenei vurğuladı: “Əlbəttə ki, İngiltərə xalqımızın zehnində çox pis simada həkk olunub. “Xəbis ingilis” ifadəsi də məhz bununla bağlıdır”.

O, əlavə etdi: “Avropa ölkələri bilməlidirlər ki, Amerika ilə tərəfdaşlıq etmələri İran xalqının nifrətini qazanmalarından başqa heç bir nəticə verməyəcək”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər bildirdi ki, ölkədəki iqtisadi problemlərə əlac etməyin ən başlıca yolu milli istehsala, İran insanının əməyinə və sərmayəsinə dəstək verməkdir. O dedi: “Milli istehsala diqqət yetirilməsi bahalığın aradan qalxmasına, yeni iş yerlərinin yaranmasına, İran xalqında özünütəminetmə ruhunun güclənməsinə səbəb olacaq. Buna görə də rəsmilər milli istehsal məsələsinə ciddi diqqət yetirməlidirlər”.

Çıxışının digər bir hissəsində Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinə – Babülrizaya İmam Rzanın (ə) ziyarəti üçün nəzərdə tutulan xüsusi gündə səfər etdiyindən son dərəcə məmnun olduğunu bildirərək region camaatının təqdirəlayiq keyfiyyətləri, Şimali Xorasanın təbii-coğrafi imkanları haqda söz açdı.

Həzrət Ayətullah Xamenei Şimali Xorasanın təbiətinə xas xüsusiyyətlər sırasında onun gözəlliyini, çoxlu sayda gəzməli-görməli yerlərini, zəngin təbii resurslarını, əkinçilik və maldarlıq üçün münasib şəraitin mövcudluğunu qeyd edərək dedi: “Dəyanət, dinamiklik, enerji və ruh yüksəkliyi, işə hazır olmaq, sərhədçi qeyrəti, parlaq və yüksək istedadlar, şücaət, müxtəlif etnosların mehriban qonşuluq və qardaşlıq şəraitində yaşaması Şimali Xorasan əhalisinin təqdirəlayiq keyfiyyətləridir”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə Bocnurdun imam-cüməsi Höccətül-İslam vəl-muslimin Yəqubi Həzrət Ayətullah Xameneini salamladı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /