Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ölkəmiz İslamın əzəmətini nümayiş etdirmək üçün gözəl və münasib şəraitə malikdir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və üzvləri ilə bu gün (cümə axşamı) səhər keçirdiyi görüşdə ölkədəki şəraiti dəyərləndirərək İranın ümumilikdə arzulanan templə inkişaf etdiyini dedi. Qoşulmama Hərəkatının sammitinin Tehranda keçirilməsini İslam dövlətinin qüdrət, əzəmət və möhtəşəmliyinin göstəricisi olaraq qeyd edən Ali Məqamlı Rəhbər  vurğuladı: “İran xalqının kütbeyin düşmənləri bu sammiti İran İslam Respublikası əleyhinə diplomatik müharibəyə çevirdilər. Bunun nəticəsi isə onların biabırçı məğlubiyyəti oldu”.

Ölkədəki vəziyyətlə bağlı düzgün və məntiqli nəticə çıxarmağın vacib olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Məsələləri müxtəlif aspektlərdən dəyərləndirməklə ölkənin İslamın əzəmətini nümayiş etdirmək üçün gözəl və münasib şəraitə malik olduğunu görmək olar”.

Ali Məqamlı Rəhbər dedi: “Qoşulmama Hərəkatına üzv olan ölkə başçılarının sammitinin Tehranda keçirilməsi İran İslam Respublikasının dünyaya təqdim etdiyi ideoloji sistemin canlı və dinamik olduğuna bir nümunədir”.

“Tehranın Qoşulmama Hərəkatının sammitinə ev sahibliyi etməsi hər cəhətdən dövlətimizin qüdrət, əzəmət və möhtəşəmliyini nümayiş etdirir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu əzəmət və ehtişam məhz mərhum İmam Xomeyninin (r.ə) İslam dini əsasında ölkədə yaratdığı, inkişaf etdirərək genişləndirdiyi təfəkkürdən qaynaqlanır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Qoşulmama Hərəkatının Tehran sammiti başqa beynəlxalq toplantılar kimi adi qaydada keçə bilərdi, lakin dünyanın siyasi şəraiti, sammitin keçirildiyi zaman və məkan, həmçinin İran xalqının düşmənlərinin yol verdiyi ağılsızlıq bu sammitin dünyanın diqqətini özünə çəkən, effektiv bir hadisəyə, İran İslam Respublikası əleyhinə diplomatik müharibəyə çevrilməsinə səbəb oldu”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Düşmənlər öncədən müəyyən şərait formalaşdırmaqla çalışdılar ki, İran İslam Respublikasını özünüsenzuraya, müxtəlif məsələlər, xüsusilə də İsraillə bağlı mövqeyini bəyan etməkdən çəkinməyə sövq etsinlər, lakin sammit o qədər möhtəşəm şəkildə keçdi ki, bu səylər də heç bir nəticə vermədi”.

Dünya ölkələrindən təxminən 2/3-nin sammitdə iştirak etməsini, başqa beynəlxalq toplantılarda bəyan olunmayan mövqelərin açıqlanması üçün zəmin yaradılmasını Tehran sammitinin diqqətəlayiq cəhətlərindən daha biri kimi qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Tehran sammitində iştirak edən bəzi ölkə başçıları və nümayəndə heyətlərinin bəyan etdiyi mövqelər, xüsusilə də BMT və Təhlükəsizlik Şurasının strukturu, dünyaya hakim olan beynəlxalq diktatura barədə səslənən tənqidi fikirlər analoji beynəlxalq toplantılarda heç vaxt dilə gətirilməmişdi”.

“Tehranın Qoşulmama Hərəkatının sammitinə ev sahibliyi etməsinin daha bir nəticəsi sanksiyalarla bağlı aparılan hay-küylü təbliğatın puç edilməsidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Sammitdə iştirak edən ölkə başçıları və nümayəndə heyətlərinin üzvləri paytaxtda və digər şəhərlərdə xalqın gündəlik həyatını, yüksək əhval-ruhiyyədə olduğunu yaxından müşahidə etdilər, sammit çərçivəsində ölkəmizin rəsmiləri ilə müxtəlif müqavilələrlə bağlı məsləhətləşmələr apardılar”.

“Xalqımızın bədxahlarının ölkəmizin əleyhinə başlatdığı diplomatik müharibənin nəticəsi onların rüsvayçı məğlubiyyəti oldu” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Tehran sammiti o qədər uğurlu və möhtəşəm keçdi ki, İslam dövlətinin əleyhdarları və onların media orqanları çaş-baş qalıb reallığı etiraf etməyə məcbur oldular”.

Həzrət Ayətullah Xamenei Qərb mediasında işlənən ifadələrə, o cümlədən “İranın öz müxaliflərinə vurduğu sillə”, “İranın onu təkləməyə çalışanlara verdiyi qulaqburması” kimi fikirlərə toxunaraq dedi: “Quranda müəyyən olunmuş qaydaya əsasən, düşməni əsəbiləşdirən hər bir iş yaxşı, xeyirli işdir. Odur ki Qoşulmama Hərəkatına üzv dövlətlərin liderlərinin iştirakı ilə Tehranda möhtəşəm sammitin keçirilməsi xeyirli və saleh bir əməl idi”.

O vurğuladı: “Müxtəlif məsələlərdə, o cümlədən daxili məsələlərdə ehtiyatlı olmaq lazımdır ki, qəsdən yaradılan azdırıcı təsəvvürlər təhlillərimizdə səhvə yol verməyimizə səbəb olmasın”.

Ali Məqamlı Rəhbər dedi: “Mən şəraiti belə dəyərləndirirəm ki, ölkəmiz ümumilikdə arzulanan templə inkişaf etməkdədir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əlbəttə, nəzəriyyə və icra ilə bağlı bəzi məsələlərdə zəif cəhətlər də ola bilər, lakin ölkədəki vəziyyəti dəyərləndirərkən bütün güclü məqamları, nailiyyətləri, eləcə də mövcud bəzi zəif cəhətləri nəzərə almaq lazımdır”.

Görüşün əvvəlində Xubriqan Məclisinin sədri Ayətullah Mehdəvi Kəni məclisin 12-ci iclasında dəyərli mövzulara toxunulduğunu qeyd edərək dedi: “Xubriqan Məclisinin iclasları məzmun və forma baxımından əhəmiyyətlidir, çünki bu iclaslarda ölkənin hər yerindən adlı-sanlı və nüfuzlu alimlər iştirak edir, müxtəlif siyasi, iqtisadi, mədəni və beynəlxalq məsələlərlə bağlı rəy bildirirlər”.

Görüşün davamında Xubriqan Məclisinin sədr müavini Ayətullah Məhəmmədi Yəzdi iclasda müzakirə olunmuş əsas mövzular haqda məlumat verdi.

O dedi: “Xubriqan Məclisinin 12-ci iclasında müzakirə olunan mövzular sırasında Qoşulmama Hərəkatının Tehranda baş tutmuş uğurlu sammitinin yüksək qiymətləndirilməsi, Şərqi Azərbaycan vilayətinin zəlzələdən zərər çəkmiş bölgələrində ən qısa zamanda yenidənqurma işlərinin həyata keçirilməsi məsələsinin vurğulanması, ölkədəki iqtisadi vəziyyət və müqavimət iqtisadiyyatı, cəmiyyətdəki ictimai-mədəni məsələlər, o cümlədən hicab və iffət, habelə Suriya ilə bağlı məsələlər yer alırdı”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /