Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qərbin elmi inkişafından qorxmaq lazım deyil!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə elitasının minə yaxın gənc, parlaq istedadlı təmsilçisi ilə bu gün (çərşənbə günü) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, ziyalı gənclər arasında mövcud olan sevinc və optimizm əhval-ruhiyyəsini qoruyub saxlamaq və daha da gücləndirmək, gənc istedadların elm və tədqiqat sahəsində inkişafı üçün daha geniş imkanlar yaratmaq, Qərbin elmi inkişafından qorxub-çəkinmək əvəzinə, daxili elmin inkişafına diqqət yetirmək, ölkə elitasında xalqın gələcəyinə qarşı məsuliyyət hissini gücləndirmək, indiyə qədər əldə edilmiş elmi nailiyyətlərlə qane olmamaq ölkənin sürətli elmi inkişaf tempini davam etdirmək üçün zəruri şərtlərdir. O vurğuladı: “Allahın fəziləti sayəsində, İran xalqı özünün gənc və istedadlı insan sərvətinə söykənib, təzyiqlər qarşısında müqavimət göstərərək bütün təhlükəli keçidləri arxada qoyacaq və səadət zirvəsinə yetişəcək”.

Sevinc dolu, səmimi bir atmosferdə baş tutan görüş zamanı öz istedad və bacarıqlarını reallaşdırmağa müvəffəq ola bildikləri üçün gənc xadimləri təbrik edən Ali Məqamlı Rəhbər onlara xitabən dedi: “Əziz gənclər, siz elmi biliklərdə çatdığınız səviyyə ilə qane olmamalısınız. Bu cücərmiş toxum qol-budaqlı, məhsuldar bir ağaca çevrilməlidir ki, bütün dövrlərdə və şəraitlərdə ölkəyə, xalqa, tarixə, ən nəhayət, bəşəriyyətə öz şirin meyvələrindən daddıra bilsin”.

Görüş əsnasında çıxış etmiş bir neçə gəncin səsləndirdiyi fikirlərə, irəli sürdüyü təkliflərə toxunan Həzrət Ayətullah Xamenei bu fikirlərin hərtərəfli düşünülmüş, ölçülüb-biçilmiş olduğunu, saf niyyət və sədaqətdən qaynaqlandığını bildirdi. O, rəsmilərə bu fikirlərə diqqət yetirməyi, təklifləri dəqiqliklə nəzərdən keçirməyi tövsiyə edərək dedi: “Gənclər belə yüksək əhval-ruhiyyə və optimizmlə, hərtərəfli düşünülmüş şəkildə, özlərində məsuliyyət hiss edərək ölkənin inkişafı və gələcəyi ilə bağlı müəyyən fikirlər irəli sürəndə ürəkaçan bir atmosfer yaranır. Gənclər, xüsusilə də ziyalı gənclər arasında bu əhval-ruhiyyə gücləndirilməlidir”.

İmam Xomeyninin (r.ə) Müqəddəs Müdafiə illərində İslam döyüşçülərinin “Təriqül-Qüds” əməliyyatında qələbə çalması ilə əlaqədar etdiyi müraciəti yada salan Ali Məqamlı Rəhbər dedi: “Həmin müraciətdə imam (r.ə) qeyd edirdi ki, o cür çətin şəraitdə elə bir qələbəyə nail olmağı bacarmış gənclərin yetişdirilməsi İslam İnqilabı üçün fəthlərin fəthi – ən böyük qələbədir. Bu gün də ziyalı gənclərin ölkənin gələcəyinə məsuliyyət və optimizm hissi ilə yanaşması həmin fəthlərin fəthi – İslam İnqilabının ən böyük qələbəsidir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, bu ruhiyyənin qorunub saxlanması və gücləndirilməsi ölkənin və xalqın ziyalı-elitaya xas belə bir xüsusiyyətdən bəhrələnməsi ilə nəticələnəcək. O vurğuladı: “Belə bir stimul və ruhiyyə ilə ölkənin elmi inkişafı yolunda addımlayan gənc xadim, əslində, öz şəxsi sərmayəsini – ziyalılığını milli sərmayəyə çevirir və bundan hər kəs faydalanır”.

Həzrət Ayətullah Xamenei ölkədə mövcud olan elmi inkişaf və irəliləyiş diskursundan məmnun qaldığını deyərək əlavə etdi: “Əlbəttə, bir şeydən nigarançılığımız da var ki, o da sürətli elmi inkişafa baxmayaraq, ölkədə əldə olunmuş səviyyə ilə kifayətlənmə vəziyyətinin yarana biləcəyi sarıdandır. Belə ki biz yolun başlanğıcındayıq və bu tempin yavaşımasına, yaxud dayanmasına imkan verilməməlidir”.

Xaricdən asılı və nadan hakimlərin ağalığı ucbatından tarixən ölkənin elmi cəhətdən gerilədiyini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Dünya elmindən bizi böyük bir məsafənin ayırması, regionda nisbətən güclü rəqiblərimizin olması sürətli elmi inkişaf tempimizi İran xalqının şən və nüfuzuna layiq məqama çatana qədər davam etdirmək zərurətini ikiqat artıran reallıqlardandır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, sürətli elmi inkişaf tempini davam etdirmək üçün zəruri şərtlərdən biri də gənclərin ikiqat artıq əzm nümayiş etdirməsi, Qərbin elmi inkişafı qarşısında qorxub geri çəkilməməkdir. O vurğuladı: “Elmi inkişaf yolunda daxili potensial və istedadın üzə çıxarılıb inkişaf etdirilməsi əsas prinsip olmalı və gücləndirilməlidir”.

Çıxışının davamında Həzrət Ayətullah Xamenei Görkəmli Xadimlər Milli Fondunun və ölkənin elmi inkişafına aidiyyəti olan digər mərkəz  və qurumların rəsmilərinə müəyyən tövsiyələr verdi. Dəyərləndirmələrə əsasən, Görkəmli Xadimlər Milli Fondunda müsbət işlərin həyata keçirildiyini bildirən Ali Məqamlı Rəhbər eyni zamanda aşağıdakı məqamlara da toxundu: “Texniki və humanitar elm sahələrində elm xadimi olmağın meyarları arasındakı fərqə diqqət yetirilməsi, elm xadimləri üçün geniş elm və tədqiqat meydanının yaradılması əsas və ilkin prioritetlərdir. Həmçinin intellektual elitaya zəncirvari yanaşma olmalıdır”.

İntellektual elitaya zəncirvari yanaşmanın nə demək olduğunu açıqlayan Həzrət Ayətullah Xamenei dedi: “İntellektual elita ilə bağlı daxildən qaynaqlanan, zəncirvari bir hərəkat əmələ gəlməlidir. Onun ilkin mərhələsi orta məktəblərdə xüsusi istedadlı insanların üzə çıxarılıb yetişdirilməsidir. Sonrakı mərhələdə ən yaxşılar seçilməli, daha sonra isə onlara dəstək verilməli və daha yüksək rütbələrə qalxmaları üçün şərait yaradılmalıdır. Ən nəhayət, bu insanlar özləri yeni intellektualların yetişdirilməsi üçün zəmin yaratmalıdırlar”.

Həzrət Ayətullah Xamenei həmçinin görkəmli xadimlərlə bağlı strateji sənədin işlənib hazırlanması məsələsinə də toxunaraq aidiyyətli rəsmilərdən xahiş etdi ki, sözügedən sənəd tez bir zamanda təsdiq olunaraq ictimaiyyətə təqdim edilsin.

Ali Məqamlı Rəhbərin gənc xadimlərə də müəyyən tövsiyələri oldu.

Bu tövsiyələr sırasında ziyalı və elm xadimi olaraq öz məqamını qorumaq, ətrafına təsir göstərərək cəmiyyəti elmə, yüksək intellektə istiqamətləndirmək də yer alırdı.

Həzrət Ayətullah Xamenei elmi-tədqiqat fəaliyyətində ölkənin ehtiyaclarına diqqət yetirməyin əhəmiyyətini də vurğulayaraq dedi: “Bəzi hesabatlar bundan xəbər verir ki, hələ də elmi məqalələrin böyük bir qismi ölkənin tələblərinə cavab vermir. Bu, ziyandır. İşi elə planlaşdırmaq lazımdır ki, hazırlanan elmi məqalələrin hamısı ölkənin ehtiyaclarının aradan qaldırılmasına xidmət etsin”.

“Elə ISI ilə əməkdaşlığın əsas meyarı da məqalələrin daxili ehtiyaclara cavab verməsidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu məsələdə Görkəmli Xadimlər Milli Fondunun sistemli yanaşmasına və daha artıq səy göstərməsinə ehtiyac var”.

Ali Məqamlı Rəhbər gənc xadimlərə daha üç tövsiyə də verdi: mənəviyyatı yüksəltmək və nəfsi saflaşdırmaq, həyatdakı əsas, prinsipial məsələlər haqda dərindən düşünmək, ölkənin və dövlətin hazırkı qlobal şəraitdə tutduğu mövqeyi dəqiq və düzgün təhlil etmək.

Ölkənin vəziyyətini düzgün təhlil etmək haqda danışan Həzrət Ayətullah Xamenei İslam dövlətindəki şəraiti izah edərək dedi: “İran İslam Respublikası ötən 33 ildə siyasi, təhlükəsizlik, hərbi və iqtisadi xarakterli təzyiqlər daxil olmaqla müxtəlif spektrli təzyiq və sanksiyalarla üzləşib. Buna baxmayaraq, xalqımız öz mübarizliyi ilə nəinki təkcə bu sanksiyaları nəticəsiz qoyub, bəlkə daha da güclənib”.

Ölkənin mövqe və statusunu düzgün təhlil etmək üçün İslam dövlətinin imkanlarını, güclü cəhətlərini, düşmən cəbhənin təzyiqlərini və eyni zamanda uğursuzluqlarını düzgün dəyərləndirmək lazım olduğunu deyən Ali Məqamlı Rəhbər vurğuladı: “İmperialist blokunun İran xalqına qarşı düşmənçiliyinin bəzi mövqe seçimləri və qərarlarla bağlı olduğunu düşünmək yanlışdır. Bütün bu təzyiqlərin əsas səbəbi İran xalqının müstəqil mövqe tutması, imperializm sistemi qarşısında təslim olmamasıdır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İran xalqına qarşı təzyiqləri artırmaqda məqsəd xalqı təslim olmağa məcbur etməkdir. O dedi: “İran xalqı təzyiqlər qarşısında heç vaxt təslim olmayıb və olmayacaq! Düşməni qəzəbləndirən də elə budur”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İran xalqı öz təbii sərvətlərinə və istedadlı insan resurslarına söykənərək çətin və ağır keçidləri arxada qoyacaq, Allahın verdiyi mənəvi dəstək sayəsində, dünya və axirətdə səadət zirvəsinə, asayiş və rahatlığa qovuşacaq!”

Görüşün əvvəlində aşağıda adları sadalanan xanımlar və cənablar çıxış edərək ölkədəki elmi hərəkat, Görkəmli Xadimlər Milli Fondunun fəaliyyəti ilə bağlı rəy və görüşlərini bildirdilər, təkliflər irəli sürdülər:

- Əmir Cəfərqulu – Xarəzmi Festivalının birincisi, elektrik mühəndisliyi ixtisası üzrə doktorantura məzunu;

- Şima Şahcuyi – ölkə üzrə biologiya olimpiadasının gümüş medalçısı;

- Mehdi Səfərnejad Borucəni – kompüter sahəsi üzrə qızıl medalçı, kompüter mühəndisliyi ixtisası üzrə doktorantura tələbəsi;

- Məhəmmədhüseyn Əştəri – Əllamə Təbatəbayi adına Universitetin pedaqogika elmləri üzrə doktorantura tələbəsi;

- Nəsrin Cəfəri –  inşaat mühəndisliyi üzrə doktorantura tələbəsi, ölkə üzrə keçirilən Qurani-Kərim hafizləri müsabiqəsinin birincisi;

- Əli Aram – maşınqayırma ixtisası üzrə doktorantura məzunu, kompüter olimpiadasının qızıl medalçısı;

- Arzu Mahmudzadə – məktəbli olimpiadasının bürünc medalçısı, klinik psixologiya sahəsi üzrə tələbə;

- Məhəmmədhüseyn Badamçı – fizika olimpiadasının gümüş medalçısı, sosiologiya ixtisası üzrə doktorantura tələbəsi;

- Qasım Dərzi – Quran elmləri üzrə doktorantura tələbəsi, ilahiyyat üzrə tələbə olimpiadasının birincisi;

Ölkə prezidentinin elm və texnologiya məsələləri üzrə müavini xanım Soltanxah da çıxış edərək Görkəmli Xadimlər Milli Fondunun birillik fəaliyyəti, “İntellektual elitanın cəlb olunması və qorunmasına ayrılan kreditlər” nizamnaməsinin icrası, yüksək intellektli insanların təhsil və tədqiqat mərkəzlərinə cəlb olunması işində həyata keçirilən asanlaşdırma tədbirləri, “Nümunəvi tələbələrin öz təhsillərini doktorantura pilləsində davam etdirməsi istiqamətində asanlaşdırıcı tədbirlər” nizamnaməsinin icrası ilə bağlı məlumat verdi.

Xanım Soltanxah öz hesabatında həmçinin intellektual elita ilə bağlı milli strateji planın, yüksək intellektli insanların elmi əsaslı şirkətlərdə işə götürülməsi məsələsini tənzimləyəcək nizamnamənin işlənib hazırlandığını, xüsusi istedadlı insanlardan ölkənin hər yerində bərabər surətdə istifadəni təmin etmək üçün elmi cəhətdən planlama və sistemləşdirmə işlərinin aparıldığını və bu insanlara lazımi dəstək verildiyini, ixtiraçılara və olimpiadalarda yer tutan qaliblərə ünvanlı xidmətlərin təqdim olunduğunu da qeyd etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /