Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dinimizin düşmənləri bilsinlər ki, İslam ümməti onlara qarşı bir yumruqda birləşib!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei həcc ziyarətinin ölkə üzrə təşkilatçı rəsmiləri ilə bu gün (bazar ertəsi) günortadan əvvəl baş tutan görüşündə böyük İslam peyğəmbərinin (s) təhqir olunması məsələsinə toxunaraq bildirdi ki, o həzrətin şəxsiyyətinin əzəməti onu sevənlərə, hətta düşmənlərinə də aydındır. Builki həccin əvvəlki illərdən fərqli, xüsusi mövqeyə malik olduğunu bildirən Ali Məqamlı Rəhbər vurğuladı: “Dünyanın hər yerindən müsəlmanları bir araya gətirən həcc ziyarəti İslam ümmətinin sonuncu peyğəmbərin (s) varlığı sayəsində gözəl və möhtəşəm surətdə parlamış vəhdətini, müsəlmanların imperializm cəbhəsinə qarşı hamılıqla bəslədikləri dərin nifrət və qəzəbi özündə əks etdirməlidir. Müşriklərə etirazın həqiqi mənası budur!”

Həzrət Ayətullah Xamenei bildirdi ki, imperialistlərin və onların əlaltısı olan ünsürlərin rəhmət, izzət və kəramət peyğəmbərinin müqəddəs dərgahını təhqir etmələri imperializm cəbhəsinin İslam peyğəmbərinə (s) qarşı bəslədiyi düşmənçilik, qəzəb və kinin nə qədər dərin olduğunu göstərir. O, əlavə etdi: “Bu böyük təhqir qarşısında Qərb siyasətçilərinin seçdiyi mövqe düşmənçilik mövqeyindən heç nə ilə fərqlənmirdi”.

O dedi: “İslam peyğəmbərinin (s) təhqir edilməsi və imperializm cəbhəsinin  başında duranların olaya münasibətdə tutduqları mövqe onların əsl simasını, haqq və batil cəbhələrini üz-üzə qoyan əsas səbəbi aşkara çıxardı. Aydın oldu ki, imperialistlər, əslində, İslamın özü, sonuncu peyğəmbərin (s) müqəddəs varlığı ilə düşmənçilik edirlər”.

Ali Məqamlı Rəhbər müsəlman ölkələrində, hətta Avropa və Amerikada müsəlmanların hamılıqla bu təhqirə qarşı böyük etirazlara qalxdıqlarını qeyd edərək dedi: “İslam dünyasının cuşa gələrək öz peyğəmbərinə (s) sevgi və bağlılıq, düşmənlərinə isə dərin nifrət ifadə etməsi İslam ümmətinin böyük dinamika potensialına malik olduğunu göstərən çox heyrətamiz və əhəmiyyətli bir mənzərədir”.

“Sonuncu peyğəmbərin (s) müqəddəs varlığı cürbəcür məzhəb və firqələr daxil olmaqla bütün müsəlmanları qovuşduran nöqtədir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu meydanda sünni və ya şiə, mötədil, yaxud radikal olmanın heç bir anlamı yoxdur. Hər kəs canla-başla meydanda hazırdır, çünki  İslam peyğəmbəri (s) ilahi və islami əqidənin mehvəri, qütbüdür!”

Ali Məqamlı Rəhbər bildirdi ki, müsəlmanların həcc ziyarəti zamanı da İslam peyğəmbərinin (s) əzəmətli şəxsiyyəti ətrafında dəyərli və parlaq vəhdət nümayiş etdirməkdə, o həzrətin düşmənlərinə qarşı nifrət ifadə etməkdə davam etmələri çox vacib və əhəmiyyətli bir məsələdir. O vurğuladı: “Müşriklərə etirazın mənası budur ki, bütün müsəlmanlar bir düşmənlə üz-üzə olduqlarını hiss etməli, bu düşmənə varlıqlarının dərinliyindən etiraz bəsləməlidirlər”.

Sonuncu peyğəmbərin (s) Uca Yaradanın dərgahında son dərəcə ali mövqeyə malik olduğunu, Allahın və mələklərin o həzrəti xüsusi ehtiramla salamladıqlarını qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Müsəlmanlar Peyğəmbərin (s) sözünün, yəni tövhid, İslam və Quranın üzərində möhkəm durmalı, həcc ziyarətini o həzrətə sevgi və bağlılığın təzahürünə çevirməlidirlər”.

Həzrət Ayətullah Xamenei müsəlmanlara məkrli və təhlükəli bir planla da bağlı xəbərdarlıq etdi. O, düşmənlərin Peyğəmbərin (s) təhqir edilməsinə qarşı hamılıqla ayağa qalxıb etiraz edən möhtəşəm kütlə içərisində ixtilaf yaratmağa cəhd göstərə biləcəklərini qeyd edərək dedi: “Dinimizin düşmənləri və imperialistlər bilsinlər ki, müxtəlif məzhəblərin, bəzi nəzəri-ideoloji fərqlərin varlığına baxmayaraq, İslam ümməti onlara qarşı bir yumruqda birləşib!”

O vurğuladı: “İmkan vermək olmaz ki, imperializm cəbhəsi ixtilaf salma metodundan istifadə edərək özünü İslam ümmətinin qəzəbindən qurtarsın”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər həcci Yaradanın zikr və xatırlanması ilə dolu bir ayin adlandıraraq dedi: “Həcc ziyarəti qəlbdə Allahı daha dərindən anmaq, Yaradanın qarşısında təslim olub, dua və yalvarış etmək üçün ən yaxşı və ola bilsin, ən misilsiz fürsətdir”.

Həzrət Ayətullah Xamenei həmçinin Beytülhəram zəvvarlarına müştərək məqamlara söykənmək, sevgi və səmimiyyət ifadə etmək, İslam əxlaqına və etikasına riayət etməklə digər ölkələrdən gəlmiş müsəlmanlarla mənəvi əlaqələrini möhkəmlətməyi tövsiyə etdi.

Görüşün əvvəlində vəli-fəqihin nümayəndəsi, Beytülhəramı ziyarətə gedən iranlı zəvvarların kuratoru  Höccətül-İslam vəl-muslimin Qazi Əsgər çıxış edərək bildirdi ki, builki həcc ziyarəti üçün “Həcc – müsəlman nüfuzu, həmrəyliyi və məsuliyyəti!” şüarı seçilmişdir. O həmçinin 2011-2012-ci illərin ümrəsi müddətində həyata keçirilmiş tədbirlər haqda məlumat verərək dedi: “Məkkə və Mədinədə İslam dünyasının gənclərinin və savadlı təbəqələrinin iştirakı ilə 97, əhli-sünnədən olan alim və zəvvarlar üçün isə 21 forumun keçirilməsi, müsəlman dünyasının elm və mədəniyyət xadimlərinin iştirakı ilə seminarların təşkil olunması, Quran məclislərinin keçirilməsi, ümrə və həccə gəlmiş zəvvarlar üçün öyrədici kursların təşkil olunması, onlarla yeni kitabın işıq üzü görməsi mədəniyyət sahəsində həyata keçirilmiş tədbirlər sırasına daxildir”.

İslam Mədəniyyəti və İrşadı Naziri cənab Hüseyni də çıxış edərək həcc, onun yüksək mövqeyi, həmçinin builki həccin özəllikləri ilə bağlı fikirlər söylədi.

Həcc və Ziyarətlər Təşkilatının sədri Höccətül-İslam Musəvi də 449 karvanın tərkibində həcc ziyarətinə yollanan 75 minə yaxın iranlı zəvvar üçün həyata keçirilmiş tədbirlər və xidmətlər haqda məlumat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /