Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam Respublikası heç bir super-dövlətin sözünü və tələbini qəbul etmir!

Ali Məqamlı Rəhbər ölkənin şimal regionundakı silahlı qüvvələrin zabit heyəti və onların ailə üzvləri ilə bu gün (çərşənbə axşamı) axşam keçirdiyi görüşdə qeyd etdi ki, pak bir ağaca bənzəyən İslam İnqilabının kökləri günü-gündən genişlənir, gövdəsi möhkəmlənir, qol-budaqları göz önündə inkişaf edərək yaşıllaşır. O dedi: “Bu yüksək ruhlu hərəkatı davam etdirmək, gələcəyin işıqlı üfüqlərinə çatmaq üçün ciddi şəkildə çalışıb zəhmət çəkməyimizə, hamılıqla əzm və təpər nümayiş etdirməyimizə ehtiyac var”.

Xalqın inqilabi mübarizəsinin müxtəlif mərhələlərinə və İslam İnqilabının qələbəsinə şərhedici bir nəzər salan Ali Məqamlı Rəhbər dedi: “33 ildir ki, əziz İranımız və böyük xalqımız islami oyanışın bərəkəti sayəsində qürur dolu, sonu xeyirli bir yolda irəliləməkdədir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İran xalqının son 30 ildə keçdiyi enişli-yoxuşlu, lakin sevinc və ruh yüksəkliyi ilə dolu  yol Qurani-Kərimin rahatlıq və asayişin əziyyət və çətinliklə yoldaş olduğunu bəyan edən ayələrinin real təcəssümüdür. O, əlavə etdi: “Regionun bəzi ölkələrində müşahidə olunan islami oyanış çox mübarək bir təzahürdür. İran xalqının İslam İnqilabı isə mahiyyətcə dərinliyi, geniş əhatəliliyi və amalları baxımından müstəsna xüsusiyyətlərə malikdir”.

“Bütün xalqın inqilabın şüar və ideyaları ətrafında birləşməsi, yüksək inqilab əhval-ruhiyyəsinin ölkənin dörd bir yanını ehtiva etməsi, mübarizə meydanında mömin, inqilab uğrunda canından keçməyə hazır olan kütlələrin olması həmin xüsusiyyətlər sırasına daxilidir” – deyən Həzrət Ayətullah Xamenei vurğuladı: “Dünyanın hansı yerində xalqlar iman və fədakarlıqla meydanlara çıxsalar, heç bir güc onlara qarşı mübarizə aparmağa qadir ola bilməz. Çünki Allahın müəyyən etdiyi qaydaya görə, qan qılıncdan güclüdür!”

Xalqın müxtəlif arenalarda hərtərəfli iştirakının düşmənin qanunsuz istəklərinə müqavimət göstərən dövlət rəsmiləri üçün güclü dayaq olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İnqilab etmiş bəzi ölkələr bu günlərdə Amerikanın təzyiqi altında  müəyyən mövqelər nümayiş etdirməyə məcbur olurlar. İslam dövlətinin rəsmiləri isə son 33 il ərzində daim bu tip təzyiqlərə məruz qalıb və müqavimət göstəriblər”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Xalqın meydanlarda iştirakının bərəkəti sayəsində bu gün də İslam Respublikası heç bir super-dövlətin sözünü və tələbini qəbul etmir, dünyanın bütün güclü dövlətlərinin qəzəbinə səbəb olsa belə, yalnız ölkəsinin və xalqının mənafeyinə uyğun qərarlar verir”.

“İnqilabi ideyaların müxtəlif aspektlərinin mümkün qədər çox işıqlandırılması olduqca mühüm bir nailiyyətdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Zaman keçdikcə “İslam Respublikası, dinə  əsaslanan xalq hakimiyyəti, istiqlal və azadlıq” kimi anlayışlar xalqımız, rəsmilərimiz və siyasətçilərimiz üçün daha da aydınlaşır, bu hədəflərin reallaşmasına aparan yolun olar-olmazları daha da dəqiqləşir. Baxmayaraq ki, bu illər ərzində biz bu ideyaları rəhbər tutaraq irəliləmişik. Bu, çox əhəmiyyətli bir nailiyyətdir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam Respublikasının köklərinin dərinləşməsi, gövdəsinin möhkəmlənməsi İslam dövlətinin göz önündə olan digər nailiyyətlərindəndir. O dedi: “İnqilabın əvvəlki illəri ilə müqayisədə düşmənlərimizin İran xalqının seçdiyi dövləti devirməyə bəslədiyi ümid dəfələrlə zəifləyib, müəyyən məqamlarda isə məyusluq və pessimizmə çevrilib. Bu reallıq İslam Respublikasının sarsılmaz möhkəmliyinin göstəricisidir”.

“Elm və texnologiyanın müxtəlif sferalarındakı heyranedici nailiyyətlərimiz İslam dövlətinin bərəkətli qol-budaqlarının təzə-tər olduğundan xəbər verir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Nüvə tədqiqatları və kök hüceyrələri kimi sahələrdə elə uğurlar qazanılıb ki, hətta əvvəlki nəslin çox hörmətli, tanınmış, elmə böyük xidmətlər göstərmiş alimləri bu işlərin reallaşacağına inanmırdılar”.

O, əlavə etdi: “Bu gün də İranın alim gəncləri elm, elmi kəşflər və konstruksiyalar sahəsində bəziləri üçün inanılmaz olan uğurlar əldə etməkdədirlər”.

Ölkənin əsas nailiyyətlərini sadaladıqdan sonra Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Ölkənin inkişafı uğrunda yüksək ruhlu, kollektiv hərəkat davam etdirilməli, bu həqiqətə hər kəs inanmalıdır ki, zəhmət və əmək geri çəkilmək bilmir, sona çatmır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, ölkədəki vəziyyəti boğucu və dözülməz kimi qələmə vermək Qərb və sionist medialarının İran xalqının yolunu durdurmaq üçün işlətdiyi çoxdankı metoddur. O, əlavə etdi: “Xalqımız bu kimi hərəkətlərə əhəmiyyət verməməklə yanaşı, dərk edir ki, ölkəni parlaq gələcəyə çatdırmaq istəyirsə, gözüaçıq olmalı, qəflət yuxusuna getməməlidir”.

Həzrət Ayətullah Xamenei həmçinin çıxışının digər  hissəsində silahlı qüvvələrdə xidmət edən zabitlərin ailə üzvlərinin onların mücahidəsinə, qürurverici xidmətinə şərik olduqlarını qeyd edərək dedi: “İslam dövlətinin uca və möhtəşəm binasında silahlı qüvvələr həssas rola malikdir. Hərbçilərin ailə üzvləri daim onların yanında olmasa, onlarla qürur duyub qədirlərini bilməsə, bu mühüm rolun layiqincə ifa edilməsi qeyri-mümkündür”.

Modern İslam dövlətinin modern İslam sivilizasiyası üçün zəmin yaratdığını qeyd edən Ali Məqamlı Rəhbər şəhid ailələrinin səbir və böyüklüyünü təqdir edərək dedi: “Bu ailələrin sitayişə layiq səbri olmasaydı, şəhadət ideyası ölkəmizdə bu cür çiçəklənərək daim aktual qalmazdı. Bu həqiqət vüqarlı şəhid ailələrinin İran xalqının boynunda olan böyük minnətidir”.

Görüşün əvvəlində Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Səyyari çıxış edərək bildirdi ki, silahlı qüvvələrdə xidmət edən zabitlərin ailə üzvləri ilə birlikdə Ali Baş Komandanla görüşməsi qardaşlıq və bərabərliyin nümayişi üçün fürsətdir. O dedi: “Silahlı Qüvvələr Məcburi Müharibə dövründən bu günə qədər qazandıqları nailiyyətlərin böyük bir qismini ailələrinin daim onlarla çiyin-çiyinə, həmrəy olmasına borcludurlar”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /